M Ü n d ə r I c a t bir neçə söz


Şumerlər və qədim Azərbaycan



Yüklə 3,15 Mb.
səhifə5/35
tarix31.01.2017
ölçüsü3,15 Mb.
#7248
1   2   3   4   5   6   7   8   9   ...   35

Şumerlər və qədim Azərbaycan

Azərbaycan ərazisi sakinlərinin İkiçayarası ilə əlaqələri çox qədimdən - neolit dövründən (e.ə.VII -VI minilliklər) başlamışdı. «Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün neolit dövrü ərzində olmuşdur. Belə ki Naxçıvanın I Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf çölməkləri tapılmışdır. Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Ubeyd ( bir sıra əsərlərdə bu söz Obeyd kimi də verilir - Q.K.) mədəniyyəti materiallarında öz əksini tapmışdır. Ubeyd boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzun müddətli əlaqələr və təmas nəticəsində Azərbaycan Ubeyd təbəqələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların diqqətini cəlb etmişdir. Qarabağ düzənliyində Xındırıstan kəndi yaxınlığındakı Leylatəpədə me’marlıq formaları, dulusçuluq kürələri, dulus mə’mulatı bu ərazidə əsrlərlə davam edən yerli əlamətlərdən tamamilə fərqlənir. Bir sıra faktik dəlillər (iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və s.) Şimali Mesopotamiyadan, məsələn, 3-cü Yarımtəpə Ubeyd yaşayış yerində eynilə təkrar olunur. Belə vəziyyət isə eramızdan əvvəl IV minilliyin birinci yarısında Qarabağ düzənliyində bina salmış qəbilələrin Mesopotamiyadan köçməsinə şübhə yeri qoymur». (5; 100) Azıx mağarasının bəşərin təşəkkülündə rolunu və digər tərəfdən, şumerlərin İkiçayarasına Azərbaycan ərazilərindən getdiyini nəzərə aldıqda əksinə düşünmək daha düz olar (tarixçilər bunu nəzərə almalıdır) və hər iki halda əlaqələr göz önündədir, hər iki ərazi əhalisinin bir kökdən olması inamı daha güclüdür. Bu əlaqələr yaşayış düşərgələrindən, qəbirlərdən tapılan maddi materiallarla da təsdiq olunur. Aydın olur ki, Xankəndi qənşərindəki bir kurqandan «...ölünün başı altında, öz formasına görə Cənubi Mesopotamiyada Ur qəbirlərindəki asmaları xatırladan, qızıl lövhədən hazırlanmış sırğa tapılmışdır». (5;115)


Şimali Qafqaz və Şərqi Avropa ilə Mesopotamiya arasında ticarət əlaqələri yaradan yollar Azərbaycan ərazisindən keçirdi. »Görünür, yaranmış belə yollar vasitəsilə Şimali Qafqaza parlaq zərgərlik sənəti məhsulu olan çoxlu miqdarda mə’mulat, Mesopotamiyadan qızıl və gümüş əşyalar... daxil olurdu». (5; 114-115) Azərbaycanın bə’zi şimal rayonlarında (Xanlar, Oğuz, Qəbələ və s.) ölülərin yandırılması müəyyən edilmişdir. «Maraqlıdır ki, Qafqazın başqa rayonlarında belə dəfn adəti yayılmamışdı. İraqı (Mesopotamiya ərazisini - Q.K.) çıxmaq şərtilə qədim Şərq ölkələrində də bu adət mə’lum deyil». (5; 116)
Orta tunc dövründə (III minilliyin son rübündən II minilliyin ikinci yarısınadək) Şumer - Azərbaycan əlaqələri daha da genişlənir. «Həmin tarixi mərhələdə Azərbaycan ərazisinin bir hissəsi (cənubu) onun əhalisi ilə birlikdə Şumer-Akkad mənbələri orbitinə düşür. Bu mənbələr isə bizə müharibələr, e.ə.III minilliyin son üç əsrində Azərbaycanda, ona qonşu olan vilayətlərdə baş vermiş hadisələr, orada yaşamış tayfaların adları və s. haqqında ilkin mə’lumatlar verir». (5; 119) Kutilər, lullubilər, hurrilər haqqında ilk mə’lumata bu mənbələrdə rast gəlirik. Şumer - Azərbaycan əlaqələri əvvəlki minilliklərdə daha xoş olmuşdur, bu iki ərazinin əhalisi arasında aşkar şəkildə dostluq və qardaşlıq münasibətləri hiss olunur. «...şumer belə hesab edirdi ki, sağda xoşbəxt və dost ölkələr, solda əzazil və düşmən ölkələrdir». (1; 145) «Sağ» və «sol» dedikdə şərq və qərb nəzərdə tutulurdu. Şərqdə lullular, kutilər, kasslar, solda samilər idi.
Akkadların İkiçayarasını işğalından sonra bu münasibətlərdə dəyişiklik əmələ gəlmişdi. Zaqroş dağlarında və onun şərqində yaşayan kaslar və lullularla İkiçayarası münasibətlərindən danışarkən (onları «düzənlik əhalisi» və «dağlılar» deyə fərqləndirməklə) Oppenheym yazır: «Ancaq çox nadir hallarda dağ əhalisi ilə əlaqələr mehriban xarakterdə olurdu. Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bə’zən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür yanaşmırdılar. Babillilər Şumer ən’ənələrini davam etdirərək (o öz ifadəsini En-Merkarın tarixində tapmışdı) mədəni tə’sir göstərməyə çalışırdılar (çalışırdılar ki, kontakt zonasında hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın). (11; 38)
Bu sözlər bir neçə məsələni aydınlaşdırmağa ikan verir. Əvvələn, bu dövr Babil hakimiyyəti dövrüdür və artıq şumerlər hakimiyyətdə deyil. İkincisi, babillilərlə dağ əhalisi - lullubilər ərazi e’tibarilə çox yaxındır, münasibətlər yaxşı olsa, dağlar İkiçayarası üçün bufer zonadır. Üçüncüsü, dağ əhalisi - lullubilər və kaslar (kassilər) da sivil dövlət yaratmışlar və işçi qüvvəsi, qul kimi işlətmək üçün və ya şəhərləri, əhalini dolandırmaq üçün tez-tez Babilə hücumlar edirlər (halbuki bizim tarixçilər e.ə.I minillikdən tez Azərbaycan ərazisində dövlət tanımırlar). Və nəhayət, münasibətlərə En-Merkarın dövründən qalmış ən’ənələrin də müsbət tə’siri vardır (bu barədə bir qədər sonra danışılacaqdır).

Şumerlərin qonşuları müxtəlif tayfalardan ibarət idi. İkiçayarasının şimalında sami tayfalarından olan akkadlar yaşayırdılar. Akkadlar fərqli şivələrdə danışırdılar. Tədricən onlardan assurlar və babillər əmələ gəlmişdir.


İkiçayarasına yaxın mövqedə - Cənubi Azərbaycanın qərbində kuti tayfaları məskunlaşmışdı. Kutilər ilə qonşuluqda, Urmiya gölünün cənubunda - Cənubi Azərbaycan ərazisində lullubilər yaşayırdılar. Lullubi hakimi Anubanini öz hakimiyyətini Zaqroş dağlarına qədər genişləndirmişdi. Kutilərin və lulluların bir qismi III minilliyin əvvəlindən İkiçayarasında da məskunlaşmışdılar. Oppenheym yazır: «Lullubilər (lullu) də kutilər kimi dağ xalqı idilər... Qaya üzərində tapılmış İştarın təsviri və yazı göstərir ki, lullibilər akkadların ilk dövrlərində Mesopotamiya ilə əlaqəni müdafiə edirdilər». (11; 378)
Şumerlərin birliyinə baxmayaraq, ətrafda böyük təhlükə yaranmışdı. İkiçayarasının şimal hissəsində sami tayfalarından güclü Akkad dövləti meydana gəlmişdi. E.ə.2287-ci ildə Akkad dövlətinin banisi Sarqon (akkad dilində Şarrumkenu - həqiqi, qanuni hökmdar) (e.ə.2316-2261) Şumerə hücum edir və Luqalqessi ilə birlikdə 50 Şumer hökmdarı məğlub olur. Sarqon Şumeri işğal edir. Şumer-Akkad dövləti yaranır. (7; 76-78) Akkad şəhərini də o saldırmışdır. Onun nəvəsi Naram-Suenin hakimiyyəti illərində (e.ə.2236-2200) Akkad arada itirdiyi qüdrətini yenidən bərpa edir. Naram-Suen özlərinə yaxın ərazidə yerləşən kuti və lullubilərlə də döyüşməli olur. Şarkalişarrinin (e.ə. 2200-2175) dövründə kutilər, elamlılar və samilər Akkad dövlətini tez-tez təhlükə altında qoyur. Kuti (quti) hökmdarı Elulumeş (e.ə.2177-2171) e.ə.2175-2172-ci illərdə Akkadı qəti məğlubiyyətə uğradır. Hökmranlıq kutilərin əlinə keçir. Kutilər öz yazılarını akkad dilində tərtib edir və Şumeri canişinlik şəklində idarə edirlər. Kutilər yüz ilə qədər orada hökmranlıq etmişlər. 21 kuti hökmdar adı mə’lumdur. Onların dilinin türk dili və ya Hind-Avropa dillərindən olduğu barədə fərziyyələr var. Oppenheym göstərir ki, «Bu xalqın öz dili vardı». (11; 377)

Uruk hakimi Utuhenqal son kuti hökmdarı Tirikanı məğlub edərək (e.ə.2104) hakimiyyəti ələ alır və kuti hakimiyyətinə son qoyur. Lakin tezliklə - e.ə.2097-ci ildə Utuhenqal sui-qəsdlə öldürülür və Ur şəhər hakimi Ur-Nammu öz oğlunu Uruka ensi tə’yin edir. Ur-Nammu (e.ə.2112-2103) III Ur sülaləsinin başçısı idi. Onun başçılığı ilə Şumer dövləti yenidən fəaliyyətə başlayır. Bu, sonuncu Şumer dövləti idi. Ur-Nammudan 100 il sonra - e.ə. 2003-cü ildə - III minilliyin sonunda elamlıların Ur şəhərinə basqını ilə Şumer və Akkadın minillik tarixi başa çatır.


III Ur sülaləsinin ləğvindən sonra Şumer ərazisində İsin, Larsa, Mari, Babil, Eşuppa kimi şəhər dövlətləri yüksəlməyə başlayır. Babil şəhəri (bab-ili - allahın qapısı; yunanlar Vavilion deyirdilər) daha da güclənir, İkiçayarasının siyasi həyatında mühüm rol oynayan Babilistan dövləti (e.ə. 1894-1595) yaranır. Dövlətin banisi Sumuabum (e.ə. 1894-1881) idi. Babillilər amori - sami tayfaları idilər.
Hələ e.ə.XVIII əsrin ortalarından Azərbaycanın qədim və güclü tayfalarından olan kassi (kaşşu, yunanlar kassi, kissi, kosoy deyirdilər) tayfası Babilistanın işğalına çalışır. 1742-ci ildə kassi hökmdarı Qandaş Babilistana hücum etsə də, bir nəticə hasil olmur. Nəhayət, onlar 1595-ci ildə Babili işğal edərək 1155-ci ilə kimi - 500 ilə qədər burada hökmranlıq etmişlər. II Aqum (e.ə. 1595-1571) özünü «Kassilərin, akkadların, Babilistanın və Kutilərin hökmdarı» adlandırmışdır. XV əsrin ortalarında kassi hökmdarı I Karaindaş özünə «Babilistan hökmdarı, Şumer və Akkad hökmdarı, kassilər hökmdarı və Kar-Duniaş hökmdarı» titulunu qəbul etmişdi. (Kar-Duniaş ya kassilərin keçmiş ölkə adı, yaxud da kassi allahı Duniaşın ölkəsi mə’nasında izah edilir.) (7; 104) Babildə yeni məbədlər tikilir və bunlar həm yerli allahlara, həm də kassi allahları Şumaliya və Şukamunaya ithaf edilirdi. Kassi hökmdarları Misir fironları ilə məktublaşırdılar. Misirdəki Əl-Amarna arxivindən I Kadaşman-Enlilin (e.ə.1374-1360) məktubları tapılmışdır. II Burna-Buriaşın (e.ə.1360-1335) Misir fironu Exnatona məktubları qalmışdır. Babilistan-Kassi hökmdarı III Kaştiliaşın vaxtında (e.ə.1230-1223) Assur hökmdarı I Tukulti-Ninurta (e.ə.1244-1208) Babilistana hücum edir. Ölkəni qarət edir, əhalini köləliyə aparır, Kaştiliaş əsir düşür. Lakin Tukulti-Ninurta sui-qəsdlə öldürüldükdən sonra Babildə yenidən yüksəliş başlayır və kassi hökmdarı Adadşumusur (e.ə.1194-1187) Assuriyanı özündən asılı vəziyyətə salır. Ancaq bu yüksəliş də uzun sürmür. E.ə.1158-ci ildə Elam hökmdarı I Şutruk-Nahhunti Babilistanı işğal edib, öz oğlunu taxta əyləşdirir. Babilistanda kassi sülaləsinə son qoyulur. Bu müddət ərzində kassilər (kassi padşahları) yalnız 1700-1230-cu illər arasında öz adlarını saxlaya bilmişlər. Son 8 kassi hökmdarının akkad adı daşıdığı qeyd edilir. (11; 60,377)
Beləliklə, bütün Şumer ərazisi şumerlərin, akkadların və babillilərin vaxtında daim Azərbaycan kuti, lullubi, kassi dövlətləri ilə əlaqədə olmuş, lullubilərlə qardaşlıq münasibətində yaşamış, kutilər tərəfindən 100 il, kassilər tərəfindən 500 ilə qədər idarə olunmuşdur. Bu, hər iki ərazinin az qala birliyidir - mədəni, iqtisadi, siyasi birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir.

Qazıntılar və Şumer-Akkad rəvayətləri «Ümumdünya daşqını» deyilən daşqının olduğunu təsdiq edir. Şumer rəvayətinə görə, Yer üzərində insanlar hədsiz çoxalır. İnsanlar arasında olan naqis cəhətlərdən allahlar qəzəblənir və daşqınla onların kökünü kəsməyi qərara alırlar. Bu əhvalatı «Gilqamış» dastanının qəhrəmanı Gilqamışa Utnapiştim belə danışır:


Sənin tanıdığın, Fərat çayının sahilində yerləşən Şuruppak şəhəri qədim şəhərdir, allahlar orada yaşayırlar. Böyük allahların qəzəbi ora gətirdi ki, onlar daşqın yaratmağı qərara aldılar; onların arasında ata Anu, onların məsləhətçisi, yenilməz Enlil, onların havadarı Ninurta, onların hakimi Ennuqi də vardı. Müdriklik allahı Ea onlarla söhbət etdi və onların qərarını qamış dəyəyə (daxmaya) söylədi: «Dəyə, dəyə! Divar, divar! Dəyə, eşit! Divar, başa düş! Şuruppak əhli, Ubar-tutunun oğlu, evini məhv elə, gəmi düzəlt, var-dövləti tərk elə, həyat axtar, şeylərə nifrət et, ürəyini (canını) yaşat. Gəmiyə bütün canlı varlıqlardan toxumluq yüklə. Qoy düzəltdiyin gəmi onun ölçüsünə uyğun olsun, qoy onun eni ilə uzunu bir-birinə uyğun olsun. Okeanda onun üstünü bağla.» (12; 264)
Allah Ea allahların daşqın törədəcəyi xəbərini bu cür gizli şəkildə insanlara çatdırır - Ziusudra (akkad. Utnapiştim/Uqnapiştim) adlı dindar hakimə xəbər verir. Ziusudra (Utnapiştim) iri gəmi düzəltdirir, ailəsini, heyvan və quşlardan nümunələr yığır gəmiyə. Tufan başlayır, su, rəvayətə görə, 8 metr hündürlüyə qalxır. 6 gün 6 gecə külək, daşqın, fırtına ara vermir. 7-ci gün fırtına sakitləşir. Bəşəriyyət məhv olmuş, gilə qarışmışdır. Ubar-tutu oğlunun gəmisi Nisir (Kinipa) dağının təpəsində ilişib qalmışdır. Hər tərəf sudur. Dağ gəmini buraxmır. İştarın köməyi ilə gəmi xilas olur. Allahlar tökülüşüb gəlirlər öz qurbanlarının yanına. İştar deyir: «Allahlar... mən öz boynumdakı mavi cəhənnəm daşını qoy unutmayım, bu günləri mən unutmaram, mən onları əsrlərlə unutmaram! Qoy allahlar gəlib mənim mədhlərimi eşitsinlər, ancaq Enlil bura gəlməsin, çünki o, məsləhətləşmədən daşqın yaratmış və mənim adamlarımı məhvə məhkum etmişdir». (12; 265) Lakin Enlil də gəlir. O, sağ qalanlar olduğunu görüb qəzəblənir. O zaman Ea ona deyir: «Sən allahlar arasında ən müdrikisən, qəhrəmansan! Sən necə, necə məsləhətləşmədən daşqın yaratdın? Günahkarın günahını öz üstünə qoy, cinayətkarın cinayətini öz üstünə qoy, amma yazığın gəlsin, bütün bəşəri məhv etmək olmaz». (12; 265)
Ziusudranın gəmisi Nisir (Kinipa) dağı ətrafında xilas olur. Allahlar onlara əbədi həyat verir. Gəminin xilas olduğu yer - Kinipa (Nisir) dağı bizim Manna ərazisindədir.
İngilis arxeoloqu Leonard Vulli Ur şəhərinin yerində apardığı qazıntılar zamanı (1922-1934) 18 metr hündürlükdə mə’bəd xarabalığı aşkar etmişdir. Məbədin bünövrəsi e.ə.IV minilliyin ortalarına aid təbəqəni təşkil edir. Bu təbəqədən aşağı 3 metr qalınlığında qum, lil və daşlardan ibarət təbəqə, sonra yenə mədəni təbəqə aşkar edilmişdir. Ərazidə bir neçə yerdə bu cür təbəqələr müşahidə olunmuşdur. Bu göstərir ki, Ubeyd dövründə, bəlkə də ondan əvvəl bu yerlərdə Dəclə və Fərat çaylarının daşması nəticəsində böyük fəlakət olmuş, çoxlu insan tələfatı baş vermişdir. Bu mə’lumat ubeydlərdən şumerlərə çatmış, sonralar «Nuh daşqını» adı ilə Tövrata və Qurana da düşmüşdür. Lakin bu kitablardan daha əvvəl Nuh tufanı barədə mə’lumat «Bilqamıs» dastanında verilmişdir. Tarixi şəxsiyyət hesab olunan (təqr.e.ə.2800-2700-cü illər arası) Bilqamısın təsviri prosesində təhkiyəçi deyir:

O hər sirri bilərdi, o hər şeyi görərdi,


Yeri su basmasından bizə xəbər verərdi.

Şumerlərin gil lövhələrdə Daşqın haqqında mə’lumatını ilk dəfə ingilis alimi Corc Smit oxumuşdur. Şumer yazılarında daşqın təsdiq edilir: eger a-ma-ru ba-ur-ra-ta İnanna nin-kur-kur-ra-ke... a-nam-til-la-ka mu-un-ne-sud-sud ‘posle toqo, kak navodnenie konçilosğ, İnanna, vladıçiüa vsex stran... vodu jizni im izlila’ - daşqın qurtaran kimi bütün ölkələrin hakimi İnanna ...suyu onların həyatından kənar etdi.


Nuh (Noy) - Adəm və Həvvanın nəslindən sayılır, o, tufan zamanı böyük fədakarlıqlar göstərmişdir. Yuxarıdakı qeydlərdən göründüyü kimi, «Bilqamıs» dastanında onun adı Ubar Tutunun oğlu Utnapiştim şəklində işlənmişdir.
Nuh daşqını qədim dünyanı daim məşğul etmiş, tarixi hadisələrin vaxtını çox zaman həmin daşqının vaxtı ilə müəyyən etməyə çalışmışlar. Alman alimi F.Deliç göstərir ki,» babillilər öz tarixlərini iki böyük dövrə - Daşqınaqədərki və daşqından sonrakı dövrə bölürlər; bu Daşqın bütün böyük çayların dənizə tərəf yön aldığı və zəlzələli, qasırğalı və ya ildırım kimi axıntılı, xüsusi növ dəhşətli bir tufan olmuşdur».(13; 14-15)
Nuh tufanı haqqında Bibliyada verilən mə’lumat da şumerlərdən alınmışdır: «...tufan barədə Babil mifinin özü də əslində ilk Şumer qaynağından götürülmədir».(14; 175)
Nuhun gəmisi, dediyimiz kimi, Cənubi Azərbaycan ərazisindəki Kinipa dağının ətəklərində xilas olmuş, ilk dəfə o yerlərdə torpaq görmüş və gəmidəkilər sahilə çıxa bilmişlər. Nuh tufanı ilə bağlı əlamət və miflər Şimali Azərbaycan ərazilərində də geniş yayılmışdır: «Xalqımızın yaddaşında hələ çox qədim zamanlardan «Nuh peyğəmbər», «Nuh tufanı», «Nuh gəmisi» anlayışları var. İndinin özündə Naxçıvan ərazisində «Gəmiqaya» adlı bir dağ yad edilir. Bunlar çox söz deyir və bu məzmunun, bu təsəvvürün bizim üçün doğma olduğuna, məhz Şumer əcdadlarımızdan keçib gəldiyinə şübhə yeri qoymur...» (15; 146)
El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağlarına verilən ad da Nuhla əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür. Son ümid Dik daşdır, oğlan çətinliklə Dik daşın üzərinə qalxır. Bir neçə gündən sonra su yatmağa başlayır. Bu zaman bir qoca oğlana yanaşır. Bu, Nuh babadır. O, oğlanı Dik daşın üzərindən endirir, onun sağ qalmasına təəccüb edir. Gəzdiyi yerlərdən yalnız burada canlıya, diriyə rast gəldiyi üçün qoca bu dağa «Diri» adı verir (diri - tir - yaşamaq, tiriq - canlı, diri sözləridir.10; 562) Nuhun gəmisi geri qayıdarkən qoca öz nəvəsi Sənəmi oğlana verir. Mazan böyüyüb güclü bir pəhləvan olur. Sənəmlə evlənir, oğul-uşaqları olur. Sonralar el sənətkarı Qurbani də bu nəsildən yaranır.
Diri dağının döşündə Mazan nənənin qəbri indi də durur. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı saymışdır. (44; 214) Onu da qeyd edək ki, bu əfsanə ilə bağlı Dik daşın, nənənin çörək taxtası, kündələri və s.-in Diri dağının döşündə daşa dönmüş şəkildə qalmaqda olduğu barədə də əfsanələr vardır.
Diri dağının ətəyində yerləşən balaca Xələfli kəndinin sakini Bilal Fərəc oğlu (özünü Qurbaninin nəslindən sayır) bu əfsanəni nəzmə çəkmişdir. Nümunə üçün bir neçə misrasını qeyd edirik:

Möhtəşəm bir qaya vardır Diri dağın zirvəsində,


O zirvədə qartallardı ucalığın zirvəsində.
Bu, Dik daşdır, vüqarı var, bir igidi xatırladır...
Diri dağ ətrafı qalın meşəlik,
Meşədə heyvanlar, qayada kəklik...
Meşəlik, qayalıq arasında kənd,
Keçilməz qayalar bu kəndə bir bənd.
Burda göy otlaqlar, dumduru sular,
Burda meyvələrdən sanki bal damar.
İlin gümrah vaxtı bahar ayıdır,
İşə sübhdən gedən gecə qayıdır.
Nuhun dövrü imiş bu vaxt, bu dövran,
Fəlakət baş vermiş, qırılmış insan.
Nuh tufanı adlı tufan başlamış,
Sular ərşə qalxıb dağları aşmış... (45; 78)

Nuhun gəmisinin qonşu Naxçıvan ərazisində daşqın zamanı bir sıra dağlara yan aldığı və Nuhun onlara Ağrıdağ, İnandağ, Kəmki, Gəmiqaya adlarını verdiyi barədə «Nuhun tufanı» adlı əfsanə də bu cəhətdən maraqlıdır. (bax: 16; 66-69)


Daşqın haqqında hind əfsanəsi də vardır. Əfsanə e.ə. I əsrdə Vedaların kommentariyasında qeydə alınmışdır. Manu su götürüb əlini yumaq istərkən əlinə bir balıq düşür. Balıq deyir: «Məni böyüt, səni xilas edərəm». «Sən məni nədən xilas edəcəksən?» - deyə soruşduqda balıq cavab verir: «Bütün canlıları daşqın aparacaq, səni ondan xilas edərəm». Manu balığı böyüdür, dənizə atır. Balıq bir gəmi qayırıb daşqın, tufan günü gəmiyə girməyi tapşırır. Daşqın başlayır. Balıq gəlib gəmini yedəyinə alıb şimal dağlarına çatdırır, dağı göstərib deyir: «Budur, mən səni xilas etdim. İndi gəmini ağaca bağla ki, su səni aparmasın. Hələlik sən dağın başında olacaqsan. Su yatmağa başlayanda tədricən (aşağılara) düşə bilərsən».
İndi həmin dağ «Manu enişi» adlanır. Daşqın bütün canlıları aparmış, yalnız Manu qalmışdır. (12; 382-383) («Mahabharata» - «Bharat nəslinin böyük döyüşü haqqında povest» 18 kitabdan, 90 min beytdən ibarətdir və e.ə. I minilliyin 2-ci yarısında bir neçə əsr ərzində yaranmışdır.)

Şumer mətnləri çox rəngarəng məsələləri əhatə edir: inzibati aktlar (Ur, Uruk şəhərlərinin, III Ur sülaləsinin nəhəng arxivi, Nippur, Laqaş, Drehem və Coxa sənədləri), çar yazıları (xüsusilə Laqaş şəhərində tapılmış yazılar), ədəbi əsərlər - himnlər, ağılar, andlar, dualar, məhkəmə qanunları, məsəllər və miflər... Yaxşı cəhət budur ki, çar yazıları həm akkad, həm də şumer dilində yazılmışdır. «O dövrün zəngin ədəbiyyatı tam şəkildə bir xeyli informasiya vermək imkanına malikdir...» (11; 50) Bu cəhətdən Şumer qəhrəmanlıq dastanları xüsusi əhəmiyyətə malikdir.


Qədim şumerlərin yaratdığı doqquz qəhrəmanlıq dastanı mə’lumdur. Bu dastanların çoxu qədim Azərbaycan dövləti Aratta ilə bağlıdır. Dastan qəhrəmanlarının bir qismi - En-Merkar, Luqalbanda və Bilqamıs tarixi şəxsiyyətlərdir.
«Bilqamıs» dastanı sonralar yaranmış türk dastanları ilə sıx bağlıdır. Dastanın qəhrəmanının adı sonrakı türk dastanlarının bir sıra qəhrəmanlarının adları ilə eyni quruluşludur.
Dastanın əsas qəhrəmanının adı müxtəlif variantlarda qeyd olunur: Bilqamıs/Bilgəmis/Bilqamış/Bilqameş və ya Gilqamıs /Gilqamış/ Gilqameş. Bu adla qədim türk qəhrəmanlarının adları - Alpamıs/Alpamış (özbəklərdə), Buğrancı oğlu İlalmış/İlalmıs, Tərsuzamış/Tərsuzamıs («Dədə Qorqud kitabı»nda) adları arasında oxşarlıq və ahəngdar səslənmə təsadüfi olmayıb, bu qəhrəmanların bir mə’nəvi telə bağlılığına, «qardaşlığına», bir ana kökdən çıxdığına, bir qaynaqdan gəldiyinə şahidlik edir. (15; 75) E.Əlibəyzadə yazır: «Təkcə «Bilqamıs» dastanında özünü göstərən başqa mə’nəvi keyfiyyətlər bir yana, üç mühüm amil - dil, el - dövlət (Uruk), inam (Tənqri/Tanrı) Şumer və müasir türk xalqlarının bir kökə bağlı olduğu fikrini söyləməyə əsas verir. Belə bir səsləşməni, beş min illik bir vaxtı, məsafəni keçib gələn və dəyişməyən üç mühüm mə’nəvi amili dünya xalqlarının heç birində tapmaq mümkün deyil». (15; 76)
Dastanlardan biri «En-Merkar və Arattanın ali kahini» («En-Merkar i verxovnıy jreü Arattı») adlanır. Başqa dastanlara nisbətən bu dastan daha yaxşı qalmışdır. Dastanı Şumer dilindən S.N.Kramer tərcümə etmişdir. Dastanın əsas qəhrəmanı En-Merkardır. O, mifik qəhrəman sayılsa da, Şumerlərin çar siyahısında adı vardır. (11; 387; 12; 258-276) Dastanda Uruk hökmdarı ilə Aratta hökmdarı, Uruk şəhər dövləti ilə Aratta dövləti arasındakı münasibətlərdən bəhs edilir. Hadisələr e.ə. III minilliyin 1-ci yarısına aiddir. Uruk hökmdarı En-Merkar Arattanı özünə tabe etmək istəyir, bunun üçün ilahə İnannanın gücündən istifadə etməyə çalışır və ona müraciət edir: «...O zaman baş kahin, Zamuş ölkəsindən İnannanın işıqlı ürəyi ilə seçilmiş allah Utunun oğlu En-Merkar öz ağasına, mehriban hakimə, işıqlı İnannaya dua edir: «Mənim ağam İnanna, Uruk üçün (Arattanın adamları) qoy qızıl və gümüş işləyib hazırlasınlar, ...sənin yaşadığın işıqlı mənzil ziynətlənsin, onun içərisinə qurbanı mən gətirərəm! Aratta Uruka tabe olsun! Arattanın əhalisi öz dağlarının dağ daşını qoy gətirsinlər, qoy mənim üçün böyük mə’bəd tiksinlər, qoy böyük mə’bəd düzəltsinlər! Böyük mə’bədi, allahlar mə’bədini qoy işıqlı eləsinlər! Qoy Kulabada mənim ayinlərimi düzgün icra etsinlər!» (12; 269) Lakin Aratta hökmdarı (onun adı çəkilmir, en - ‘kahin-hökmdar’ adlandırılır) böyük ustalıqla ölkəsini müdafiə edir, En-Merkarla məsələni tarixdə ilk dəfə sülh yolu ilə həll edir, ona, onun ölkəsinə daş, lacivərd, qızıl, gümüş göndərir, əvəzində ondan taxıl alır. Bütün əlaqələr qasid vasitəsilə olur. Qasid «Qara dağı» aşır, yeddi dağı keçir, Aratta ölkəsinə gəlir və hökmdarının istəklərini Aratta kahininə çatdırır.
Görünür, bu ölkələr əvvəllər yaxın qohumlar tərəfindən idarə olunan əyalətlər şəklində qurulmuş, daha güclü görünən bir mərkəzdən idarə olunmuşdur. İndi elə dövrdür ki, hər iki tərəf güclənmişdir, özlərini müstəqil dövlət kimi aparmaq istəyirlər. Lakin allahları yenə də birdir - Enlildir, İnannadır, İştardır... Ona görə də Uruk kahininin sifarişini eşitdikdə Arattanın baş kahini təəccüblənir və öz ağasına belə bir cavab aparmağı qasidə tapşırır: «Mən - ali kahin, (ilahə İnannanın) pak əli ilə tə’yin olunmuşam. Bütün əhalinin hökmdarı, müqəddəs İnanna Arattaya, pak mərasimlər ölkəsinə həqiqətdə məni gətirib. Arattanın qarşısındakı böyük dağlarda dəqiq şəkildə məni qapı qoyub. Aratta Uruka necə itaət edə bilər? Aratta Uruka itaət etməyəcək, de ona!»(12; 271)
Onu da qeyd edək ki, Aratta hökmdarı «ali kahin» adlandırıldığı kimi, dastanda En-Merkar da ali kahin adlandırılır: «Ali kahin (yə’ni En-merkar) işıqlı İnannanı dinlədi». (12; 269) En-Merkar İnannaya dua etdikdən sonra İnanna ona məsləhətlər verir. Bu cəhət göstərir ki, Uruk və Aratta dövlətləri eyni tipli, eyni hüquqlu dövlətlərdir.
Heç bir dastan yalnız uydurmalardan ibarət olmur, mütləq müəyyən tarixi izləri də mühafizə edib saxlayır. O cəhətdən bu dastanda maraqlı məsələlər vardır. Dastan çox aydın şəkildə uruklularla arattalıların bir kökdən olduqlarını, bir dildə danışdıqlarını göstərir. En-Merkar müdrik qasidi yenidən Aratta hökmdarının yanına göndərir və ona belə bir tapşırıq verir: «Böyük dağlardan keçib (Arattanın ali kahininə) tərəf get. Arattanın ali kahininə de və əlavə et: «...Nə vaxtsa ilan da yox idi, əqrəb də yox idi, goreşən də yox idi, şir də yox idi, it də yox idi, canavar da, qorxu da yox idi, dəhşət də, adamların rəqibi də yox idi. Həmin günlərdə şumerlərlə bir dildə danışan Şubur dağı və Hamazi vilayəti, böyük ən’ənələrin böyük dağları, hər bir şeyi olan Ur ölkəsi, təhlükəsizlikdə rahat ömür sürən Amurru ölkəsi - bütün əhali və Enlilə itaət edən bütün xalq bir dildə mədhiyyələr oxuyurdu». (12; 270) «Enlilə itaət edən bütün xalq» dedikdə Şumer əhalisi də, arattalılar da nəzərdə tutulur. Bu əsərdə Aratta əhalisi daim «pak mərasimlər ölkəsinin əhalisi» («lödi stranı çistıx obrədov») adlandırılır. Diqqət edilsə, dağ əhalisinin yerləşdiyi ərazidə Şubur dağı var. B-m keçidi ilə bu elə Şumer’dir.
Y.B.Yusifov Arattanın indiki Cənubi Azərbaycan ərazisində yerləşdiyini və tarixdə izi qalmış ilk Azərbaycan dövləti olduğunu sübut etmişdir. Müəllif indiki Süleymaniyyə vilayətində Qaradağ yer adının qalmaqda olduğunu qeyd etməklə yanaşı, e.ə..VIII əsrdə II Sarqonun yeddi dağı aşıb, Aratta çayını keçib Mannaya daxil olduğunu göstərən qədim mənbə haqqında da mə’lumat vermişdir. Deməli, Aratta həm ölkənin, dövlətin adı, həm də indiki Cənubi Azərbaycan ərazisində çay adı olmuşdur. Y.B.Yusifovun belə bir mülahizəsi də var ki, ola bilər, II Sarqonla bağlı kitabədə abidə müəllifi «Aratta çayı» yox, sadəcə «Arattanın çayı» demək istəmişdir. (7; 125-127)
Maraqlı cəhətdir ki, ətrafında o qədər şəhər dövlətləri ola-ola, En-Merkar nə üçün nisbətən aralıda yerləşən, yeddi dağ aşaraq mə’bəd tikintisi üçün ustalar gətirtməyə, daş gətirtməyə, mis, qızıl, gümüş gətirtməyə çalışdığı Arattaya müraciət edir? Həm də dastanda Arattaya hüsn-rəğbət var, ilahə İnanna onu daim qoruyur, Aratta hakimi hazırcavablığı və müdrikliyi ilə seçilir. Elə bil, bu dastan uruklular tərəfindən deyil, arattalılar tərəfindən yaradılmışdır. Hər halda, Uruk dövləti güclənmiş olsa da, Arattanı özündən asılı vəziyyətə salmağa çalışsa da, razılaşma və xoş münasibət aydın görünür. Bunlar göstərir ki, uruklularla arattalılar arasında etnogenetik əlaqələr, qohumluq əlaqələri vardır. En-Merkarın göndərdiyi qasid Aratta hökmdarına öz hökmdarının (En-Merkarın) sifarişini çatdırarkən «Sənin atan, mənim ağam məni sənin yanına göndərdi» (12; 270) deyir. Yaxud başqa bir dastanda Aratta hökmdarı En-Merkarı özünün böyük qardaşı sayır, bir ananın övladı olduqlarını bildirir: «Ana bətnində belə mən sənə tay deyildim»- deyir. Aratta və Uruk dövlətlərini əlaqələndirən bu dastandan bu cür xoş bir təəssürat qazanmaq olur.
Digər bir şumer dastanı «Uruk və Aratta» adlandırılmışdır. Bu ad dastanın məzmunundan doğur. Aratta hökmdarı En-Sukuşsiranna Uruk hökmdarı En-Merkardan tələb edir ki, onun hakimiyyətini tanısın və ilahə İnannanın Arattaya köçürülməsinə imkan versin. En-Merkar Arattanın Uruka tabe olmalı olduğunu və allahların iradəsi ilə İnannanın Urukda qalacağını (söhbət İnannanın heykəlindən gedir) bildirir. Aratta hökmdarı öz köməkçisi kahin Ur-Qirnunnanı Uruku tabe etməyə göndərir. Kahin Uruka gəlib müqəddəs pəyəyə girir, inək və keçini dilə tutur ki, süd və qaymaq verməsinlər. Bunun nəticəsində Uruk pis vəziyyətə düşür. Bu zaman Nidaba ilahəsinin iki çobanı Aratta maşmaşı (vəziri) Ur-Qirnunnanı tutub öldürür. Aratta hökmdarı məcbur olub En-Merkarın yanına elçi göndərir və bu sözləri çatdırmağı tapşırır: «Ey sən, İnannanın istəklisi, təkcə sən şöhrətə layiqsən. ...Aşağı torpaqlardan yuxarıya kimi sən yeganə hökmdarsan, mən isə sənin arxanca gedirəm. Ana bətnində belə mən sənə tay deyildim, sən mənim böyük qardaşımsan (fərqləndirmələr bizimdir - Q.K.) Mən heç bir zaman sənə tay ola bilmərəm». Beləliklə, Aratta Urukdan asılı vəziyyətə düşür. Lakin bu asılılıq nisbi xarakterdə olub, daha çox dostluq, qardaşlıq əlaqələrinə əsaslanır.
Dastandan aydın olur ki, Uruk və Aratta hakimləri qardaş olmuşlar, bir qarından doğulmuşlar. Və həm də Urukdan Arattaya qədər («aşağı torpaqlardan yuxarıya kimi») qardaş tayfanın ixtiyarında olmuş, lakin onlardan bu və ya digəri gücləndikcə qoruyucu ilahəni - İnannanı öz şəhərinə, öz ölkəsinə aparmağa çalışmış, öz üstünlüyünü o birinə tanıtmaq istəmişdir. Hər iki dastanda urukluların üstünlüyü nəzərə çarpır. Şumer mədəniyyətinin üstün mövqeyi, oradakı inkişaf Uruk və Aratta münasibətlərində özünü bu cür göstərir:
Üçüncü dastan - «Luqalbanda və En-Merkar» dastanı Aratta ilə Urukun yaxınlıq, qohumluq əlaqələrini daha aydın göstərir. Dastandan aydın olur ki, indi Aratta ilahə İnannanın məskənidir. Urukun vəziyyəti isə pisdir. Martu (sami) tayfaları Uruku mühasirə etmişlər. En-Merkar uzaq səfərdən İmduqud quşunun köməyi ilə Uruka qayıdan Luqalbandanı Arattaya göndərir ki, İnannanı xəbərdar etsin və arattalılar köməyə gəlsinlər. Luqalbanda yeddi dağ aşaraq Arattaya çatır. Vəziyyəti ilahə İnannaya söyləyir. İnanna Uruku xilas etmək üçün məsləhətlər verir. Bu dastanda Aratta Urukun dar gündə köməyinə gələn müttəfiqi, yaxını, dostu kimi təsvir edilmişdir.
«Luqalbanda və Hurrum» adlanan dördüncü dastanda En-Merkar Arattaya yürüş etmək istəyir. Lakin Hurrum ölkəsində (Aratta ilə Elam arasında) Luqalbanda xəstələnir. Onu ölmüş bilib Hurrum dağında qoyurlar. Luqalbanda iki gündən sonra allahların (Utu, İnanna, Sin) verdiyi «həyat yemi»,» həyat suyu» ilə sağalır. Dastanın ardı pozulmuş olduğundan səfərin sonu bilinmir.
Qalan dastanlar Uruk və Kiş şəhər dövlətləri arasındakı mübarizədən («Gilqameş və Ata») və Uruk hökmdarı Gilqameşin macəralarından bəhs edən «Gilqameş» dastanlarıdır. Tarixçilər özləri də e’tiraf edirlər ki, «Şumer dastanlarında heç bir ölkəyə Aratta qədər diqqət yetirilməmişdir. Şumerlər bu ölkə ilə yaxından təmasda olmuşlar». (7; 129) Lakin biz bu qənaətdəyik ki, şumerlər Arattanı özlərininki saymış, öz qardaşları hesab etmişlər. Şəhər dövlətləri (Uruk və Aratta) arasında dostluq, yaxınlıq, qardaşlıq münasibətləri ilə yanaşı, bu və ya digər dövlətin üstünlük iddiası ilə əlaqədar narazılıqlar da olmuşdur. Bütün bunlar ən qədim dövrlərdə Şumerin Arattadan ayrıldığını bir daha təsdiq edir. Aratta sakinlərindən fərqli olaraq, şumerlərin gəlmə olduqları və Azərbaycan ərazilərindən İkiçayarasına endikləri mə’lumdur. Son dövrlərdə qəbul edilmiş əsas fikir bundan ibarətdir ki, şumerlər İkiçayarasına Zaqroş zonasından - Arattadan keçmişlər: (bax: 1; 115)
Arattalılarla şumerlərin qohumluğunu göstərən bir cəhət də onların eyni allahlara sitayiş etmələridir. Şumer allahı Dumuzi Arattaya da himayədarlıq edir. Şumerlərə məxsus bərəkət və məhəbbət ilahəsi İnanna (akkadlarda İştar) Arattanın da bərəkət və məhəbbət ilahəsidir. Urukun baş kahini En-Merkar İnannaya üz tutaraq arattalıların daş, ağac gətirərək Urukda parlaq bir mə’bəd tikmələrini, qızıl-gümüşlə bəzəmələrini arzulayır - İnanna orada əbədi rahatlıq tapsın. İnannanın heykəli Aratta mə’bədində də var. Aratta İnannanın da doğma evi hesab olunur. İnanna həm də «müdrik dağ xanımı» adlandırılır. Bunlar bir daha göstərir ki, şumerlərin əvvəlki məskəni dağlar olmuş, onlar İkiçayarasına dağlardan enmişlər. İnanna En-Merkara Arattaya qasid göndərməyi məsləhət görür. «Qoy qasid Suzdan, Anşandan keçsin, parıltılı dağları qalxsın, parıltılı dağları ensin, Arattanın baş kahininin yanına getsin». Qasid iki dövlət arasında geniş əlaqələr yaradır, axırda En-Merkar özü Arattaya gəlir. Şumer heyvandarlıq allahı, İnannanın sevgilisi Dumuzi (Tammuz) Arattanı da himayə edir və s.

Beləliklə, şumer dastanları Şumer - Aratta qohumluğunu sübut edir. Bunun özü də böyük mənbədir. Lakin, şübhəsiz, bu iki xalqın dil qohumluğunun sübutu üçün yazılı materialların tədqiqi vacibdir. Bunun üçün şumer mixi yazılarının xüsusiyyətləri və oxunma vəziyyəti barədə mə’lumat almaq faydalı olardı.



 

 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin