Molla nəFƏs bu məkana gəLMİŞƏm baki 2010 Türksoy kitabxanası seriyası 3



Yüklə 3,6 Mb.
səhifə6/9
tarix31.01.2017
ölçüsü3,6 Mb.
#6761
1   2   3   4   5   6   7   8   9

SƏRDARI
Bəylər, qulaq verin işbu göftara,

Vəsf edərəm batırları, sərdarı.

Yetişsin dastanım dost ilə yara,

Hamısı bir qardaş, ərlərin əri.


Haq nəzər eyləmiş Qaraoğlan xana,

Qılıncından adı çıxdı asmana,

Nazi-nemət tökər gələn mehmana,

Əlinin şagirdi, Rüstəmin yarı.


Dəvamət tuş gələn düşməni qovlar,

Şikarında əjdər, şir-pələng ovlar,

Arqamaq oynadıb çəkər cilovlar,

Səhranın börüsi, dağların marı.


Gəşt eylədim, seyran etdim hər yerdə,

Gözüm sataşmadı sən kimin mərdə,

Xudanı yad edib şamü səhərdə,

Dilində sənası, könlündə zarı.


Yıxılsın, yumrulsın bu dünya fani,

Ötür boğazından sultanı-xanı,

Sağlığında sürün beş gün dövranı,

Söyünxan sevinci, elin dərkarı.


Bu bir oxdur dağa-daşa atılan,

El dərdinə sağa-sola tutulan,

Hər qədəmə min xitabı bitilən,

Müyəssərdir ona haqqın didarı.


Hüsnü mülaqatlı, batur qamətli,

Şir-arslan ürəkli, nər tək qüvvətli,

İskəndər niyyətli, Hatəm hümmətli,

Bayların pənahı, qəriblər yarı.


Hər gün mənə haqdan coşqun yetişdi,

Qoçaqlar dastanı könlümə düşdü,


Səndən əvvəl onca cananlar keçdi,

Sənə həm təslimdir ağlımın varı.


Nəfəs der: sirrini rəqibdən gizlə,

Düşməni dost tutma, dostunu gözlə,

Ey könlüm, sözlərsən yaxşı söz sözlə,

Kimsəyə yetməsin dilin azarı.



CAHANA GƏLDİ
Əzəl gündə bütün canı yaratdı,

Ruhu fayda olub, cahana gəldi.

Qüdrətin bildirdi, yoxdan var etdi,

Tanrısın rast salıb, sübhana gəldi.


Pakizə gövhərsən, çox xiridarın,

Müdama xalq arzu qılar didarın,

Yenə sordu «Kimdir pərvərdigarın»

«Yaradan sən» deyib, imana gəldi.


Tərifin, dastanın eşidin məndən,

Haq dövlətin ziyad etsin gün-gündən,

Atası sülbündən, ana nəslindən,

Qaraoğlan Onbəyi cahana gəldi.


Onun şan-şöhrəti aləmə düşdü,

Bütün müsəlmana qüvvət yetişdi,

İki yaş üstündən səlamət keçdi,

Üç yaşda danışıb zəbana gəldi.


Dörd yaşında oldu cavanar başı,

Sevindi, güvəndi qohum-qardaşı,

Böyük oğlan olub keçirdi beşi,

Altıda at minib, meydana gəldi.


On yaşında dağ sərinə sər çəkib,

Qəsd edib, yağıdan qırmız qan döküb,

Çolləri yandırıb, dağları yıxıb,

Dünya at tozundan dumana gəldi.


On beşində əsdi igidlik badı,

Təzə məhbub quçub, könlünün şadı,

İyirimi yaşında Qaraoğlan adı,

Yayıldı, şöhrəti asmana gəldi.

İyirmi beşdə dörd yana çarx vurub,

Qoçaqlara Əli təlimin verib,

Mehman gəlsə, qarşı çıxıb, rast durub,

Ol günü məst olub, ehsana gəldi.


Otuz yaşda olub el kəndxudası,

Elin sərəncamı – sərdə qovğası,

Otuz beşdə yetib bəylik binası,

Qırx yaşında hökmi-rəvana gəldi.


Yavuz günlər elin başına düşdü,

Sağlar burda qaldı, sayrılar qaçdı,

Əli kimi yalnız özü yetişdi,

Ellər işrət ilə dövrana gəldi.


Dostməmməd, Qaraoğlan iki bəradər,

Bəradərə ərzə yazdı sərasər,

Xarəzm şəhrindən səksən min ləşkər,

Məmmədəmin xandan nişana gəldi.


Xuda, hər kişinin çırağın yandır,

Bir söz şərbətinə min təşnə qandır,

Kim ona «tüf» desə, dişlərin sındır,

Xəsmlərin işi ziyana gəldi.


Çağırdılar pəhləvanı, pirləri,

Yetişdi Ürgəncin vəli şirləri,

Axaldan, Ürgənçdən ərin ərləri,

Şükrülillah, bizim məkana gəldi.


Türkmənin tacıdır Onbəy övladı,

Ata-baba bəydir, bəllidir adı,

Baharın yağışı, səhərin badı,

Harda olsa əcəb zamana gəldi.


Ağır uruqludur, çox bülənd elli,

Meydanda qılınçlı, divanda dilli,

Səd həzar ləşkərdə avazı bəlli,

Kafir, Əli deyib, gümana gəldi.


Kafirə din üçün Zülfüqar çalıb,

Namus üçün elin arxasın alıb,

Düşməni dörd yana dərbədər salıb,

Qılıncından aləm lərzana gəldi.


Nəfəs der: içmişəm əzəl gün camı,

Zehnimə qüvvət ver, haqqın kəlamı,

Qənimətdir xan həzrətin əyyamı,

Dostlar şad, düşmənlər amana gəldi.




GƏLƏN ÇAĞLARI
Ac qurd tək at istər, gəzər hər yana,

Sərlərinə xəyal gələn çağları.

Qəhr ilən şikara, çıxsa seyrana,

Dağ bağrına yara salar tığları.


Savaş günü candan-sərdən keçərlər,

Yağılardan qırmız qanlar saçarlar,

Xoş ləfz ilən yüz bimarı açarlar,

Qəzəbindən bimar edər sağları.


Əncam gələr padişahdan, hər xandan,

Hər ölkədən, hər şəhərdən, hər yandan,

Gərəksiz şeyləri çıxart meydandan,

Bir əmrlə dalğalanar tuğları.


Sansız qoşun ilə dağlardan aşıb,

Özü kimi çox ortağa qovuşub,

Bu çöllərdə kafir ilə vuruşub,

At dəmindən duman edər dağları.


Xanım Qaraoğlandır, yarar hər dərdə,

Qurbanam, el üçün can verən mərdə,

Nəfəs deyər, sağlığında, hər yerdə,

Seyr edirəm könlüm sevən bağları.




SƏNİNDİR
Savaşda cövhərdən silahın geyib,

Yağıların sinəsində dağ qoyub,

Ertə də, axşam da süfrələr qurub,

Hatəm kimi xeyrat-ehsan sənindir.


Sütunu, sevinci islamin, dinin,

Arzusu, ərmanı ruyi-zəminin,

Könlündə xoşluğı yadın-yaxının,

Gündə yüz min əziz mehman sənindir.


Dağlardan, düzlərdən açılar yollar,

Sürdüyün dövranlı gündür bu günlər,

Məclisində oxur şeyda bülbüllər,

Seyr etməyə bağü bostan sənindir.


Çoxdur qoçaqlarım, işi cəng ilə,

Savaş gün iş salar şiri-təng ilə,

Onum yüzə taydır, yüzüm min ilə,

Dava günü nər tək məstan sənindir.


Hər işin həvalə qılsan xudaya,

Şanın şölə verər asmanda aya,

Hüsnün xoşluq salar fağıra, baya,

Xidmətində yaxşı-yaman sənindir.


Həqq-təala nəzər qılsa bir ərə,

Ovsunla hökm edər əjdərə, mara,

Ənbiya, övliya, sığın dörd yara,

Mədədkarın şahi-mərdan sənindir.


Nəfəs der: bilmədim xeyrim, ziyanım,

Qoç igidə fəda olsun bu canım,

Sərimdə sağ olsa işbu zəbanım,

Müdam sifətinə dastan sənindir.



BÖYLƏ
Səbi-səmavatda, ərşin ərkində,

Dolanmış adların dastana böylə.

Farsda, ərəbdə, əcəm türkündə,

Gəlməz özü kimin cahana böylə.


İslamın qüvvəti ellərə başdır,

Əgər baş olmasa, gövdələr leşdir,

Bütün üməralar sənə qardaşdır,

Sağlığında xoşdur zamana böylə.


Özüm ölsəm, dastan baqidir məndən,

Ad baqidır, xeyrət baqidir səndən,

Özün tək neçə ər ötübdür bundan,

Odlar düşsün belə məkana böylə.


Allah sevən qulu aləm də sevər,

Bu əyyamda busat donunu geyər,

Harda yaxşı olsa pis yaman deyər,

Yaxşı söyləyərlər yamana böylə.


Xeyrət rücu edib, bəd işdən qaçıb,

Mərdana meyindən al şərap içib,

Savaş meydanında sərindən keçib,

Rəhmi gəlməz təndə bu cana böylə.


Elin nəzərgahı varsa – bir caya,

El nəzər qılan tək on dördü aya,

Zimistanda günəş, günəşdə sayə,

Bədəv minib çıxsa meydana böylə.


Qaraoğlan ad aldı otuz beşində,

Bütün bəylər heyran olar dışında,

İki söz söyləsə şahlar qaşında,

Hər sözü min sözdür zəbana böylə.


Hər ölkədə, hər şəhərdə, hər cayda,

Vəsfin dəftər olmaz gədada, şahda,


Gün-gündən dövlətin olar ziyada,

Yenə hökmün olar rəvana böylə.


Vəqt-dunun Heydəri, namuslu-arlı,

Qılınclı, qılıqlı, Hatəm hünərli,

Əflatun ağıllı, dağ tək vüqarlı,

Gətirdi düşməni amana böylə.


Nəfəs deyər: sözüm arifə safdır,

Anlamaz adama bir quru lafdır,

Bir neçə bəylərdən bağrım kababdır,

Fayda der çəkərlər ziyana böylə.



GƏLMİŞƏM
Qüdrətindən yoxdan bizi var etdi,

Haqq əmrilə yoxdan vara gəlmişəm.

Abu atəş, xakdan, yeldən yaratdı,

Dünya içrə bu müdara gəlmişəm.


El bəxti xoş olar dünya pulundan,

Ağ ceyran çölündən, bülbül gülündən,

Kəm yetişən ruzigarın əlindən,

Gecə-gündüz ahü zara gəlmişəm.


Mülkiyə yerim yox taxıl əkməyə,

Könlüm sevən zadı alıb çıxmağa,

Ulağım yox tay-tay taxıl çəkməyə,

Pulum yoxdır, bu bazara gəlmişəm.


El alimdən qaçar, müridi pirdən,

Tox tülkü dış qaçar aç olan şirdən,

Qoyun qurddan qaçar, baylar fağırdan,

Rəsul deyən ol göftara gəlmişəm.


Mərhəmət kəm olar namərd oğlunda,

Sərim qurban olsun mərdin yolunda,

Bir gövhərəm nadanların əlində,

Qədrim ilə xiridara gəlmişəm.


Əlif idim, dünya içrə dal oldum,

Qayğı-qəm dərdindən payimal oldum,

Bülbül idim, xar içində lal oldum,

Seyr etməyə gülüzara gəlmişəm.


Nəfəs deyər: qış gününü yaz edib,

Hər dəm qəmgin könlüm sərfəraz edib,

Qaraoğlanın məclisində saz edib,

Ərzim budur, dosta, yara gəlmişəm.



QARAOĞLAN XANI
Gəl, könlüm, al pəndimi, ötər bu dünya fani,

Məşq ilə vəsf eylə gəl sərdar Qaraoğlan xanı.

Buntək şahin ər olmaz, gəzdim yalan cahanı,

El dərdinin tutancı, pirinin sayəvanı,

Vəsfinə min sözüm var, hər sözdə min mənanı.
Göftar açsa bəllidir, şah, vəzirlər qaşında,

Bütün bəylər cəm olub pərvanədır başında,

Elə özün tanıtdı, Yəhya nəbi yaşında,

Hər pir öz müridini dəstəklər öz duşunda,

El üstündə can çəkib, fəda eylər bu canı.
Padişah, xunkar derlər, məhzə bir quru addır,

Dağ börüsü ac qurdlar, bəlkə ondan ziyaddır,

Dağlarda pələng ovlar, sanki o şol Fərhaddır,

Cəng babında Qaraoğlan hamısından ustaddır,

Ər zərbini ər tanır, savaş düşən zamanı.
Kim əlif tək rast olsa, yer tapar can içində,

Yaxşı qədri bilinməz çox-çox yaman içində,

Bülənd dağlar görünməz, qalsa duman içində,

Cövhər para qiyməti çoxdur ümman içində,

Dana olan ər tanır bir dürri-bibəhanı.
Belə bəyü xan olmaz Söyünxan ölkəsində,

Yüz min şərafət vardır hər ləfzində, səsində,

Hər nakəsə bəy desən, gözləri təpəsində,

Hamıdan şəkvə eylər öz eybi arxasında,

Dar qafada nə bilsin bəyi, sultanı, xanı.
Seyrə çıxsa bəllidir, bəylər, xanlar içində,

Zinət alar surətı tirmə şallar içində,

Qoşun çəkib hər yana sürsə yollar içində,

Pələng dağlarda titrər, sona göllər içində,

Ərəb atlar belində qurular təxt-rəvanı.

Nəfəs deyər: dastanın sözləgil bu zamanda,

Surət fani, söz baqi qalar işbu cahanda,

Bəyi, xanı vəsf eylə, qoyma ərman bu canda,

Neçə dəfə demişlər gəl öt quru dükanda,

Cana düşmən bilməli yalançı-bipəyanı.



GƏLDI
Xuda izni ilən el içrə bir dövlətli xan gəldi,

Quru surət olan elin təninə tazə can gəldi.

Əcəb əla-məqamü, aliyi-cənnət məkan gəldi,

Oşol küffar islama adil hökmi-rəvan gəldi,

Yetimlərə atayü həm qəribə mehriban gəldi.
Müsəlman birlə kafirin arasına salıb firqət,

Qılıb kafirləri nəbud, verin din əhlinə qüvvət,

Əgər kafir hücum etsə, döyüş həm fərz, həm sünnət,

Haqqın əmrin bica qıldı, qiyamət yerləri cənnət,

Dəlil olub bu sözlərə kitab içrə bəyan gəldi.
Vəkil Məmmədəmin xana itaət qıldı bel verdi,

Mütiyi-müxlis olub, çün pəlvan Piryara əl verdi,

.............................................................................

.............................................................................

Bu batil etiqadın axırı çox-çox ziyan gəldi.
Qılım mən şanına inşa, görün Məmmədəmin xanı,

Mənim pəndimdir, islama qənimət bil bu dövranı,

Bahadır xan ilən qıldı savaş, əsirgəməz canı,

Ki bir saətdə nəbud eylədi xan Buxaranı,

O ləşkərdən bu ləşkərə sədayi-əl-aman gəldi.
Bihəmdulla mübarəkdir qədəm gətirdilər cayə,

Görənlər bəhrə taparlar, cəmalı rəxş urar ayə,

Zəmistanda günəşdirlər, tabistanda isə sayə,

Budur dövlət, budur nüsrət, baxın əfkali-xub rayə,

Bu xanın dövlətindən türfə əyyam, zaman gəldi.
Şəriət şəhrinin şiri, həqiqət mülkündə qaim,

Qılıb xeyri-duaları ötər hər günlərim-ayım,

Salavat pənc vəqti deyib həm günlərim olar sayım,

Səlamətliyin istərəm ədalət təxtində daim,

Oların şövqi-eşqindən dilimə bu zəban gəldi.

Xəlayiqə hökm qılan kərəmli padişahdırlar,

Bu bəhr içrə kəmal tapan ki dürri bibəhadırlar,

Müsəlmanın nəzərgahı, nücumi-iqtidadırlar,

İtaət qılmayan, əlbəttə, məluni-xudadırlar,

İtaət qılan ellərə behişti-cavidan gəldi.

Xarəzmdən sürüb ləşkər, gəlibdir Məmmədəmin xan,

Sağı-sollarında səd həzar ləşkəri qılar cövlan,

Səraxs yurdun savaş edib ...................................

Müsəlman əhli xoşnuddur, kafirlər didəsi giryan,

Bu xanın məclisi islam ara darül-aman gəldi.
Olub qəsd qənimlərə yetişdi səd həzar şirlər,

Həmmə ədli-ədalətdə, həmmə azadeyi-ərlər,

............................... qırdı salıb başına məşhərlər,

Dövri-Məmmədəmin xandır deyib car çəkdilər nərlər,

Oşol vəqt at dəmindən dağ sərinə çox duman gəldi.
Məhəmməd haq rəsulu fəxri-aləm tac, həm əfsər —

Ki xoşluq birlə aldı, cümlə aləmə olub sərvər,

Kəramət möcizatından iki şəqq bölünüb Ənvər,

Onlar behrək olar, hər bəndə kim betər əz betər,

Siz həm rahnüma imiş, onun rahi-rəvan gəldi.
Nəfəs səhrayı qıladır xan şəninə qılıb dastan,

Qaşında hər gəda olsa tapar hər məqsədin asan,

Uruş meydanına girsə savaş gün nər kimi məstan,

Açıb əllər, səxavətdən qılıb çox xeyr ilə ehsan,

Deyər ərlər bu dünyanın axırı bipəyan gəldi.

ONA GƏLƏNDİR
Adəm səfiülla ki bu cahana gələndir,

Yetmiş iki millət oluban cana gələndir.

Bəzisi zənan, bəzisi mərdana gələndir,

Yetmiş biri küffar, biri imana gələndir,

Çün rəhməti-haq bütün müsəlmana gələndir.
Hər ölkədə şah olsa, ki qaşında gədadır,

Zar ağlar ötüb ümmət üçün canı fədadır,

Haq dostu rəsul cümlə-cahan, aləmə şahdır,

Din yolunu açan şah – Əli-şiri-xudadır,

Onlar ki ötüb, kəsb Qaraoğlana gələndir.
Yurdun sütunu, həm də olar acizə dalda,

Ac börü kimin çırpınıban sağ-solda,

Dərya kəsilib qurudu, el qaldı bu çöldə,

Sərkərdə olub sər götürüb eyni mahalda,

Qoçlar səbəbi dünya gülüstana gələndir.
Heyvan ki gəzər payi bilə, yeri nə bilsin,

Yazıq qardaş ər Gün ilə Ənvəri nə bilsin,

Mey içməyən meyxanələrin sərini nə bilsin,

Dana ki tanır, nadan olan dürrü nə bilsin,

Məğrib ilə məşriq buna seyrana gələndir.
Əvvəldə xuda zatın onun eylədi mövcud,

İslama pənah ol dedi, əmr eylədi məbud,

Rəhbər oluban tutsa hər iş, ellərə behbud,

Bir ləhzədə qıldı həzar ləşkəri nəbud,

Küffar elinin didəsi giryana gələndir.
Her yana qədəm qoysa Xıdır yolların açdı,

Dövlət quşu seyran qılıban başa düşdü,

Usta oluban Fərhad tək dağları deşdi,

Hər yerdə qənim düşsə ki, mərdanə döyüşdü,

Mərdanə nərin qüvvəti mərdanə gələndir.

Əhli təkə ad verlər ona, əlli min eldir,

Toxtamış, həm utamış ikisi bir qəbildir,

Hamısı bir el, başa dönən təlbə səbildir,

Allah nəzərin salan dövlətli vəkildir,

Ağsaqqal ötüb bir dürri-yekdanə gələndir.


..... bəylərinin ağlı yox görəsi halı,

Boynuna alıb xeyli nahaq külli vəbalı,

Ol Bəynəzər, Qovşudu, gör, tapdı bu feli,

El canın alıb, sürdü, görün, bir neçə malı,

Onlar kimi bədbəxt haçan Söyünxana gələndir.
Ey bəndə Nəfəs, sayrıya can çəkmə, əbəsdir,

Dərya üzündə guya gəzən xar ilə xasdır,

Al birlə qaçar dava günü, qaçdığı həvəsdir,

Dövlətli elim əhli-vəkil, bizlərə bəsdir,

Sağ olsun elim, sayrısı düşmana gələndir.


DEYİM
Vəsfini söyləyim Qaraoğlan xanın,

Bir beş gün məst olub gəzdiyin deyim.

Elə mübarəkdir vaxtın-zamanın,

Sənsən iqtıdası yaxşı-yamanın,

Tay-tuşunun ötüb, keçdiyin deyim.
On beşində qul devirib, at tutub,

...................................... satıb,

Ölüm daşlarını kafirə atıb,

Bütün yağı qəzəbindən qan udub,

Canlarından umut üzdüyün deyim.
Çox ənbiya, övliyanı yad edib,

Qılınc vurdu Allah üçün ad edib,

Tiğ zərbindən düşmənləri dad edib,

Əhli-müsəlmanın könlün şad edib,

Cənnət içrə yerin qazdığın deyim.
Dostlara can verib, ciyərin yaxıb,

Düşmənə mar kimi zəhərin döküb,

Mərd igidlər ilə meydana çıxıb,

Qəsd edən düşmənin yüzünü yıxıb,

Yurdun sərəncamın düzdüyün deyim.
Haqq üçün gözünü giryan eyləyib,

Dinin diyarında dövran eyləyib,

Həlimlikdə xalqı heyran eyləyib,

Səxavət babında seyran eyləyib,

Ağıl dəryasında üzdüyün deyim.
Nəfəs der: sağlığın istər xəlayiq,

Qələndər dərvişlər, şeyxi-məşayıx,

Hər kəs dastan eylər özünə layiq,

Sağında-solunda bütün məlaik,

Həsənat dəftərin yazdığın deyim.


SƏNIN
Əvvəla cismin bina oldu əziz canlar sənin,

Həq-təala verdi gənci-gövhəri-kanlar sənin,

Adili-Şirvan sənin, həm Hatəmi-nanlar sənin,

İki dünya dəstgirin işbu ehsanlar sənin,

Hüsni-ruyin arzu eylər bütün insanlar sənin.
Həm fağırlara pənah, acizlərin halın soran,

Səylərin bilgə urub, mehman önündə cür duran,

Bu ulu dəstgahına heyran olar eşidən-görən,

Hər zaman qursa savaş kafirlərin dadın verən,

Xaki-payinin yesiri işbu meydanlar sənin.
Aqilü dana özü dava günü divanədir,

Qoç igidlər qissəsi könlüm ara əfsanədir,

Ortada şəmi-çıraq, ellər ona pərvanədir,

Bəxti-fərmanına gələn gövhəri-yekdanədir,

Əhli-islamın sevinci, bəzmi-dövranlar sənin.
Ol Əli Heydər kimin kafirlərə tiğin çalıb,

Bütün ellər məclisində bəzm edib, deyib-gülüb,

Sən səbəb el dövlətindən gəldi dövran çevrilib,

Atlanıb meydana çıxsan, Rəxşin əsbabın salıb,

Silkib alsan əyninə gülgün, ipək donlar sənin.
İşbu əyyam içrə kim, sənsən igidlərin başı,

Ellərin taci-sərisən, var xəlayiq dilxoşu,

Ağzı qanlı qurda yetməz hər köpəyin qarğışı,

Haqq əziz edən kişini xar edə bilməz kişi,

Donunu yüz yerdə biçsin bütün düşmanlar sənin.
Kimsə yaxşı ad edib, kimsə yaman ad eylədi,

Aqil özün dost tutub, axmaq özün şad eylədi,

Yum yamanın azğını, aləmi bərbad eylədi,

Döndərib dəryanı, qoçlar yurdu abad eylədi,

Bu qılan işinə xoşnuddur bəyü xanlar sənin.

Vəsfin eylərəm, Qaraoğlan, işbu əyyami-zaman,

Könlümə gələni derəm, yaxşı olsun, ya yaman,

Dövlətin tapsın qərar bu cahanü ol cahan,

Der Nəfəs bu aləm içrə görmədim sən kimi xan,

Çox qılar xeyri-doğanü yarü yaranlar sənin.



SULTANIDIR
Vəsfin edim, Qaraoğlan cümlə elin xanıdır,

Batırı, sərkərdəsi, sərdarıyü sultanıdır.

Məclisində söhbət edib, sürdüyüm dövranıdır,

Hər kəsin görsəm deyib arzu qılan ərmanıdır,

Şək deyildir, ol haqqın əfzəl qılan insanıdır.
Padişah hüzurunda el üçün ötər dilləri,

Ol keçər qədimi bəylərin keçdiyi yolları,

Rəhmətindən ləhzədə dəryaya dönər çölləri,

Malları ondan içər, səhrada yaylar elləri,

Özü tək mərdlər ilən həmrahılar seyranıdır.
Haq nəzər salmış, onu aləmə qılmış aşikar,

Könlümə gəlməz mənim, böylə igid aləmdə var,

Bədəv at, Rumi-Firəng, belində almaz zülfüqar,

Xoş qılıq, xoş ləfz ilən el könlün eylər laləzar,

Əbri-rəhmət yağmuru fəsli-bahar baranıdır.
Vəsfinə yetməz sözüm, min dəftər etsəm şanına,

Varis oldu, gör munu Hatəm qılan ehsanına,

Neçə gün qıldım nəzər hər gün düşən mehmanına,

Min gəlib, mindən gedər səf-səf düşüb eyvanına,

Eşidən arzu qılar, görən onun heyranıdır.
Əhli-daniş eşq ilən aləmə dastanın saçar,

Nə bədəvlər səyridib, tər-tazə məhbublar qucar,

Zərrə xidmət istəyib, min mali-dünyadan keçər,

Acları ondan doyarlar, təşnələr ondan içər,

Bu Söyünxan içrə coşan Qülzümü-ümmanıdır.
Ey Nəfəs, rastım desəm, bir zari-bikəs mən özüm,

Yaxşı birlə bu yaman təfriqəsin gördü gözüm,

Ta ölüncə yaxşıların xaki-payıdır üzüm,

Nafəhmlər yanında çöpə bərabərdir sözüm,

Əhli-daniş nəzdində min sözlərin mizanıdır.


SÖZÜN MƏNƏ DASTANDIR
Vəsfini bəyan edim, mərdanə Qaraoğlan xan,

Can olsa cəsəd içrə sözün mənə dastandır.

Arzuyi-vüsalındır hər yerdə olar insan,

Əlbəttə, əziz etmiş, yoxdan yaradan sübhan,

Mən qüdrətə heyranam, aləm sənə heyrandır.
Bu külli Söyünxanda mərdanə doğan ərdir,

Kimsə ona şəkk etsə, yar sayılmaz, əğyardır,

Bu əqlimə rast gəlsə, desəm avazın vardır,

Atəşə özün vursa, odlar ona gülzardır,

Tanriya təvəkküldür, qoruyanı rəhmandır.
Gənclikdə Qaraoğlan deb, ismini bəyan edib,

Hər yanda ulu olsa, hökmünü rəvan edib,

Kafirə sitəm qıldı, dağları duman edib,

Hər mərəkə, divanda söz qursa zəban edib,

Düşmanına od qoyar, dost dərdinə dərmandır.
El içrə qardaş xandır, şahlardan ədalətli,

Kafirə olar qatil, islama mürüvvətli,

Məst çıxsa şikar edər, düşmanlara heybətli,

Həm hüsni-mülaqatlı, həm dəsti-səxavətli,

Hər gündə gələn mehman yüz neməti əlvandır.
Dünyaya gəlib getməz bunun tək əziz mehman,

Bəzmində qərar eylər, hər dəm sürəli dövran,

Düşmanına tuş gəlsə, bir dəmdə qılar yeksan,

Laf desə: «Mübarizəm», bəhs eyləsə hər insan,

Qəhrində, nəzərində duran necə insandır.
Şairə sözün demək xana, bəyə, zinətdir,

Tanrıyı sevən quldur, peyğəmbərə ümmətdir,

Ehzazi-kərəm etmək elatına sünnətdir,

Dost bağına bəzm etmək çün eyş ilə işrətdir,

Bilsən ki, bu məclislər beş gün bizə dövrandır.

Yüz min təkə elatın dövrəsinə dağ olmuş,

Dağlar sərindən coşan sərçeşmə-bulaq olmuş,

İslama olar sayə, sərvidə budaq olmuş,

Zülmət ara bərq vuran hər qolda çıraq olmuş,

Hər yerdə çıraq olsa, pərvanə pər vurandır.


Mindən biri vəsfinə yetməz ki bəyan etsəm,

Bir dilimi yüz bölüb, yüzdəni zəban etsəm,

Hər yanda dostum olsa, sər dövri-cahan etsəm,

Nəyə ki iraq olsam, özümü nihan etsəm,

Qaşında dəvamül-vəqt könlüm quşu pərrandır.
Hacət diləyib gəlsə ya vergili, ya qəllac,

Ya qul-qarabaş olsa, ya olsa zənan-əzvac,

Ya mərd ki səbəb birlə vəqtinə düşübdür ac,

Qaşında boyun əysə hər işə olub möhtac,

Salsa güzər üstündən hər müşkili asandır.
Didarını bir görən qəmgin könüllər şaddır,

Hər yana qədəm qoysa altında ərəb atdır,

Bəyzadə oğul, qardaş həm könlünə qüvvətdir,

Əyalların vəsf etsəm, hər biri pərizaddır,

Bu fani cahan içrə sanki mahi-tabandır.
Nəfəs, düz bəndə olsan, indi sözü az eylə,

Dünyada aqil olsan, taəti diraz eylə,

Bidar oluban şəb-ruz, sən rozə, namaz eylə,

Gah-gah vəqtin xoş edib, xanlar ilə saz eylə,

Sübhanü kərəmbəxşdir, rəhmət suyu barandır.


XOCAMSAN
Övəzmurad xanın vəsfin söyləyim,

Külli Söyünxanın xanı xocam sən.

Görmək arzu eylər əhli müsəlman,

İslamın qüvvəti, canı xocam sən.


Əlinin fərzəndi, rəsul övladı,

Kəramətli ərlər, pirlər ustadı,

Baharın yağışı, səhərin badı,

Bu diyarın görkü, şanı xocam sən.


Xanların xanısan, şaların şahı,

Əsliniz nurdandır, süngi-ilahi,

Elin iqtıdası, çün qibləgahı,

Müridlərin mehribanı xocam sən.


Xoşluqda can istəyənə can verib,

Zərgərlərə gövhər, gənci-kan verib,

Kiminə at, kiminə də don verib,

Kimlərə sərf etdin nanı, xocam sən.


Elimin məclisi, söhbəti-sazı,

Ol cahan cənnəti, bu cahan yazı,

Nə xoş qılıqlıdır, süxənvər özü,

Xocaların xoş zəbanı xocam sən.


Adınız aşkardır yaxına, yada,

Dövlətin çox olsun, ömrün ziyada,

Sağlıq ilə beş gün kef sür dünyada,

Qənimət bil bu dövranı, xocam sən.


Nəfəs der: sözləsəm, vəsfinə yetməz,

Dünyada ər çoxdur, özündən ötməz,

Sən tək şahi-sidrə hər bağda bitməz,

Aqillərin çox dastanı xocam sən.



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin