Firudin bəy Köçərli yaradıcılığında təlim və pedaqoji fikir



Yüklə 30,63 Kb.
tarix24.10.2023
ölçüsü30,63 Kb.
#160045
F.Köçərli


Firudin bəy Köçərli yaradıcılığında təlim və pedaqoji fikir

F.Köçərlinin adı Azərbaycan məktəb və pedaqoji fikir tarixinə görkəmli müəllim, metodist, maarifçi-demokrat kimi daxil olmuşdur.F.Köçərli gənc yaşlarından insanların maarifləndirilməsi istiqamətində əsl fədakarlıqlar göstərmişdir. Xüsusilə də, milli və mənəvi dəyərlərin təbliğində, milli mətbuatın, milli ədəbiyyatın inkişafında parlaq qələmini bir an olsun belə yerə qoymamışdır.


Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər guşəsi Şuşa şəhərində anadan olub. Uşaqlığı qışda Əyricə kəndində, yayda Şuşada keçib. Atası Əhməd bəy şeirə-sənətə həvəs oyatmaq, fars dilini öyrətmək məqsədilə 1872-ci ildə onu Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alır. Sonra rus dilinin cəmiyyətdə, xüsusilə də idarə işlərində daha böyük rol oynadığını və rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli olduğunu görən Əhməd bəy oğluna rusca təhsil vermək qərarına gəlir və Firidunu Şuşadakı rus məktəbinə qoyur. Şuşadakı rus məktəbində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pedaqoq A.O.Çernyayevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər Seminariyası haqqında söhbətləri gənc Firidunda bu seminariyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus məktəbini bitirib,1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və imtahan verərək Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin hazırlıq sinfinə qəbul edilir.
Firidun bəy Köçərli Qori seminariyasında altı illik təhsilini başa vurduqdan sonra Azəri türklərinin qədim yaşayış məskənlərindən olan İrəvan şəhərindəki qimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, ana dili, şəriət və hüsnxətdən dərs deyir. Gənc müəllim şəhərin ədəbi-mədəni mühiti, xüsusilə də müxtəlif məktəblərin müəllimləri ilə tanış olur, onlarla pedaqoji təcrübə mübadiləsi aparır, onların işlədikləri məktəbə gedib dərslərində iştirak edir, bəzi müdərrisləri gimnaziyadakı təlim üsulları ilə tanış edir, onların iştirakı ilə özü də açıq dərslər deyirdi.1890-cı ildə Firidun bəy Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma – Baxçasaraya gedib İsmayıl bəy Qaspıralı ilə görüşür
Gimnaziyada işləyərkən Firidun bəy Köçərli İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından tanış olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını öyrənir. Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə başlayır, rus şairlərindən Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı” və Lermontovun “Üç xurma ağacı” şeirlərini Azərbaycan dilinə tərcümə edib, İrəvanda və Şuşada nəşr etdirir.

Mühitdə öz bacarığı və savadı ilə dərin hörmət qazanan gənc Firidun ədəbi prosesi də böyük həvəslə izləyir, təzə çıxan kitabları oxuyub qiymətləndirir, klassik şairlər haqqında məlumat toplayır, biliyini zənginləşdirir.1895-ci ildə Firidun bəy Köçərli Qafqaz təhsil dairəsinin əmri ilə Qori Müəllimlər Seminariyasına keçirilir və bu vaxtdan Firidun bəyin elmi-pedaqoji və ədəbi-ictimai fəaliyyətinin yeni mərhələsi başlayır. Ədib seminariyanın qabaqcıl müəllim heyəti ilə sıx əlaqə saxlayır, oranın zəngin kitabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir, Tiflisdə və Bakıda çıxan “Kolxoz”, “Kaspi”, “Zakavkazye”, “Şərqi-rus” qəzetlərini izləyir, həmin mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edir.


Ədibin vəfatından sonra “Azərbaycan ədəbiyyatı” kitabını qoruyub saxlayan və 1925-ci ildə çap olunmaq üçün “Azərnəşr”ə təqdim edən də Badisəba xanım olub. 20 ildən artıq bir yerdə yaşayan bu ailəni övladsızlıq dərdi sıxsa da, onların bir-birinə olan sevgisini soyutmayıb, həm Firidun bəy, həm də Badisəba xanım şagirdlərə böyük məhəbbətlə, ata-ana sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi, müasir vətəndaş kimi yetişməsi uğrunda yorulmadan çalışıb, bu yolda bütün enerjilərini sərf ediblər.1910-cu ilə qədər Qori seminariyasında müəllim işləyən Firidun bəy Köçərli həmin ilin əvvəllərində çox az müddətdə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsini icra edib, 1917-ci il avqust ayının 17-də isə həmin şöbənin inspektoru vəzifəsinə təyin edilib. Fəqət bu zaman çarizmin süqutu ilə əlaqədar ölkədə hərcmərclik çoxalmış, Qori seminariyasının nüfuzu zəifləmişdi. Bəzən günlərlə dərs keçilmirdi. Acınacaqlı vəziyyətin yarandığını görən Firidun bəy Köçərli Azərbaycan Maarif Nazirliyindən icazə alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbaycan bölməsinin ləvazimatını Qazaxa köçürür. O, ziyalıların köməyi ilə çox sayda şagird toplayır və 1918-ci il sentyabr ayının 17-də Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərsin başlandığını xəbər verən zəngi çalır.Qazax seminariyasında direktor və pedaqoqika müəllimi vəzifəsində işləyən Firidun bəy Köçərli təkcə dərs demək, yaxud seminariyanı idarə etməklə kifayətlənməyib, əhalini maarifləndirmək üçün başqa işlərin də həyata keçirilməsinə nail olub, ADR-nin təhsil siyasətini həyata keçirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-gündüz çalışıb. Fəqət Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bir çox başqa xalqsevər ziyalılar kimi, Firidun bəyin də arzularını gözündə qoyur.


F.Köçərlinin fikrincə, müəllimlərin öz sevimli peşələrindən uzaqlaşmasının başlıca səbəblərindən biri də onların ehtiyacının ödənilməməsi ilə, həddən ziyadə az məvacib almaları ilə izah olunur.

“Bir peşə ki, öz ərbabını həmişə fəqir və zillətdə saxlaya, onun ehtiyaclarını necə ki, lazımdır ödəməyə, aclıqdan və susuzluqdan, istidən və soyuqdan özünü və əyalını mühafizə etməyə, o peşəyə dəxi ərbabı tərəfindən artıq meyl və rəğbət olunmaz. O peşənin sahibi çalışır ki, özgə bir xeyirli işin və mənfəətli kəsbin dalısınca getsin”.

F.Köçərli nəinki kənd məktəbləri, həm də gimnaziyalar üçün müəllim hazırlığında nəzərəçarpan ciddi qüsurları tənqid edir, onun fikrincə, “gimnaziyalarda mahir və öz işlərinə bələd olan müəllimlərin yoxluğuna ümdə səbəb... kamil müəllim yetirən darülmüəllimlərin yoxluğudur, o institutlar və darülmüəllimlər ki, ondan müəllimlər hasilə gəlir, qayda üzrə təsis olunmamışdır. Onlarda pedaqogika elminə dair və təlimat işlərinə mənsub məlumat verilməyib. Gimnaziya müəllimlərindən çoxlarını tanıyıram ki, pedaqogika fənni və elminin babası sayılan Yan Amos Komenskinin və İohan Henrix Pestalotsinin adlarını eşitmiş olsunlar.

F.Köçərli bu qənaətə gəlir ki, əgər müəllimlərin dərdinə çarə edilər, əmək haqqı artırılarsa, onlar da çalışacaqlar ki, öhdələrinə götürdükləri uşaqların təlimi və tərbiyəsi kimi mühüm vəzifəni və borcu layiqincə icra etsinlər. O vaxt cavanlarımız nəinki müəllimlikdən qaçarlar, bəlkə çoxları sair qulluqdan müəllimliyə keçməyə meyl və rəğbət göstərərlər və camaat nəzərində dəxi müəllimlərin şan və hörməti artar”.


F.Köçərli mədəniyyət tariximizə ilk öncə Azərbaycan ədəbiyyatı tarixinə dair ilk əsərlərin müəllifi kimi daxil olmuşdur. Onun 1903-cü ildə rus dilində nəşr etdirdiyi "Azərbaycan tatarlarının ədəbiyyatı", həmçinin 1908-ci ildə yazdığı, lakin yalnız 1925-1926-cı illərdə çap edilmiş 2 cild 4 hissədən ibarət olan məşhur "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı dəyərli tədqiqat əsərləri qiymətli mənbə kimi bu gün də öz dəyərini saxlayır.
F.Köçərlinin uşaq folkloru sahəsində olduqca böyük və əvəzolunmaz xidmətləri vardır. Ədibin “Balalara hədiyyə” kitabı uşaq folklorunun toplanılıb nəşr etdirilməsi yolunda atılmış ən böyük addımdır. Azərbaycan folklorunun ilk antologiyası olan “Balalara hədiyyə” kitabı uşaqların dünyagörüşünün formalaşmasında, həyat və təbiət haqqında təsəvvürlərin yaradılmasında böyük rol oynamışdır.
F.Köçərlinin “Balalara hədiyyə” kitabında daha çox hadisələr heyvanlar üzərində qurulur. Başqa sözlə desək, heyvanların xarakteri vasitəsi ilə uşaqlara nəyin yanlış, nəyin doğru olduğu açılıb göstərilir. Heyvanların daxili aləmi, onların xarakteri müəyyən mövzular üzərində köklənərək uşaqlara tərbiyə edici mahiyyət aşılayır. Bir növ insanların həyatda mənfi münasibət qazanmalarının səbəbləri və yaxud pis insanların etdiyi xoşagəlməz hərəkətləri heyvanlar vasitəsi ilə izah edir. Çünki uşaqlar elə bir mürəkkəb psixologiyaya sahib olurlar ki, onları hər an istənilən istiqamətə yönəltmək mümkündür. F.Köçərli bir pedaqoq olaraq uşaqların psixologiyasına uyğun folklor mətnlərini toplayıb, çap etdirib ki, xalq yaradıcılığı ilə bağlı uşaqların müəyyən təsəvvürləri olsun.
“Balalara hədiyyə” kitabında yer alan əsas məsələlərdən biri xeyir və şər münasibətidir. F.Köçərli haqq, ədalət və doğruluğa aid çoxlu nümunələri misal göstərir. Məsələn, “Doğruya zaval yoxdur, çəksən hər divanə”, “Sən haqq ilə ol- haqq səninlə olar”. Uşaqlara haqqın, doğrunun nə olduğunu erkən zamanda izah etsən o, gələcək həyatında xeyrin, şərin nə olduğunu biləcək.
“Balalara hədiyyə” kitabında məsəllər, tapmacalar, laylalar, bayatılar, sayaçı sözləri, nəsihətlər və təmsillər yer alır. Hər bir mətnin semantikası tərbiyə edici əhəmiyyətə malikdir. Hər hansı bir atalar sözünü və yaxud məsəli çəkməklə çoxlu məsələlərə aydınlıq gətirmək mümkündür. Məsələn, “Əski pambıq bez olmaz, qarı düşmən dost olmaz” deyimində oxucuda artıq belə bir təfəkkür yaranır ki, köhnə parça istifadə edilmədiyi kimi, qorxulu insanla da dostluq etmək olmaz. “Balalara hədiyyə” kitabında belə bir məsəl var “Buynuzsuz qoçun qısası buynuzlu qoçda qalmazlar”. Həyatda cəzasız heç bir şey yoxdur. Nə pislik edirsənsə et, mütləqdir ki, onun hesab verməlisən, cəzasını çəkməlisən. Digər bir məsələ nəzər yetirək: “Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq bilər”. Bu məsəl “Sağ əlin verdiyini, sol əl bilməməlidir” məsəli ilə məzmun etibarı ilə eynilik təşkil edir. Yaxşılığı təmənnasız, qarşılıqsız etmək lazımdır. Yaxşılıq edib, aləmə car çəkmədənsə, etməmək yaxşıdır.
Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabı məzmun və sanbal etibarı ilə çox əhəmiyyətlidir. Bu kitabda yer alan fikirlər təkcə dövrünün yox, bu günün özündə də aktual olaraq qalır. İnsanlar yaşlarından asılı olmayaraq hər zaman oxumalı, öyrənməli və öyrətməlidir. Xüsusilə də, uşaqları, gəncləri düzgün yola istiqamətləndirmək lazımdır. Onlara mədəniyyətimizi, tariximizi, dövlətimizi, dilimizi, dinimizi, millətimizi, milli mənəvi dəyərlərimizi və xalq yaradıcılığımızı sevdirmək lazımdır. İnsanlar qarşılaşdığı hadisələr haqqında yaxşı və pis münasibətlərini xalq yaradıcılığı örnəkləri vasitəsi ilə bildirirlər. Məsələn, bir məsəl, atalar sözü və bayatı deməklə həmin hadisəyə münasibətlərini bildirirlər.
F.Köçərlinin elmi-pedaqoji və maarifçilik fəaliyyətində ana dili, təlimin ana dilində aparılması ideyası mühüm yer tutur. Özünün sələfləri olan A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, H.Zərdabi, S.Ə.Şirvani, M.Şahtaxtlı və müəllim A.O.Çernyayevski, müasirləri olan S.Vəlibəyov, R.Əfəndiyev və başqaları kimi F.Köçərli də bütün həyatı boyu ana dilinin qorunub saxlanılması, ana dilində məktəb ideyasının inkişafı yolunda yorulmadan çalışmış və zəngin irs qoymuşdur.
Azərbaycan xalqı əsrlər boyu ana dilində danışmaq, ana dilində yazmaq və bu dili yaşatmaq, saflığını qorumaq uğrunda mübarizə aparmışdır. Böyük Füzuli deyib ki, mən ərəb dilində ona görə yazıram ki, bu dildə təhsil almışam, fars dilində ona görə yazıram ki, bu dildə yazmaq dəbdədir, Azərbaycan dilində ona görə yazıram ki, bu mənim ana dilimdir.Görkəmli ədəbiyyatşünasın dilə dair görüşlərində mətbuat dili məsələləri də mühüm yer tuturdu. Firidun bəy Köçərli yazırdı: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, yox olar və ondan bir nişanə qalmaz. Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevməlidir. Onu əziz və möhtərəm tutmaq hər kəsin borcudur.”
Firidun bəy Köçərli ana dilinin aşiqi idi. Onun 1913-cü ildə qələmə aldığı “Ana dili” məqaləsi o dövr üçün çox böyük əhəmiyyət kəsb etdi. 1913-cü ildə ana dilinə həsr etdiyi məqalədə də yazırdı: “Azərbaycan türklərinin özünəməxsus dili var. Bizim qabil və mahir ədiblərimiz az olubdur. Amma olanlar da, ana dillərini seviblər və yazdıqlarını açıq-aydın yazıblar. Abbasqulu ağa Bakıxanovun “Nəsihətnamə”si, Mirzə Fətəli Axundovun komediyaları, Qasım bəy Zakirin məktubatı, Hacı Seyid Əzim Şirvaninin əşar və kəlamları, Həsən bəy Zərdabinin elm və fünuna dair yazdıqları kitablar və siyasi məqalələr – hər cümləsi açıq və aydın şəkildə yazılmışdır...” Bir sıra qələm sahibləri müxtəlif jurnallarda qəliz bir dildə yazılan məqalələr dərc etdirərək Azərbaycan dilini korlayırdılar. O, M. F. Axundzadə və M.Şahtaxtinskidən sonra Azərbaycan mədəniyyətinin inkişafı naminə əlifba islahatı aparılması yolunda çalışan xadimlərdəndir. Azərbaycan dilini başqa dillərin zərərli təsirindən qorumaq üçün F. Köçərli, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə və başqa mütərəqqi ziyalılardan ibarət cəbhə yaradıldı. Bu cəbhənin işi Azərbaycan ədəbi dilini canlı xalq dilinə getdikcə daha artıq yaxınlaşdırmaq, inkişaf etdirmək idi. Onlar dili millətin əvəzsiz sərvəti hesab edirdilər. F. Köçərli müasir ziyalılara və tələbələrinə Azərbaycan dilini yaxşı bilmək, onun canlı üslubunda yazıb yaratmaq üçün M.P. Vaqif, M.V.Vidadi, H.Zərdabi, S.Ə.Şirvani, A.Bakıxanov, Q.Zakir, M.F.Axundzadə kimi yazıçıların əsərlərini oxuyub öyrənməyi məsləhət görürdü.
Bəzi müasirlərindən fərqli olaraq F.Köçərli İrəvan gimnaziyasında müəllimlik etdiyi zaman "Novoe obozrenie" qəzetinin səhifələrində dərc etdirdiyi ilk məqalələrində xalqın təhsil sahəsində geridə qalmasını "Quran" və din ilə deyil, mollaların savadsızlığı ilə izah edirdi. O, "Çağırılmamış qonaq" adlı məqaləsində İrandan gələn başı çalmalı mollaların xalqı cəhalətdə saxlamasının qarşısını almaq üçün düzgün təşkil edilmiş ruhani məktəbləri açılmasını faydalı hesab edirdi. Sonrakı məqalələrində daha irəli gedən F.Köçərli köhnə məktəbin tənqidi, ana dilinin təlimi məsələləri, əlifba, ana dili dərsliyi kimi mühüm məsələlər qaldırırdı.
F.Köçərli öz müəllimi A.O.Çernyayevskinin "Vətən dili" dərsliyini yüksək qiymətləndirir, istər azərbaycanlı şagirdlərin, istərsə də rusların bu dili öyrənməsində "Vətən dili"ni əvəzsiz mənbə, nümunəvi dərslik hesab edirdi. O, A.O.Çernyayevskinin vəfatının 20 illiyi ilə əlaqədar 7 dekabr 1914-cü ildə "Kaspi" qəzetində dərc etdirdiyi məşhur məqaləsində yazırdı ki, türk-tatar sistemli dillərdə danışan xalqlar arasında ilk dəfə sövti-üsulla dərs keçmək təşəbbüsü bilavasitə həmin dərslik və Qori seminariyası ilə bağlı olmuşdur. O, yazmışdır: "Tamam islam aləmində bu təşəbbüs birinci dəfə Azərbaycanda ortaya çıxmışdır. Ana dili təlimində ondan istifadə edilməsi Azərbaycan məktəb tarixində mühüm pedaqoji hadisə idi. Azərbaycan ziyalılarının bütöv bir nəsli bu kitabdan dərs almışdır".

M.F.Axundzadə və H.B.Zərdabinin maarifçilik ideyalarının, onların başlatdıqları işin davamçısı kimi çıxmışdı. O, eyni zamanda həm məktəbdə çalışır, gənclərə bilik öyrədir, həm də məişətdə gördüyü mədəni geriliyə, cəhalətə qarşı çıxır, camaatı mənəvi azadlığa, müasir təhsilə, əxlaqi saflığa, imana çağırırdı.Azəri türklərinin mənəvi mədəniyyətinin, ədəbi-elmi fikrinin inkişaf tarixində Firidun bəy Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi üçün bütün süurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı-publisist, nəhayət, istedadlı ədəbiyyatşünas-alimdir. Bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsiz ədəbi şəxsiyyətdir. Bəs Firidun bəy Köçərlinin hansı fəaliyyət sahəsi daha üstündür? Heç şübhəsiz, müəllimliyi! Bəli, Firidun bəy Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bütün ömrünü müəllimlik işinə həsr edib. Onun pedaqoji baxışlarının əsas prinsipi xəlqilik idi. Təlimin mərkəzində isə ana dilinin öyrənilməsi dayanırdı.

Onun pedaqoji və ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoyub.

Firidun bəy Köçərli müəllimliklə eyni vaxtda tərcüməçiliklə də məşğul olub. İrəvan gimnaziyasında çalışarkən o, qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus şairləri A.S.Puşkin və M.Y.Lermontovun şeirlərini azərbaycan dilinə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə çevirərək nəşr etdirib. Ədibin publisistik və tənqidçilik fəaliyyəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdən başlanır. İrəvan gimnaziyasında çalışarkən o, Azərbaycan-türk ədəbiyyatına dair müxtəlif nümunələr, əlyazma nüsxələrini və bir çox məlumatları toplayaraq tədqiq etməyə başlayıb, 20 illik gərgin zəhmətdən sonra 1908-ci ildə üçcildlik məşhur “Azərbaycan ədəbiyyatı” kitabını yazıb. Bu kitab Azərbaycan ədəbiyyatı tarixini yaratmaq sahəsində çox mühüm, olduqca əhəmiyyətli bir kitabdır. Firidun bəy Köçərli bu kitabda 130-a qədər şair və yazıçı haqqında bəhs etməklə Azərbaycan ədəbiyyatının varlığını, onun tarixi qədimliyini və bədii-estetik qüdrətini dananlara tutarlı cavab verir, səhv düşüncələri alt-üst edir.


Ədib təkzibolunmaz faktlarla sübuta yetirir ki, dünyanın ən qədim mədəni xalqlarından olan Azəri türklərinin özü kimi, onların yaratdıqları söz sənəti də yaşı minillərlə ölçülən qocadan-qoca, son dərəcə humanist-bəşəri məzmunlu, bədii forma baxımından heyrətamiz dərəcədə rəngarəng bir sənətdir. Yəni Firidun bəy bu əsərdə Azərbaycan ədəbiyyatının tarixi qədimliyini və estetik zənginliyini ortaya qoyur. O bu kitabı özü üçün əziz və mübarək bir kitab hesab edir, onun gözəl bir surətdə təbliğ olunmasını arzulayırdı. Alimin bu arzusunu xalqının qədirbilən övladları həyata keçirib. Yəni Firidun bəyin vəfatından sonra bu kitab üç dəfə böyük tirajla nəşr olunaraq ictimaiyyətə təbliğ olunub.
1920-ci il aprel çevrilişindən az sonra may ayının əvvəllərində Firidun bəy Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir. Burada onu müsavatçı olduğuna görə “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə Firidun bəy Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib xalqı aldatmış, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənimsəmiş, bu yerlərdə milli nifaq törətmişdi. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum edir və günahsız ədib 1920-ci il iyun ayının 5-də güllələnərək qətlə yetirilir...
Firidun bəy Köçərli zülmətdə parlayan bir ulduz kimi ətrafa nur saçırdı. Maarif fədaisi kimi sorağı İrəvandan, Qazaxdan, Gəncədən gəlirdi. Firidun bəy millətinin aşiqi idi. O, gənc nəslin təhsil almasında, maariflənməsində, mədəni inkişafında bir məşəl kimi alovlanırdı. Xalqımız böyük mütəfəkkir Firidun bəy Köçərlini heç vaxt unutmayacaq.
Yüklə 30,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin