Esxatoloji perspektivdə avtoritarizm anatomiyası



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix25.01.2017
ölçüsü2,27 Mb.
#6400
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Ehtiras 
 
 
 
Şeyla astaca qapını döyüb içəri girəndə,  əllərimi təzəcə yuyub qurulamışdım. Dəsmalı asıb qapıya çöndüm. Bu gün 
gələcəyi tamam çıxmışdı yadımdan. Pis bir iş üstündə qəfil yaxalanan nadinc uşaqlar kimi, bir neçə saniyə suçlu-suçlu 
onun gülümsəyən üzünə baxdım. Bu gün əynində buz mavisi dar cins və  çəhrayı köynək vardı. Sükut uzandıqca, 
gəlişindən narazı olduğumu fikirləşə bilərdi. Gözlərimi üzündən ayırıb, əlimlə bormaşını göstərdim: 
- Buyurun Şeyla xanım. 
Qapını bağladı. Çəkinərək: 
- Yenə həmin sualı verəcəm. – dedi. - Birbaşa kresloya oturum? 
Görəsən nə cavab verim?  
- Özünüz bilərsiniz. İstəyirsinizsə bir az gözləyək, sonra başlayarıq.  
Dodaqlarını büzüb, təbəssüm etdi. Başını buladı: 
- Yox, yox. Vaxt itirməyin mənası nədir?  
Çantasını stolun üstünə qoydu və kresloya oturub, bic-bic gülən gözlərini üzümə dikdi.  
- Özünüzü necə hiss edirsiniz? – yanına yaxınlaşıb soruşdum. 
Bugünkü ətri tamam başqaydı, sanki geyiminə uyğun seçilmişdi – xəfif, şirin və bahar təravətli. 
- Yaxşıyam, sağ olun. Dünən, ağrılarım bir az azalmışdı elə bil. Amma təmizləyəndə yenə də ağrıdır. 
- Əlbəttə ağrıdacaq. Biz hələ nə eləmişik ki? - əlcəkləri taxa-taxa dedim və projektoru yandırıb üzünə çevirdim.  
- Bağışlayın Murad, dünənki sözlərimdən incimədiniz? Sonra fikirləşdim, bəlkə xətrinizə dəyən nəsə demişəm. 
Nə üçünsə təzədən projektoru söndürüb kresloya oturdum. Şeyla bu ani hərəkətimdən xeyli təəccüblənmiş görünürdü. 
Elə bil onu verəcəyim cavabdan çox, nə üçün oturub yerimi rahlamağım düşündürmüşdü. 
- Şeyla xanım – dedim. – Mən inciyən adam deyiləm. Sadəcə olaraq dünən sizi başa düşmədim.  
Çeynədiyi saqqızı qaba tüpürdü. 
- Niyə? – gözləri parıldadı. Onunla dialoqa girməyim xoşuna gəlmişdi.  
- Çünki, yaltaqlıq söhbətini açacağınızı gözləmirdim. 
- Burda qeyri-adi heç nə yoxdur. Yaltaqlıqdan və yaltaqlardan doğrudan da xoşum gəlmir. Azərbaycanda isə  hər kəs 
yaltaqdır. 
- Maraqlıdır – dedim. - Bu xalqı yaltaq edən, elə sizin hakimiyyətiniz olmayıbmı? 
Şeylanın cavabını gözləmədən qalxıb siyirtməyə yaxınlaşdım. Metrogil Denta gelini, ampulu və  şprisi çıxartdım. Son 
sözlərimə mütləq reaksiya göstərəcəyini bilirdim. Amma Şeyla susurdu. Otaqdakı sükut narahatedici həddə çatanda:  
- Mənimlə razı deyilsiniz? – soruşdum və ampulanın içindəki mayeni şprisə çəkərək ona yaxınlaşdım.  
O isə, cavab vermək yerinə  ağzını açıb gözlərini yumdu. Gülə-gülə projektoru yandırdım, ağzına doğru  əyildim. Ağız 
qoxusu dünənkinə nisbətən azalmışdı.  İynəni vurandan sonra, geli gətirib qatı mayeni diş aralarına doldurmağa 
başladım. Şpateli diş ətinə basdıqca, Şeyla yüngülcə zarıyırdı. Proseduranı bitirib projektoru söndürdüm.  
- Bu günlük işimiz bitdi. Bir az oturub gözləməlisiniz.  
Çətinliklə dilləndi: 
- Da.. danısmaq olağ? 
- Bir az gözləyin sonra danışarsınız. Mən heç yerə tələsmirəm.  
Keçib masanın arxasındakı yerimə oturdum, fincandakı soyumuş çaydan bir qurtum içdim. Şeyla məni görmürdü deyə 
deyəsən diskomfort keçirirdi. Mənsə arxadan üzünün sol tərəfini, arada bir başını çevirəndə isə burnunun ucunu 
görürdüm.  
O bir qadındır. Səyavuş Orucun qızı olmaqdan savayı heç bir günahı, qəbahəti olmayan qadın. Səyavuşun qızı olmaq 
qəbahətdirmi? Əlbəttə. Özü də böyük qəbahətdir. Belə bir adamın qızı olmaq, xəcalət çəkmək üçün kifayətdir. Bəlkə də 
daxilən xəcalət çəkir. Əks təqdirdə mənimlə bu söhbətləri niyə aparsın? 
Səyavuş Oruc bu ölkənin Ghebbelsidir. Üçüncü reyxin Almaniyasında bir yəhudi həkimi Ghebbelsin qızının dişlərini 
müalicə etsəydi hansı hissləri keçirərdisə, mən də indi həmin hissləri keçirirəm. Gözəl qadındır  Şeyla. Amma 
intellektualizmə çox böyük iddiasının olduğu hiss olunur. Maraqlıdır, nə üçün tiranlar, diktatorlar, hətta onların 

 
76
qulluqçuları pullarına, var-dövlətlərinə baxmayaraq elmə, akademizmə, incəsənətə  və  mədəniyyətə iddialı olurlar, bu 
sahələrdə də adlarının çıxmasına can atırlar? Nə üçün malları, mülkləri, hakimiyyətləri ilə kifayətlənmirlər? Nə üçün?  
Ayağa qalxıb ona yaxınlaşdım. 
- Buyurun Şeyla xanım. Tüpürə bilərsiniz. 
Başını əyərək təşəkkür etdi və ona uzatdığım salfeti götürüb, qaba tüpürdü. Dodaqlarını sildikdən sonra ayağa qalxdı, 
dünən oturduğu kresloya keçdi. 
- Heyf ki, burda siqaret çəkmək olmaz, - sağa-sola baxıb dedi. 
- Olmaz, bəli. Amma direktorumuz sizin çəkməyinizə çətin ki, bir söz desin - qımışaraq dedim. 
Şeyla başını azca yana əyib gözləri gülümsəyərək: 
- Məni sancmaqdan həzz alırsınız? – soruşdu. 
- Mən?! Sizi sancıram?! 
- Bəsdirin Murad. Hər şey aydındır də. Nə isə – köks ötürdü. – Deyirsiniz xalqı bu günə qoyan hakimiyyətdir? Doğrudan 
buna inanırsınız? 
- Əlbəttə – dedim, keçib yerimə oturdum. Masanın üstündəki kağız qayçısını götürüb oynatmağa başladım. 
- Bu xalq haqqında yüksək fikirdəsiniz. Halbuki, hər xalq öz idarəçilərinə layiqdir. 
- Küflənmiş bəhanədir – dedim. – Klişelərlə danışırsınız. 
Çiyinlərini dartdı: 
– Siz də cığallıq edirsiniz. Klişe olsun olmasın – dediyim həqiqətdir, ya yox? Əsas buna baxmaq lazımdır. 
- Yaxşı – dedim. – Hər xalq öz hakimiyyətinə layiqdir. Amma bir şərtlə - əgər həmin hakimiyyəti özü seçib, iş başına 
gətiribsə. İkincisi də, tutaq ki, bu xalq doğrudan da sizə müqavimət göstərə, sizi devirə bilmir. Sırf bu səbəbə, xalqa bu 
qədər zülm eləmək lazımdır? 
- Sizi?! Başa düşmədim – “siz” kimdi? 
- Siz, bu hakimiyyətin nümayəndəsi deyilsiniz?  
- Bu hakimiyyətin nümayəndəsi mənim atamdır. Mən isə Sorbonnada təhsil almış bir Azərbaycan qadınıyam. Avropa 
dəyərlərinin, demokratiyanın, azadlığın da nə olduğunu yaxşı bilirəm. Şərqi də, qərbi də tanıyıram. 
- Çox gözəl. Sorbonnada təhsil almaq sizə  nə verib ki? Təfəkkürünüzdə hansı  dəyişikliyə  səbəb olub? – hirsimdən 
yavaş-yavaş gərginləşir, partlama həddinə çatmaqdan qorxurdum. 
Şeyla isə olduqca rahat və özündən arxayın görünürdü. Məni əsəbiləşdirən də elə bu rahatlığı idi. Çantasından çıxartdığı 
siqareti yandırdı, tüstünü burnundan buraxıb, əda ilə:  
- Siz Bodriyarı oxumusunuz Murad? – soruşdu. 
Oppa! İndi də mənə Bodriyardan dərs keçəcək deyəsən. Deyirəm də, intellektual görünməkdən ötrü ölürlər. 
- Bəzi fikirləri ilə tanışam. Necə bəyəm? 
- Kütlə haqqındakı fikirləri ilə də tanışsınız? 
“VIP” qonaqlar üçün nəzərdə tutulmuş külqabını masanın altındakı rəfdən götürüb qabağına qoydum. 
- Çox sağ olun – deyib, külü çırpdı. – Cavab vermədiniz. Kütlə haqqındakı fikirləri ilə tanış olub-olmadığınızı 
soruşmuşdum. 
- Şeyla xanım, məni düz başa düşün - mən imtahan verən tələbə, siz isə müəllim deyilsiniz. Belə dialoq olmaz. Sözünüz 
varsa deyin. Axı bu nə deməkdir? - “Filan şeyi oxumusunuz? Fəşməkan şeyi bilirsiniz?” Bu üslub, öz ağlından şübhəsi 
olan, təkəbbürlü adamların üslubudur. Ciddi deyil. 
Şeyla rəng verib rəng aldı. Sözüm hədəfə çatmışdı. Bayaqkı arxayınlığından əsər də qalmamışdı. Nazik Slim siqaretini 
ehtiyatla sümürüb mənə baxdı. 
- Bağışlayın Murad. Deyəsən məni düz başa düşmədiniz. Xətrinizə dəymək istəmirdim. 
Sakitləşdirdim onu: 
- Narahat olmayın. Bodriyardan danışırdınız. 
Yarıya qədər çəkdiyi siqareti əzib söndürdü.  
- Bodriyar yazırdı ki, kütlə ictimai və siyasi olan hər şeyin enerjisini udur, neytrallaşdırır.  
- Hə, noolsun? 
- O olsun ki, kütlə, xalq nə siyasəti yaxşı ötürə bilmir, nə  də  mənanı. Yəni ki, kütlələrə  səslənmək, kütlələrdən nəsə 
ummaq mənasız işdir, çünki kütlədən cavab gəlmir heç vaxt.  

 
77
Dodaqaltı irişib: 
- Yenə də deyirəm - hə, noolsun? Tutaq ki, mən Bodriyarla razı deyiləm. Belə bir haqqım var? Yoxsa?.. 
- Niyə razılaşmırsınız? 
- Çünki sərf eləmir.  
Qaşlarını qaldırıb: 
- Maraqlıdır – dedi.  
- Əlbəttə maraqlıdır. Nəzərə alsaq ki, siz də Bodriyarın bu sözlərini, sizə sərf etdiyi üçün əlinizdə bayraq edirsiniz, onda 
ikiqat maraqlıdır. 
- Nə üçün belə düşünürsünüz? 
Qalxıb pəncərəyə yaxınlaşdım, nəfəsliyi araladım.  
- Bodriyarın başqa hansı fikri ilə tanışsınız? 
Xeyr, qəzəblənmədi. Sadəcə olaraq yalanı  aşkara çıxan bir yeniyetmənin təəssüfü, bir az da xəcaləti oxunurdu 
gözlərində. Qadın olduğu üçün, vəziyyətdən çıxa bilərdi. Çıxdı da. 
Gülə-gülə soruşdu: 
- Cəmiyyətdə atama Ghebbels deyirlər. Düzdür?  
Keçib yerimə oturdum.  
- Düzdür. Amma bunu geniş xalq kütlələri bilmir. Üç-beş intellektualın tapıntısıdır.  
Qaşları çatıldı. 
- Sizcə intellektuallar nə səbəbə bu adı atama yaraşdırıblar? 
- Atanız bizim propaqanda nazirimiz deyil? 
- Bizdə elə nazirlik var? 
- Şərt deyil ki, adı propoqanda olsun. “Milli məsələlər şöbəsi” bəs eləyir. Amma mənim fikrim sizə maraqlıdırsa, atanızın 
Ghebbelsə oxşadılması, Ghebbelsin ruhuna təhqirdir. 
Şeylaya qarşı içimdəki nifrət qar topu kimi, dəqiqəbədəqiqə böyüyürdü. Amma o, bu dəfə də coşmadı. 
- Niyə? – sakitcə soruşdu. – Hitlerin propaqanda naziri qatilin, cəlladın yekəsi idi. Yəni mənim atam ondan da pis 
adamdır? 
- Ghebbels qatil, cani olsa da, müəyyən ideologiyaya xidmət edirdi. Öz axmaq ideyalarına səmimi inanırdı. Sizin atanız 
isə antiqərb, antiatlantimz, antiliberalizm kimi mövzuların hamısını Dugindən
5
, Surkovdan
6
 oğurlayıb burada tirajlayır.  
Şeyla gözlərini qıyıb:  
- Başa düşmədim – dedi. 
İnandım ona. Doğrudan da başa düşməmişdi. 
- Bu hakimiyyət sizin atanızın dili ilə bizə nə deyir? Deyir ki, “bizim öz yolumuz var”. Nə yoldu o elə? Rüşvət yolu, talan 
yolu, yalan yolu. “Azərbaycanın sivilizasyon seçimi” kimi içiboş ifadələrlə xalqın başını aldadırlar.  İnkişafın bir deyil, 
müxtəlif yollarının olduğunu deyirlər. Yəni, Qərb demokratiyası bizlik deyilmiş, buna xalq da hazır deyilmiş, guya bizim 
böyük “milli-mənəvi dəyərlərimiz” varmış. Milli-mənəvi dəyərləri nədir bunların? Rüşvət, ağa-nökər münasibəti, yaltaqlıq. 
Şeyla sözümü kəsdi: 
- Bu məsələlərin Duginə, Surkova nə dəxli? 
- Çünki bu rejimin və atanızın “ideoloji nəzəriyyələrinin” müəllimləri Rusiyalı strateqlərdir. Bütün terminləri ruslardan 
oğurlayıblar. Lap elə Surkovun “suveren demokratiya”sını götürək. Mentalitet də ki, sizə sərf edir, ona görə fırladırsınız 
bu söhbəti. O cümlədən din mövzusunu da.  
Mən danışdıqca  Şeylanın mənə diqqətlə qulaq asmasından, bu fikirləri ilk dəfə  eşitdiyi və  eşitdiklərinin onda maraq 
doğurduğu aydın hiss olunurdu. Şeyla sanki maariflənir, maarifləndikcə  də etirazları  və  əks-arqumentləri get-gedə 
zəifləyirdi. 
Ürkəkcə soruşdu: 
- Sizcə bu xalqa birdən-birə demokratiya vermək olar?  
- Atanız sizə deyib ki, olmaz? Ona görə 131 nəfəri gülləbaran edən Qənirənin yanında oturub? 
                                                 
5
 Aleksandr Gelyeviç Dugin — Rus filosofu, “neoavrasiyaçılıq” cərəyanının qurucusu, politoloq, sosioloq, müasir Rusya siyasi sisteminin 
əsas sütünlarından biri. 
6
 Vladislav Yuryeviç Surkov — Rusiya dövlət xadimi, Rusya Prezidenti Adminstrasiyasının rəhbəri, Kremlin əsas ideoloqu və siyasi 
texnoloqu. Qənirə Millini ilhamlandıran “suveren demokratiya” doktrininin banisi.  

 
78
- Bunun məsələyə nə dəxli? Mən sizə sual verdim. Bir də ki... – tərəddüdlə dedi. – Vaxtınızı almıram? Bəlkə xəstəniz 
var? 
- Yox, narahat olmayın. Bilirsinizmi Şeyla, bu rejim demokratik prinsiplər onu narahat etməyə başlayanda mentalitetə 
istinad etməsə, problem olmaz. Ən azından səmimi görünərdi. Amma “xalq demokratiyaya, insan haqlarına, azadlığa 
layiq deyil” demək çox böyük əxlaqsızlıqdır! Azərbaycan xalqına azad seçki keçirməyi etibar etmək olmaz, bu xalqa 
demokratiya vermək olmaz demək, Azərbaycan qadınlarına, elə sizin özünüzə da təhqirdir. Yəni siz özünüzü də təhqir 
etmiş olursunuz. Hakim elitada olmaq sizi bundan sığortalamır. Amma mən deyirəm ki, Azərbaycan xalqı ən proqressiv 
müsəlman xalqdır. İstedad baxımından da, savad baxımından da kimdən əksiyik? Bircə əxlaq problemimiz var, o da sizin 
günahınızdır. Ən parlaq zəkalarımız qaçıb gediblər xaricə. Ölkədə normal rejim qurulsa, biz əməlli-başlı Avropa ölkəsinə 
çevrilərik. Qənirə Milli rejimi isə bunda maraqlı deyil.  
- Siz doğrudan dediklərinizə inanırsınız? Yəni azərbaycanlılar Avropalı ola bilərlər?  
- Əlbəttə inanıram. 
Şeyla istehza ilə gülüb: 
- Palaza bürün elnən sürün deyən xalq Avropalı ola bilər? – dedi. – Siz nə danışırsınız? 
- Siz nə üçün bunu komformizm kimi başa düşürsünüz? Başqa cür də yoza bilərik. Məsələn, deyə bilərik ki, bu zərbi-
məsəl səfərbərliyə aiddir. Səfərbərlik zamanı, hamı bir nəfər kimi ayağa qalxır, palaza bürünür, elnən sürünür. Ola 
bilməz? İkinci cahan müharibəsində İngiltərə kraliçası palaza bürünüb, elnən sürünüb yaralı əsgərlərin sarğısı ilə məşğul 
olmurdu? Bəli, razıyam, biz müsəlman şərqinə aid xalqıq. Çox təəssüf. Amma daxilən də demokratiyaya açığıq. 
- Murad, axı bu xalq çox məhəllidir, çox geridə qalmışdır. Milli-mənəvi dəyərlərə lağ edirsiniz, amma azərbaycanlı üçün 
bu dəyərlər hər  şeydən, o cümlədən azadlıqdan, demokratiyadan da üstündür. Ölkəni kimin, necə idarə etməsi onu 
maraqlandırmır. Bu xalqa toy, bakirəlik, nə bilim yengə-zad maraqlıdır. 
- Bu xalqın köləliyinin qarantı olan bütün milli-mənəvi və dini dəyərlərinin bir televiziyalıq canı var. Bircə  həftə bütün 
telekanallar Avropa dəyərlərindən, demokratiyadan, liberalizmdən danışsa, xalq da tutuquşu kimi bunları  təkrarlayıb, 
əməl edəcək. Amma siz bunu etmirsiniz. Bunda maraqlı deyilsiniz. Çünki bu xalqın milli və dini dəyərləri sizə sərf edir. 
Qənirə Milli, atanız və bu rejimin bütün əsgərləri səhərdən axşama qədər mentalitetdən, dindən danışmırlarmı? Bu 
dəyərlərin ölkəni idarə etmədə onlara kömək etdiyini etiraf etmirlərmi? 
Başını azca yana çevirdi, çənəsini əlinə qoyub dirsəkləndi. Fikrə daldı. Sonra isə dedi: 
- Demokratiyadan, liberal dəyərlərdən danışırsınız. Amma özünüz bu iqtidara qarşı çox amansızsınız. Hanı  bəs sizin 
obyektivliyiniz, tolerantlığınız? Bütün yaxşı şeyləri – tikilən körpüləri, təzə binaları, parkları, fəvvarələri də inkar edirsiniz, 
çox radikalsınız. Belə demokratiya olar? 
- Şeyla xanım tolerantlıq, obyektivlik bilirsiniz nə vaxt tələb oluna bilər? Bütün tərəflər üçün bərabər şərtlər yaradılarsa! 
Azərbaycan kimi maariflənməmiş monarxiyanın hakimiyyətdə olduğu, total nəzarətin tüğyan etdiyi, müxalif fikirin 
yayılmaması üçün bütün informasiya kanallarının blokadaya alındığı rejimlərdə, azad düşüncəli insanlardan obyektivlik, 
tolerantlıq tələb etmək gülməlidir. Bu bilirsiniz nəyə oxşayır? Osventsimdə Zyklon B qazı ilə boğulan yəhudilərdən, 
Alman faşistlərini başa düşmələrini və mümkün qədər obyektiv olmalarını istəməyə. Gülməli deyil? Obyektivlik anlayışı 
bu qədər təhrif edilir, ölkədə lotuluq, dərəbəylik hökm sürür, siz isə obyektivlikdən danışırsınız.  
- Nə deyirsiniz deyin, amma bəyənmədiyiniz rüşvət də, korrupsiya da, yaltaqlıq da, qorxaqlıq da, elə avtoritarizm də – 
hamısı bu xalqın qanındadır... 
Şeylanın sözünü kəsdim: 
- Bir dəqiqə! Mən də bir həkim kimi, bütün məsuliyyətimlə sizə deyə bilərəm ki, nə azərbaycanlıların, nə də dünyadakı 
heç bir xalqın, qövmün, tayfanın qanında rüşvət, yaltaqlıq, qorxaqlıq, avtoritarizm yoxdur. Qanın tərkibində zülal var, 
hormon var, eritrositlər var, leykositlər var, nə bilim trombositlər var. Qanda rüşvət, yaltaqlıq haqda tibb elminə heç nə 
məlum deyil. 
Şeyla qaşlarını çatıb, başını bulaya-bulaya ayağa qalxdı.  
-  İstehzanızı  kənara qoysaq maraqlı, inandırıcı danışırsınız. Sizi başa düşmək istəyirəm Murad. İnanın ki, çox 
səmimiyəm. Sizi başa düşmək istəyirəm. 
Doğrudanmı  məni başa düşməyə çalışır? Bəlkə yaltaqlanır? Axı  mənə niyə yaltaqlansın? Mən də onu başa düşmək 
istəyirəm doğrusu. Burada nə gəzir? Nə üçün mənimlə ağız-ağıza verib mübahisə edir? Ölkənin ən varlı adamlarından 
birinin qızı, adi bir diş həkimi ilə nə üçün bu söhbətləri edir? Özünü təsdiq problemi, ciddi kompleksləri, azad və müstəqil 
görünmək istəyi var bəlkə? 
- Bəs bu rejimi dəstəkləyən istedadlı, savadlı, səviyyəli insanlara nə deyirsiniz? Düzdür, hakimiyyətdə aqrar elementlər 
də çoxdur, amma müasir, rusdilli kadrlarımız da var axı.  
- Ha ha! Hakimiyyətdə  ağıllı, səviyyəli insanlar var!? Nə gözəl! – istehza ilə dedim. - Özü də rusdillilərdən heç 
danışmayın, çünki onların bu xalqa aidiyyəti yoxdur. 
Rusdilli olmayan, əksinə Avropada təhsil almış, yeni nəsil azərbaycandillilər təbəqəsinə  mənsub olan Şeyla, gözlərini 
döyə-döyə  mənə baxırdı. Görünür, bu gün məruz qaldığı informasiya axını qarşısında sərsəmləmişdi. Mənsə fikrimi 
tamamladım.  

 
79
- Neft gəlirləri hesabına mövcud olan korrupsion rejimlərdə, xalqın potensialından yararlanma əmsalı çox düşük olur 
Şeyla xanım. Hakimiyyətdə təmsil olunan bircə nəfər intellektual göstərin mənə. Yoxdur! Ətrafınızdakıların hamısı yaltaq, 
oğrudur. Həqiqi ziyalı, intellektual isə yaltaqlıq etməz. Xalq sizə nifrət edir, başa düşürsünüz? Nifrət edir! – deyib, 
emosional çıxışımı bitirdim. 
Üzündən təəssüf və çarəsizlik oxunurdu. Stolun yanına yaxınlaşdı. 
- Nifrət edirsə üsyan etsin, meydanlara tökülsün, Millini devirsin. Polisin dəyənəyindən qorxmasın. Evdə, mətbəxdə 
donquldanmağa nə var?  
Sanki Şeyla yox, AzTV danışırdı. İyrəndim ondan. “Yox, o həqiqətən çox iyrənc qadındır” düşündüm. Belə həyasızlıq, 
belə inad heç qadınlığa da sığmaz. 
- O gün də gələcək Şeyla xanım – dedim. - Tezliklə gələcək. 
Yerinə oturub bir siqaret daha yandırdı. Birdən, gözlərimin içinə dimdik baxıb dedi: 
- Gəlməyəcək! Özü də bilirsiniz nə var? Tarix boyu belə olub – hakimiyyət həmişə güclülərin əlində olub. Bu gün isə güc 
puldadır. Pul da ki, bu rejimdədir.  
- Ola bilər. Amma sizin pulunuz sizə səs qazandırırmı? Azərbaycan xalqı sizə nə zamansa səs veribmi? Heç vaxt! Siz bu 
ölkəni zəbt eləmisiniz və hələ də xalqdan səmimi sevgi, hörmət tələb edirsiniz. Sizin ciddi sevgi probleminiz var Şeyla 
xanım. Soymaq, talamaq, qətlə yetirmək və eyni zamanda sevilmək istəyirsiniz. Bunun adı sinizmdir. Xalq da bilir bunu. 
Bilir və sizə nifrət edir. Doğrudur, siz də ona nifrət edirsiniz və bu nifrət qarşılıqlıdır.  
Qəfildən, masanın üzərindən əlini uzadıb, soyuq və nazik barmaqlarını əlimin üstünə qoydu. 
- İcazə verirsiniz bir-birimizə “sən” deyə müraciət edək? 
Əlimin üstündəki əlinə təəccüblə baxıb, düşünmədən: 
- Əlbəttə, – dedim. – Etirazım yoxdur. 
Növbəti sualı, əlimə toxunmağından daha gözlənilməz idi. 
- Sən mənə də nifrət edirsən Murad? 
Hələ də şokda olsam da, gülümsəməyə güc tapdım: 
- Bu sualı vermək üçün mütləq əlimi tutmalısan?  
Üzündəki gərgin ifadəni dəyişmədən, boğuq səslə dedi: 
- Sualıma cavab vermədin. 
- Sənin kim olduğunu bilməsəydim, nifrət etməzdim. Amma bildiyim üçün bəli, nifrət edirəm.  
Əlimin üstünü sığallayaraq: 
- Amma mənim səndən xoşum gəlir.  
- Siz... sən nə danışırsan? - ayağa sıçrayıb çaşqın halda ona baxdım. – Bu zarafatdı? 
- Yox, zarafat niyə olur? 
Yavaşca ayağa qalxıb qapıya yaxınlaşdı, sürtgülü cəftəni çəkib qapını bağladı. Heyrət dolu baxışlarımın müşayiəti 
altında keçib pəncərənin jalüzlərini də endirdi. Sonra mənə yaxınlaşdı. Siqareti söndürdü, əlini yanağıma qoydu. Tütün 
və dərman qoxuyan ağzını sifətimə yaxınlaşdırdı. 
- Nifrətin məni təhrik edir. 
Baş verənlər mənə somnambula kimi görünürdü. Əlini yanağımdan çəkmək üçün gücüm də qalmamışdı. Zarıyaraq: 
- Lazım deyil – dedim. Öz səsim özümə yabançı gəldi. 
O isə, məni ehtizaza gətirən pıçıltı ilə: 
- Sən arzularımın kişisisən - dedi.  
Barmaqlarını yaxasında sürüşdürə-sürüşdürə bir göz qırpımında köynəyinin düymələrini açdı. Məmə gilələri dümağ, zərif 
lifçiyinin altında qabarmışdı, azadlığa çıxmaq üçün səbirsizlənirdi. Sonra şalvarının düyməsini açmağa başladı. Bir anlıq 
özümə gəlib: 
- Neynirsən? – soruşsam da, sözlər çətinliklə boğazımdan çıxırdı. 
Nəinki Şeyla, heç özüm də nə dediyimi eşitmədim. 
 
*** 
 
Şüurun, ağlın, ali duyğuların təslim olduğu, qarşısında diz çökdüyü bəlkə  də yeganə substansiyadır  şəhvət. Özü də, 
bəzilərinin düşündüyü kimi bunda xəcalət çəkəsi heç nə yoxdur. Bəşəriyyətin mövcudluğunun qarantı olan şəhvəti digər 

 
80
hisslərdən ayırmağın - onu üstün ya da aşağı tutmağın da yeri yoxdur. Şəhvət şəhvətdir. Onu içimizdə boğası, yox edəsi 
də deyilik. Şəhvət təbiətin elə bir ərməğanıdır ki, onu ədəb anlayışı  çərçivəsinə  sığdırmağın özü ədəbsizlikdir. Seksin 
zamanını  və  məkanını kim təyin edə bilər? Sərhədlərinin harada başlayıb, harada bitdiyini kim deyə bilər? Seksdə 
yeganə prinsip tərəf müqabilini həzzin zirvəsinə çatdırmaqla bundan həzz almaq deyilmi? Heç sədaqət anlayışının özü 
indiyə  qədər obyektiv tərifini tapmayıbsa, xəyanətdən danışmağın mənası varmı? Kimə  və  nəyə  xəyanətdən söhbət 
gedir? Kişi qadınla yatanda nə barədə düşünür, ya da düşünməlidir? Bəs qadın nə düşünür?  Əgər qadınla yatanda 
başqasını xəyal edirsənsə, bu xəyanətdirmi? Bəs insan öz beyninə necə müdaxilə etsin, fantaziyalarının qarşısına necə 
sədd çəksin? Ümumiyyətlə, bu qaydaları kim qoyur? Bu qaydalara kim riayət edir? Və  nə üçün edir? Xaos olmasın 
deyə? O zaman bu qaydaların təmin etdiyi, yaratdığı nizamı göstərsinlər mənə. Haradadır bu nizam? Nizam olsaydı, 
dünyada xərci-mərclik hökm sürməzdi. 
Beynimə doluşan fikirlərə bax. Bunları düşünməklə deyəsən öz əməllərimə bəraət qazandırıram. 
“Murad, beş günlük dünyadı, gözlərini yum, həzz almağa çalış, kefini çək...” 
Ağlım mənə bunları təlqin edir. 
Ürəyimdə isə kədərin dözülməz ağırlığı var. 

 
81
Gənc ixtiraçı 
 
 
 
 
Əvvəl Sənan zəng vurdu. Ondan eşitdiyim xəbərin  şokundan ayılmamış, Toğrul kabinetə girib, Sənanın dediklərindən 
qat-qat dəhşətli şeylər danışdı. Bəd xəbəri birnəfəsə çatdırandan sonra da, qaçıb getdi Azərin otağına. Ardınca baxdım. 
Dəhlizin sonundakı direktor kabinetində altı-yeddi ağ xələtli televizorun başına toplaşmışdı. 
Rəna zəng eləyəndə isə: 
- Xəbərim var – dedim.  
- Kimdən eşitdin?!  
- Sənan zəng eləmişdi. Sonra da Toğrul dedi.  
- Özümə yer tapa bilmirəm, inanırsan?! Bədənim əsir.  
- Elə mənim də - deyib, özümü kresloya buraxdım. – Dəli olmuşam. 
- İşin çoxdu hələ? 
- Yox. İstəsəm indi də çıxa bilərəm. 
Dəstəyin obaşında səssizlik. Ardından da gözlədiyim sual: 
- Səyavuşun qızı gəlmişdi? 
Tərəddüd etmədən cavab verməliyəm. 
- Hə. Hələ üçdə gəlmişdi. Əşi sən mənə qırğından danış. 
- Mən də işdə, internetdən oxudum. Sonra zənglər gəldi. Nə isə. Bəlkə görüşüb bir yerdə ora gedək? 
Ayağa qalxıb stolun yanına yaxınlaşdım, nə üçünsə siyirtməni açıb bağladım.  
- Hə, gedək. Mütləq. 
- Onda Cəfər Cabbarlı heykəlinin yanında görüşək. Neçə dəqiqəyə gələrsən? 
- On beş dəqiqəyə ola bilərəm.  
Rəna kədər dolu, yorğun səslə: 
- Oldu. On beş dəqiqəyə ordayam. Görüşərik – deyib telefonu söndürdü. 
Dəhlizə çıxıb qapını bağladım. Direktor otağının qapısı aralıydı. Televizordan qulağıma qırıq-qırıq cümlələr çatırdı: 
“İlkin məlumatlara görə 13 nəfər ölüb... Əməliyyat sona yetib.... Qatilin şəxsiyyəti müəyyənləşdirilir...” 
Gün ərzində ikinci şok.  
“Şeyladan sonra Rənanın gözlərinin içinə baxa biləcəm? Niyə  də baxmayım? Pis bir iş tutmuşam bəyəm?  Şeyla özü 
məni təhrik edib. Bir gündə baş verənlərə bax. Əvvəl Şeyla, indi də bu...” 
Mən nə səfeh adamam! Gör nələri müqayisə edirəm. Ayıbdır.  
Həyəcanla televizora baxan, hər sözü, hər cümləni acgözlüklə udan həkimlərin arasında Toğrulu görüb, göz-qaş elədim. 
Dəhlizə çıxdı. 
- Boşsansa gedək də - dedim. - Rəna Cabbarlının qabağında gözləyir. 
- Gedək, gedək. Beş dəqiqə gözlə, gəlirəm. Kabineti bağlayım. 
Küçəyə çıxıb siqaret yandırdım. Küçə öz normal axarındaydı – meyvə satan talış qadın, taksi şoferləri, iki tin qabaqdakı 
litseyin şit şagirdləri. Deməli heç kimin, heç nədən xəbəri yoxdur. Olsa da küçənin mənzərəsi dəyişən deyildi. 
Toğrul qaça-qaça bayıra çıxdı. CR-V-yə minib 28 aprel metrosuna tərəf sürətlə götürüldük. 
- Sənin bu maşının olmasaydı neynəyərdik? – deyib siqareti şüşədən bayıra atdım. 
- Eeee. Bəsdi də. Taksiylə gedəcəkdik. Sən mənə de görüm, bu nə məsələdir? Biz öyrəşmişik ki, belə şeylər Amerikada, 
nə bilim, Almaniyada olur. 
- Düz deyirsən. Hələ də inana bilmirəm ki, bizdə belə bir hadisə olub...  
Toğrul Füzuli küçəsinə burulub sürəti artırdı. 
- Sənan nəsə dedi sənə?  

 
82
- Yox. Zəng vurdu ki, bəs belə belə, gedirəm ora. 
28 aprel metrosuna çatmışdıq. Toğrul maşını saxlamaq üçün, sağa-sola boylanmağa başladı.  
Rəna ilə sövdələşdiyim vaxtda heykəlin qabağınadaydım. Toğrul ADNA
7
-nın qarşısına toplaşan izdihama baxır, mənim 
gözlərim isə  Rənanı  gəzirdi. Uzaqdan onu görüb əl elədim. Addımlarını sürətləndirdi. Yanımıza çatanda təngnəfəs 
olmuşdu. 
- Salam. Yaxına gedək? – soruşdu. 
- Gedək də. Amma çətin olacaq – dedim. - Görmürsən neçə cərgə polis var? Ora heç kəsi buraxmırlar deyəsən. 
Ambulanslar bir-birinin ardınca hadisə yerinə  gəlirdi. Bütün telekanalların maşınları da binanın cənub divarı boyunca 
yığışıb, canlı efirə qoşulmuşdular.  
Düz qabağımızda dayanmış əlli yaşlarında şlyapalı kişi qısa saçlı, bəstəboy qadına ucadan dedi: 
- Deyirlər manyakın biridi. Girib içəri, qabağına kim çıxıb güllələyib. 
Qadın irəlidə nələrin baş verdiyini görə bilmək üçün barmaq uclarına qalxmağa çalışır, boynunu qabağa uzadır, amma 
heç nə görə bilmirdi deyə əsəbiləşirdi. Üzünü şlyapalı kişiyə çevirib: 
- Həə - dedi. - Özü də deyirlər kimdisə, məşhur adamdı.  
Kişi başını buladı: 
- Düzdür, mən də eşitmişəm. Aktyordu, müğənnidi nədi... 
Rəna ilə baxışdıq. İkimizin də ağlından eyni sual keçdi: “Bu məşhur adam kim ola bilər?” 
Toğrul siqaret yandırıb tüstünü göyə üflədi. 
- Sizi bilmirəm, mən bir az qabağa gedəcəm. Ürəyim partlayır.  
- Bəlkə yaxınlaşıb polislərdən soruşaq? 
Rənanın bu ürkək təklifini bəyənmədim. Halbuki, özüm də ADNA-da nə baş verdiyini, qatilin ya da qatillərin kim olduğunu 
öyrənməkdən ötrü, prinsiplərimi unudub polislərdən söz soruşa bilərdim. 
Toğrul isə dediyini etdi və bizə “görüşərik” deyib, izdihamın içində əridi.  
 
*** 
 
İçimizi gəmirən sualların cavabı bir saat sonra gəldi. 
Sənan da gəlib çıxandan sonra Toğrula zəng vurduq. Universitet binasından iki yüz metr aralıda, 28 aprel küçəsi ilə 
Suverenlik prospektinin kəsişməsində olduğunu dedi.  
- Beş dəqiqəyə heykəlin yanındayam. Gözləyin.  
Gözlədik. 
Gələn kimi soruşdu: 
- Hara gedək? 
Bu dəfə,  ənənəvi sualı bizdə gülüş doğurmadı. Rəna, üzünə  həkk olunmuş düşüncəli, qəmgin ifadəni dəyişmədən, 
Kubinkadakı Karamel kafesinə getməyi təklif etdi. Razılaşıb maşına doluşduq. 
Yol boyu, hamı susurdu. Eşitdiklərimizdən, gördüklərimizdən sonra ağzımız sözün əsl mənasında açıq qalmışdı. 
Qatil nə müğənniydi, nə də aktyor. Əslinə qalsa, onun haqqında “məşhur” ifadəsini işlətmək də doğru olmazdı (əlbəttə ki, 
cinayətdən sonra nəinki ölkə, hətta dünya miqyasında məşhurlaşmışdı). Lakin müğənnilər, ya da meyxana deyənlər 
qədər geniş xalq kütlələrinə adı tanış olmayan Rövşən Zabitoğlunun qorxunc terror aktını törətməsi onu tanıyanlar, 
xüsusilə də rusdillilər üçün dəhşətlidən dəhşətli xəbər olmuşdu. 
“Что?  Где?  Когда?” intellektual oyunları üzrə respublika klubunun rəhbəri Rövşən Zabitoğlunun adını  eşidəndə, 
boğazımdan nərilti qopmuşdu - “Nəə!!!” Bu xəbər, ADNA-nın çevrəsinə toplaşan izdihama dalğa-dalğa yayılaraq bizim 
qulaqlarımıza çatanda, artıq bir saat olardı ki, universitetə 100 metr məsafədə dayanmış, heç olmasa kiçicik bir məlumat 
əldə edə bilmək üçün səyyar TV ötürücülərinə, polislərə tərəf acgözlüklə baxırdıq.  
Belə bir cinayətə adının qarışması ağlasığmaz idi. Düzdür, istənilən tanınmış şəxs haqqında “ondan heç gözləməzdim” 
demək mümkündür. Amma belə  çıxır ki, gözləmək lazımdır. Kim olursa olsun, gözləmək lazımdır. Deməli hər kəsin 
daxilində cinayət potensialı  və bu potensialı üzə  çıxarmağa qadir bir qırılma nöqtəsi var. Həmçinin, Rövşən 
Zabitoğlunun.  
                                                 
7
 Azərbaycan Dövlət Neft Akademiyası. 

 
83
Cəmiyyətdə ləyaqətli, şərəfli və vicdanlı bir insan kimi tanınmasa da, Rövşənin özü haqqında formalaşdırdığı intellektual 
imici danılmazdır. Mən də onun konformizmini, yaltaqlığını ağlına, savadına bağışlayanlardan biri olmuşam. Hələ uzun 
illər əvvəl, ilk dəfə onu ekranda görəndə, zəkasına və sərhəd tanımayan həyasızlığına mat qalmışdım.  
AzTV-də efirə gedən məşhur, yüksək reytinqli “Gənc ixtiraçı” adlı verilişdə 14-dən 30 yaşa qədər istənilən  şəxs öz 
ixtirasını nümayiş etdirə  və münsiflər heyətinin seçəcəyi birinciliyə iddia edə bilərdi. 19 yaşlı Rövşən bu müsabiqədə 
ikinci yeri qazananda, mən universitetə  təzə  qəbul olunmuşdum. Onu da deyim ki, Rövşənin provokativ ixtirası 
tamaşaçılarda istehzaya, bəzilərində isə hətta hiddətə səbəb olmasaydı, münsiflərdən bəlkə də birinci yeri alardı.  
Söhbət, bağırsaq qazının səsini boğan, cəmiyyətdə “osturaq aparatı” adını alan cihazdan gedir. Rusdilli Rövşənin 
“Permol”
8
 adını verdiyi plastik aypara formasındakı cihaz, suya davamlı  səs dinamikləri olan və içəri tərəfdən unitazın 
çevrəsinə  bərkidilən, Rövşənin öz dili ilə desək “analoqu olmayan” bir qurğuydu. Rövşən, öz ixtirasının çox effektli 
olduğunu və cihaza 5 il zəmanət verdiyini fəxrlə deyirdi. 
Canlı efir vaxtı, Rövşən cihazın işə yaradığını sübut etməkdən ötrü, studiyadan bir nəfər könüllünün səhnədə 
quraşdırılan səyyar unitaza oturaraq qaz buraxmasını xahiş etsə  də, ictimai yerdə osturmağa razı olan könüllü 
tapılmamışdı. Heç kəsin unitaza yaxın durmadığını görən və münsiflər tərəfindən layiqli qiymət almamaqdan ehtiyat 
edən Rövşən, sonda məcbur qalıb “səsin eşidilməyəcəyinə amma qoxunun yayılacağına” dair xəbərdarlıq edərək, özü 
unitaza oturmuşdu. Gücənməyə başlayan Rövşənin alnında puçurlanan tər damcılarını, qızaran sifətini kameralar xüsusi 
canfəşanlıqla çəkir, iri planda tamaşaçılara göstərirdi. Otuz-qırx saniyə sonra, səhnəyə yaxın oturan tamaşaçılar yüngül 
qoxu hiss etməyə başladılar. Amma buraxılan qazın səsini eşidən olmamışdı. Bəzi skeptiklər, Rövşənin unitaza oturub 
qazını səssiz buraxdığını desə də, gənc ixtiraçının növbəti dəfə “onda buyurun siz oturun və bərkdən qaz buraxın” təklifi 
ilə razılaşan olmamış, hətta iki-üç nəfər Rövşəni söyə-söyə studiyanı tərk etmişdi. 
O gün, ekranları qarşısında oturan tamaşaçılar arasında ona inananlar, ixtirasını bəyənənlər də oldu, söyüb lənətləyənlər 
də. Məsələn atam başını bulayıb: 
- Gör nə günlərə qalmışıq – demişdi. – Abrımız, həyamız gedib. Sənin kişi boyuvu yerə soxum! 
Mən isə atam qədər hiddətlənməmişdim. Nəinki hiddətlənmək, gənc ixtiraçının çılğınlığına gülmüşdüm də. Nə üçünsə 
Rövşənin bu hərəkəti məndə  rəğbət oyatmış, ona qarşı simpatiyam yaranmışdı. Xalqı  ələ saldığını, doladığını 
düşünürdüm, çünki mənim nəzərimdə Permol, adi bir susturucudan ziyadə, xalqın sifətinə vurulan şapalaq idi. Yeri 
gəlmişkən onu da deyim ki, o illərdə xalqa nifrətim sərhəd tanımırdı.  
Sonrakı günlərdə, “Gənc ixtiraçı” müsabiqəsinin ikinci yer laureatı Rövşən Zabitoğlunun, cihazın patentini kiməsə satdığı 
xəbərləri yayıldı. Hətta deyilirdi ki, İqtisadi  İnkişaf nazirliyi “Hamı yerli mal alsın, xeyir vətənə qalsın” kampaniyası 
çərçivəsində, Permolun kütləvi istehsalını maliyyələşdirəcək. Lakin yarım ilə yaxın vaxt ötsə də, Rövşən Permolu istehsal 
etməyə razılıq verən bir şirkət, qurum tapa bilmədi. Belə bir şayiə də gəzirdi ki, bəzi oliqarxlar fərdi qaydada özləri üçün 
bu qurğulardan düzəltdirib evlərində, bağlarında işlədirmişlər. O cümlədən bürokratlar arasından da Permola rəğbət 
göstərənlər olubmuş. Doğrudan da, qısa müddət sonra Rövşənin bəzi yüksək vəzifəli məmurlarla yaxınlaşması, bu 
iddiaya inanmağa əsas vermişdi. 
Di gəl ki, Rövşənin sevinci uzun sürmədi. 
Günlərin bir günü Permolun susduruculuq funksiyasını yerinə yetirmədiyi, Rövşənin fırıldaqçı olduğu söhbətləri yayıldı. 
Dedi-qodulara görə, nazirlərdən biri bu cihazı evində quraşdırmış  və evdə qonaqlar olan vaxt, arxayınca tualetə girib 
doyunca qaz buraxıbmış. Otağa qayıdanda isə övladları  və  həyat yoldaşı ilə yanaşı, bütün qonaqların qıpqırmızı 
olduğunu, gözlərini ondan qaçırtdıqlarını görəndə, hər şeyi başa düşüb pərt olubmuş. Onu biabır edən Permola, ən çox 
da qurğunun ixtiraçısı Rövşənə nazirin qəzəbi tutub və deyilənlərə görə nazir onu cəzalandırıbmış.  
Nazirin onu necə cəzalandırdığı haqda dəqiq heç nə bilinməsə də, bu hadisədən sonra Rövşən düz iki ilə yaxın gözə 
görünmədi, adam arasına çıxmadı. Onun öldüyünü, xaricə sürgün edildiyini, DTN-nin zirzəmisində yatdığını, hətta nazirin 
şəxsən özü tərəfindən zorlandığını deyənlər olsa da, mənim bu versiyalardan birinə, ya da bir neçəsinə inanmaq üçün 
heç bir əsasım olmadığından, Rövşənin bir gün özünün ictimaiyyət qarşısına çıxıb hər şeyi açıqlayacağı anı gözləyirdim.  
Elə də oldu. 
Qeybə çəkilməsi kimi, zühuru da qəfil oldu. Özü də “Nə? Harada? Nə vaxt?” oyunlarının Respublika klubunun başçısı 
qismində ortaya çıxıb, qısa müddətdə rusdilli gəncliyin parlaq simalarından birinə çevrildi. Yenə də, şəhər əfsanələrinə 
inanası olsaq, onu bu vəzifəyə “Bakılı qaqaşlar” KVN komandasının kapitanı Anar Abıyev gətirmişdi. Dəmdəməki adam 
olan, Qənirə Milliyə yaxınlığı ilə lovğalanan, intellektualizmə, fərqliliyə iddia edən və iqtidardakı azərbaycandillilərdən 
üstün olduğuna inanan Anar Abıyev həm də Milli Məclisin üzvüydü.  
Zaman bəzən amansız, qəddar olur. 
Rövşənlə yaxınlıq Anara düşmədi, işləri dolaşığa düşdü, illər boyu pillə-pillə yüksəldiyi karyera zirvəsindən  şappıltı ilə 
üzü aşağı, yerə çırpıldı. 
Gənc ixtiraçını öz himayəsinə götürdükdən üç il sonra keçirilən növbəti parlament seçkilərində, Anar iqtidara yaxın molla 
biznesmen, dörd yanacaq doldurma məntəqəsinin sahibi Hacı  Əflatuna uduzmuşdu. Bu isə o demək idi ki, Anar 
gözləmədiyi yerdən, “dostum” dediyi prezident administrasiyasının rəhbəri Həsən Abdullazadədən zərbə almışdı. Özü də 
bu zərbə, ondan aldığı birinci zərbə deyildi.  
                                                 
8
 Permol – Перди молча – Yavaş ostur. 

 
84
Hələ beş il əvvəl KVN, mətbuat və  məhəllə  uşaqları arasından özünə yaxın saydığı 15 rusdilliyə deputatlıq vəd edən 
Anar, onların parlamentə seçilməsinin prezident administrasiyasında razılaşdırıldığını demiş, 15 rusdilli gənci 
ümidləndirmişdi. Amma rusdillilərin bütün ümidləri və borc-xərclə tapdıqları seçki pulları puç olmuş, heç biri parlamentə 
seçilməmişdi. Bu biabırçı məğlubiyyətdən sonra onların yanında gözü kölgəli olan Anar, yenə siyafurluğuna salıb “Qənirə 
xanım rusdillidir, bizim arxamızdadır! Siz mütləq parlamentə düşəcəksiniz, arxayın olun!” deyərək, rusdilli gəncləri beş il 
sonrası üçün həvəsləndirmişdi. Hər kəsin həsrətlə gözlədiyi növbəti deputat seçkilərində isə hakimiyyət Anara da, onun 
15 rusdilli dostuna da ən qəddar sürprizi təqdim etdi. Bakının Nizami rayonunun seçki nəticələri açıqlananda, özünün 
yox, Hacı  Əflatunun qalib gəldiyini eşidən Anar, əsəbindən iki gün sərasər on iki butulka viskini boşaltmış, ağır 
vəziyyətdə  xəstəxanaya çatdırılmışdı. Üç gün komada qalan Anarı  həyata qaytarmaq üçün dəridən-qabıqdan çıxan 
həkimlər, nəhayət böyük çətinliklə onu dirildə bilmişdilər.  
İki həftə sonra xəstəxanadan artıq başqa bir Anar çıxmışdı – qara ciyəri iflas etmiş, içkiyə dilinin ucu ilə belə toxunması 
qəti qadağan edilmiş, yarı ölü, yarı canlı Anar. 
Bu hadisədən sonra, hakimiyyətin öz yaltaqlarına, nökərlərinə qarşı daha amansız olduğunu, müxalif fikirlilərə duyduğu 
nifrətdən daha artıq nifrət etdiyini hər kəs başa düşdü. Ölkədə elə bir avtoritar rejim hökm sürürdü ki, öz adamlarını, 
yaltaq qulbeçələrini daha ağır cəzalandırırdı. Öldürülən, təhqir olunan, sındırılan hər iqtidar yaltağının ibrətamiz aqibəti 
müxalifəti sevindirsə  də, Qənirə Millinin bu davranışlarının arxasında hansı  səbəblərin dayandığını, Qənirənin hansı 
dəyərlərin daşıyıcısı olduğunu başa düşmədiyinə görə, müxalifət həm də narahatçılıq keçirirdi.  
Anardan sonra, administrasiyanın qəzəbinə Rövşən tuş gəldi. Hələ bir neçə il əvvəl gənc intellektual kimi ona bulvarda 
tikilən binada üç otaqlı  mənzil vəd olunsa da, evin təhvil verilməsi müxtəlif bəhanələrlə gecikdirilirdi. Binanın tikintisi 
çoxdan tamamlanmış, sakinlərin çoxu mənzillərinə köçmüşdü. Amma Rövşənlə maraqlanan, onu saya salan olmamışdı.  
Bir dəfə  Qənirə Milli ÇQK-nın Bakıda keçirilən MDB finalına qonaq olmuşdu. O gün ona yaxınlaşıb mənzili ilə 
maraqlanmaq fürsəti tapmayan Rövşən, prezidenti bir daha görmək üçün bir il yarım gözlədi. Sonda Prezident aparatına 
yolunu salıb, rus dilində danışa bilməyən, bununla da öz məramını rusdilli Rövşənə çatdırmaqda çətinlik çəkən prezident 
administrasiyasının humanitar şöbəsinin müdiri Novella Sadətdinovadan kobud cavab alan Rövşənin beyni çöndü. Əvvəl 
müxalifət qəzetlərinə, Azadlıq radiosuna üz tutdu. Amma nə  qəzetlər, nə  də Azadlıq radiosu, bir vaxtlar hakimiyyətə 
yaltaqlanmaq üzrə çempionluq dərəcəsi əldə etmiş bu adamı qapıdan içəri buraxmadılar. Axırıncı dəfə, bir həftə əvvəl 
ATV kanalında canlı efirə gedən “Milli şou biznes” verilişinə zəng vurub ürəyini boşaltmaq istəyən Rövşənin bu cəhdi da 
səmərəsiz olmuş, sözünü yarımçıq kəsib, telefonu üzünə söndürmüşdülər.  
Deməli illər uzunu sındırılan, alçaldılan bir adam axırda bezib əlinə silah ala bilərmiş. 13 məsum insanı qətlə yetirə, 12 
tələbəni də yaralaya bilərmiş. Bəli, qan gölünə çevrilən ADNA-nın dəhlizləri, tamarzı bir gəncin rusdilli ürəyinin 
üsyanından başqa bir şey deyildi. Belə olan halda, ona manyak, qatil demək nə qədər doğrudur? Bəlkə umduğu evini ala 
bilməyən Rövşənə, avtoritar rejimin qurbanı demək daha ədalətli olar? 
Hadisənin detallarını Karamel kafesindəki yekə televizordan izlədik. 
Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz Neft Mədən” və “Neft Mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusuna 
daxil olan Rövşən, inzibati binanın birinci mərtəbəsindən üçüncü mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə “Makarov” 
tipli tapançadan atəş açıbmış. Birinci mərtəbədə iki nəfəri, ikinci mərtəbədə altı nəfəri, üçüncü mərtəbədə isə beş nəfəri 
qətlə yetiribmiş. On beş dəqiqə sonra isə, polis tərəfindən zərərsizləşdiriləcəyini görüb, özünü öldürübmüş. 
AzTV-nin diktoru, həyəcanla deyirdi: 
- ...Xalqın dövlətə, dövlətçiliyə, əmin-amanlığın dönməzliyinə olan inamını zəiflətmək üçün keçmişdə də çoxsaylı insan 
ölümü ilə  nəticələnən cinayətlər törədilib, amma heç bir nəticə verməyib. Niyazi Salayev başda olmaqla, yaramaz 
müxalifət yenə fürsətdən istifadə etməkdə, hakimiyyətimizə, prezidentimizə dil uzatmaqdadır. Faciəli hadisələrdən 
istifadə etməyi özlərinə ar bilməyənlər bu gün də  cəmiyyətin daim matəm içində yaşamasına, vətəndaşların gələcəyə 
ümidini itirməsinə çalışırlar... 
Sənan kanalı  dəyişdirdi.  İctimai Televiziyanın müxbiri, sol əlində mikrofon, sağ  əli ilə sinfin qapısını göstərərək, nəfəsi 
kəsilə-kəsilə danışırdı. 
- ... Daha sonra Rövşən Zabitoğlu, bax... bu gördüyünüz “Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsi”nin 3-cü 
kursunun dərs keçdiyi auditoriyaya daxil olub. Gəlin birlikdə içəri keçək... 
Hadisənin baş verdiyi auditoriyada olan tələbələrdən biri, yaxınlaşan müxbiri görüb həyəcanla, kəkələyə-kəkələyə 
hadisəni danışdı: 
- Dərsdə otur...muşduq, kimsə qapını təpik...ləməyə başladı. Qəfildən bir nəfər içəri girdi, əlindəki si...lahla birinci sırada 
oturanlara atəş açdı. Uşaqlar auditoriyadan qa...çmağa başladılar. Sonra mən dəhlizə  çıxanda yerdə çoxlu sayda 
ya...ralı gördüm. Atəş açanı deyəsən tanımışdım... Amma də...qiq bilmədim kimdi...  
ANS kanalı isə, Rövşənin üçüncü mərtəbədə divara püskürtməli boya ilə yazdığı yazını nümayiş etdirdi: 
«Ублюдки!  Грязные  коррупционеры!  Суки!  Я  же  многого  не  хочу!  Всего  лишь  квартиру!  Подавитесь  своей 
нефтью, своим богатством! Будьте вы прокляты! Some blood for oil! Fuck! Fuck! Fuck!» 
Karameldə yumşaq divanlarda, çoxsaylı mütəkkələr arasında oturmuşduq. Rəna mənə qısılıb qorxu dolu gözlərlə ekrana 
baxırdı. Necə yorğun, stressli olduğumu indi-indi hiss etməyə başlayırdım. Ayaqqabılarımı  çıxartdım, boynumu 
şaqqıldatdım. Əlimi Rənanın belinə dolayıb onu özümə sarı çəkdim. İkimiz də mütəkkələrə yaslandıq.  
Diqqətlə xəbərlərə baxan Toğrula zəng gəldi. Displeyə baxıb cəld ayağa qalxdı, bayıra qaçdı. Kimin zəng etdiyini təxmin 
etmək çətin deyil. Rəna üzümə baxdı, başını buladı, sonra təzədən ekrana döndü. Bu anda Şeyla düşdü yadıma. 

 
85
Qorxdum ki, zəng vurar, ADNA-da baş verənlərdən danışar, nəsə soruşar. Ondan zəng gəlsə, bunu Rənaya necə izah 
edəcəm?  
Toğrul içəri qayıdıb, pərişan səslə: 
- Təsəvvür edirsiniz, ölən tələbələrdən biri Zümrüdün qonşusuymuş – dedi.  
Hamımız başımızı qaldırıb ayaq üstə dayanan Toğrula baxdıq. Qarşımızda sanki heykəl durmuşdu - ağzı aralı, saçları 
dağınıq, gözləri kədər dolu bürünc heykəl.  
- Otur görək – dedim. – Otur. 
Oturub telefonu stolun üstünə atdı. Çaydan bir udum içdi. 
- Ölən kimdi? Qızdı, oğlandı? – soruşdum. 
- Oğlandır. Adı Ceyhun. Orta məktəbdə Zümrüdlə bir sinifdə oxuyublar. Rəhmətlik aspiranturanı bu il bitirməliymiş. 
Sənan dizlərinə dirsəklənib, əlləri ilə başını tutdu:  
- Böyük dərddi. 
Rəna siqaret yandırdı. Əvvəl mənə baxdı, sonra ekrana gözünü dikən Toğrula: 
- Gedəcəksən ora? 
Toğrul diksinən kimi oldu. Gözlərini televizordan ayırıb: 
- Hara? – soruşdu. 
- Zümrüdgilin məhləsinə. Yası orda verməyəcəklər? 
Alt dodağını çeynəyə-çeynəyə fikrə daldı. 
- Yəqin verərlər – dedi. – Hə, mən də gedərəm. Amma molla səsi eşitmək istəmirəm də. Ürəyim bulanacaq yenə.  
Sənan başını qaldırdı: 
- Mollasız nə yas? Gərək dözəsən. Biz də Muradla gələrik, tək qoymarıq səni – deyib üzümə baxdı.  
- Əlbəttə - çiyinlərimi dartıb dedim. – Gedərik. Mütləq. 
Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin