Sürünənlərin baş beyni – ön beyin və beyinciyin inkişaf etməsi ilə əlaqədar olaraq, amfibilərin beynindən iridir. Ön beyin yarımkürələrində boz beyin maddəsi - ikinci beyin tağı və ya neopallium inkişaf etmişdir. Ürək 3 və ya bəzi növlərdə dörd kameralıdır. Ürək və arteriya qövsləri daha çox diferensasiya etmişdir: mədəcik tam olmayan arakəsmə ilə iki hissəyə ayrılmışdır və mədəcikdən üç müstəqil arteriya ayrılır (amfibilərdə bir arteriya çıxır). Tənəffüs orqanları ağciyərlərdir. İfrazat orqanı çanaq (metanefros) böyrəklərdir. Sidik axarları ilə yalnız sidik xaric edilir. Ali onurğalıların hamısında mayalanma daxilidir.
Sürünənlərin sistematikası və taksonomik xüsusiyyətləri İ.Y.Borkin və İ.S.Darevski (1987), xarici quruluşu A.Q.Bannikov (1977) tərəfindən işlənmişdir. Qafqazda və Azərbaycanda A.B.Şelkovnikov (1892-1906) tərəfindən öyrənilmiş, A.M.Ələkbərov (1978) tərəfindən davam etdirilmişdir.
Sürünənləri təyin edərkən təyinat cədvəllərindən istifadə olunur. Təyinetmə zamanı bədən uzunluğu, başın uzunluğu, quyruğun ölçüləri, kəllənin quruluşu nəzərə alınır.
Dostları ilə paylaş: |