«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə



Yüklə 0,95 Mb.
səhifə5/12
tarix28.01.2017
ölçüsü0,95 Mb.
#6550
1   2   3   4   5   6   7   8   9   ...   12

MƏZUNİYYƏTLƏR

 114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir:

 a) növbəti məzuniyyət;

 b) qısa müddətli məzuniyyət;

 v) xəstəliyə görə məzuniyyət;

 q) tədris-təlimi zamanı məzuniyyət;

 d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət;

 e) tədris məzuniyyəti;

 y) yaradıcılıq məzuniyyəti;

 z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər;

 i) əlavə məzuniyyət.

 115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi)  komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir.  Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.

 Komandirlər (rəislər) məzuniyyət verərkən hərbi hissələrin, birləşmələrin və idarəetmə orqanlarının daimi döyüş hazırlığının saxlanılması  zərurətini nəzərə almalıdırlar.

 Hərbi təhsil müəssisələrinin, elmi-tədqiqat müəssisələrinin, mülki təhsil müəssisələrinin hərbi və hərbi-dəniz kafedralarının (şöbələrinin,  bölmələrinin), hərbi qulluqçularına mülki nazirlik, idarə və təşkilatlara ezam olunmuş hərbi qulluqçulara və həmçinin adyunktlara  məzuniyyət bütün hərbi qulluqçulara aid olan ümumi əsaslarla verilir. İşi istintaqda və məhkəmədə olan hərbi qulluqçulara hər hansı işə  görə, habelə zərər çəkən, şahid, ekspert kimi cəlb olunanlara məzuniyyət yalnız müvafiq istintaq və məhkəmə orqanlarının razılağı ilə verilə  bilər.

 116. Hərbi qulluqçuların növbəti, qısa müddətli, təhsil, habelə xəstəliyə və hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyətlər  verildikdə, müəyyən edilmiş məzuniyyət müddətindən əlavə məzuniyyət yerinə gedib-gəlmək müddəti də 3 gündən çox olmamaq şərti ilə  verilir.

 Hərbi qulluqçunun məzuniyyəti keçirmə yerinə gedib-gəlməsi üçün əlavə olunan müddət ona hansı nəqliyyat növündə getmək üçün pul  verilibsə, həmin nəqliyyat növünün hərəkət cədvəli ilə hesablanır.

 Əgər hərbi qulluqçu məzuniyyət yerinə hava nəqliyyatı ilə gedibsə və ona əlavə müddət digər nəqliyyat üçün hesablanıbsa, onda o xidmət  yerinə hava nəqliyyatı üçün sərf etdiyi müddət hesabı ilə qayıtmalıdır.

 Məzuniyyət yerinə şəxsi nəqliyyatda gedilərsə, onda gedib gəlmək üçün əlavə müddət hərbi qulluqçunun hansı nəqliyyat növündə pul almaq  hüququ varsa, həmin nəqliyyat növünün cədvəli ilə verilir.

 Dəmir yol nəqliyyatı olduğu halda, məzuniyyət yerinə su nəqliyyatı ilə gedirlərsə, onda gediş-gəliş üçün əlavə müddət dəmir yolunun cədvəli  ilə hesablanır.

 Məzuniyyət bir neçə məntəqədə keçirilərsə, hərbi qulluqçuya əlavə müddət xidmət yerindən bu məntəqələrdən birinə gedib-gəlmək üçün  verilir.

 Məzuniyyət turist putyovkaları üzrə keçirilərsə, gediş üçün müddət xidmət yerindən turist marşrutunun başladığı məntəqəyə kimi, geriyə isə  turist marşrutunun axırıncı məntəqəsindən xidmət yerinə kimi verilir.

 117. Məzuniyyətin keçirildiyi yerə çatan kimi hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri  Nizamnaməsində nəzərdə tutulduğu qaydada hərbi uçota durmalı, qayıdanda isə uçotdan çıxmalıdırlar.

 Yolda, ya da məzuniyyətin keçirildiyi yerdə hərbi qulluqçu məzuniyyət biletini (vəsiqəsini) itirdiyi halda, bu barədə ən yaxında yerləşən  dəmir yolu (su) sahəsi (stansiya, liman, port) hərbi komendantına, torpaq yolla hərəkət edərsə qarnizon komendantına, hərbi komissarlığa,  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, habelə məzuniyyətin keçirildiyi yerdə qarnizon komendantına (hərbi  komissara) məlumat verməlidir.

 Qarnizon komendantı (hərbi komissar) uçot məlumatı əsasında, məlumatların olmadığı təqdirdə isə hərbi qulluqçunun şəxsiyyəti  müəyyənləşdiriləndən sonra ona hərbi qulluqçunun məzuniyyətdə olmasının qanuniliyini təsdiq edən arayış verir və bu barədə hərbi  qulluqçunun xidmət yeri üzrə hərbi hissə komandirinə xəbər verir, hərbi qulluqçunun xidmət yerinə vaxtında qayıtmasına nəzarət edir.

 118. Məzuniyyət aşağıdakı hallarda uzadıla bilər:

 a) nəqliyyatın hərəkətində fasilə yaradıldıqda və ya hərbi qulluqçunun xəstəliyinə görə məzuniyyət yerinə gec çatdıqda. Bu zaman  dəmir yolu və su nəqliyyatı ilə hərəkət edərkən yaxınlıqdakı dəmir yolu (su) sahəsi (stansiya, liman, port) hərbi komendantı, torpaq  yolla gedərkən isə qarnizon komendantı, hərbi komissarlıq, yerli bələdiyyə orqanı tərəfindən faktiki gecikmə müddəti məzuniyyət  biletində (vəsiqəsində) qeyd edilməli və ya gecikmənin səbəbi barədə ayrıca arayış verilməlidir;

 b) hərbi qulluqçunun ailəsi yanğına və ya təbii fəlakətə məruz qaldıqda, ailə üzvlərinin (ata, ana, arvad, uşaqlar, qardaşlar, bacılar) və  tərbiyəsi altında olduğu başqa şəxslərin ölümü və ağır xəstələnməsi ilə bağlı — 7 günə qədər;

 v) nəqliyyatın hərəkətində fasilə yarandıqda və ya hərbi qulluqçunun xəstəliyi üzündən məzuniyyət keçirildiyi yerdən geri qayıtmağa  maneçilik yarandıqda — həmin maneçiliyin aradan qaldırılmasına lazım olan müddət. Məzuniyyət hərbi qulluqçunun məzuniyyət  keçirdiyi yerdə qarnizon komendantı və ya hərbi komissar tərəfindən ləngimənin səbəbləri araşdırıldıqdan sonra uzadıla bilər.

 Gecikmənin səbəbləri və müddəti barədə qarnizon komendantı (hərbi komissar) dərhal hərbi qulluqçunun məxsus olduğu hərbi hissənin  komandirinə məlumat verir və hərbi qulluqçunun məzuniyyət biletində (vəsiqəsində) bu barədə qeydlər edir.

 Müəyyən edilən vaxtda məzuniyyətdən geri qayıtmayan və gecikmənin səbəbləri barədə məlumat verilməyən hərbi qulluqçu barədə hərbi  hissə komandiri dərhal hərbi qulluqçunun məzuniyyət keçirdiyi yerin qarnizon komendantına (hərbi komissara) sorğu göndərir.

 Hərbi qulluqçu məzuniyyəti keçirəcəyi yerə gəlib çıxmayıb və ya oradan öz hərbi hissəsinə vaxtında yola düşüb cavabı alınarsa, hərbi hissə  komandiri müəyyən edilmiş qaydada axtarış təşkil edir.

 119. Hərbi vəziyyət, səfərbərlik elan edildikdə, bu Əsasnamənin 114-cü maddəsinin «v» və «z» bəndləri üzrə məzuniyyət almış hərbi  qulluqçular istisna olmaqla məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz hərbi hissələrinə qayıtmalıdırlar. Əgər hərbi hissə öz əvvəlki  yerini dəyişibsə, hərbi qulluqçular yaxınlıqda yerləşən hərbi komendaturaya və ya hərbi komissarlığa gəlməlidirlər.

 Xəstəliyə görə məzuniyyətdə olanlar hərbi komissarlığa gəlib yenidən müayinədən keçməlidirlər, səhhətinə görə gələ bilmədikdə isə müalicə  edən həkimin arayışı ilə birlikdə yazılı xəbər göndərməlidirlər.

 120. Növbəti məzuniyyət aşağıdakılara verilir:

 a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün;

 b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün;

 v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün;

 q) zabitlərə — hər təqvim ili üçün 45 gün.

 Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir.

 Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi  xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.

 121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət  verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün  məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri  təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə  edə bilsinlər.

Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.[32]

 122. Xidməti zərurət olduqda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ümumi  müddət çərçivəsində 2 dəfəyə verilə bilər.

 Əlavə məzuniyyət almaq hüququ olan hərbi qulluqçuların (bu Əsasnamənin 136-cı maddəsi) bu məzuniyyəti onların növbəti məzuniyyəti ilə  cəmlənərək birlikdə verilir. Bu zaman uşağının 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətdə olan qadın hərbi  qulluqçulara verilən əlavə məzuniyyət istisna olmaqla məzuniyyətin ümumi müddəti 60 gündən artıq olmamalıdır. Xidmət üzrə  yerdəyişmələrə görə əlavə məzuniyyət hüququnu itirən hərbi qulluqçulara növbəti məzuniyyət yerdəyişmə haqqında əmr hərbi hissəyə daxil  olandan sonra yeni xidmət yerində (yeni vəzifəsinə görə) ümumi əsaslarla verilir. Bu halda birləşdirilmiş məzuniyyətdən istifadə etməmiş  hərbi qulluqçulara ötən il üçün növbəti məzuniyyət xidmət yerini dəyişənə qədər ala biləcəkləri məzuniyyət müddəti qədər verilir.

 Üzürsüz səbəblərə görə xidmətə çıxmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti  məzuniyyət xidmətə çıxmadığı günlərin sayı qədər azaldılır. Belə olduqda növbəti məzuniyyət 15 gündən az olmamalıdır.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti məzuniyyət 5 gündən artıq olmayaraq onların hauptvaxtda olduqları müddət  qədər azaldıla bilər.

 Növbəti məzuniyyətin azaldılması barədə qərarı məzuniyyət vermək hüququ olan komandir (rəis) qəbul edir. Bu qərar nizami hissə üzrə  əmrlə rəsmiləşdirilir və hərbi qulluqçunun imzası alınmaqla ona elan edilir.

 Hərbi qulluqçunun hərbi hissəni dəyişdiyinə görə növbəti məzuniyyətdən istifadə etməməsi haqqında arayış onun şəxsi işi ilə birlikdə hərbi  qulluqçunun yeni xidmət yerinə göndərilir.

 123. Həqiqi hərbi xidmətə ehtiyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi  qulluqçularından başqa) hərbi xidmətə qəbul edildikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) məzuniyyətin  müddəti aşağıdakı kimi hesablanır:

 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət etdiyi hər tam ay üçün — 2,5 gün;

  gizirlərin və miçmanların xidmət etdikləri hər tam ay üçün — 3,0 gün;

  zabitlərin xidmət etdikləri hər tam ay üçün — 3, 75 gün.

 Bu zaman 10 gün və artıq növbəti məzuniyyətə hüququ olan hərbi qulluqçulara məzuniyyətin keçiriləcəyi yerə gedib-gəlmək üçün yol xərci  verilir və yola sərf olunacaq müddət məzuniyyətə əlavə olunur. 10 gündən az olan məzuniyyət hərbi qulluqçunun arzusu ilə növbəti ildə  növbəti məzuniyyətlə birlikdə verilə bilər.

 124. Ştatlı vəzifə tutmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət verilərkən  növbəti məzuniyyətin müddəti hərbi qulluqçuların müvafiq komandirlərin (rəislərin) sərəncamında olduğu ümumi müddətdən çıxılır.

 Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata, yaxud  istefaya göndərilməklə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması növbəti məzuniyyət bitdikdən sonra işlərin və  vəzifənin təhvil-təsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir.

 125. Hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi aşağıdakılar tərəfindən müəyyən edilir:

 Müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxslərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

  Müvafiq icra hakimiyyəti orqanının müvafiq vəzifəli şəxslərinə Silahlı Qüvvələr növlərinin, Qoşun növlərinin komandanlarına  (rəislərinə), Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına bilavasitə tabe olan idarə, müstəqil şöbə, xidmət rəislərinə,  korpus, diviziya komandirlərinə, həmçinin onların müavinlərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

  Silahlı Qüvvələr növlərinin, qoşun növlərinin əlahiddə bölmələrinin, hissə və birləşmələrinin komandirlərinə — Silahlı Qüvvələr  növlərinin, Qoşun növlərinin komandanları;

  Mərkəzi tabelikdə olan əlahiddə hissələrin və bölmələrin komandirlərinə, həmçinin onların müavinlərinə — onların tabe olduqları  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Qoşun növlərinin, idarə, müstəqil şöbə, xidmət komandanları  (rəisləri);

  alay (briqada) komandirlərinə və onların müavinlərinə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə  diviziya (korpus) komandirləri;

  qalan hərbi qulluqçulara — hərbi hissələrin komandirlərindən başlayaraq birbaşa rəislər, onlara bərabər və onlardan yuxarı  səlahiyyətə malik olanlar.

 126. Hərbi hissə və bölmələrdə yanvar ayının birinə kimi yeni il üçün hərbi qulluqçuların növbəti məzuniyyətləri planı tutulur və hərbi  qulluqçuların müvafiq kateqoriyalarına məzuniyyət vermək səlahiyyəti olan rəis tərəfindən təsdiq olunur və şəxsi heyətə elan edilir.

 Hərbi qulluqçulara növbəti məzuniyyətlər bütün təqvim ili boyu bərabər şəkildə hər ay hərbi hissə hərbi qulluqçularının 10 — 12 faizinin  məzuniyyətdə olması hesabı ilə verilir.

 Məzuniyyət vermək səlahiyyəti olan rəislər hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına döyüş hazırlığının (tapşırığın yerinə yetirilməsinin)  gərgin dövründə məzuniyyətlərin aylıq normasını azalda bilər və eləcə də ilin başqa vaxtında bu normaları artıra bilər. Hərbi təhsil müəssisələrində daimi heyətdən olan hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinin aylıq norması təhsil müəssisələrinin rəisləri  tərəfindən müəyyən edilir.

 Döyüş əməliyyatlarında, habelə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidmətin digər vəzifələrini yerinə yetirərkən  xəsarət (yaralanma, travma, kontuziya) almış və ya şikəst olmuş hərbi qulluqçulara növbəti məzuniyyətdən ilin istənilən münasib vaxtında istifadə etmək hüququ  verilir.[33]

 Müvafiq qurumlar təsdiq olunmuş plan əsasında hərbi qulluqçulara növbəti məzuniyyətlərin verilməsinə daimi nəzarət etməli və bu barədə  müvafiq komandirə (rəisə) məlumat verməlidirlər. İlin əvvəlində korpus (diviziya), Silahlı Qüvvələr növünün müvafiq qurumu keçən ildə  növbəti məzuniyyətə getməyənlər və onların səbəbləri barədə məlumatları ümumiləşdirir və yanvarın 10-na kimi korpus (diviziya)  komandirinə, qoşun növü komandanına yeni ilin birinci rübündə həmin hərbi qulluqçulara növbəti məzuniyyətin verilməsi barədə öz  təkliflərini verir. Korpus (diviziya), Silahlı Qüvvələr növü komandanının qərarı hərbi qulluqçuları növbəti məzuniyyətə getməmiş hərbi  hissələrin komandirlərinə çatdırılır.

 127. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ərzində xəstələnərlərsə, onlar  sağaldıqdan sonra məzuniyyətin müddəti istifadə edilməmiş günlərin sayı qədər artırılır. Bu halda məzuniyyətin müddəti onu verən rəis  tərəfindən uzadılır.

 128. Hərbi qulluqçunun növbəti məzuniyyətdən geri çağırılmasına xüsusi əhəmiyyətli xidməti zərurət yarandıqda, korpus (diviziya)  komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəisin icazəsi ilə yol verilə bilər. Növbəti məzuniyyətdən geri çağırılanda onun istifadə  olunmamış hissəsi adətən cari ildə verilir. Bu vaxt əgər məzuniyyətin istifadə olunmamış hissəsi 10 gün və artıq olarsa, onda geri çağırıldığı  məntəqədən uzaq olmamaq şərti ilə məzuniyyət yerinə getməyə və qayıtmağa pul verilir və yola sərf olunan günlər məzuniyyətə əlavə edilir.

 129. 10 günədək qısa müddətli məzuniyyətlər dinc və müharibə dövründə hərbi qulluqçulara həvəsləndirmə qaydasında (dinc dövrdə yalnız  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) və ailə vəziyyətinə görə verilir.

 Qısa müddətli məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir.

 Dinc dövrdə qısa müddətli məzuniyyətlər həvəsləndirmə qaydasında müddətli həqiqi hərbi xidmət zamanı əsgər, matros və çavuşlara bir  dəfə verilə bilər.

 Müharibə dövründə qısa müddətli məzuniyyət bu Əsasnamənin 194-cü maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuların bütün  kateqoriyalarına verilə bilər.

 Dinc və müharibə dövründə ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət aşağıdakı hallarda verilə bilər:

 a) hərbi qulluqçuların ailə üzvlərinin (atası, anası, arvadı, əri, uşaqları, qardaşları, bacıları) və himayəsində olduğu digər şəxslər ağır  xəstələndikdə və vəfat etdikdə;

 b) hərbi qulluqçunun ailəsi yanğın və ya təbii fəlakət hallarına məruz qaldıqda;

 v) hərbi hissə komandirinin rəyinə görə hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olduğu digər xüsusi hallarda.

 Ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə hərbi komissarlıq və ya yerli bələdiyyə  orqanı, ya da müalicə müəssisəsi tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.

 Sənədlər məzuniyyət barədə vəsatət qaldırıldığı zaman və ya heç olmasa məzuniyyətdən qayıtdıqdan sonra təqdim olunmalıdır.

 130. Dinc və müharibə dövründə xəstəliyə görə məzuniyyət hərbi qulluqçuya hərbi-həkim komissiyasının rəyinə görə verilir.

 Xəstəliyə görə məzuniyyətin müddəti xəstəliyin xarakterinə görə müəyyənləşdirilir. Qüvvədə olan qanunvericiliyə görə bəzi xəstəliklərlə bağlı  daha uzun müddətli müalicələrin nəzərdə tutulması halları istisna olmaqla dinc dövrdə fasiləsiz olaraq müalicə müəssisələrində və xəstəliyə  görə məzuniyyətdə olmaq bütünlükdə 6 aydan artıq olmamalıdır. Bu müddət müalicə müəssisəsinin rəyi əsasında korpus (diviziya)  komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəislərin qərarı ilə uzadıla bilər. Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq müddəti  bitəndən sonra hərbi qulluqçunun hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək üçün o, hərbi-həkim komissiyasında yenidən  müayinədən keçməlidir.

 Xəstəliyə görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir.

 Hərbi qulluqçuların müalicə müəssisələrində müalicə olunduğu və xəstəliyə görə məzuniyyətdə olduğu (6 aydan artıq olmamaq şərti ilə)  zaman ehtiyata və ya istefaya buraxılması həyata keçirilmir.

 Müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim  komissiyasında yenidən müayinədən keçməsi barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya hərbi uçotdan  çıxarılmaqla hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar.

 Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin başqa tapşırıqlarının icrası zaman xəsarət (yaralanma, travma, kontuziya) almış və ya şikəst olmuş, ya  da Azərbaycan Respublikasının müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların hərbi xidmətə yararlılığı barədə hərbi-həkim  komissiyasının müayinəsi yalnız müalicə müəssisəsində müalicə başa çatdıqdan sonra həyata keçirilir.[34]

 Dinc dövrdə vərəm xəstəliyinə tutulduqda hərbi qulluqçunun müalicədə və xəstəliyə görə məzuniyyətdə olma müddəti 12 aydan artıq ola  bilməz.

 Hərbi qulluqçunun hər hansı səbəb üzündən xəstəliyə görə məzuniyyəti hərbi hissədən kənarda keçirə bilmədiyi hallarda o, məzuniyyət  dövründə bütün məşğələlərdən və xidmət naryadlarından azad edilmək şərti ilə hərbi hissədə saxlanıla bilər.

 Gəmilərin hərbi qulluqçuları (yalnız müddətli və müddətdən artıq həqiqi hərbi xidmətin hərbi qulluqçuları) belə hallarda əlahiddə donanma  komandasının, ekipajının, yarım ekipajının dəyişən heyətinin siyahısına salınır (gəminin siyahısından çıxarılmamaq şərti ilə). Onların  olmadığı yerlərdə isə hərbi dəniz qüvvələri komandanının sərəncamı ilə sahil hissələrindən birinə yerləşdirilir və bütün təminatlarla təmin  edilirlər.

 Hərbi qulluqçular həqiqi hərbi xidmətdən buraxılarkən onlara xəstəliyə görə məzuniyyət verilmir (müddətli həqiqi hərbi xidmət hərbi  qulluqçularının xidmət müddətinin başa çatmasına iki aydan az qalıbsa onlar ehtiyata buraxılırlar).

 Müharibə dövründə xəstəliyə görə məzuniyyət bu Əsasnamənin 195-ci maddəsinin tələblərinə uyğun olaraq verilir.

 131. Hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçulara tədris məşğələlərində fasilə zamanı tədris planı ilə müəyyən edilmiş müddətə  tətil məzuniyyətləri verilir.

 Tədris tətil məzuniyyətləri növbəti məzuniyyətin hesabına daxil edilmir.

 132. Hərbi təhsil  müəssisəsini bitirdiyinə görə ilk zabit rütbəsi verilmiş şəxslərə xidmət yerinə göndərilməzdən əvvəl 30 gün müddətinə  məzuniyyət verilir (ali hərbi təhsil müəssisəsini, hərbi akademiyanı bitirmiş zabitlərə — 45 gün).

 Mülki ali və orta ixtisas təhsili müəssisəsini bilavasitə bitirdikdən sonra həqiqi hərbi xidmətə qəbul edilmiş zabitlərə məzuniyyət bu maddənin  tələbləri əsasında hərbi təhsil müəssisələrini bitirib ilk zabit rütbəsi almış zabitlərə olduğu kimi ümumi əsaslarla verilir. Bu məzuniyyətlər,  habelə mülki ali və orta ixtisas təhsili müəssisələrini bitirəndən sonra həqiqi hərbi xidmətə qəbul edilən zabitlərə verilən məzuniyyət cari il  üçün verilən növbəti məzuniyyətin hesabına daxil edilir. [35]

 133. Tədris məzuniyyətləri mülki ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsinə təhsil almağa icazəsi olan (bu  Əsasnamənin 150-ci maddəsi) və qiyabi adyunkturada təhsil alan hərbi qulluqçulara verilir. Elmi dərəcə almaq üçün elmi iş hazırlayanlara  yaradıcılıq məzuniyyəti verilir (bu Əsasnamənin 134-cü maddəsi). [36]

 Tədris məzuniyyətləri növbəti məzuniyyətin hesabına daxil edilmir.

 Tədris məzuniyyətləri aşağıdakı hərbi qulluqçulara verilir:

 a) qəbul imtahanlarına hazırlaşmaq üçün icazəsi olan hərbi qulluqçulara:

 ali təhsil müəssisələrinə — 15 təqvim günü müddətində;

  orta ixtisas təhsili müəssisələrinə — 10 təqvim günü müddətində.

 Korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəis tərəfindən verilmiş arayış-icazə (arayış-icazənin forması Azərbaycan  Respublikası Silahlı Qüvvələrində kargüzarlıq və xidməti yazışma haqqında Təlimatla müəyyən edilmişdir) hərbi qulluqçu üçün ali mülki və  orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsinə qəbul imtahanları vermək üçün tədris məzuniyyətinə hüquq verən sənəd hesab edilir;

 b) adyunkturaya hazırlaşmaq və qəbul imtahanlarını vermək üçün icazəsi olanlara:

 qəbul imtahanlarına buraxılanlara — 30 təqvim günü;

  namizədlik imtahanını qismən verməklə daxil olanlara və müvafiq imtahanları verməkdən azad olanlara qalmış hər bir imtahan  üçün — 10 təqvim günü.

 Adyunkturaya qəbul imtahanları verməyə tədris məzuniyyəti almaq üçün hüquq verən sənəd ali təhsil və ya elmi tədqiqat müəssisəsinin  rəisinin imzası ilə qəbul imtahanlarına buraxılmaq barədə göndərilən bildiriş vərəqəsidir;

 v) ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində, qiyabi adyunkturada təhsil alanlara: [37]

 1-ci və 2-ci kurslarda təhsil alanlara istiqamətverici dərsləri keçmək, laboratoriya işlərini yerinə yetirmək, imtahan və zaçotları  vermək üçün;

  ali tədris müəssisələrinin axşam şöbəsində təhsil alanlara hər il 20 təqvim günü; [38]



  orta ixtisas məktəblərinin axşam şöbəsində təhsil alanlara — hər il 10 təqvim günü;

  ali və orta ixtisas müəssisələrinin qiyabi şöbələrində təhsil alanlara — hər il 30 təqvim günü.

 Üçüncü və yuxarı kurslarda təhsil alanlara laboratoriya işlərini yerinə yetirmək, zaçot və imtahanları vermək üçün:

 ali tədris müəssisələrinin axşam şöbəsində təhsil alanlara — hər il 30 təqvim günü;

  orta ixtisas məktəblərinin axşam şöbəsində təhsil alanlara hər il 20 təqvim günü;

  ali və orta ixtisas məktəblərinin qiyabi şöbəsində təhsil alanlara hər il 40 təqvim günü;

  ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində dövlət imtahanlarının verilməsi üçün 30 təqvim günü;

 Diplom layihəsinin (işinin) hazırlanması və müdafiəsi üçün:

ali təhsil müəssisələrinin qiyabi şöbəsində - 4 ay;

       orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində - 2 ay;[39]

  adyunkturanın qiyabi şöbəsində namizədlik imtahanlarının verilməsi və dissertasiyaya aid işlərin yerinə yetirilməsi üçün — ildə 30  təqvim günü. Adyunkturada oxuyarkən hərbi qulluqçuya istirahət və iş günü hesab edilməyən bayram günlərindən başqa həftədə 1 sərbəst gün və 2 sərbəst  axşam (saat 18.00-dan sonra) verilir (hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilir və ondan çıxarış adyunktun oxuduğu ali məktəbə  və ya elmi-tədqiqat müəssisəsinə göndərilir); [40]

 q) ali və orta ixtisas məktəbləri nəzdindəki hazırlıq kurslarında oxuyanlara buraxılış imtahanlarının verilməsi üçün 15 təqvim günü.

 134. Elmi dərəcə almaq üçün çalışan hərbi qulluqçulara aşağıdakı müddətə yaradıcılıq məzuniyyəti verilir;

 elmlər doktoru elmi dərəcəsi almaq üçün çalışanlara — 6 ay;

  fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün çalışanlara 3 ay. [41]

 Yaradıcılıq məzuniyyəti xidməti fəaliyyətin elmi işlə müvəffəqiyyətlə əlaqələndirilməsi şərti ilə ali təhsil və elmi tədqiqat müəssisəsinin elmi  şurasının təklifi və Silahlı Qüvvələr, qoşun növü komandanlarının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının idarə,  müstəqil şöbə və xidmət rəislərinin onlara bərabər və onlardan yuxarı olan şəxslərin razılığı ilə elmi iş müəllifinin xidmət etdiyi hərbi hissə  komandiri tərəfindən verilir.

 135. Hamiləliyə və doğuşa görə məzuniyyət pul və natural təminatı saxlanılmaqla, habelə qüvvədə olan qanunvericilik əsasında bilavasitə  uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli  məzuniyyət almaq hüququna malikdirlər. Bundan başqa onlara öz arzuları ilə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə  tutulmuş uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyətlər verilir.

 Qismən ödənilən və uşağa qulluq etmək üçün pulsuz və natural təminatsız əlavə məzuniyyətlər verildikdə, hərbi hissə komandirinin ona  bərabər və ondan yuxarı olanların əmri ilə qadın hərbi qulluqçu tutduğu vəzifədən azad edilir və hərbi hissə komandirinin sərəncamına  keçirilir. Bu məzuniyyətlər qurtardıqdan sonra qadın-hərbi qulluqçuya onun əvvəlki vəzifəsi, yaxud ona bərabər vəzifə verilir (bu  məzuniyyətlər zamanı öhdəlik müddəti bitən qadın hərbi qulluqçular istisna olmaqla).

 Qadın hərbi-qulluqçulara hamiləliyə və doğuşa görə məzuniyyətlər onların raportları və müvafiq tibb müəssisələrinin arayışları əsasında  doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü (qeyri-normal doğuş, yaxud iki və daha çox uşaq doğulduqda 70  təqvim günü) müddətində məzuniyyət verilir.

 Əgər hamiləliyə görə xidməti vəzifələrinin icrasından azad edildiyi gündən doğuş gününə kimi doğuşdan əvvəl müəyyən edilmiş məzuniyyət  günlərinin sayından çox, yaxud az gün keçibsə, onda pul və natural təminat faktiki olaraq doğuşdan əvvəl verilmiş məzuniyyətin faktik  istifadə olunan günlərinin sayından asılı olmayaraq ödənilir. Doğuşaqədər məzuniyyətin artırılması, yaxud əksinə tam istifadə olunmaması  doğuşdan sonrakı məzuniyyət müddətinə təsir etmir.

 Doğuşdan sonrakı məzuniyyət doğuş günü də daxil edilməklə doğuş günündən hesablanır.

 Qadın hərbi qulluqçulara qismən ödənilən və əlavə məzuniyyət onların arzusu ilə tam və hissə-hissə verilir. Qadın hərbi qulluqçunun verilmiş  məzuniyyət müddəti bitənə qədər də öz xidməti vəzifələrinin icrasına başlamaq hüququ vardır. Bu məzuniyyətlərin müddəti hərbi  qulluqçuların müvafiq heyətlərinin vəzifələrdəki xidmət illərinə, eləcə də pensiya üçün xidmət illərinə əlavə edilmək məqsədilə hesablanır.

 Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Qadın-hərbi qulluqçulara öz arzuları ilə hamiləliyə və  doğuşa görə məzuniyyətdən qabaq, yaxud bilavasitə ondan sonra cari il üçün növbəti məzuniyyət verilir.

 Uşağa xidmət üçün məzuniyyətin qurtardığı ildə növbəti məzuniyyət, bu məzuniyyətin qurtardığı gündən təqvim ilinin sonuna qədər  mütənasib surətdə hesablanır və bu Əsasnamənin 123-cü maddəsinin tələbləri nəzərə alınmaqla ilə təqdim edilir.

 136. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən  başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir:

 a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü;

 b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim  günü, hər il 15 təqvim günündən artıq olmamaqla;

 v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) — hər il 15 təqvim günü.

 Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət  xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər.

 Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir.

IX fəsil


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin