ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   2   3   4   5   6   7   8   9   ...   20

Hüseyn İSMAYILOV, 
Filologiya elmləri doktoru, professor 
 
AZƏRBAYCAN TƏCNİSİNİN 
SƏRRAF ŞİRUYƏ SƏHİFƏSİ 
 
Azərbaycan  xalq  poeziyası  ümumtürk  poetik  düşüncə 
tarixinin  milli  kodlarından  biri  kimi  zəngin  ənənələrə  ma-
likdir. Bu zənginlik bütün hallarda milli poetik düşüncənin 
struktur zənginliyini özündə inikas edir. Türk dünyanı qav-
rayıb psixoloji davranış formullarına çevirməklə qalmamış, 
eyni  zamanda  varlıq  aləminin  gözəlliyini  bədii  reallığa  çe-
virməklə onun estetik modelinin məkan-zaman hüdudlarını 
sonsuza qədər genişləndirmişdir.  
Milli  poeziyamızın  janr  strukturu  da  öz  növbəsində 
Azərbaycan-türk  bədii-estetik  dünya  duyumunun  struktur 
gözəlliyini özündə əks etdirir. Bu estetik dünya  modelində 
təcnislərin xüsusi yeri vardır. 
Təcnis: 
 – ilk növbədə Azərbaycan-türk dilinin poetik möcüzə-
sidir; 
 – dilimizin çox zəngin leksik potensialını göstərməklə 
bərabər, eyni zamanda onun linqvofunksionallaşmasının da 
zəngin imkanlarını nümayiş etdirir; 
 – janrüstü reallıq kimi milli poeziyanı dünya poetik fi-
kir ehtiyatları içərisində xüsusən fərqləndirən, onun linqvo-
ləyaqətini nümayiş etdirən amil kimi çıxış edir... 
Təcnis qoşa bilmək hər bir sənətkarın: 
 – sənətə olan iddiasını; 
 – istedad və qabiliyyətinin real səviyyəsini; 
 – milli ənənəyə bağlılıq və sədaqətinin dərəcəsini... nü-
mayiş etdirir.  

 
18 
Burada  təcnisləri  təqdim  olunan  Sərraf  Şiruyə  də  aşıq 
şeiri  üslubunda  yazan,  müasir  mərhələdə  xalq  poetik  ənə-
nələrini  ən  gözəl  şəkildə  davam  etdirən  sənətkar  kimi  öz 
təcnisləri ilə ilk növbədə Azərbaycan milli poeziyasına olan 
vurğunluq  və  bağlılığını  ifadə  etmişdir.  Onun  yaratdığı 
müxtəlif şəkilli şeirlər fitri qabiliyyətə malik bir sənətkarın 
dəst-xətini, özünəməxsus poetik nəfəsini təsdiq edir. 
Sərraf Şiruyənin şeirləri göstərir ki, onun özünəməxsus 
poetik  üslubu  xalq  şeirinin  bütün  mükəmməl  ənənələrini 
özündə birləşdirir və öz poetik impulslarını, gücünü, qüdrə-
tini  xalqımızın  poetik  düşüncə  strukturu,  mənəvi  dəyərlə-
rimiz, yurdun gözəllikləri, Vətən və millət sevgisindən alır. 
Şair  xalqın  güzəranına,  ruhuna  və  ana  dilinin  incəliklərinə 
dərindən bələddir. 
Sərraf Şiruyə bir insan və sənətkar kimi gözünü dünya-
ya  və  sənətə  Göyçədə  açıb.  Göyçəli  olmaq  onun  həm  şair, 
həm də vətəndaş taleyinə xüsusi səhifə kimi yazılıb. “Göy-
çə Azərbaycan mədəniyyətinin Oğuz Kağandan, Dədə Qor-
quddan  yadigar  qalma  ən  qədim  saz-söz  ocaqlarındandır. 
Buranın  Tanrı  əli  ilə  sığal  verilmiş  füsunkar  təbiəti,  uca-
lıqda yalnız göylərə yenilən vüqarlı dağları, yamyaşıl meşə-
ləri,  göy  Tanrı  nəfəsli  Göyçə  gölü  Azərbaycanın  bu  ulu 
yurdunun  insanlarını  anadangəlmə  aşiq  edib:  Tanrının,  tə-
biətin,  sazın, sözün aşiqləri. Göyçədə doğulub sazı sevmə-
mək, Göyçədə doğulub sözü sevməmək,  Göyçədə doğulub 
Tanrını  sevməmək,  sadəcə  olaraq,  mümkün  deyil.  Burada 
saz  da,  söz  də  Tanrı  nəfəslidir.  Göyçəlilərin  sazı  səslənib, 
sözü  dilə  gələndə  sanki  uca  Tanrı  göylərdən  yerə  enir,  öz 
nəfəsi ilə insanların qəlbini işıqla doldurur. Ona görə də bu 
yurdun  övladları  sevgipərəstdir”  (S.Rzasoy.  Folklorlaşan 
alim ömrü. B., “Nurlan”, 2007, s. 14-15). 

 
19 
Göyçə  varlığının  bütün  həyat  tərzi  əski  türk  ənənələri-
nin daha mühafizəkar şəkildə qorunduğu tərəkəmə-elat  ya-
şam  tipinin  davamıdır.  Sosial-siyasi  hadisələrin  təsiri  ilə 
yaşam  tərzində  dəyişikliklər  baş  versə  də,  etnopsixoloji 
davranış  və  etnik-mədəni  sistemin  əsasları  deformasiyaya 
uğramamışdır.  Göyçədə  sənət  də,  ədəbiyyat  da  etnik-milli 
ənənə üzərində inkişaf etmişdir. Bu ənənənin əsasını yurda, 
vətənə  bağlılıq  təşkil  edir.  Göyçəli  olmaq  Sərraf  Şiruyəni 
həm də vətəninin, millətinin və dilinin aşiqinə çevirib:  
 
Mənim üçün canım qədər əzizdir, 
Bir Vətənim, bir millətim, bir dilim. 
Silahımdı, kəsərimdi, gücümdü, 
Bir ürəyim, bir qələmim, bir dilim. 
  
Sənətkarın Vətən, millət, dil sevgisi eyni zamanda aliy-
yət, ülviyyət və qüdsiyyətə olan vurğunluğun içindən keçir: 
  
İki şəxsdir hər kim bilsə iki dil, 
Əkizlənib ürəyimdə iki dil. 
Töhmətimdi – ikiüzlü, ikidil, 
Şöhrətimdi bir niyyətim, bir dilim. 
 
Şiruyəyəm, çətin könlüm allana, 
Qaralıq silinə, həyat allana. 
Qorxuram ki, dodaqların allana, 
Yanağından qoy yalayım bir dilim. 
 
Ümumiyyətlə,  təcnis  aşıq  yaradıcılığında  xüsusi  yerə 
malik  çətin  sahədir.  Təcnis  yaradıcılığı  ilə,  Aşıq  Alı,  Aşıq 
Ələsgər,  Şair  Aydın  kimi  qüdrətli  sənətkarlar  məşğul  ol-
muşlar. 

 
20 
“Təcnis,  əsas  etibarilə,  omonim,  yəni  yazılışca  və  de-
yilişcə  eyni  olub,  leksik  məna  baxımından  müxtəlif  olan 
sözlərin  işlədilməsindən  yaranan  şeirdir.  Belə  sözlər  “ci-
nas” adlanır. Cinasların işlədildiyi şeir janrından asılı olma-
yaraq,  həm  də  təcnisdir.  Lakin  təcnis  yaradıcılığı  şeirdə 
təkcə  cinasların  işlədilməsi  ilə  bitmir.  Belə  ki,  cinasların 
işlədilməsi  zamanı  ayrı-ayrı  aşıq  şeir  janrlarının  öz  poetik 
normalarına  da  riayət  olunmalıdır.  Bu  da  el-aşıq  poeziya-
sında təcnislə bağlı müxtəlif şeir formalarının yaranmasına 
gətirmişdir”  (X.Məmmədova-Rəhimova.  Şişqayalı  Şair  Ay-
dının  təcnis  sənətkarlığı  –  Azərbaycan  şifahi  xalq  ədəbiy-
yatına dair tədqiqlər. XIX kitab, B., Səda, 2006, s.135). 
“Təcnisin  aşağıdakı  formaları  vardır:  “Təcnis”  (“Qara 
təcnis”),  “Bayatı  təcnis”,  “Gəraylı  təcnis”,  “Ayaqlı  təcnis” 
(“Müstəzad-səqir  təcnis”),  “Cığalı  təcnis”,  “Nəfəsçəkmə 
təcnis”,  “Dodaqdəyməz  təcnis”,  “Zəncirləmə  təcnis”, 
“Öyüdləmə  cığalı  təcnis”,  “Əvvəl-axır  hərf  üstə  təcnis” 
(M.Həkimov. Aşıq şeirinin növləri. B., APİ, 1987, s. 47). 
Təcnisi tədqiq edən alimlərin vurğuladığı kimi, “təcnis 
yaratmaq  məharəti  və  bu  işin  ən  böyük  çətinliyi  forma  ilə 
məzmunun  ahənginin  pozulub-pozulmamasında  ifadə  olu-
nur. Çünki təcnis yaratmaq üçün deyiliş və yazılışca (şəkil-
cə) oxşar sözlərdən qafiyə kimi istifadə olunmalıdır. Lakin 
bu  sözlərin  işlədilməsi  müəllifdən  böyük  sənətkarlıq  tələb 
edir. Ancaq çox  vaxt  cinasların işlədilməsi zamanı  mənanı 
gözləmək  çətinləşir:  məzmun  cinaslarla  uyğun  gəlmir  və 
cinaslardan  ibarət  mənasız  söz  yığını  alına  bilir.  Beləliklə, 
kamil formalı, dərin məzmunlu cinaslar yaratmaq hər sənət-
kara  nəsib  olmamışdır”  (X.Məmmədova-Rəhimova.  Şişqa-
yalı  Şair  Aydının  təcnis  sənətkarlığı  –  Azərbaycan  şifahi 
xalq ədəbiyyatına dair tədqiqlər. XIX kitab, B., Səda, 2006, 
s.135). 

 
21 
Sərraf  Şiruyənin  ədəbi  yaradıcılıq  dövrü  aşıq  sənətinin 
nisbətən tənəzzül dövrünə təsadüf etsə də, o, Göyçə saz-söz 
mühitinin ən gözəl ənənələrini layiqli şəkildə davam etdirə 
bilmiş və forma və  məzmunca  mükəmməl təcnislər  yarada 
bilmişdir: 
 
Aman təbib, üzdən vurma neştəri, 
Yaram dəyib, dərindən yar, yaxşı yar. 
Könül düşüb bir Şirinin eşqinə, 
Deyən yoxdur Bisütunu yaxşı yar. 
 
Yazıq canım eşq oduna ha yandı, 
Baş açmadım eşqin səmti hayandı. 
Dar günümdə bilirəm ki, hayandı, 
Yaxşı qohum, yaxşı qardaş, yaxşı yar. 
 
Şiruyəyəm, geydi tər sinə sarı, 
Yol aldı yarıdan tərsinə sarı. 
Qoyuldu məzara tərsinə Sarı, 
Qibləsində dəfn olundu Yaxşı yar.  
 
Bu  şeir  cinas  texnikasının  bütün  göstəricilərinin  əks 
olunduğu qoşma-təcnisdir. 
Şeirdə  üç  cinas  fiqurundan  istifadə  olunmuşdur.  Bun-
lardan  biri  hər  üç  bəndin  sonuncu  misrasında  istifadə  olu-
nan  “yaxşı  yar”  təcnis  sırasıdır  (yaxşı  yar  (yaxşı  yarmaq 
mənasında)  –  yaxşı  yar  (yaxşı  sevgili  mənasında)  –  Yaxşı 
yar (Aşıq Sarının sevgilisi Yaxşı).  
Qalan ikisi hər bəndin özünə məxsus olan təcnis vahid-
ləridir.  Hər  üç  bəndi  əhatə  edən  cinas  fiquru  yalnız  hər 
bəndin özünə məxsus olan cinas fiqurlarından funksiyasına 
görə  fərqlənir.  Onu  qalan  üç  cinas  fiquruna  nisbətdə  “əsas 

 
22 
fiqur” saymaq lazım gəlir. Çünki hər bəndin özünə məxsus 
cinas fiquru yalnız işləndiyi bəndlə məhdudlaşır.  
Şeirdə  təcnis  texnikasının  klassik  normalarından  irəli 
gəlməklə iki səviyyədə cinas fiqurları işlədilmişdir: 
1.  Bəndlərarası  cinas  sırası:  yaxşı  yar  (yaxşı  yarmaq 
mənasında)  –  yaxşı  yar  (yaxşı  sevgili  mənasında)  –  Yaxşı 
yar (Aşıq Sarının sevgilisi Yaxşı).  
2.  Bənddaxili  cinas  fiqurları:  “yaxşı  yar”  –  “ha  yandı/ 
hayandı/ həyandı” – “tər sinə sarı/ tərsinə sarı/ tərsinə Sarı”.  
Birinci bəndin daxili cinas fiquru ilə bəndlərarası cinas 
fiqurlar  fonoakustik  baxımdan  həmahəngdir.  Yəni  birinci 
bəndin  cinas  fiquru  sonrakı  bəndləri  bir-biri  ilə  birləşdirən 
bəndlərarası (“əsas”) cinas fiqurları sırası ilə ilə eyni qafiyə 
sisteminə girir.  
Sərraf Şiruyənin yaratdığı cinaslar təkcə texniki ahəngi, 
yəni  forma  estetikası  ilə  yox,  həm  də  məzmun-məna  key-
fiyyəti  ilə  seçilir.  Şeirdə  öz  yerində  və  məqamında  işlədil-
miş  cinaslar  ona  musiqililik,  melodiklik  gətirir,  forma  gö-
zəlliyini artırır. 
Bununla bərabər, qeyd etmək lazım gəlir ki,  Sərraf Şi-
ruyənin  ümumi  yaradıcılığında  olduğu  kimi,  təcnis  yaradı-
cılığında da kədərli notlar geniş yer tutur:  
 
Bahar gəldi qar əridi dağlarda, 
Sellər-sular gəlib doldu yatağa. 
Bəd gətirdi mənim ömür baharım, 
Zəlil edib məni saldı yatağa. 
 
Gündən-günə gül rəngim saraldı, 
Tərlanıydım, oylağımı sar aldı. 
Görürsən ki, çiçək tağda saraldı, 
Yaxşı-yaxşı ya kökə bax, ya tağa. 

 
23 
 
Şiruyəni say bir sifət, bir üzə, 
Aç süfrəni qonaq eylə bir üzə. 
Gözləginən ovun çıxsın bir üzə, 
Oxu sazla, sin bərədə yat, Ağa. 
 
Sərraf  Şiruyənin  şeirlərində  işlədilmiş  cinaslar  şeirin 
məzmunu,  ovqatını  tam  əks  etdirə  bilir.  Cinaslar  şeirdəki 
poetik mənanı bütün dolğunluğu ilə inikas edir.  
Sənətkarın  şeirlərində  lirik  qəhrəmanı  mücərrəd,  uy-
durma qəhrəman deyildir. O, təcnislərdə dərin mənalar  ya-
ratmağa  və  həmin  mənaları  cinaslar  vasitəsi  ilə  təzahür  et-
dirməyə  nail  olmuşdur.  Bütün  bunlar  göstərir  ki,  o,  Göyçə 
aşıq  mühiti  üçün  xarakterik  olan  ədəbi  dilə  dərindən  bə-
ləddir və ondan sənətkarcasına istifadə etməyi bacarmışdır. 
 
Eşqimi dedim canana, 
Çəkmə məni ala – dedi. 
Zülflərinə qara dedim, 
Bir gün olar ala – dedi. 
 
İltimas etdim gözəldən, 
Nə istəyir gör göz, əldən. 
İstədiyin mən gözəldən: 
Bir cüt nardı, ala – dedi. 
 
Şiruyəyə dedim yarı, 
Dedi: – Ömür-gündü yarı. 
Yar yadına sala yarı, 
Gəlib canım ala – dedi. 
 

 
24 
Şeirin ifadə etdiyi hissiyyat, fikirlər, estetik duyğular o 
qədər dolğun, canlı və həyatidir ki, insan qeyri-iradi olaraq 
şairin coşqun istedadına, böyük məharətinə heyran olmaya 
bilmir.  Bu  sətirlərdə  sevən  bir  qəlbin  coşqun,  nəcib  həsrət 
və həyəcanlarını şair yüksək həyəcanlıqla vermişdir. Şairin 
şeirlərindəki  məhəbbət  heç  də  intim  və  fərdi  hisslərin  ifa-
dəsi  deyildir.  Bu  məhəbbət  insanları  həyata,  gözəlliyə  və 
sədaqətə  səsləyir.  Əsl  sənətkarın  dəyəri  və  qiyməti  də  elə 
bunda – Tanrının yaradıb bizlərə bəxş etdiyi dünyanı öz ya-
radıcılığı  ilə  qoruyub  daha  da  gözəlləşdirə  bilməkdə  ifadə 
olunur. 
Seçilmiş əsərləri, I cild (Təcnislər), 
Bakı, “Nurlan”, 2008-ci il 

 
25 
Ziyəddin MƏHƏRRƏMOV, 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
KÖKƏBAĞLILIĞI YAŞADAN SÖZ USTADI 
  
İnsanın  mənəvi-estetik  inkişafı  prosesində  müstəsna 
əhəmiyyət  kəsb  edən  vasitələrdən  biri  də  bədii  ədəbiyyat-
dır. 
Göyçə  mahalının  təbii  gözəllikləri,  buz  bulaqları,  ayna 
suları, dərin dərələri, sərt qayaları, elatın yayladığı yaylaq-
ları,  mərd  və  əməksevər  insanları  xalq  yaradıcılığının  in-
kişafı üçün əsas mövzu materialı olmuşdur. 
Bu mühitdə doğulub boya-başa çatan insanlar daha çox 
ədəbi  yaradıcılığa  meyilli  olmuşlar.  Ustad  sənətkarımız 
Sərraf Şiruyə də belə yaradıcı insanlardandır. 
Sazın, sözün coşub-çağladığı, ustad sənətkarların məc-
lis açıb, cövlan elədiyi bir mahalda yetişən şair Sərraf Şiru-
yə sözün həqiqi mənasında mahalın adına layiq bir sənətkar 
kimi yetişmişdir. Özündən əvvəlki sənətkarlar kimi Göyçə 
mahalının adını öz imzası ilə şöhrətləndirmişdir. 
Sərraf  Şiruyə  eyni  zamanda  atası  Həsən  Xəyallının 
layiqli davamçısı kimi poeziya aləmində öz möhürlü imzası 
və dillər əzbəri olan şeirləri ilə məşhurdur. 
Yeri gəlmişkən qeyd edim ki, Şiruyəni tələbəlik illərin-
dən tanıyıram. O, pedaqoji institutun riyaziyyat fakültəsin-
də, mən isə filologiya fakültəsində oxuyurdum. Ali məktəb 
həyatında keçirilən bütün ictimai-siyasi, ədəbi-bədii tədbir-
lərdə  fəal  iştirakına  və  hamını  heyran  edən  maraqlı  təcnis-
lər,  qoşmalar  müəllifi  olduğuna  görə  məşhur  idi.  Onun 
Biləndər Hüseynov, Məhəbbət Qarabağlı, Şota Saleh, Tofiq 
Saleh, Alqayıt Xəlil, Tariyel Qəribli, Bəxtiyar Ərşadi, Akif 
Qurbanov,  Oqtay  Rza,  Tofiq  Eyvazov  kimi  çoxsaylı  yara-

 
26 
dıcılıqla məşğul olan dostları vardı. Şiruyə bu dostları ara-
sında xüsusi hörməti və istedadı ilə seçilirdi. Onun yazılı və 
şifahi  xalq  ədəbiyyatına  maraq  göstərməsi,  məhəbbət  das-
tanlarından yaddaşında olan mənalı poetik nümunələri söh-
bətlərinin  dadına-duzuna  qatması,  arada  bir  özünün  yeni 
yazdığı təcnislərini diqqətə çatdırması maraqla qarşılanırdı. 
Qələm  dostlarından  gələcəkdə  Şiruyənin  tanınmış  bir  şair 
olacağı  barədə  fikirləri  həmişə  eşitmək  olurdu...  60-cı  il-
lərin ortaları idi. Bütün sahələrdə olduğu kimi ədəbiyyatda 
da bir milli oyanış dövrü yaranmışdı. İctimai-siyasi tədbir-
lərdə, ədəbi dərnəklərdə diskussiyaların, palemikaların əsas 
missiyası milli fikir azadlığına və sözə xidmət idi. O döv-
rün  cavan  şairləri  sayılan  Bəxtiyar  Vahabzadənin,  Hüseyn 
Arifin, Əli Kərimin, Məmməd Arazın, Xəlil Rzanın yazdığı 
şeirlər  ictimaiyyət  arasında  sürətlə  yayılır,  müzakirə  pred-
metinə çevrilirdi.  
Xatirimdədir, bir dəfə tələbə dostlarımız yaradıcı gənc-
ləri dinləmək üçün xüsusi bir məclis düzəltmişdilər. Qələm 
dostları ilə birlikdə Şiruyə də həmin tədbirdə iştirak edirdi. 
Tələbə dostumuz mərhum şair Şota Salehin xahişi ilə Şiru-
yə orada təzə  yazdığı bir neçə şeirini oxudu. “Olar” rədifli 
qoşması tələbə gənclər arasında xüsusi alqışla qarşılandı: 
 
Barmağa taxılar qızıl, gümüşlər, 
Qiymətli ləl, gövhər gizlincdə olar. 
Mis qalayxanada, yaqut, cəvahir, 
Mücrüdə, sandıqda, sərnicdə olar. 
 
Dərin çaylar sakit axar, lal gedər, 
Nər dəvələr ağır-ağır yol gedər, 
Paxılın qəlbindən qilü-qal gedər, 
Pak ürək, pak könül sevincdə olar. 

 
27 
 
İçi boş nağara uca səsdədi
Könüllər oxşayan kaman pəsdədi. 
Süpürgə həmişə ayaq üstədi: 
Ya qapı dalında, ya küncdə olar. 
  
Bu  qoşmanın  təəsüratından  hədsiz  heyranlıq  duyanlar 
Alqayıtın saz havaları üstə oxumağını müşayiət edən tələbə 
dostlarımız Şiruyənin “Olar” qoşmasını da oxumağı ondan 
xahiş  edirdilər...  Bax  beləcə  başqa  şeirləri  ilə  bərabər,  bu 
şeir də məclislərdə ən çox oxunduğundan populyarlaşdı. 
Aşıq  şeirinin  müxtəlif  janrları  vardır  ki,  yazılı  ədə-
biyyatın nümayəndələri də çox zaman fikirlərini daha səlist 
ifadə  etmək  üçün  bu  janrlara  müraciət  edirlər.  Qoşma  şeir 
növü  bu  və  ya  digər  əlamətlərinə  görə  müxtəlif  şəkillərdə 
diqqəti  cəlb  edir.  Hər  bənddə  misraların  sayı,  hecaların 
miqdarı,  qafiyələrin  quruluşu  etibarı  ilə  eyni  olan  bir  şeir 
müəyyən  bir  cəhətə  görə  başqa  bir  şeir  şəkli  kimi  diqqəti 
cəlb  edir.  Belə  şeir  şəkillərindən  biri  də  ifadə  edilən  fikir 
zənginliyinə  və  dolğunluğuna  görə  təcnislərdir.  Aşıq  Alı, 
Məmmədhüseyn,  Dədə  Ələsgər,  Molla  Cümə,  Zodlu  Ab-
dulla və bu kimi ustad sənətkarların ənənələrindən bəhrələ-
nən Şiruyə cinas qafiyələrdən istifadə etməklə təcnislərində 
məna dərinliyinə daha çox fikir vermişdir. 
Şiruyəni  saz  və  söz  sevərlərə  sevdirən  onun  novator 
şair  kimi  ənənəvi şeirimizin bütün növlərində  qələmini sı-
naması, gözəl nümunələr, poetik parçalar yaratmasıdır. Heca 
vəznində yaranan şeirlərin ahənginin başlıca şərti misralarda 
hecaların  sayıdır.  Bu  o  deməkdir  ki,  hər  hansı  şeirin  birinci 
misrasında neçə heca varsa, qalan misraların da hər birində o 
qədər  heca  olmalıdır.  Sərraf  Şiruyə  aşıq  şeirinin  təcnis  jan-
rında ən çox yazan bir şair kimi müasir Azərbaycan ədəbiy-

 
28 
yatında  qüdrətli  təcnis  ustadı  kimi  tanınır.  Onun  yaradıcı-
lığında cığalı təcnislər xüsusilə  heyranlıq yaradır. Belə şeir-
lərin  hər  birinə  bir  bayatı  əlavə  edilir  ki,  buna  “cığa”  bəndi 
deyilir.  Təcnisin  bəndləri  ilə  cığa  bəndləri  bir-birinə  bağlı 
olur və təcnislə onun əlavə bəndi qafiyələnir. Hər bəndin iki 
misrasından  sonra  verilən  cığa  bəndi  sonra  qalan  iki  misra 
bənddə ifadə olunan ümumi fikri tamamlayır: 
 
Ögey bəxtim nicat yolu açmadı, 
Məni dərd-kədərlə başabaş qoydu. 
Sərraf, başa-baş qoydu, 
Dosta başa-baş qoydu. 
Taleyim bəd zamanla, 
Məni başabaş qoydu. 
Yaxın üz çevirib, gen dolananda, 
Təklədi, yadlarla başabaş qoydu. 
 
Daha  doğrusu, təcnisdə  qafiyə  təşkil edən sözlərin de-
yiliş  və  yazılışca  eyni  olması,  müxtəlif  mənalar  daşıması 
başlıca  şərtdir.  İlk  baxışda  formal  cəhət  kimi  görünən  bu 
şərt təcnis yazan sənətkardan son dərəcə böyük ustalıq tələb 
edir. Bu cəhət isə Sərraf Şiruyədə fitrətəndir. 
Şeir  üçün  başlıca  vasitələrdən  biri  ritmdir.  Ritm  şeirə 
oxunaqlıq gətirir, onu yadda qalan şəklə salır. Bu baxımdan 
Sərraf  Şiruyənin  “Vidalaşırıq”  rədifli  ayaqlı  qoşmasına 
nəzər  salsaq  görərik  ki,  yerli-yerində  işlədilən  təkrarlar 
fikrin səlisliyinə, əlvanlığına gətirib çıxarmışdır.  
 
Nə mən kök-budağam, nə sən ləçəksən, 
Nə mən bəynişinəm, nə sən göyçəksən. 
Nə mən Şiruyəyəm, nə sən “Çiçəksən” 
Soyuq baxışlarla qucaqlaşırıq, 
Acı göz yaşıyla vidalaşırıq. 

 
29 
 
Sərraf  Şiruyə  əlinə  qələm  aldığı  gündən  fitri  istedad 
sahibi kimi çox böyük müvəffəqiyyət qazanmışdır. Belə ki, 
o  dövrün  bütün  qadağalarına  baxmayaraq  anti-sovet  şeir-
lərindən tutmuş, lirik şeirlərinə qədər əksəriyyəti el-el, oba-
oba  dildə-dodaqda  gəzərək  xalqın  milli  sərvətinə  çevril-
mişdi. Çünki başqalarının deyə bilmədiyini o poetik şəkildə 
daha aydın ifadə edə bilmişdir: 
 
Qürbətin baharı nəyimə gərək, 
Vətənin qışına yetirin məni. 
Ovutmaz könlümü yad elin gülü
Obamın daşına yetirin məni. 
 
Bu deyimin bundan oyanası yoxdur. Sözlər elə seçilib, 
misralara elə düzülüb ki, düşünürsən ki, bu nümunədə han-
sısa  sözü  başqa  sözlə  əvəzləmək  mümkün  deyil.  Əgər 
mümkün olsa onda bu ahəng pozular. 
Ustad  şair  yaradıcılığında  zəngin  Azərbaycan  dilinin 
məna  çalarlarından,  ifadə  gözəlliklərindən  də  yerli-yerində 
istifadə edir. Bu da müəllifin Göyçə ədəbi mühitindən lazı-
mınca yararlandığının bir göstəricisidir. 
Bədii  ədəbiyyatda  mənanı  qüvvətləndirmək,  hər  hansı 
bir cəhəti daha qabarıq nəzərə çatdırmaq üçün ustad sənət-
karlar məcazın sadə növü sayılan epitetlərdən çox ustalıqla 
istifadə edərək şeirin poetik siqlətini və onun bədii dəyərini 
xeyli dərəcədə artırırlar. 
 
Məni Məcnun edib, salıb çöllərə, 
O, ballı, qaymaqlı dodağın, ay qız. 
O, mina gərdənin, sənubər boyun, 
Şamama bəsləyən qucağın, ay qız. 

 
30 
 
Ay gəlir səcdənə məclis quranda
Çəkir həsrətini dağ da, aran da. 
Əksimi görürəm qarşı duranda, 
Nə gözəl güzgüdü buxağın, ay qız? 
 
Sərraf  Şiruyənin  doğulduğu  el-obanın,  soykökün,  ailə-
nin,  böyüdüyü  mühitin  dini  baxışları  da  onda  biruzə  ver-
məyə  bilməzdi.  O  da  atası  və  qardaşları  kimi  islam  dinini 
dərindən  bilir.  Hələ  uşaqlıqdan  ərəbcə  yazıb-oxumağı  ba-
caran şairin yaradıcılığının xeyli hissəsini dini poemalar və 
şeirlər  təşkil  edir.  Onun  son  illər  yazdığı  “Hüseynimə”  və 
“Əliyə” şeirlərindən nümunələrə diqqət edin: 
 
Öz-özümü duyan gündən ağlar nohəxanıyam, 
Ərşə qalxan naləm ilə ağlaram Hüseynimə. 
Gün nədir, ay nədir ki – fanidən axirətə, 
Dəmadəm matəm-əza saxlaram Hüseynimə. 
 
Göydə mələklər ağlar, kafər bu vaya gəlməz, 
Kufə əhlilər kimi düz haqqı-saya gəlməz, 
Haqq yanında bilirəm, günahım saya gəlməz, 
Axirət ümidimi bağlaram Hüseynimə. 
 
Yaxud: 
 
İki dünya xoşbəxtiyəm, çün aşiqəm Əliyə, 
Baş endirib, səcdə qıllam mən dəmadəm Əliyə. 
Qismət ola məhşər günü başmağını cütlüyəm, 
Qulamının qulamıtək olam həmdəm Əliyə. 
 
 

 
31 
Odur millət şəfadarı, iki cahan sahibi
Düldül atlı, Zülfüqarlı, mərdi-meydan sahibi. 
Dini-islamın carçısı, o xoş Quran sahibi, 
Lənət gəlsin kafərlərə, etdi sitəm Əliyə. 
 
Bu şeirlərdən məlum olur ki, şair əhli-beyt aşiqi olmaq-
la əsl islam təbliğatçısıdır. 
Sərraf Şiruyə bədii ifadə və təsvir vasitələrindən böyük 
ustalıqla  istifadə  etməyi  bacaran,  canlı  təbiət  və  gözəllik 
təsvirləri  yaradan,  lirik  qəhrəmanlarını  öz  dilində  danışdı-
ran, şeirin vəzn tələblərinə sadiq qalan, onun poetik tələb-
lərini məzmun və forma baxımından nəzərə almağı bacaran 
səriştəli,  həm  də  ictimaiyyət  arasında  tanınan,  imzası  olan 
böyük şairlərimizdəndir. 
 “Ulduz” jurnalı,  
№2, 2012-ci il 

 
32 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin