7.2. Dəniz nəqliyyatının dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyəti
Hələ orta əsrlərdən başlayaraq bir çox dünya ölkələri gəmiçiliyin inkişaf etdirilməsi ilə baglı tarixi işlər görmüşlər. Gəmiçilik və yaxud dəniz nəqliyyatı digər nəqliyyat sahələrinə nisbətən, xüsusilə dəmiryolu və avtomobil nəqliyyatı ilə müqayisədə qədimdir. Bu nəqliyyat növü bir sıra əlverşli meyarlarına görə dünya nəqliyyatı sistemində və bir çox dünya ölkələrinin iqtisadi inkişaf proseslərində əhəmiyyətli mövqeyə malikdir. Dəniz nəqliyyatının bir qrup üstünlükləri diqqəti cəlb edir:
bu nəqliyyat növünun beynəlxalq marşrutlurının əksər hissəsi təbii resurslar hesabına formalaşır və buna görə də nəqliyyat xidmətinin maya dəyəri digər nəqliyyat xidmətlərinə nisbətən xeyli ucuzdur. Bu amil dəniz nəqliyyatı xidmətnin əhəmiyyətini olduqca yüksəldir;
dəniz nəqliyyatı təbii dərin su yollarına malik olması ilə, yükgötürmədə məhdudiyyət qoyulmaması səbəbindən və davamlı, yəni fasiləsiz hərəkət etmək imkanlarının mövcudluguna görə də güclü potensiala malikdir;
bir çox dünya ölkələrinin okean suları əhatəsində yerləşdiyini nəzərə alsaq, cografi baxımdan dəniz nəqliyyatı belə ölkələr üçün strateji-həyati əhəmiyyət kəsb edir və s.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində güclü infrasttuktura malik dəniz nəqliyyatı sektoru və Beynəlxalq dəniz daşımaları potensialı formalaşdırılmışdır. Məsələn, Böyük Britaniya və Yaponiyada ümumi beynəlxalq ticarət daşımalarının 98%-i, ABŞ-da isə 90%-i dəniz nəqliyyatının payına düşür. Ümumilikdə isə beynəlxalq yük daşımalarının 60 %-dən çoxu gəmiçilik nəqliyyatı sektoruna aiddir. Bir çox Beynəlxalq nəqliyyat təşkilatlarının məlumatlarında XXİ əsrin birinci onilliyinin yekunlarına əsasən dünya üzrə ümumi yük dövriyyəsinin intensivliyi ildə orta hesabla 31000-32000 mlrd ton/km qeyd olunmuşdur. Bu dövriyyə hesabına dünya üzrə daşınan yükün ümumi həcmi ildə orta hesabla 5100-5200 mln/ton təşkil edir.