C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə1/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
  1   2   3   4   5   6   7   8   9   ...   43
C.Ə.Feyziyev, F.N.İbrahimov, S.R.Bədiyev

D İ D A K T İ K A

Bakı – Mütərcim – 2011

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı

AMEA-nın Şəki Regional Elmi Mərkəzi



Mənalı ömrünün 60 ilini Böyük Dəhnə kənd məktəbində yetişməkdə olan nəslin təlim-tərbiyəsi işinə həsr etmiş Əsmayə Şirin qızı Feyziyevanın əziz xatirəsinə ithaf olunur.
Elmi redaktor: pedaqoji elmlər doktoru, professor Y.Ş.Kərimov

Rəyçilər:

Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə

Psixologiya elmlər doktoru, professor Ramiz Əliyev

Fəlsəfə elmlər doktoru, professor Fərman İsmayılov

Pedaqogika üzrə fəlsəfə doktoru, professor Ramiz Məmmədzadə

Pedaqogika üzrə fəlsəfə doktoru, professor Mircəfər Həsənov

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nurəli Çələbiyev

C.Ə.Feyziyev, F.N.İbrahimov, S.R.Bədiyev.

Didaktika Bakı: Mütərcim, 2011. – 655 səh.

Vəsaitin məzmununda təhsil və təlim haqqında nəzəriyyə əhatə olunur. Təh­silin məqsədi, məzmununa, təşkilinə dair ümumi tələblər, dövlət təhsil si­ya­sə­ti­nin əsas prinsipləri, təhsil sisteminin quruluşu, təhsil standartları, ümumi orta təh­silin məzmun islahatları, təhsil proqramları (kurikulum), ümumi orta təhsilin fəl­səfəsi, pedaqoji sistemləri idarəetmənin mahiyyəti, prinsipləri, idarəetmənin təş­kili modelləri, təhsilvermə modelləri, xüsusi təhsil, de-institutlaşdırma, dövlət dərs­lik siyasəti, təlimin “sistem” anlayışı vasitəsi ilə elmi şərhi, təlimin kom­po­nent­­ləri, invariantları, prinsipləri, müasir təlim texnologiyaları və digər mə­sə­lə­lə­rin interpretasiyası kitabda məzmun elementləri kimi seçilmişdir.

Vəsait pedaqoji təmayüllü orta ixtisas və ali təhsil (bakalavriat) mü­əs­si­sə­lə­rinin tələbələri, əlavə təhsilə cəlb olunan müdavimlər və orta ümumtəhsil mək­təb­lərində çalışan müəllimlər üçün nəzərdə tutulmuşdur.

© C.Ə.Feyziyev, F.N.İbrahimov, S.R.Bədiyev, 2011


ÖN SÖZ
Respublikamızda uğurla həyata keçirilməkdə olan davamlı təhsil islahatları, innovativ yeniləşmə və dünyanın qabaqcıl ölkələrinin təhsil məkanına inteqrasiya prosesi təhsilin bütün pillələrində məzmun islahatlarının genişləndirilməsi zərurətini qarşıya qoyur.

Nəticəyönümlü və şəxsiyyətyönümlü təhsil konsepsiyası milli təhsilimizin prioriteti və strateji xətti kimi qəbul edilmiş, onillliklər boyu əldə edilmiş təcrübənin bazasında modernləşmə xətti konseptual bir problem kimi yeni, novator ideyaların tətbiqinə geniş meydan açmışdır. Dünyada baş verən siyasi, iqtisadi, sosial və mənəvi dəyişikliklər rəqabətədavamlı, yüksək intellektli, geniş elmi dünyagörüşünə, nəzəri və praktik biliklərə yiyələnmiş gənc nəslin yetişdirilməsi zərurətini irəli sürür.

Müasir şəraitdə cəmiyyətin sosial-iqtisadi və elmi-texniki inkişafı istehsal fəaliyyətinin məzmununun və onların subyektləri arasında qarşılıqlı əlaqələrin sürətlə dəyişməsi ilə xarakterizə olunur. Bu proses öz növbəsində hər bir fərdin şəxsiyyət, yaradıcı fəaliyyətin subyekti kimi inkişaf etməsinə yönəlmiş və bunun gerçəkləşməsinə təminat verən “Milli Təhsil Konsepsiyası”na keçilməsini tələb edir. Bu konsepsiyaya əsaslanan yeni təhsil modelləri sırasında dünyanın inkişaf etmiş ölkələrinin də uzun illər boyu bərqərar olmuş və nəticələri ilə özünü doğrultmuş təhsil modelinə üstünlük verilir.

Müasir qloballaşan dünyada cəmiyyətin sürətlə informasiya-laşması və demokratikləşməsi prosesləri “sosial kapital” olan təhsilin artan roluna daha üstün dəyər verilməsi meylləri ilə müşayiət olunur. İndiki dövrdə təhsil hər bir ölkə üçün milli məsələyə, milli-mənəvi və sosial-iqtisadi tərəqqinin əhəmiyyətli və təsirli amillərindən birinə çevrilməkdədir. Respublikamızda təhsil sahəsində dövlət islahatları təhsilin məzmununun, təşkili formalarının, metod və texnologiyalarının yeniləşdirilməsi və zənginləşdirilməsi istiqamətində mütərəqqi yeniləşmələr artıq öz bəhrəsini vermək-dədir.

Son illər respublikamızda təhsilin mükəmməl qanunvericilik və etibarlı hüquqi-normativ bazası yaradılmış, ənənəvi təhsildən müasir təhsil modelinə keçid prosesi geniş vüsət almışdır.

Hər bir cəmiyyətdə sosial-mədəni fenomen olan təhsilalma və təhsillən-dirmə prosesi həmin cəmiyyətdə formalaşan, böyüyən gənc nəslin – təhsilalanların elmi biliklər, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, şəxsiyyətə məxsus keyfiyyətləri mənimsəməsi prosesi kimi səciyyələndirilir. Hər bir dövlətin mükəmməl təhsil sistemi və bu sahədə qazandığı təcrübə həmin ölkənin milli-mənəvi sərvəti, milli rifah və tərəqqiyə sərf edilən əsaslı kapitaldır.

Yaşadığımız XXI əsrin meqameylləri içərisində maarifçilik ənənələrindən mütərəqqi təhsil konsepsiyasına keçid prosesi artıq reallığa çevrilmişdir. Ömrü tükənməkdə olan texnogen sivilizasiya YUNESKO tərəfindən “təhsil əsri” elan edilmiş XXI əsrdə öz yerini informasiya cəmiyyətinə güzəştə getməyə məhkumdur. Dünyanın məşhur pedaqoq-nəzəriyyəçiləri yeni nəslin informasiya cəmiyyə-tinə optimal adaptasiyasını təmin etmək üçün qlobal problemlərdən biri olan “XXI əsr üçün təhsil” ideyası üzərində araşdırmalarını davam etdirirlər.

II Dünya müharibəsinin ibrət dərsləri dünyanın güc mərkəzləri olan böyük dövlətləri taleyüklü seçim qarşısında qoymuşdu: daha artıq dərəcədə və qəti olaraq müəyyən edildi ki, təhsil hər cür inkişaf və tərəqqinin başlıca və tükənməz mənbəyidir.

Ötən əsrin 50-ci illərindən başlayaraq keçmiş SSRİ-də təhsilə yeni yanaşmalar, optimal konsepsiyaların işlənilib hazırlanması istiqamətində pedaqoq və psixoloq alimlərin elmi araşdırmaları davamlı xarakter almağa başladı və bir sıra didaktik konsepsiyaların həyata vəsiqə alması ilə başa çatmış oldu.

Bu konsepsiyalardan biri XX əsrin 50-ci illərinin sonunda görkəmli rus psixodidaktı L.V.Zankovun rəhbərliyi altında həyata keçirilən kiçik yaşlı məktəblilərin idrak imkanlarının ənənəvi pedaqogikada göstərilən səviyyədən yüksək olması ideyasına əsaslanan ibtidai təlimin yeni sisteminin yaradılması ilə başa çatan konsepsiyadır.

L.V.Zankovun didaktik sistemi aşağıdakı əsas prinsiplərə əsaslanmışdır:

- təlimin yüksək çətinlik səviyyəsində qurulması;

- proqram materiallarının öyrənilməsində sürətli temp;

- təlimdə nəzəri biliklərin aparıcı rolu;

- şagirdlər tərəfindən təlim prosesinin dərk edilməsi;

- daha zəif şagirdlər də daxil olmaqla bütün şagirdlərin inkişafı üzrə məqsədyönlü və sistematik iş.

XX əsrin 60-cı illərində keçmiş SSRİ-də görkəmli rus psixoloqları V.V.Davıdov və D.B.Elkoninin rəhbərliyi altında çoxsaylı tədqiqatçılar qrupu insanın psixi inkişafında kiçik məktəb yaşı dövrünün rolunun öyrənilməsi istiqamətində elmi-psixoloji araşdırmalara start verildi. Nəticədə müəyyən edildi ki, bu yaş dövründə şagirdlərin mücərrəd-nəzəri təfəkkürünü və davranışın özünüidarə formalarını inkişaf etdirməklə xüsusi təhsilləndirici vəzifələri yerinə yetirmək mümkündür.

Ötən əsrin 60-70-ci illərində meydana gələn yeni didaktik konsepsiyalarından biri də “Problemli təlim” konsepsiyası adlanırdı. Bir qədər sonra 80-90-cı illərdə meydana gələn yeni didaktik və psixodidaktik konsepsiyalar sırasında aparıcı ideyalar “şagirdlərin inkişafı üçün onlarda fikri əməliyyatların formalaşdırılması” (N.N.Pospelov), “təlim vəzifələrinin həllinə xidmət edən təlim işi priyomlarının, təfəkkür əməliyyatlarının formalaşdırılması” (E.N.Kabanova - Meller) üstünlük təşkil edirdi.

Bu dövrdə yaranan didaktik konsepsiyalar sırasında “Şəxsiyyətin inkişafı konsepsiyası” adlanan (A.Q.Asmolov, L.İ.Bojoviç, V.P.Zinçenko, V.S.Muxina, A.V.Petroviski, D.İ.Feldşteyn) konseptual yanaşma öz orijinallığı ilə fərqlənirdi. Təhsilə yeni yanaşmalar fonunda 90-cı illərdə keçmiş SSRİ məkanında demokratizm, bərabərlik və tərəfdaşlıq kimi novator ideyalara əsaslanan “əməkdaşlıq pedaqogikası” meydana gəlmiş oldu. Novator pedaqoqlar kimi tanınan Ş.A.Amonaşvili, S.N.Lisenkova, İ.P.Volkov, V.F.Şatalov, E.N.İlin, T.İ.Qonçarova, A.B.Reznik, E.Y.Sazanov və b. özlərinin praktik pedaqoji fəaliyyətlərində yeni didaktik və metodik yanaşmaları ilə seçilir, ənənəvi metodlarla işləyən peşəkar müəllimlərdən fərqli olaraq yeni, açılmamış cığırlarla inamla irəliləyir və uğurlu nəticələr əldə edirdilər.

Respublikamızda təhsil islahatının prioritetləri sırasında təhsilin tədris, elmi-metodiki və informasiya təminatını real tələbata və strateji istiqamətlərə uyğun qurmaq, təhsil üçün informasiya-resurs bazasını yaratmaq kimi vəzifələr müasir dövrdə daha da aktuallaşmışdır.

Ali pedaqoji təhsilin yeni konsepsiyası əsasında hazırlanmış baza tədris planlarında “Pedaqogika” və “Psixologiya” kimi ənənəvi məcburi fənlərlə yanaşı, ixtisasdan asılı olaraq “Müasir dövrün təhsil problemləri”, “Didaktika”, “Tərbiyəçinin pedaqoji qabiliyyətləri və peşə mədəniyyəti”, “Davamlı insan inkişafı”, “İnnovasiya pedaqogikası və psixologiyası”, “Müasir təlim texnologiyaları”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili” və s. kimi tam yeni olan seçmə fənlərin tədrisi də nəzərdə tutulmuşdur.

Dərsdə şagirdlərə mümkün qədər daha çox həcmdə bilik vermək və biliklərin mənimsənilməsini təmin etmək strategiyasına əsaslanan ənənəvi didaktika artıq öz yerini fəal qarşılıqlı təsirə əsaslanan interaktiv təlim modellərinə güzəştə getməyə məhkumdur. Yeni, fəal və interaktiv təlim modellərində başlıca diqqət təlimin məqsədinin qoyuluşu, öyrədənlə öyrənənin mövqeyinin, tədris prosesində verbal və qeyri-verbal kommunikasiyanın təşkili və optimal təlim metodlarının tətbiqinə yönəldilir.

Dərsdə qarşıya qoyulan idraki (koqnitiv) məqsədlərin sistemli şəkildə yerinə yetirilməsini təmin edən müxtəlif taksonomiyalar (B.Blum, K.Ventsel, B.Bibler, D.Ausyubel, C.Bruner, A.Osborn, U.Qordon və b.) həyata vəsiqə almışdır. Respublikamızda yeni texnologiyaları mənimsəyərək öz peşəkar fəaliyyətində yaradıcılıqla tətbiq edən yeni novator pedaqoqlar nəsli yetişməkdədir.

Respublikamızda ali pedaqoji təhsilin bakalavr pilləsində gənclərin pedaqoji peşə fəaliyyətinə yüksək səviyyədə hazırlanmasında tədris prosesinin informasiya təminatının və resurs bazasının zənginləşdirilməsi zəruri amillərdən biridir. Bu baxımdan pedaqoji elmlər doktoru F.N.İbrahimov, fəlsəfə doktoru C.Ə.Feyziyev və pedaqogika üzrə fəlsəfə doktoru S.R.Bədiyevin həmmüəllifliyi ilə ali pedaqoji məktəblərin bakalavr pilləsində təhsil alan tələbələr üçün tərtib edilmiş “Didaktika” proqramı əsasında yazılmış eyni adlı dərs vəsaiti özünün əhatəliliyi, məzmun dolğunluğu, şərh olunan məsələlərin elmi-nəzəri və praktik əhəmiyyəti ilə diqqəti cəlb edir. Səkkiz fəsildən ibarət olan, innovativ ruhda yazılmış bu vəsait Azərbaycan təhsilində həyata keçirilən islahatların məzmun standartlarına, modernləşdirmə xəttinə əsaslanır, tələbələrin peşəkar fəaliyyətə hazırlığının didaktik məqsədini, vəzifələrini, məzmun, vasitə və formalarını özündə əks etdirir.

Fikrimizcə, tələbələrə və geniş pedaqoji ictimaiyyətə təqdim olunan bu dərs vəsaiti pedaqogikanın təhsil və təlimi haqqında nəzəriyyəsi olan “Didaktika” bölməsinin daha mükəmməl şəkildə öyrənilməsi üçün təhsilalanlara dəyərli bir bilik mənbəyi kimi təqdim oluna, vəsaitə daxil edilmiş izahlı terminlərin lüğəti və sxematik əyanilik nümunələri tələbələrin öyrənmə fəaliyyətinin məhsuldarlığının yüksəldilməsinə etibarlı stimul yarada bilər.
N.Z.Çələbiyev

Pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent



İqtisadiyyatda, mədəniyyətdə, elmdə-hə­ya­tın bütün sa­hələrində əl­də olunmuş nailiy­yət­lə­rin başında duran, onun əsasını təşkil edən, kö­kü olan məktəbdir, təhsildir, mü­əllimdir.
Heydər Əliyev

KİTABIN MƏQSƏDİ

VƏ STRUKTURU HAQQINDA


Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi və so­sial-iqtisadi kurs öz bəhrələrini verməkdədir. Ölkə Prezidenti cə­nab İlham Əliyevin diqqəti, qayğısı və yaxından dəstəyi ilə bütöv­lük­də Azərbaycanda, o cümlədən təhsil sistemində çox ciddi işlər hə­yata keçirilmiş və bu proses davamlı hala çevrilmişdir. Prezident be­lə bir vacib ideya irəli sürmüşdür ki, “qara qızıldan, maddi də­yər­lər­dən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəl­dil­məlidir”. Bu gün “təhsil Azərbaycanın davamlı inkişaf stra­te­gi­ya­sı­nın ən öncül istiqamətlərindən biridir”.

Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təh­li­li əsasında hazırlanıb təsdiq edilmiş proqramların reallaşdırılması nə­ti­cəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun tək­mil­ləş­dirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi və buna mü­va­fiq yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiy­yət­­lərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tət­bi­qi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yax­şılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunika­si­ya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin infor­ma­si­ya­laşdırılması, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma, məktəbəqədər təhsil-tərbiyə işinin və texniki peşə təhsilinin yeniləşdirilməsi, xaricdə təhsil və digər bu ki­mi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi əsas tu­tu­lmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib ha­­zır­lan­ma­sı, məq­səd və vəzifələrin yeni təfəkkür baxımından formalaş­dı­rıl­ması, fən­lə­rin məzmununun konseptual müddəalarının müəy­yən­­ləşdirilməsi və fənn kurikulumlarının yaranması, məzmunda stan­dart məfhumunun re­al­­lığa çevrilməsi təhsil tariximizdə yadda qa­la­caq mühüm nailiyyət­lər­d­i­r.­

Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında, o cümlədən təh­sil sahəsindəki davamlı inkişafı, dinamizm, “oxuyan cəmiyyət”in Azər­baycan gerçəkliklərindən birinə çevrilməsi pedaqogika elmi qar­şısında həlli vacib olan məsələlər qoyur. Yeniləşən təhsilimizin ön­cül mövqeyinin saxlanması, funksiyalarını yerinə yetirməsi və in­ki­şafı milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf et­di­rən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiy­­mətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, mü­a­sir təfəkkürlü və rəqabət qabiliyyətli pedaqoji kadrların olma­sın­dan asılıdır. Hansı ki, bu cür keyfiyyətlərə malik pedaqoji kadr­la­rın hazırlanması, mövcud pedaqoji kadr potensialının ixtisasının ar­tı­rılması, yenidən hazırlanması, qabaqcıl pedaqoji təcrübənin, tex­no­lo­gi­ya­ların mənimsənilməsi və praktikaya gətirilməsi və s. peda­qo­gikanın, onun mühüm sahəsi olan didaktikanın bilvasitə və ya bi­la­vasitə problemləridir, vəzifələridir.

Təqdim olunan bu tədris vəsaitinin əsas qayəsi, ideya isti­qa­mə­ti respublikamızda aparılan təhsil islahatının ruhuna uyğundur. Ki­­tab hazırlanarkən, öncə Azərbaycan pedaqoqlarının min bir zəh­mə­ti hesabına hasil olan zəngin ideyalarına istinad edilmiş, yeri gəl­dik­cə, müxtəlif xalqların nümayəndələrinin faydalı hesab etdiyimiz pedaqoji fikirləri də nəzər­ə alınmışdır. Bu prosesdə didaktikanın ayrı-ayrı mübahisəli mə­sələlərinə və müddəalarına yenidən nəzər salınmış, onlara tənqidi mü­nasibət bəslənilmiş, şərhlərdə sistemli yanaşmaya üstünlük ve­ril­miş, təhsil sahəsində həyata keçirilən islahat konsepsiyaları əsas gö­tü­rülmüşdür.

Vəsaitin məzmununa daxil olan materiallardan mühazirə və se­minarlarda istifadə olunmuş, onun tələbələrin hazırlığına təsiri ba­xı­mından müsbət məziyyətləri dəqiqləşdirilmiş, müvafiq təshih işi apa­rılmışdır, tələbələrin istək və tələbatlarına da həssaslıqla ya­na­şıl­mış­dır.

Gərgin iş nəticəsində həm strukturuna, həm tematikasına, həm də müasir həyatımıza, orta ümumi təhsilin fəlsəfəsinə uyğunluğuna gö­rə didaktikaya həsr olunmuş digər vəsaitlərdən fərqlənən bir kitab ça­pa hazırlanmışdır. İnanırıq ki, oxucuların-tələbələrin, müəl­lim­­lərin, pedaqogikaya maraq göstərənlərin sərəncamına veriləcək bu vəsait maraqla qarşılanacaqdır.

Tədris vəsaiti səkkiz fəsillə əhatə olunmuşdur. “Didaktika təh­sil və təlim haqqında nəzəriyyədir” adlı birinci fəsildə didaktika haq­qında ümumi anlayış verilir, didaktikanın inkişaf yoluna, qol­la­rı­na, kateqoriyalarına və problemlərinə diqqət yönəldilir, didaktika ilə idrak nəzəriyyəsi qarşılıqlı şəkildə səciyyələndirilir.



İkinci fəsildə Azərbaycan Respublikasının təhsil sisteminin xü­susiyyətləri açılır. Bu fəsildə təhsil haqqında anlayış verildikdən son­ra təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri şərh olunur. Təh­silin əsas məqsədi, təhsilin məzmununa və təşkilinə verilən ümu­mi tələblər, təhsil almanın formaları, təhsilin pillələri və səviy­yə­ləri ilə bağlı materiallar da ikinci fəslin məzmununa daxil edil­miş­dir. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil), döv­lət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-ins­ti­tut­laşdırma) və alternativ qayğı Dövlət Proqramı ilə bağlı elmi şərh­lər ikinci fəsli maraqlı edən elementlərdəndir.

Üçüncü fəsil “Təhsil dövlət standartları, təhsil proqramı, təd­ris planı, proqramı və ədəbiyyatı” başlığı ilə verilmişdir. Burada ilk ola­raq təhsil sahəsində dövlət standartları, təhsil proqramı (kuri­ku­lum) şərh olunur, ümumi orta təhsilin məzmunu və Azərbaycanda ümu­mi orta təhsilin məzmunu sahəsində islahatların əsas xüsusiy-yət­ləri açıqlanır. Üçüncü fəslin məzmununu tədris planı, fənni, proq­ramları, dərslik, iş dəftəri və müəllim üçün metodik vəsaitlə bağ­lı materiallar daha da zənginləşdirir. Bu fəsil şagird nailiyyətlə­ri­nin qiymətləndirilməsi konsepsiyası ilə bağlı elmi şərhlə tamaml­a­n­ır.

“Didaktika və təhsilin digər aspektləri” adlı dördüncü fəsildə təh­silin fəlsəfəsi, idarəetmə ilə bağlı məsələlər özünə yer almışdır. Bu­rada təhsilvermə modellərindən, pedaqoji sistemləri idarəetmənin ma­hiyyəti və prinsiplərindən, ümumtəhsil məktəblərində idarəetmə­nin təşkili modellərindən, ümumtəhsil müəssisələrinin rəhbər şəxs­lə­rinin funksional vəzifələrindən, məktəbdə təhsil verənlərin fəa­­liy­yət­lə­rinin təkmilləşdirilməsinə xidmət edən metodik iş sis­te­min­dən, təh­si­lin iqtisadiyyatından bəhs edilir.

Bu fəsillə bağlı fikir yarana bilər ki, onun “Didaktika” adlı dərs vəsaitində yer almasına lüzum yoxdur. Fikrimizcə, belə deyildir.

Didaktikanın təhsilin fəlsəfəsi, menecmenti və iqtisadiyyatı ilə daxili əlaqəsi vardır. Çünki didaktika, təhsilin fəlsəfəsi, menecmenti, iqtisadiyyatı təhsilşünaslığın altsistemləridir. Eyni sistemin altsistemlərinin qarşılıqlı münasibətləri isə qaçılmazdır, dialektik xarakterlidir. Bu altsistemlərlə bağlı əlaqələr bəzən bilavasitə, bəzən bilvasitə təzahür edir. Didakt və ya praktik pedaqoq olmaq istəyən şəxslərin sözügedən əlaqələr barədə hazırlıq əldə etməsi əhəmiyyətlidir.

Məktəb dünyasının fəlsəfəsini anlamadan praktik pedaqoq, hər bir şagirdi “bilik yaradan” subyektə çevirən sənətçi səviyyəsində dayanmağı, sinifə müxtəlif məzmunlu təcrübə və ideyalarla gələn şagirdlərlə təlimin təşkilində, problemlərin irəli sürülməsində, onların nailiyyətlərinin qiymətləndirilməsində optimal model tətbiq etməyi, başqa sözlə, didaktikanın “Nə öyrətməli?”, “Necə öyrətməli?” suallarından irəli gələn məsələləri müəyyənləşdirməyi və onların həlli üçün şagirdləri yönəltməyi bacararmı? Əsla yox! Bizcə mükəmməl təhsil və təlim nəzəriyyəsi məktəb dünyasının fəlsəfəsi üzərində “köklənə” bilər. Odur ki, didaktikanı təhsilşünaslığın bu aspektindən kənarda anlamaq və ya interpretasiya etmək olmaz.

Pedaqoji sistemlərin idarə olunması nəinki özündə pedaqoji prosesdə müəllimin idarəetmə fəaliyyətini ehtiva edir, eyni zamanda bütün pillələr üzrə idarəetmə “müəllim-şagird” idarəetməsinin daha keyfiyyətli həyata keçməsinə yönəlir, hansı ki, bu prosesdə didaktik məsələlər həll olunur. Pedaqoji sistemlərin idarə olunması “böyük sistem”, “müəllim-şagird” idarəetməsi ona nəzərən “kiçik” altsistem funksiyasında özünü təsdiq edir. Müəllim “böyük sistem”in təbiətinə bələd olduğu, onu nəzərə ala bildiyi səviyyədə özünün idarəetmə funksiyasını həyata keçirir. Bu isə didaktika ilə təhsilin menecmentinə vahidin tərəfi kimi baxmağı zəruri edir. “Böyük sistemin” emercent təbiətinə dayanaraq didaktik məsələlərin nəzəri şərhi və praktik həlli mümkün olur.

Təhsilin iqtisadiyyatının nəzəri və praktik müddəaları əsas götürülməklə təlim və təhsilin didaktik problemlərinin həlli həyata keçirilir. Eyni zamanda didaktik problemlərin optimal həlli üçün iqtisadi təhlillər və araşdırmalar aparılır, real həyatımıza uyğun təkliflər hazırlanır. Sirr deyildir ki, hamının keyfiyyətli təhsil ala bilməsinin, təhsilin normal təşkili və inkişafa istiqamətlənmiş olmasının əsas təminatı dövlətin hər adambaşına maliyyələşdirmə öhdəliyini necə yerinə yetirməsindən xeyli dərəcədə asılıdır.

Beşinci fəsil təlim pro­sesinin ümumi mə­sələlərinə həsr olunmuşdur. Təlim prosesi, onun idarə olunmasının me­todoloji-fəlsəfi, məntiqi, psixoloji əsasl­arının elmi şər­hi bu fəsildə mü­hüm yer tutur. “Sistem” anlayışı ilə interpre­ta­si­ya olunan təlim pro­se­sinin mürəkkəbliyi, başlıca vəzifələri, mərhə­lə­ləri, mükəmməlliyi, altsistemləri barədə elmi mülahizələr beşinci fəs­li daha da maraqlı edir. Burada düşündürücü, elmi-pedaqoji ədə­biy­yatda şərh olunmayan məqamlar kifayət qədər cəmlənmişdir. Mü­əlliflər ümid edirlər ki, təlim sisteminin invariantları və onlardan irə­li gələn ümumpedaqoji və spesifik prinsiplərlə bağlı elmi mülah­i­zə­lər də maraq doğuracaqdır.

Altıncı fəsil təlim sisteminin iki mühüm komponentinin – mü­əl­lim və şagird fəaliyyətinin təbiətinin açılmasına həsr olunmuşdur. Bu fəsildə şagirdin təlim fəaliyyətinin modeli, müəllimin fəaliyyə­ti­nin modeli, müəllimin pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti və şəx­siyyətinin vəhdəti, təlim sistemində müəllim-şagird əməkdaşlığı kimi çox vacib məsələlər əhatə olunmuşdur.

Təlim sisteminin komponentləri” adlı fəsildə (VII fəsil) təlim ma­teriallarının məzmunu, təlim priyomu , təlim metodları, vasitələri, təş­kili formaları, qiymətləndirmə anlayışlarının funksiyalarına və qar­şılıqlı dialektik əlaqələrinə aydınlıq gətirilir.

Yeni təlim texnologiyaları barədə geniş informasiya sonuncu fəs­lin məzmununu təşkil edir. Bu fəsil quruluşuna və işlənilmə xüsu­siy­yət­lərinə görə əvvəlki fəsillərdən fərqlənir. Nəzərdə tutulmuşdur ki, bu fəs­lə daxil edilmiş mühazirə materiallarından həm bakalavirat pillə­sin­də “Didaktika” fənninin tədrisində, həm də ixtisasartırma və ye­ni­dən­hazırlanma üzrə kurslarda istifadə olunsun. İnanırıq ki, sözü­ge­dən kursların proqramlarının tələbləri baxımından VIII fəsildə eh­ti­va olunan material faydalı mənbə funksiyası daşıya biləcəkdir.

Vəsaitdə hər fəslin sonunda şagirdlərin sərbəst işləmələri üçün sual və tapşırıqlar, tövsiyə olunan ədəbiyyatın siyahısı verilmişdir.

Şübhəsiz, vəsaitdə müəyyən kəm-kəsirlər də yox deyildir. Gə­lə­cək işlərdə nəzərə almaq üçün həmin çatışmazlıqlar, yanılmalar ba­rədə öz mülahizələrini bildirən oxuculara bəri başdan təşəkkür edi­rik.
Müəlliflər

Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə

nəyi və necə öyrətməyimizdən asılıdır.
Heydər Əliyev


B İ R İ N C İ F Ə S İ L



DİDAKTİKA TƏHSİL VƏ TƏLİM HAQQINDA NƏZƏRİYYƏDİR


1. Didaktikanı özündə ehtiva

edən elm haqqında ümumi anlayış


Didaktikanın ümumi məsələlərinin şərhinə başlamadan öncə pe­­daqogika elmi barədə ümumi xarakterli məlumata diqqət yö­nəlt­mə­yi lazım bilirik. İnanırıq ki, bu, məqsədlərimizin reallaşması ba­xı­mından faydalı olacaqdır. Bizi belə bir qənaətə pedaqoji sahədə ço­x­illik iş təcrübəmiz gətirir.

Pedaqogika həm nəzəri, həm də tətbiqi elmdir.

Elm insan fəaliyyətinin xüsusi sahəsi hesab olunur. Elm (elmi bi­liklər) insanların ilk dəfə, “Nəyə görə?”, “Hansı səbəbdən?” sualını qoy­duğu vaxtdan başlanır. Bir qədər fərqli anlamda söyləmək olar ki, elm elmi biliklərin bir sis­tem kimi formalaşdığı vaxtdan mövcuddur. Yəni elə bir vaxtdan ki, bi­rin­cisi, bu vaxta qədər toplanmış biliklər yeni əldə olunan bilik üçün me­yara çevrilir; artıq qərarlaşmış olan biliklərə uyğun gəlmək, on­ları tamamlamaq elmiliyin şərti kimi çıxış edir. Yaxud, ikincisi, möv­­cud biliklər zəminində daha obyektiv gerçəklikdən yeni faktiki ma­te­rial gözləmədən yeni bilik almaq imkanı yaranır, başqa sözlə, möv­cud biliklər sistemi özü özünü inkişaf etdirmək keyfiyyəti əldə edir. İnsanların dünya hadisələrini izah etmək cəhdləri, artıq yalnız “Nə etmək?”, “Necə etmək?” sualını deyil, həm də “Nəyə görə belədir?” su­alını qoyması biliklərin bölgüsünə gətirir; əməli biliklərlə yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəyyən mənada elmin baş­lan­ğıcı kimi qəbul oluna bilər (S.Xəlilov).

Elm sahəsində fəaliyyət de­d­ikdə, elmi tədqiqat fəaliyyəti başa düşülür. Bu fəaliyyətdə ger­çək­lik haqqında obyektiv biliklər əldə edilir, sistemləşdirilir və prak­­tikaya tətbiq olunur. Gerçəklik olan insanın özünü də bir çox elm sahələri öyrənir. Fəlsəfə, sosiologiya, etika, estetika, psixo­lo­gi­ya, pedaqogika və sairə insanı müxtəlif cəhətdən öyrənir və öyrənmə xü­susiyyətlərinə görə də bir-birindən fərqlənirlər.

İnsan biliklərinin sahəsi olan pedaqoji biliklər qədimdir və bə­şər cəmiyyətinin inkişafından ayrılmazdır. Bu biliklər böyüyən nəs­lin həyata hazırlanması, onun təlim, təhsil, tərbiyəsi ilə bağlı insan fəa­liyyətinin spesifik sahəsidir və bunsuz tərəqqi mümkün olmazdı. Bə­şəriyyətin tərəqqisi dünyaya gələn yeni nəslin özündən əvvəlki nə­sillərin istehsal, sosial və mənəvi təcrübəsinə yiyələnməsi, onu da­ha da zənginləşdirmiş halda varislərinə (özündən sonrakı yeni nəsillərə) ötürməsi sayəsində müm­kün olur.

Təlim, təhsil, tərbiyə nəzəriyyəsinin intensiv inkişafına bax­ma­yaraq, XVII əsrə qədər pedaqogika bir sıra digər elmlər kimi fəl­sə­fənin tərkib hissəsi olmuşdur. Məlum olduğu kimi, insan biliklə­ri­nin hər hansı bir sahəsi yalnız onun özünəməxsus spesifik tədqiqat pred­meti kifayət qədər dəqiq və konkret olduqda elm halına düşə bi­lər (Pedaqogikanın predmeti ilə bağlı məsələyə irəlidə - təhsilşü­nas­lıq və pedaqogika elmlərinin qarşılıqlı münasibətlərinə şərh veri­lər­kən aydınlıq gətirməyə çalışmışıq).

Pedaqogikanı nəzəri biliyin müstəqil sahəsi kimi ilk dəfə işlə­yib hazırlamaqda Y.A.Komenskinin (1592-1670) böyük xidmətləri ol­muşdur. Bunun üçün artıq o zaman zəngin pedaqoji irs, ictimai tələbat və qabaqcıl pedaqoji təcrübə var idi. Müasir pe­da­qo­ji aləmdə Y.A.Komenskini pedaqogika elminin banisi hesab edir­l­ə­r.

Professor Ə.X.Paşayev və professor F.A.Rüstəmovun qeyd et­di­yi kimi, tarixi səbəblər üzündən pedaqogikanın statusu, imkan və pers­pektivləri barədə müxtəlif fikirlər söylənilmişdir. Pedaqogikanı onun özündən kənarda və özündən asılı olmayaraq işlənib hazır­la­nan normativ biliklər sistemi də hesab etmişlər. Ona görə də həm nis­bi müstəqil bir elm sahəsi, həm də tədris fənni kimi pedaqo­gi­ka­nın formalaşması uzun sürən və mürəkkəb proses olmuşdur. XX əs­rin 20-30-cu illərində sovet nəzəriyyəçi pedaqoqları göstərirdilər ki, pe­daqogikanın statusu haqqındakı təsəvvürlər yanlışdır. Onlar hesab edir­dilər ki, pedaqogika digər elmlərin məlumatlarını assimilyasiya et­məklə yanaşı, nisbi müstəqil bilik sahəsidir. Buna baxmayaraq, el­mi biliklər sisteminin modeli qurularkən ənənəvi olaraq üç əsas bi­lik sahələri - təbiət, cəmiyyət və təfəkkür elmləri orada əsas yer tut­muş­du. Təbiət-cəmiyyət-təfəkkür üçbucağında pedaqogika, tibb və tex­nikaşünaslıq elmlərinə yer verilməmişdi.

Nəzəri problemlərin in­ten­siv həlli, fənn üzrə tədqiqatların nəticələri pedaqogikanın bir elm ki­mi hüquqlarını bərpa etməsinə imkan verdi. Artıq XX əsrin 30-40-cı illərində pedaqogikanın həm nəzəri və həm də tətbiqi elm ol­ma­sı qəbul edildi.

Pedaqogika özünün tətbiqi hissəsi üçün baza elmidir. O, digər elm­lərdən bəzi ideyaları əxz edir, amma hər şeydən əvvəl özünün nə­zəri tədqiqatlarına əsaslanır. Nəzəri pedaqogika pedaqoji elmlər sis­teminə daxil olan bütün elm sahələri üçün bazis elmidir. Onların ha­mısının elmi-nəzəri əsasını müasir nəzəri pedaqogika təşkil edir. Pe­daqogika hazırda şaxələnmiş elmi biliklər sisteminə çevrilmişdir.

Pedaqogikanı ənənəvi olaraq dörd bölməyə ayırırlar:



  1. Pedaqogikanın ümumi əsasları.

  2. Təhsil və təlim nəzəriyyəsi (didaktika).

  3. Tərbiyə nəzəriyyəsi.

  4. Məktəbşünaslıq.

Bir elm kimi pedaqogikanın funksiyaları (vəzifələri) onun pred­meti ilə şərtlənir. Bu funksiyalar iki yerə ayrılır: nəzəri və tex­no­loji. Pedaqogika nəzəri və texnoloji funksiyalarını vəhdətdə hə­ya­ta keçirir. Pedaqoji ədəbiyyatda göstərilir ki, nəzəri funksiyalar üç sə­viyyədə həyata keçirilir:

  1. Yüklə 3,21 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin