Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu № Akademik kommunikasiyada nitq etiketləri Plan



Yüklə 24,98 Kb.
səhifə1/7
tarix08.06.2023
ölçüsü24,98 Kb.
#127078
növüQaydalar
  1   2   3   4   5   6   7
Mövzu 9


ADPU-nun Şəki Filialı
Fakültə: Filologiya
Kafedra: Dillər İxtisas: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, I tədris ili Semestr: Yaz-2 Tədris ili: 2021-2022 Müəllim:Fil.ü.f.d.,dos.Gülarə Abdullayeva
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Mövzu № 9. Akademik kommunikasiyada nitq etiketləri
Plan: 1. Akademik kommunikasiyada müraciət formaları 2. Akademik kommunikasiyada sualvermə və söhbətəqoşulma qaydaları 3. Nitq etiketləri və onlardan istifadə qaydaları
Akademik kommunikasiyada müraciət formaları. Azərbaycan nitq etiketində bir çox müraciət formaları vardır ki, onlardan yerində və düzgün istifadə akademik kommunikasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, söz təkcə adlandırma və ünsiyyət funksiyasını deyil, həm də müraciət funksiyasını yerinə yetirir. Əvvəllər, XVIII və XIX əsrin birinci rübündə Azərbaycanda xanlıqlar zamanı xan, xanım, bəy, bəyim, ağa sözləri müraciət formaları kimi çox işlək olmuşdur. Məşədi, hacı, kərbəlayi, seyid, şeyx, axund, molla sözləri dini müraciət formasını təşkil etmişdir və indi də qalmaqdadır. Xalqımızın milli ənənələrinə, təfəkkür tərzinə, etik görüşlərinə uyğun olaraq sovet dövründə yoldaş, müəllim, bəy sözləri, indi isə cənab, xanım sözü rəsmi və qeyri-rəsmi müraciət formaları kimi istifadədədir. Qohumluq əlaqələrinə, yaşa, cinsə, ictimai mövqeyinə, vəzifəyə və s. görə hamının qəbul etdiyi sözlər (bunlara vokativ sözlər deyilir) müraciət olunanları razı salır, onları hərəkət etməyə, fəaliyyət göstərməyə sövq edir. İnsanlara edilən müraciət formaları müxtəlifdir. Bunların bir hissəsi qohumluq münasibətlərini bildirən adlardır. Məsələn, ana, anacan, atam balası, atacan, qardaş, bacı, anam-bacım, bala, bacıqızı, oğlum, qızım, gəlinbacı, qardaşoğlu, xala, qaqaş, bibiqızı, dayıcan, əmioğlu, əmiqızı, əmican və s. Bu sözlərlə həm qohumlara, həm də yadlara müraciət olunur. Xoş qılıq anlamında “can” sözü müraciəti doğmalaşdırır. Müraciət olunan baş sözlərə “ay” vokativ sözü də əlavə olunur: ay dayı, ay bacı, ay qız, ay oğlan və s. Bu müraciət formalarının, bir çoxu adlarla da işlənir. Məsələn, Səfər dayı, Həqiqət xala, İslam əmi, Sənəm bacı və s. Müraciət bildirən sözlərin digər qismi vəzifə, peşə, sənət, rəsmi münasibətlərlə bağlıdır. Müəllim, həkim, sürücü, satıcı, mühəndis, biznesmen, fermer, direktor, dekan, müdir, professor və s. belə sözlərdəndir. “Müəllim” sözü ünsiyətdə geniş şəkildə işlənən müraciət formasıdır. Bu söz iki şəkildə işlədilir: həm ayrı, həm də xüsusi vokativ sözlə - adlarla. Təlim –tərbiyə ilə məşğul olan adama, həm də rəsmiyyət və hörmət əlaməti kimi digər sənət sahiblərinə (müəssisənin direktoru, nazirliyin işçiləri, hökumət rəhbərləri və başqalarına) müraciət zamanı müəllim sözü şəxs adı ilə işlədilir. Məsələn, Aslan müəllim, Həsən müəllim və s. Müəllim sözünün əvvəlinə cənab sözünü də artırıb cənab müəllim də demək olar. Yeri gəlmişkən qeyd edək ki, müəllim müraciət formasından bəzən uyğun olmayan məqamlarda, yersiz istifadə olunur, işindən, peşəsindən və s.-dən asılı olmayaraq istənilən adama bu adla müraciət edilir. Belə uyğunsuz müraciət həmin sözün ehtiva etdiyi mənaya, məzmuna, şübhəsiz ki, xələl gətirir və tamaşaçını, dinləyicini narazı salır. Həkim, sürücü, satıcı kimi sözlər həm ayrılıqda, həm də ümumi vokativ sözlərlə (vətəndaş, cənab) işlənir: cənab həkim, vətəndaş Elxan və s. Bəzən fikir adamları arasında ustad müraciət formasından da istifadə olunur. Dinləyicilərə edilən müraciət formasının əvvəlinə əziz, əzizim, hörmətli, möhtərəm sözlərini də əlavə etmək olar. Məsələn, hörmətli Qabil müəllim, möhtərəm İsmayıl müəllim. əziz tələbələr, möhtərəm bəylər, hörmətli xanımlar və s.
Ünsiyyət prosesində yaşca böyük adamlara, tanış olmayanlara, vəzifə sahiblərinə, qadınlara və başqalarına “siz” deyə müraciət olunur. Bu hörmət və ehtiram formasını bəziləri rus etiketinin təsiri sayirlar. Halbuki hələ XI əsrdə M.Kaşqari yazırdı ki, türklər özlərindən yaşca və vəzifəcə kiçiklərə sən, böyüklərə siz deyirlər.(“Divan”, I c. “Daşkənd” nəşri, səh.326) Azərbaycan yazılı abidələrində də bu diferensiallaşmanın tarix boyu mövcudluğunu təsdiqləyən faktlar istənilən qədərdir. Ona görə də müasir Azərbaycan etiketində “siz” müraciət formasının işlənməsi heş bir təsirin nəticəsi deyil, əksinə, tam milli xüsusiyyətdir. Ailədə, yaxud bacı, qardaş əlaqələri olan adamlar yaşdan və vəzifədən asılı olmayaraq bir-birinə “sən” deyə müraciət edirlər:- Ata, sən harada idin? Əmi, səni atam çağırır. Dayı, anam səni görmək istəyir və s. Belə situasiya və məqamlar istisna olmaqla, qalan hallarda “sən” forması məqbul sayılmır, xüsusən vəzifəli və orta yaşdan yuxarı olan adamlara bu sözlə müraciət etdikdə onlar bunu özlərinə qarşı kiçiklik, hörmətsizlik sayır, nəzakətsizlik kimi qiymətləndirirlər. Özündən yaşlı adamlara adı ilə müraciət etmək də qəbahət sayılır. İctimai yerlərdə gədə, aşna, lələ, ay arvad, a gədə, qağa, canciyər və s. kimi müraciət formalarının işlənməsi başqalarına hörmətsizlik kimi qiymətləndirilməlidir. Müəllimlər şagird və tələbələrə adından başqa oğlum, qızım, bala kimi sözlərlə də müraciət edə bilərlər. Valideynlər öz uşaqlarına müraciət edərkən gülüm, əzizim, gözümün işığı, quzum, sonam, evimin yaraşığı, canım-ciyərim, evim-eşiyim, qoçaq balam və s. kimi oxşama və əzizləmə mənalı söz və ifadələri işlətsələr, daha yaxşı olar. Qadınlara və kişilərə müraciət zamanı rəsmiyyət və hörmət əlaməti olaraq xanım, bəy, ağalar, xanımlar sözləri də işlədilir. Bu sözlərdən iki formada istifadə olunur. 1.Təklikdə, sadəcə olaraq xanım, bəy formasında. 2. Adlardan sonra: Leyla xanım, Rəsib bəy və s. Adamların tez-tez işlətdikləri ağsaqqal, oğlum, qızım, eloğlu, elli, dədə, elqızı, bibi, nənə, qohum kimi müraciət formaları nəzakət və hörmət baxımından məqbul sayılır. Nitqdə hörmət əlaməti olaraq cənab, cənablarına, zati-aliləri kimi yeni müraciət formaları da işlənir. Məsələn, cənab Şeyx, cənab səfir və s. Belə halda müraciət ifadə edən sözlərin əvvəlinə hörmətli, möhtərəm, istəkli, sevimli və s. kimi hörmət və ehtiram bildirən sözlər də əlavə oluna bilər. Müraciətlərdən, xitablardan televiziya, radio verilişlərində də istifadə olunur. Müraciətlər, xitablar tamaşaçını, dinləyicini diqqətini cəmləşdirməyə, deyilən informasiyaya, göstərilən təsvirə, hadisəyə qarşı biganə yox, fəal, diqqətli olmağa çağırır. Ən əsası odur ki, bu xitablar xoş, lirik, ürəkaçan bir əhvali-ruhiyyə yaratmaq, səfərbəretmə, ruhlandırma, qürur və fəxr məzmunu bildirmək üçün ən lazımlı nitq elementləridir. Onlardan bəzilərin nümunə kimi göstərək: əziz dostlar, əziz və hörmətli televiziya tamaşaçıları, hörmətli radio dinləyiciləri, əziz analar, bacılar və s.

Yüklə 24,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin