Eldənizlər


Əbu Bəkr (1191–1210)[redaktə | mənbəni redaktə et]



Yüklə 297,53 Kb.
səhifə8/13
tarix14.05.2023
ölçüsü297,53 Kb.
#113336
1   ...   5   6   7   8   9   10   11   12   13
tarıx

Əbu Bəkr (1191–1210)[redaktə | mənbəni redaktə et]


Həmçinin bax: Atabəy Əbu Bəkr
Əbu Bəkrin adına zərb olunmuş dirhəmlər


Sultan Qızıl Arslan öldürülən kimi Əbu Bəkr Azərbaycana yola düşdü və tezliklə Naxçıvana, Şəmsəddin Eldənizin hakimiyyəti dövründən Azərbaycan Atabəylərinin tabeliyində olan torpaqlardan yığılmış vergilərin toplandığı Əlincə qalasına çatdı. Qala bütün xəzinələrlə birlikdə Əbu Bəkr tərəfindən ələ keçirildi. Azərbaycandakı bütün yerli hakimlər onun hakimiyyətini tanıdılar.[67] Həmədan və ətraf vilayətləri isə Cahan Pəhləvanın İnanc xatundan olan oğlanları Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər zəbt etdilər. İnanc xatunun özü Reydə qaldı.[44]
Cahan Pəhləvanın silahdaşlarından olan Mahmud Anas 1192-ci ildə sultan III Toğrulu həbsdən çıxardı. Qutluq İnancın üzərinə hücuma keçən III Toğrul Qəzvin yaxınlığındakı döyüşdə İnancın 15 minlik qoşununu məğlub etdi. Ordusunun xəyanətinə uğrayan Qutluq İnanc Reyə çəkildi. Bu qələbədən sonra sultan III Toğrulun təntənəli surətdə Həmədana daxil oldu və yenidən sultan taxtına sahibləndi.[68]
Məğlub olan Qutluq İnanc xarəzmşah Təkişə elçilər vasitəsilə III Toğrula qarşı mübarizə üçün yardım istədi. Xarəzmşah Təkiş Əcəm İraqında vəziyyətin gərginliyindən istifadə edərək, 1193-cü ilin əvvəlində Əcəm İraqını işğal etmək üçün qoşun göndərdi. Xarəzm qoşunları hücuma keçərək Reyi və Təbərkək qalasını ələ keçirdilər. Qutluq İnanc Xarəzmşah qoşunlarının qüvvəsindən qorxaraq, qaçıb Sərcahan qalasında sığındı. Bundan istifadə edən edən III Toğrul Təkişə külli miqdarda bəxşiş göndərdi və Qutluq İnanca qarşı mübarizədə ondan kömək dilədi. Kömək əvəzi olaraq III Toğrul öz qızını Təkişin qardaşı Yunis xana verdi və hətta onun adı ilə pul kəsdirməyə, onun adına xütbə oxutmağa söz verirdi.[69]
Bu vaxt xarəzmşah Təkişin qardaşı Sultanşah ona qarşı üsyan qaldırdı, Gürgənci zəbt etdi və Xarəzmi mühasirəyə aldı. Ona görə də Təkiş zəbt olunmuş torpaqlardan xərac toplayaraq, Rey və Təbərəkdə əmir Tamqaçın başçılığı ilə Xarəzm qoşun dəstələrini qoyub tezliklə Xarəzmə qayıtdı.[70] Ənənəsinə sadiq qalan III Toğrul isə yenədə müttəfiqinə xəyanət etdi və Xarəzmşahın getməsindən istifadə edərək, 1193-cü ilin mart-aprelində Xarəzmşahların qoşun dəstəsinə hücum edərək, onları qılıncdan keçirdi. Rey və Təbərək qalasını ələ keçirdi və məğlub olaraq öldürülmüş Əmir Tamqaçın başını Xarəzmə göndərdi.[71]
Hadisələrin belə şəkil alması İnanc xatunu III Toğrula münasibətdə siyasəti dəyişməyə vadar edir. O, III Toğrula müraciət edərək, dostluq münasibətləri və özünün sərvətləri müqabilində onunla evlənmək təklifini qəbul etməyi xahiş edir. Lakin evləndikdən az sonra Toğrula xəbər verirlər ki, İnanc xatun onu zəhərləmək fikrindədir. Bu xəbər Toğrula çatan kimi təşkil etdiyi sui-qəsd İnanc xatunun özünə qarşı istifadə edilir və İnan xatun öldürülür.[72]
Qutluq İnanc Mahmud anasının aqibətindən sonra atasının bir dəstə qulamı qaçaraq qardaşı Əmir Əmiran Ömərə sığındı. Qardaşlar birləşərək Təbrizi ələ keçirdilər və digər qardaşları Əbu Bəkrin üzərinə hücuma hazırlaşmağa başladılar. 1193-cü ilin axırlarında Təbriz yaxınlığında baş verən döyüşdə Əbu Bəkr qalib gəldi. Qutluq İnanc Zəncana, Ömər isə Şirvana qaçdı.[44] Qutluq İnanc xarəzmşah Təkişə məktub göndərdi və yenidən III Toğrula qarşı mübarizə üçün ondan kömək istədi. Eyni zamanda xəlifə ən-Nasir də Təkişə məktubla müraciət etdi. Bu təklifi qəbul edən Təkiş, 1193-cü ildə qoşunu ilə Xarəzmdən yürüşə başladı. Semnanda Qutluq İnanc öz tərəfdarları və III Toğrulu tərk etmiş İraq əmirləri ilə birlikdə Təkişə qoşuldular.[73]
Xarəzmşahın hücum xəbərini eşidən III Toğrul təcili surətdə qoşunları ilə Reyə tərəf üz qoydu və əsas qüvvələrinin yaxınlaşmasını gözləmədən Xarəzmşahla müharibəyə girmək qərarına gəldi. 1194-cü ilin martın 4-də III Toğrul 60 nəfər qulamla Rey yaxınlığında Xarəzm ordusunun Qutluq İnancın başçılıq etdiyi qabaq dəstələri üzərinə hücuma keçdi. Toqquşma zamanı oxla gözündən yaralanaraq və atdan yıxılan Sultan, Qutluq İnanc tərəfindən öldürüldü və başı Xarəzmşaha aparıldı.[74]
III Toğrulun ölümündən sonra, 1194-cü ilin iyulunda, Təkiş Həmədanı, Əcəm İraqının əksər şəhərlərini ələ keçirərək, tutulmuş torpaqları öz əmirləri arasında bölüşdürdü. O, İsfahanı Qutluq İnanca verərək, onu İraqın baş əmiri təyin etdi. Həmədan — əmir Qaragöz əl-Atabəyiyə, Rey – Təkişin oğlu Yunis xana verildi. Əmir Mayaçuq Yunis xanın atabəyi təyin olundu.[73]
1195-ci ilin əvvəllərində Xuzistan hakimi İl-Doğdu öldü. Bundan istifadə edən Xəlifə vəziri İbn əl-Qəssabın başçılığı ilə Xuzistana qoşun yeritdi. Xuzistanı şəhərlərini işğal etdikdən sonra Xəlifənin əmri ilə Abbasi qoşunları qarışıqlıq içində olan Əcəm İraqına da hücuma başladılar.[75]
Həmin il Qutluq İnanc və Yusif xanın atabəyi Mayaçuq arasında ziddiyyət yarandı. Zəncan yaxınlığındakı döyüşdə məğlub olan Qutluq İnanc öz dəstəsi ilə Xulvan keçidinə, Xəlifənin vəziri, həm də Abbasi ordusunun komandanı olan İbn əl-Qəssaba sığınaraq və ondan kömək istədi. Vəzir Qutluq İnancı fəxri xələtlə təltif etdi və süvari dəstəsini onun sərəncamına verdi. Yenidən Həmədana hücum edən İnanc qısamüddətli döyüşdən sonra Yunis xanı və Mayaçuqu şəhərdən çıxara bildi.[76]
Bu hadisələrdən xəbər tutan Əlaəddin Təkiş xəlifə qoşunlarının Əcəm İraqından çıxarılmasını tələb etdi və qoşunla Xarəzmdən Əcəm İraqına yürüşə başladı. 1196-cı ilin iyulunda, vəzirin ölümündən sonra xəlifə qoşunları içərisində başlanan ixtilafdan istifadə edən Xarəzmşah Həmədanı mühasirəyə aldı. Şəhər ələ keçirildi və Qutluq İnanc öldürüldü.[77]
Şirvanşah I Axsitana sığınan Əmir Əmiran Ömərə I Axsitan tərəfindən hərbi qüvvə ilə yardım göstərildi. Həmçinin Gürcü çariçası Tamardan da hərbi dəstək alan Ömər, birləşmiş qoşunlarla Şəmkir və Beylaqan döyüşlərində Əbu Bəkri ağır məğlubiyyətə uğratdı. Əmir Əmiran Ömər və gürcülərin hərbi qüvvələri Gəncəyə hücum etdilər. Gəncə əhalisi "kafirlərlə" gəldiyinə görə təslim olmayacaqlarını bildirdilər.[78] Əmir Əmiran Ömər Gəncəni hiylə ilə ələ keçirdi. Gürcü qoşunları Gəncəni tərk etdikdən sonra isə əhali tərəfindən hücuma məruz qalan Əmir Əmiran Ömər öldürüldü. Şəhər yenidən Əbu Bəkrin hakimiyyəti altına keçdi. Bundan xəbər tutan gürcü qoşunları Azərbaycan sərhədlərini keçdilər. Əbu Bəkr dövlətin müdafiəsini başlı-başına buraxaraq, Naxçıvana, oradan da Təbrizə getdi. Gəncəni ala bilməyən gürcü qoşunları 1203-cü ildə Dəbilə daxil oldular və şəhəri qarət etdilər.[79]
Güclü rəqibə müqavimətin faydasız olduğunu başa düşən Əbu Bəkr xarəzmşah Təkişə tabe olduğunu bildirdi və Əcəm İraqı ilə Azərbaycanın idarəsinin ona verildiyini yazan bir icazə aldı. Ancaq Xarəzmşahın hüzuruna getməyib qardaşı Özbəyi göndərdi. Özbək Həmədanda Xarəzmşah tərəfindən böyük hörmət və izzətlə qarşılandı. Təkiş, İraqi Ərəb, İraqi Əcəmin idarəsini Özbəyə tapşırıb Cəmaləddin Ay-Abanı onun vəziri təyin etdi.[80]
Xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.[81]
1197-ci ildə yanvarın 27-də Özbəyə xidmət adıyla gəlmiş olan vəziri Cəmaləddinin tərəfdarları Özbəyi Həmədandan çıxardılar və şəhəri ələ keçirdilər. Bu vaxt 1197-ci ildə Əyyubilərin sərkərdələrindən əmir Əbül Hayc əs-Sami Əyyubi sultanı ilə əlaqələrinin pisləşməsi səbəbindən xəlifəyə sığındı. Xəlifə onu ordu komandanı təyin edərək Həmədana hücuma hazırlaşmağı əmr verdi. Abbasi qoşunları Həmədana yaxınlaşanda Özbək də öz ordusu ilə onlara qoşuldu. Lakin hərbi müşavirə zamanı Özbək Əbül Haycın təklifi ilə razılaşmadığı üçün tərəflər arasında münaqişə yarandı və Özbək həbs edildi. Bundan xəbər tutan Xəlifə Özbəyin təcili azad olunması əmrini verir və ona fəxri geyim və qızıl qılınc göndərir. Əbül Xayc işin belə şəkil aldığını görərək qorxuya düşdü. Ordusunu tərk edərək Ərbilə qaçdı və orada öldü.[82]
Bir müddət sonra Abbasi ordusuna güvənməyən Özbək də Həmədanı tərk edərək Azərbaycana qardaşı Əbu Bəkrin yanına geri döndü. 1220-ci ildə Xarəzmşah Təkiş vəfatında sonra taxta oğlu Əlaəddin Məhəmməd keçdi.[83] Xarəzm taxtında meydana gələn hökmdar dəyişikliyindən istifadə edən Gökcə, Özbək və Əbu Bəkr İraqi Əcəm bölgəsindəki fəallıqlarını artırdılar. Həmədana gələn Atabəy Əbu Bəkr buranın idarəsini qardaşına verib, İsfahanı öz əlinə keçirdi. Reyin idarəsi isə Gökcəyə verilir. Ancaq Eldənizlərlə onların vassalları arasındakı ixtilaf yenidən canlandı. Atabəy Əbu Bəkrin başı içki və kef məclislərinə qarışdığından onun vəzifəsini ölkənin əsil sahibi kimi hərəkət edən Cəmaləddin Ay-Aba aparırdı. Bu vəziyyət Gökcənin gücünün artmasına səbəb oldu. Bir çox saray əyyanları Gökcənin tərəfinə keçməyə başladılar.[84]

"Biz eşitmişik ki, sən elm adamlarına və xeyirxahlara hamilik edir və onlara mərhəmət göstərirsən. Ona görə də biz səni mehriban və mömin adam hesab edirdik. Lakin biz indi bunun tam əksini görürük. Sən islam ölkəsinə soxulur və müsəlmanlarla vuruşursan, onların mülkünü qarət edir və nifaq törədirsən. Əgər sən doğrudan da beləsənsə, sənin ağlın yoxdur. Bir kəndin sahibi olduğun halda, bizim üzərimizə, Həmədan darvazalarından tutmuş Xilat və İrbilə qədər torpaqların hakimlərinin üzərinə hücum çəkirsən? Tutalım ki, sən onu [Əbu Bəkri] qaçmağa məcbur edəcəksən, bəs sənə məlum deyilmidir ki, onun məmlükləri var, mən də onlardan biriyəm? Əgər Əbu Bəkr, hər kənddən bir dəstə və ya hər şəhərdən on nəfər çağırsaydı, onun qoşunu səninkindən bir neçə dəfə artıq olardı! Sənə məsləhətim budur ki, öz şəhərinə qayıdasan! Bunu sənə yalnız rəhmim gəldiyi üçün deyirəm!"

Şəmsəddin Aydoğmuşun Müzəffərəddin Göy-Böriyə məktubu.[85]

Çox keçmədən Atabəy Əbu Bəkrin tərəfdarlarının və ordusunun çox hissəsi Gökcənin tərəfinə keçdi. Əbu Bəkr İsfahana çəkildi, Gökcə isə təntənəli surətdə Həmədana daxil oldu. Bu zaman onunla qalan digər əmirlərin də xəyanəti nəticəsində Əbu Bəkrə tamamilə Azərbaycana çəkildi. Lakin 1203–1204-cü illərdə Gökcəyə qarşı Cahan Pəhləvanın keçmiş vassallarından Şəmsəddin Aydoğmuş çıxış etdi. Baş vermiş döyüşdə Gökcə öldürüldü və bütün torpaqları Aydoğmuşun əlinə keçdi. Aydoğmuş hakimiyyətini qanuniləşdirmək üçün onunla birgə üsyana qalxan Eldəniz şahzadəsi Özbəyi sultan elan etsə də bütün hakimiyyəti öz əlində cəmləmişdi.[86]
1204–1205-ci illərdə gürcülər Azərbaycanın içərilərinə soxulurlar. İbn əl-Əsirin yazdığına görə, onlar Azərbaycanda "xeyli zorakılıq, dağıntı törətdilər, qarətçilik etdilər, bir çoxlarını əsir tutub apardılar". Müqavimətlə üzləşməyərək irəliləyən gürcülər Eldənizlərin qərb ərazilərinə Xilata, Malazgirtə və Ərcişə hücumlar təşkil etdilər. Burada, gürcülərlə yerli hakimlərin qoşunları arasında baş verən döyüşdə gürcü ordusu məğlubiyyətə uğradıldı. Lakin sonrakı il gürcü qoşunları yenidən Azərbaycanın qərb vilayətlərinə hücum edib, bir çox məskənləri xarabazara çevirdilər. Bir daha Xilatı tutmağa cəhd göstərsələr də, yenidən darmadağın edildilər. Əbu Bəkr gürcü hücumunun qarşısını almaq məqsədi ilə, nəhayət, gürcü hökmdarının qızı ilə evləndi və bundan sonra gürcü hücumları dayandı.[87]
Azərbaycanda isə Marağa hakimi Körpə Arslan, Ərbil atabəyi Göy-Börü ilə müqavilə bağlayıb Təbrizi ələ keçirməyə hazırlaşırdı. Atabəy Əbu Bəkr qorxuya düşərək Aydoğmuşdan kömək istədi. Əbu Bəkrin bu istəyini qəbul edən Aydoğmuş öz ordusu ilə Əbu Bəkrin düşərgəsinə gələrək, onunla qüvvəsini birləşdirdi. Bunu eşidən Göy-Börü təcili Azərbaycanı tərk etdi. Aydoğmuş ilə Əbu Bəkr Marağanı mühasirəyə aldılar. Ancaq Əlaəddin Körpə Arslan sülh təklif etməsi ilə mühasirə dayandırıldı və müqaviləyə əsasən Marağa qalalarından biri Əbu Bəkrə, Uşnu ilə Urmiyə də Körpə Arslana verildi.[88]
1208-ci ilin ortalarında Ağsunqur əl-Əhmədilinin nəslindən olan Marağa hakimi Körpə Arslan vəfatından və bir qədər də sonra onun azyaşlı oğlunun ölümü ilə Marağa hakimlərinin taxta keçmək üçün heçbir nümayəndəsi qalmamışdı. Bundan istifadə edən atabəy Əbubəkr Marağanı və əl-Əhmədili nəslinin Ruindej qalasından başqa bütün torpaqlarını tutdu. Ruindej qalasını isə Körpə Arslanın bütün sərvətlərini mənimsəmiş xacəsi ələ keçirmişdi. Həmin il xarəzmşah Təkişin oğlu Tacəddin Əlişah Əbu Bəkrin torpaqlarına hücum keçsə də, məğlub edildi və öldürüldü.[89]
Atabəy Nüsrətəddin Əbu Bəkrin ölümü 1210-cu ilin sonu 1211-ci ilin əvvəlinə təsadüf edir. 1211-ci ildə əmisi Qızıl Arslana aid dinarların yenidən zərb edilməsinə qərar verilməsi onun ölümünün 1211-ci ilin əvvəlləri olduğunu göstərir. Qardaşının vəfatından sonra Eldənizlərin taxtına Özbək keçdi.[90]

Yüklə 297,53 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin