Hüquqlarimiz uğrunda çarpişan qadinlar


"İNSAN ALVERİNİN QURBANI OLMUŞ QADIN FAHİŞƏ ADINI ÜZƏRİNƏ GÖTÜRÜR"



Yüklə 205,5 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü205,5 Kb.
#2617
növüYazı
1   2   3
"İNSAN ALVERİNİN QURBANI OLMUŞ QADIN FAHİŞƏ ADINI ÜZƏRİNƏ GÖTÜRÜR"

"Təmiz Dünya" təşkilatının rəhbəri Mehriban Zeynalova deyir ki, seçim imkanlarının məhdudluğu, müdafiə mexanizminin yoxluğu onları bu addımı atmağa vadar edir

Nailə İSMAYILOVA, Güldiyar ƏSƏDOVA



İnsan alveri cəmiyyət üçün ciddi problem olaraq qalmaqdadır. Baxmayaraq ki, bir neçə il əvvəl bu problemin varlığı cəmiyyət tərəfindən qəbuledilməz idi. Bu gün insan alveri kimi qlobal problemlə tək dövlət orqanları deyil, yerli QHT-lər də maraqlanmağa başlamışlar. Yeni yarananda onların bu problemə qarşı mübarizədə spesifik çətinlikləri vardısa, bu gün artıq müəyyən təcrübə bazasına malikdirlər. Problemlə yaxından məşğul olan "Təmiz dünya" təşkilatının rəhbəri Mehriban Zeynalova bu fikirdədir.
Bir qədər əvvələ nəzər salıb ilk işini xatırlayan Mehriban Zeynalova "O vaxt işimizi lazımi səviyyədə qura bilməzdik, çünki ictimaiyyətdə bu məsələyə qarşı bir aqressivlik vardı. Ümumiyyətlə, insan alveri problemi cəmiyyətdə etiraf edilmiş problemlərdən deyildi. O zaman - 1999 - 2000-ci illərdə - 13 yaşlı Lalə Quliyevanı lazımi səviyyədə müdafiə edə bilmədiyimizdən o, Dubayda qaldı və biz onun gətirilməsi ilə bağlı heç bir iş görə bilmədik", dedi.
M.Zeynalovanın sözlərinə görə, 13 yaşlı qızın ekstrasens tərəfindən satılması barədə fikirlər söylənilsə də, məsələni dəqiq araşdırmaq mümkün olmadı. "Ola bilsin, burada bizim kifayət qədər peşəkar olmadığımızın da rolu olmuşdu. İndi bu hadisəni təhlil edəndə düşünürəm ki, müdafiəni başqa cür qura bilərdik".
Müsahib qeyd etdi ki, indi bu sahədə görülən işlərlə bağlı xeyli yüngüllük var. "Artıq müəyyən baza var. Cəmiyyət də problemi qəbul edir. Hüquq-mühafizə orqanları bu məsələdə birmənalı şəkildə çalışırlar ki, dəstək olsunlar. 4 il ərzində vəziyyət çox baxımdan dəyişib. Əminəm ki, bir ildən sonra insan alveri qurbanların məhkəmə prosesi, onların müdafiəsi, onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məsələlər qaldırılacaq. Cəmiyyətin bir çox təbəqələri bu məsələ ilə bağlı proseslərə qoşulacaqlar".
Söhbət əsnasında Mehriban Zeynalova bu gün aktual olan məsələyə - insan alveri ilə mübarizəyə qoşulanların qurban sayılıb-sayılmaması məsələsinə toxundu. Qeyd etdi ki, bu qadınlar cəmiyyət tərəfindən başa düşülməyəcəklərindən qorxaraq qurban deyil, fahişə adını üzərilərinə götürməyə məcbur olurlar. Yəni qurbanlar onu satan adama qarşı iddianın qaldırılmasında o qədər maraqlı olmurlar. Belə olan halda o özünü qurban qəbul etmir, çünki ətraf mühit onu günahkar sayır. Təbii ki, qadınlar ətraf mühitdən belə münasibət görəndə özünü günahkar kimi qəbul etmir və məlumatı qapalı saxlayır. Çünki qadının maddi asılılığı onu kiminsə əleyhinə ifadə verməsini mümkünsüz edir.
M.Zeynalova dedi ki, apardığı bu qəbildən olan işlərin yalnız birində - atalığın etiraf olunma məsələsində müəyyən nəticə olub. "Ümumiyyətlə, qurbanlar elə şərait yaradırlar ki, onlar qurban kimi deyil, fahişə kimi qəbul edilir. Seçim imkanlarının məhdudluğu, müdafiə mexanizminin olmaması onları bu addımı atmağa vadar edir. Və nəticədə insan alverinin qurbanı olmuş qadın fahişə adını üzərinə götürmüş olur. Digər tərəfdən, onların çoxu qurban olduqlarını anlamır". Müsahibim hesab edir ki, bir müddətdən sonra bu məsələ də həllini tapacaq, sadəcə bu günün reallığında qurban bunu anlamır.
Qeyd edək ki, "Təmiz dünya" təşkilatı paytaxtla yanaşı, regionlarda da vəziyyətin öyrənilməsinə dair tədqiqat aparıb. Bakı, Lənkəran, Qazax, Gəncə, Qusar, Balakən, Masallı və Quba rayonlarını əhatə edən tədqiqatda 824 respondent iştirak edib.
Tədqiqat qrupunu maraqlandıran məsələlər sırasında insanların qanunsuz daşınmasında əsas və mühüm amillərdən biri kimi insanların yaşayış səviyyəsinin öyrənilməsi olub. Qeyd edək ki, sorğuda iştirak edən qadınların əksəriyyəti evin gəlir gətiricisi olub. Məşğulluq sahələri olmasına baxmayaraq, onların yaşayış səviyyəsi heç də qənaətbəxş deyil.
Sorğu nəticəsində qadınların ölkəni tərk etməsi aşağı faizlə müşahidə edilsə də, bu problem mövcuddur. Qeyd edək ki, tədqiqat 8,2 mln-luq Azərbaycan əhalisinin yalnız 0.1%-i və konkret hədəf qrupları arasında keçirilib. Ölkəni tərk edənlər arasında qadınlar - 20.8%, gənc qızlar isə daha çox - 49.6% təşkil edir. Ərazilər üzrə kişilərə nisbətdə, qadınların ölkəni tərk etməsi Qazax, Quba və Qusarda daha çox diqqəti cəlb edir. Bu bölgələrin sərhəddə yaxınlığı və həmin ərazilər üzrə sərhədlər qismən şəffaf olduğu üçün qadınların ölkəni tərk etməsi yüksək göstərici ilə qeydə alınıb. Qazax bölgəsindən ölkəni tərk edənlərin 43.2%-ni qadınlar, 80.1% gənc qızlar təşkil edir. Quba - Qusarda isə qadınlar 49.4%, gənc qızlarsa 24.8%-dir.
Aparılan tədqiqatlar vasitəçilərin ən çox bəhrələndiyi bölgənin Lənkaran rayonu (50.5%) olduğunu aşkar edib. Bu fakt "onu xaricə aparan tanışları sənədlərin hazırlanmasını öz üzərinə götürür" (34.6%) cavabı ilə təsdiqlənir. Nəticələr göstərir ki, insanların ağır yaşayış səviyyəsindən bəhrələnən "vasitəçilər" insan ticarətinin inkişafında maraqlıdırlar və əhali bu faktı bilir.
İnsan alveri qurbanına çevrilmiş qadınların geriyə dönməsinə münasibət isə birmənalı olmayıb. Cavablar müxtəlif bölgələrdə fərqli olub.
Təşkilatın cari ildə apardığı digər bir sorğu Bakı, Bərdə, Tərtər və Naxçıvan şəhərlərində aparılıb. 309 nəfəri əhatə edən sorğu adları çəkilən regionlardakı restoranlarda, motellərdə, barlarda, masaj salonlarında kafelərdə, saunalarda, xidmətçi və ya başqa vəzifələr altında işləyən, əslində isə müştərilərə seksual xidmət göstərən, eyni zamanda, müəyyən vəzifəli və mənsəbli adamların himayəsi altında fəaliyyət göstərən gizli görüş evlərindəki fahişələr arasında aparılıb.
İlk əvvəl onu qeyd edək ki, qadın alveri ilə məşğul olan təşkilatların mərkəzi Bakı şəhərindədir. Bu təşkilatın cəlbediciləri sosial-iqtisadi vəziyyəti ağır olan Azərbaycanın demək olar ki, bütün regionlarda var. Hər bir cəlbedicinin özünün xüsusi şəbəkəsi, tanışlıq əlaqəsi, informasiya verən adamları var. Onlar cəlbedicidən gördükləri iş və verdikləri informasiya əvəzində pul alırlar.
Cəlbedicilər şəbəkəsi informasiya verən adamları - yerli sakinləri yaxşı tanıdıqlarından, maddi vəziyyəti dözülməz olan, ərləri qazanc məqsədi ilə ölkəni tərk edib gedən, getməsindən və evə pul göndərməməsindən bezən, ərini müharibədə itirən, yaxşı həyat arzusunda olan, macəra axtaran və s. bu kimi gənc qadınları çox asanlıqla tapır. Onlar haqqında cəlbedicilərə məlumat verirlər.
İnformasiya verən adamlar maddi vəziyyəti ağır olan ailələrə də yaxınlaşmaqdan çəkinmir. Ailə başçılarına öz qızlarını yaxşı pul müqabilində satmağı da təklif edirlər. Sorğuda iştirak edən respondentlərin bir çoxu aydın şəkildə onların qonşuları, rəfiqələri, valideynləri, yaxın qohumları və hətta ərləri tərəfindən satıldığını yazır.
Mehriban Zeynalova deyir ki, aparılan tədqiqatlar Azərbaycanda qadın alverindən aidiyyəti və hüquq-mühafizə orqanlarına xüsusi haqq verildiyini təsdiqləyir. Məsələn, respondentlər qeyd edir ki, onları Bakı aeroportundan keçirilməsinə keçmiş polis əməkdaşı yardımçı olurmuş. Təbii ki, bunun müqabilində də ona xüsusi haqq verilirmiş.
Qadın alverinin əsas marşrutlarından biri Bakıdan Türkiyəyə hava yoludur. Tədqiqatlar göstərir ki, 2000-ci ildən Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə həftədə 11 reys həyata keçirilirdi. Yay aylarında isə xüsusi Trabzon və Antalya reysi fəaliyyət göstərirdi. Ümumi hesablamalara əsasən, payız-qış aylarında Türkiyəyə ayda orta hesabla 500 - 600 qadın aparılır. Yay-yaz aylarında onların sayı 2000-ə çatır.
Tədqiqat Türkiyəyə digər marşrutun Naxçıvandan keçdiyini aşkar edib. Bakıdan təyyarə ilə Naxçıvana aparılan qadınlar oradan avtobuslarla Sədərək körpüsü vasitəsilə Türkiyəyə keçirilir. Bunun müqabilində isə 2000 - 8000 dollar rüşvət verildiyi bildirilir.
Qadınların Türkiyəyə qanunsuz daşınma marşrutlarından biri də Gürcüstan marşrutudur. Bakıdan gətirilən qadınlar Tbilisi aeroportu və Batumi limanı və Sarp sərhəd qapısı vasitəsilə Türkiyəyə ötürülür.
M.Zeynalova Gürcüstan marşrutundan istifadəyə də aydınlıq gətirir. "1999-cu ildən etibarən, Azərbaycan QHT-lərinin və mətbuatının qanunsuz insan ticarəti problemləri haqqında səs-küy qaldırmasından sonra Azərbaycanın hüquq-mühafizə orqanları bunun qarşısını almaq məqsədi ilə Bakı aeroportunda guya müəyyən profilaktik tədbirlər həyata keçirməyə başladılar. Bu profilaktik tədbirlər isə əslində dəllallar tərəfindən verilən haqqın artırılmasından ibarət oldu.
Beləliklə, Azərbaycan aeroportundan çıxmaq üçün adam başına 300 - 500 dollar ödənildiyi halda, Gürcüstanda bu 100 - 150 dollara başa gəlir. Məhz bunun üçün də qadınlar avtobus və ya qatarlarla Gürcüstana, oradan isə qeyd olunduğu kimi Tbilisi aeroportu, Batumi limanı və Sarp sərhəd qapısı vasitəsilə avtosalonlarla Türkiyəyə, oradan isə müxtəlif ölkələrə və şəhərlərə daşınır". Mehriban Zeynalova ABŞ Dövlət Departamentinin bu günlərdə insan alveriylə mübarizəyə dair təqdim etdiyi hesabata da münasibət bildirdi. Qeyd edək ki, adı çəkilən hesabatda Azərbaycan ikinci qrup dövlətlər sırasına daxil edilir ki, burada da problemin həllinə dair lazımi səviyyədə iş görülmür. Hesabatda bu qrupa daxil edilən dövlətlərə xəbərdarlıq da edilir. Bu sahədə konkret iş görülməyəcəyi təqdirdə onların üçüncü kateqoriyalı ölkələr sırasına salınacağı istisna olunmur.
Milli fəaliyyət planının qəbulunu müsbət hal kimi qiymətləndirən Mehriban Zeynalova buna müvafiq olaraq qanunvericilikdə ediləcək dəyişikliklərdə tələsgənliyə yol verməməyi lazım bilir. "Bəziləri deyirlər ki, planın qəbulundan bir ay vaxt keçib, amma hələ bir iş görülməyib. Qeyd etmək istəyirəm ki, bu vacib məsələdir və onu tez-tələsik həll etmək olmaz".
M.Zeynalova qeyd etdi ki, təmsil etdiyi qurum bu yaxınlarda dövlətə 5 hissədən ibarət təkliflər göndərib. Bu da əsasən qurbanların müdafiəsi ilə bağlıdır. Planla bağlı QHT-lərin təklif göndərməsinin vacibliyini deyən müsahibim onların müzakirələrə dəvət edilməsini vacib addımlardan biri hesab edir.
Yeni fəaliyyət planındakı nöqsanlara gəlincə, müsahibim burada profilaktik tədbirlərin dövlət səviyyəsində nəzərə alınmadığını dedi. "Qurban olmazdan əvvəl psixoloji hazırlıq məsələsi burada yer almayıb. Çünki biz məsələni daha çox iqtisadi faktorla əlaqələndiririk, amma burada psixoloji amilləri də unutmaq olmaz. Çünki insanların əksəriyyəti "tez ölkəni tərk etmək" fikrində olurlar".
Mehriban Zeynalova mövcud fəaliyyət planının daha çox cinayətkarlara qarşı mübarizəni nəzərdə tutduğunu deyir: "Burada qurbanlar üçün xüsusi bölmələr öz əksini tapmayıb. Belə çıxır ki, insan alveriylə mübarizə gedir, lakin qurbanlar unudulur və yenə də insan taleyi sual altında qalır. Hesab edirəm ki, qanunvericilikdə dəyişikliklər ediləndə məhz bu məqama diqqət yetirilməlidir".

Yüklə 205,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin