Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 1,7 Mb.
səhifə14/15
tarix29.11.2016
ölçüsü1,7 Mb.
#434
1   ...   7   8   9   10   11   12   13   14   15

Key words: socio-economic development, industry, agriculture, construction and social infrastructure.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.128-134

MARKETİNQ
UOT 339.138
Ekoloji kənd təsərrüfatında marketinq və onun səmərəliliyinin yüksəldilməsi istiqamətləri
Balayev Orxan Arif oğlu

Az.ETKTİ və Tİ-nin dissertantı
XÜLASƏ
Ekoloji kənd təsərrüfatında marketinq sisteminin səmərəliliyinin yüksəldilməsi istiqamətlərini müəyyənləşdirmək, marketinq fəaliyyətinin konseptual əsaslarının araşdırılması məqalənin əsas mahiyyətini təşkil edir. Həmçinin milli qida təhlükəsizliyi və ərzağın keyfiyyətinə nəzarətin prinsipləri şərh olunmuşdur.

Açar sözlər: ekoloji kənd təsərrüfatı, marketinq, qida təhlükəsizliyi, bazar, rəqabət.
Müasir dünyamızda ərzaq təhlükəsizliyi üçün xarakterik olan cəhət, dünyada kifayət qədər qidalanmayan insanların sayının azalmadığı halda, keyfiyyət aspektinin ön plana çıxmasıdır. Əlbəttə, əhalinin ərzaqla təminatında kəmiyyət və keyfiyyət aspektlərinin üzvi vəhdəti daim prioritet olmuşdur. Bununla belə, həmin prioriteti heç də həmişə və hər yerdə reallaşdırmaq mümkün olmamışdır. Bir çox hallarda alıcılıq qabiliyyəti aşağı olan əhali təbəqəsinin ərzaq məhsulları ilə təminatında kəmiyyət amilinə üstünlük verilmiş və deməli, keyfiyyət, o cümlədən ekoloji təmizlik aspekti arxa planda qalmışdır. Belə vəziyyət, son onilliklərdə və əsasən də üçüncü dünya ölkələrində müşahidə edilmişdir.

Məsələ ondadır ki, həmin ölkələrdə iqtisadi və sosial problemlərin kəskinləşməsi ekoloji sistemə, onun həyati əhəmiyyətli tələblərinə diqqəti, bir qədər azaltmışdır. Halbuki, “ekoloji sistem- qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən bitki örtüyü (flora), heyvanlar aləmi (fauna), torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava, enerji mənbələrinin vəhdətidir. Ekoloji təhlükə - insan və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə, antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir”. (1, s.16-17)

Ötən əsrin 90-cı illərinin əvvəllərində postsovet məkanında yaranan müstəqil dövlətlərin ərazisində də ekoloji təhlükəli hallar baş vermiş, anoloji situasiya kənd təsərrüfatı marketinqinə də təsirsiz qalmamışdır. Bazar münasibətlərinin formalaşması aqromarketinqin yeni reallığa uyğunlaşması prosesi ilə sinxron surətdə davam etmişdir.

Nəzəri-metodoloji aspektdə həmin uyğunlaşma kifayət qədər əyani görünməsə də bazar reallıqları insanların ərzaq və ümumilikdə kənd təsərrüfatı məhsullarına etimadsızlığını gücləndirmişdir. Geni dəyişdirilmiş məhsulların istehsalının geniş miqyas alması, onların postsovet ölkələri bazarlarına çıxışının qarşısını alma mexanizminin lazımi səmərəliliyinin əldə edilməsi ilə müşayiət olunmamışdır. Kifayət qədər pessimist səslənən bu mülahizə postsovet məkanı ölkələrinin mütəxəssis və tədqiqatçılarının, kifayət qədər ciddi arqumentlərinə əsaslanır.

Kənd təsərrüfatı marketinqində məhsul siyasətinin ekoloji tələblərini nəzərə almaqla əsaslandırılmalı olan prioritetlərdən danışmaqdan əvvəl, məhz ekoloji kənd təsərrüfatının inkişafı prioritetlərinə nəzər salmaq lazımdır. İlk növbədə onu qeyd edək ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı kənd təsərrüfatında ekoloji problemlərin həllini daha da aktuallaşdırır. Ekoloji təmiz ərzaq və digər kənd təsərrüfatı məhsullarının istehsalı və istifadəsi proseslərinin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bu baxımdan "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikası qanununun (13 iyun 2008-ci il) qəbul edilməsi həlledici rol oynamaqdadır. Belə ki, haqqında danışılan qanun ekoloji təmiz, keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına və onların insan sağlamlığı üçün təhlükəsizliyinə yönəlik fəaliyyətin dəstəklənməsini nəzərdə tutur.

Digər vəzifələrlə, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması, təbii ehtiyatlardan səmərəli istifadə olunması, kənd yerlərinin davamlı iqtisadi inkişafı üçün alternativ fəaliyyət növlərinin təklif edilməsi ilə yanaşı, müvafiq hüquqi mühit bazarda ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsini və bu sahədə rəqabətin formalaşdırılmasını təmin etməlidir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın ödənilməsi və rəqabətin formalaşdırılması prioritetlərinin reallaşdırılmasının müxtəlif aspektləri, o cümlədən iqtisadi, hüquqi və sosial aspektlər araşdırılmalıdır. Kənd təsərrüfatı marketinqində ekoloji tələblərin nəzərə alınmasının müvafiq qurumların bazar fəaliyyətinin səmərəliliyinə təsiri hərtərəfli araşdırılmalıdır. Məsələ ondadır ki, ekoloji tələblərin ciddiləşməsi istehsal və xidmətdə əlavə məsrəflərə səbəb olur. Sözügedən məsrəflərdə torpağın münbitliyinin bərpası və su hövzələrinin təmizlənməsi böyük xüsusi çəkiyə malikdir. Ekoloji təmiz kənd təsərrüfatında torpağın münbitliyinin bərpası və su hövzələrinin təmizlənməsinə investisiyaların, əsasən dövlət büdcəsindən maliyyələşdirilməsi, həmin məhsulların qiymətlərinə və ümumiyyətlə marketinqinə spesifik təsiri azalda bilər.

Bu və ya digər obyektin ekoloji durumuna dair müntəzəm müşahidələrin aparılmasını nəzərdə tutan ekoloji monitorinq ətraf mühitdə baş verən dəyişiklikləri izləyir. Görmək çətin deyildir ki, ekoloji monitorinqin əsas obyektləri atomosfer, su, torpaq, flora, fauna və insan sağlamlığıdır.

1974-cü ildə Nayrobi şəhərində (Keniya) keçirilmi beynəlxalq tədbirdə müəyyənləşdirilmiş “Ətraf Mühitin Monitorinqi üzrə Qlobal Sistem” ekoloji monitorinqin əsas vəzifələrini (antropogen təsir mənbələri üzərində müşahidələr aparmaq, antropogen təsir faktorları üzərindəki müşahidələr, antropogen təsir faktorları nəticəsində təbii mühitin və orada gedən proseslərin vəziyyəti üzərində müşahidələr (fiziki, kimyəvi, bioloji) aparmaq, təbii mühitin fiziki durumunu qiymətləndirmək, antropogen faktorların təsiri nəticəsində təbii mühitdə baş verə biləcək dəyişikliklərin proqnozunu vermək və təbii mühitin pronozlaşdırılmış vəziyyətinin qiymətləndirmək); ekoloji monitorinqin üstünlükləri (təbii sistemlərə edilən neqativ təsirin səviyyəsini qiymətləndirməyə imkan verir; neqativ təsirin səbəblərini və onların mənbələrini müəyyənləşdirir; texnoloji proseslərin korreksiyasına imkanlar yaradır), ekoloji monitorinqin obyektlərini (atmosferin aşağı və yuxarı qatlarının monitorinqi); atmosfer yağıntıları (atmosfer yağıntılarının monitorinqi); səth suları, dəniz, yeraltı sular (hidrosferin monitorinqi); kriosfer (iqlim sisteminin tərkib hissələrinin monitorinqi) dəqiqləşdirmişdir. Həmin dəqiqləşdirmələr ekoloji marketinq və onun kənd təsərrüfatında məqbul səmərəliliyinin əldə ediməsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsinə xidmət etməkdədir.

Ərzağın təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyi marketinqin səmərəliyinin şərtləndirən mühüm amilə çevrilmişdir. Ekoloji durumun gərginləşməsi alıcının ərzaq məhsulunun mənşəyinə marağını artıraraq, ərzağın təhlükəsizliyi və ekoloji təhlükəsizlik göstəricilərinin vahid müstəvidə nəzərdən keçirilməsini şərtləndirmişdir. Bu baxımdan Azərbaycan Respublikasında milli qida təhlükəsizliyi və ərzağın keyfiyyətinə nəzarət siyasətinin prinsipləri qismində ilk növbədə (2, s.44) aşağıdakıları qeyd edilməlidir:



  • milli qida təhlükəsizliyi və ona nəzarət siyasəti ərzaq zəncirinin bütün aspektlərini, məhsul dövriyyəsinin bütün mərhələlərini davamlı və qarşılıqlı əlaqəli ardıcıllıqla nəzərə alan inteqrə edimiş yanaşmaya əsaslanmaq;

  • ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün ərzaq emalı və ərzaq biznesi ilə məşğul olanların məsuliyyətini artırmaq;

  • ərzaq biznesi ilə məşğul olanlar tərəfindən həyata keçirilən hər hansı fəaliyyətin iqtisadi-ekoloji meyarlarının üzvi vəhdətini təmin etmək, həmin fəaliyyəti daha çox istehlakçıların sağlamlığının və maraqlarının qorunmasına yönəltmək;

  • qida təhlükəsizliyinin idarə edilməsi zamanı təhlükəli amillərin təsirini neytrallaşdırmaq və onların qarşısını almaq, yaxud onların məqbul səviyyəyə qədər azaldılması üçün həyata keçirilən tədbirlərdə adekvat prinsiplərə əsaslanmaq;

  • qida təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi zamanı üstünlüyü, ilk növbədə nəzarət mahiyyəti daşıyan tədbirlərə deyil, təhlükəli amillərin qarşısını alan tədbirlərə və fəaliyyətlərə vermək və i.a.

Ərzaq və qida təhlükəsizliyi anlayışları arasında oxşarlıq dərəcəsi onların təminatı strategiyasına vahid kontekstdən yanaşmağa imkan verir. Belə ki, “Milli qida təhlükəsizliyinin ümumi məqsədi və vəzifələri, əsas prinsipləri və yanaşmaları, qida təhlükəsizliyi sisteminin başlıca elementləri, o cümlədən ərzaq və yem məhsullarına aid elementlərin səmərəli fəaliyyətinə nail olmaq üçün bütöv ərzaq zənciri boyunca, ilkin istehsaldan başlamış satış da daxil olmaqla istehlakçıya qədər, yaxud ərzaq və yemin son istehlakçıya satışına və təchizatına qədər əsas addımları və prioritetləri müəyyən etmək, habelə qida təhlükəsizliyinə töhfə verə biləcək bitki və heyvan sağlamlığı ilə əlaqəli məsələləri də nəzərə almaqdır”. (2, s.43)

Kənd təsərrüfatına ekoloji tələblərin ciddiləşməsi, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması məsələlərinin aktuallaşdırılması, məhsulların keyfiyyətinin yüksəldilməsinə və onların ekoloji standartlara uyğunluğunun təmin edilməsinə məsrəflərin artması ilə müşayiət olunur. Bu və digər səbəblərdən ətraf mühitin mühafizəsi sahəsində iqtisadi stimullaşdırma məsələləri aktuallaşır.

“Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi stimullaşdırma ekoloji yönümlü subsidiyalar və stimullaşdırıcı tədbirlər vasitəsilə həyata keçirilir. Ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılması qanunvericiliyə zidd olmayan digər tədbirlərin köməyi ilə də həyata keçirilə bilər” (“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 25. Bakı, 8 iyun 1999). Qeyd edək ki, ekoloji yönümlü subsidiyalar, müvafiq tələblərə riayət edən istehsalçılara təqdim olunan müxtəlif güzəştlərlə müşayiət oluna bilər. Eyni zamanda məqsədli ekoloji proqramların yerinə yetirilməsi də, bəzi qeyd- şərtlərlə analoji stimullaşdırıcı effekt verə bilir.

Ekoloji təmiz kənd təsərrüfatı məhsulları bazarında sağlam rəqabət mühitinin formalaşdırılması, haqsız rəqabətə və inhisarçılığa qarşı səmərəli tədbirlərin nəticələrinin hərtərəfli surətdə nəzərə alınması marketinqin inkişafı prioritetləri sırasında aparıcı rola malik olmalıdır.

Sahənin ənənəvi məhsulları ilə müqayisədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının bazar konyunkturuna uyğunlaşması sürəti xeyli aşağıdır. Buna səbəb qiymət və keyfiyyət nisbətində sonuncunun artan önəmidir. Belə ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarına münasibətdə istehlakçı davranışını tənzimləmək imkanları, xüsusilə postsovet mühitində demək olar ki, öyrənilməmişdir. Əgər bazarda qiymət amili aparıcı rol oynayırsa, onda istehlakçı, qiyməti bahalaşdıran hər hansı məsrəflərə tərəfdar olmayacaqdır. Belə vəziyyətdə məhsulun ekoloji parametrlərini yaxşılaşdırmaqla onun keyfiyyətinin yüksəldilməsi üçün çəkilən xərclər də istisna deyildir. Marketinq sitemi alıcının ekoloji təmiz, yəni bir qədər baha başa gələn ərzaq məhsulunu almaqdan imtina edəcəyi ehtimalını nəzərdən qaçırmamalıdır.

Ekoloji kənd təsərrüfatı marketinqində məhsul siyasətinin prioritetlərindən danışarkən, ilk növbədə ekoloji təmiz məhsula münasibətin xarakteri dəqiqləşdirilməlidir. Məlum olduğu kimi, məhsula konkret tələbatın ödənilməsi vasitəsi kimi münasibət onu marketinq kompleksinin əsas elementinə çevirir. Kənd təsərrüfatı marketinqində məhsul siyasətinin reallaşma vasitəsi kimi marketinq strategiyasında da, ekoloji reqlamentlərin nəzərə alınması zəruridir. Hər şeydən əvvəl, ekoloji kənd təsərrüfatı məhsulları bazarının iştirakçısı nəzərə almalıdır ki, ənənəvi kənd təsərrüfatından fərqli olaraq burada istehlakçı maraqları, istisnasız olaraq istehsalçı maraqlarından geri qalmamalıdır. Başqa sözlə, ekoloji kənd təsərrüfatı marketinqi, klassik marketinq konsepsiyasına maksimum yaxınlaşmanı nəzərdə tutmalıdır. Belə ki, sözügedən konsepsiya, müxtəlif mənbələrdə fərqli şəkildə şərh olunduğuna baxmayaraq, bütün hallarda istehlakçı maraqlarının imperativliyinə əsaslanır.

Belə bir fikirlə razılaşmamaq çətindir ki, “ekoloji istehsalın əsasında ekoloji cəhətdən təmiz olan torpaq resursları durmalıdır. Azərbaycanın ekoloji təmiz kənd təsərrüfatı potensialının inkişaf etdirilməsi üçün: - torpaq resurslarının ekoloji monitorinqi aparılmalı, pestisidlər, ağır metallar və digər çirkləndiricilərlə çirkləndirilmiş ərazilərin xəritəsi hazırlanmalı; ekoloji təmiz kənd təsərrüfatı üçün yararlı olan torpaq fondunun inventarizasiyası aparılmalı; ekoloji təmiz kənd təsərrüfatı məhsullarının marketinq potensialı və onların rentabelliyi üzrə əlavə tədqiqatlar aparılmalı; ekoloji məhsul istehsalı ilə məşğul olan fermerlərə dəstək və stimul verilməsi sistemi yaradılmalı və tətbiq edilməli; fermerlərə pestisidlərdən, ənənəvi və bioloji kənd təsərrüfatı metodlarından istifadəyə dair təlimlər keçirilməli; ekoloji təmiz kənd təsərrüfatı məhsullarına dair istehlakçılar arasında məlumatlandırma və həvəsləndirmə fəaliyyəti gücləndirilməlidir”. ( 2, s, 51)

Kənd təsərrüfatı məhsulunun ekoloji təmizliyinin müəyyənləşdirilməsi kompleks araşdırmalar və qiymətləndirmə tələb edir ki, bu da əksər hallarda adi istehlakçıya müyəssər deyildir. Odur ki, istehsalçı məhsulun mənşəyi haqqında informasiyanın yayılmasında, istehsal prosesinin maksimum şəffaflaşdırılmasında maraqlı olmalıdır. Unutmaq olmaz ki, istehlakçını bəyənməfiyi məhsulu almağa təhrik etmək deyil, məhz onun arzusuna uyğun məhsulları münasib keyfiyyət, vaxt və qiymətə təklif etmək perspektivlidir. Həmin perspektivin reallaşdırılması isə iqtisadi və psixoloji amillərin kəsişmə arealının genişləndirilməsini tələb edir. Məsələ ondadır ki, ekoloji kənd təsərrüfatı məhsuluna əlavə məsrəflərin alıcı üzərinə qoyulması, sonuncunun ekoloji böhranın səbəblərini, onun aradan qaldırılmasının və bu işdə konkret istehlakçının iştirakının zəruriliyini dərk etməsi halında mümkündür. Odur ki, ekoloji kənd təsərrüfatı marketinqi geniş maarifləndirmə şəbəkəsinin qurulmasını və burada inandırma informasiyasının üstünlüyünün təmin edilməsini tələb edir.

Ənənəvi marketinq sistemində istehlakçıya yönəlik informasiya axınlarında, insanın hissiyyatına təsir edən elementlər az deyildir. Yəni, məhsul (xidmət) haqqında reklam informasiyası alıcının hissiyyatına təsir etməklə onun davranışının idarə edilməsi imkanlarını, bu və ya digər dərəcədə gerçəkləşdirir.

İstehlakçının ekoloji təmiz kənd təsərrüfatı məhsullarına marağını artırmaq üçün həmin məhsulların keyfiyyət parametrlərini təsdiqləyən etibarlı və şəffaf mexanizm olmalıdır. Həmin mexanizmin mühüm tərkib hissəsi kimi müstəqil və konkret alqı-satqı prosesində marağı olmayan səlahiyyətli qurumlar tərəfindən standartların hazırlanması və tətbiqi xüsusi vurğulanmalıdır. Beynəlxalq təcrübə, bu baxımdan kollektiv səylərin zəruri olduğunu göstərir. Həmin məqsədlə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM) standartlarından istifadə olunması tövsiyə edilir. Bununla belə, sözügedən standartlardan istifadə ekoloji kənd təsərrüfatı məhsulları marketinqi sisteminin formalaşdırılması üçün lazımi şərait yaratmır. Belə ki:

-İFOAM standartlarına əməl olunmasının yoxlanması və ona nəzarət etmək üçün birmənalı qəbul olunan, fəal tətbiq edilən mexanizm yoxdur;

-standartlar məhsulda, o cümlədən kənd təsərrüfatı mənşəli məhsullarda kimyəvi qalıqları müəyyənləşdirməyə imkan vermir və i.a.

Standartlara cavab verməyən kənd təsərrüfatı, xüsusilə ərzaq məhsullarının insan sağlamlığı üçün artan təhlükəsi istehlakçıları, müvafiq tədbirlərin görülməsi istiqamətində səfərbər edə bilər. Bunun üçün, artıq qeyd olunduğu kimi zəruri hazırlıq və maarifləndirmə işləri genişləndirilməli, başlıcası isə istehlakçıların kənd təsərrüfatı məhsullarının ekoloji standartlara uyğunluğunun birmənalı tanınmasına marağı dəstəklənməlidir.

İstehlakçıların öz hüquqlarını qorunması məqsədi ilə təşkilatlanmasının ekoloji aspekti istehsalçıların iqtisadi maraqları ilə ziddiyyət təşkil edir. Bununla belə, həmin maraqlar əks qütblü olmamalıdır. Məsələ ondadır ki, xarici təcrübədən göründüyü kimi, belə olan təqdirdə bəzən istehsalçılar istehlakçılara yönəlik fəaliyyətdə yanaşı, təəssüf ki, onların aldadılması “mexanizminin” təkmilləşdirilməsi ilə də məşğul olurlar.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının marketinqinin formalaşması və inkişafı prioritetlərinə aşağıdakılar aid edilməlidir:

-marketinq strategiyasının hazırlanmasının dolğun informasiya bazası yaradılmalı, burada məhsulların biokimyəvi tərtibi və onun saxlama müddəti təsiri, satış yerlərinə qədər olan məsafə, məhsul növləri üzrə saxlama və daşınmanın optimal parametrləri, məhsulun istehsaldan son istehlakçıya doğru hərəkətinin hər bir mərhələsində məsrəflər və onların strukturu əvəzləyici məhsulların ekoloji təmiz məhsula oxşarlığının xarakteristikası, sertifikatlaşdırma və markalanma barədə məlumatlar öz əksini tapmalıdır;

-ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması, qablaşdırılması və alqı-satqısına nəzarətin mexaniziminin təkmilləşdirilməsi, o cümlədən ekoloji məhsulların istehsalının, qabaqcıl xarici təcrübədə sınaqdan çıxmış qaydalara uyğun təcrid olunması, identifikasiya, limitləşdirmə (müştərək fəaliyyət halında, deyək ki, logistik sistemlərdə), heyvanların yem ərazisində dislokasiyası, müvəqqəti qaydalarının tətbiqi rejiminin qurulması;

-təsərrüfata gətirilən və ya ordan çıxarılan xammal məhsulların (o cümlədən, kənd təsərrüfatı məhsullarının) təbiəti, mənşəyi miqdarına, istisnasız olaraq ünvanlı nəzarət, emaldan keçmiş oxşar məhsullar haqında tam məlumatlandırma təmin edilməsi;

-ekoloji sertifikatlaşdırma üzrə zəmanətlərin verilməsi və geri alınması prosesinin tam detallaşdırılması;

-sahibkarlardan, istisnasız olaraq, onların təsərüfatlarındakı məhsulların tərkibində geni dəyişdirilmiş orqanizimlər və onların törəmələrinin olmaması haqqında bəyanat alınmalı;

-məhsulun ekoloji statusu və ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü, təsərrüfat miqyasında davamlı mühiti hərtərəfli səciyyələndirilməlidir.

Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının maketinq formalaşdırılması və inkişafı prioritetlərinin əsaslandırılması prosesində məhsula yanaşmanın klassik yanaşmanın bütün səviyyələrində, yəni istehsalçının məhsulu almaqla əldə edəcəyi fayda haqqında təsəvvürlər, məhsulun hiss edilən və ehtimal olunan əlamət və xüsusiyyətləri, nəhayət konkret tələbatı ödəməyə yönəlik vasitə kimi məhsulun özü haqqında təsəvvürlər vahid konkretdə qiymətləndirilməlidir. Bu zaman ekoloji təmiz kənd təsərrüfatı məhsulu ilə bazara çıxan sahibkar sınaq marketinqi (məhsulun kiçik partiyalarla məqsədli bazarlara, yaxud onların seqmentlərinə göndərilməsi” (3, s.240) tətbiq edilməli, yeni məhsulun bazara çıxarılmasının “bazara qədərki” və bazar mərhələləri hərtərəfli hazırlanmalıdır.

Ekoloji təmiz kənd təsərrüfarı məhsullarının son istehlakçıya doğru hərəkətində ona göstəriləcək xidmətlər ənənəvi məhsuldan fərqlidir. Ekoloji istehsala və məhsul yeridilməsinə xidmətlərin dəyərini, hər bir halda konkret olaraq qiymətləndirmək lazım gəlir. Bununla belə, onilliklər ərzində ənənəvi ərzaq məhsullarının saxlanma müddətini uzatmaq üçün kimyəvi və digər müdaxilələrə məruz qaldığını nəzərə alsaq, ekoloji təmiz məhsulların saxlanmasına və yeridilmə xərclərinin daha yüksək olacağını söyləmək olar. Belə ehtimalın kifayət qədər yüksək olması, onu ekoloji təmiz kənd təsərrüfarı marketinqində nəzərə alınmasını obyektiv zərurətə çevirir.
ƏDƏBİYYAT
1. Əliyev T. Ekoloji menecment. Bakı, «Çinar-Çap» 2006, 454 s. 2. Abasov İ.D. Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri. Bakı, “Elm və təhsil”, 2011, 640 s. 3. Axundov Ş.Ə. Marketinqin əsasları. Bakı, “Əbilov, Zeynalov və oğulları”,2001, 572 s. 4. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu. www.e-qanun.az

orxanbalayev@gmail.com
Способы повышение рациональности маркетинга в экологического сельского хозяйства.
Балаев Орхан Ариф оглы
РЕЗЮМЕ
Основной суть статьи составляет исследование концептуальной основы маркетинговой деятельности и определение способов повышение рациональности маркетинга в экологическом сельском хозяйстве. Также перечислено политика наблюдение качество и безопасности национальной продовольствия.

Ключевые слова: экологического сельского хозяйство, маркетинг, безопасность продовольствие, рынок, конкуренция.

The rules improving rationality of marketing in ecological agriculture
Balayev Orkhan Arif
SUMMARY
The main point of article is the investigation of conceptual basics of marketing activities and to define directions of impoving rationality of marketing system in ecological agiculture. It was remarked principles of food quality policy and national food security as well.

Key words: ecological agriculture, marketing, food security, market, competition.
Rəyçi:

Şalbuzov N.Ə.

Az.ETKTİ və Tİ – nun şöbə müdiri, i.ü.f.d.

Az.ETKTİ və Tİ, Elmi Əsərləri 2013/4 səh.135-140
ÜMUMİ BÖLMƏ
UOT 633.11
Sələf, səpin norması və qidalanma şəraitinin payızlıq buğda sortlarının iqtisadi səmərəliliyinə təsiri
Əliyev Arif Mövsüm oğlu

Azərbaycan Elmi Tədqiqat

Əkinçilik İnstitutu, dissertant
XÜLASƏ
Məqalədə sələf, səpin norması və qidalanma şəraitinin payızlıq buğda sortlarının iqtisadi səmərəliliyinə təsiri verilmişdir.

Tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, ən yüksək xalis gəlir və rentabellik yonca sələfindən sonra N60P40+15 ton peyin fonunda hektara 3,5 mln. cücərən dən hesabı ilə aparılan səpinlərdə alınmışdır. Bu səpinlərlə payızlıq buğdanın Azəri sortu üzrə xalis gəlir 793,4man, rentabellik isə 164,3%, Əkinçi-84 sortu üzrə isə müvafiq olaraq 835,4 man,173,1% təşkil etmişdir.



Açar sözlər: sort, sələf, taxıl, yonca, payızlıq buğda, səpin norması, qidalanma şəraiti, xalis gəlir, rentabellik.
Dünya əhalisinin 1 milyardan çoxu aclıq içərisində olması aqrar sahədə çalışan dünya alimlərini çox narahat edir. Onlar yeganə və doğru yolu elmi cəhətdən əsaslandırılmış əkinçilik sisteminə düzgün riayət etmək, o cümlədən məhsul vahidinə az əmək sərf etməklə torpağın hər hektarından yüksək miqdarda məhsul alınmasında görürlər. Bunun üçün ən başlıca şərt yüksək məhsuldar sortların tətbiqi ilə yanaşı mütərrəqi becərmə texnalogiyalardan səmərəli istifadə edilməsidir.[1]

Son zamanlar ölkəmizdə fermerlərin taxıl bitkisinin əkilməsinə marağının zəif olması onun iqtisadi cəhətdən bir çox bitkilərə nisbətən aşağı olması ilə izah olunur. Məhz buna görə də müasir dövrdə hazırlanmış becərmə texnologiyaları fermerlərin tələbatını təmin etməklə yanaşı iqtisadi cəhətdən səmərəli olmalıdır.

Fətullayev R.Ü., Məmmədov Z.A. apardıqları tədqiqatlar nəticəsində müəyyən etmişdirlər ki, səpin müddəti və normasını düzgün təyin etməklə payızlıq yumşaq buğda sortlarının məhsuldarlığını və iqtisadi səmərəliliyini yüksəltmək mümkündür. [2]

İstehsalda kənd təsərrüfatı bitkilərinin rentabellik səviyyəsinin aşağı olması onun maya dəyərinin yüksək olması ilə əlaqədardır. Məhz maya dəyərinin yüksək olması bitkilərin məhsuldarlığının aşağı olması ilə yanaşı istehsal xərclərinin yüksək olması ilə sıx bağlıdır.

Bizim apardığımız tədqiqatlarda iqtisadi səmərəliliyi artırmaq üçün sələfin düzgün seçilməsi, o cümlədən qida normasının iqtisadi səmərəliliyini artırmaq, mineral gübrələrin ətraf mühitə mənfi təsirini azaltmaq məqsədi ilə mineral gübrələrin müəyyən hissəsini peyinlə əvəz edilmişdir. Mineral gübrələrin müəyyən hissəsini peyinlə əvəz etdikdə torpaqda əlverişli qida rejimi yaranır. Qida maddələrinin mənimsənilmə əmsalı yüksəlir, məhsuldarlıq artmaqla yanaşı onun keyfiyyəti də yüksəlir.

Məmmədov K.Y. apardığı tədqiqatlar nəticəsində müəyyən etmişdir ki, torpağın münbitliyini bərpa etmək üçün ən əlverişli yol yonca əkinlərindən geniş istifadə etməkdir. Torpaqda bioloji münbitliyi artıran yonca bitkisinin geniş sahələrdə becərilməsi çox əhəmiyyətlidir. Bioloji azot torpağın və eləcədə bitkinin məhsuldarlığını yüksəltməklə yanaşı ekoloji və iqtisadi səmərəlilik baxımından da mühüm əhəmiyyət kəsb edir. [3]

Sələf, səpin norması, qidalanma şəraitindən asılı olaraq payızlıq buğdanın iqtisadi səmərəliliyini hesablamaq üçün bir hektardan alınan üçillik (2009-2011-ci tədqiqat illərində) orta dən məhsulunun bir sentner bazar satış qiymətinə əsasən 20 AZN pula çəvrilərək ümumi gəlir hesablanmış və nəticələr cədvəldə verilmişdir. Alınmış məhsulun ümumi dəyərindən istehsal üçün çəkilən xərcləri çıxmaqla xalis gəlir müəyyən edilmişdir. Maya dəyəri hektara çəkilən xərcləri alınmış məhsulun miqdarına bölməklə, rentabellilik isə xalis gəliri hektara çəkilən xərclərə bölüb 100-ə vurmaqla hesablanmışdır.

Payızlıq buğda sortlarından yüksək və keyfiyyətli məhsul almaq, alınan məhsulun maya dəyərini aşağı salmaq və eləcə də rentabellik faizini yüksəltmək üçün aqrotexniki tədbirlər kompleksində sələf, səpin norması və qidalanma şəraitinin düzgün müəyyən edilməsi olduqca vacibdir.

Məhz onun nəticəsidir ki, apardığımız tədqiqatlarda becərmə şəraitindən asılı olaraq iqtisadi səmərəlilik payızlıq buğda sortlarında dəyişən yüksək dən və kondisiyalı toxum almaq üçün payızlıq buğdanın sələfinin düzgün seçilməsi mühum və vacib məsələlərdən biridir.

Sələfin düzgün seçilməsi sahənin alaqlanma, xəstəlik və zərərvericilərlə sirayətlənmə dərəcəsini azaltmaqla bərabər torpağın su fiziki xassələrini yaxşılaşdırmaqla yüksək məhsulun formalaşdırılması üçün münbit şərait yaradır. Sələf, səpin normaları və qidalanma şəraiti iqtisadi səmərəliliyə ən çox təsir edən amillərdən başlıcasıdır.

Cədvələ diqqət yetirsək məlum olar ki, taxıl sələfindən sonra Azəri sortu üzrə orta hesabla gübrəsiz fonda 3,5mln/ha, səpin normasında məhsuldarlıq 17,7sen/ha məhsulun ümumi dəyəri 354,0 man, hektara çəkilən xərclər 263,0 man, bir sentner dən məhsulunun maya dəyəri 14,8 man, bir hektarda xalis gəlir 91man,rentabellik 34,6%, N90P60+15 ton peyin fonunda isə məhsuldarlıq 39,7 s/ha, məhsulun ümumi dəyəri 794,0 man, bir hektara çəkilən xərc 500,6 man, xalis gəlir 293,4 man, bir sentner məhsulun maya dəyəri isə 12,6 man, rentabellik %-i isə 58,6%, N120P80K40 fonunda isə məhsuldarlıq 38,1s/ha,məhsulun ümumi dəyəri 762,0 man, hektara çəkilən xərclər 484,6 man, bir sentner dən məhsulunun maya dəyəri 12,7 man, hektarda xalis gəlir 278,0 man, rentabellik 57,4% təşkil etmişdir.

Əkinçi-84 sortunda isə həmin amillərin təsiri nəticəsində müvafiq olaraq hektardan alınan məhsuldarlıq 19,7; 41,7 və 39,5 s/ha, məhsulun ümumi dəyəri 394,0; 834,0 və 790,0 man, bir hektara çəkilən xərclər 263,0; 500,6 və 484,6man,xalis gəlir 131,0; 333.4 və 305,4 man, bir sentnerin dən məhsulunun maya dəyəri 13,4; 12,0 və 12,3 man, rentabellik 49,8; 66,6 və 63,0% olmuşdur.

Azəri sortu üzrə səpin norması hektara 4,5 mln. cücərən dən hesabı ilə aparıldıqda bu göstəricilər nisbətən yüksəlmişdir. Belə ki, Azəri sortu üzrə gübrəsiz fonda məhsuldarlıq 21,0s/ha, məhsulun ümumi dəyəri 420,0 man, bir hektara çəkilən xərc 298,0man, xalis gəlir 192,0 man, bir sentner məhsulun maya dəyəri 14,2 man rentabellik 50,5%, N90P60+15 ton peyin fonunda məhsuldarlıq gübrəsiz fonda 44,2s/ha, məhsulun ümumi dəyəri 884,0man hektara çəkilən xərclər 540,0man, bir sentner dən məhsulunun maya dəyəri 12,2 man, hektardan xalis gəlir 344,0 man, rentabellik 63,0%, N120P80K40 fonunda isə hektarda məhsuldarlıq 42,0 s/ha, məhsulun ümumi dəyəri 840,0 man, hektara çəkilən xərclər 520,0 man, bir sentner dən məhsulunun maya dəyəri 12,3 man, hektardan xalis gəlir 320,0 man, rentabellik isə 61,5% təşkil etmişdir.

Əkinçi-84 sortunda müvafiq olaraq bu göstəricilər 23,3; 46,0 və 43,5 məhsulun ümumi dəyəri 466,0; 926,0 və 870,0 man, hektara çəkilən xərc 298,0; 540,0 və 520,0 man, xalis gəlir 168,0; 380,0 və 350,0 man, bir sentner dən məhsulunun maya dəyəri 12,8; 11,7 və 12,0 man, rentabellik isə 56,4; 70,4 və 67,3% olması müəyyən edilmişdir.

Azəri sortu üzrə səpin norması hektara 5,5 mln. ədəd cücərən dənlə aparıldıqda gübrəsiz fonda hektardan məhsuldarlıq 19,1 s/ha, məhsulun ümumi dəyəri 382,0 man., hektarda çəkilən xərclər 320,0 man, xalis gəlir 620,0 man, bir sentner dən məhsulunun maya dəyəri 16,8 man., rentabellik 19,4%, N90P60+15ton peyin fonunda məhsuldarlıq 40,2 s/ha, məhsulun ümumi dəyəri 804,0 man., hektara çəkilən xərclər 570,0 man., xalis gəlir 234,0 man., bir sentner dən məhsulunun maya dəyəri 14,2 man., rentabellik 41,1%, N120P80K40 fonunda hektardan məhsuldarlıq 38,4 s/ha, məhsulun ümumi dəyəri 768,0 man. hektara çəkilən xərclər 555 man, xalis gəlir 213 man, bir sentner dən məhsulunun maya dəyəri 14,5 man, rentabellik isə 384% təşkil etmişdir.

Əkinçi-84 sortunda isə eyni sələf, səpin normaları və qidalanma şəraitində müvafiq olaraq məhsuldarlıq 21,4;42,6 və 41,0 s/ha məhsulunun ümumi dəyəri 428,0; 852 və 820 man., hektara çəkilən xərclər 320,0; 570,0 və 555,0 man., xalis gəlir 108,0; 282,0 və 265 man., bir sentner dən məhsulunun maya dəyəri 15,0; 13,4 və 13,5 man., rentabellik 33,8; 49,5 və 47,7% müəyyən edilmişdir.

Yonca sələfindən sonra Azəri sortu üzrə orta hesabla gübrəsiz fonda 2,5 mln/ha səpin normasında hektardan məhsuldarlıq 35,9 s/ha, məhsulun ümumi dəyəri 718,0 man., hektara çəkilən xərclər 298,0 man., bir sentner dən məhsulunun maya dəyəri 8,3man., hektardan xalis gəlir 420man,rentabellik 141%,N60P40+15 ton peyin fonunda isə hektardan məhsuldarlıq 60,0 s/ha, məhsulun ümumi dəyəri 1200 man, bir hektara çəkilən xərc 465,0 man,bir sentner dən məhsulunun maya dəyəri 7,8 man., xalis gəlir 735 man., rentabellik isə 158,1%,N90P60K40 fonunda hektardan alınan məhsuldarlıq 60,0s/ha,məhsulun ümumi dəyəri 116,0 man., bir hektara çəkilən xərc 455,0 man., 1 sentner dən məhsulunun maya dəyəri 7,9 man., xalis gəlir 705,0 man., rentabellik 155,0%-dir.

Əkinçi-84 sortunda isə eyni amillərin təsiri nəticəsində müvafiq olaraq, hektardan alınan məhsuldarlıq 37,1; 61,5 və 59,4s/ha,məhsulun ümumi dəyəri 742,0; 1230,0 və 1188,0 man, bir hektara çəkilən xərc 298,0; 465,0 və 455,0 man, xalis gəlir 444,0; 765,0 və 725,0 man, bir sentner dən məhsulunun maya dəyəri 8,0; 7,6 və 7,7 man, rentabellik 149,0; 164,5 və 163,0% olmuşdur.

Azəri sortu üzrə səpin norması hektara 3,5 mln. cücərən dən hesabı ilə aparıldıqda bu göstəricilər yüksəlmişdir.

Gübrəsiz fonda məhsuldarlıq hektardan 39,3s/ha,məhsulun ümumi dəyəri 786,0 man, bir hektara çəkilən xərc 315,6 man, xalis gəlir 470,4 man., 1 sentner dən məhsulunun maya dəyəri 8,0 man, rentabellik 149,0%,N60P40+15 ton peyin fonunda bir hektardan alınan məhsul 63,8s/ha,məhsulun ümumi dəyəri 1276,0 man, bir hektara çəkilən xərc 482,6 man, xalis gəlir 793,4 man,1 sentner dən məhsulunun maya dəyəri 7,6 man,rentabellik164,3%, N90P60K40 fonunda hektardan alınan məhsuldarlıq 59,5s/ha, məhsulun ümumi dəyəri 1190,0 man, hektara çəkilən xərc 467,0 man, xalis gəlir 725,4 man,1 sentner dən məhsulunun maya dəyəri 7,9 man, rentabellik isə 154,8% təşkil edir.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin