Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 24,24 Kb.
tarix16.03.2017
ölçüsü24,24 Kb.
#11593


Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir.



Maddə 1. Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilik

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.



Maddə 2. Sığorta olunanlar

Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.



Maddə 3. Sığortaçı

Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır.



Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının minimum miqdarı

Bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.

Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.



Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə sığorta məbləğinin və haqqının miqdarı artırıla bilər.

Maddə 5. Sığorta hadisələri və ödənişləri

Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:

a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;

b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;

c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;

ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:

  • I qrup əlilliyə görə — 80 faiz;

  • II qrup əlilliyə görə — 60 faiz;

  • III qrup əlilliyə görə — 40 faiz;

d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən:

  • ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz;

  • yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.

Maddə 6. Sığortanın aparılması qaydası

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcədəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.



Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.

Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir.



Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.

Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.

Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.

Maddə 7. Sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər

Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:

a) həlak olması (ölüm) halında;


  • sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti;

  • vərəsəlik hüququnu təsdiq edən sənəd;

  • sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması , xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;

b) əlillik halında:

  • əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının notariat qaydasında təsdiq edilmiş surəti;

  • hərbi bilet (yaxud onu əvəz edən sənəd);

  • sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti;

c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:

  • xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı;

ç) hərbi qulluqçunun səhhətinin pozulmasına görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edilməsi halında:

  • xəstəlik vərəqəsindən çıxarış;

  • hərbi bilet (yaxud onu əvəz edən sənəd).

Müvafiq icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin hərbi hissələri, müəssisə, təşkilat və idarələri, hərbi təhsil müəssisələri sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta olunanlara, yaxud onların vərəsələrinə kömək etməlidirlər.

Sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır.

Maddə 8. Sığorta ödənişinin verilməsindən imtina

Sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta olunanın sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta olunan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda.

Maddə 9. Nəzarət və məsuliyyət

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına müvafiq icra hakimiyyəti orqanları və dövlət sığorta orqanı nəzarət edirlər.

Bu Qanunun müddəalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 10. Vergitutma

Dövlət sığorta orqanlarına ödənilmiş sığorta haqları məbləğindən (sığorta xidmətlərinin göstərilməsindən alınan mənfəətdən başqa) və sığorta edilənlərə verilmiş sığorta ödənişlərindən vergi tutulmur.

Maddə 11. Mübahisələrə baxılması qaydası

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir .



Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 20 may 1997-ci il

296-IQ



«Azərbaycan» qəzetində dərc edilmişdir (02 avqust 1997-ci il, № 163) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (30 noyabr 1997-ci il, № 5, maddə 399) («VneshExpertService» LLC).

23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 24 iyun 2005-ci il tarixli, 948-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 978-IIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 169-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 618-IIIQD nömrəli; 2 oktyabr 2008-ci il tarixli, 699-IIIQD nömrəli; 21 dekabr 2010-cu il tarixli, 38-IVQD nömrəli; 3 dekabr 2013-cü il tarixli, 832-IVQD nömrəliQanunlara əsasən əlavələr və dəyişikliklərlə («VneshExpertService» LLC).

© VneshExpertService LLC
Yüklə 24,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin