XIV FƏSİL
İCTİMAİ RƏYİN SOSİOLOGİYASI
1. İctimai rəyin mahiyyəti
İctimai rəy ictimai şüurun elə təzahürüdür ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual
hadisələrə münasibəti (yaxud onları qiymətləndirilməsi) əks olunur. Adətən belə hadisələr ciddi ictimai maraq
doğuran, ictimai mənafelərə toxunan hadisələr olur. Ətraf gerçəkliyin qiymətləndirilməsi müxtəlif qrup və
təbəqələrin mövqeyini əks etdirir. Həmin qrup və təbəqələr ictimai rəyin ifadəçiləridir.
Bu bir həqiqətdir ki, istənilən sosial və ya sosial-ərazi birliyinin normal fəaliyyəti ictimai işlər haqqında
kollektiv təsəvvürlər, mühakimələr işlənib hazırlanmadan mümkün deyildir. Hər hansı hadisənin ictimai cəhətdən
işlənib hazırlanmış qiymətləri olmasa, davranış normaları müəyyənləşdirilməsə, ümdə problemlərin praktik yolları
axtarılıb tapılmasa, cəmiyyət bütöv sosial orqanizm kimi, bütöv sosial sistem kimi fəaliyyət göstərə bilməz.
Hər bir cəmiyyətdə ictimai rəyin təşəkkül tapması və inkişafı mürəkkəb xarakterə malikdir. Ona görə də
«təşəkkül tapmış ictimai rəy ayrı-ayrı rəylərin mexaniki cəmi deyil, qarşılıqlı mübadilə olunması və
zənginləşməsinin, bir-birinə nüfuz etməsinin nəticəsidir, bir növ kollektiv zəkanın təmərküzləşmiş ifadəsidir.
İctimai rəy rasional, emosional və iradi ünsürlərin üzvi vəhdətindən ibarət olduğundan üç səviyyədə təzahür edə
bilər: mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsilə), mənəvi-praktik münasibət (emosional-iradi
meyllər, səylər, niyyətlər və s. vasitəsilə) və praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə)».
1
İctimai rəyin nüfuz gücü əksəriyyətin şüuruna əsaslanması ilə şərtlənmişdir. Burada çox əhəmiyyətli məsələ
həmin əksəriyyətin düzgün nöqteyi-nəzərdə, düzgün mövqedə olub-olmamasıdır. Əgər əksəriyyət düzgün nöqteyi-
nəzərdədirsə, düzgün mövqedə dayanırsa, o zaman ictimai rəy əksəriyyətin yetkin rəyi kimi çıxış edir ki, bu da
onun sosial əhəmiyyətini və praktik təsirini artırır. Kütlələrin şüurunun azdırılması ictimai rəyin funksional
imkanlarını azaldır.
Konkret ictimai rəyin əlamətlərinə onun intensivliyini və sabitliyini aid edirlər. İctimai rəyi kütləvi şüurun
mövcudluğu və təzahürü üsullarından biri hesab edirlər. Bu şüurda, məlum olduğu kimi, xalqın, sinfin, sosial
qrupun əksəriyyətinin onların tələbat və mənafelərinə toxunan gerçəkliyin fakt, hadisə və proseslərinə real
münasibətləri ifadə olunur.
İctimai rəy sosial nəzarətin, geniş kütlələrin davranışını və praktik fəaliyyətini nizama salmağın səmərəli
vasitəsidir, xalqın özünüidarəetmə sisteminin ayrılmaz ünsürüdür.
Kütlələrin tarixi prosesdə rolu artdıqca, cəmiyyətin həyat fəaliyyətinin bütün sferalarında fəallığı
yüksəldikcə, onların təhsil, mədəniyyət, məlumatlılıq səviyyəsi genişləndikcə ictimai rəyin sosial əhəmiyyəti və
idarəetmə dəyəri də yüksəlir. Demokratiyanın inkişafı və təkmilləşməsi ictimai rəyin formalaşmasına,
öyrənilməsinə və nəzərə alınmasına səmərəli təsir göstərir.
İctimai rəy cəmiyyəti idarəetmənin demokratik vasitəsi olub, əhalinin müxtəlif qruplarının mənafelərinin,
əhval-ruhiyyəsinin konkret sosial-psixoloji formada ifadəsi kanalıdır. Ona görə də demokratiyanın inkişaf etdiyi
ölkələrdə ən müxtəlif ictimai problemlərin həllində ictimai rəyin müntəzəm surətdə nəzərə alınması vacib
prinsiplərdən biri sayılır.
İctimai rəyin mahiyyətini, formalaşmasını, təkamülünü müxtəlif cür izah edirlər, yəni bu məsələdə vahid rəy
yoxdur. Araşdırmalar göstərir ki, müxtəlif bilik sahələrini təmsil
[243 - 244]
edən tədqiqatçıların bu sahədə maraqlı
konsepsiyaları, nəzəriyyələri, baxışları mövcuddur. Filosoflar, sosioloqlar, politoloqlar, sosial psixoloqlar və
başqaları ictimai rəy problemləri ilə daha ciddi məşğul olmuşlar. Ona görə də ictimai rəy nəzəriyyələrini məhz
həmin bilik sahələrini təmsil edən tədqiqatçıların işləyib hazırladıqları konsepsiyaların, irəli sürdükləri baxışların
spesifık kompleksi hesab etmək olar.
2
Bu kompleksdə gerçəkliyin hadisələrinə, faktlarına, problemlərinə
münasibətdə insan qruplarının qiymətləndirmə mühakimələrinin təbiətini, cəmiyyətdə rolunu və əhəmiyyətini
nəzərdən keçirməyə cəhd edilir.
İctimai rəy, demək olar ki, tarixi inkişafın bütün dövrlərində mövcud olsa da, onun bir anlayış kimi ifadəsi
XII əsrdə İngiltərədə özünü göstərmişdir. Sonralar bu termin tədricən başqa ölkələrə də nüfuz etmiş, XVIII əsrin
sonlarından etibarən isə geniş yayılmağa başlamışdır.
1
Fəlsəfə ensiklopedik lüğəti. Bakı, 1997, s. 200.
2
Вах: Коробейников В. С. Пирамида мнений. Москва, 1981, с. 13.
98
İctimai rəy insanların şüur və davranışının spesifik təzahürü kimi bütün ictimai şüur formaları və səviyyələri
ilə sıx surətdə bağlıdır. O, eyni zamanda reallığa həm mənəvi, həm də praktik təsir göstərə bilməsi ilə səciyyələnir.
Adətən ictimai rəyin subyektini və obyektini fərqləndirirlər. Bu ona görə zəruridir ki, ictimai rəyin əsasını
təşkil edən sosial qiymətləndirmə əslində subyektin obyektə müəyyən münasibətinin ifadəsi deməkdir. İctimai
rəyin subyekti dedikdə qiymət verən tərəf nəzərdə tutulur. İctimai rəyin subyekti bir növ onun daşıyıcısı deməkdir.
Aydın məsələdir ki, istənilən sosial birlik forması bu rolu yerinə yetirə bilər. Bütövlükdə cəmiyyət, onun hər hansı
hissəsi (sosial qrup, təbəqə), habelə müəyyən mənada ayrı-ayrı görkəmli şəxsiyyətlər də ictimai rəyin subyekti ola
bilər.
İctimai rəyin obyekti rəngarəngdir, müxtəlif hadisələr, proseslər və problemlərdir. İstənilən məsələ ictimai
rəyin obyekti ola bilər. İctimai rəyin subyekti ilə obyekti arasında qarşılıqlı təsir mürəkkəb prosesdir.
[244 - 245]
İctimai rəy öz daxili məzmununa görə, əhatə dairəsinə görə əhalinin müxtəlif səviyyələrini təmsil edə bilər.
Bu mənada bütövlükdə xalqın ictimai rəyini, bu və ya digər sosial qrupun rəyini, müəyyən iş sahələrində çalışan
kollektivlərin rəyini ayırmaq mümkündür. Belə fərqləndirmə ictimai rəyi əsasən kəmiyyət etibarilə səciyyələndirir.
Aydın məsələdir ki, ictimai rəyin keyfıyyət aspekti də mövcuddur. Bu, onun ictimai inkişafın tələbatlarına nə
dərəcədə uyğun gəlməsi ilə müəyyən olunur.
İctimai rəyə verilən sosial qiymət öz obyektivliyi, mötəbərliyi baxımından birmənalı olmur. Bu halda
ictimai rəyin əsasında dayanan mənafelərin tipi və xarakteri həlledici əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, hər
bir sosial subyekt hadisələri, prosesləri və problemləri ən əvvəl öz spesifik mənafeləri baxımından qiymətləndirir.
Mənafelər müxtəlif olduğuna görə eyni bir hadisə, proses, problem müxtəlif cür qiymətləndirilə bilir.
İctimai rəy müəyyən səviyyəli kollektiv mövqeləri ifadə edir. Ona görə də onun ümumi ictimai əhəmiyyət
kəsb edən hadisə, proses, problem ətrafında formalaşması təbii sayılmalıdır. Başqa sözlə, ictimai rəyin
formalaşması üçün «əlverişli mühit», real şərait yaranmalıdır. Tarixi inkişaf prosesində həm obyektiv, həm də
subyektiv səbəblər üzündən müəyyən problemlər qrupu insanların diqqət mərkəzinə keçir, son dərəcə aktuallıq
kəsb edir.
Beləliklə, «ictimai rəyin sosial mahiyyəti bundadır ki, o, insanların fıkir və hisslərini, praktik fəaliyyətini
daxili vəziyyətin və beynəlxalq həyatın ən mühüm tərəflərinə yönəldir, insanları onlara qiymət verməyə sövq
edir,... onları bu tərəfləri ya qoruyub saxlamaq və ya möhkəmləndirmək işinə, ya da dəyişdirməyə səfərbər edir».
1
İctimai rəy nəzəriyyələrinə diqqət yetirdikdə aydın olur ki, ictimai rəyə sosialoji və sosial-psixoloji, habelə
politoloji yanaşmalar mövcud olmuşdur. Belə yanaşmaların fəal şəkildə
[245 - 246]
işlənib hazırlanması XIX əsrin
II yarısından başlanır. Bu işdə görkəmli fransız sosioloqu, sosial psixologiyanın banilərindən biri, sosiologiyada
psixoloji istiqamətin başlıca nümayəndələrindən biri Qabriel Tardın (1843-1904) «İctimai rəy və yığnağ» əsəri
2
mühüm rol oynamışdır. Həmin əsərdə qeyd edilir ki, ictimai rəyi «publika» formalaşdırır. Publikanın yaranması
üçün əsas xalis mənəvi proseslərdir, ünsiyyətdir. Eyni zamanda ictimai rəyin tədqiqində politoloji istiqamət də
meydana çıxır. Bu, başlıca olaraq hüquqşünasların səyləri sayəsində mümkün olur. Bu istiqamət həm Qərbi
Avropada, həm də Şimali Amerikada inkişaf edir. A. O. Louellin «İctimai rəy və xalq hökuməti» əsəri ictimai rəyin
təbiəti və onun öyrənilməsi metodları barəsində nəzəri təsəvvürlərin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Louell öz nəzəri tədqiqatlarının əsasına aşağıdakı məsələləri daxil edir:
− qərarların qəbul edilməsi zamanı ictimai rəyin səriştəliliyinin hüdudları məsələsi;
− əksəriyyətin və azlığın rəylərinin nisbəti məsələsi;
− ictimai rəyin ifadə olunması formaları haqqında məsələ. Louell belə bir nəticəyə gəlmişdir ki, ictimai rəy
dövlətin idarə olunması prosesində məhdud təsir sferasına malikdir; reallıqda elə problemlər mövcuddur ki, onları
bilavasitə səsvermə ilə, yaxud ictimai rəyə istinad etməklə həll etmək olmaz. Bu ideyanı Lipman daha da inkişaf
etdirmişdir; o, «hər şeydə aparıcı və hər şeyə qadir vətəndaş» mifini kəskin tənqid etmişdir. Lipman ictimai rəyin
məhdudluğunu nədə görürdü? «Orta adam»ın öz mənafelərini dərk etməyə qadir olmamasında, onun mətbuatın
materiallarından geniş istifadə etməsində - mətbuatın informasiyası isə tam deyildir, yaxud təhrif olunmuşdur.
Lipman bu baxımdan stereotip anlayışından istifadə edir. O, bu anlayışı bəsit təsəffürləri, ictimai rəyin təzahür
formalarını ifadə etmək üçün işlədilir.
[246 - 247]
Onun fıkrincə, bu, siyasi xadimlərin, partiyaların, reklam personajların, müxtəlif sosial, peşə və etnik
qrupların davranışında müşahidə edilir. Lipmana görə, stereotiplər bəşəri ünsiyyətə daxilən xasdır və buna görə də
onlar «gəzən rəyin» ayrılmaz hissəsidir.
Müasir şəraitdə Qərb mütəxəssisləri ictimai rəyin vətəndaşların seçki kampaniyaları dövründəki davranışı
ilə əlaqəsi məsələsinə xüsusi diqqət yetirirlər. Hakimiyyət uğrunda mübarizədə siyasi partiyalar arasında
mübarizənin kəskinləşməsi bunu bilməyi zəruri edir ki, seçkilərdə namizədlərin, onların proqramlarının
qiymətləndirilməsinin əsasında hansı mexanizmlər dayanır. Seçkilərdə namizədlərə münasibətdə insanların rəyini
1
Sosiologiya. Bakı, 1994, s. 53.
2
Həmin əsər rus dilində 1905-ci ildə Moskvada nəşr olunmuşdur.
99
müəyyən edən «zahiri amillərin» təhlilinə xüsusi diqqət yetirilir. Seçki kampaniyaları zamanı adamların
davranışına təsir edən səbəblərin ierarxiyası öyrənilir: ölkənin daxili problemlərinə münasibət, kiçik qrup
tərəfindən göstərilən təzyiq, seçicinin şəxsi xüsusiyyətləri, siyasi ənənələr və s. bu qəbildəndir. Seçicilərin seçkilərə
hazırlıq gedişində münasibətlərində baş verən dəyişiklikləri izah etmək üçün seçicilərin davranışına aid müxtəlif
konsepsiyalar işlənib hazırlanır. Məsələn, «Qıf» konsepsiyası. Bu konsepsiyanın mahiyyəti ondadır ki, seçkilərə
yaxınlaşdıqca rəylər daha çox fərdiləşdirilmiş, konkretləşdirilmiş və siyasiləşdirilmiş xarakter kəsb edir. «Susma
spiralı» adı ilə məşhur olan konsepsiya. Bu konsepsiya belə bir vəziyyəti qeydə alır: partiyalardan birinin qələbə
gözləməsi daim artır, həmin partiya üçün səs vermək niyyətləri isə dəyişməz qalır.
Beləliklə, ictimai rəyə sosiaoloji, sosial-psixoloji və politoloji yanaşmalar öz mahiyyəti və məzmunu
etibarilə bir-birindən müəyyən dərəcədə fərqlənir. Birincisi sosial məqamları, ikincisi sosial-psixoloji məqamları,
üçüncüsü isə siyasi məqamları ön plana çəkir, qabarıqlaşdırır. Lakin bu yanaşmaların hamısı ictimai rəyin
əhəmiyyətini qeyd edir, onu öyrənməyi vacib sayır və bunun üçün müxtəlif üsullar təklif edirlər.
[247 - 248]
Dostları ilə paylaş: |