«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə



Yüklə 0,95 Mb.
səhifə6/12
tarix28.01.2017
ölçüsü0,95 Mb.
#6550
1   2   3   4   5   6   7   8   9   ...   12

EZAMİYYƏTLƏR

 137. Hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir:

 a) toplanışlar keçmək və kurslarda oxumaq üçün;

 b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün;

 v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün;

 q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün;

 d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün;

 e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün;

 ə) ordenlər və medal almaq üçün;

 j) (çıxarılıb) [42]

 z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün;

 idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün.

 138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.

 Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir.

 139. Məhkəmə və barəsində istintaq işi olanlar ezamiyyətə yalnız müvafiq məhkəmə və istintaq orqanlarının razılığı ilə göndərilirlər.

 140. ezamiyyətə göndərilənlərə müəyyən formada ezamiyyət vəsiqəsi verilir.

 ezamiyyət məntəqəsinə çatan kimi hərbi qulluqçular sərəncamına ezam olunduqları vəzifəli şəxsin yanına gəlir və Azərbaycan Respublikası  Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri Nizamnaməsində müəyyən edilmiş qaydada uçota dururlar.

 141. ezamiyyətə göndərilərkən və qayıdarkən ezamiyyət vəsiqəsində göstərilmiş marşrutdan kənara çıxmağa və aralıq məntəqələrdə özbaşına  dayanmağa icazə verilmir.

 ezamiyyətə gedən şəxsdən asılı olmayan səbəblərə görə yolda gecikmələr baş verərsə, onda ezam olunan dəmiryolu və ya su nəqliyyatı ilə  hərəkət edərsə, ən yaxında yerləşən dəmir (su) yolu sahəsi (stansiyası, limanı, portu) komendantından, bunlar olmazsa, dəmiryolu stansiyası  (liman) rəhbərliyindən, avtomobil nəqliyyatı ilə gedəndə isə qarnizon komendantından, hərbi komissarlıqdan, yerli bələdiyyə orqanından  gecikmənin səbəbləri barədə ayrıca arayış alır və ya ezamiyyət vəsiqəsində xüsusi qeyd edilir.

 142. ezam olunan yolda gedərkən sənədləri itirərsə, bu barədə ən yaxın dəmir (su) yolu sahəsi (stansiyası, limanı, portu) hərbi  komendantına, avtomobil nəqliyyatı ilə getdikdə qarnizon komendantına, hərbi komissarlığa, yerli bələdiyyə orqanına xəbər verməlidir.

 143. Daimi xidmət yerinə qayıtmağa mane olan üzürlü səbəblər varsa, ezam olunan bu barədə onu ezamiyyətə göndərən rəisə məlumat verir  və uçota durduğu orqanı xəbərdar edir.

 ezamiyyətdə göstərilən müddətdən artıq yubanmağa üzürlü səbəb yalnız fövqəladə hadisələr (hərəkətə mane ola biləcək xəstəlik, təbii fəlakət  və b.) ola bilər. Gecikmənin səbəbləri müvafiq sənədlərlə təsdiq edilməlidir.

 ezamiyyət vəsiqəsində göstərilən müddətdən artıq yubanmanın səbəbləri barədə sərəncamına ezam olunan vəzifəli şəxs və ya qarnizon  komendantı (hərbi komissarlıq) ezamiyyətə göndərən rəisə gecikmənin səbəblərini göstərməklə məlumat verir.

 144. Müəyyən olunmuş vaxtda ezamiyyətdən qayıtmayan və ya gecikmələrinin səbəbləri barədə məlumat daxil olmayan hərbi qulluqçular  haqqında hərbi hissə komandiri dərhal hərbi qulluqçuların sərəncamına göndərildiyi vəzifəli şəxsə və ya qarnizon komendantına (hərbi  komissarlığa) sorğu göndərir. ezam olunanların lazımi məntəqəyə gəlib çıxmadıqları və ya vaxtında öz hərbi hissəsinə yola düşdükləri  barədə cavab alınarsa, hərbi hissə komandiri müəyyən olunmuş qaydada axtarış təşkil edir.

 145. Hərbi vəziyyət və səfərbərlik elan olunduqda ezamiyyətdə olan hərbi qulluqçu yollandığı hərbi hissənin rəisinin icazəsilə dərhal öz hərbi  hissəsinə qayıtmalıdır.

 Əgər hərbi hissə əvvəlki yerindən çıxıb getmiş olsa, onda hərbi qulluqçu ən yaxın hərbi komendaturaya və ya hərbi komissarlığa gəlməlidir.

X fəsil

HƏRBİ QULLUQÇULARIN VƏ HƏRBİ VƏZİFƏLİLƏRİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ

 146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası  vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar.

 Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə  hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi  Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının  əmrləri və bu Əsasnamə ilə müəyyənləşir.

 Hərbi qulluqçunun vəzifəsidir:

 vətəni — Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim  möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və  məhrumiyyətlərinə mətanətlə dözmək. Vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək:  hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını  bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, Nizamnamə qaydalarını qorumaq, hərbi  intizamı möhkəmləndirmək;

  həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin  şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai  mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq; [43]

  vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük  komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq.

 Hərbi qulluqçular tərəfindən öz vəzifələrinin vicdanla yerinə yetirilməsi və tapşırılan sahədə müvəffəqiyyətlər əldə edilməsi komandanlıq  tərəfindən mənəvi və maddi həvəsləndirmələr ilə qeyd edilə bilər.

 Əsgəri borcunu yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə döyüş və ictimai-siyasi hazırlıqda əla göstəricilərə, yeni və mürəkkəb hərbi  texnikanı əla mənimsədiyinə, qoşunlara nümunəvi rəhbərlik etdiyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısındakı digər  görkəmli xidmətlərinə görə hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan  Respublikasının dövlət mükafatlarına təqdim edilə bilərlər.

 147. Təlim və yoxlama toplanışlarına çağırılmış hərbi qulluqçular və hərbi vəzifəlilər dövlət hesabına Azərbaycan Respublikasının müvafiq  icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun olaraq pul və natural təminat (və ya pul kompensasiyası) alırlar.

 Hərbi xidmətin istənilən növünə çağırılmış və ya qəbul edilmiş işçilər, həmçinin təqaüd alan ali təhsil müəssisələrinin tələbələrinə, orta ixtisas  təhsili müəssisələri və məktəblərinin şagirdlərinə müəyyən olunmuş qaydada işdənçıxarma müavinəti ödənilir.

 Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və onların ailələri xidmət yerinə gəlməsindən 3 aydan gec  olmayaraq xidməti mənzil ilə təmin edilirlər və ondan istifadə haqqını qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlə ödəyirlər.

 Hərbi xidmətdə olan, ehtiyata, yaxud istefaya buraxılmış «Polkovnik», ona bərabər və ondan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan  hərbi qulluqçulara Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əlavə yaşayış sahəsi verilir.

 Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi  qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara  müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul  kompensasiyası ödənilir.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay  müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ  vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil  verməyə borcludurlar. [44]

 Ali hərbi təhsil müəssisələrinin ailəli kursantları ailəvi yataqxanalarda yerləşdirilirlər. Belə yataqxanalar olmadıqda, onlara müvəqqəti  yaşayış sahəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda pul kompensasiyası  ödənilir.

 Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az  olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra  hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri  (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. [45]

 Hərbi xidməti qüsursuz keçmiş və Silahlı Qüvvələrin veteranı vəsiqəsini almış, habelə həqiqi hərbi xidmətdən yaşına, xəstəliyinə görə  buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılmış zabitlərdən başqa) üçün yaşayış  sahəsinə görə güzəştli ödənc hüququ saxlanılır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və zabitləri və onların ailə üzvlərinin  xidmətə qədər tutduqları yaşayış sahələri həqiqi hərbi xidmət keçdikləri müddətdə onlar üçün saxlanılır. Onlar yaşayış sahəsi almaq üçün  növbə siyahısından çıxarıla bilməz.

 Toplanışa çağırılmış və ya komandir məşğələlərinə cəlb edilmiş işçilər toplanış (komandir məşğələləri) ərzində, hərbi hissəyə gəlib çatması və  geri qayıtması vaxtı da nəzərə alınmaqla tutduğu vəzifəsi (işi) saxlanılır və onlara iş yerində orta əmək haqqı verilir.

 Göstərilən şəxslər çağırış vərəqəsi aldığı gündən toplanışdan (komandir məşğələlərindən) qayıdana kimi mülkiyyət formasından asılı  olmayaraq idarə, müəssisə və təşkilatın tam ləğv olunması istisna olunmaqla işdən çıxarıla bilməzlər.

 Hərbi vəzifəlilərin işlədiyi idarə, müəssisə, təşkilat ləğv olunduğu halda toplanış (komandir məşğələləri) müddəti ərzində onların alacağı əmək  haqqı və ya digər maddi təminat ləğv olunan müəssisə, idarə, təşkilat və ya onların hüquqi varisi olan təşkilat, ya da ləğv olunana qədər tabe  olduqları idarə tərəfindən ödənilir.

 Əgər hərbi qulluqçu toplanış (komandir məşğələləri) ərzində xəstələnsə və onların müddəti qurtardıqdan sonra da xəstəliyi davam etsə,  müəyyən olunmuş qaydada onların iş yeri, vəzifəsi saxlanılır, toplanışın (komandir məşğələlərinin) müddətinin qurtarmasından sonrakı vaxt  üçün isə ona mövcud qanunvericiliyə uyğun müvəqqəti əmək qabiliyyətini itirməsinə görə müavinət ödənilir.

 Təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək  oxuduqları həmin təhsil müəssisəsinə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır.

 148. Hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə,  hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi  müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil  edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər.[46]

 Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən  olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16  yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi-tibbi müəssisələrdə, tibbi təminat və  sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır.

 Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali  zabit heyətindən olan şəxslər və onların ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə bərabər  hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər  qeydiyyatında olduqları poliklinikalardan istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ saxlanılarsa onda,  poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 149. Hərbi qulluqçular və onların ailə üzvləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlərdən istifadə edirlər.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissələrdən yola salınan məktubları pulsuz göndərilir. Eyni zamanda hərbi  qulluqçuların xidmət yerinə göndərilən məktublar da pulsuz göndərilir.

 150. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlardan başqa) korpus (diviziya) və ona bərabər olan  birbaşa rəislərin icazəsi ilə ali mülki və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində hərbi ixtisasına yaxın olan və ya icra  etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik  və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər.[47]

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bu Əsasnamənin 37-ci maddəsinin tələblərinə uyğun olaraq, hərbi təhsil müəssisələrinə  daxil olmaq, hərbi xidməti keçdiyi yerdə axşam ümumtəhsil məktəblərində oxumaq hüququ vardır.

 Ali hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular müvafiq ali mülki və ya orta ixtisas təhsil müəssisələrini bitirmişlərə bərabər  tutulurlar.

 Ali hərbi təhsil müəssisələrini bitirən və həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra mülki təhsil müəssisələrinə müəllim və ştata uyğun hərbi  rəhbər götürülmüş hərbi qulluqçular ixtisasına görə pedaqoji institutları bitirmiş şəxslərə bərabər tutulurlar. Orta hərbi ixtisas məktəblərini  bitirən və həqiqi hərbi xidmətdən buraxılandan sonra mülki təhsil müəssisələrinə hərbi fənlər üzrə müəllim və ştata uyğun hərbi rəhbər  götürülmüş hərbi qulluqçular təhsilinə görə pedaqoji texnikum bitirmiş şəxslərə bərabər tutulurlar.

 151. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.[48]

 Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat  zəmanəti verilir.

 152. Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin digər vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlikdən əlil olmuş hərbi qulluqçular əlilliyə görə əmək pensiyası hüququna malikdirlər. Bu maddədə göstərilən şəxslərin öldüyü  və həlak olduğu hallarda onların ailələri ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququna malikdirlər. [49]

 Hərbi qulluqçulara və onların ailələrinə pensiya təminatı qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.

 Yaşına, səhhətinə və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılan və pensiya hüququ olmayan hərbi qulluqçular (müddətli  həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılan zabitlərdən başqa) bir il müddətində rütbələrinə görə maaş almaq hüququna  malikdirlər.

 Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna  görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən  edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.

 Hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq  yaradılmış başqa silahlı birləşmələrin qoşunlarında və orqanlarında həqiqi hərbi xidmətdə olduğu müddət qüvvədə olan qanunvericiliyə  uyğun olaraq onların ümumi və fasiləsiz iş stajına və ixtisas üzrə iş stajına daxil edilir.

 153. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi rütbəsindən, tutduğu vəzifədən və əvvəlki xidmətlərindən asılı  olmayaraq hərbi intizamı və ictimai asayişi pozduqlarına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin  tələblərinə uyğun törətdikləri cinayətə görə — cinayət məsuliyyəti, vurduqları  maddi zərərə görə — dövlətə vurulmuş zərərə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. [50]

İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs tətbiq edilə bilməz. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz. [51]

154. Hərbi xidmətlə bağlı olaraq hərbi qulluqçuların bəzi hüquq və azadlıqları məhdudlaşdırılır. Onlara siyasi partiya və təşkilatlarda olmaq,  onların seçkili orqan və vəzifələrə müstəqil namizədlərin xeyrinə bu və ya digər formada təbliğat aparmaq, seçkilərdə səsə qoyulmaq, tətil  elan etmək və onda iştirak etmək qadağan olunur.

 Hərbi qulluqçular vicdan azadlığına malikdirlər. Hərbi qulluqçular qanuna görə ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti  vəzifələri yerinə yetirməyə mane olan dini ayinlərdən başqa digər dini ayinləri icra edə bilərlər.

 Hərbi xidmətdə olan şəxslərin peşə, elmi-texniki, mədəni və idman cəmiyyətlərində birləşmək hüququ vardır. Təkbaşçılıq prinsipinə, ordu  qaydalarına və intizama zidd olan həmkarlar və digər təşkilatlar istisna edilir.

 Hərbi qulluqçulara xarici vətəndaşlarla nikah bağlamaq, mitinq, iclas və həmkarlar xətti ilə keçirilən mərasim və nümayişlərdə iştirak etmək  (xidməti tapşırıqlardan başqa), həmçinin xarici ölkələrə getmək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə  həyata keçirilir.

 Hərbi qulluqçuların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məxsus olan və ya onlarla bağlı olan kommersiya  təşkilatlarından başqa digər kommersiya təşkilatlarına rəhbərlik etmək və ya onlarda bilavasitə iştirak etmək ixtiyarı yoxdur.

XI fəsil

HƏQİQİ HƏRBİ XİDMƏTDƏN BURAXILMA

 155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının  Qanununa uyğun olaraq aparılır:

 a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə  yararlıdırlarsa, ehtiyata buraxılırlar;

 b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız  sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.

 Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra  edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar  və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə  əsasən buraxılmağa təqdim edilirlər.

 Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma  bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.

 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:

 a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa);

 b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar;

 v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən  müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar;

 q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda  (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

 d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları).

 Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar:

 uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə;

  hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi  qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə;

  mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə;

  qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar  olmadıqda);

  həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında»  Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda;

 e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

 ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

 j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

 157. Hərbi qulluqçular həqiqi hərbi xidmətdən istefaya buraxılırlar:

 a) yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqda;

 b) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda.

 158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən  ehtiyata, yaxud istefaya buraxılırlar:

 a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; [52]

 b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum  olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində  cəza çəkməkdən azad edilənlər.

 Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni  qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə  olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün  göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. [53]

 Bu maddənin «b» bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası çəkməkdən amnistiya ilə azad olunanlardan başqa)  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan  vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər.

 Şərti məhkum edilmiş, yaxud cəzasının icrası təxirə salınmaqla məhkum edilmiş və müvafiq birbaşa rəislər tərəfindən həqiqi hərbi xidmətdə  saxlanılan hərbi qulluqçuların davranışlarına nəzarət müəyyən edilmiş qayda ilə hərbi hissə komandirləri tərəfindən həyata keçirilir.

 Göstərilən həqiqi hərbi xidmətdə saxlanılan şəxslərin barəsində sonradan buraxılma üçün qərar verildiyi hallarda buraxılma belə icra olunur:

 sınaq müddəti, yaxud hökmün icrası başa çatanadək (hökmün çıxarıldığı gündən iki ildən çox keçməmək şərti ilə) — bu maddənin «b»  bəndi ilə şərti məhkum olunması, yaxud hökmün icrasının təxirə salınması və müttəhimin cəzasını azadlıqdan məhrum olunma kimi  çəkmək üçün göndərilməsi barədə məhkəmə qərardad çıxardıqda, bu maddənin «a» bəndi ilə;

  sınaq müddəti, yaxud hökmün icrasının təxirə salınması qurtardıqdan sonra və bundan asılı olmadan şərti olaraq, hökmün  çıxarılmasından iki il ötdükdən sonra bu Əsasnamənin 156 və 157-ci maddələrində nəzərdə tutulmuş tələblər əsasında.

 Xidməti vəzifəsini yerinə yetirərkən xəstələnmiş, yaxud xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular həmçinin sınaq, yaxud  hökmün icrasının təxirə salınma müddətləri başa çatmadan bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslara görə ehtiyata,  yaxud istefaya buraxıla bilərlər.[54]

 Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi  xidmətdən buraxıla bilməzlər.

 Qanunsuz məhkum edilməsi ilə əlaqədar həqiqi hərbi xidmətdən buraxılmış, yaxud qanunsuz surətdə cinayət məsuliyyətinə cəlb edilməsi ilə  əlaqədar vəzifəsindən azad edilmiş hərbi qulluqçular müəyyən edilmiş qayda ilə həqiqi hərbi xidmətə və tutduğu vəzifədən aşağı olmayan  vəzifəyə bərpa olunurlar.

 Törətdikləri cinayətə görə hərbi rütbələrindən məhrum olunmadan azadlıqdan məhrum edilmiş hərbi qulluqçular cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra əgər onlar bu Əsasnamənin 155-ci maddəsinin «a» bəndinin tələblərinə uyğun gəlsələr, ehtiyatda olan  hərbi qulluqçuların müvafiq heyətinin hərbi uçotuna alınırlar. [55]

 159. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarələrə və onlara tabe olan idarələrə, müəssisə və təşkilatlara  ezam edilmiş hərbi qulluqçular bu Əsasnamənin 156 və 157-ci maddələrində göstərilən əsaslarla, həmin orqanların, idarə və təşkilatların  təqdimatı ilə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar.

 160. Dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir:

 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, ali zabit heyəti — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı  tərəfindən;

  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları vaxtından əvvəl (bu Əsasnamənin 15-ci  maddəsi) səhhətlərinə görə — hərbi hissə komandiri, ona bərabər və ondan yuxarı olanlar tərəfindən, ailə vəziyyətlərinə görə isə  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər  tərəfindən;

  gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən;

  zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar.

 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış  (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi  hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar  dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. [56]

 Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır  və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı  müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

 162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)  haqqında ən azı iki fərdi söhbət aparılır.

 Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin  maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın  müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.

 Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi  xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən hərbi uçotdan  çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların  buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir.

 Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır:

 polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla:  hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən;

  korpusun (diviziyanın) idarəsində bilavasitə rəis və korpus (diviziya) komandiri və ya onun müavini tərəfindən;

  Silahlı Qüvvələr növü idarəsində — bilavasitə rəis və müvafiq qoşun (xidmət) növünün rəisi tərəfindən;

  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında — bilavasitə rəis və idarə (şöbə, xidmət) rəisi tərəfindən;

  polkovniklərlə — bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları, Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən;

  general və admirallarla — bilavasitə rəis və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən.

 Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər.

 Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət  aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir.

 İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi  qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər  səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir.

 Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə  tikilir və saxlanılır.

 Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilir.

 163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında  başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir.  Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə  aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər:

 həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər.  ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər.

 Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan  və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər.

 Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası  Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri  aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir.

 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa,  hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası  və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı  rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara (müddətli  həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi geyim formasını daşımaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən  verilir.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qüsursuz xidmətlərinə görə buraxılan hərbi qulluqçulara buraxılma barədə şəxsi heyət üzrə  əmrlərdə və digər rəislərin əmrlərində təşəkkür elan olunur, fərmanla təltif olunur, təbriknamələr və digər mükafatlandırma tədbirləri yerinə  yetirilir.

 Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular buraxılma gününə kimi müəyyən edilmiş bütün təminat növləri ilə təmin olunurlar.  Onlara Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda  birdəfəlik və işdənçıxarma müavinəti verilir.

 Yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə  tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir.

 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.

 Müsbət attestasiya olunub ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular üçün işlərini və vəzifəsini təhvil verdikdən sonra aşağıdakı  şəkildə təntənəli yola salma mərasimi keçirilir:

 həqiqi hərbi xidmətdən buraxılan bölmə, hərbi hissə və birləşmə komandirlərini, habelə müddətli həqiqi hərbi xidmət hərbi  qulluqçularını — hərbi bölmə komandirlərinin təntənəli yola salınması qaydası barədə göstərişə uyğun olaraq şəxsi heyətin düzülməsi  ilə (16 saylı əlavə);

  həqiqi hərbi xidmətdən buraxılan digər hərbi qulluqçulara — hərbi hissənin şəxsi heyətinin iclasında.

 Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza  tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər  verilir.

 Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün  Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud  digər orqanlara göndərilir.

 Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və  daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir.

 Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən  korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı  aparmaq üçün göndərilir.

 Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan  Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti  orqanının əmri ilə elan edilir.

 166. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin  şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi  qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz.

 167. Ölən, həlak olan, xəbərsiz itkin düşən, hərbi əməliyyatlarla bağlı itkin düşən, habelə hərbi rütbədən məhrum edilən hərbi qulluqçular  «Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin Uçotu haqqında Təlimat»la müəyyən edilmiş qaydada Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılır. Dinc dövrdə xəbərsiz itkin düşmüş və hərbi əməliyyatlar zamanı itkin  düşmüş hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısından çıxarılması korpus (diviziya)  komandirinin, Silahlı Qüvvələr növlərinin komandanlarının, mərkəzi tabelikdə olan bölmələrin və hərbi hissələrin komandirlərinin,  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, idarə, müstəqil şöbə (xidmət) rəislərinin vəsatəti əsasında hərbi qulluqçunun  yoxa çıxması haqqında məlumatın alınmasından 3 ay gec olmayaraq onun xəbərsiz yoxa çıxmasının səbəblərinin və şəraitin təhqiqatının  nəticələrinə görə müvafiq icra hakimiyyəti orqanının əmri ilə həyata keçirilir.

 Əgər hərbi qulluqçu:

 a) Azərbaycan Respublikasının müdafiəsi zamanı və ya başqa hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində;[57]

 b) hərbi əməliyyatlarda iştirak edən birləşmələrin və birliklərin tərkibinə daxil olan hərbi hissələrdə, qərargahlarda və ya idarələrdə  hərbi xidmətkeçmə zamanı xəstələnmə nəticəsində;

 v) «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən hallarda hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində həlak olmuşsa (ölmüşsə), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının  siyahısından çıxarılma barədə əmrdə, hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrası ilə bağlı ölümünün səbəbləri göstərilir. [58]

 Əmlak və ya digər mülki hüquq məsələlərinin həllinə ehtiyac olduqda, hərbi qulluqçunun məhkəmə qaydasında xəbərsiz itkin düşmüş və ya  ölmüş elan olunması Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

 Törətdiyi cinayətə görə hərbi rütbədən məhrum edilməklə məhkum olunmuş hərbi qulluqçular məhkəmənin qanuni qüvvəyə minmiş  hökmünün icrası barədə sərəncamı hərbi hissəyə daxil olduğu andan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının  siyahısından çıxarılırlar. [59]

 168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə  əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə  əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

XII fəsil


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin