Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Gecə 
 
 
 
 “Rənanı çox sevirəm”. 
Son zamanlar, bunu tez-tez ürəyimdə təkrarlamağımın səbəbi Rənanın mənim üçün adiləşə biləcəyindən qorxmağımdır. 
Ya da aşiq olduğumu bir daha, bir daha özümə etirafımdır.  
Bilmirəm. 
Rənanın mənim üçün adiləşməsi, maraqsızlaşması - münasibətlərimizin sonunu gətirə bilər. Mənsə ondan ayrılmaq 
istəmirəm. Onun yanında özümü geniş, isti bir qanadın altındakı körpə quş kimi hiss edirəm.  Bu  da  təbiidir. Bütün 
kişilərin, o cümlədən mənim də ehtiyacımız qadın nəfəsi, qadın qayğısıdır. Həftənin yalnız iki-üç gününü Rənanın evində 
keçirib, daha artığından çəkinməyim bu səbəbdəndir yəqin. Evinə dadanmaqdan, ondan bezməkdən qorxuram. Mənim 
eşq üçün yararsız, ümidsiz, bədbin və pinti evimə bircə dəfə ayaq basmayıb Rəna. Onu evimə dəvət etməməklə çoxmu 
xətrinə  dəyirəm görəsən? Mən olsaydım inciyərdim. Deməli o da inciyir. Bir gün ürəyimdə Sevildən başqa qadının 
olmadığını başa düşəcək, məndən bezəcək deyə qorxuram. Olacağa çarə yoxdur. 
“Mozart”da çox oturmadıq. Təxminən yarım saat sonra Sənan gəzişməyi təklif etdi. Əsəbindən donuz kimi pörtmüş 
Yelenaya hesabı ödəyib, gülüşə-gülüşə kafeni tərk edən son müştərilər olduq. Saat on birə işləyirdi. Küçələrdən yığışan 
maşınların tüstüsü çəkilir, şəhərin tozanağı aram-aram boz asfalta yatırdı. Azacıq da olsa, nəfəs almaq yüngülləşmişdi.  
Bu dəfə siyasətdən danışmadıq. Mövzumuz axırıncı Hollywood filmləri, yeni kitablar, hətta qadın  ətirləri idi. Əlindən 
tutduğum sevgilimin gülümsəyən, ağıllı üzünə arada bir nəzər salaraq, bir saat boyunca Nizami küçəsini o baş-bu baş 
arşınladıq. Sənanın əmisi oğlu Nurəddin zəng vurub Sahil metrosunun qabağında onu gözlədiyini xəbər verəndə, saat 
on ikiyə qalırdı. Sənanla metroya qədər gəlib, əmisi oğlu ilə görüşdük. Nurəddin ölkənin tanınmış sığorta şirkətlərindən 
birində avtomobil sığortası üzrə mütəxəssis işləyir. Təzə Toyota Camry-sindən düşüb bizimlə hal-əhval tutandan sonra: 
- Gəlin sizi də aparım – dedi. 
Bilirdim ki, Rəna belə tez ayrılmağımızı istəməz. Hətta gecəni bir yerdə keçirəcəyimizi düşünür bəlkə də. Mən isə çox 
yorğun olduğumdan, təcili yatağa girib “sönmək” haqda fikirləşirdim. Xəcalətimdən Rənanın üzünə baxmadan Nurəddinə: 
- Sizin üçün zəhmət olacaq – dedim. 
Nurəddin qollarını aralayıb incimiş halda: 
- Siz nə danışırsınız! Buyurun, əyləşin. – dedi. 
- Onda əvvəl xanımı düşürdək. 
- Problem deyil, buyurun. 
Rəna ilə arxa oturacağa oturub, yol boyu susduq. Rəna məndən aralı otursa da, sağ  əlimin barmaqları ilə oynayırdı. 
Sənanla Nurəddin isə bizi unudub, evlənməyə hazırlaşan qohumları haqda danışmağa başladılar. “Cehiz”, “mənzil”, 
“mebel”, “təmir”, “toy”, “qancıq qayınana” kimi rabitəsiz sözlər qırıq-qırıq çatırdı qulağıma.  İnşaatçılar metrosunun 
yanındakı doqquz mərtəbəli binalara yaxınlaşanda, Rəna: 
- Burdan sağa zəhmət olmasa – dedi və qulağıma, - Bəlkə gələsən? – pıçıldadı. 
- Yox, çox sağ ol. Evə getsəm yaxşıdır. Yorğunam. 
Rəna qürurludur, bilirəm. Təklifini bir daha təkrarlamayacaq, israr etməyəcək. Elə  də oldu. Sadəcə çiyinlərini dartıb 
gülümsədi. Dəvətini qəbul etmədiyim üçün incidiyi hiss olunurdu. Özümə nifrət etdim. Onu bərkdən qucaqlayıb öpdüm və 
qulağına: “Sabah gələcəm. Bu günsə  sənə inciməyi qadağan edirəm” dedim. Pıçıltım onu qıdıqladığı üçün yavaşca 
gülüb boynunu məndən qaçırtdı və qabaqda oturanlarla vidalaşdı. 
- Dostlar sağ olun. Görüşərik. 
Rəna bloka sarı gedir, mənsə arxadan onun heyran qaldığım yerişinə tamaşa edirəm. Bu ifadəli, aristokrat yerişi onu 
necə də fərqləndirir, cazibəli edir. 
Sənan üzünü arxaya çevirib: 
- Sən də evə gedirsən? – soruşdu. 
Gözlərimi pəncərədən ayırıb bir Sənana, bir Nurəddinə baxa-baxa: 
- Nurəddinə əziyyət olmaz ki? – soruşdum. 
Nurəddin tez-tez başını buladı. 
- Əziyyəti zadı yoxdur. O nə sözdü! Hara gedirik? 
Sənan mənim əvəzimə: 
- Bayıla sür – deyib təzədən mənə baxdı, - Yaxşısan? 

 
71
Bir az təəccüblə: 
- Hə - dedim. - Nədir ki? 
- Heç, elə belə soruşdum. Son vaxtlar çox gərginsən elə bil. 
- Yox əşi. – deyib, gözlərimi yumub-açdım.  
Sənan təzədən üzünü qabağa çevirdi. 
- Yayda mitinqlər başlayır. Bu il son şansımızdı – şüşəni açıb siqaret yandırdı. Elə bil, bu sözləri demək üçün, bayaqdan 
Rənanın maşından düşməsini gözləyirdi. Halbuki, Rəna bu söhbətlər üçün sino gedir. Heç şübhə etmirəm ki, mitinqlər 
başlasa, ön cərgələrdə polislə toqquşanlardan biri də Rəna olacaq. 
İlin sonunda, noyabr ayında keçiriləcək prezident seçkilərinin təbliğat kampaniyası yayda başlamalı olsa da, müxalifət 
indidən aktiv hazırlıqlar görür. Əslində, hamı seçkilərin formal xarakterli olduğunu, iqtidarın 20 ilə yaxındır etdiyi kimi, bu 
seçkiləri də saxtalaşdıracağını yaxşı bilir. Odur ki, müxalifətin hazırlıqları  təbliğata yox, hakimiyyətin silahlı  dəstələrinə 
müqavimətə yönəlib. 2005-cü ildə olduğu kimi, bu il də hamının ümidi Demokratik İslahatlar Partiyası  və lider Niyazi 
Salayevdir.  İllərdir televiziya efirindən məhrum edilən Niyazi Salayevin öz elektoratı ilə ünsiyyət qurmaqda yeganə 
vasitəsi - iki-üç müxalif qəzetdir. Salayev də son bir aydır, bu qəzetlər vasitəsilə ümidlərinin böyük olduğunu, xalqın 
qələbə çalacağını və iqtidarın mütləq devriləcəyini vəd edir. Sənanın da dəyişikliyə ümidi var. Doğrusu, mənim də. Sırf 
ümidsiz yaşamaq ağır olduğuna görə, rejimin çökəcəyinə ümid bəsləyirəm. 
Başımı oturacaqla qapı arasındakı küncə dirəyib qaranlıq küçəyə baxa-baxa: 
- Bircə  şeydən qorxuram – dedim. - Bu il də “son şansımız” deyə-deyə özümüzü çox ümidləndirsək, sonra yenə 
alınmasa, beş il əvvəlkindən beşbetər sına bilərik.  
Biz birinci şansımızı, 2005-cü ilin prezident seçkilərində itirdik. Niyazi Salayevin seçkilərdə açıq-aşkar səs çoxluğu ilə 
qalib gəlməsinə baxmayaraq, Qənirə Millinin prezidentliyində  və rejimin davamlılığında maraqlı olan hakimiyyətdaxili 
qüvvələr, mafioz klanlar onu ölən ərinin kreslosuna oturtmaq naminə, ən qəddar üsullarla mitinqlərin qarşısını aldılar. 
“İkinci meydan hərəkatı” adını alan hadisələr ifrat yoxsulluq, hüquqsuzluq və ədalətsizlik həddinə çatdırılmış xalqın uzun 
illər gözlənilən hayqırtısı idi. Əllərində “Niyazi Salayev prezident!”, “Rədd olsun Milli! Yaşasın Niyazi!” plakatları ilə 
meydana çıxan; korrupsiyadan, avtoritarizmdən, qəsbdən və zorakılıqdan bezmiş insanların üstünə daxili qoşunlar, polis 
və dazbaş idmançılar hücum etmişdi. Xalqın Azadlıq meydanından yığışmadığını görən iqtidar, bu dəfə insanların üstünə 
texnikanı sürdü. Gecənin bir yarısında silahlı xüsusi təyinatlılar, BTR-lər, hətta tanklar meydana girərək xalqı güllə-baran 
etdi. Xəbərdarlıqsız atəş açıldı  və... nəticədə 131 nəfər qətlə yetirildi. Bunlardan on altısı yeniyetmə, səksən beşi kişi, 
qalanları isə qadınlar idi. Ölənlər ölmüş, yerdə qalan dirilərə isə divan tutulmuşdu. Həbs olunan 1136 nəfər mitinq 
iştirakçısından yüzlərləsinin dırnaqları qopardılmış, gözləri oyulmuş, qabırğaları sındırılmış, arvadları və qızları gözlərinin 
qabağında zorlanmışdı. 
O saatlarda isə bütün telekanallarda Qənirə Milli danışırdı. Milli, “... Bunlar terrorçudur, silahları var. Hamısı xaricdən, 
Qərbdən maliyyələşir! Bunlar islam ekstremistləridir!” kimi cəfəng, təzadlı  bəyanatlar verir, özünü dünyaya güldürürdü. 
Gözü qana doymayan Qənirə, “ikinci meydan hərəkatının” arxasında “vəhhabilərin”, “şiələrin”, “Əl-Qaidə”nin, Soros 
Fondunun və son dövrlərdəki siyasi ritorikasının ruhuna uyğun olaraq “ABŞ Dövlət Departamentinin” dayandığını iddia 
edir və sübut kimi, meydanda öldürülən insanların yanında, guya onlara məxsus silahlar və “Lə iləhə illəllah, 
Muhammədun rəsulullah” yazılmış yaşıl bayraqlar “tapıldığını” deyirdi.  
Rejimin etiraz edən kütləyə qanlı “cavabından” sonra, BBC müxbirinin Azadlıq meydanından tapdığı isə başqa  şey 
olmuşdu. Qana bulaşmış, görünür oturaq aksiya vaxtı tez-tələsik yazılmış bir məktub. Meydana çıxan ata, məktəbli 
oğluna bunları yazırdı: 
“Mənim balam,  biz azad olmaq uğrunda bu meydana gəlmişik. Biz, azad yaşamaq,  şərəflə yaşamaq üçün buradayıq. 
Sənin, ananın, sinif yoldaşlarının azadlığı uğrunda meydandayıq. Biz istəyirik ki, sən böyüyəndə yaxşı təhsil ala biləsən, 
sağlam oğlan olasan, xoşbəxt olasan. Atan istəyir ki, ölkəmizdə korrupsiya olmasın, insanlar nahaq həbs olunmasın, 
evlərini hansısa oliqarxlar sökməsin, onları küçəyə atmasın. Biz qoyun deyilik oğlum, biz insanıq!  Əgər biz bir yerdə 
olsaq, heç kəs bizə heç nə edə bilməz. Biz xalqıq. Bu hakimiyyət rədd olub getməlidir! Əgər evə qayıtmasam, eşitsən ki, 
atan ölüb, bil ki, sən çox qeyrətli bir kişinin oğlusan. Sən atanla fəxr edə bilərsən. Bu meydana çıxan hər bir kəsin övladı, 
valideyni ilə fəxr edə bilər...”  
Başqa bir atanın, alnından vurularaq öldürülən Elnur Göyəzənli adlı nümayişçinin sıxılmış ovcunda isə, körpə  qızına 
ünvanlanmış, ürək dağlayan bu məktub tapılmışdı: 
“Ceylancım, sən indi istəsən belə, bu yazını oxuya bilməyəcəksən. Amma illər sonra – artıq A-dan Z-yə bütün hərfləri 
tanıdığında bu yazını mütləq, həm də mütləq oxumanı istəyirəm. 
Ceylancım, bax, bir atanın övladı üçün buraxa biləcəyi ən böyük, ən dəyərli miras hürr bir ölkədir. Ədalətin və azadlığın 
qalib gəldiyi bir ölkədir. İnsanların yalanla və yaltaqlıqla deyil, biləyinin və ağlının gücü ilə yaşayacağı bir ölkədir. Və allah 
şahiddir ki, mən sənin elə bir ölkədə böyüməni, yaşlanmanı nə qədər istərdim. Kimsəyə əyilmədən, alçalmadan həyatda 
bütün arzuladıqlarını əldə etməni nə qədər istərdim. Amma bunlar yalnız istəməklə olmaz ki, qızım! Həm də savaşmaqla 
olar. Çırpınmaqla, çabalamaqla olar. Həqiqətin gücünə güc qatmaqla olar. 
Bax, elə ona görə də indi səndən, sənin qayğılarından çox mübarək bir savaşı düşünmək məcburiyyətindəyəm. Bu, həm 
də sənin uğrunda savaşdı, gözəl qızım, sənin kimi yüz minlərcə çocuq uğrunda savaşdı. Sənin və sənin kimi yüzminlərcə 
çocuğun gələcəyini oğurlamaq istəyən  ədalətsiz və  əxlaqsız bir sistemi yıxmaq, sökmək, onun yerində düzlüyün, 
dürüstlüyün, ləyaqətin, vicdanın hakim olduğu bir rejim qurmaq, yaratmaq uğrunda savaşdı. Elə bir savaş ki, bunun 

 
72
zövqünü, bunun gözəlliyini ruhunu şərə, şeytana satmışlar heç vaxt anlamayacaq. Amma sənin anlayacağına inanıram, 
ayüzlüm, çox inanıram! 
İndi məni həyatda sevindirən tək şey var, o da sənsən, Ceylancım! Ancaq indi məni həyatda kədərləndirən tək şey varsa, 
o da sənsən. Bilirsənmi, niyə? Çünki mənəviyyatsızlığın,  əclaflığın, riyakarlığın həyat normasına çevrildiyi bir ölkədə 
dünyaya çocuq gətirməkdən, o məsum çocuğu bu bitib-tükənməz mənəviyyatsızlıqların,  əclaflıqların, riyakarlıqların 
qurbanına çevirməkdən böyük cinayət yoxdur. Amma əgər o cinayətə qol qoyduqsa, bunun bədəlini də ödəyəcəyik. Bu 
ölkədən hər cür yalanın, yaltaqlığın, simasızlığın,  şərəfsizliyin kökünü qazıyacağıq.  Ən azı bunun üçün döyüşəcəyik, 
çarpışacağıq, çırpınacağıq. Sənin və sənin kimi yüzminlərcə günahsız çocuğa azad və abad, ədalətli və əxlaqlı bir ölkə 
buraxmaq üçün qollarımızı  sıvayacağıq, yorulmadan, usanmadan savaşmağa davam edəcəyik. Bu yolun artıq geriyə 
dönüşü yoxdur, gözəl qızım, əgər ortada çocuqların gələcəyi məsələsi varsa, heç bir yolun geriyə dönüşü olmamalıdır! 
Bax, Ceylancım, mən indi sənə azad və xoşbəxt yaşayacağın ölkə buraxa biləcəyimə yüzdəyüz söz vermirəm. Amma 
elə bir ölkə  uğrunda sonadək savaşacağıma yüzdəyüz söz verirəm. Bir də buna yüzdəyüz söz verirəm: sən heç vaxt 
saxtakar, rüşvətxor, yaltaq, riyakar, simasız, şərəfsiz bir atanın qızı olmayacaqsan. 
Bir atanın övladına buraxa biləcəyi ikinci ən böyük, ən dəyərli miras da elə budur, qızım! 
Gözlərindən öpürəm”. 
- Bu il də  həmin hadisələr təkrar oluna bilməz. Olunsa da artıq Bakı yox, bütün rayon və  şəhərlər ayağa qalxacaq – 
Sənan siqareti pəncərədən tullayıb üzünü mənə çevirdi. - Artıq səbri qalmayıb xalqın. Bu murdar rejim getməlidir. Xalq 
Qənirə Millini Çauşesku cütlüyünün gününə salacaq. Nurik, burdan sola dön, qabaqdakı zibil qutularının yanında saxla. 
İqtidarın bu dəfə xalqa güllə  sıxmayacağına inanmağı çox istərdim. Amma çətinlik çəkirəm.  İllər boyu İslam Milli 
hakimiyyətinin, indi isə hakimiyyətdə qalmaq naminə hər vasitəyə əl atmağa hazır Qənirə Millinin xalqla bircə danışıq dili 
var - silah! Öldürmək, güllələmək, divan tutmaq, beşiyində boğmaq – bu Milli hökumətinin üslubudur. Çünki bu rejimin 
opponentləri yoxdur, ancaq düşmənləri var. Bu düşmənlər konkret adı olan siyasətçilər, partiyalar deyil. Düşmən - bütün 
xalqdır. 
Nurəddin Sənanın göstərdiyi yerdə maşını saxladı. 
- Buyurun Murad bəy. - Sonra da tərəddüdlə dedi, - Sizə bir işim düşüb. Klinikanıza gələ bilərəm? 
- Əlbəttə - dedim. - Bu nə sözdür. Sənandan nömrəmi götürün, istədiyiniz vaxt zəng edin. Bir gün təyin edək, görüşək. 
Nəsə baş verib? 
- Yox, elə-belə. Bir-iki dişimdə çürümə var. 
- Karies varsa, bu “elə-belə” deyil. Mütləq gəlməlisiniz. Zənginizi gözləyəcəm. 
Nurəddin minnətdarlıqla gülümsədi: 
- Çox sağ olun Murad bəy. 
- Dəyməz qardaş. Sən sağ ol. Sənan, salamat qal. 
Sənan yüz səksən dərəcə çevrilib əlini mənə uzatdı: 
- Oldu qardaş, görüşərik. Özünə yaxşı bax. İnamını da itirmə. 
- Baş üstə - deyib, maşından düşdüm. 
Nə qədər taqətsiz olduğumu indi daha aydın hiss edirdim. Elə bil bir saat qaçmış, ya da futbol oynamışdım. Ayaqlarım 
sözümə qulaq asmırdı, əzələlərim ağrıyırdı. Gərək idmana gedim, siqareti də azaldım. Liftə minib mərtəbəmə qalxana 
qədər nəfəsim daraldı. Qapını açıb özümü hövlnak atdım mənzilə. Cəld soyunub qaçdım vanna otağına. Üzümə su 
vurdum.  
Niyə inad edirəm? Nə üçün mənimlə olmasına icazə vermirəm? Bu qədər eqoist olmamalıyam axı. Rəna hər gün, hər an 
mənimlə olmaq istəyir, mən isə onu ancaq sevişmək istəyəndə axtarıb tapıram. Bunu başa düşürmü görəsən? Əlbəttə 
başa düşür. Amma yenə də mənimlədir. Nə tapıb məndə? 
Otağa qayıdıb pəncərəyə yaxınlaşdım, siqaret yandırdım. Yol boyu düzülmüş fənərlərin, zülmət küçəni işıqlandırmağa 
gücü çatmırdı. Gecələr buralar təhlükəli, narahat olur. İtlərin ulaması fahişələrin çığırtısına, avaraların bağırışması 
polislərin sirenalarına qarışır. Normal adamı vahimə basmalıdır bu evdə. Amma mən öyrəşmişəm. Hətta o qədər 
öyrəşmişəm ki, çox vaxt gecənin çökəcəyi, tənha evimə qapanacağım anı səbirsizliklə gözləyirəm. Gözləyirəm ki, günəş 
öz qovurucu şüaları ilə yer üzünü yandırmağı dayandırsın, təbiətin qürubla fısıldaşması başlasın, bizi işıqdan qoruyan 
kölgələr, ayın və ulduzların yumşaq sayrışmasında öz valehedici rəqslərinə başlasın. Mən də bax beləcə  pəncərəmin 
qarşısında dayanıb, gecənin simfoniyasını eşidim. Yalnız bu sədalar məni xaosun küt uğultusundan qorumağa qadirdir. 
Həm də qaranlığa deyilən pıçıltılar mənə cavab olaraq qayıdır. Duyuram bu cavabları. Eşidirəm. 
 
*** 
 
Gündüzlər hamı eynidir – hərə öz proqramına uyğun rolunu icra edir - gülümsəyir, deyib-gülür, savaşır, sevişir. Gecələr 
isə maskalar düşür sifətlərdən. Mənim də rollarım var. Sevdiyim və sevmədiyim rollarım. Bu barədə düşünmək üçün ən 
münbit zamandır gecə. Həyatı  dərk etməyə, bilinməyəni bilməyə,  əhatə olunmayanı  əhatə etməyə çalışanların 

 
73
zamanıdır. Dünyanın bütün gözəllikləri tamamilə yeni, çox fərqli bir qiyafədə qarşımızda durur. Gecə - vərdiş etdiyimiz 
obrazları dağıdır, onlara yeni çalarlar qatır. Bəs nə üçün gecə ölüm rəmzidir görəsən? Mənim üçün əksinə - 
gerçəkləşməsi mümkün olmayan ideya və arzuların rəmzdir. Yaradıcılıq və dağıdıcılıq zamanıdır.  
Yaradıcılıq haqda çox düşünürəm, amma heç nə yaratmamışam hələ. Özgürü, oğlumu yaratmışam bircə, o da yanımda 
deyil. Bax belə. Hə, hə. Ağlamağı sevirəm. Gündüzlər, sentimental olana lağ etmək lazımdır – bunu proqram tələb edir. 
Gecələr isə, özüm ola bilərəm. Ağlaya bilərəm, kədərlənə bilərəm, qəhərlənə bilərəm. Hər  şeyə - övladımın yanımda 
olmamasına, Qənirə Millinin iyrənc rejiminə, dişlərini müalicə etməyə məcbur olduğum qəhbə Şeylanın nazlı gülüşünə - 
dözməliyəm. Dözürəm. Çünki, ümidlərimə bağlı olan intizar, bu müvəqqəti varolmanın dəhşətinə dözməyə kömək edir.  
Özgür. Adı kimi özgür olmasını istəyirəm oğlumun. Onun üçün gələcək qurmalıyam, ölkə qurmalıyam. Həm valideyn 
instinktim, həm də ağlım, şüurum tələb edir bunu.  
Ah Sevil. Sənsiz necə  mənasızdır hər  şey. Adamın ailəsi yanında olar, övladı yanında olar. Oğlumu həftədə bir dəfə 
görməli deyiləm. Mən atayam!  
“İndi düşdü yadına?” deyərdi mənə Sevil burda olsaydı. Deyəydi, amma yanımda olaydı kaş. 
Onunla birlikdə qurduğumuz dünyanı yerlə bir edib getdi. Mən yalnız aşiq deyildim ona, həm də yaxın dost bilirdim. Hər 
məsələdə  məsləhətləşirdim onunla, birlikdə  gələcək barədə planlar qururduq. Ağlamaqdan da qorxmurdum onun 
yanında. Bilirdim ki, ağlayanda yanımda olacaq, göz yaşlarımı siləcək. İndi isə, bütün zəif nöqtələrimi bilən bir insanın 
məndən uzaqda, başqası ilə olmasını  həzm edə bilmirəm. Yox, əlbəttə bu barədə ona danışmayacaq, sirlərimi 
açmayacaq. Elə qadın deyil. Harda nəyi danışacağını yaxşı bilir. Amma yenə də narahatam. Axmaq fikirlər girir beynimə. 
Elə bilirəm  ən məhrəm sirlərimin daşıyıcısı, başqa bir kişinin qoynunda, mənim sevimli seksual pozalarımı onunla 
bölüşür. Mən yataqda dahi, sehrbaz deyildim. Sadəcə, bəyəndiyim bəzi şeylər varıydı ki, o da bəyənirdi. Görəsən eyni 
şeyləri o əclaf kişidən də görürmü?  
Sevilə dair hər xatirə yandırır məni. O gün marketdə onun ən sevdiyi şokolada əl atdım, almaq istədim. Evdə olmadığını 
yada salanda tutulub qaldım. Onun bişirdiyi xörəklər üçün, sevdiyi mahnılar üçün darıxmışam. Sevil gedəndən sonra, elə 
bil xəyallarımı da itirmişəm. Gözəl evimizin planlarını kiminlə quracağam indi? Atamdan qalan iki otaqlı  mənzilin 
darısqallığı söhbətləri də aktuallığını itirib artıq. Bu ev indi həddən artıq genişdir mənim üçün. 
Romanlarda, kinolarda ayrılan sevgililərin bir-birlərinə xoşbəxtlik arzulamasından  əttökən heç nə yoxdur. Yalandır! Ağ 
yalandır! Ayrıldığı sevgilisinə başqası ilə səadət arzulayan adam ya saxtakardır, ya da debil. Əslində ikisi də eyni poxdur. 
O, indi başqasının qoynundadır və  mən bunu bilirəm. Yumruqlarımı  sıxıb, zırıldamaqdan başqa  əlacım qalmayıb. 
Qürurum və tərbiyəm onun seçiminə müdaxilə etməyə icazə vermir. Amma istəyirəm əzab çəksin, necə ki, mən çəkirəm. 
İstəyirəm bədbəxt olsun! 
Boşanmış, özü də uşaqlı bir qadını alan ərinə nə deyim bəs? Qəhrəmandır, yoxsa necə? 
İş yoldaşıydılar. Sonra boşandığını  eşidib, evlənmək təklif elədi Sevilə. Deməli onu həmişə arzulayıb, istəyib. Sevil də 
boşanmış qadın statusuna ancaq yarım il dözə bildi. Niyə belə tez ərə getdi? Mənə acıq vermək üçün? Yoxsa Rasimi 
sevirdi? Necə sevə bilər? Bəlkə  də  cəsarətinə heyran qalıb, razılıq verib. Doğrusu, mən onun kimi cəsur addım ata 
bilməzdim. Boşanmış, uşaqlı qadınla evlənə bilməzdim. Bəlkə də evlənərdim. Rasimə bu mənada hörmət edirəm, amma 
nifrətim daha böyükdür. 
Bəs oğlum? Anasını bağışlayacaqmı? Oğluma “anana nifrət et” deyəcək qədər  əxlaqsız deyiləm, amma Özgürün onu 
bağışlamasını istəməzdim.  İstəməzdim ki, atalığına da ata desin. Xeyr, Özgür heç vaxt ona ata deməyəcək. Rasimə 
nifrət etməsini, onunla yola getməməsini, hər gün acılamasını istəyirəm. İstəyirəm o da bir gün oğluma əl qaldırsın ki, 
oğraşı döyməyə, sifətinə yumruq vurmağa, ağzını-burnunu əzməyə bəhanəm olsun.  
Amma Rasim çox sakitdir. Oğlumu da çox istəyir. Aşiq olduğu qadının övladını öz övladı kimi sevir. Çox nəzakətli və 
təmkinli adamdır. Dava etməyə imkan vermir mənə. Bəli, onu döymək üçün mənə fürsət vermir deyə, Rasimə daha çox 
nifrət edirəm. Nə vaxt baxsan sırtıq kimi gülür. Yumşaq xasiyyəti var. Mənim kimi zəhmli deyil. Qaşqabağım yerlə gedən, 
Sevili acıladığım günlər olurdu. O da mənə “İtə dönürsən bu evə ayaq basanda. Məni görəndə elə bil ilan görürsən. Bir 
gün məni itirəndə  qədrimi biləcəksən” deyirdi. Elə bilirdim uzaq, çox uzaq perspektiv olan, üfüqdə görünməyən ölümə 
eyham vurur. Hardan biləydim ki, çıxıb gedə bilər? 
O isə getdi. İndi onun yoxluğu buz kimi soyuqdur. Onun əlindən, səsindən, qəzəbindən başqası yalandır. O, mənim üçün 
vərdişə çevrilmişdi. Vərdiş sevgidən daha şiddətlidir. 
Çıxıb getdi. Hər  şeyi darmadağın etdi. İndi mənim evim, evdən başqa hər  şeyə oxşayır. Mətbəxdə, iç-içə qoyulmuş 
stəkanların çətinliklə bir-birlərindən qopmasından bəlli olur ki, bu evə çoxdandı qonaq gəlmir. Belə  də olmalıydı. Axı 
qadınlar çıxıb gedəndə, arxada nə  qədər adamı  və  əşyanı yetim qoyub gedirlər. Mətbəx  şkafı, pərdələr, dəmir qabın 
içindəki köhnə düymələr, küncdə duran süpürgə,  şifonerin dibindəki  əski-üskülər, komodun üstündəki daraq da tənha 
qalıb. Sübhün qaranlığında mətbəxdən gələn taqqırtılar da susub, boşqablar yetim qalıb. Bir qadın gedəndə, saxsıdakı 
çiçəklərin suyu da unudulur, evi toz basır, hörümçəklər gündə bir tor qurur. Balkon artıq səssiz-səmirsiz, dəhliz 
kimsəsizdir. Bir qadın gedəndə nə çox adam gedir əslində. Nə çox adamı itiririk. Bir fəhləni, xadiməni, dayəni, fahişəni, 
mühasibi. Bir ana gedir. Bir dost. Bir sevgili.  
Sevgili... 
Bax bu dəqiqə telefonu götürüb sənə zəng vursam, səni bütün hüceyrələrimlə, selikli gişam və əzələlərimlə sevirəm deyə 
hayqırsam inanarsan? Qayıdarsan? Mən axı doğrudan da sevirəm səni. 
İnan ki, sən yanımda olmayanda, elə bil bütün dünya hönkür-hönkür ağlayır. Ona görə ki, bütün dünya əlvan rənglərə 
boyanmaq, mahnı oxumaq və rəqs etmək üçün sənə möhtacdır.  

 
74
Bax, indi otağı arşınlayıram özümə bir məşğuliyyət tapmaq, azacıq fikrimi dağıtmaq üçün. Gəzirəm, amma yer tapa 
bilmirəm özümə. Hər  şey sürüşüb gedir əlimdən və fikirlərimi yalnız sən işğal edirsən. Fikirlər o qədər qorxunc, 
dəhşətlidir ki, dünyanın  ən uzaq nöqtəsinə qaçıb çarəsizliyimdən zarımaq istəyirəm. Bilməyini istəyirəm ki, mən sənin 
səsindən, sənin səsinəcən yaşayıram. Sən qayıtsan, söz verirəm ki, sənin öpüşündən, sənin öpüşünəcən yaşayacam. 
Sənə nə qədər möhtac olduğumu soruş, mən də deyim ki, “jaləsində yuyunmaq və gecənin ayazında qızışmaq üçün yaz 
sübhündə şəfəqi gözləyən çəmənlər tək möhtacam sənə”. Sən də bu lirik etirafa doyunca gül. 
Düzdür, indi qadınsız deyiləm - Rəna var yanımda. Amma Rənanın mənə heyran olmasında sənin də xidmətlərin var. 
Axı  sən mənə  rənglərin və hisslərin yeni dünyasını açmışdın Sevil. Sən mənə sevməyi öyrətmişdin. Sən mənimlə 
evlənmədən qabaq mənimlə yatağa girmişdin. Qorxmamışdın bundan, narahat olmamışdın. Sən sevirdin və sevginə 
arxayın idin. Bilirdin ki, sənə xəyanət etməyəcəm, səni atmayacam. Toyumuzda artıq üç həftəlik hamilə idin. Biz qeyri-adi 
cütlükdük. Bizi qısqanırdılar, paxıllıq edirdilər. Çünki biz ənənəvi ailə deyildik. Sırf uşaq doğmaq xətrinə evlənməmişdik. 
Hətta bir-birimizə olan sevgimiz, Özgürə olan sevgimizdən də artıq olub həmişə. 
Özü də, nə deyirsən de, mən fədakar ər olmuşam sənə qarşı. Hətta başqa qadınların yanından qayıtdığım gecələrdə, 
məndən şübhələnməyəsən deyə, taqətim, gücüm olmadığı halda daha ehtiraslı, daha çılğın sevişmişəm səninlə. Bu da 
mənim verdiyim qurban idi. Bu sözlər həyasızlıqdır? Sənə elə  gəlir. Mənimlə yatmaq istəyən qadınları geri çevirə 
bilməzdim. Sadəcə olaraq bilməlisən ki, mən heç vaxt sənə  qəlbimlə, ruhumla xəyanət etməmişəm, aldatmamışam. 
Yalnız bədənimlə. Bilirəm, küflənmiş  bəhanədir, inandırıcılıqdan yoxsundur. Amma bu mənim bəhanəmdir. Bu 
bəhanəmi, sənə ağır da olsa, qəbul eləməlisən.  
Nə isə. Mən nə sənin nömrəni yığanam, nə də sənə bu sözləri deyən. Saat da iki olub. Yatmaq vaxtıdı. 
 
*** 
 
Şimşək çaxdı. Səma, iri damcılarla ağlamağa başladı. Bağlı pəncərəmə hücum çəkərək, çərçivə aralarından evə sızmaq 
istəyən külək, vahiməli uğultu ilə payız simfoniyasını ifa edirdi. Çılpaq ağacların olan-qalan yarpaqları da qopub, vəhşi 
küləyin qanadlarında məchula sürüklənirdi. 
Nazik, parlaq oraqlı ay, qapqara buludları yarıb, sönük nəzərlərini şəhərə çevirdi.  
Bakı can verirdi. 
 

 
75
Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin