Hüquqlarimiz uğrunda çarpişan qadinlar



Yüklə 205,5 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü205,5 Kb.
#2617
növüYazı
  1   2   3

HÜQUQLARIMIZ UĞRUNDA ÇARPIŞAN QADINLAR

Mətbəxə və dəblə ayaqlaşmağa vaxt tapan bu qadınlar inanırlar ki, dünyanı gözəllik xilas edəcək

GÜLDİYAR, NAİLƏ



Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatları haqqında mətbuatda müxtəlif məzmunlu yazılar dərc edilir. Onların arasında qadınların da olduğu kimsəyə sirr deyil. Bir zamanlar bu faktın mövcudluğu cəmiyyətdə narazılıq doğururdu. Sevindirici haldır ki, artıq bu fikirlər geridə qalıb. Biz bu qadınların fəaliyyətləri ilə yanaşı, onları olduqları kimi oxuculara təqdim edirik. Bununla da biz çoxları üçün qeyri-mümkün görünən işin öhdəsindən gəldik. Yəni siyasi baxışlarına görə fərqli mövqelərdə dayanan qadınları bir araya gətirdik, hələlik qəzet səhifəsində. Bu yazıda onlar təkcə fəaliyyətləri ilə bağlı deyil, sizlər üçün qaranlıq olan bir çox məqamlara da aydınlıq gətirirlər.
Qadın hüquq müdafiəçiləri ilə söhbət çox maraqlı idi, lakin əfsuslar olsun ki, qəzetdə yerimiz məhdud olduğundan tam sizin diqqətinizə çatdıra bilmədik. Müsahibədən ən aktual məqamları sizin diqqətinizə çatdırmağa çalışdıq. Novella Cəfəroğlu - Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri. Naxçıvan şəhərində anadan olub. Həyat yoldaşı - milliyyətcə yəhudi olan və hazırda İsraildə yaşayan Vilen Markoviç Eppelbaumdur. Üç oğlu, altı nəvəsi var. Hamısı İsraildə yaşayır.
Zəlihə Tahirova - Hüquq Müdafiə Mərkəzi İdarə heyətinin üzvüdür. Bakı şəhərində anadan olub, Xarici Dillər İnstitutunu bitirib. 1993-cü ildən Hüquq Müdafiə Mərkəzi İdarə Heyətinin üzvüdür. 1996-cı ildə Marek Novitskinin rəhbərlik etdiyi Helsinki Fondunun nəzdində fəaliyyət göstərən Varşava İnsan Haqları Məktəbini bitirib. Elə həmin ildə onun təşəbbüsü ilə İnsan Haqları üzrə Qadın Monitorinq Qrupu yaradılıb. 1995-ci ildən etibarən, MDB məkanında qaçqınlarla iş üzrə Cenevrə Proqramı çərçivəsində işləyib. 1996-cı ildə Beynəlxalq Amnistiya Təşkilatının Azərbaycan üzrə ilk Təşəbbüs Qrupunun Əlaqələndiricisi seçilib. 2001-ci ildə Qafqaz Qadınları Liqasının Milli Əlaqələndiricisi təyin edilib.
Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun sədri. 1972-ci ildə Pedaqoji İnstitutu, 1978-ci ildə Moskvada aspiranturanı bitirib və kimya elmləri namizədi elmi dərəcəsini alıb. Hazırda Milli Elmlər Akademiyasının Kimya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. Evlidir. İki övladı var. Həyat yoldaşı geologiya üzrə alimdir.
Arzu Abdullayeva - Helsinki Vətəndaş Assambleyası (HVA) Azərbaycan Milli Komitəsinin (AMK) həmsədridir. Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1992-ci ilin aprel ayında Bakıda onun təşəbbüsü ilə HVA AMK yaradılıb. Həmin vaxtdan, etibarən onun rəhbəridir.
Rəna Sadəddinova - "Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Fondu" hüquq müdafiə təşkilatının sədr müavinidir. Bakı şəhərində anadan olub. 1993-cü ildə İqtisad Universitetini bitirib. Elə həmin ildə hazırda tanınmış hüquq müdafiəçisi Murad Sadəddinov ilə ailə qurub. Birlikdə "Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Fondu"nu yaradıblar. Bu təşkilat Avropa Şurası ilə sıx əməkdaşlıq edir.
Leyla Yunus - Sülh və Demokratiya İnstitutunun direktorudur. Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Antik ədəbiyyat üzrə ixtisaslaşıb. Həyat yoldaşı da tarixçidir. Bir qızı var. Sülh və Demokratiya İnstitutu - qeyri-hökumət təşkilatı geniş spektrli problemlər, o cümlədən demokratik azadlıqlar və tədqiqatlarla məşğuldur.
Səidə Qocamanlı - İnsan hüquqlarının Müdafiəsi bürosunun sədridir. Bakı şəhərində yazıçı-jurnalist ailəsində anadan olub. Bakı Dövlət Universitetinin filologiya və Pedoqoji İnstitutun kimya fakültələrini bitirib. 26 il müddətində məktəbdə kimya fənnini tədris edib. Dövri mətbuatda yazılarla çıxış edir.
İşgüzar qadının imici necə olmalıdır?
Novella Cəfəroğlu: Hüquq müdafiəçisi ilk növbədə qadındır. Məhz bu baxımdan onlar dəb və zəriflikdən geri qala bilməzlər.
Zəlihə Tahirova: Zənnimcə, hüquq müdafiəçisi olan qadın unutmamalıdır ki, o ilk növbədə qadındır. Və bu öz növbəsində onun üzərinə bəzi öhdəliklər qoyur ki, bu da onun qamətli, dəbdəbəli, gözəl, zövqlü və qadınlara məxsus olan digər müsbət cəhətləri özündə ehtiva etməsi deməkdir. Düşünürəm ki, qadın fiziki sağlamlığına fikir verməlidir. Bu da öz növbəsində onu sağlam, inamlı, fəal edər və onun arzularının gerçəkləşməsinə şərait yaradar.
Səadət Bənənyarlı: Qadın hüquq müdafiəçiləri də bütün qadınlar kimidirlər. Məhz bu səbəbdən onlar dəblə ayaqlaşmalıdırlar. Mən zövqlü və son dəblə geyinən qadınları alqışlayıram.
Arzu Abdullayeva: Əlbəttə, həmişə dəblə, hətta hər hansı bir stillə də ayaqlaşmaq olmur. Hər şey vəziyyət və tədbirdən asılıdır. Hər şeyin baş verə biləcəyi mümükün olan mitinqlərə səfirlikdəki qəbul zamanı geyindiyimiz libası geyinmirik. Hüquq müdafiəçilərinin həyatında isə hadisələr bir-birini çox sürətlə əvəz edir. Onların ofisi də gecələdikləri doğma evə çevrilir. Burada hər şey əlinin altındadır. Geyimini dəyişib gedə bilərsən.
Rəna Sadəddinova: Hesab edirəm ki, söhbət qadınlardan gedirsə, hüquq müdafiəçisi və ya digər sahədə fəaliyyətindən asılı olmayaraq, bu zövq və dəb deməkdir. Özünə hörmət edən işindən asılı olmayaraq daim formada olmalıdır.
Leyla Yunus: Deyə bilmərəm ki, mən dəblə ayaqlaşıram. Amma ən vacibi odur ki, qadın özünə diqqət yetirməlidir. Bu həm özünə, həm də ətrafdakılara hörmət deməkdir. Mən özüm ənənəni sevənəm və artıq on ildir bərbərimi dəyişmirəm.
Səidə Qocamanlı: Hüquq müdafiəsi sahəsində çalışan da ilk növbədə qadındır. Təsadüfən demirlər ki, gözəllik dünyanı xilas edəcək. İşgüzar qadın xarici görünüşünə fikir verməli və zövqlə geyinməlidir ki, öz imicini yarada bilsin. Bu o demək deyil ki, mütləq son dəblə geyinəsən. Əgər qadın gözəlliyini əks etdirən libasdırsa, bu artıq dəb deməkdir. Qadın hüquq müdafiəçisinin geyiminə gəlincə, bu ilk növbədə sadə və zövqlü olmalıdır.
Mətbəxə münasibətiniz necədir? Özünüz yemək hazırlayırsınızmı?
Novella Cəfəroğlu: Çox yaxşı. Hazırladığım yeməklər çoxlarının xoşuna gəlir.
Zəlihə Tahirova: Çox gözəl, ancaq mən mətbəxdə vaxt itirməyi heç xoşlamıram. Mətbəxdə vaxtı itirmək, öz şəxsi keyfiyyətlərini məhdudlaşdırmaq deməkdir. Bu isə əgər istəyirsinizsə, lap elə məsuliyyət deməkdir. Bu qadının üzərinə müəyyən iz qoyur. Ancaq deməyin ki, bu iş qadının boyuna ölçülüb. Qadın çox gözəl hakim, nazir, yazıçı, prokuror ola bilər. Vaxtını mətbəxdə keçirən və məişətlə məşğul olan qadınların fədakarlığını az qiymətləndirən tapılar. Nə ərləri, nə də uşaqları qadınların ailələri üçün etdiklərini fədakarlıq kimi qiymətləndirmirlər.
Səadət Bənənyarlı: Normal. Ailəm üçün özüm bişirirəm. Deyirlər ki, hazırladığım yemək və şirniyyatlar dadlı alınır. Təəssüf ki, son vaxtlar şirniyyat hazırlamağa vaxtım olmur. Arzu Abdullayeva: Bu məsələdə mən əsl azərbaycanlı kimi, nənəmin və anamın mətbəx ənənəsini davam etdirirəm. Mən yemək hazırlamağı bacarıram və çox sevirəm. Kulinariya sahəsində Azərbaycan mətbəxi tanınmış fransız, çin, meksika mətbəxindən heç də geri qalmır. Mən demək olar ki, bütün bu mətbəxlərlə yaxından tanışam və qeyd etmək istərdim ki, Azərbaycan mətbəxini beynəlxalq biznes sahəsinə çevirmək mümkündür. Mən əminəm ki, əgər mətbəxə yaradıcı yanaşsan və hazırladığın yeməklərə bütün məhəbbətini versən, onda bu, heç də cansıxıcı görünməz.
Rəna Sadəddinova: Mən işinin çoxluğu və vaxt azlığına baxmayaraq mətbəxdə olub, ailəsi üçün yemək hazırlayan qadınlara hörmətlə yanaşıram. Bu mənə çox böyük zövq verir.
Leyla Yunus: Təəssüf ki, evdarlıq işlərinə vaxt çox az qaldığından bu işdə mənə kömək edirlər. Mən əksər qadınlar kimi o zaman yaxşı yemək bişirirəm ki, buna vaxtım və əhval-ruhiyyəm imkan verir. Əgər mən məşğulamsa, bu ailəmin ac qalması demək deyildir. Əlbəttə, bu zaman köməksiz ötüşmək olmur.
Səidə Qocamanlı: Mən iki uşaq anasıyam. Hər səhər mətbəxə girəndə ilk növbədə ailəmin nə yeyəcəyini düşünürəm. Mən biş-düşü çox sevirəm və yaxınlarımın dediyinə görə bu məndə pis alınmır. Təəssüflər olsun ki, vaxt azlığından ailə üzvlərinə kulinariyanın zənginliyini nümayiş etdirə bilmirəm. Bu səbəbdən də bazar günlərimi növbəti həftədə bişirəcəyim yeməklərin yarımfabrikatlarının hazırlanmasına sərf edirəm. Yaxşı ki, ailə üzvlərim məni anlayır, evdarlıqla bağlı məsələlərdə mənə çox da irad bildirmir və əksinə, mənə yardımçı olurlar.
- Hüquqmüdafiəçisi olmaq qərarını necə qəbul etdiniz? İşinizə daha çox vaxt ayırmağınız sizə şəxsi həyatda problem yaratmır ki?
Novella Cəfəroğlu: Hüquq müdafiəçisi (söhbət əsl hüquq müdafiəçisindən gedir - Novella Cəfəroğlu) qanunvericiliyin qorunması ilə fəxr etməlidir. Təəssüflər olsun ki, onlar bunu dərk etməyənlər tərəfindən təzyiqlərə məruz qalırlar. Mənim şəxsi həyatımda işimlə bağlı heç bir problem yoxdur.
Zəlihə Tahirova: Mən məşhur "olum, ya ölüm" dilemması qarşısında qalmadım! Mən xarakterimə uyğun olaraq bu sahəyə gəldim. Ailəmin məni anlayıb və dəstəkləyəcəyi təqdirdə mənim baxışlarım və qarşımda duran öhdəliklər hüquq müdafiəçisi kimi fəaliyyətimi çox dolğun tamamlayır. Mən ümumiyyətlə, cəmiyyəti öz Böyük Ailəm kimi təsəvvür edirəm. Heç şübhəsiz ki, həyatda səni dəstəkləmək üçün həmfikrin olmalıdır. Mənim üçün bu cür həmfikir həyat yoldaşımdır.
Səadət Bənənyarlı: Haqsızlığa dözə bilmədiyim üçün hüquq müdafiəçisi oldum. Ailədə üç eyni hüquqlu uşaqlar olmuşuq - iki qardaş və bir bacı. 80-ci illərin əvvəllərində - dissident hərəkatı zamanı - Moskvada oxuyurdum. Əlbəttə, bu mühit mənim dünyagörüşümün formalaşmasında böyük rol oynamışdır. Mənim babam - Qəmbərəli bəy Bənənyarlı Azərbaycanın ilk hüquqşünaslarından olmuşdur. O, Kiyev Universitetinin hüquq fakültəsini bitirib. 1937-ci ildə "üçlüyün" qərarı ilə güllələnib. 1987-ci ildə qərarın yanlış olması ilə bağlı məlumat aldıq. Mənim hüquq müdafiəçisi olmağıma təkan verən əlamətlərdən biri 1990-cı ilin 20 Yanvar hadisələri, həmçinin Azərbaycanı demokratik, sivil bir ölkə görmək, onu Avropa dövlətlərinə inteqrasiya etmək istəyi oldu.
Arzu Abdullayeva: Hesab edirəm ki, əsas rolu ailədə aldığım tərbiyə oynamışdır. Valideynlərim ailədə haqsızlığa və yalana biganə qalmamağı, etinasızlığa və qorxuya qarşı çıxış etməyi aşılamışlar. Məhəllədəki oyunlardan tutmuş, məktəb və institut yoldaşlarım, müəllimlərlə münasibətdə məni daha çox narahat edən bizə öyrədilən mənəvi dəyərlərin pozulması idi. Qarabağ münaqişəsi başlayanda ölkə rəhbərliyinin siyasi zəifliyi ucbatından ölkənin və xalqın müdafiəsinin təşkil olunmamasına etiraz əlaməti olaraq mənim hüquq müdafiəçisi kimi çıxış etməyim təbii idi. Mən ilk fəaliyyətimə Ermənistandan qaçqın düşmüş soydaşlarımızın müdafiəsi ilə başladım. Sonra isə hər şey gördüyünüz kimi davam etdi.
Rəna Sadəddinova: Mən həyat yoldaşıma görə hüquq müdafiəçisi oldum. O, siyasi motivlərinə görə günahsız məhkum edilmişdir və mən onu müdafiə etməyə başladım. Mən onun müdafiəsi uğrunda güclü kampaniya keçirib, yoldaşımın vaxtından əvvəl azad olunmasına nail oldum. Bundan sonra biz günahsız günahkarların hüquqlarını müdafiə etməyi və öz təşkilatımızı yaratmağa qərara gəldik. Şəxsi həyatdakı problemlərə gəldikdə, mən yoldaşımla bir yerdə hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul oluruq və hər məsələdə bir-birimizi dəstəkləyirik.
Leyla Yunus: Yəqin ki, bizim cəmiyyət insan hüququnu müdafiə etmək anlayışını qəbul etməyə hazır deyil. İnsan haqqının pozulması məişət zəminində baş vermiş dava deyil. İnsan hüququ sıravi vətəndaşların hüquqlarının bu və ya digər dövlət tərəfindən pozulmasıdır. Sülh və Demokratiya İnstitutu yalnız insan hüquqları ilə məşğul olmur. Bununla institutun yalnız bir departamenti məşğuldur. Lakin insan hüquqları məsələsi Azərbaycanda o qədər dramatik şəkil alıb ki, mətbuat yalnız institutun bu sahədə olan fəaliyyətini geniş işıqlandırır.
Şəxsi həyatıma gəlincə, ailəm məni olduğum kimi qəbul edir. Məncə, qadın o zaman kişi üçün maraqlı olur ki, kişi onda daim öz inkişafı üzərində çalışan şəxsiyyət görür.
Səidə Qocamanlı: Valideynlərimin tərbiyəsi bu işdə öz rolunu oynadı. Mən daima bizə kömək üçün müraciət edənlərin ümidsiz qayıtmadıqlarının şahidi olurdum. Mən fikirləşirəm ki, belə bir mühitdə tərbiyə alan uşağın sonda hüquq müdafiəçisi olmaması qeyri-mümkün idi. Mən özüm də yardıma ehtiyacı olanlara daim əl tutmuşam, onlara ümid vermişəm və kömək etməyə çalışmışam. Bu günün faciəsi ondan ibarətdir ki, insanlar çox məşğul olduqlarından bir-birini eşitmək qabiliyyətindən məhrum olmuşlar. Təəssüflər olsun ki, ailənə ayıracağın vaxtı digərlərinə kömək üçün sərf edirsən ki, bu da ailəmdən, şəxsi işlərimdən qoparılmış vaxt hesabına olur.
- Qadın həmrəyliyi - anlayışı mövcuddur. Əgər bu həqiqətdirsə, nə üçün qadın hüquq-müdafiəçiləri arasında fikir ayrılığının olması ilə bağlı şayiələr gəzir?
Novella Cəfəroğlu: Mən qadın və ya kişi həmrəyliyi anlayışlarını qəbul edə bilmirəm. Mən eyni zamanda həm qadının, həm də kişinin fikirlərinə dəstək verə bilərəm. Əgər qadın hüquq müdafiəçiləri arasında münaqişə mcvcuddursa, bu cinsi faktordan irəli gəlmir. Hər bir fəaliyyət tərəfdar və müxalifçiliklə xarakterizə edilir.
Zəlihə Tahirova: Ona görə ki, biz fərqliyik və burada birmənalı cavab vermək mümkün deyildir. Əgər bir qədər bu məsələ üzərində fikirləşsək, onda ortaya belə bir sual çıxır: nə üçün tarix çoxlu müharibələrdən və münaqişələrdən ibarətdir? Ona görə ki, bu insan həyatının bir hissəsidir? Əlbəttə, əgər bu məsələyə primitiv yanaşsaq, bunu fərqli mədəniyyət, tərbiyəsizlik, paxıllıq, aqressivlik və s. kimi izah etmək olar.
Səadət Bənənyarlı: Mən ümumiyyətlə, həmrəyliyin tərəfdarıyam. Qadın hüquq müdafiəçiləri arasında münaqişəyə gəlincə isə, bunu normal qəbul etmək lazımdır. Çünki onların hər biri ayrı-ayrılıqda bir fərddir və onların öz dünyagörüşlərində fərqli məqamlar ola bilər. Bu baxımdan mövcud fikir ayrılıqları qaçılmaz olur.
Arzu Abdullayeva: Bu "Bütün ölkələrin proletarları, birləşin!" - şüarını xatırladacaq qədər sadəlövh verilən sualdır. Şəxsən cinsindən, yaşından və irqindən asılı olmayaraq bütün həmfikirlərimlə birlikdəyəm. Digər tərəfdən, sizə belə bir sual vermək istərdim : "Siz də bütün jurnalistlərlə həmrəysinizmi?".
Rəna Sadəddinova: Mənim bu məsələ ilə bağlı heç bir problemim olmadığından sualınızı cavablandıra bilmirəm.
Leyla Yunus: Məncə həmrəyliyi qadın və kişi cinsinə bölmək olmaz. Siz harada kişi və ya qadın həmrəyliyini görmüsünüz? Mən bununla nə işdə, nə də həyatda rastlaşmışam. Fərqli baxışlar müəyyən münaqişəyə səbəb ola bilər ki, bunun da cinsi mənsubiyyətlə bağlılığı yoxdur. Məsələn, mən Novella Cəfərova və Çingiz Qənizadənin iş üslubu ilə razılaşa bilmirəm. İşlə əlaqədar Rəna Sadəddinova, Mirvari Qəhrəmanlı, Zəlihə Tahirova, Elmira Ələkbərova ilə əlaqə saxlayıram.
Səidə Qocamanlı: Mən dəfələrlə qadın həmrəyliyinin şahidi olmuşam və bunu çox müsbət faktor kimi qəbul edirəm. Oxuculara hörmət əlaməti olaraq, qadın hüquq müdafiəçiləri arasındakı münaqişədən danışmaq istəməzdim. Yalnız onu qeyld etmək istərdim ki, hüquq müdafiəsi fəaliyyəti bu yolla qazanc əldə etmək istəyənləri qəbul etmir. Bu sahədə yalnız insanlara həqiqətən kömək etmək istəyənlər işləməlidir. Təəssüf ki, belə insanlar azdır və mən əminəm ki, bu kimi insanları zaman özü aşkarlayacaq və ədalət zəfər çalacaq.
Münasibətlərinizin heç də yaxşı olmadığı digər bir hüquq müdafiəsi ilə məşğul olan təşkilatın qadın nümayəndəsi sizə qəfil qonaq gələrsə onu necə qarşılayardınız? Onunla nə barədə danışardınız?
Novella Cəfəroğlu: Mənim qapım hamının üzünə açıqdır. Mən evimə gələn hər bir kəsə hörmətlə yanaşmağa çalışıram.
Zəlihə Tahirova: İlk növbədə mən onu dinləyərdim. Növbəti addımım isə dinlədiklərimdən çıxardığım nəticəyə müvafiq olardı.
Səadət Bənənyarlı: Mən azərbaycanlıyam və əlbəttə, xalqımın adət-ənənəsinə riayət edərəm.
Arzu Abdullayeva: Nəzakətlə və ədəblə. Allah verəndən qonaq edərdim. Dinləyərdim və bacardığım yardımı göstərərdim. Uzadılan əli cavabsız qoymazdım. Münaqişələrin həllinin nəzəri və praktiki məqamlarını bilən insan kimi əlaqə yaratmağa çalışar və keçmişləri yada salmamağa üstünlük verərdim.
Rəna Sadəddinova: Təkrar edirəm ki, mənim heç kəslə münaqişəm yoxdur. Qəfil qonağın gəlməsinə münasibətimizə gəldikdə isə, bütün Azərbaycan bilir ki, bizim evin qapısı kömək üçün müraciət edən hər bir kəsin üzünə açıqdır.
Leyla Yunus: Münaqişələri cinslərə bölmək düzgün deyildir. Münaqişə eyni problemə müxtəlif fikir və baxışların yönəlməsindən yaranır. Tərbiyəli insan kimi sülhü arzulayan hər bir insana qarşı addım ata bilərəm.
Səidə Qocamanlı: Quranda deyilir ki, qapınızı döyən hər kəs Allahın qonağıdır. Mən çox qonaqpərvərəm və evimizdə qonaq olan günü bayram hesab edirik. Ancaq sizin verdiyiniz suala cavab olaraq, səmimi deyim ki, hansısa problemi həll etmək üçün gəlmiş hüquq müdafiəçisinə məmnuniyyətlə kömək edərəm. Adətən insanlara yardım etmək üçün birgə fəaliyyət göstərmək məqsədi ilə uzatdığım əl boş qalır. Buna səbəb qarşı tərəfin ambisiyalarıdır. Elə həmin həmkarlarımın xoşagəlməz hərəkətlərinin nəticəsində hüquq müdafiəçiləri iki düşərgəyə bölündü, Monitorinq Qrupu və Federasiya adlı qurumlar yarandı. Belə olan halda mən də həmin şəxslərə əl uzatmaq fikrindən daşındım. Aramızda indi çox acı münasibətlər yaranıb. Bu münasibətləri unudub, elə adamları evimdə səmimi qəbul etməyim indiki zamanda mənim üçün çətindir. Amma səmimi, təmiz niyyətli, məni olduğum kimi qəbul edən dostlarım üçün qapım həmişə açıqdır.
Hüquq müdafiəçiləri ilə dövlət orqanları təmsilçilərinin yaxşı münasibətdə olmaması ilə bağlı müxtəlif fikirlər var. Dövlət orqanları əməkdaşları və ya parlament üzvləri arasında dostlarınız varmı? Varsa, onlar sizin fəaliyyətinizlə nə dərəcədə həmrəydirlər?
Novella Cəfəroğlu: Fikir ayrılıqları mövcud olsa da, heç bir dövlət idarəsi ilə pis münasibətlərim yoxdur. Parlamentdəki qadınlar arasında rəfiqələrim və sadəcə, tanışlarım da var. Bəzi məsələlərdə fikirlər üst-üstə düşsə də, müəyyən məqamlarda fərqli düşünürük. Qadın problemlərinə aid məsələlərdə biz həmrəyik.
Zəlihə Tahirova: Dövlət strukturlarında, eyni zamanda parlamentdə çoxlu dostlarım var. Qarşılıqlı münasibətlərdə hörmət və ünsiyyət qurmaq istəyi böyük rol oynayır. Fəaliyyətimlə, həmrəyliyə gəlincə, bu vacib deyil. Həmişə salamlaşırıq. Sabah mənim sosial vəziyyətim dəyişsə də, insanlıq dəyişməz qalmalıdır.
Səadət Bənənyarlı: Təəssüf ki, bir çox hökumət nümayəndələri hüquq müdafiəçisi ilə normal əlaqə saxlamaqdan çəkinir. Problemi bir stol arxasında həll etmək lazımdır. Hüquq müdafiəçilərinin ünvanına təhqirlər cəmiyyətə şərəf gətirmir. Mənim həm hökumətdə, həm də parlamentdə təmsil olunan qadınlarla normal münasibətlərim var.
Arzu Abdullayeva: Biz yalnız insan hüquqlarını pozan dövlət orqanlarını və vəzifəli şəxsləri tənqid edirik. Buna görə də onlar bizi xoşlamırlar və bizim fəaliyyətimizə manelər yaradıb cəmiyyətin gözündən salırlar. Əfsuslar olsun ki, parlamentdə və dövlət orqanlarında təmsil olunan qadınlar arasında mənim rəfiqələrim yoxdur. Elələri var ki, mənə rəğbət bəsləyirlər, lakin bunu gizlətməyə üstünlük verirlər.
Rəna Sadəddinova: Bəli, parlamentdə rəfiqəm olan qadınlar var. Biz bir-birimizin mövqelərinə hörmət edib və fikirlərimizdə kompromis variantlar tapırıq. Həmçinin mən qeyd etmək istəyirəm ki, parlamentdə və dövlət orqanlarında mütərəqqi düşüncəli qadınlar çoxdur və buna görə də mən onlarla ünsiyyətdə olmağa hazıram.
Leyla Yunus: Rəfiqələrim arasında siyasətlə məşğul olanlar yoxdur. Onlar hamısı sadə insanlardır. Və biz uşaqlıqdan dostluq edirik.
Səidə Qocamanlı: Bu fikrin formalaşması təsadüfi deyil. Çünki uzun müddət hökumət nümayəndələri hüquq müdafiəçilərinin simasında düşmən obrazı yaradıblar. Fikir verirsinizsə, parlamentdə müxalifətçi, ya hüquq müdafiəçisi olan qadın yoxdur. Bu da cəimiyyətdə problemlər, bəzən də narazılıqlar yaradır. Bu çətinliyi aradan qaldırmaq üçün zaman lazımdır. Bu da təbiidir. Çünki bizim hamımızın vətəni Azərbaycandır. Mənim həm müxalifət, həm də hökumət dairələrində yaxın rəfiqələrim var. Baxışlarımızdan asılı olmayaraq.
Siz cəmiyyətə, kişilərə nə ilə müraciət etmək istərdiniz?
Novella Cəfəroğlu: Qadınların cəmiyyətdə sosial statuslarının güclənməsini arzu edirəm. Kişilərə isə bu çətin zamanda qadınların çiyinlərinə düşən məsuliyyəti bölüşmələri üçün müraciət edirəm.
Zəlihə Tahirova: Unutmayın ki, bizim bir-birimizə həmişə ehtiyacımız var. Kişilər, qadınları sevin və hörmət edin.
Səadət Bənənyarlı: Müstəqil Azərbaycanı qoruyaq, onun ərazi bütövlüyünə nail olaq, vətəndaş cəmiyyəti quraq, sosial-iqtisadi durumu yüksəldək, bir-birimizə münasibətdə anlayışlı olaq. Allah Azərbaycanı qorusun. Kişilər! Qadınlara hörmətlə yanaşın, onların hüquqlarını pozmayın. Azərbaycanı sevin.
Arzu Abdullayeva: Mən bütün azərbaycanlıları vətəndaş olmağa, hüquq və öhdəliklərini bilməyə çağırıram. Əziz kişilər! Bütün şəraitdə insanlığınızı və centlmenliyinizi itirməyin. Biz sizə hörmət etdiyimiz və sevdiyimiz kimi olun. "Titanik" filmində belə bir məqam var. Kapitan təlaşa düşərək qadın və qocaları itələyən kişilərə müraciət edərək "Cənablar, ingilis olun" deyir. Mən bənzər müraciəti azərbaycanlı kişilərə də ünvanlamaq istərdim, "Cənablar, azərbaycanlı olun!".
Rəna Sadəddinova: Mən hər kəsi Azərbaycanın inkişafı naminə demokratiya və hüquq müdafiəsi sahəsində fəal iştiraka çağırıram. Mənim anlamımda kişi ailə başçısı, ocağın alovudur. Arzu edərdim ki, heç bir ailənin ocağı sönməsin.
Leyla Yunus: Qeyd etdim ki, cəmiyyət insan hüququ anlayışını qəbul etməyə hazır deyil. İstərdim ki, bu münasibət dəyişsin. Kişilərə isə demək istərdim ki, qadınlara həyat yolunu sizinlə birlikdə addımlamağa, həyatda, eləcə də işdə sizinlə bərabər olmaq imkanından məhrum etməyin. Çox pis ənənə odur ki, qadınlarını evdə oturmağa vadar edən kişilər tədricən onlara marağı itirir. Ailə problemləri də yəqin ki, buradan yaranır. Bütün dünyada qadınlara qarşı formalaşmış fikri məhv etməyin vaxtı çatıb.
Səidə Qocamanlı: Hüquqlarınızı bilin və onu pozanlara qarşı mübarizə aparın. Həyat şüarınız - Qanun şah olmalıdır, şah qanun yox. Əks təqdirdə insanların hüquqları həmişə pozulacaq. Cəmiyyətin ziyalılarına müraciət edərək demək istərdim ki, insanlara yaxın olun. Kişilərə müraciət edərək - qadınları sevin, qiymətləndirin, onlarsız sizin həyatınız boş olacaq. Onları sevin və mənəvi əzablara düçar etməyin. Sizin hərəkətiniz qadınların həyatında öz əksini tapır. İnanın ki, mən bununla tez-tez rastlaşıram. Və çalışın öz məsuliyyətinizi qadınların zərif çiyinlərinə yükləməyin.




Hörmətli oxucular, siz həmişəki kimi "Öz hüquqlarınızı bilin" rubrikasına sizi maraqlandıran sualları (aylu@azeronline.com) elektron poçtuna yollaya bilərsiniz. Sizin suallarınızı Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin hüquqşünası Pərviz İsgəndərov cavablandıracaq.


- Əmək münasibətlərində qadın hüquqları necə tənzim olunur?
Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyini nəzərdə tutur. Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmək vəziyyətinə, ictimai sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
Eyni zamanda həmin maddənin 2-ci bəndində qeyd olunur ki, qadınlara, əlillərə, yaşı 18-dan az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
- Nikah bağlanmasına mane olan hallar hansılardır?
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, nikah yaşı müəyyən olunmuşdur, nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 yaş müəyyən olunur.
Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmış şəxslərin yaşadıqları ərazinin icra hakimiyyəti orqanı onun xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar);
- övladlığa götürənlər və övladlığa götürülənlər;
- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
Lal-kar və kor şəxsin vəsiyyətnaməsi necə tərtib olunur?
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1183-cü maddəsində lal-kar və kor şəxsin vəsiyyətnaməsinin tərtib olunma qaydası göstərilmişdir. Həmin maddəyə əsasən:
- Əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir.
- Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeydlər yazılıb ona oxunmalıdır.
- Əgər vəsiyyət edən lal-kar-kordursa və ya lal-kar-kor və savadsızdırsa, vəsiyyət sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib edilməlidir.
- Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan oxumalıdır.
- Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir.
Ailə başçısını itirməyə görə pensiya hansı şərtlərə görə təyin olunur?
"Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununda ailə başçısını itirməyə görə pensiya təmin olunmasının şərtləri göstərilmişdir. Bu qanunun 40-cı maddəsinə əsasən, pensiya almaq hüququ olan ailə üzvləri vəfat etmiş ailə başçısının öhdəsində olmuş əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. Ailə başçısının öhdəsində olub-olmamasından asılı olmayaraq, aşağıdakı əmək qabiliyyəti olmayan ailə üzvləri pensiya almaq hüququna malikdirlər:
- müharibədə həlak olmuş vətəndaşların uşaqları, valideynləri, dul arvadları;
- vəfat etmiş vətəndaşların uşaqları, eləcə də bu maddənin "v" bəndində göstərilən şəxslərdən biri.
Əmək qabiliyyəti olmayan ailə üzvləri aşağıdakılar hesab edilirlər:
A) 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar, bacılar, nəvələr.
Qardaşlar, bacılar və nəvələr əmək qabiliyyətli valideynləri olmadıqda pensiya hüququna malikdirlər;
Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, ailə başçısını itirməyə görə pensiya hüququna təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək malikdirlər;
B) ata, ana, arvad pensiya yaşına çatıblarsa (kişilər 60 yaşına, qadınlar 55 yaşına çatıbsa), yaxud əlildirlərsə;
V) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə;
Q) baba, nənə, qanunla onları saxlamalı şəxslər yoxdursa.
Vəfat edənin öhdəsində olmamış valideynlər sonralar gəlir mənbəyini itirdikdə, övladının ölümü ilə əlaqədar pensiya almaq hüququna malikdirlər. Qanunun 46-cı maddəsinə əsasən, ailə başçısını itirməyə görə ümumi əsasla pensiya təminatının şərtləri aşağıdakılardır:
Ailə başçısı əmək zədəsi, peşə xəstəliyi, bədbəxt hadisə və ya ümumi xəstəlik nəticəsində vəfat etmişsə, onun ailə üzvlərinə pensiya ailə başçısının vəfat etdiyi vaxtdan asılı olmayaraq ümumi əsaslarla təyin edilir.
Əmək zədəsi və peşə xəstəliyi nəticəsində vəfat etmiş ailə başçısının ailə üzvlərinə pensiya ailə başçısının iş stajından asılı olmayarq təyin edilir.
Ümumi xəstəlik nəticəsində vəfat etmiş ailə başçısının itirilməsi ilə əlaqədar pensiyalar o halda təyin edilir ki, ölüm gününədək ailə başçısının əlilliyə görə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olsun.







Yüklə 205,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin