Hər gün ömürdən gedir



Yüklə 257,09 Kb.
səhifə3/5
tarix23.02.2017
ölçüsü257,09 Kb.
#9393
1   2   3   4   5

Seyfəl köhnə həyatı yada salan bu cür nizamsız, gur yerlərdə gəzib, tamaşa eləməyi xoşlayırdı. Bilirdi ki, bu gördüklərinin hamısı atası Əziz kişidən qalan fayton kimi keçən əsrin yadigarlarıdır, sabah bunların heç biri olmayacaq. Hamısı sökülüb dağılacaq, əvəzində nizamla tikilmiş şəhərsayağı geniş, səliqəli köşklər, mağazalar, pavilyonlar yaranacaq.

Seyfəl rastlaşdığı tanışlarla salamlaşa-salamlaşa gəlib, həyətə oxşar çox da geniş olmayan açıqlığa çıxdı. Sağ tərəfdə üstüörtülü kolxoz bazarı idi. Sonra meydança dairəsi boyunca ət, yağ-pendir, siqaret dükanları dövrələnmişdi. Bura çatanda Seyfəl ayaq saxladı. Bayaqdan fikir verirdi. Bağ mövsümü hələ başlanmamışdı, ancaq bazara axışanların, zənbil dolusu çıxanların ardı-arası kəsilmirdi. Çoxusu da şəhərlilərdi. Bu nədəndi görəsən? Öz yaxın bazarlarını qoyub otuz-qırx kilometrlikdən bura gəlirdilər. Seyfəl, beynində dolaşan bu suala özü cavab tapdı: “Yəqin bizim Maştağa camaatında az-çox etiqad, inam qaldığından bazarında da düzlük var. Satdıqlarına haram qatmırlar, adamları etibarlıdırlar. Aldatmağı, yalanı günah sayırlar...”

– Salaməleyküm, emoğlu! – deyə tanış bir səs Seyfəli xəyaldan ayırdı. Çönüb baxanda qarşısında dayanmış boz, enli kepkalı, göy pencəyi altından geydiyi sarı köynəyinin yaxası açıq, nazik qara bığları olan uzaq qohumlarından birini gördü. Otuz beş yaşlarında bu cavan Seyfəlin nəyi idi, yaxşı bilmirdi. Ancaq adı tez yadına düşdü: Kəblağa!



  • Emyoğlu, xeyr ola? Burda neynirsən? – deyə o, maraqlandı.

  • Usta axtarıram, səndən nə əcəb?

Seyfəl elə bunu soruşmuşdu ki, Kəblağa özünəməxsus şirin, yerli ləhcədə danışmağa başladı:

  • Burda, keçəllər məhləsində bir talış var, özü də sonradan gəlmədir. Mən köhnə maşınımı satanda... – maşın da nə maşın: tetştəbokul – bu tufi-lənət olub keçdi boğazıma ki, özgəyə vərmə, vər mənə. Mən də vərdim. Pulu çatmadı, min manat borclu qaldı. Dedim, canın sağ olsun, haçan əlüvə düşər vərərsən də. Hindi düz bir ildür, u atlı olub, mən piyadə. Öz halal pulumi ala bilmirəm unnan. Dünən getmişəm – övdə yoxdu, bu gün getmişəm – puli yoxdu. Diyirəm, adə, hindi ki, əlün belə əşaği idi, undə maşını neyniyirdün?! Hələ piyadə gezərdün özünçün də... Emyoğlu, bu talış lap yığıb boğaza məni. Yarsın güc-bəla ilə almışam, unnan, yarısı qalıb. Zalım oğlu nə vərən kimi vərir, nə vərmiyən kimi vərmir. Vərəndə də hələ vərir ki, vərməsə unan yaxşudu. Cirə duz kimi... Yaxşı, emyoğlu, sən burda neyin mətəlisən? Hə, yadıma düşdü: didün, usta gözləyirsən?..

Kəblağanın kefi saz idi. Araq iyi Seyfəli vursa da dözürdü, danışmırdı.

  • Emyoğlu, gedek qonağım ol. Məmə, yerin məlum mal ətindən yaxşı qutab bişirib. Çoxdandu gəlməmisən bizə. Usta bu gün olmasun, sabah olsun... Özün də rulda dögürsən ki, qaişniklərdən-zaddan qorxasan. Mənim, emyoğlu, ularnan aram sazdur. Degib-dolaşmırlar. Xətrim istəyəndə, çoxla aram yoxdu, iki dənə elli-elli vururam özümçün. Əncaq bu gün biraz u necə diyirlər, perevıpalneni eləmişəm. Neyçün? Onunçünki, üzüm ayağuvun altında, həmi oğlumun ad günüdür, həmi də vxodnoy...

  • Nə qədər vurmusan? – deyə Seyfəl marağını gizlədə bilmədi.

  • Emyoğlu, bizim qarajda bir dostum var, əjdaha oğlandır, özü də çox yaxşı şağdır, hindi... unun sözü olmasun – yarım kilo.

  • Çox deyil?

  • Çox diyəndə ki, mənə bir şey olmur. Biz içdikcə ayılırıq. Qərdeşim də belədür. Yaxşı, gedirik?

  • Hara?

  • Bizə! Uston daha gəlmədi. Gəlsəydi, bu çağacan gəlmişdi.

Seyfəl Kəblağaya məsələni qandırmağa çalışdı:

  • Mən, bizim köhnə faytonun çarxlarına rezin qurşaq bağlatdırmalıyam. Bilmirəm elə bir usta hardan tapım. Bəlkə sən... Kəblağa əllərini şappıldadıb ağzını göyə açaraq qəhqəhə çəkdi. Alt-üst qızıl dişlərinin hamısı parıldadı.

  • Emyoğlu, bunu bayaqdan di də! Usta məndə!... Həsənəli!!! Ancaq çoxdandır görmürəm uni. Bilmirəm ölüb, ya qalıb. Əgər ölməyibsə, sənin çərxlərüvi una düzəltdirmək mənim boynuma. – O peysərini şappıldatdı. – Getdik!

Kəblağa əlini cibinə salıb brelokunda çılpaq qadın şəkili olan açarları ovucunda oynatdı. Seyfəl indi fikir verdi: onun sağ pəncəsində dərin bir yara yeri vardı. Baş barmağının isə yarısı idi.

  • Əlinə nə olub, qohum? Deyə Seyfəl maraqlandı. – Sən ki, cavansan, müharibə görməmisən...

Kəblağa lovğalıqla qımışdı:

  • Mən müharibədən də dəhşətlisini görmüşəm. Uzun söhbətdir, emyoğlu. Sora danışaram sənə.

Seyfəl məsələni ağartmaq istəmədi.

  • Sən maşınlasan?! – deyə soruşdu.

  • Bəli. Necə begəm? Qorxursan içmişəm, avariya-zad elərəm? Unda al, sən sür!

Kəblağa açarları Seyfələ verdi.

“Emyoğlunun”, təkərlərindən tutmuş pəncərə şüşələrinə kimi eyzən palçıq içində olan sınıq-salxaq “Moskviç”inə mindilər.



  • Emyoğlu, sən bunun köhnəliyinə baxma a... Əjdaha maşındır! – deyə Seyfəl motoru işə salanda Kəblağa öz matahını təriflədi. “Naxır bulağı” deyilən yerdə aşağı endilər. Kəblağa, köhnə bir darvazanı nişan verdi:

  • Buradur! – O, irəli keçib çağırdı: – “Ay ev yiyəsi!” “Ay ev yiyəsi!” – Və eyni zamanda alaqapını da bərk-bərk döyəclədi.

Səsə balaca bir oğlan uşağı çıxdı.

  • Adə, qırışmal! – deyə Kəblağa onun üstünə çımxırdı – Həsənəli kişi sağ-salamatdur?

  • Bəli, əmi, o mənim babamdır.

  • Uzun danışma! Qaç, çağır uni bura!

Uşaq götürüldü. Xeyli gözlədikdən sonra səksən-doxsan yaşlarında, qalın ağ qaşları xırda gözlərinin üstünü örtmüş, başı şəbgülahlı bir qoca ombasını çəkə-çəkə həyətdə göründü.

  • Hə, hindi keç özün danış! – deyə Kəblağa qohumunu qabağa itələdi.

  • Salaməleyküm!

Seyfəl elə ağzını açdığını gördü. Kəblağa ona mafar vermədi:

  • Həsənəli kişi, bu bilirsən kimdü?

Qoca gözlərini döydü.

  • Bizim kəntdə bir faytonçu Əziz olub a... hə, unun oğludur, biz doğmaca eminəvəsiyik. Bir işi düşüb sənə... hə, dalını özü danışar.

Qoca başını tərpətdi.

  • Xoş gəlib. Əzizi lap yaxşı tanıyıram. Allah rəhmət eləsin ona...

  • Allah sənə də rəhmət... ey... ömr versün, – deyə Kəblağa arxada öz-özünə mızıldandı.

Seyfəl mətləbi açınca qoca onun məqsədini anladı:

  • Sabah səhər gaytonu çək həyətimizə.

  • Bilirsən, əmican, təkərlərin rezin qurşaqları üzülüb aldən gedib...

Qoca, Seyfəli danışmağa qoymadı:

  • Sabah səhər faytonu çək həyətə!

  • Yəqin özündə rezin qurşaq...

Qoca bu dəfə qışqırdı:

  • Əşi! Müsürman döyülsən?! Dedim, sabah səhər faytonu çək həyətə, qurtardı getdi.

Seyfəlin əvəzinə Kəblağa arxadan dilləndi:

  • Baş üstdə! Daha acıqlanmaq nöşün?!

...İki gün sonra Həsənəli kişi ona tapşırılıan işi əməlli-başlı görüb qurtardı. Seyfəl də öz köməyini ondan əsirgəməmişdi.

  • Nə verəcəyəm, əmican? – deyə o təmirin haqqını soruşanda qoca təbiətinə uyğun ötkəmliklə cavab verdi:

  • Heç nə! Atları qoşub gedə bilərsən!

  • Əşi, bu nə sözdür... O qədər zəhmət çəkib...

  • Mən səndən bir köpük də almayacağam! Vaxtında rəhmətlik Əziz də mənə çox yaxşılıqlar eləyib.

  • Yoox.. Belə olmaz... – deyə Seyfəlin əlini cibinə saldığını görən qoca özündən çıxdı:

  • Adə, musurman döyülsən?!.

  • Əmican, axı...

  • Dedim ki, atları qoşub gedə bilərsən!

Həsənəli yaşına rəğmən iti addımlarla uzaqlaşdı. ...Seyfəl faytonun qozlasına qalxıb qocanın həyətindən çıxanda atların başını evlərinə sarı yox, ayrı səmtə döndərdi. Günün batmağına hələ qalmışdı, hava işıq idi. O, torpaq yolla xeyli getdi. Altıağacdan gələndən sonra tövlədə hərəkətsiz qalan atlar darıxmışdı. İndi faytona qoşulduqları üçün yortmaq istəyirdilər. Seyfəl də sevinirdi.

O, bağlararası uzanan bu yolda bir dikdirə çatanda atları həsləyib saxladı. Qozladan yerə atıldı. Bir qədər geri çəkilərək kənarda dayandı. Baxdı... baxdı... Qara fayton... qırmızı təkərlər... ağ atlar... necə gözəl görünürdü! Sanki dilsiz heyvanlar da bunu başa düşürdülər. Ayaqları ilə yeri döyəcləyirdilər, fınxırırdılar... Şər qarışanda Seyfəl faytonun fanarlarına təzəliklə taxdığı iri şamları yandırdı. Ona görə yox ki, buna ehtiyac vardı, xətri belə istədi. Fayton nağıllardan çıxıb gəlmiş bir ekzotikaya çevrildi. Sonra yaxınlaşıb növbə ilə atlara tumar çəkdi, sarğılarını şappıldatdı və yenidən qozlaya qalxdı.

...Darvazadan həyətlərinə girəndə evlərinin işığı yanırdı. Müşfiqə gəlmişdi.

4

Novruz bayramının axşamı idi. Gün batana yaxın həyətdə bir “Taksi” maşını dayandı. Qapılar açıldı. Fidan, sonra da Şəfiq aşağı endi. Cavanlar qocaları təbrikə gəlmişdilər; bayram hədiyyəsi olaraq televizor alıb gətirmişdilər.



Müşfiqə onlar üçün zövqlə bəzənmiş şirni süfrəsi açdı. Arvad tək başına nələr hazırlamamışdı: şəkərbura, paxlava, qoğal, südlü çörək... Nimçələrdə səməni qoymuşdu, yumurta boyalamışdı... Dövrəsində əlvan şamlar yanan podnoslarda xonça tutmuşdu.

Şəfiq atasının köməyi ilə əvvəlcə televizoru quraşdırdı. Sonra stol ətrafında dövrə vurub oturdular; xonçalardakı çərəzlərdən yeyə-yeyə bayram konsetrinə baxmağa başladılar...



Şəfiq fövrən xatırladı:

  • Hə! Ata, yadıma düşdü! Dünən bir nəfər evimizə zəng çalmışdı. Səni istədi. Dedim, yoxdur. Sonra bu nömrəni verdi. – O, döş cibindən çıxardığı kağızı Seyfələ uzatdı. – Tapşırdı, onunla əlaqə saxlayasan. Yaman da zəhmli danışırdı.

  • Bəs soruşmadın, kimdir, nə istəyir?

  • Soruşdum. Dedi, sonra bilər...

Seyfəl əlindəki kağıza baxaraq qaşlarını çatdı:

  • Adamı, sakit yaşamaq üçün şəhərdən uzağa qaçanda da rahat qoymurlar! – deyə sərzənişli bir səslə deyindi.

...O gecə öləziməkdə olan bayram şamları əriyib qurtaranda Müşfiqə süfrəni yığışdırdı. Bir azdan öz yerinə yatmağa çəkildi. Seyfəlin kənd içində faytonla gəzməsi xəbəri Şəfiqlə Fidanın da qulağına çatmışdı. Səhər tezdən atların tamaşasına eşiyə çıxanda bahar günəşi onların gözlərini qamaşdırdı. Həyətdəki nərgiz kolları sap-sarı çiçəklər açmışdı. Yer də, səma da tər-təmiz idi. Bağda ayrı büsat vardı. Seyfəl təzəcə yemlədiyi atları tövlədən çıxardı. Onlara tumar çəkdi, cilovlarından tutaraq həyətdə o baş-bu başa gəzdirdi. Sonra mahir təlimçi kimi atları şahə qaldıranda tamaşasından ilk növbədə özü həzz aldı.

  • Necədir, qızım?

  • Papa, bunlar at deyil, tərlandır! – deyə Fidan uşaq sevinci ilə yerində hoppanıb düşdü.

Kişi qürrələndi:

  • Siz hələ bunların yeriyişini görməmisiniz!

Faytona da baxdılar. Atasının dəsgahına, həvəsinə heyran qalan Şəfiq gülə-gülə dedi:

  • Bu “retro”dur! Köhnəliyin təzədən həyata qayıtması! Çox zaman memarlığın özündə də biz qədim arxitektura əlamətlərindən istifadə edirik. Onları təzədən yaşadırıq.

Seyfəl ürəklənmişdi:

  • Oğul, axı yaranmışların hamısı yaşamalıdır. Atın, faytonun nəyi pisdir? Niyə biz onları yaddan çıxaraq?! Hələ onu demirəm ki, bu iki ata mən həyat verirəm, canın üçün, faytona qoşanda heyvancığazlar qanad gətirib uçmaq istiyirlər. At məgər elə sirkdə, cığırda oynatmaq üçündür? Xeyir! – Seyfəlin dərdi təzələndi. – Cavansız, görməmisiz, bilmirsiz: müharibə illəri qışın qarında, yağışında dağ yollarını çox maşınlar qalxa bilmirdi. Elə bizim bu Şimali Qafqazda. Bəs ağır topları cəbhə xəttinə necə aparaydıq?! Palçıq yerlərdə ən güclü maşınlarımız batıb qalırdı. Xəbər alın, belə vaxtlarda köməyə gələn nə olurdu? Atlar! Mənim özümü müharibədə ölümdən xilas edən nə oldu? Yenə at! Bu ağıllı, dözümlü, zəhmətkeş heyvan! At insana çox sədəqətli, etibarlı dostdur!

Şəfiqlə, Fidan Seyfəlin ürək yanğısı ilə dediyi sözlərə maraqla qulaq asırdı.

  • İndi də məni nə qədər yaşatsa, bunlar yaşadacaq! – kişi köks ötürərək, mənalı tərzdə başını buladı. Kənardan söhbəti eşidib onlara yaxınlaşan Müşfiqə uzaqdan-uzağa qahmar çıxdı:

  • Elə indinin özündə də atın xeyirdən başqa ziyanı yoxdur. Kənd yerlərində fayton yaxşı nəqliyyatdır. Qəza törətmir, adam basmır. Səsi yox, hisi yox...

Seyfəl deyilənlərlə kifayətlənmədi. Səhər çayından sonra atları qoşub Şəfiqlə Fidanı faytona mindirərək gəzməyə çıxardı.

Təbiət payız yuxusundan oyanmışdı. Baharın ilk günü xoş sifətlə, gülər üzlə, təbəssümlə gəlmişdi. Özü ilə təravət və yaşıllıq gətirmişdi. Günəşin ilıq şüalarının ehtizasından insanın canında təxərrüş yaranırdı. Şəffaf mavi üfüqlər həm də azacıq qızartılı idi.



  • Baxırsan, Fidan, Abşeron nə gözəldir?! – deyə arxada sevgilisi ilə çiyin-çiyinə oturmuş Şəfiq ətrafın göz oxşayan, ürək açan tamaşasından şövqə gəldi... – Şəhərdə biz bunları görməkdən məhrumuq.

Bu sözləri o dəqiqə Seyfəlin qulağı çaldı.

  • Siz çox şeyləri görmürsüz, bala, – deyə söhbətə müdaxilə etdi. – Sübh çağı günəş necə doğur... axşamlar necə batır... gecələr Ay, ulduzlu göylərdə necə süzür...

Oğlu təsdiqlədi:

  • Elədir, ata.

  • Mən bağda qalmaqda səhv eləmirəm ki?

Seyfəlin bu sualına cavab verilmədi. Axı nə deyəydilər?..

Atlar, hərə başını bir səmtə dartaraq yortduqca, uzun yalları atılıb-düşdür, fayton yüngülcə yırğalanır, asfalt döşənəkli yollara dəyən nallarından xoş, ahəngdar səslər qopurdu.

Arada arxadan gələn bir neçə minik maşını vıyıltı ilə şütüyərək faytonu ötürdü. Hələlik buna adət etməmiş Seyfəl özünü sındırmadı:


  • Eybi yoxdur, canınız sağ olsun, mən atlıyam, siz motorlu, keçin məni... – sonra geri qanrılıb oğluna müraciətlə soruşdu:

  • Şəfiq, rəhmətlik Səməd Vurğunun bir şeiri var: “Mən tələsmirəm” – onun axırın necə deyib?

Fidan Şəfiqi qabaqladı:

Ömrün kitabını tamamlamağa

Çox da can atmasın əlimdə qələm,

Heç yana, heç yerə mən tələsmirəm.



  • Gözəl sözlərdir! – deyə Seyfəl başını tərpətdi.

  • Səməd Vurğunun at üçün də yaxşı bir şeiri var. Eşitmiş olarsan: “A köhlən atım”.

Seyfəl oğlunun sözünə qüvvət verdi:

  • Ata, şeir yazmaq azdır. Ona heykəl qoymaq lazımdır!

Fidanın da, Şəfiqin də faytona mindikləri birinci dəfə idi. Onlar özlərini tamam başqa aləmdə hiss edirdilər. Yolun hər iki tərəfində hasarlı, hasarsız bağlar, damları qoşa bacalı yastıyapalaq evlər, təzəcə çiçəklənmiş ağaclar yavaş-yavaş irəli gəlib, sonra arxaya keçirdi. Faytonun yumşaq səssiz hərəkətindən, atların fınxırtısından, löhrəm yerişindən olmazın zövq alırdılar. Fidan öz təəssüratını bircə kəlmə ilə ifadə etdi:

  • Romantika!

Hərdən qarşıya çıxan köhnə ovdanlara, gümbəzli hamamlara, xaraba karvansaralara, qəbiristanlarda dikələn türbələrə, sərdabələrə, yazılı, oymalı baş daşlarına Şəfiq diqqətlə baxırdı. Onun bu yerlər haqqında az-çox məlumatı vardı...

Vaxtilə burada maskutlar tayfası məskən salıbmış. Maştağa Abşeronun memarlıq mərkəzlərindən imiş. Hələ min dörd yüz on dürdüncü ildə Şirvanşah birinci İbrahimin dövründə kənddə Arqutay məscidi tikilmişdi. Min altı yüz altmış doqquzuncu ilin aprelində Stepan Razinin dəstəsi bu məskəni dağıtmış və qiymətli qənimətlərlə geri dönmüşdü. Maştağa öz əvvəlki görkəmini itirmişdi. On səkkizinci əsrdən Bakı dövlətlilərinin yay iqamətgahı olan bu bağ-bağatlı, səfalı ərazidə Mirzə Məhəmməd xanın ucaltdığı qalanın və onun yaxınlığındakı məscidin xarabalıqları son zamanlaradək dururdu. Aqilbala, Xunlar türbələri, Qum hamamı, Həsənbəy, Pirşad, Xoca Aydəmir, Qazıxana və Kərbəlayi Hüseyn məscidləri, neçə-neçə ovdanlar kəndin memarlıq abidələrindən idi. Nəhayət, bəzi nadan dövlət başçıları gözəl arxitekturası, qızılı qüllələri ilə dünyada məhşur olan Bakıdakı nəhəng kilsəni sökdürüb daşlarından məktəb tikdirəndə, buranın da “ağıllı rəhbəri” kənddə yeganə qalmış Cümə məscidinin özünü saxlayıb, üstü qədim yazılı minarəsini yerlə yeksan elətdirərək daşlarından hamam tikdirmişdilər. Guya dinlə, mövhumatla mübarizə aparmışdılar...

Qarşıdakı kəndin girəcəyində hündür qayalıqda, suyu sovulmuş dəyirmanı xatırladan bir pavilyon ucalırdı. Seyfəl ora çatanda nə üçünsə atları həsləyərək faytonu saxladı. Vaxtilə restoran olan bu yer xoşagəlməz xatirə ilə bağlı idi.

Üç il əvvəl, bir axşam şəhərdən maşınla gətirdiyi sərnişinlər yadına düşdü. Seyfəlin yanında əyləşib hərzə danışan qara çeşməkli... arxada oturan göygöz... və biri gombul, digəri arıq, ətirli, bəzəkli, əxlaqsız xanımlar...

Seyfəl qozladan endi. Burada yubanıb atlara dinclik vermək istədi...

Yol qırağında, hasar dibində toplaşan uşaqlar baş-başa verərək səs-küylə yumurta döyüşdürürdülər. Şəfiq də Fidanla onlara tamaşa eləmək üçün faytondan düşdülər. Seyfəl üzü qayalığa sarı, bir daş üstdə oturdu. Restoranın qapı-pəncərəsini, damının şiferlərini çıxarıb aparmışdılar. Tikintinin ətrafında əkilən sərv, küknar ağacları suya həsrət qaldığından tamam qurumuşdu. Həyətdə yekə bir it yatmışdı. Aşağıda adamları, faytonu, atları görcək qalxıb tənbəl-tənbəl bu tərəfə gəldi. Qonşu həyətdən bir kişi çıxdı, yaxınlaşdı, Seyfəllə əl tutdu:



  • Hamılıqla Novruz bayramınız mübarək! – deyə gəlin dayanan səmtə baxmamağa çalışaraq qara-qışqırıq salan uşaqlara çımxırdı.

  • Ay uşaq!Gedin o yanda döyüşdürün yumurtalarıvuzi. – Sonra yol ötən bu tanımadığı adamlara müraciətlə. – Bayırda neyçün durmusuz. Keçin, içəri, qonağımız olun, – dedi. – Bir stəkan çayımızı için.

Qocalar tezliklə ünsiyyət tapdılar. Adını Hümmət söyləyən kişi ürəyi dolu gəlmişdi. Seyfəl “restoran niyə bu günə düşüb?” – soruşanda onun dərdi açıldı:

  • Allah mərdümazarın evini yıxsın! – dedi. – Oranın sahibi mənim oğlum idi. İnişil bir ətək pul qoyub öz xərcinə tikdirdi bu kababxananı. Təzə maşınını, iki inəyimizi satdı... Aldandı oğlum. Sonra da üç min aldılar, müdir qoydular onu. “İşləsən mayanı çıxardarsan”, dedilər.

Hümmət kişinin nəsə maraqlı əhvalat başladığını görən Şəfiqlə Fidan yaxın gələrək söhbətə qulaq asdılar.

  • Heç il yarım işləmədi... Müfəttiş gəlirdi, yeyirdi, içirdi, sonra haqqın alıb gedirdi. Müdir xəbər göndərirdi, təzə balıq kababı hazırlasın, qonaqlarım olacaq... Milisi həmçinin, həkimi həmçinin... həftə səkkiz, onlar doqquz soyub taladılar oğlumu – deyə Hümmət şikayətinə davam etdi. – Bir gün... əzrail kimi nagahanı başının üstünü aldılar: “Bu balıqlar hardandı səndə?!” Hardan olacaqdı, dənizdən! Akt yazdılar... kababxananı bağladılar... Özünü də apardılar... – Hümmət yaylığını çıxardıb gözlərinin yaşını sildi. – Altı il iş verdilər binavaya... Tövlə inəksiz, qaraj maşınsız... nəvələrim atasız qaldı. O vaxtdan bu köpək də avara-sərgərdən kababaxananın həndəvərində dolanır. Gedir, iki-üç gün itir, yenə qayıdıb gəlir.

Qoca söhbətinə xitam verdi. Hamı kövrəlmişdi.

Xudahafizləşib ayrılanda it də faytonun dalınca düşdü. Yumurta döyüşdürən uşaqlar “Qaraboz!” “Qaraboz!”... – deyə onu səslədilərsədə bir neçə dəfə dönüb arxaya baxdı, ancaq geri qayıtmadı...

Evə kəsə qum yollarla bağlararası gəldilər. Atlar yorulmasaydı Şəfiqlə Fidan, elə Seyfəl özü də gəzintidən doymamışdı, hələ gəzərdilər.

Evdən çıxdıqları cəmisi üç-dörd saat idi. Ancaq bu az vaxtda onlar neçə-neçə kəndlərdən, bağlardan keçmişdilər, nə qədər təzə yerlər görmüşdülər, qəribə əhvalatların şahidi olmuşdular. Faytonun maşından fərqli asta hərəkəti adi bir günü bəlkə də ikiqat uzatmışdı! Seyfəl çoxdandı bunun arzusunda idi!

Atlar ömrünü uzadırdı...

***


Bu gün də Seyfəl erkən oyanmışdı. Elə pijamada eşiyə çıxdı. Torpağa şəbnəm düşmüşdü.

O, tövləyə keçib atlara yem tökdü. Seyfəl indi gördü və xəttindən tanıdı – Şəfiq haçansa imkan tapıb faytonun arxasında “Retro” yazmışdı...

O, heyvanlarla yemlik əkdiyi həyətdəki yonca yerini suladıqdan sonra keçib evin dalında saldığı bostana tamaşa elədi. Qovun-qarpız tağları yarpaqlaşmışdı. Bostanda təkəm-seyrək basdırdığı üzüm tingləri küpərmişdi. Seyfəl əyilə-düzələ onları bir-bir yoxladıqca fərəhlənirdi: “Bu Maştağanın suyu bol ola, torpağı qızıldır! – deyə özlüyündə razılıq edirdi. – Daşdan, qəmbərdən başqa nə əksən, göyərəcək...”

Quyunun yanında güney yerdə lap təzəliklə düzəltdiyə ləklərdəki şitillər torpağı yarıb baş qaldırmışdı. Bir azdan buradan dərəcəyi göy-göyərti, pamidor, xiyar, turp Müşfiqənin süfrəsini bəzəyəcəkdi.

Seyfəl quyunun motorunu işə saldı. Yerdə ləklərə tuşlanmış şlanq o dəqiqə ilan kimi qıvrılaraq şırnaq vurdu. Su seylabında xırda şitillər cana gəldi...

Gün bir boy qalxanda ərinin yubandığını görən Müşfiqə ona çay gətirdi.



  • Seyfi... – deyə qadın yetişcək soruşdu. – Barı tutubmu əkdiklərin?

  • Hamısı tutub, Müşfiqə! Daha göy-göyərti üçün, qovun-qarpız üçün bazara getməyəcəyik!

Seyfəl şlanqın ucunu bu dəfə bostana sarı çevirdi.

  • Heç bilirsən nələr əkmişəm burda? – dedi.

  • Sən deməsən, hardan biləcəyəm...

Seyfəl Müşfiqənin qolundan tutub izahat verməyə başladı:

  • Bu bostanda əsl Zirə qarpızı ilə Corat qovunu yetişəcək. Tağların arasında iki növ əla üzüm tingi basdırmışam. Sağlıq olsun, bir şanı verməlidir ki, indi bu bağların heç birində ondan yoxdur. Adi üzüm yox ey... Müşfiqə! Məcun! Kəhraba kimi büllur giləli, sarı şanı!..

  • Hardan tapmısan o üzümün sortunu, Seyfi?..

  • Onu mənim üçün bizim Kəblağa “emyoğlu” “Sarı qaya” deyilən yerdən gedib gətirib. Sən tanımazsan, bir rəhmətlik Hüseynqulu kişi vardı, köhnə Saraydandı – onun qardaşı oğlu Quludan alıb. Kəblağa bir az çoxdanışan olsa da, xeyirxah oğlandır a... İşə yarayandır.

Seyfəl şlanqın yerini dəyişib, tələm-tələsik çayını içdi.

  • Bəs onlar nə ağacdır, ay Seyfi? – deyə ətrafa boylanan Müşfiqə marağını gizlədə bilmədi.

  • O balacası nardır. Buzovnalı Ağaşərif verib mənə. Deyir payızda yetişəndə çox iri, yaraşıqlı olur, şirinlikdən partlayır. Bu isə... – Seyfəl ikinci, nisbətən böyük ağacı göstərdi. – Xar tutdur. Keçəllər məhəlləsində Məmməd kişinin oğlu Baladayı müəllimdən almışam. İki saat təriflədikdən sonra bir yun çubuğu gətirib əkdi. Qulluq elədim, nazını çəkdim, indi görürəm tutub...

Seyfəl taksidə işləyən zaman maşınına minib Abşerona gedən sərnişinlərlə əkindən-bostandan söhbət salar, kimdə nə cür meyvə ağacı, hansı üzüm növü, yer-yemiş tumu olduğunu öyrənərdi. Sonra həmin adamlarla əlaqə saxlar, fürsət düşəndə onlardan aldıqları ilə öz bağındakıları -dəyiş-düyüş elərdi. İndi o, çox da böyük olmayan sahəsində tumsuz üzümdən, gilasdan, nardan tutmuş müxtəlif güllərə qədər nadir çeşidli bitkilər yetişdirirdi. Təqaüdə çıxıncayadək vaxtın azlığı, bağ yolunun uzaqlığı bu işi görməyə imkan vermirdi. İndi əl-qolu açılmışdı. Seyfəl hər dəfə kənd içinə çıxanda, bazara dəyəndə, çayxanada oturanda köhnə bakılılarla, yaxın kəndlərin sakinləri ilə görüşüb, söhbətləşirdi. Artıq o, bu torpağın dilini yaxşı bilən bağçıların çoxunu tanıyırdı...

Qəribə arzularla yaşayan Seyfəl hələ öz niyyətini heç kimə bildirməmişdi. Hətta evdə Müşfiqə də bunnan xəbərsiz idi. O, vaxtı ilə şöhrət qazanan lakin sonradan çeşidləri itib-batmış nadir bitkiləri həyata qaytarmaq, onları təzədən Abşeronda yaymaq arzusunda idi. Seyfi fikirləşirdi: “Nə qədər ki, bu torpağın dilini bilən qoca bağçılar sağdır, işə başlamaq lazımdır. Sonra gec olacaq!! Hər gün ömürdən gedir...”

***

Seyfəl şəhərə gəlmişdi. Əvvəlcə gedib evlərinə baş çəkdi. Oğlunun yaşayışına baxdı. Gəlin, otaqları tanınmaz bir şəkildə zövqlə bəzəmişdi. Hər tərəfdə Fidanın səliqəsi özünü göstərirdi. Böyük otaqda divar boyu düzülmüş parlaq mebellər, təmizlikdən bərq vuran fəxfur, büllur qablar, tavandan asılan qədim dəbdə düzəldilmiş qəndil, döşəməyə sərilmiş xalça, divarlarda memarlıq abidələrinin rəsmləri... hər şey göz oxşayırdı.


Yüklə 257,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin