Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə1/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   51

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
 
 
 
 
 
 
 
MƏDƏNİYYƏT  
TARİXİ  
VƏ  
NƏZƏRİYYƏSİ 
 
Dərslik 
(əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri) 
 
 
 
 
 
 
 
Dərslik Azərbayjan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası  
«İnjəsənət və musiqişünaslıq» bölməsinin 07.10.2005-ji il tarixli  
əmrilə təsdiq edilmişdir (protokol № 01) 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2010 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
2
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
 12 oktyabr 2005-ci il tarixli, 700 №-li qərarı ilə təsdiq edilmişdir 
 
Rəyçilər:  AMEA-nın «Memarlıq və İncəsənət» İnstitutunun şöbə müdiri, AMEA-nın 
müxbir üzvü, sənətşünaslıq doktoru, professor   
 İNQİLAB KƏRİMOV; 
 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  
professoru, filologiya elmləri doktoru  
                 GÜLTƏKİN SULTANOVA
 
Bülbül ad.Bakı OİMM-nin direktoru, fəlsəfə elmləri doktoru, professor 
NİGAR CƏRULLA qızı; 
 
Azərbaycan Dövlət Neft Akademiyasının  
professoru, fəlsəfə elmləri doktoru 
                 ŞƏHRƏDDİN MƏMMƏDOV 
 
Elmi redaktor :  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «Humanitar və ictimai 
elmlər» kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, filologiya elmləri namizədi,  
 
professor VALİDƏ İMRAN qızı MƏMMƏDOVA 
 
Mədəniyyət tarixi və  nəzəriyyəsi. Ali məktəblər üçün dərslik 
M.J.MANAFOVA,  N.T.ƏFƏNDİYEVA  və  S.A.ŞAHHÜSEYNOVANIN ümumi 
redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh.  
 
İSBN 5-86106-104-1 
 
Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və dünya 
mədəniyyətinin əsas dövrlərini əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 
əməkdaşlarının hazırladığı bu dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və 
müvafiq problemlərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.  
 
2008
029
4901000000

Qrifli nəşr. 
 
©M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova  
© Sabah, 2008. 
© Təkrar nəşri, 2010 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
6
 
 
ÖN SÖZ 
 
ADMİU-nun «Mədəniyyətşünaslıq» kafedrası  tərəfindən 2003, 2006-ci illərdə  nəşr edilmiş 
«Kulturologiya» və «Mədəniyyətin tarixi və  nəzəriyyəsi» adlı  dərsliklərdə müvafiq problemlər müəyyən 
dərəcədə öz əksini tapmışdır. Bu illər  ərzində  ərzində  fənnin proqramı  təkmilləşdirilmişdir. Bu baxımdan, 
hazırkı dərslik yeni, daha geniş proqram əsasında tərtib edilmişdir.  
Müasir tarixi şəraitdə dünya mədəniyyətinin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Bu gün 
dünyada gedən dərin sosial hadisələr, o cümlədən qloballaşma problemi bunu daha zəruri tələbata çevirir. Çünki 
Yer kürrəsinin bir hissəsində baş verən hadisələr tez bir zamanda hamıya məlum olmasa da, planetin bütün ölkə 
və xalqlarına təsir edir. Bu inteqrasiya bütün tarixi dövrlərdə olmuş və sakini olduğumuz müasir günlərdə daha 
geniş vüsət tapmaqdadır. Buna şərait yaradan ən başlıca amil radio, televiziya, peyk əlaqələri, internet və digər 
müasir texnologiyalardır ki, məhz bunların nəticəsində dünyada vahid informasiya məkanı yaradıla bilmişdir.  
Bəşəriyyət qarşısında iqtisadi, xammal, ərzaq, ekoloji, demoqrafik və digər bu kimi qlobal problemlər 
dayanmaqdadır. Bütün bunların həlli dünyanın iqtisadi, elmi-texniki, intellektual və mənəvi resurslarının bütün 
ölkə, xalq, hətta hər bir kəsin gücündən birgə razılaşdırılmış  şəkildə istifadəsini tələb edir. Ölkə, xalq və 
insanların birliyinə nail olmanın ən optimal vasitələrindən biri isə məhz mədəniyyətlərin bir-biri ilə əlaqəsi, bir-
birinə nüfuz edərək inteqrasiyasıdır. Digər xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və 
cəhətləri ilə tanışlıq öz milli mədəniyyət və incəsənətinin daha dərindən dərki üçün çox böyük əhəmiyyət kəsb 
edir. Təkcə digər mədəniyyətləri öyrənməklə işi bitmiş hesab etmək olmaz. Burada həm də doğmalıq, yaxınlıq 
axtarmaq məqsədəuyğundur. Müasir sivilizasiya üçün zəruri və aktual olan mədəniyyətlərin dialoqu yalnız bu 
yolla mümkündür.  
Göründüyü kimi, dünya mədəniyyəti tarixinin, müasir mədəniyyətlərin rəngarəngliyinin, müxtəlif ölkə və 
xalqların mədəni özünəməxsusluğunun öyrənilməsi və mənimsənilməsi sayəsində bəşəri birliyə, hər bir fərdin 
özünüinkişafına, sivilizasiyanın irəliləyişi yollarında müasir qlobal problemlərin həllinə nail olmaq mümkündür. 
Bunsuz insanların planetar birliyi yarana bilməz.  
Hazırkı  dərsliyin tərtib edilmə  zərurəti məhz haqqında qeyd etdiyimiz bu mədəni-sosial tələblərdən 
doğmuşdur. Dərsliyin  əsas vəzifəsi tələbələri mədəniyyətin nəzəri problemləri, dünyadakı ölkə  və xalqların 
mədəniyyətinin tarixi inkişaf mərhələləri, həmçinin müasir vəziyyəti haqqında biliklərlə  təmin etməkdir. Bu 
vəzifədən çıxış edərək dərslik dünyanın bütün regionları, o cümlədən Afrika, Amerika, Şərq ölkələri 
mədəniyyətlərinin tarixi və müasir inkişafı prosesini də əhatə edir.  
Dərslikdəki materiallar tələbələrə mədəni-tarixi prosesin inkişaf xronologiyası məntiqi əsasında çatdırılır. 
Burada başlıca diqqət ölkə  və xalqların incəsənət, elm, təhsil,  əxlaq və  məişətinin tarixi inkişafı  və digər 
mədəniyyət sahələrinə verilir. Dərslik müəllifləri mədəniyyətin bu başlıca sahələrinə diqqəti gücləndirməklə 
tələbələrin dünyanın ayrı-ayrı ölkə  və xalqlarının mədəniyyəti haqqında aydın və konkret təsəvvürünün 
formalaşmasına çalışmışlar. Bu dərsliklə tanış olan hər bir kəs – istər tələbə, istərsə də mədəniyyətlə maraqlanan 
hər bir oxucu yaşadığı dünyanın mədəni xəzinəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəkdir. 
Dərslik ixtisasından asılı olmayaraq bütün tələbələrin mədəniyyət haqqında ümumi biliklərinin 
zənginləşməsinə xidmət edəcəkdir. 
Əsasən incəsənət profilli təhsil müəssisələrinin dinləyiciləri üçün nəzərdə tutulan bu dərslikdən dünya 
mədəniyyəti ilə maraqlanan bütün insanlar faydalana bilərlər. 
Hazırki dərslik əlavələr edilmiş, redaktə olunmuş ikinci nəşridir. 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
7
 
 
 
 
I  
 
BÖLMƏ 
 
MƏDƏNİYYƏTİN 
 
NƏZƏRİYYƏSİ 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
8
1.1. «Mədəniyyət tarixi və Nəzəriyyəsi»nə giriş 
 
 
Mədəniyyətin tədqiqi çox qədim fəlsəfi  ənənələrə malik olmaqla bir sıra elm sahələri - arxeologiya, 
etnoqrafiya, psixologiya, tarix, sosiologiya üzrə  tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin XX əsrdə bu 
sahənin ayrıca bir elm olmaqla, nəzəri obyekt kimi formalaşması mədəniyyət haqqında elmin təşəkkülünə təkan 
verdi ki, burada da ABŞ alimi Lesli Uaytın (1900-1975) xidmətlərini xüsusi qeyd etmək lazımdır. Hazırda 
kulturologiyanın təşəkkülü və formalaşması  mərhələsi mədəniyyət nəzəriyyəsinə üç movqedən yanaşmasını 
müəyyən edir. Bunlardan birincisi, kulturologiyaya mədəniyyəti öyrənən fənlərin kompleksi kimi baxır. Bu 
zaman mədəniyyət tarixi inkişaf mövqeyindən və sosial cəhətdən mövcudolma aspektindən tədqiq olunaraq 
mədəniyyət haqqında biliklər sistemini formalaşdırır. 
İkincisi, kulturologiyanı  mədəniyyəti öyrənən fənlərin xüsusi bir bölməsi kimi təqdim edən, 
kulturologiyaya fəlsəfi aspekdən yanaşmağı vacib bilən yanaşmadır. Əks mövqe də mövcuddur: mədəniyyətin 
fəlsəfəsi kimi o, mədəniyyətlərin rəngarəngliyini (tipologiyası, mədəni özünüdərketmə amili olmadan 
mədəniyyət haqqında biliklərin sistemləşməsi) oyrənir. 
Üçüncü yanaşma isə, kulturologiyanı müstəqil elmi fənn kimi tədqiq edir. Bu zaman mədəniyyət 
nəzəriyyəsinin sosial-humanitar biliklər sistemindəki mövqeyi təqiq olunur. 
Zənnimizcə, bütün bu elmi yanaşmaları ümumiləşdirməklə «Mədəniyyət nəzəriyyəsi»nin mahiyyətini 
onun mədəniyyəti dərindən və  hərtərəfli  şəkildə öyrənilməsi, məzmun və mahiyyətinin üzə  çıxarılması, hansı 
səviyyə və formalarda olması, tiplərinin öyrənilməsinin tədqiqi ilə izah etmək daha məqsədəuyğundur. 
Bəşər tarixində  mədəniyyətlər çoxluq təşkil edir: bir sıra mədəniyyət tipləri mövcuddur. Hər bir 
mədəniyyət özünün spesifik səmərəliliyi, bundan irəli gələn mənəviyyat, əxlaq və incəsənətində təzahür tapır. 
Mədəniyyətlər unikal və təkrarolunmazdır. 
Belə bir sual çıxır: mədəniyyətlərin inkişaf dərəcələrini necə qiymətləndirməli? Bəlkə bu mədəniyyətlərin 
eyni səviyyədə qəbulu məqbuldur? 
Qeyd etmək istərdik ki, bir çox kulturoloqlar məhz sonuncu nöqtədən çıxış edirlər. 
Lakin fikirimizcə, mədəniyyətin özünə xas qiymət və  dəyər meyarları mövcuddur. Ona görə  də, 
mədəniyyətin inkişaf səviyyəsi onun azadlığa, ləyaqətə olan münasibəti, şəxsiyyətin yaradıcı özünüreallaşması 
imkanları ilə müəyyən olunur. Bir mədəniyyətin digər mədəniyyətə  təsiri labüddür. Mədəniyyətlərin bu 
dialoqunun yeganə mənbəyi - insandır. 
Bu baxımdan «Mədəniyyət nəzəriyyəsi» fəslində  mədəniyyətin bəzi nəzəri məsələləri, xüsusilə
«mədəniyyət» anlayışının izahı, mədəniyyət və sivlizasiya, mədəniyyət və  təbiət, mədəniyyətdə mentalitet 
problemi, elitar və kütləvi mədəniyyət, habelə respublikada mədəniyyətin inkişaf problemləri nəzərdən keçirilir.  
 
1.2. «Mədəniyyət» anlayışına tarixi və müasir yanaşmalar 
 
 
Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və  şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının 
izahında ilk diqqət bu terminin çoxmənalılığı  və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi 
yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, 
onun həm elmi, həm də  həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin - antropologiya, 
arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və 
digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə 
gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir. 
Beləliklə, «mədəniyyət» - latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, 
həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın mənşəyi isə «kolo», «kolere» (kolo, kolere) 
sözlərindən gələrək torpaqşünaslıqla məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» - «təzədən 
işlənmiş» mənalarını ifadə edir. Qədim latın dilində həmin söz məhz bu mahiyyəti kəsb edərək «aqri kultura» 
(aqri kultura) mənasını, yəni torpağı əkinə hazırlamaq fikrini izah edirdi. Bu fikri qətiləşdirməkdə bizə kömək 
edən əsas informasiya mənbəyi dövrümüzə gəlib çatan Mark Porsi Katonun kənd təsərrüfatı məsələlərinə həsr 
edilən eyni adlı «De aqri kultura» əsəridir. 
«Kultura» sözünə qədim romalılar özünəməxsus şəkildə tərif vermişlər. Digərlərindən fərqli olaraq onlar 
«kultura»ya insan fəaliyyətinin ümumiləşdirilmiş  tərifini vermişlər. Bu, fəaliyyətin müxtəlif sahələrini  əhatə 
etməklə «texne», «mimesis», «paydey» təsəvvürləri ilə  əlaqədar idi. «Kultura»nı  hər hansı bir obyektin insan 
tərəfindən dəyişdirilməsi, yenidən yaradılması kimi qəbul edirdilər. Bu mənada «kultura» anlayışını  nəzəri 
termin kimi ədəbiyyata ilk dəfə b.e.ə. 45-ci ildə roma natiqi, ritorikanın görkəmli banisi, filosof Mark Tulli 
Siseron gətirmişdir. Onun «Tuskulan söhbətləri»  əsərində bu anlayış  məcazi mənada işlədilmişdir. Belə ki, 
Siserona görə, «kultura» insan zəkasının reallaşmasının özünəməxsus təzahürüdür. Kəndlilər torpağı becərib, 
ona qulluq edib, məhsul yığdıqları kimi, insanlar da beyinlərini hərəkətə gətirərək, ruhunu təkmilləşdirərək əsil 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
9
mədəniyyət yaradırlar. Məhz bu xüsusiyyətinə görə M.T.Siseronun məşhur ifadəsi belə  səslənir: «Düşüncə 
mədəniyyəti- fəlsəfədir.»  
Tarixi inkişafın sonrakı mərhələlərində mədəniyyətin digər sahələrinə aid terminlər formalaşmağa başladı: 
«sivilizasiya», «təhsil», «tərbiyə», «tərəqqi», «inkişaf» və s. 
Qədim xalqlardan biri hesab edilən və Şərq sivilizasiyasının aparıcı dirəklərindən olan çinlilər və hindlilər 
də «mədəniyyət» anlayışını öz fəlsəfi nəzəriyyə  və  təlimlərinə müvafiq mənalandırmışlar. Belə ki, qədim 
çinlilərdə bu söz «jen», Hindistanda «dharma» anlayışı ilə, türklərdə isə «kultür» formasında ifadə olunur. Çox 
qəribədir ki, mənşəcə soy kökü türk olan bizim xalqın dilində «kultura» anlayışı «mədəniyyət» sözü ilə ifadə 
olunaraq ərəb dilindən gətirilib. Belə ki, ərəb dilində «mədinətun» anlayışı «şəhər» sözü ilə bağlıdır. Bu, xam 
vəziyyətində olanın insan əli ilə dəyişdirilməsi, təkmil formaya salınması mənasını verir. Bununla yanaşı, şəhər 
münasibətləri,  şəhərin həyat tərzi səhra  əhalisinin, bədəvilərin kobudluğuna, onların qaba həyat tərzinə qarşı 
istiqamətləndirilirdi. «Kultura», «mədəniyyət» anlayışlarının «şəhər» sözü ilə  əlaqələndirilməsi digər tərəfdən 
antik polislə bağlı idi. Belə ki, polis – qədim sivilizasiyada tərəqqinin sinonimi kimi işlənərək  şəhərin azad 
vətəndaşları kimi qəbul olunurdu. Onların əsas borcunu şəhərin qayda-qanunlarına tabe olmaq, onları qorumaq, 
xidməti işlərdə layiqincə qulluq etmək, xalq yığıncaqlarında yaxından iştirak təşkil edirdi. Belə  şəhərlərdə 
mədəniyyət «tərbiyə», «kult» (sitayiş ayin), «becərmə» mənalarını ifadə edirdi. Digər tərəfdən «kultura» 
ifadəsinin başqa etimologi mənalarından birini şərəf, sitayiş, kult təşkil etdiyindən onu, həm də «dini sitayiş» 
anlamında qəbul etmək zəruridir. «Kultura» sözünün dinlə, dini sitayişlə bağlılığına istinad edən bir çox 
müəlliflər, xüsusilə, müasir dinşünas alim A.Men belə hesab edir ki, hər bir mədəniyyətin tamamlanması üçün 
«inam» hissi və əqidəsi başlıca yer tutmalıdır. Bir çox müəlliflər isə, belə hesab edirdi ki, dini əqidəsi, inamı 
olmayanı  mədəni hesab etmək düzgün deyil. «Mədəniyyət» sözünün təhlilində bu fikirlərin hansının düzgün 
olub-olmamasından asılı olmayaraq bir fikir diqqətəlayiqdir ki, həmin anlayışın mahiyyətinin düzgün dərk 
edilməsində yuxarıda söylənənlərin hər birinin özünəməxsus obyektiv qiyməti vardır. 
İstər fəlsəfə tarixində, istərsə  də digər humanitar elm sahələrində «mədəniyyət»lə bağlı problemlərə 
toxunan tədqiqatçılar bu hadisəni ictimai-tarixi proses kimi təhlil edərək onun mahiyyət və məzmununun dərin 
şərhini vermişlər. Məhz elə buna görədir ki, müasir kulturologiyada «kultura» və ya «mədəniyyət»in yüzlərlə 
tərifi məlumdur. Bu, hər şeydən əvvəl həmin fenomenin çoxhüdudluğu, çoxaspektliliyi ilə izah edilir. 
«Mədəniyyət» anlayışının müasir anlamı ilk dəfə Almaniyada öz təsdiqini tapmışdır. Artıq XVIII əsrin 
axırlarında bu söz alman ədəbiyyatında iki mənada – birincisi, bilik və peşələrin köməkliyi ilə təbiət üzərində 
hökmranlıq, ikincisi isə, şəxsiyyətin mənəvi zənginliyini bildirirdi. «Kultura» sözünün bu mənaları yavaş-yavaş 
bütün Avropa dillərinə daxil oldu.  
Mədəniyyət fenomeninin müxtəlif aspektlərdən tədqiqi müasir kulturologiyada özünəməxsus yer tutan 
sahələrdən birinə çevrilmişdir. Bu tədqiqatları birləşdirən vahid amil onun tarixi proses kimi qəbul edilməsidir. 
Mədəniyyətin qeyri-biologi təbiətə malik olması və irsən əldə edilmiş ictimai əxlaq vasitəsilə həyata keçirilməsi 
fikri ilə bu sahə üzrə məşğul olan bütün tədqiqatçılar razıdır. Ümumiyyətlə, mədəniyyəti ictimai- tarixi proses 
kimi tədqiq edən kulturoloqlar bu fenomenə müxtəlif aspektlərdən yanaşmışlar ki, bunları da aşağıdakı kimi 
təsnif etmək mümkündür: 
Mədəniyyətə antropoloji mövqedən yanaşma bu fenomenin insan təbiətinin təzahürü kimi şərhini nəzərdə 
tutur. 
Mədəniyyətə  fəlsəfi-tarixi aspektdən yanaşma isə onun fəaliyyət prosesi kimi dərkini nəzərdə tutur. 
«Hərəkət», «fəaliyyət» reallığın, tarixin bilərəkdən dəyişdirilməsi kimi başa düşülür. Mədəniyyət haqqında daha 
geniş yayılmış  təsəvvür insan fəaliyyətinin nəticəsi ideyasıdır. Bu ideyanı müxtəlif aspektdən şərh edənlər də 
var. Belə ki, bəzi tədqiqatçılar mədəniyyəti yalnız yaradıcı  fəaliyyəti özündə  əks etdirən fəaliyyət növü kimi 
dəyərləndirirsə, bir qisim tədqiqatçılar isə, reproduktiv fəaliyyəti də (yenidən hazırlama, üzünü çıxartma, 
təkrarlama) mədəni fəaliyyət kimi qiymətləndirir. 
Mədəniyyət fenomeninə sosioloji yanaşma onun ictimai həyatın təşkili amili kimi başa düşülməsinə 
imkan yaradır. cəmiyyət mədəni dəyər və sərvətləri yaradır, onlar isə öz növbəsində həmin cəmiyyətin inkişafını 
müəyyənləşdirir; dil, inam, estetik zövq və tələbatlar, biliklər, peşəkarlıq, müxtəlif adət və ənənələr. 
Bütün bu ənənəvi yanaşmalardan başqa mədəniyyətin öyrənilməsində aksioloji (və ya dəyərləndirmə) 
yanaşma da tədqiqatçılıqda mühüm mövqe tutur. Mədəniyyətə bu mövqedən yanaşma həmin fenomenə 
müəyyən dəyər və sərvətlərin kompleksi kimi dərkini nəzərdə tutur. Mədəniyyətin strukturu və ona yanaşmada 
dəyərlərin rolu qiymətləndirici məqamlarına görə müstəsnalıq təşkil edir. Bunlar ideal təsəvvürləri ilə 
uyğunlaşdırılaraq insan həyatına məna verirlər. 
Beləliklə, mədəniyyəti aksioloji mövqedən dərk etmək bəşəriyyət tərəfindən məqsədyönlü yaradılmış, 
qorunmuş və inkişaf etdirilmiş dəyər və sərvətlər toplusunun tanınması deməkdir. 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
10
1.3. Mədəniyyət və sivilizasiya 
 
Mədəniyyətlə bağlı olan anlayışlardan biri də «sivilizasiya»dır. Bu termin latın dilindəki «sivilis» 
sözündən götürülərək «vətəndaş», «mülk», «dövlət» mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt 
«inkişaf», «tərəqqi» mənalarında işlədirik.  Əlbəttə, «sivilizasiya» anlayışı özünün ilkin mənasında məhz bu 
məzmunu, yəni «tərəqqi»ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, «tərəqqi» yalnız müasiri olduğumuz bu günə 
aiddir. Amma əslində tarix boyu mədəniyyət və sivilizasiya anlayışları bir-birinə bağlı olmuşdur. Məsələn, 
qədim sivilizasiyalar haqqında  şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə, 
sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya, ilk növbədə insanların şüurunda, 
beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz 
həyatı və davranışını nizama salandan sonra başlayır. 
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda süqutun başlanğıcıdır. Bunu sübut etmək üçün 
tarixi mərhələlərin bir-birini əvəz edərək süqutlarının nümunəsi kifayətdir. Belə ki, onların süqutuna səbəb bu 
mərhələlərin özünəxas  ən yüksək inkişafı, xüsusilə, təsərrüfatın tərəqqisi idi. Tarixi inkişaf prosesinə uyğun 
olaraq sivilizasiyaların da formaları mövcuddur: quldarlıq, feodalizm, kapitalizm və s. 
İnkişafın bu tarixi dövrlərində sivilizasiya ilə  mədəniyyət eyni addımlamış  və  vəhdət təşki edərək bir-
birini tamamlamışdır. Sivilizasiya mədəniyyətin zəruri taleyidir. Görkəmli alman filosofu və kulturoloqu 
O.Şpenqlerə görə mədəniyyət potensialın açılması, imkanların gerçəkləşməsidirsə, sivilizasiya mədəni varlığın 
böhranı və sonudur. Yaxud, «Sivilizasiya mədəniyyətin qocalığıdır». Əgər bu ifadənin dərindən təhlilinə diqqət 
yetirsək məntiqi bir cavab əldə edərək, insan müdrikliyə qocalıqda çatdığı kimi, mədəniyyət də sivilizasiyaya 
sonda çatır. 
Görkəmli rus kulturoloqu N.A.Berdyayev isə yazır ki, hər bir mədəniyyətin sivilizasiyaya çatması 
labüddür. Bu, mədəniyyətin taleyidir. O, ölümlə  nəticələnir. Bəs mədəniyyət sivilizasiyadan nə ilə  fərqlənir? 
Görkəmli kulturoloqun fikirincə  mədəniyyət öz əsasına görə dini, sivilizasiya isə, dini deyildir. Mədəniyyətin 
kökü dini inamdan, ayindən gəlirsə, sivilizasiyada dünyəvi, bəşəri güc daha mühüm amildir. Mədəniyyət milli, 
sivilizasiya isə beynəlmiləldir. «Sivilizasiya bəşəri bir şəhərdir». 
Sivilizasiya haqqında fikirlərə L.Morqanın  əsərlərində  də rast gəlirik. O, bəşəriyyəti üç əsas mərhələyə 
bölməklə tarixi inkişafın sonuncu, üçüncü mərhələsini «barbarlıq», vəhşilikdən sonrakı tərəqqi kimi adlandırır 
ki, bu da sivilizasiyadır. 
Mədəniyyət və sivilizasiya anlayışlarını müxtəlif aspektlərdən tədqiq edənlərin hamısını bir nöqteyi-nəzər 
birləşdirir ki, bu da bir neçə məqam ilə izah edilir. Bunlar ilk növbədə aşağıdakılardır: birincisi «mədəniyyət» 
anlayışı «sivilizasiya» anlayışına nisbətən daha genişdir. Belə ki, «mədəniyyət» anlayışı  həm bir tayfa və ya 
birliyə, həm də miqyası olduqca geniş əraziyə aid ola bilər,. Məsələn, «Azərbaycanlıların mədəniyyəti» və ya 
«Avropa mədəniyyəti» və s; ikincisi, «mədəniyyət» özündə elmi-texniki tərəqqi ilə yanaşı, nəsillərdən ötürülən 
mənəvi - humanist varisliyi də  əhatə edir, «sivilizasiya»da isə maddi-istehsal üstünlüyü daha qabarıq  şəkildə 
özünü büruzə verir; üçüncüsü, «mədəniyyət» irqi və insan qruplarının milli-etnik xüsusiyyətləri ilə izah edilirsə, 
«sivilizasiya» daha ümuminsani, qlobal miqyası özündə  əks etdirir; və  nəhayət, dördüncüsü, «mədəniyyət» 
anlayışı dini başlanğıca malikdirsə, «sivilizasiya»da bunlar labüd deyildir. 
Bütün bu deyilənlərdən belə bir qısa nəticə  əldə etmək olar ki, mədəniyyətin kökündə daha çox mənəvi 
əsaslar, ideyalar durursa, «sivilizasiya»nın kökündə maddi amillər üstünlük təşki edir. 
İnsanlar mənən sivilizasiyaya çatmalıdırlar ki, maddidə onu həyata keçirə bilsinlər. Mədəniyyətin 
müxtəlif sahələrində, məs. incəsənətdə - musiqi, boyakarlıq, heykəltəraşlıq və digər növlərdə modern cizgilərin 
meydana gəlməsi texniki tərəqqi ilə incəsənətin qaynayıb-qarışmasına dəlalət edir. Xüsusilə rəssamlıqda mey-
dana gələn yeni – XX əsrin özünəxas xüsusiyyətlərini əks etdirən cərəyanlar (sürrealizm, modernizm, kubizm) 
sanki inqilab etmişlər. Bunun özü mədəniyyətdə sivilizasiyadır. 
Ancaq qəribəsi budur ki, mütəfəkkirlərin bir qismi müasir dövrümüzdə «mədəniyyətdə sivilizasiya» 
anlayışına müxtəlif aspektdən yanaşırlar. Onların bir qismi sivilizasiyanın bu günümüzə, digərləri isə, keçmişə 
aid olduğunu qeyd edirlər. Artıq yaşadığımız XXI əsrdə keçmiş  əsrin mədəniyyəti və sivilizasiyası haqqında 
daha aydın təhlil vermək asan olacaqdır. 
 
1.4. Mədəniyyətin tədqiqində müxtəlif məktəb və nəzəriyyələr 
 
 
İki  əsrə  qədər tarixi olan kulturologiyanın humanitar bilik sahəsi kimi formalaşmasında nəzəri 
konsepsiyaların böyük rolu olmuşdur. Bu kulturoloji nəzəri məktəblər mədəniyyət nəzəriyyəsinin bir elm kimi 
formalaşması, habelə  təkmilləşməsində  əhəmiyyətli yer tutmuşdur. Mədəniyyətin tədqiqində klassik kulturoloji 
məktəb və nəzəriyyələr kulturologiyanın nəzəri bünövrəsini təşkil edir. Nümunəvi əhəmiyyət kəsb edən bu klassik 
konsepsiyalardan  İ.Q.Gerder, N.Y.Danilevski, O.Şpenqler, Z.Freyd, P.Sorokin, A.Toynbinin nəzəriyyə  və 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
11
məktəblərinin adları mütləq sadalanmalıdır. Həm forma, həm də məzmun keyfiyyətlərinə görə bu nəzəriyyəçilərin 
kulturoloji təlimləri böyük əhəmiyyət kəsb edir. 
Alman filosofu İohann Qotfrid Gerder (1744-1803) Keniqsberq Universitetinin ilahiyyat fakültəsində 
təhsil alarkən İ.Kantın mühazirələrini dinləmiş və öz dövründə həyata şəxsi mütərəqqi baxışı ilə fərqlənmişdir. 
Onun fikirincə, insan təkamülün sonuncu məhsuludur.  İnsanı digər canlılardan fərqləndirən də  məhz 
mədəniyyətdir. Gerderə görə mədəniyyət həm təbiət, həm də insan təbiəti üzərində tikilini xatırladır ki, bu da 
eyni zamanda tarixi inkişafın nəticəsi və səbəbi kimi dəyərləndirilməlidir. Alman filosofuna görə mədəniyyətin 
ən mühüm elementləri dil, elm, peşə, sənətkarlıq, incəsənət, ailə münasibətləri, din və dövlətdir. Məhz bu 
xüsusiyyətlərinə görə Gerder mədəniyyəti hər hansı bir cəmiyyətin özəyi, başlanğıcı kimi qiymətləndirir. 
Gerderin mədəniyyət haqqındakı məşhur ifadəsindən biri təxminən aşağıdakı kimidir: «Əgər insan digərləri ilə 
bir yerdə yaşayırsa, deməli o, artıq mədəniyyətdən aralı, təcrid olunmuş hesab edilə bilməz, - mədəniyyət ona 
forma bəxş etməklə yanaşı, əksinə, onu eybəcərləşdirə də bilər, ənənələr insanı özünə cəlb etməklə onun başını 
və  bədəninin bütün üzvlərini formalaşdırır»( Qerder İ.Q. – İdei k filosofii istorii çeloveçestva. M., 1977, 
str.231.). 
Gerder mədəniyyətin tarixinə müxtəlif, bir-birindən təcrid olunmuş unikal mədəni dəyərlərin, sərvətlərin 
yaranma tarixi kimi yanaşır. Bu və ya digər mədəniyyətin inkişafı zahiri meyarlarala deyil, daxili stimulu ilə 
ölçülməlidir. Hər bir mədəniyyətin mövcudluğunun  əsas məqsədi, Gerderə görə, xoşbəxtlik həyəcanlarının 
bütövlüyü və  zənginliyindədir. Ona görə  də, təkamülün  əsas məqsədi, heç də  əqlin təkmilləşməsində, ictimai 
institutların «daha əlverişli qurulmasında» deyil, humanistliyin geniş vüsətindədir. Gerder mədəniyyətin ən ali 
məqsədini məhz bu ideyada – humanizmin yayılmasında görür. 
İ.Gerderin mədəniyyət konsepsiyasında özünəməxsus yer tutan məsələlərdən biri də  mədəni tərəqqi 
haqqındakı kulturoloji baxışlardır. Bu məsələ alman filosofu üçün o qədər də asan deyil. O belə fikirləşirdi ki, 
heç bir mədəniyyət özünün ardıcıl, eyni miqyaslı səviyyədə inkişaf tərəqqisi ilə öyünməməlidir; cəmiyyətdə elm 
və incəsənətin ayrı-ayrı sahələri kamillik səviyyəsinə çata bilər, lakin bu vəziyyət insanların tamahkarlıq və 
digər  əxlaqsızlığının aradan qaldırılması üçün əsas meyar hesab edilmir. Bir fəaliyyət sahəsindəki tərəqqi, 
inkişaf üstünlüyü, digər fəaliyyət üçün zəmin ola bilmir. Ona görə də mədəniyyətin hərtərəfli tərəqqisi, alman 
filosofunun məntiqi nəticəsinə görə qeyri mümkündür. 
İ.Q.Gerderin mədəniyyət haqqındakı mütərəqqi fikir və ideyaları özündən sonra gələn digər kulturoloji 
nəzəriyyə və kosepsiyalar üçün – zəngin mənəvi irs və mənbə rolunu oynayır. 
Mədəni təkamül haqqındakı  nəzəriyyələrin digər nümayəndələrindən biri də başqa bir alman filosofu 
Qeorq Vilhelm Hegel (1770-1831) sayılır. O, öz konsepsiyasında dünyəvi mənəvi mədəniyyət tarixinə xüsusi 
cəhdlə yanaşmışdır. Hegelin «ruh» haqqındakı  təlimi onun fəlsəfi sisteminin qayəsini təşkil etməklə, həm də 
kulturoloji nəzəriyyəsinə  də birbaşa təsir göstərmişdir. Estetikaya dair əsərlərində Hegel dünyəvi incəsənətdə 
simvolik, klassik, romantik formaların bir-birini əvəz etməsi qanunauyğunluqlarına da diqqət yetirmişdir. 
Özünün 1807-ci ildə yazdığı ilk fəlsəfi  əsərlərindən biri olan «Ruhun fenomenologiyası» adlı kitabında 
Hegel mədəniyyəti Allah tərəfindən törədilən «bəşəri zəka»nın insandan asılı olmayan yaradıcı qüvvələri üzə 
çıxarmasının qanunauyğun inkişafı kimi qiymətləndirir. Zəka müxtəlif ölkə  və xalqların bir-birini əvəz edən 
mədəniyyət formalarında təzahhür edir. Bu, ilk növbədə insanların dil və nitqində özünü əks etdirir. Fərdin 
mənəvi inkişafı «bəşəri ruh»un özünüdərkinin mərhələsini yaradaraq elm, mənəviyyat, din, incəsənət, siyasi-
hüquqi sistem proseslərinin idarəedilməsini təmin edir. 
Hegelə görə, mədəniyyətin mahiyyəti insanın bioloji başlanğıclarının üstünlüyü və ya görkəmli 
şəxsiyyətlərin yaradıcı  təxəyyülü ilə deyil, fərdin özündə  təbiət və tarixi birləşdirən dünyəvi kamilliyə 
münasibəti ilə ölçülür. Bu bütövlük və kamillik «bəşəri əql», «bəşəri ruh», «mütləq ideyanın» törəməsi olduğun-
dan yalnız maksimal bilik sayəsində ona nail olmaq mümkündür. 
«Təfəkkürün hərtərəfli,  əhatəli inkişafı  mədəniyyətin mütləq dəyəridir» fikri Hegelin mədəniyyət haqqında 
söylədiklərindəndir. 
XIX əsrin kulturoloji məktəbləri içərisində Nikolay Yakovleviç Danilevskinin (1822-1885) nəzəriyyələri 
də dünya kulturologiyasında özünəməxsus yer tutmuşdur. Danilevski «Rusiya və Avropa» adlı  əsərində 
mədəniyyətə  məkan-zaman prizmasından yanaşmışdır. Bu mənada Danilevski tərəfindən irəli sürülən  əsas 
müddəaların qısaca məzmunu ondan ibarətdir ki, mədəniyyətin inkişaf tarixində vahid qanunvericilik norması 
olmasa da, öz qanunlarına müvafiq yanaşan və bir-birinin yaşamasına kömək edən ayrı-ayrı  mədəniyyət 
tarixlərinin ümumi toplusu mövcuddur. Hər bir mədəniyyət özünəxas mövcudluq, forma, xarakteristika və 
taleyə malikdir. Həm də  hər bir mədəniyyət digərlərilə ölçüyə  gələ biləcək ekvivalent muxtariyyat sisteminə 
məxsusdur. Mədəniyyətlər öz inkişaf proseslərində müəyyən dövrlər keçirlər. 
Danilevskinin bu müddəalarından belə bir ümumi nəticəyə  gəlmək olar ki, bəşəriyyətin yeganə 
mədəniyyəti – bir-birinə  sıx  şəkildə çulğalanmış bütöv və mürəkkəb mədəni təşkiletmə formalarının 
ansamblıdır. 
N.Y.Danilevski xalqların inkişafını tarixi fazaların qanunauyğunluqları ilə arqumentləşdirməyi qəbul 
etmədiyindən tarixin «qədim», «orta», «yeni» dövr və mərhələlərə bölünməsini düzgün hesab etmir. Müəllif bu 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
12
məqsədlə, tərəqqiyə özünün «morfoloji prinsip»i aspektindən yanaşaraq bütün xalqların eyni istiqamətə doğru 
irəliləyişini tərəqqi hesab etmir. Onun fikirincə, heç bir sivilizasiya tarixdə və ya müasirlərindən ən uca nöqtədə 
durması ilə fəxr etməməlidir. 
Kürreyi – ərzi öz həyati dəyər və qüvvələrinə, potensiallarına görə müxtəlif etnik qruplaşmalar əhatə edib 
və etməkdədir. Onları üç əsas qrupda təsnif etmək olar. Bunlardan birinciləri digər qruplaşmaların tərəqqisinə 
münbit  şərait («etnoqrafik material») yaradan və daha əhatəli  şəkildə  mədəni-tarixi tip kimi formalaşmağa 
imkan tapmayan xalqlardır. Digərləri, məsələn, sivilizasiyanı dağıdan hunlar, türklər və monqollar «Allahın 
nöqsanları»dır. Yalnız üçüncülər unikal keyfiyyətləri ilə seçilən müstəqil-tarixi tipdir. Bu tiplərin inkişaf 
dinamikasında bioloji anologiya amilləri də mühüm rol oynayır. Danilevskinin fikirincə, mədəni-tarixi tip 
təşəkkül tapır, inkişaf edir, ya öz əcəli, ya da daha güclü və gənc birliklərin səyi nəticəsində ölümə məhkumdur. 
Muəllifin hesablamalarına görə, hər mədəni-tarixi tipin yaşama, ömürsürmə dövrü 1500 ili əhatə edir. O, 
bəşəriyyət tarixində 10 müstəqil mədəni-tarixi tip müəyyənləşdirmişdir: misir, yəhudi; çin; haldey və ya qədim 
semit; hind; iran; roma; yeni semit və ya ərəb; alman-roman və ya avropa. Bunlara daha ikisini – amerikan və 
peruanı  də  əlavə etmək olar. Bu təsnifatdan göründüyü kimi, görkəmli kulturoloq slavyan mədəni-tarixi tipi 
haqqında söz belə açmır. 
Yuxarıdakı təsnifatda adları qeyd olunan mədəni-tarixi tiplərin əsas beş qanunu da Danilevski tərəfindən 
yaradılmışdır. Qanunda belə qeyd olunur ki, ayrıca müstəqil dil və dillər qrupuna xas olan xalq, tayfa, qəbilələri 
ən dərin fəlsəfi düşüncələri olmadan belə mədəni-tarixi tip hesab etmək mümkündür.  
İkinci qanunda isə deyilir ki, mədəni-tarixi tip sivilizasiyası üçün siyasi müstəqillik məcburi və zəruridir. 
Üçüncü qanunda göstərilir ki, bir tarixi-mədəni tipin sivilizasiya başlanğıcı digər tipin xalqlarına ötürülmür. Hər 
bir mədəni-tarixi tip bu qanunu əvvəlki və müasir sivilizasiyaların özünə yad təsirlərin az və çox səviyyələrində 
üzə çıxarır. Danilevskinin bu qanunu digər nəzəriyyəçi-kulturoloq tərəfindən çox kinayə ilə qarşılandı. Çünki bu 
qanunda müəllif mədəniyyətin varislik mexanizminin üç mühüm variantda mümkünlüyünü zəruri hesab edirdi: 
birincisi köçürülmədir ki, burada mədəni-tarixi tipin digərinə köçürülməsi nəzərdə tutulur (yunanların öz 
mədəniyyət ocaqlarını Qara dəniz sahillərində olduğu kimi); ikincisi - ötürülmə (İskəndəriyyə mədəniyyətinin 
Misirə ötürülməsi kimi); üçüncüsü isə, ölməkdə olan sivilizasiyanın yeni mədəniyyət üçün əlverişli münbit 
şərait yaratmasıdır. Dördüncü qanunda hər bir mədəni-tarixi tipin sivilizasiya səviyyəsinə məxsusluğu zərurəti 
irəli sürülür. Beşinci qanunda isə. mədəni-tarixi tipin inkişaf prosesi bitkilərdə olduğu kimidir. Onun inkişafına 
doğru irəliləyiş yolu uzun, onun çiçəklənmə  və  məhsulvermə dövrü nisbətən qısadır ki, bu da mədəniyyətin 
süqutu üçün zəmin rolunu oynayır. 
Danilevskinin mədəni-tarixi tiplər haqqındakı konsepsiyası kulturologiyanın nəzəri  əsaslarının tərtibində 
müstəsna rol oynayır. 
Mədəniyyətin morfologiyası haqqında nəzəriyyə yaradan digər dünya kulturoloqlarından biri də alman 
alimi Osvald Şpenqler (1880-1936) hesab edilir. Onun «Avropanın qürubu» adlı  əsəri müəllifə dünya şöhrəti 
gətirdi.  İlk çağlarda  Şpenqler plagıatlıqda günahlandırılaraq Danilevskinin müddəalarından çıxış etməkdə  və 
kulturoloji elmi nəticələrini oğurlamaqda təqsirləndirildi. O, əsər nəşriyyatdan çıxdıqdan sonra burada böyük 
haqsızlıq olduğunu sübüt etdi. O, özünü Höte və Nitsşenin sələfi adlandıraraq bununla fəxr edirdi.  
O.Şpenqlerin metodoloji prinsiplərindən birini təbiət və tarixin məhdudluğu haqqında fikirlər təşkil edir. 
Onun fikirincə, dünyanı  həm təbiət kimi, həm də tarix kimi dərk etmək mümkündür. Birinci halda, məkan 
fiksasiyasına istiqamətləndirilmiş  vəziyyət nəzərdə tutulur. Riyazi prinsipləri rəhbər tutaraq qanunları 
formalaşdırmaq və formulları  tərtib etmək mümkündür. Bu qaydaları R.Dekart, İ.Kant,  İ.Nyuton da əsas 
götürürdü. Rasionallıq yalnız cansızları, həyatdan məhrum olmuşları, mexaniki strukturları yarada bilər. 
Dünyaya canlı orqanizm kimi yanaşdıqda o, tamam özgə  mənzərə  bəxş edir. Dünya tarix kimi zamana 
istiqamətləndiyindən burada baş verən fasiləsiz proseslər tale ideyasının formalaşmasına zəmin yaradır. 
Şpenqlerə görə, mədəniyyət – sözün əsil mənasında canlı bir orqanizmdir. O, «tarixi şəxsiyyət» olub, 
təkrarolunmaz «fizioqnomik xasiyyətlər»in kompleksini birləşdirir. Ona görə də mədəniyyət tarixi hadisə olaraq 
xalqın taleyini müəyyən edir və xalqın taleyi ilə müəyyən olunur. Şpenqler öz ritmi, taktı olan səkkiz mühüm 
mədəniyyət növünü təsnif edir; misir, hind, babil, çin, «apollon» (yunan-roma), «sehrli, magik» (bizans-ərəb), 
«faust» (Qərbi Avropa) və mayyaların mədəniyyəti. Bununla yanaşı, müəllif rus-sibir mədəniyyətinin təşəkkülü, 
formalaşmasını da istisna etmirdi. 
Danilevski kimi, Şpenqler də metaforaya istinad edir: canlı orqanizmlər kimi, mədəniyyətlər də doğulur, 
yetkinləşərək köhnəlir və süquta uğrayır. Danilevskidən fərqli olaraq alman kulturoloquna görə bu yanaşma tsikli 
1000 ili ahətə edir. Şpenqlerə görə, mədəniyyətlər bir-biri ilə qovuşmazdırlar. Köhnə mədəniyyətdən qalan hər nə 
varsa, yeni mədəniyyət onu öz ritmi, taktı və inkişaf istiqamətinə cəlb edir. Hər bir mədəniyyət özünün ilkin elementi 
olan «ruhu» ilə  çıxış edir. Bu «ruh», həmçinin xalqın sosial-siyasi marağını ifadə edir. Özünün aktiv yaradıcı 
fəaliyyətində  mədəniyyət sivilizasiya fazasına daxil olur. Şpenqlerin fikirincə, müasir Qərbi Avropa mədəniyyəti 
özünün bu çağını yaşayır. 
Mədəniyyətdən sivilizasiyaya keçid bütün xalqların keçdiyi qanunauyğun mərhələdir. Bu mərhələnin səciyyəvi 
xüsusiyyətlərində  Şpenqler bəzi məqamlara diqqət yetirir. Onun fikirincə, poetik bədii yaradıcılıq öz növbəsini 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
13
idmana verir; siyasət sahəsi daha üstünlük kəsb edir; əgər mədəniyyət dərinliyə nüfuz edirsə, sivilizasiya «eninə», 
yəni siyasi üstünlüyün qazanılmasına meyl edir, (siyasi ekspansiya), elm incəsənət, siyasət və iqtisadiyyata tabe olur. 
Bədii sahədəki yeniliklər böyük sensasiya və qovğalarla qarşılanır və s. Şpenqlerin fikirincə, sivilizasiyanın bu 
keyfiyyətlərindən qorxmaq və çəkinmək deyil, əksinə, onlarala barışmaq lazımdır. 
Müasir kulturoloji nəzəriyyə  və konsepsiyalarda Z.Freydin (1856-1939) fikirləri müstəsnalığı ilə  fərqlənir. 
Freydçi kulturologiyanın dərk edilməsində başlıca amil sublimasiya kateqoriyasıdır; yəni razılıq və  təsdiqin 
alınmasında vacib olan gərginlik məkanının – instinktiv impulsun – psixi enerjinin dərkidir. Freyd mədəniyyət 
problemlərini bir sıra əsərlərində şərh etmişdir. Bunlardan «Yuxu və mif» (1907), «Leonardo da Vinçi», «Uşaqlıq 
xatirələri» (1910), «Totem və Tabu» (1913), «Kütlə psixologiyası  və insan Məninin təhlili» (1921) və b. Freyd 
kulturologiyasının vacib zəmini biogenetik qanundur; yəni ontogenez (orqanizmin fərdi inkişafı), filogenez 
(orqanizmlərin tarixi inkişafı), daha doğrusu, vaxtilə insan təkamülü prosesində baş verənlərin fəaliyyətinin 
təkrarlanması.  
Mədəniyyətin mövcudluğu və təkamülü qanunauyğunluqlarının təhlilində Freyd pozitiv mövqedən çıxış 
edərək orqanizmlərin real mövcudluq təcrübəsinə  əsaslanırdı. Fərdiyyət – ümuminin maketidir, lakin ümumi 
özü fərdilikdən irəli gəlir. Bu prinsipini Freyd, həmçinin etnoqrafiya, dinşünaslıq, sosiologiya, etika, estetika və 
o cümlədən kulturologiyaya da şamil etmişdir. 
Beləliklə, insan və onun psixikası şüur və rasional səviyyəyə uyğun deyil. Onun altında şüur kompleksi 
yerləşir ki, bu da fərdi həvəs və istəklərin həyati enerjisini yaradır. Freyd tərəfindən bu səviyyə «O» (Ld) 
adlandırılır. Həyati rol oynayan səviyyələrdən birini də «Fövqəl-Mən» (Super-Ego) oynayır. Bu səviyyə insanın 
fərdi həyatının təsirini  əhatə edən səviyyədir. Bu səviyyə filogenetik keçmişin (irsi tarix) təsiri ilə 
proqramlaşdırılır ki, buraya da qadağa və normalar aiddir. Üçüncü, orta səviyyə isə, «Mən» (Ego) şüurudur ki, 
çox hallarda bu səviyyə insanın arzu, cəhd və istəklərini ifadə edir. «Mən» «Fövqəl Mən» və «O» arasında asılı, 
tabeçi bir hissədir. 
Beləliklə, Freydə görə  mədəniyyət ontologiyalaşı (daha doğrusu o, məişətçilik statusu əldə edir). İnsan 
mədəniyyətində Freyd fövqəltəbii, mistik və  tərbiyəvi heç bir əlamət görmür; mədəniyyətin inkişafı bioloji 
təkamüldən heç də zərrə qədər fərqlənməyən bir hadisədir ki, o da canlıların ümumi qanununa tabedir. Freydə 
görə mədəniyyət tərbiyə vasitəsilə deyil, irsiyyətin bioloji mexanizmi ilə ötürülür. 
Özünün «Mədəniyyətdən narazılıq» adlı  əsərində Freyd mədəniyyətə insan mahiyyəti üçün onun vacib, 
zəruri və təbii nöqteyi nəzərindən yanaşır. Başqa sözlə, «Mədəni insan»ın öz məqsəd və arzularını tam şəkildə 
həyata keçirməyə qadirolma cəhdlərinə malik ola bilməsi imkanları öyrənilir. 
Z.Freyd insan mədəniyyəti üçün aşağıdakı  tələbləri mühüm sayır: təmizlik, gözəlliyə ehtiram) intizam; 
Psixi fəaliyyətin ali formalarına intellektual, elmi və  bədii nailiyyətlərə hörmət. Bütün bu tələblər insanlar 
arasındakı münasibətləri tənzimləməyə vasitədir. Freyd insan mədəniyyəti haqqında belə bir qənaətə  gəlir ki, 
mədəniyyət insanın təbii tələbatlarına az cavab verir, o, insanın azadlığını məhdudlaşdırır. İnsan mədəniyyəti bir 
çox istək və  həvəslərin uzaqlaşdırılması  əsasında formalaşdığı üçün burada tələbatların tam şəkildə 
ödənilməsindən söhbət gedə bilməz.  Əslində  mədəniyyət insanı  bədbəxt edir. O, məhdudiyyətlər sistemidir. 
Freydin nəticə çıxardığı müddəalar bunlardır. 
Müəllifə görə, insan təbiətin ona bəxş etdiyi həvəs və istəklərə çatmağa cəhd göstərir.  Əsil xoşbəxtlik 
bundadır! Mədəniyyət ya patoloji meyl yaradaraq həvəs və istəyi təhtəlşüur səviyyəsində  sıxır, ya da həvəsi 
əvəz edən başqa bir vasitə axtarır. 
Mədəniyyətin tərəqqisi mahiyyətinə qadağaların çoxalması, təzyiqin yüksəlməsi daxildir. Tarixi planda 
Freydə görə ilkin mədəni akt qohumlar arasındakı cinsi əlaqələrin qadağasında və arxaik dövrlərdə «oğullar» 
tərəfindən «atanın» öldürülməsindən sonrakı peşimançılıqdan başlanır. Bunlar insanların sürü formasında 
yaşadığı dövrə təsadüf edir. 
Beləliklə, Freydin mədəniyyət anlayışına aşabıdakı aspektlər daxildir: 
- Mədəniyyət sublimasiyanın nəticəsidir; 
- Mədəniyyət sosiallaşmanın  əsrlərələ  sınanmış vasitəsi kimi çıxış edərək bu təcrübəni fantaziya, yuxu, 
mif, oyun və s. kimi təzahür etdirir; 
- Mədəniyyət aqressivliyin qoruycusu mexanizmi kimi çıxış edir; 
- Mədəniyyət ictimai qüvvə kimi insan fərdiyyətinin təzahürünə istiqamətləndirilir. 
Freydin kulturoloji konsepsiyası kulturologiya nəzəriyyəsinin inkişafında özünəməxsus rol oynayır. 
XX  əsrdə kulturoloji məktəbin görkəmli simalarından biri də Pitirim Aleksandroviç Sorokindir (1889-
1968). Onun mədəniyyət problemlərinə  həsr olunmuş dördcildlik məşhur  əsəri «Sosial və  mədəni dinamika» 
adlanır. Əsərdə müəllifin sosioloji ideyaları kulturoloji konsepsiyanın əsasıda ifadə olunur. 
Ən qədim zamanlardan mədəniyyəti tədqiq edən P.Sorokin sistemli metoddan (çarpaz, tematik) istifadə 
edərək bu və ya digər tarixi mərhələlərin ardıcıl şərhini əks etdirir. Müəllif özünün nəzəri nəticələrini cədvəl və 
qrafiklərlə ifadə edərək statistik materiallarla şərh edir. Müəllifin sonda gəldiyi fikrə görə, hər bir cəmiyyət 
özündə üç mühüm aspekti – əşyalar aləmini (konkret əşyalar), subyektiv aləmi (insan) və transsubyektiv aləmi, 
(ruhi mahiyyət, ideyalar, fikir, düşüncə) kəsb edən sosial-mədəni sistemdir. Cəmiyyəti onun simvolik 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
14
(fovqəlüzvi) komponentinə – digər dəyər, norma və mənəvi sərvətlərinə görə təyin etmək və başa düşmək olar 
ki, bu da mədəni xassədir. Mədəniyyət – bir-biri ilə qarşılıqlı əlaqədə olan insanların mənsub olduqları dəyərlər, 
normalar toplusudur. P.Sorokinin fikirncə, mədəniyyət geniş mənada özünün inkişaf mərhələsində cəmiyyətin 
əldə etdiyi topludur. Bu inkişaf prosesində müxtəlif mədəniyyət sistemləri formalaşır: dini, etik, estetik, hüquqi 
və s. Bütün bu mədəni sistemlərin başlıca xüsusiyyəti onların ali səviyyədə birləşmə tendensiyasıdır. Bu 
tendensiyaların inkişafı prosesində  mədəni fövqəl-sistemlər formalaşır. Sorokinin sözlərinə görə, bu mədəni 
fövqəltəbii sistemlər «özünün mentallığı, həqiqət və biliklərin xüsusi sistemi, müstəqil fəlsəfi və dünyagörüşü, 
dini və «müqəddəslik» nümunələri, hüquqi təsəvvürləri, incəsənət formaları, davranış kodeks və qanunları, 
sosial münasibətlərin üstünlük təşkil edən formaları, iqtisadi, siyasi təşkilatları, mentalitet və davranışına xas 
xüsusi şəxsiyyət tiplərinə xasdır». 
Müəllif dəyərləri hər hansı bir mədəniyyətin əsası və özəyi hesab edir. Dəyərlərin dominantlıq xüsusiyyətlərinə 
görə Sorokin mədəni fövqəlsistemləri üç tipdə təsnif edir: ideasional, idealist və hissi. 
Mədəniyyətin ideasional sistemi yeganə reallıq və  dəyərlənən nümunəsi olan Allahın fövqəlhissi və 
fövqələqli prinsipinə əsaslanır. Mədəniyyətin bu tipinə Sorokin ilk öncə, orta əsrlər Avropa mədəniyyətini aid 
edir. Müəllifin sözlərinə görə, bu mədəniyyətdə «hakim əxlaq və ənənələr, həyat tərzi, təfəkkür tərzi ali və son 
məqsəd olan Allahla vəhdət təşkil edir». Sorokin bu mədəniyyət tipinə  həmçinin, Hindistanın Brahman 
mədəniyyətini, b.e.ə. VIII və VI əsr yunan mədəniyyətini, Budda və Laoist mədəniyyəti aid edir. 
Mədəniyyətin idealist sistemini isə Sorokin ideasional və hissi sistem arasındakı mədəniyyət kimi qəbul 
edərək onun dəyərinin Aya, Göyə, Yerə istiqamətlənməsini söyləyir. Obyektiv reallığın bir qisminin fövqəlhiss, 
bir qismini isə hisslər təşkil etdiyindən bunların sonsuz rəngarəngliyi nəzərə çarpır. Sorokin bu tipdən olan 
mədəniyyətə b.e.ə. V-IV əsrlərdə qədim yunan və XIII-XIV yüzilliklərin Qərbi Avropa mədəniyyətini aid edir. 
Mədəniyyətin müasir tipi Sorokinə görə hissi mədəniyyətdir. O, aşağıdakı prinsipə əsaslanır: «Obyektiv 
gerçəklik, onun mahiyyət və mənası hiss ediləndir». «Yalnız gördüklərimiz, eşitdiklərimiz, dərk etdiklərimizi öz 
duyğu orqanlarımız vasitəsilə  mənimsədiyimizə görə, onlar real və ideal məna kəsb edəndir!». Hissi 
mədəniyyətin formalaşması XVI əsrdən başlayaraq XX əsrin ortalarınadək davam edir. Bu mədəniyyət 
dindənəəə. Əxlaq və ideasional mədəniyyətin digər dəyərlərindən azad olmağa cəhd göstərir. Bu mədəniyyətin 
əsas qəhrəmanları – fermerlər, fəhlələr, evdarlar və hətta cinayətkarlardır. 
Müasir «hissi» mədəniyyət Sorokinə görə qürub etməkdədir. Lakin bu heç də insan mədəniyyətinin tamamilə 
süqutu demək deyildir. Müəllifin fikirincə, heç bir mədəniyyət sonsuz deyil, özünün imkan dairəsinə görə bütün 
mədəniyyətlər məhduddur. Onun dediyinə görə, insan yaşadıqca mədəniyyət də olub və olacaqdır. 
Beləliklə, mədəniyyətin yaranması, inkişafı tarixində onu müxtəlif mövqelərdən şərh edən kulturoloqların 
nəzəriyyə, təlim və konsepsiyalarını ümumiləşdirən yeganə  cəhət ondan ibarət idi ki, mədəniyyət – bəşəri, 
dünyəvi bir ictimai hadisə olmaqla cəmiyyətin həyatında mühüm rol oynamış, insan əqlinin, zəkasının məhsulu 
kimi dəyərləndirilməlidir. 
 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
15

Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin