İ. A. Axundov



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix25.12.2016
ölçüsü1,1 Mb.
#3148
1   2   3   4   5   6   7   8   9   ...   17
 

 

 

 

 

 


 



I FƏSİL 



 

ORTA ƏSRLƏRDƏ FƏALİYYƏT GÖSTƏRMİŞ 

AZƏRBAYCAN ALİMLƏRİNİN ƏSƏRLƏRİNDƏ 

TİBBİN TARİX VƏ FƏLSƏFƏ İLƏ ƏLAQƏSİ 

 

 

İlk  elm  və  mədəniyyət  ocaqları  Qədim  Şərqdə  yaranmışdır. 

Bu ölkələr arasında Qədim Misir, Çin, Hindistan ilə bərabər Yaxın 

və Orta Şərqdə, xüsusilə Azərbaycanda inkişaf etməkdə olan və çox 

az öyrənilmiş Atəşpərəstlərin mədəniyyətini də göstərmək lazımdır. 

Onların  müqəddəs  kitabı  olan  “Avesta”  (Avestanın  tərkib  hissələri 

e.ə  1-ci  minilliyin  1-ci  yarısında  formalaşmağa  başlamışdır)  antik 

dövrdə  Yunanıstanda  elmin  müxtəlif  sahələrinin,  xüsusilə  tibbin 

inkişafında böyük rol oynamışdır. Avestanın elmi nailiyyətləri hələ 

ki, çox az öyrənilmişdir. Ona görə də bu kitab uzun illər alimlərin 

tədqiqat materialı olacaqdır. 

Avestanın təsiri altında Qədim Yunanıstanda müxtəlif elmlər 

və  xüsusilə  də  tibb  elmi  sahəsində  ki,  uğurların  əldə  edilməsi  haq-

qında məlumatlar vardır.  IV və  V əsrlərdə  Yunanıstanda akademi-

yalar  bağlandıqdan  sonra  orada  çalışan  alimlərin  əksəri  Orta  Şərq 

ölkələrinə, o cümlədən Azərbaycana üz tutmuş və bu ölkələrdə elm 

və mədəniyyətin inkişafı uğrunda çalışmağa başlamışlar. Şərq alim-

ləri özləri də bu sahədə  fəal  iştirak etmiş  və  elmin  inkişafına  yeni-

liklər gətirmişlər. 

VII-VIII əsrlərdən başlayaraq Orta və Yaxın Şərq ölkələrində 

İslam  mədəniyyəti  geniş  yayılmağa  başlamışdı.  Bu  təsir  Azərbay-

canda  iki  tərəfli  olmuşdur.  Bir  tərəfdən  İslam  mədəniyyətinin  dahi 

klassikləri  Zəkəriyya  Ər-Razi,  İbn  Sina,  İsmayıl  Cürcani  (1340-

1413) və onların tələbələri Azərbaycanda tibbin inkişafına yaxından 

kömək  etmişlər.  Digər  tərəfdən  isə  o  dövrün  məşhur  Azərbaycan 

həkim  və  alimləri  də  öz  növbəsində  İslam  elm  və  mədəniyyətinin 

inkişafının yaxından iştirakçıları olmuşlar. Onların adları və əsərləri 



 

o dövrdə İslam Akademiyalarında mütəxəssislərə yaxşı bəlli idi. Elə 



yalnız bunu qeyd etmək kifayət  edər ki, dahi  İbn Sinanın ən  yaxşı 

tələbələrindən  biri  azərbaycanlı  Əbülhəsən  Bəhmənyar  Mərzban 

oğlu Azərbaycanlı (əl-Azərbaycani, 993-1066) olmuşdur. Ərəb mə-

dəniyyətinin təsiri o dərəcəyə çatmışdır ki, hətta o vaxt azərbaycanlı 

alim və həkimlərin ad və soyadları da ərəbcə yazılmışdır. Məsələn, 

İsa əl-Rahi, Kafiyyəddin Ömər İbn Osman (1080-1145/1150), Əbu 

Mənsur  və  b.  Bu  alimlər  Azərbaycan  ərazisindən  kənarda  da  əhali 

arasında  çox məşhur idilər. Dahi  Azərbaycan həkimi  Mahmud  İbn 

İlyas  əl-Şirazi  (12..-1330)  ömrünün  müəyyən  müddətini  Şiraz 

şəhərində  keçirmiş,  orada  böyük  bir  xəstəxana  yaratmış  və  ona 

başçılıq  etmişdir.  Bu  həkim  şəhərin  əhalisinin  rəğbətini  o  qədər 

qazanır ki, onun adının axırına “Şirazi” sözünü əlavə edirlər. 

Əfsuslar olsun ki, təbii fəlakətlər, düşmən basqınları və s. nə-

ticəsində o zaman ki, Azərbaycan alimlərinin bir çox əsərləri ya it-

miş,  ya da müxtəlif kitabxanalarda və  ayrı-ayrı  şəxslərin evlərində 

saxlanılmışdır. 

Azərbaycanlı orta  əsr həkimlərinin  bəzi  əsərlərinin  Sankt-Pe-

terburqda,  Tiflisdə,  Aşqabadda  və  başqa  şəhərlərdə  saxlanılması 

haqqında da məlumatlar vardır. 

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  M.  Füzuli  adına 

Əlyazmalar İnstitutunda orta əsrlərdə yaşayıb yaratmış azərbaycanlı 

alim  və  həkimlərinin  otuza  yaxın  əlyazmalarında  müasir  tibb  üçün 

böyük  əhəmiyyəti  olan  bir  sıra  məsələləri  tədqiqata  cəlb  etdik.  Bu 

işin böyük  əhəmiyyəti ondadır ki, orta əsrlərdə fəaliyyət  göstərmiş 

Azərbaycan  alimləri  öz  əsərlərini  türk,  fars,  ərəb  və  başqa  dillərdə 

əski əlifba  ilə yazdıqlarından bu əsərləri geniş kütlə istifadə edə bil-

mirdi. 

Orta  əsrlər  məfhumu  olduqca  geniş  olub  erkən,  klassik  və 

gecikmiş dövrlərə bölünür. Erkən VI-XI, klassik XII-XIV, gecikmiş 

XV-XVII  əsrləri  əhatə  edir.  Lakin  bu  bölümü  şərti  hesab  etmək 

lazımdır. 

Erkən orta əsrlərdə  Azərbaycanda tibbin  inkişafı Avesta, Qə-

dim Yunan və İslam elm və mədəniyyətinin təsiri altında olmuşdur. 



 

Bu dövrdə yaşayan alimlər sırasında dahi İbn Sinanın tələbəsi olan 



Əbülhəsən Bəhmənyarı göstərmək olar. 

Rəvayətə görə İbn Sinanın Bəhmənyar ilə tanışlığı təsadüfi ol-

muşdur. İbn Sina cavan və sağlam dəmirçi Bəhmənyarın dükanının 

qarşısından  keçərkən,  onun  xarici  görünüşü  diqqəti  cəlb  etmiş  və 

dükana daxil olmuş, zarafat ilə əlini uzadaraq “o köz odlardan birini 

mənim ovcuma qoy” demişdir. Bəhmənyar isə onun ovcunun içəri-

sinə əvvəlcə bir qədər kül qoyur, sonra onun üzərinə odu yerləşdirir. 

Bu cəldlik və hərəkət  İbn Sinanın çox xoşuna gəlir. Bəhmənyar ilə 

daha yaxından tanış olduqdan sonra onun dərin, mənalı bir insan ol-

duğunu görür və onu tələbələrinin sırasına daxil edir. 

Beləliklə, Bəhmənyar ən gənc tələbələrdən biri kimi onun ya-

nında  fəaliyyət  göstərir.  Bəhmənyar  öz  əsərlərində  real  varlıqdan 

danışmış, sağlam və xəstə orqanizmdə ruh ilə cismin vəhdətinə bö-

yük yer vermişdir. Ruhun bəzi məsələləri haqqında Aristotelin (e. ə. 

384-322) bir çox fikirləri ilə razı olmadığını bildirmişdir. Bəhmən-

yar hətta özünün müəllimi İbn Sina ilə də hər zaman elmi mübahisə-

də olmuş və onun bəzi fikirlərini tənqid etmişdir. Onun fəlsəfəsinin 

tibb ilə əlaqəsi haqqında olan fikirləri alimlərin diqqətini özünə cəlb 

etmişdir. Bəhmənyar, İbn Sina və ondan sonrakı həkim və filosoflar 

kimi daima materiyanın bioloji hərəkət formasının xüsusiyyətlərini 

öyrənmiş, onun tibb üçün çox mühüm olmasını göstərmişdir. 

Erkən orta əsrlərdə məşhur Azərbaycan həkimlərindən biri də 

X əsrdə yaşayıb-yaratmış Əbu Mənsur Hərəvidir. Onun dərman bit-

kiləri haqqındakı əsəri diqqətə layiqdir. Bu əsər X əsrdə tərtib edil-

miş və sonra XI əsrin ortalarına qədər tələbələri tərəfindən təkmil-

ləşdirilmişdir.  Bu  kitabda  500-dən  çox  dərman  bitkisinin,  100-ə 

yaxın  mineral  maddənin  və  bəzi  üzvü  preparatların  adları  qeyd 

olunmuşdur. Onların təsirlərinin öyrənilməsinə böyük yer verilmiş-

dir. Dərmanın xəstəyə təyin edilməsi zamanı xəstənin yaşının, fərdi 

xüsusiyyətlərinin  və  hətta  dərman  bitkilərinin  əkildiyi  yerlərin  və 

dərman qəbul edilən zaman ilin fəsillərinin nəzərə alınması göstəril-

mişdir.  Bu  alimin  fikrincə,  canlılarda  olduğu  kimi  dərmanların  da 

təbiəti müxtəlif ola bilər. O, isti və soyuq təbiətli dərmanların adını 



 

qeyd etmiş və soyuq təbiətli insanlara daxili hərarəti artıra bilən dər-



manların  qəbulunu  məsləhət  görmüşdür.  Daxilə  və  xaricə  qəbul 

edilən  dərmanların  müxtəlif  üsullar  vasitəsilə  işlədilməsini  göstər-

mişdir.  Məsələn,  sürtmək,  yaxmaq  və  ya  buxarlandırma  yolu  ilə 

dərmanı qəbul etmə və s. 

O, əsərlərində qan dövranı xəstəliklərinə böyük yer verirdi, la-

zım  gəldikdə  qan  buraxmağı  və  ya  bu  məqsəd  üçün  zəlilərdən  də 

istifadə etməyi məsləhət görürdü. 

Erkən orta əsrlərdə fəaliyyət göstərmiş azərbaycanlı həkim və 

alimlər  sırasında  İsa  əl-Rahi  xüsusi  yer  tutur.  Bu  alimin  bizə  gəlib 

çatan əsas əsərlərindən “Tibb” adlı qısa, lakin qiymətli kitabını gös-

tərmək  lazımdır.  İsa  əl-Rahi  bir  sıra  Yaxın  və  Orta  Şərq  ölkələrini 

gəzib,  orada  fəaliyyət  göstərən  həkimlərin  təcrübəsi  və  əsərləri  ilə 

yaxından tanış olmuş, onların bəzisini tərcümə edib, həmin kitablar 

haqqında  qiymətli  şərhlər,  xülasələr  yazmışdır.  Şərq  dillərini  yaxşı 

bilməsi, bu işdə ona yaxından kömək etmişdir. Bir çox ölkələrə elmi 

səyahətlər etməsi əl-Rahinin fəlsəfi və tibbi fikirlərinin formalaşma-

sında böyük rol oynamışdır. Əl-Rahinin əsas uzaqgörənliyi onda idi 

ki, o, müasir tibbdə geniş müzakirə olunan bioloji və ictimai amil-

lərin  əlaqəsini  hələ  o  zaman  dərindən  öyrənmiş,  insan  patologiya-

sında ictimai amillərin roluna üstünlük vermişdir.  

İsa əl-Rahinin əsərlərində müasir tibbi maraqlandıran sağlam-

lıq, xəstəlik və sağalma haqqında bir sıra orijinal fikirlər vardır. O, 

sağlamlığın qoruyub saxlanmasında, orqanizmin müxtəlif sistemləri 

arasındakı harmoniyaya böyük əhəmiyyət verirdi və hesab edirdi ki, 

bunun  pozulması  xəstəlik  yaradar.  Elə  buna  əsasən  də  sağalmanın 

əsas səbəbini pozulmuş harmoniyanın bərpasında görürdü. 

Hələ  X  əsrdə  İsa  əl-Rahi  fizioloji  və  patoloji  hallarda  orqa-

nizmə vahid  bir sistem kimi  baxırdı  və  qeyd edirdi  ki,  bədənin  hər 

bir  nahiyəsində  baş  verən  dəyişikliklər  mütləq  bütöv  orqanizm  sə-

viyyəsində özünü göstərməlidir. Xəstəliklərin əmələ gəlməsində və 

sağalmada  insanın  təbiətinin  və  sağlamlığının  rolunu  yüksək 

qiymətləndirirdi.  Vərdişi  insanın  ikinci  təbiəti  hesab  edirdi.  Zərərli 

vərdişləri isə lazımsız bilirdi. Əl-Rahiyə görə insan həmişə çalışma-



 

lıdır  ki,  həyatda  orta  vəziyyət  tutub,  ifratdan  kənar  olsun,  xüsusilə 



cinsi əlaqədə ifratın bədən və ağıl üçün zərərli olmasını ətraflı şəkil-

də sübut edirdi. Sağlamlığın əsas şərtlərini isə düzgün qidalanmaq-

da,  istirahət  və  əmək  rejimini  gözləməkdə,  fəal  həyat  tərzi  keçir-

məkdə, əxlaq pozğunluqları ilə mübarizə aparmaqda və s. görürdü. 

İsa  əl-Rahinin  əsərlərində  göstərilir  ki,  insan  xəstəlikdən  öz 

qüvvələri hesabına sağalır. Həkim isə bu işdə ona kömək edir. Digər 

alimlərin əsərlərində olduğu kimi onun da kitabında daxili qüvvələr 

haqqında  çoxlu  məlumatlar  var.  Hal-hazırda  biologiya  və  tibbdə 

öyrənilən  “Adaptasiya  enerjisi”  ilə  daxili  qüvvələr  arasındakı  əla-

qəni öyrənmək çox vacib məsələlərdən biridir. 

İsa əl-Rahi onun dövründə məlum olan xəstəliklərin təsnifatı-

na  yeni  qruplar  əlavə  etməklə  onu  daha  da  təkmilləşdirmişdir.  Bu 

yeni  qruplara  travmalar,  psixi  xəstəliklər,  irinli  dəri  xəstəlikləri, 

ayrı-ayrı sistemlərin və orqanların xəstəlikləri aid edilirdi. O, xəstə-

liklərin  müalicəsində  hər  şeydən  əvvəl  adət-  ənənələri  gözləməyə 

böyük  yer  verirdi.  Ümumiyyətlə,  müalicədə  fitoterapiyadan  geniş 

istifadə  edirdi,  orqanizmin  müqavimətini  artıra  bilən  dərmanlara 

daha  çox  əhəmiyyət  verirdi.  İsa  əl-Rahi  Qədim  Yunanıstanın  gör-

kəmli həkimlərinin əsərləri ilə də  yaxından tanış idi. Onlara istinad 

edərək, bir çoxuna tənqidi yanaşırdı. İsa əl-Rahinin adı Şərq akade-

miyalarında çalışan alimlərin əsərlərində qeyd olunmuşdur. 

Klassik  orta  əsrlər  dövründə  Azərbaycanın  elm  və  mədəniy-

yəti, xüsusilə də tibb başqa ölkələrin təsirindən azad olmağa başla-

yır. Elə ona görə də o dövrdə yaşayan alimlər geniş və dərin biliyə 

malik  olub,  elmin  bir  çox  sahələri  və  xüsusilə  tibb  sahəsində  dün-

yəvi  əhəmiyyətə  malik  olan  nailiyyətlər  əldə  edirdilər.  Bu  alimlər 

sırasında Kafiyyəddin Ömər İbn Osmanı göstərmək olar. Təəssüflər 

olsun  ki,  bu  alimin  bizə  gəlib  çatan  konkret  bir  elmi  əsəri  yoxdur. 

Onun fəlsəfi fikirləri və həkimlik fəaliyyəti haqqında olan məlumat-

ları əsas etibarı ilə qardaşı oğlu böyük Azərbaycan şairi Əfzələddin 

İbrahim Əli oğlu Xaqani Şirvani (1120-1199) və o dövrün məşhur 

həkimlərindən biri olan qardaşı Vaxtəddin İbn Osmanın və həm də 

o  zamanlar  yaşayıb-yaratmış  alimlərdən  Əbülhəsən  Ərbəbilinin, 



 

10 


Seyid Bardanın, Əhməd İbn Süleymanın, Həkim Təbrizinin əsərlə-

rinə əsaslanırdı. Kafiyyəddin Ömər İbn Osmanın da əsərləri o döv-

rün bir sıra azərbaycanlı alimləri kimi təbii fəlakətlərə və yadellilə-

rin hücumlarına məruz qalmışdır. Lakin geniş xalq kütləsi arasında 

Ömər İbn Osmanın əsli, nəcabəti, yaşadığı yer, onun özünün və qar-

daşının  həkimlik  fəaliyyəti  haqqında  olan  rəvayətlər  bizim  dövrə 

qədər gəlib çıxmışdır. Bu rəvayətlərə görə Şamaxının Məlhəm kən-

dində  çox  qədim  zamanlarda  olduqca  bilikli  bir  həkim  yaşayırmış. 

Onun  hazırladığı  məlhəmlər  uzaq  yerlərdən  gələn  xəstə  insanları 

tezliklə  və  tamamilə  müalicə  edirmiş.  Hətta  bu  məlhəmlər  hələ  o 

zaman  geniş  miqyasda  xaricə  satılmaq  üçün  də  göndərilirdi,  belə 

hesab  edilir  ki,  Şamaxının  yaxınlığında  olan  Məlhəm  kəndi  həmin 

həkimin  məlhəmlərinin  adı  ilə  adlandırılıb.  O,  günəşin  şüalarının 

məlhəmlərin  müalicəvi  effektini  artıra  bilməsinə  böyük  əhəmiyyət 

verirdi. Rəvayətə görə bu alim dünyasını dəyişdikdən sonra onu ya-

şadığı  yerin  yaxınlığında  olan  günəşli  bir  təpədə  dəfn  ediblər.  Hə-

min təpənin adı hələ indiyə qədər xalq arasında “Dədə Günəş” adla-

nır. Dədə Günəş sonralar ziyarətgaha çevrilmişdir. 

Məlhəm  kəndinin  yaxınlığında  Ömər  İbn  Osman  böyük  bir 

tibb  məktəbi  yaratmışdır  ki,  orada  həm  gənc  həkimlər  hazırlanırdı, 

həm də həkimlər öz biliklərini təkmilləşdirirdilər. Bu tibb məktəbi-

nin nəzdində xüsusi klinikalar, dərmanxanalar və laboratoriyalar var 

idi. Bu laboratoriyalarda xəstələrin müayinəsi ilə məşğul olurdular. 

Tibbin  nəzəri  fənlərindən  anatomiya,  fiziologiya,  patologiya  və  gi-

giyenaya  xüsusi  yer  verilirdi.  Tibb  məktəbinin  nəzdində  olan  dər-

manxanalarda  müxtəlif  xəstəliklərin  müalicəsində  işlədilən  məl-

həmlər  ilə  bərabər  həblər,  tozlar,  plastrlar,  dəmləmələr,  şərbətlər, 

məcunlar da hazırlanırdı. Tibb məktəbinin yaxınlığında dərman bit-

kilərini becərmək üçün xüsusi sahələr də ayrılmışdı. 

Ömər  İbn  Osmanın  mahir  həkim  olması  ilə  bərabər,  həm  də 

onun  böyük  filosof,  məşhur  riyaziyyatçı,  münəccim  və  kimyaçı 

olmasını da qeyd etmək lazımdır. 

Klassik orta əsrlərdə fəaliyyət göstərmiş görkəmli Azərbaycan 

filosof və həkimlərindən biri də Möhzabəddin Təbrizi idi. Təsadüfi 




 

11 


deyil ki, həmin dövr də yaşayan dahi Azərbaycan şairi Nizami Gən-

cəvi  (1141-1209)  onu Azərbaycanın  Razisi və  İbn Sinası kimi qiy-

mətləndirmişdir.  Möhzabəddin  yunan  filosof  və  həkimlərinin  əsər-

ləri  ilə  yaxından  tanış  idi.  Lakin  o,  ən  çox  İbn  Sinanın  fikirlərinin 

təsiri  altında  olmuşdur.  M.  Təbrizi  hələ  o  zaman  ruhun  bədəndən 

ayrı  olması  fikrini  tənqid  edərək,  insanın  psixi  fəaliyyətində  həm 

fiziologiya, həm də patologiyaya böyük yer vermişdi. O, orqanizmə 

vahid  bir  sistem  kimi  baxmış  və  bütün  orqanların  məqsədə  uyğun 

şəkildə, bir-biri ilə sıx əlaqədə fəaliyyət göstərməsini qeyd etmişdir. 

O,  həmişə  struktur  və  funksional  dəyişiklikləri  vəhdətə  görürdü. 

Sağlamlığın qorunub saxlanması və xəstəliklərin tez sağalması üçün 

lazım  olan  maddələrin  orqanizmdən  sorulmasına  və  zərərli  mad-

dələrin vaxtında xaric edilməsinə böyük əhəmiyyət verirdi. 

Maraqlıdır ki, hələ o zaman Möhzabəddin xəstənin xarici gö-

rünüşünü, dərisinin rəngini və bədən hərarətini təyin etməklə bəra-

bər, ağrı, atrofiya və s. olmasına fikir verirdi, dərinin yaş və quru ol-

masını  yoxlayırdı.  Xəstənin  ifrazatını  vizual  müayinə  edirdi,  onun 

hissini, hərəkətini və psixi fəaliyyətlərini yoxlayırdı. 

Möhzabəddin  Təbrizi  hesab  edirdi  ki,  xəstəliyi  yaxşı  öyrən-

mək  üçün  hər  şeydən  əvvəl  sağlamlıq  anlayışını  dərindən  və  mü-

kəmməl bilmək lazımdır. Hələ o zaman M. Təbrizi də İbn Sina kimi 

sağlamlığın  da  müəyyən  dərəcələrinin  olmasını  qeyd  edirdi,  onun 

yaş xüsusiyyətlərindən və insanın yaşadığı ətraf mühitdən xeyli asılı 

olmasını göstərirdi. Sağlamlığın qorunması və xəstəliklərin baş ver-

məsində maddələr mübadiləsinə böyük yer verirdi. O, öz əsərlərində 

xəstəliklərin səbəbinin axtarılmasını əsas şərt sayırdı. Patogen amil-

lərin sırasında termiki, mexaniki, kimyəvi,  psixi və  s. amillərlə  bə-

rabər  gözə  görünməyəm  amillərin  də  olmasını  hələ  o  zaman  qeyd 

etmişdir.  Xəstəliklərdən  qorunmaq  və  sağalma  prosesinin  sürətlən-

məsi  üçün  o,  ilk  növbədə  xəstəlikləri  törədən  zərərverici  amillərin 

aradan  qaldırılmasına  böyük  əhəmiyyət  verirdi.  Yaşayış  mühitinin 

və  kurort  amillərinin  əhəmiyyətini  nəzərə  alıb,  havanın  təmizlən-

məsi üçün ağacların əkilməsini tövsiyə edirdi. 



 

12 


Möhzabəddin  Təbrizinin  “Tibb-ül  camali”  və  “Əl  Muxtar” 

əsərləri  bizə  gəlib  çatmışdır.  “Tibb-ül  camali”  kitabı  Azərbaycan 

Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda, “Əl Muxtar” 

kitabı isə Təbriz kitabxanasının əlyazmalar fondunda saxlanılır. 

Möhzabəddin  Təbrizi  geniş  dünya  görüşə  malik  olan  həkim 

və  alim  idi.  Onun  qədim  yunan  fəlsəfəsi  və  tibb  ilə  dərindən  tanış 

olması  və  onlara  tənqidi  yanaşması,  həm  də  tibb  sahəsində  mahir 

təşkilatçı  kimi  fəaliyyət  göstərməsi,  o  dövr  ki,  Təbriz  Akademiya-

sında bu alimin hörmətli şəxsiyyət kimi qiymətləndirilməsinə səbəb 

olmuşdur. 

Klassik  orta  əsrlərdə  tibbin  nəzəriyyəsi  və  praktikası  üçün 

böyük  xidmətlər  göstərmiş  dahi  Azərbaycan  həkim  və  alimlərindən 

biri də Mahmud İbn İlyas idi. O, ilk dəfə olaraq öz əsərlərində aydın 

şəkildə  tibbin  nəzəri  və  praktik  hissələrdən  ibarət  olduğunu  qeyd 

etmiş və  onların bir-biri ilə sıx əlaqəsini göstərmişdir. Bizə gəlib çat-

mış  və yeddi fəsildən ibarət olan “Müxtəsəre tibb” kitabının bir hiss-

əsi  tibbin  nəzəri  məsələlərinə  həsr  edilmişdir.  Bu  hissədə  tibbin  bir 

sıra fəlsəfi məsələləri, tibbi hadisələrin mahiyyəti, xəstəliklərin əmələ 

gəlmə  səbəbləri,  sağlamlığın  (xüsusilə  yaşlı  şəxslərdə)  qorunması, 

xəstəliklərin  gedişinə  təsir  edən  amillər  və  s.  haqqında  geniş  məlu-

matlar  verilir.  O,  ağır  xəstəliklərin  gedişində  böhranların  dərindən 

öyrənilməsinə daha  çox fikir verirdi. Daxili mühitin tamlığının sax-

lanılmasının sağlamlıq üçün əsas şərtlərdən biri olmasını qeyd edirdi. 

Mahmud İbn İlyas bir çox əsərlərində xəstəliklərin gedişi za-

manı kəmiyyətin keyfiyyətə keçməsini, orqanizmin özünün müdafiə 

qüvvələrinin sağalmaqda rolunu və s. dərindən öyrənmiş və müalicə 

zamanı diaqnoz ilə bərabər proqnoza da böyük yer vermişdi. Mah-

mud İbn İlyas qan dövranı xəstəliklərini daha dərindən öyrənmiş və 

ürəkdə  gedən  ritm  pozğunluqlarının  səbəbini  təkcə  ürəkdə  deyil, 

ürəkdən  kənarda  yerləşən  amillərdə  də  görmüşdü.  O,  nəbz  vurğu-

larının  müxtəlif  növlərindən  xəstəliyin  diaqnoz  və  proqnozunun 

təyinində istifadə etmişdir. 

Mahmud İbn İlyas “Müxtəsəre tibb” kitabının ikinci hissəsin-

də  tibbin  praktik  məsələlərinə  dair  geniş  məlumat  vardır.  Burada 




 

13 


xüsusilə  sadə,  mürəkkəb  və  qarışıq  dərmanlar  haqqında  cədvəllər 

üzrə məlumatlar verilmişdir. 

Onun “Kitabe tibb” kitabının birinci hissəsində bədəndə olan 

qüvvələr və onların sağalmada roluna geniş yer verilir. 

Mahmud  İbn  İlyas  görkəmli həkim olmaqla bərabər, həm  də 

yaxşı əczaçı və dərmanşünas idi. Onun əsərlərində fəsillər üzrə ge-

niş işlədilən dərman formaları və onların təsiri haqqında məlumatlar 

verilmişdir.  Dərmanların  təsirinin  öyrənilməsində  eksperimentlər-

dən də istifadə etməsi haqqında məlumat vardır. 

Elə bu nailiyyətlərə görə də, Mahmud İbn İlyasın 10-dan çox 

tibbə aid əsəri XVIII əsrə qədər Yaxın və Orta Şərqdə tibb sahəsin-

də  olan  əsas  dərsliklərdən  biri  sayılırdı.  Onun  şöhrəti  o  zaman  ki, 

Bağdad və digər İslam akademiyalarında da məşhur idi. 

Mahmud  İbn  İlyasın  o  dövrdəki  xəstəxanaların  tibbi  tələbat-

lara uyğun tikilməsində böyük rolu var idi. Onun müxtəlif şəhərlər-

də  təşkil  etdiyi  müalicə  idarələri,  İbn  Sinanın  dövründə  təşkil  olu-

nan müalicəxanalardan fərqlənirdi. 

Görkəmli  Azərbaycan tarixçisi və həkimi  Rəşidəddin  Fəzlul-

lah (1247-1317) Mahmud İbn İlyasın tikdirdiyi xəstəxanaların layi-

hələrini  bəyənmiş  və  XIII  əsrin  axırları,  XIV  əsrin  əvvəllərində 

Təbriz  şəhərində  həmin  layihələr  üzrə  bir  çox  xəstəxanalar  (darül 

şəfalar)  tikdirmişdir.  Bunların  nəzdində  tibbi  kadrlar  hazırlamaq 

üçün məktəblər də var idi. Bu tibbi məktəblərdə bir çox ölkələrdən 

gəlmiş mütəxəssislər fəaliyyət göstərirdilər. Bəzi tarixi məlumatlara 

görə  həmin  tibbi  akademiyalarda  6000-dən  çox  Hindistan,  Çin  və 

Ərəb  ölkələrindən  gəlmiş  alimlər  çalışırdılar.  Şəhərdə  bunlar  üçün 

alimlər evi, elmi müəssisələr, alimlər küçəsi və s. təşkil olunmuşdur 

ki,  bunların  hamısı  Rübe  Rəşidi  (Rəşid  dördbucağı)  daxilində  yer-

ləşirdi. Onun xərabələri hələ indi də Təbrizin kənarında Qüllə adla-

nan sahədə qalır. 

Klassik  orta  əsrlərdə  yaşayıb-yaratmış,  tibbin  inkişafına  kö-

mək  etmiş  dahi  Azərbaycan  alimlərindən  biri,  münəccimi  və  riya-

ziyyatçısı Xacə Nəsirəddin  Əbu Cəfər Məhəmməd ibn  Məhəmməd 

ibn  Həsən  Tusinin  (18.02.1201-25.06.1274)  işlərini  qeyd  etməmək 




 

14 


olmaz.  Tarixi  məlumatlar  buna  dəlalət  edir  ki,  bu  böyük  alim  tibb 

fənnini məşhur həkim olan Qütbəddin  Misrinin yanında öyrənmiş-

dir. Qütbəddin özü də görkəmli həkim və filosof Fəxrəddin Razinin 

tələbəsi idi. 

Nəsirəddin Tusinin bilavasitə tibblə əlaqədar olan əsərlərində 

insanın  xarakterinin  xüsusiyyətləri  “Təbiətin  müdrikliyi”,  “Tibbin 

qanunları” və İbn Sinanın “Tibb qanunu” kitablarının şərhlərində və 

digər əsərlərində göstərilmişdir. 

Bu dahi münəccimin həkimlikdə məharəti o dərəcəyə çatmış-

dır ki, lazım gəldikdə hətta cərrahi əməliyyatlar da aparmışdır. Rə-

vayətə görə ov zamanı qarın nahiyəsindən yaralanmış Əmir Elxana 

heç bir saray həkimi cürət edib, cərrahi əməliyyat aparmaq istəmə-

mişdir.  N.  Tusi  isə  Əmirin  həyatının  təhlükədə  olduğunu  hiss 

edərək,  dərhal  lazımi  cərrahi  əməliyyat  aparmış  və  yaranın  tez  sa-

ğalması üçün xüsusi dərmanlardan istifadə etmişdir. 

N.  Tusinin  elmlərin  təsnifatı  haqqında  olan  yeni  təsnifatı  və 

burada tibbə verilən yer diqqəti cəlb edir. O, statistikanın tibbdə tət-

biq edilməsinə cəhd edən ilk amillərdən biri idi. Tusi ilk dəfə olaraq 

riyaziyyatı tibb də tətbiq etməyə çalışmışdır. O, materiyanın bioloji 

hərəkət  qanunlarının  xüsusiyyətlərinin  tibbdə  tətbiq  edilməsinə 

böyük yer vermişdir. Qəzəb, kin, şadlıq və başqa bu kimi emosional 

halların öyrənilməsində onun nailiyyətləri böyükdür. 

Bu sahədə  N. Tusinin  əldə etdiyi  uğurlar, sonralar onun tələ-

bəsi olan Əbdülməcid Təbib (XIII əsr) tərəfindən davam etdirilmiş-

dir. Bu həkim və alim psixikanı beyinin məhsulu hesab edib, hələ o 

zaman  beyində  gedən  oyanma  və  ləngimədən  danışmışdır.  Psi-

xiatriya ilə yaxından maraqlanıb, psixi xəstələrdə manyakal və dep-

ressiya hallarının ola bilməsinə işarə etmişdir. Bəlkə də birinci dəfə 

olaraq o, psixikası pozulmuş şəxslərə xəstə kimi baxmış və onların 

müalicəsi  ilə  məşğul  olmuşdur.  Onun  əsas  bizə  gəlib  çatan  əsəri 

“Kitabe-müdavat” (“Müalicələr kitabı”) XIII əsrin axırlarında yazıl-

mışdır. Bu əsər 49 fəsildən ibarət olub, ayrı-ayrı sistemlərin xəstə-

liklərinə  və  onların  müalicəsinə  həsr  edilmişdir.  Bu  əsərdə  hamilə-

lik,  mamalıq  haqqında  da  geniş  məlumatlar  vardır.  O,  əsasən 




 

15 


xəstəliklərin  səbəbini  axtarıb  aradan  qaldırmağı  məsləhət  görürdü. 

Burada şəraiti dəyişməyə böyük  yer verməklə, müasir dildə desək, 

o,  ikinci  dominant  ocağın  yaradılmasını  nəzərdə  tutmuşdu.  Ömrü 

uzatmaq üçün onun verdiyi təkliflər diqqəti cəlb edir. 

Əbdülməcid Təbibin “Tibb” adlı kitabının olması haqqında da 

məlumat  vardır.  Tarixi  məlumata  görə,  Əbdülməcid  Təbib  də 

məşhur həkim Mahmud İbn İlyas ilə bərabər Cənubi Azərbaycanda, 

bir-birinə yaxın yerlərdə yaşamış və elmi əlaqələri olmuşdur. 

Nəsrəddin  Tusi  tərəfindən  Təbriz  şəhərində  təşkil  edilən,  in-

diki  dildə  desək,  elmi  şurada  müxtəlif  mütəxəssislər  iştirak  edirdi-

lər.  Bu  şuranın  tibbi  məsələlərinə  isə  bilavasitə  Əbdülməcid  Təbib 

başçılıq edirdi. 

O dövrdə yaşayıb, fəaliyyət göstərmiş azərbaycanlı həkim və 

alimlərdən biri olan Mənsur İbn Məhəmmədin “Tibb” və “Kifayeyi 

mənsuri”  kitabları  üzərində  də  dayanmaq  istərdik.  Bu  kitablarda 

tibbin  nəzəri  və  praktik  hissələri  haqqında  geniş  məlumatlar,  sağ-

lamlığın  qorunub  möhkəmlənməsi,  sağlamlığı  poza  bilən  səbəblər 

və amillər, xəstəliklərin təsnifatı, ayrı-ayrı orqanların xəstəliklər və 

ümumi terapiyası haqqında geniş məlumatlar verilir. Müasir tibb də 

qəbul edilən peşə xəstəliklərinin öyrənilməsi məsələsinə hələ o vaxt 

Mənsur İbn Məhəmməd çox böyük əhəmiyyət verirdi. Məsələn, to-

xucuların  sağlamlığının  qorunması  haqqında  müəyyən  tədbirlərin 

həyata  keçirilməsini  təklif  etmişdir.  “Kifayeyi  mənsuri”  kitabında 

dərmanlarla müalicə ilə  bərabər, iqlimin  təsirinə böyük  yer verirdi. 

Mənsur  İbn  Məhəmməd  bu  əsərində  ayrı-ayrı  xəstəliklərin  böhran 

günlərini  və  bu  hallardan  çıxmaq  üçün  müəyyən  tədbirlərin  görül-

məsini təklif etmişdir. 

XIV  əsrdə  yaşayıb-yaratmış  məşhur  azərbaycanlı  həkim  və 

alimlərindən  biri  də  Məhəmməd  Bərquşadidir.  Onun  əsas  kitabı 

olan “Tibbi nəbəvi”-nin giriş hissəsi azərbaycan, ərəb və fars dillə-

rində şer ilə yazılmışdır. 

Kitabın bir hissəsi  ərəb,  digər hissəsi  isə Azərbaycan dilində 

tərtib edilmişdir. Bəlkə də bu kitab tibb sahəsində Azərbaycan dilin-

də yazılan ilk əsərlərdən biridir. Kitabın birinci hissəsi bir çox xəs-




 

16 


təliklərin  müalicə  metodlarına  həsr  edilmişdir.  Xəstəliklərin  gedişi 

və müalicəsində o, fərdi xüsusiyyətlərin rolunu yüksək qiymətləndi-

rir. Əsəb sistemi xəstəliklərin müalicəsinə böyük yer verir. Və bu-

nun üçün xüsusi metodlar təklif edir. Bu əsərdə həm də müxtəlif zə-

hərlənmələr  ilə  mübarizə  yolları  göstərilir.  Bərqüşadinin  əsas  xid-

mətlərindən  biri  də  ondan  ibarətdir  ki,  o,  öz  əsərlərində  tibb  sahə-

sində  əldə  edilən  yenilikləri  sistemləşdirirdi.  İnsanların  təbiəti  və 

xarakteri haqqında onun bir sıra orijinal fikirləri vardır. 

Təbriz  Akademiyasının  təşkilindən  yüz  il  sonra  orada  olan 

sağlamlıq mərkəzində məşhur həkim və alimlərdən biri olan Yusifi 

Məhəmməd  Yusif  Təbib  (XV  əsrin  sonu-XVI  əsrin  əvvəlləri)  özü-

nün  elmi  və  müalicəvi  fəaliyyətini  davam  etməyə  başlayır.  Onun 

əsas elmi əsərlərindən “Fəvaid-əl məvadd” (“Maddələrin xeyri”) və 

“Cami-ül fəvaid”-i (“Xeyirlərin məcmuəsi”) göstərmək olar. 

“Fəvaid-əl  məvadd”  kitabında  müxtəlif  dərman  maddələri 

haqqında qiymətli məlumatlar vardır. Xüsusilə, əhval-ruhiyyəni, or-

qanizmin  tonusunu,  huş  və  hafizəni  artıra  bilən  və  s.  bu  kimi  mə-

cunların tərkibinin verilməsi diqqəti cəlb edir. Yusifi öz əsərlərində 

digər  Şərq  alimləri  kimi  hesab  edir  ki,  hər  bir  patogen  amili  ona 

zidd olan maddə ilə dəf etmək lazımdır. Yəqin ki, buna görə də ho-

meopatiya istiqaməti (oxşarı oxşar ilə  müalicə  etmək)  Şərqdə  inki-

şaf etməmişdir. 

Yusif  Təbibin  əsərlərindən  biri  “Tibbi  Yusifi”  mənzum  for-

mada yazılıb və on bir fəsildən ibarətdir. Burada sağlamlığın möh-

kəmlənməsi və yaxşı adət ənənələrin rolu qeyd olunur. Adət-ənənə-

nin pozulması xəstəliyə şərait yaratması ilə əlaqəli olduğu göstərilir. 

Dərman və qida maddələrinin təbiəti və onların xeyri xüsusi cədvəl-

lərində qeyd olunur. Yusifinin “Böhranlar haqqında” kitabı da diq-

qəti cəlb edir. 

Gecikmiş orta əsrlərdə Azərbaycan həkim və alimlərinin işlə-

rində fizioloji istiqamət və  eksperiment  öz rolunu daha çox göstər-

məyə başlayır. Lakin bununla bərabər bu dövrdə türkəçarəçilik, fal-

çılıq, ara həkimlik və s. də tibbə daxil olmağa başlayır. Amma hə-

qiqi  həkim  və  alimlərin  fəaliyyətləri  nəticəsində  geniş  inkişaf  edə 




 

17 


bilmir. Bu dövrdə həqiqi azərbaycanlı həkim və alimlərin sayı xeyli 

artır.  Lakin  burada  onların  hamısının  üzərində  dayanmaq  imkanı 

yoxdur. Yalnız bir neçəsinin əsərlərindən qısa məlumat veririk. 

Bunlardan Ramazan İbn Şeyx Əli Lənkərani XIV əsrin ikinci 

yarısında  doğulmuş,  tibb  sahəsində  tədqiqatlar  aparmış  və  geniş 

miqyasda müalicə ilə məşğul olmuşdur. Onun əsas əsəri “Fərruxna-

meyi-Camali”  adlanır  ki,  bu  da  1409-cu  ildə  ərəb  dilində  yazılıb. 

1594-cü ildə Məhub Əli ibn Əhmədi Lənkərani həmin əsəri fars di-

linə tərcümə edib. Bu əsərdə müxtəlif xəstəliklərin müalicəsində or-

qanoterapiyaya  xüsusi  yer  verilir.  Palçıqların  müalicəvi  əhəmiyyə-

tindən danışır. Xüsusilə gülabın müalicəvi əhəmiyyətini ətraflı qeyd 

edir.  İfrazat  sisteminin  fiziologiya  və  patologiyalarının  mexanizmi 

haqqında  geniş  məlumatlar  verir.  Lənkərani  “Fərruxnameyi-

Camali”  kitabında  Azərbaycanın  flora  və  faunası  haqqında  da 

maraqlı məlumatlar verir. 

Azərbaycan alimləri sırasında Nəciməddin-Əhməd Naxçivani-

nin  (1253-cü  ildə  vəfat  edib)  İbn  Sinanın  “Tibb  qanunu”  kitabına 

yazdığı rəy diqqəti özünə cəlb edir. O, “Tibb qanunu” kitabının ana-

lizinə tənqidi yanaşır və göstərir ki, İbn Sinanın bəzi nəzəri fikirləri 

təcrübədə özünü doğrultmur. 

O dövrdə yaşamış Mirzə Məhəmməd Həsən Şirvanini (XVIII 

əsr) də qeyd etməmək olmaz. Onun təşkil etdiyi müalicəxana və ya-

ratdığı tibb məktəbindən Seyid Əli Təbib Təbrizi (1787-1898) kimi 

görkəmli  alimlər  çıxmışdır.  Mirzə  Məhəmməd  Həsən  Şirvaninin 

“Tibbnamə” kitabının girişində bir çox alim və həkimlərin Şamaxı-

dan  çıxmağa  məcbur  olub  başqa  yerlərdə  işləməsi  haqqında  məlu-

matlar  verilir  və  göstərilir  ki,  elə  bu  şəraitdə  də  bir  çox  qiymətli 

əsərlər itmişdir. O, özü də qeyd etdiyi kimi bu kitabı çox çətin şə-

raitdə Azərbaycan dilində, Dağıstanda sürgündə yazmışdır. Şirvani-

nin əsərlərində müxtəlif ağrıların aradan qaldırılması haqqında ma-

raqlı  məlumatlar  göstərilir.  Bu  kitabda  həmçinin  əsəb  xəstəlikləri, 

atereskleroz, bayılma və s. haqqında məlumatlar vardır. 

Orta  əsrlərdə  Azərbaycan  həkim  və  alimlərinin  AMEA-nın   

M. Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əsərləri yüzdən 




 

18 


çoxdur.  Digər  kitabxanalarda  da  belə  əsərlərə  rast  gəlmək  olar. 

Məsələn,  M.  F.  Axundov  adına  Azərbaycan  Milli  Kitabxanasında 

Məhəmməd  Əkbər  Ərzaninin  XIII  əsrdə  yazdığı  “Tibbi-Əkbəri” 

adlı kitabının əlyazması saxlanılır. Bu kitabda müsafirət gigiyenası, 

pnevmaniya,  pnevmatoraks  və  yanıqların  müalicəsi  haqqında  qiy-

mətli  məlumatlar  verilir.  Bir  sıra  məcunların  tərkibi  göstərilir.  Xü-

susilə şadlandırıcı “Yaqut” məcunu daha çox diqqəti cəlb edir. 

Orta  əsrlərdə  yaşamış  Azərbaycan  həkim  və  alimlərindən 

Əbülhəsən  Mərağeyi  və  Məhəmməd  Mehdi  İbn  Əli  Nəqini  qeyd 

etmək zəruridir. 

Əbülhəsən Mərağeyi “Müalicate münfəridə” əsərində orqaniz-

min fərdi xüsusiyyətlərini dərmanların təyin edilməsi zamanı nəzərə 

alınmasını xüsusi qeyd edir. 

Məhəmməd Mehdi  İbn Əli Nəqi “Mücərrabad Risaleyi Tibb-

Şərəfnamə” kitabında və “Zədəlmüsafirin” əsərində səfər gigiyena-

sına böyük yer verir. Mehdi İbn Əli Nəqinin “Mücərrabad Risaleyi 

Tibb-Şərəfnamə”  kitabında  yeni  dərmanların  tətbiq  edilməsindən 

əvvəl dərmanşünas (əczaçı) ilə məsləhətləşmənin zəruri olduğu gös-

tərilir.  Kitabının  bir  hissəsi  sağlamlığın  qorunması  və  möhkəmlən-

dirilməsinə həsr edilmişdir. O biri hissədə isə müxtəlif xəstəliklərin 

səbəbləri,  qarşısının  alınması  və  müalicəsi  orqanizmin  müqavimə-

tini artıra bilən dərmanlar, müxtəlif zəhərlənmələr ilə mübarizə və s. 

haqqında məlumat verilir.  

Bunlardan  əlavə  bir  sıra  hələ  müəllifləri  tam  bəlli  olmayan 

qiymətli  əsərlər  də  vardır  ki,  onların  hərəsinin  üzərində  ətraflı  da-

yanmaq lazım gəlir. Lakin elə bu qeyd olunan məlumatlar orta əsr-

lərdə  Azərbaycanın  elm  və mədəniyyətinin  nə qədər  yüksək səviy-

yədə olmasını sübut edir. Həmin əsərlərdə qeyd olunan bir çox mə-

sələlərin dərindən öyrənilməsi müasir tibbin inkişafına yaxından kö-

mək edə bilər. 

 

 

 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin