ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   2   3   4   5   6   7   8   9   ...   20

 
 

 
49 
SƏRRAF ŞİRUYƏ 
SIRALARIMIZDAN ARALANDI... 
 
Bu gün aldığım bəd xəbər məni yaman sarsıtdı. Dedilər 
ulu  Göyçənin  tərlan  oğlu  Sərraf  Şiruyə  sıralarımızdan 
aralandı! Gözümün önünə qərib olan Göyçəmiz gəldi. Get-
gedə Göyçə çevrəsinin daraldığını gördüm. Günlər ötdükcə 
Göyçəni  yaşadan  oğullar,  Göyçə  həsrəti  ilə  köç  karvanını 
sürüb  aradan  çıxırlar.  Göyçə  beləcə  təklənir,  kimsəsizliyə 
qovuşur.  Böyük  Göyçə  getdikcə  kiçilir!  “Göyçə!”  –  deyib 
haray  çəkən  şiruyələrin  çağırış  nidası  kəsildikcə  Göyçə 
xəyala  dönür.  Qardaşım  Şiruyə,  sən  də  bir  Vətən  bülbülü 
idin. Bülbül  gül deyib köksünü tikana  çırpan kimi, sən  də 
Göyçə deyib ruhunu, canını, eşqini Göyçə gölünün pərişan 
dalğalarına,  Şahdağın  qayalarına,  ağlayan  buludlarına  çır-
pardın! Hər misrandan, hər kəlməndən qərib Göyçənin göz 
yaşları süzülərdi... 
2012-ci  ilin  yanvar  ayı  idi.  Bərdədən  zəng  edib  mənə 
bildirdin  ki,  sənə  bir  şeir  həsr  etmişəm.  Telefonla  deyim 
yaz. Dörd bəndlik şeirin yenə Göyçə deyib od püskürürdü. 
 
Qismətimiz olsun Göyçəyə sarı, 
Sən ordan, mən burdan gələk, ay Eldar! 
Sahili lilparlı bulaq başında 
Oynayaq, şənlənək, gülək, ay Eldar! 
 
Son bəndin son misralarını bu sözlərlə tamamlayırdın: 
 
Niyə boş keçirək bu günləri biz, 
Bizi də alacaq fələk, ay Eldar! 
 

 
50 
Sən  son  nəfəsinə  kimi  düşmən  tapdağında  olan  Göy-
çəmiz uğrunda öz odlu qələminlə mücadilə etdin, əziz şair, 
möhtərəm insan!  Bəli,  əcəl bizi də  alacaq, çünki bu Tanrı-
nın yenilməz hökmüdür! Ancaq Vətən uğrunda çarpışanlar 
ölümdən sonra da üzü ağ olurlar. Mən sənin ölüm xəbərini 
eşidəndə  Göyçəmizin  tənhalığını  bir  də  duydum,  gözlərim 
yaşardı,  qəlbim  sızıldadı!  Allah  sənə  rəhmət  eləsin,  məka-
nın cənnət olsun! 
8 dekabr 2015-ci il 
“Bütöv Azərbaycan” qəzeti, 
№1(285), 14-20 yanvar 2016-cı il 
 

 
51 
Ələddin ALLAHVERDİYEV, 
Professor 
   
VƏTƏN SEVDALI HƏQİQƏT CARÇISI 
 
 
 
  
Tarix  boyu  bütün  xalqların  milli-məfkurəsinin  ən  əsas 
qayəsini öz millətinin yaşamasını, tarixdə itməməsini, ayaq 
üstə  möhkəm  “dayanmasını”  təmin  etmək  təşkil  edir.  Bu 
mənada bizim milli özünütanıma, özünüqavrama, özünüqo-
ruma kimi yüksək idealların itməməsinin, inkişaf etməsinin 
əsas  qidalanma  mənbəyinin,  həyatverici  qüvvəsinin  təmə-
lində,  zənnimcə,  tarix  boyu  yaşayıb  inkişaf  edən  milli-mə-
nəvi  dəyərlərimiz,  o  cümlədən,  zəngin  ədəbiyyatımız,  ilk 
növbədə poeziyamız dayanıb. 
Həyatda  baş  verən  bütün  proseslər  kimi,  onun  harmo-
nik  inkişaf  qanunlarına  uyğun  olaraq,  ədəbiyyat  tariximiz 
də  müəyyən  dövrlərində,  nisbi  “durğunluq”larının  yaşamı-
na  baxmayaraq,  dünyaya  Nizami,  Nəsimi,  Xaqani,  Füzuli, 
Dədə  Ələsgər,  Sabir,  Hüseyn  Cavid,  Səməd  Vurğun,  Bəx-
tiyar Vahabzadə, Zəlimxan Yaqub və bir çox başqaları kimi 
poeziya zirvələri bəxş etmişdir. 
Mənə  elə  gəlirdi  ki,  milli  ədəbi  irsimizə  bənzərsiz  söz 
ustadları  bəxş  etmiş  Göyçə  ədəbi  məktəbi  Misgin  Abdal-
dan,  Şair  Məmmədhüseyndən,  Ağ  Aşıqdan,  Aşıq  Alıdan, 
Dədə  Ələsgərdən,  Növrəs  İmandan,  İsmixan  Məmmədov-
dan  (Didərgin),  Musa  Kərimovdan  və  bir  çox  bu  kimi  söz 
xiridarlarından  sonra  durğunluq  dövrünü  keçirir.  Təəssüf 
ki,  yaradıcılığı  ilə  çox  gec  tanış  olduğum  ecazkar  Sərraf 
Şiruyə yaradıcılığı xoşbəxtlikdən məni elə ilk tanışlıq anla-
rından bu fikirdən daşındırdı. Bu gün isə zəngin yaradıcılı-
ğının  müdriklik  dövrünü  yaşayan  sevimli  şairimiz  Eldar 
İsmayıl, istedadlı, özünəməxsus çox maraqlı yaradıcılıq yo-

 
52 
lu  ilə  gedən  şairəmiz  Səyyarə  Məmmədli,  Sərraf  Şiruyə 
poeziyasının  layiqli  davamçısı  Aqşin  Hacızadə,  ilhamlı 
qələmiylə seçilən Asəf Orucoğlu, poeziyada və dramaturgi-
yada öz sözünü deməyi bacaran Sahib İbrahimli və bir çox 
başqaları Göyçə ədəbi irsinə yeni dəyərli töhfələr verirlər. 
Sərraf Şiruyə ilhamının hansı istiqamətdə qanad çalma-
ğından  asılı  olmayaraq  onun  yaradıcılığının  təməlini,  özü-
lünü, binasını Vətən mövzusu, Vətən sevgisi, Göyçə, Qara-
bağ məhəbbəti, nisgili təşkil edir. Onun mənəvi, ruh dünya-
sının  bünövrəsində  isə  bizim  milli-mənəvi  dəyərlərimiz, 
Allaha,  Qurana,  dinimizə  etiqad  hissləri,  duyğusu,  inamı 
durur. O “Bilməz” şeirində birmənalı olaraq bunu oxucusu-
na əyan edir: 
 
Mənim könül fəlsəfəmi, 
Hər kimsənə qana bilməz. 
Heç kimsənə mənim kimi, 
Vətən, eli ana bilməz. 
 
Harayçıyam haqq səsinə, 
“Allah, Əkbər” kəlməsinə. 
Yazılmışam sinəsinə, 
Tarix məni dana bilməz. 
 
Zənnimcə, əgər Sərraf Şiruyə sözü, poetik düşüncə tər-
zi  tarixin,  əsrlərin  sınağından  çıxmış  milli-mənəvi  dəyər-
lərimizin  qaynaqlarına  söykənməsəydi  biz  bu  gün  onun 
qoyub  getdiyi  əzəmətli,  qüdrətli  yaradıcılıq  dünyasını  hiss 
edə, duya, dərk edə, ondan dəyərincə bəhrələnə bilməzdik.  
Onun “Getməliyəm” rədifli şeirindəki: 
 
 

 
53 
 
Qoy qanım yolunda tökülsün yerə, 
Qovuşum müqəddəs o şəhidlərə. 
Ey vətən, səninlə xoş müjdələrə, 
Hər aydın səhərə mən getməliyəm! 
 
çağırışı,  onlarca  bu  mövzuya  həsr  olunmuş  şeirləri, 
poemaları  yağı  düşmən  üzərində  qələbəyə  inam  hissləri, 
Vətənin azadlığı yolunda şəhidliyin müqəddəsliyinin tərən-
nümü  Sərraf  Şiruyənin  doğma  Yeni  Daşkəndindən  Yasif 
Kərimov,  Ziyafət  Balıyev  kimi  onlarca  qəhrəmanlar  yetiş-
dirdi,  yaratdı.  Ölümün  gözünə  cəsarətlə,  dik  baxan  Vətən 
uğrunda  “ölümün  şəhidlik  zirvəsni”nə  yüksəlmiş  bu  cür 
igidlərə müraciətlə böyük ürək ağrısı, yanğısı ilə şair haray 
çəkir: 
 
Siz, ey Vətən şəhidləri, soyulsa da dəriniz, 
Bir əbədi ömür aldız, əbədiyyət yeriniz. 
Azad Azərbaycan idi məqsədiniz, siriniz, 
Sizin şəhid qanınıza bütün cahan ağlayır, 
Dili bağlı, qəlbi para Azərbaycan ağlayır. 
 
Ulu Vətən: – Azərbaycan, ey şəhidlər anası, 
Sənə Kəbə, – qiblə oldu bu şəhidlər dünyası. 
Eşit, Allah! – qoy yapılsın burda haqqın nidası, 
Qitələrdə məskən salan hər müsəlman ağlayır, 
Dili bağlı, qəlbi para Azərbaycan ağlayır. 
 
Bədəninin  hər  bir  hüceyrəsilə,  qəlbinin  ən  dərin  guşə-
lərində  məskən salmış  hissləri, duyğularıyla,  beynini gecə-
gündüz  narahat  edən  fikirləriylə  daima  doğma  Vətəniylə 
yaşayan  şair  bu  günkü,  nəslə,  gənclərimizə  üzünü  tutaraq 
deyir: 

 
54 
Düşmən üstündə zəfər neçə ki çalmamışıq, 
Düşmən qoluna buxov neçə ki salmamışıq, 
Düşməndən bu qisası neçə ki almamışıq, 
Bizlərə töhmət, ləkə, bizlərə ar günüdür. 
 
Sil getsin üzündən qəhər Azərbaycanın, 
Qalib bayrağı qalxsın səhər Azərbaycanın, 
Torpağının şöhrəti gövhər Azərbaycanın, 
Şöhrətinin dünyaya desinlər car günüdür. 
 
Sərraf  Şiruyə  yaradıcılığı  gənclərimizə  Vətən,  torpaq, 
yurd,  ocaq,  xalq,  el-oba  kimi  müqəddəs  məfhumların,  və-
tənpərvərlik  hisslərinin,  ümumiyyətlə  milli-mənəvi  dəyər-
lərimizin  aşılanması  kimi  xeyirxah  bir  işdə  böyük  bir  tər-
biyə məktəbidir. 
Sərraf  Şiruyə  yaradıcılığına  nəzər  yetirərkən  onun  ana 
xəttinin Göyçə nisgili, Qarabağ dərdi üstündə qurulduğunu 
açıq-aydın  görürsən,  hiss  edirsən.  Hələ  uşaq  yaşlarından 
Göyçədən  ayrılmağına  baxmayaraq  şair  ömrünün  axırına 
qədər,  Göyçə  sehriylə,  Göyçəyə,  onun  füsunkar  təbiətinə, 
sadə,  səmimi,  mərd,  qonaqsevər  insanlarına  vurğunluqla, 
Göyçə nisgiliylə yaşayırdı. Hətta o, yuxularının doxsan fai-
zində  Göyçəni  gördüyünü,  o  yuxuların  uşaqlıq  dövründə 
Göyçədə yaşadığı olaylarla bağlı olduğunu etiraf edərdi: 
 
Anam Göyçə, ayağına sürünüb, 
Yenə sənlə görüşməyə gəlmişəm. 
Xəyaldımı, yuxudumu bilmirəm, 
Qucaqlaşıb, öpüşməyə gəlmişəm. 
 
Hər anımda səni deyib anmışam, 
Həsrətinlə alovlanıb yanmışam! 
Vüsalın eşqiylə qanadlanmışam, 
Küləyinlə ötüşməyə gəlmişəm. 

 
55 
 
Əfsanə deyildi arzu, diləyim, 
Sənsən ümid yerim, darda gərəyim. 
Həsrətindən çat veribdi ürəyim, 
Məlhəm umub bitişməyə gəlmişəm. 
 
Bulaqların buz suyundan içib hey, 
Pencərini dişim ilə biçib hey, 
Sərt, sıldırım cığırlardan keçib hey, 
Qayalarla didişməyə gəlmişəm. 
 
Dost-qohumdan xoş bir ülfət götürüb, 
Pak ləyaqət, gözəl adət götürüb, 
Qocalardan bir nəsihət götürüb, 
Cavanlarla gülüşməyə gəlmişəm. 
 
Xəstəyəm, könlümün ümid, imdadı: 
Bir Allah, bir ana, bir Göyçə adı! 
Sənsən Şiruyənin yenə ustadı, 
Elm öyrənib, yetişməyə gəlmişəm. 
 
Uşaqlıqdan mənim də Göyçədən çıxdığımdan şairin ke-
çirdiyi hisslər mənə olduqca əziz, doğma və yaxındır. Həqi-
qətən,  mənim  də  yuxularımda  baş  verən  hadisələrin  əksə-
riyyəti  Göyçəylə,  anadan  olduğum  doğma  kəndim  Kəsə-
mənlə, onun mərd, xeyirxah, qonaqpərvər insanlarıyla bağ-
lıdır. Yuxarıdakı sətirləri oxuyarkən mən, bəlkə də mənim-
lə  bərabər  minlərə  Göyçəni  tərk  etmiş  insan,  sanki  yuxu-
muzda  əbədi,  sönməz  sevgimiz  olan  Göyçəylə  salamlaşır, 
ona ürəyimizdən keçən hissləri aşkar edirik.  

 
56 
Onun  Göçəyə  həsr  olunmuş  hər  bir  sözünü,  misrasını 
oxuduqca  inanırsan  ki,  Göyçə  onun  qəlbindədir,  onun  qa-
nında, bədənində məskən salmışdır: 
 
Sərraf Göyçəni dedim, 
Dağıt göy – çəni dedim, 
Hər kəs öz sevgisini – 
Məndə Göyçəni dedim. 
 
Sərraf göyçəməndədi, 
Qonub, göy, çəməndədi. 
A Göyçə həsrətlilər – 
Gəlin, Göyçə məndədi. 
 
Yuxarıda  dediyim  kimi  Sərraf  Şiruyə  yaradıcılığının 
bel sütununu Vətən, Qarabağ-Göyçə mövzusu təşkil edir: 
 
Qoşalaşıb həsrətimin düyünü, 
Biri Qarabağdı, biri də Göyçə. 
İki nisgili var qəmli könlümün, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Göyçə nəfəs verib, Qarabağ həyat, 
Göyçə həvəs verib, Qarabağ büsat.  
Qan sızan yaralı cüt qoşa qanad, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Biri sol qolumdu, biri sağ qolum, 
Biri sol yolumdu, biri sağ yolum. 
Biri aran yolum, biri dağ yolum
Biri Qarabağdı, biri də Göyçə. 
 

 
57 
Biri saz götürüb, biri kaman, tar, 
Ələsgər, Üzeyir – şair, bəstəkar, 
Mənə ustad olan bu iki diyar, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Sərraf Siruyəyəm, bu bir cüt sözüm, 
Bu bir cüt sevimlim, bu bir cüt gözüm. 
Bu bir cüt müqəddəs ocağım, közüm, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Bu gün onlardan uzaq düşmüş, lakin  qəlbinin  ən  əziz, 
dərin  guşəsində  öz  Göyçəsini,  Qarabağını  yaşadan  hər  bir 
kəs bu sətirləri gözü yaşsız oxuya bilməz... 
Haqq-ədalət carçısı olan Sərraf Şiruyə hər maraq doğu-
ran, diqqəti cəlb edən yaşamın kökündə onun səbəbini axta-
rır,  ona  öz  münasibətini  bildirir,  həqiqətin  əvvəl-axır  öz 
yerini  tutmasına  inamını,  öz  təkrarolunmaz  poetik  sözüylə 
oxucusuna aşılayır. Onun “Deyil” rədifli 
 
Şiruyə, nə məzəndədi? 
Haqqı yerdən üzən nədi? 
Günah sürmə çəkəndədi, 
Sürmələnən qaşda deyil. 
 
və ya “Deməlidi” şeirlərindəki misralar buna əyani sü-
butdur: 
 
 
Arxa, dayaq yüz də olsa
Arada min söz də olsa, 
Gec də olsa, tez də olsa, 
Haqq sözünü deməlidi. 
 

 
58 
İlk  növbədə  həqiqəti  tərənnüm  edən,  el-obasına,  ətra-
fındakı  isanlara  çatdırdığı  sözlərlə,  müqəddəs  Quranımız-
dan  söylədiyi  kəlamlarla,  şəriətə  sadiqlik  etiraflarıyla  hə-
yatda tutduğu əməllərinin vəhdəti olan şairlər, yazarlar hə-
mişə xalqı tətəfindən sevilən olublar, onun səmimi hörməti-
ni və dərin məhəbbətini qazanıblar. Onu yaxından tanıyan-
lar Sərraf Şiruyənin məhz belə bir insan, şair olduğunu bö-
yük  bir  minnətdarlıq  hissiylə  etiraf  edirlər,  xatırlayırlar. 
Aşağıdakı  sətirləri  Sərraf  Şiruyə  yaradıcılığının  devizi, 
şüarı, kredosu, şairlik vicdanı qarşısında andı kimi qəbul et-
mək olar: 
 
Qılınc kəssə başımı, əyrini düz yazmaram, 
Doğransam dilim-dilim düzü tərsə yozmaram. 
Aldanıb şöhrətlərə düz yolumu azmaram, 
Mən təriqət şairi, şəriət şairiyəm, 
Ədalət carçısıyam, ədalət şairiyəm. 
 
Şairlərimizin,  ustad  aşıqlarımızın  demək  olar  ki,  hər 
birisi var-dövlət və onunla bağlı insanların həyat fəlsəfəsinə 
öz münasibətlərini bildiriblər. Aşıq Alı, Dədə Ələsgər kimi 
söz  xiridarlarının  şeir  xəzinəsindən  bəhrələnmiş  Sərraf 
Şiruyə onların ruhuna, hikmətinə uyğun, ancaq özünə məx-
sus  poeziya  diliylə,  “Bilməyib”  qoşmasında  bu  mövzuya 
olduqca gözəl münasibət bildirir:  
 
Mənəm, mənəm deyib baş aparanlar, 
Axıradək baş apara bilməyib. 
Xəzinə toplayıb, ləl axtaranlar, 
O dünyaya daş apara bilməyib. 
 
 

 
59 
…Ay Şiruyə, xanimanlar yıxanlar, 
Ürəklər sındırıb, könül yaxanlar. 
Torbasına altun, sərvət yığanlar, 
Torbasını boş apara bilməyib. 
 
Sərraf  Şiruyənin  bütün  yaradıcılığı  onun  doğma  xal-
qının  həyatından  –  onun  hiss  və  duyğularından,  adət  və 
ənənələrindən,  düşüncə  tərzindən,  ayrı-ayrı  insani  keyfiy-
yətlərindən bəhs edir, onun dilində danışır və başa düşülür. 
O əsl Xalq Şairidir. Onun onlarla şeiri el-obasının ayrı-ayrı 
insanlarına  müraciətlə,  ithafla  yazılıb.  Şair  xalqının,  el-
obasının kədərli və xoş günlərində  onlarla birdir, çox vaxt 
öz  şeirilə  ətrafında  gündəlik  baş  verən  hadisələrə  münasi-
bətini bildirir, insanların xoş və qəm-qüssəli əhvalını bölü-
şür.  Sərraf  Şiruyə  faciəli  ölümüylə  bütün  tanıyanları,  o 
cümlədən şagirdi olmuş məni sarsıtmış gözəl insan, qeyrətli 
azərbaycanlı,  bacarıqlı  dövlət  xadimi  olan  sevimli  müəl-
limim  Qəşəm  Aslanovun  ölümünə  həsr  etdiyi  “Çağıdı” 
şeirində  keçirdiyi  hisslər  hamımızın  kədərli  duyğularından 
xəbər verir: 
 
Təsəllim yох, söz dаnışаm, söz dеyəm
Gələcəkdi, bir kimsəyə “döz!” dеyəm. 
Gеri dönməz yüz çаğırаm, yüz dеyəm, 
Хаtirələr sоrаqlаmаq çаğıdı. 
 
Bir еvin yох, bir mаhаlın yаsıdı, 
Dоst-tаnışın, еl-оbаnın yаsıdı, 
Qоcа, düşgün hər аhаlın yаsıdı, 
Yоllаrınа həsrət bахmаq çаğıdı. 
 
Bu gün dünyada gedən prosesləri olduqca dərindən ba-
şa düşən, onu xırdalıqlarına qədər anlayan, uzaqgörən Şair 

 
60 
aşağıdakı  nəsihətamiz  misralarıyla  sanki  yazımın  əvvəlini 
başladığım  milli-məfkurəmizin  ən  əsas  qayəsini  milləti-
mizin  yaşamasını,  tarixdə  itməməsini,  ayaq  üstə  möhkəm 
“dayanmasını”  təmin  etməkdə  ədəbiyyatımızın,  xüsusilə 
poeziyamızın böyük rolunu sübut edir: 
 
Bacarsanız dost eyləyin düşməni, 
Siyasətlə süst eyləyin düşməni, 
Süfrə açın, məst eyləyin düşməni, 
Əl atmayın yersiz-yerə silaha, 
Hər bir işdə siz sığının Allaha. 
 
Düşsə güzarınız Göyçəyə əgər, 
Deyin inləmişəm onsuz nə qədər. 
Ay Şiruyə, vəsiyyətin ta yetər, 
Sözlərini ümid ilə tamamla, 
Vidalaş, get, axirətə inamla. 
 
Və hər birimizdə gələcəyə, bu gün hamımızın qəlbində 
yaşayan Vətənimizin düyünlü problemlərinin həllinə ümid, 
inam hissi yaradır. 
Sərraf  Şiruyə  milli-mənəvi  dəyərlərimizə  söykənərək, 
ilk növbədə dinimizi, müqəddəs Quranımızı dərindən öyrə-
nərək,  klassik  poeziyamızın  zəngin  qaynaqlarından  dəyə-
rincə  bəhrələnərək,  Göyçə  ədəbi  irs  xəzinəsindən  süzülüb 
gələn söz incilərinə sadiq qalaraq, ürəklərə yol tapan, qəlb-
ləri  titrədən,  silkələyən,  onlarda  hisslər,  duyğular  yaradıb 
beyinləri  düşünməyə  vadar  edən  böyük  bir  yaradıcılıq  irsi 
qoyub getmiş və zəngin milli ədəbiyyatımızda özünə layiqli 
yer tutmuşdur! 
Allah ona rəhmət eləsin! O dünyası nurla dolsun! 
Karabakhmedia.az 
15.10.2016 

 
61 
Əzizə CƏFƏRZADƏ, 
Xalq yazıçısı 
 
Hörmətli Şiruyə müəllim! 
Salam! 
Bir  vaxtlar  mənə  yazdığınız  məktubla  əlaqədar  olaraq 
sizə  yazmağı  vacib  bilirəm  ki,  “Azərbaycanın  aşıq  və  şair 
qadınları”  kitabını  yenidən  çapa  hazırlayıram.  Sizin  xalq 
yaradıcılığına,  aşıq  şeirinə  dərindən  bağlı  olduğunuz  mək-
tubunuzdan aydındır. Elə buna görə də mənə kömək etmə-
yinizə ümid edirəm. Əgər sizdə mənə yazdığınız Leyli, Tuti 
və ya daha başqa qadın aşıqlar haqqında hər hansı ən kiçik 
bir  məlumat  varsa  mənə  yazın.  Harada,  hansı  əsrdə  yaşa-
yıblar? Əlbəttə mümkün olan şeyi. Sizdə  yeni, mənim bil-
mədiyim  aşıq  qadının  əsəri  varsa  onu  da,  həmçinin  Leyli-
nin. Sonra kitab çap olunandan sonra hamımız, elə siz özü-
nüz  də  təəssüflənirik  ki,  niyə  bu  və  ya  başqa  ad  daxil  ol-
mayıb. Hər halda  bir  də  kim bilir nə  vaxt belə  bir təsadüf 
ələ  düşəcək.  Mərhum  atanızın  əsərləri  və  sizin  dastanlar 
haqqında  bir  qədər  başım  açıldıqdan  sonra  göndərərsiniz 
baxaram, fikrimi neyləmək mümkünsə deyərəm. 
Bir  daha  məktubuma  cavabla  dediyim  məsələləri  yaz-
mağınızı  xahiş  eləyir  və  qabaqcadan  sizə  minnətdarlığımı 
bildirirəm. 
Mənim ünvanım: 
Bakı 370000.  
Lenin prospekti 11, mənzil 11, 
12 noyabr 1982-ci il 

 
62 
Nağdəli ZAMANOV, 
Tibb üzrə fəlsəfə doktoru 
 
BÖLÜNMÜŞ MƏMLƏKƏTİN BÜTÖV ŞAİRİ 
 
“Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir 
də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan 
dilinin  formalaşmasında,  bugünkü  səviyyəyə  çatmasında 
yazıçılarımızın,  şairlərimizin,  ədəbiyyatşünaslarımızın,  dil-
çi alimlərin xidməti var.” 
Heydər Əliyev 
 
Bu gün Azərbaycan poeziyasının, Azərbaycan nitq mə-
dəniyyətinin  formalaşması,  zənginləşməsi  yolunda  özünə-
məxsus  üslubu,  yeri  olan  şairlərimizdən  biri  də  ünlü  söz 
sənətkarı  Sərraf  Şiruyədir.  Sərraf  Şiruyənin  çeşidli  yaradı-
cılığı haqqında qısa da olsa yazmaq istəyim  noyabr ayının 
18-nə  –  Göyçənin,  Dərələyəzin,  Kəlbəcərin  bir  sözlə  işğal 
altında  olan  müqəddəs  torpaqlarımızın  bəyaz,  pak  qarın 
altında olduğu bir vaxta təsadüf etdi. 
XX əsrin sonu, XXI əsrin başlanğıcında yaşayıb-yarat-
mış Azərbaycan şairi Sərraf Şiruyə haqqında söz demək ilk 
baxışda çox sadə görünən bir iş! Qələmi al əlinə, şair haq-
qında  ürək  sözlərini  yaz.  “Susma,  ürək...”  şeirlər  kitabını 
vərəqləyərkən Sərraf Şiruyə yaradıcılığında Vətən mövzusu 
aparıcı xətt olduğu qənaətinə gəldim. Vətən torpağı barədə 
şairin  o  qədər  yazısına  rast  gəlirsən  ki,  elə  bu  yazıya 
“Sərraf Şiruyə Azərbaycanın böyük vətəndaş şairidir” adını 
qoymaq istəyirsən: 
 
Vətəni öz qanı, canı bilməyən,  
Vətənin yükünü daşıya bilməz. 

 
63 
 
Sonra görürsən ki, Sərraf Şuriyə şeirlərinə daxili inersi-
yadan  gələn  fəlsəfi  bir  məzmun  xasdır.  Dialektikanın  əks-
liklərin ziddiyyəti  və vəhdəti qanunu onun qələmində sadə 
bir dildə, semantik üslubda auditoriyalara yönəlir:  
 
Səhər, axşam, gündüz, gecə, ağ, qara, 
Təzad, hikmət, fikri çəkir gör hara? 
Nəzər salsaq məhəbbətə, ilqara, 
Dönəndə xar, dönməzdə xar, sərt də var. 
 
Başqa  bir  məqamda  fəlsəfənin  inkar  qanunu,  yaxud 
başqa dillə desək elə inkarın içində varislik, genetiklik qa-
nunu özünü göstərir: 
 
Gədə minsə el atına, 
Əl atar göyün qatına. 
Gəl çox varma isbatına – 
Qurddan olan, qurd olacaq. 
 
Sərraf  Şiruyənin  sufi  təriqətli  şeirləri  ilə  tanış  olduqca 
irfan dünyasının nuru ilə boyanan misraların sehrinə düşür, 
şairin  həyat  həqiqətlərini  dərindən  dərk  etdiyinin  şahidi 
oluruq: 
 
Ömrə, günə bel bağlama, bir ötəri taxtdı bu, 
İnanmırsan dön geriyə, taxtı Süleymanı gör. 
 
Müasir  dövrdə  multikultural  dəyərlərə  mühüm  qiymət 
verildiyi bir vaxtda Sərraf Şiruyə yaradıcılığında bu dəyər-
lərin bariz nümunələrini görürük: 
 

 
64 
 
İlahi xəlq edib öz qüdrətindən, 
Təbiət nə gözəl, insan nə gözəl. 
Hər kəlməsi şəriətə bağlanan, 
İncil, Zəbur, Tövrat, Quran nə gözəl. 
 
Misralardakı  zaman  ardıcıllığı  (öncə  dünyanın,  sonra 
insanın yaradılışı), eləcə də təkallahlılığa etiqad edən, səma 
kitabları  göndərilmiş  ümmətlərə  olan  sevgi,  dini  dözüm-
lülük oxucunu valeh etməyə bilmir. Bu misralar Nizaminin 
“Yeddi  gözəl”,  Cavidin  “Şeyx  Sənan”  əsərlərinin  ruhuna, 
ovqatına uyğun poeziya örnəkləridi. Sadəcə zaman başqa! 
Sərraf Şiruyə estetik zövq şairiydi. Təbiət gözəlliyi ilə 
bağlı qərəzsiz zövqü oxucularıyla bölüşə bilir, bu gün eko-
loji təhlükədə  olan təbiət gözəlliyini qorumaq  yolunda  hər 
birimizi səfərbər edir:  
 
Zirvəsində qartalları qıy verir, 
Güneyində lalə, nərgiz boy verir, 
Quzeyləri qış qarından pay verir, 
Dəlidağın qoynuna bax, qoynuna. 
 
Elmi-texniki  tərəqqinin  güclü  vüsət  tapdığı,  “dostluq, 
mərdlik,  ləyaqət,  sədaqət”  kimi  etik,  əxlaqi  dəyərlərimizin 
təhlükəli  vəziyyətdə  olduğu  müasir  dövrümüzdə  Sərraf 
Şiruyə şeirləri köməyə çatır: 
 
Ay Şiruyə, namərdlərin körpüsündən keçmə gəl
Namərdlərin əllərindən badə alıb içmə gəl, 
Hiyləgərdən məsləhətçi, yaltaqdan dost seçmə gəl, 
Həyasızdan həya saxla, ismətin əldən gedər. 
 

 
65 
Sərraf  Şiruyə  haqq  səsimizin  eşidilmədiyi  məsuliyyət-
siz dünyada bu gün xalqı, gəncliyi səfərbəredici ruhda kök-
ləyən,  Vətən  ünvanlı  şeirlərin  ən  öndə  gedən  müəlliflərin-
dəndi: 
 
Ya qalib olmalı, ya şəhid gərək, 
Ya azadlıq tapsın, ya sussun ürək. 
Bu torpaq üstündən əsən hər külək, 
Ya bürkü, ya da bir sazaq Vətəndir! 
 
“Mən səni ağlayım, sən məni ağla” rədifli qoşmasında 
şairin  klassiklərin  əsərlərinə  dərindən  bələd  olmasının,  bu 
bələdliyin  qoşma  dilimizdə  xalqa  çatdırılmasının  şahidi 
oluruq. Aşağıdakı misralarda dahi Füzulinin “Rindü Zahid” 
əsərinin dərin mənası Şiruyə poeziyasında oxuculara  müa-
sir  formada  çatdırlır.  Biri  (Ata)  haqq  evində,  digəri  (oğul) 
meyxanə  də  olmağın  həm  faciəsini,  həm  ziddiyyətini 
göstərir: 
 
Daha dözüm yoxdu mən divanədə, 
Əksini görürəm hər bir xanədə. 
Mən haqqın evində, sən meyxanədə, 
Mən səni ağlayım, sən məni ağla. 
 
Bu gün də  İslam dünyasındakı ziddiyyətlərə  şair  ağla-
mağı ilə üsyan edir, islam ümmətinə düzgün yolu tutmaqda 
kömək edir. 
Bir  çıxışımda  dediyim  kimi:  1918-1920-ci  illərdə, 
1950-ci  illərdə  qaçqın-köçkün  ədəbiyyatımızın  məhv  edil-
diyi,  qırmızı  imperiya  tərəfdən  yaddaşımızdan  unutdurul-
duğu dövrlərdən fərqli olaraq, 1988-ci ildən üzübəri bu sa-
hədə  qələmi  ilə  tarix  yazan  öncül  şairlərimizdən  biri  də 

 
66 
Şiruyə  müəllimdir.  Vətən  torpağının  bütövlüyünü  Sərraf 
Şuriyə tam qəbul edir. Onun gah Göyçə-Kəlbəcər: 
 
Göz yaşımız bir-birinə qarışıb, 
Anam, a Kəlbəcər, anam, a Göyçə. 
Gərəkdir alışıb siz yanan oda
Yanam, a Kəlbəcər, yanam, a Göyçə, 
Anam a Kəlbəcər, anam, a Göyçə. 
 
Gah  da  Göyçə-Qarabağ  vəhdətini  əks  etdirən  şeirləri 
dediklərimizin əyani təsdiqidir: 
 
Sərraf Şiruyəyəm, bu bir cüt sözüm, 
Bu bir cüt sevimlim, bu bir cüt gözüm. 
Bu bir cüt müqəddəs ocağım, közüm, 
Biri Qarabağdı, biri də Göyçə. 
 
Şairin Cabir Novruzun “Sağlığında qiymət verin insan-
lara” misraları ilə həmahəng səsləşən, “sağlığında şairlərin 
qədrini bilin” ovqatlı “Get öp” rədifli qoşması formaya, xa-
ricə yox, məzmuna, mahiyyətə varmağın vacibliyini bizlərə 
göstərir: 
 
Behsanə axıtma gözündən yaşı, 
Sağikən axtarar sirdaş-sirdaşı. 
Oxşayıb öpməynən cansız bir daşı, 
Hər bir sətirimdən, sözümdən, get öp. 
 
Qeyd  etmək  yerinə  düşər  ki,  Sərraf  Şiruyə  sağlığında 
xalq  tərəfindən  sevilən,  qiymətini  alan  şairlərimizdəndir. 
Klassik Azərbaycan şeirinə xas olan lirizm, şux ovqat yarat-
maq,  oxucunu  bədbinlikdən  uzaqlaşdırmaq  Sərraf  Şiruyə 
poeziyasından da  yan keçməyib. Gözəlliyin qiyməti, gözəl-

 
67 
lərin  tərifi,  estetik  zövqümüzün  cilalanmasına,  Azərbaycan 
insanının  estetik  dünyagörüşünün  formalaşmasına  xidmət 
edən şeirləri bu sıradandır: 
 
Əllər ola sayalı, 
Baxış ola həyalı. 
Qaş özündən boyalı, 
Şəkərli dil gözəldi. 
 
Gərdəndə tel gözəldi, 
Dağıda yel gözəldi. 
Eşqi təmiz, əhdi saf, 
Hər incə bel gözəldi. 
 
Əzəmət, vüqar, əyilməzlik simvolu sayılan dağlar möv-
zusu mən deyərdim ki, ədəbiyyatda tədqiq olunmağa layiq 
mövzudur. Qurani-Kərimdən qaynaqlanan, peyğəmbərlərin 
üz  tutduqları  ucalıq  rəmzi  olan  dağlar  mövzusu  Sərraf 
Şiruyə  yaradıcılığında  da  özünəməxsus  bir  formada  yer 
alır: 
 
Yaxın həmdəmidi uca göylərin
Tarixi çox qədim, hikməti dərin. 
Bəlkə də bu doğma, müqəddəs yerin, 
Göylərə uzanan əlidi dağlar. 
 
Təcnis şeir forması Azərbaycan dilinin zənginliyini təs-
diq  edən  şeir  formasıdır  desək  səhv  etmərik.  Bu  dilimizin 
sözyaratma  funksiyasının  mütəhərrikliyinə  işarədir.  Təsa-
düfi deyil ki, Azərbaycanımızın sevimli xalq şairi Zəlimxan 
Yaqub  Sərraf  Şiruyə  ilə  bağlı  yazırdı:  “Şeirin  bütün  növ-
lərində qələmini müvəffəqiyyətlə sınayan Şiruyə Həsənoğ-

 
68 
lu  böyük  Aşıq  Alı,  Aşıq  Ələsgər,  Xəstə  Qasımdan  sonra, 
demək olar ki, ən güclü təcnis ustası kimi tanınmışdır”.  
Zirvələrə  uzaqdan  baxış  necədirsə,  bu  yazı  da  Sərraf 
Şiruyə yaradıcılığına uzaqdan bir baxışdır. O zirvənin fəthi, 
qədirbilən  Azərbaycan  ədəbiyyatşünaslarının  gələcək  zəh-
mətindən keçəcək. 
Elə  bu  baxışı  mərhum  şairimizin  “O  nara”  rədifli  təc-
nisi  ilə  yekunlaşdırır,  haqq-ədalət  carçısı,  vətən  nisgilli 
şairə Ulu Tanrıdan rəhmət diləyirəm: 
 
Ələsgər lazımdı yaza vəsfini, 
Qiymət qoya sinən üstə o nara. 
Yüz bağban tər töküb bəslədiyi nar, 
Bənzər olmaz sən bəsləyən o nara. 
 
Hüsnünün tərifi sığmaz bir bəndə, 
Yüz ilgəyin düyünlənib bir bəndə. 
Sən xanım ol – mən xidmətkar bir bəndə, 
Açım ilgəkləri qalsın on ara. 
 
Şiruyəyəm, daşıb səbir qazanım, 
Ay zalımım, mənə qəbir qazanım. 
Bir busə ver, mən də xeyir qazanım, 
Məni atma bu atəşə, o nara. 
 
Karabakhmedia.az 
2016 

 
69 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin