Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


Üçüncü fəsil: İslam inqilabı və mədəni hücum



Yüklə 416,28 Kb.
səhifə22/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

Üçüncü fəsil: İslam inqilabı və mədəni hücum



Birinci hissə: İranda mədəni hücumun tarixçəsi

1- Mədəni hücum mənfur Pəhləvi dövründə və ondan öncə

Tarix çox da düzgün olmasa da, yazılanlara görə, hicrətin dördüncü və beşinci əsrlərinin əvvəllərində mədrəsələr olmuş və insanlar dərs oxumuşlar. Əlbəttə, Qəznəvi, Səlcuqi və digər bu kimi diktator sülalələr nəfəs almağa da macal vermirdilər. Nizamiyyə mədrəsələri açırdılarsa da, bu o demək deyildi ki, hamıya elm və təhsil imkanı yaranırdı. Hər halda, biz o zaman haqda mühakimə yürütmürük. Lakin siz tarixə baxın. Tarix mühüm sahədir və siz onu öyrənməlisiniz. Bu gün harada olduğunuzu, vəziyyət və mövqeyinizi bilməniz üçün, tarixi oxumalısınız. Tarixi yaxşı bilmək çox mühüm məsələdir. Siz monqolların hücumundan bu tərəfə baxsanız, görərsiniz ki, istedadlı və elmli bir insan üçün bu ölkədə heç zaman bugünkü qədər təhsil imkanı yaranmamışdır. Bir dövr cəhalət dövrü, bir dövr elmə etinasızlıq dövrü, bir dövr xalqa zərrəcə əhəmiyyət verməyən qaniçən diktatorlar dövrü olmuşdur.137


Biz bir ölkə kimi dünya elminin səviyyəsindən, dünyanın texnologiya və tərəqqilərindən çox geri qalmışıq. Bu bir-iki əsrdə şahlar bizə çox zülm etmişlər. Onlar bizi geridə saxlamış, elmin, bilgilərin və düzgün mədəniyyətin ölkəyə gəlməsinə imkan verməmişlər.

Nasirəddin şah Qacarın qanun sözündən acığı gəlirdi; kiminsə xaricə gedib-gəlməsindən, xarici məlumatların ölkəyə gətirilməsindən acığı gəlirdi. Həvəslənib üç-dörd gün bəzi işlər gördülər, sonra isə haçansa onlara zərər toxuna biləcəyini anlayıb bizi elmdən məhrum etdilər. Pəhləvi sülaləsi xalqı onlardan da pis və fərqli şəkildə ehtiraslara aludə etdi, Qərb mədəniyyətinin yaxşı və faydalı hissələrini deyil, pis və zərərli hissələrini ölkəyə gətirdi. Hər halda, biz Avropaya gedib onlardan elə elmlər öyrəndik ki, qayıdandan sonra ehtiraslı, vicdansız, iradəsiz, dinsiz bir insan olduq. Bu elm bizim xalqımıza hansı faydanı yetirəcəkdi?! Gördük ki, xaricdə elm öyrənib qayıdan şəxslər ölkələrinə faydalı olmadılar, bu məmləkət üçün bir iş görmədilər. Məmləkət beləcə qaldı. Bu onların - ən azı son iki əsdə heç bir şey anlamayan, başlarına öz maraqlarından başqa heç bir şey girməyən şahların günahıdır, Fətəli şahdan, Məhəmmədəli şahdan və Nasirəddin şahdan tutmuş Məhəmmədrzanın və atasının, yəni bu iki böyük cinayətkarın zamanına qədər hamısının. İstedadlı, elmi və parlaq mədəni tarixi olan bir xalq beləcə baxımsız qaldı, rəqibləri, düşmənləri və başqa xalqlar isə bir-bir inkişaf pillələrini keçdilər.138


Siz Qacarlar dövrünün sonlarını mütaliə etsəniz, görərsiniz ki, xalqı məsihi etmək məqsədi ilə Avropadan buraya nə qədər keşiş gəlmişdir. Onlar naşı oğru kimi harada təbliğat apardıqlarını anlamadıqlarına görə uğursuz oldular. Təbii ki, qlobal oliqarxların, transmilli şirkət sahiblərinin və beynəlxalq soyğunçuların həzrət Məsihə etiqadlı olduqlarını söyləmək olmaz. Onlar məsihi haradan tanıyırlar?! Lakin öz heysiyyətini müdafiə edən milli bir mədəniyyətin mövcud olduğu cəmiyyətlərdə onların ilk işi həmin mədəniyyəti xalqdan almaqdır. Bir qrup əsgər güclü bir qalaya hücum edəndə əvvəlcə onun divarlarını uçururlar. Onlar qalanın divarlarını zəiflətmək üçün hər bir işi görərlər. Hətta birinci iş kimi qala əhalisini yatırmaları da mümkündür. Sədi Gülüstanda bir əhvalat danışır: deyir ki, oğrular yuxuda olan bir dəstə adama hücum etdilər, amma onlara hücum edən ilk düşmən yuxu idi. Yuxu onların gözlərini yumdu, sonra xarici düşmən gəlib qollarını bağladı, mallarını götürüb apardı. Dümən mədəni hücumda belə edir. Əvvəlcə xalqı yatırdır, sonra da hər şeyini aparır.139
Mənim fikrimcə, Qacarlar dövrü İran xalqının ən qaranlıq dövrlərindəndir. Mən dəfələrlə demişəm ki, Allah Qacar şahlarına lənət eləsin. Onlar inkişaf və elm dövründə, elm və mədəniyyətdən bəhrələnməyin tam zamanında lazım olan işi görmədilər və İranı bu günə saldılar. Mən onlara iynə ucu qədərincə də hörmət etmirəm. Amma burada bir məqam var. O da budur ki, onlar öz eyş-işrətləri haqda düşünən zəif, ləyaqətsiz, qarınqulu, dünyagir və şəhvətpərəst insanlar idilər, məsələlərin xeyir-şərini anlamırdılar. Nasirəddin şah sultanlıq etmək və kef çəkmək istəyirdi, xalqın vəziyyəti onu maraqlandırmırdı. Bir ölkə başçısı üçün ən böyük günahlardan olan zəiflik və etinasızlıq onun dəyişməz xarakteri idi. Pəhləvi ailəsi isə Qacarlardan dəfələrlə pis bir iş gördü. Onlar yerli mədəniyyətin təməllərini uçurub yerinə idxal olunmuş mədəniyyət gətirdilər və əksər sahələrdə hakim etdilər.140
Bizim xalqımız İslam dövrünün yüz illəri boyu cinsi məsələlərə, kişi-qadın münasibətlərinə riayət etmişdir. Əlbəttə, bu o demək deyil ki, heç kim yanlış iş görməmişdir. Yanlış iş görən hər bir dövrdə və hər bir sahədə olmuşdur, var və olacaq. Lakin yanlış bir işi görmək onun cəmiyyətin və xalqın ənənəsinə çevrilməsindən fərqli bir şeydir. Bizim xalqımız əyyaşlıqdan və kef məclislərindən uzaq bir xalq idi. Bizdə bu işlər aristokratlara, padşahlara, şahzadələrə və kraliçalara məxsus idi. Onlar səhərə qədər oyaq qalıb əyyaşlıq edirdilər. Avropalıların barları həmişə bütün il və sutka boyu açıq olub. Bu, Avropanın tarixidir; kim istəyirsə, gedib oxusun və görsün. Onlar bu fəsadı bizim ölkəmizə daxil etmək istədilər və bacardıqları qədər daxil etdilər.141
Bizim xalqımız əleyhinə mədəni hücum konkret olaraq Rza xanın dövründən başlandı. Ondan öncə hücuma hazırlıq məqsədi ilə çoxlu işlər görmüş və ölkə daxilində asılı ziyalılar yetişdirmişdilər. Mən bilmirəm ki, inqilabın gənc nəsli son 150-200 ilin tarixini yaxşı oxuyub, yoxsa yox. Mənim qorxum budur ki, bugünkü inqilabçı gənc bizim hansı dövrü arxada qoyduqdan sonra belə böyük bir hərəkətə bağladığımızı bilməsin. İran xalqı son 150-200 ilin tarixini, yəni Qacarlar dövrünün ortalarından, İran və Rusiya müharibələrindən sonrakı tarixi oxuyub bu ölkədə hansı hadisələrin baş verdiyini bilməlidir. Bu hadisələrdən biri asılı ziyalılar yetişdirməkdir. Biz deyə bilmərik ki, İran tarixi boyu ziyalımız olmamışdır. Həmişə və bütün dövrlərdə zamandan öncə düşünən və hərəkət edən ziyalılar olmuşdur. Lakin elm və texnologiyaya yiyələnmiş Qərb İranda öz hökmranlığını bərkitmək istəyəndə ziyalılardan bəhrələndi, Mirzə Mülküm xan və Tağızadə kimi satqın ünsürlər vasitəsi ilə işə başladı.

Qacarlar dövründən sonra İranda ziyalı hərəkatı xəstə və asılı doğuldu. Təəssüf ki, bir neçə sağlam adam da onların arasında itib-batdı. Bu hərəkat əvvəldən asılı idi; onların bəzisi Mirzə Fətəli Axundzadə kimi Rusiyaya, bəzisi isə Mirzə Mülküm xan kimi Avropaya və Qərbə bağlı idilər. Bu işlər əvvəllər İranın daxilində görülmüşdü, amma elə də təsiri yox idi. O zaman Qərb mədəniyyətinin və əslində Qərb istismarının və İngiltərənin İranı müstəmləkəyə çevirməsinin xeyrinə ən böyük addımı atan Rza xan oldu. Siz görün bu gün bir padşahın birdəfəyə bir ölkənin milli geyimini dəyişdirməsi nə qədər rüsvayçılıq olar. Siz dünyanın ucqar bölgələrində, məsələn, Hindistanda xalqların öz milli geyimlərinin olduğunu, onunla fəxr etdiklərini və geyinməyə xəcalət çəkmədiklərini görürsünüz. Onlar isə gəlib bu xalqın milli geyimini birdəfəyə qadağan etdilər. Nə üçün? Dedilər ki, bu geyimlə alim olmaq mümkün deyil. Halbuki əsərləri hələ də Avropada tədris olunan ən böyük İran alimləri həmin mədəniyyətlə, geyimlə və həmin mühitdə yetişmişdilər. Məgər paltarın buna nə təsiri ola bilər?! Bu çox gülməli söz və məntiqdir. Onlar bir xalqın geyimini dəyişdirdilər. Qadınların başından çadranı götürüb dedilər ki, çadra ilə alim olmaq və ictimai fəaliyyətlərdə iştirak etmək mümkün deyil. Mən soruşuram ki, ölkəmizdə çadranı götürəndən sonra qadınlar ictimai fəaliyyətlərdə nə qədər iştirak etdilər?! Məgər Rza xanın və oğlunun dövründə bizim qadınlarımızın ictimai fəaliyyət göstərməsinə imkan verildimi?! Onların dövründə nə kişilərə ictimai fəaliyyət imkanı verilirdi, nə də qadınlara. İran qadınları başlarına çadra atıb meydana çıxandan sonra ictimai fəaliyyətə qoşuldular, öz qüdrətli əlləri ilə ölkəni dəyişdirdilər, bu ölkənin kişilərini də öz arxalarınca mübarizəyə qoşdular. Çadra və paltarın qadının, yaxud kişinin fəaliyyətinə nə təsiri var?! Əsas budur ki, bu kişinin və ya qadının qəlbi necədir, necə düşünür, imanı nə qədərdir, ruhiyyəsi necədir, ictimai, yaxud elmi fəaliyyətə marağı var, yoxsa yox.

Quldur, nadan və savadsız adam olan Rza xan özünü düşmənin ixtiyarına buraxdı. Birdəfəyə bütün ölkənin geyimini, xalqın bir çox ənənələrini dəyişdirdi, dini qadağan etdi, hamınızın bildiyi quldur hərəkətlərə başladı və Qərbin sevimlisi oldu. Təbii ki, Qərbin xalqları tərəfindən deyil, istismarçı və siyasətçiləri tərəfindən sevildi.

İslam və İran xalqı əleyhinə mədəni hücum oradan başlandı və müxtəlif formalara düşdü. Bu hücum mənfur Pəhləvi sülaləsinin yeni dövründə, yəni hakimiyyətinin son 20-30 ilində daha təhlükəli oldu. İndi bu haqda danışmağa vaxt yoxdur. Nəhayət, İslam inqilabı qələbə çalıb möhkəm bir yumruq kimi düşmənin sinəsindən vurdu, onu geriyə itələdi və hücumu dayandırdı. Siz inqilabın əvvəllərində qısa müddət ərzində xalqımızın xarakterində əsaslı dəyişikliklərin baş verdiyini gördünüz. Xalqda fədakarlıq hissi çoxaldı, tamahkarlıq və hərislik azaldı, həmkarlıq hissi artdı, dinə meyl gücləndi, israf azaldı, qənaət çoxaldı, gənclərimiz iş və fəaliyyət haqda düşündülər, şəhərə adət etmiş çoxları kəndlərə qayıdıb işləməyə, istehsal etməyə başladılar, xalqın iqtisadi həyatında faydasız alaq kimi kök salmış bəzi hallar azaldı. Bu mədəni dəyişiklik inqilabın ilk bir neçə ilinə aiddir. O zaman ziyanlı mədəniyyət və xarakterlər toxumu səpən düşmənin fəaliyyəti dayanmışdı. Bu müddətdə İslama, İslam mədəniyyətinə, xalqımızın qəlbində olan İslam əxlaqına, adət-ənənələrinə və xarakterlərinə xüsusi bir təmayül yenidən dirçəldi. Əlbəttə, bu təmayül dərin deyildi. Bu təmayül o zaman dərinləşər ki, uyğun istiqamətdə bir neçə il iş aparılsın. Amma təəssüf ki, bu işə fürsət yaranmadı və həmin hücum tədricən yenidən başlandı.142


Təəssüf ki, keçmişdə bu ölkədə milli hakimiyyətə və müstəqilliyə ürək yandırmırdılar. Son tağut dövrünü, yəni Pəhləvi rejimini xatırlayanlar bilirlər ki, o zaman İran xalqı özünü unutmuş, mədəniyyətimizin yerli və milli elementlərini tərk etmişdi. O zaman hər şeyi sərhədlər xaricindən burovuz alıb yerli məsələlərə o qədər etinasız və təhqiramiz yanaşdılar ki, yerli mədəniyyətə hətta meyl göstərməyə az adam cürət etdi. Təəssüf ki, Pəhləvi dövrünün xüsusiyyəti belə idi və həmin dövrün sonlarına yaxınlaşdıqca uyğun hərəkətin bayağılığı da çoxalırdı. Siz görün Pəhləvi dövrünün sonlarında cəmiyyətin incəsənəti hansı vəziyyətdə olmuşdur; məsələn, ölkənin musiqisini Qərb müsiqisi ilə qarışdırır və hətta onda əridirdilər. Milli adət-ənənələr sahəsində biz çox böyük keçmişi olan xalqıq, özümüzə görə salamlaşma və rəftar qaydalarımız, oturub-durma üsullarımız, yemək, geyim növlərimiz var. Nə üçün bizim salamlaşma qaydamız tərk olunub yerinə Qərbdə olan gəlməlidir?! Nə üçün bizim yeməklərimz tərk olunub yerinə Avropa yeməkləri gəlməlidir?! Nə üçün bizim yerli geyimimiz tərk olunmalı və yerinə Avropa geyimləri gəlmədir?!143
Biz Pəhləvi və Qacarlar dövründə talandıq, bizim və ölkə başçılarımızın avamlığından istifadə olundu. Dünya renessansı səbəbindən həvəslənib fəallaşmış bir qrup yeni mədəniyyətlə və yeni qüvvə ilə canımıza düşdülər. Onlar bizim yuxuda olmağımızdan istifadə edib evimizə daxil oldular, onu dağıdıb-tökdülər, əsl qüvvələrimizi gizlətdilər və çoxlu şeyləri çirkləndirdilər. Sanki bir qrup nadan və naşı adam bir incəsənət muzeyinə daxil olub qapı və divarlarını uçurur, şəkilləri cırır, heykəlləri sındırır. Onlar belə bir iş gördülər və bizim olmayan yeni sistemlərini burada hakim etdilər.

Bilirik ki, qalib qrup bir ölkəyə daxil olanda orada öz qayda-qanunlarını tətbiq edir. Lakin məsələ burasındadır ki, onlar öz qanunlarını bizə ikinci dərəcəli vətəndaşlar kimi tətbiq edirlər, öz ölkələrində olduğu kimi yox. İranda bu baş verdi, avropalılar öz ənənələrini bu ölkəyə gətirdilər, onlardan öyrənmiş Mülküm xan kimi birinci nəsil ziyalılar və digərləri də onlara məftun, onlarla əlbir oldular. Onlar xalqın məlumatsızlığından, başçıların fəsad və azğınlığından istifadə edib bu ölkəyə girdilər, hər şeyi bir-birinə vurdular, İranı heç bir şeyi olmayan boş bir ölkə kimi keçmişindən küsdürdülər və tarixini unutdurdular. Onlar bu ikinci dərəcəli vətəndaşlar üçün öz qanun-qaydalarını icra etməyə başladılar. Sanki bir ağa qulunun evini öz evi kimi düzəldir. Bəllidir ki, o, qulunun rahatlığını deyil, öz rahatlığını nəzərə alır. Bu səbəbdən, həqiqətən acınacaqlı durum yarandı və davam etdi. Bu, Pəhləvilər dövründə, xüsusən də son 30-40 ildə Qacarlar dövrü qədər açıq olmasa da, ondan təhlükəli idi.144


Bir xalq üçün ən böyük bəla budur ki, mədəniyyət və sivilizasiyasının bəzi hissələri zaman ötdükcə yaddaşlardan silinsin və onu xatırlamasınlar. Bu çox böyük bir bəladır. Təəssüf ki, qərblilər bizə qarşı bu işi görüblər. Xarici dillərin danışıq və yazılış tərzini, feil formasını gətirib münasib olmayan köməkçi mənalarla dilimizə daxil etdilər. Halbuki bizim öz dilimiz var... Bunlar dilə, geyimə və daha çox dəyərli milli adət-ənənələrə qarşı görülmüş işlərdir. Bizim xalqımız böyüklərinə və qocalarına hörmət edən bir xalqdır. Bu bizim qədim ənənəmiz, həm də İslamın qaydalarındandır. Müsəlmanların evlərində bir şam kimi baba, yaxud nənə vardır, hamı pərvanə kimi onların ətrafına toplaşır. Qərblilər baba-nənələrə çox da əhəmiyyətli yanaşmır və onların sözü ilə desək, keçmişə baxan nəsli adam saymırlar. Zahirdə bir qədər hörmət edib nəzərə alsalar da, saymırlar, halbuki biz onların əksinə olaraq, böyükləri sayırıq.

Onlar öz mədəniyyətlərinin bəzi xüsusiyyətlərini yeni növ məcburiliklə bizə sırıdılar. Biri var, adamın başına tüfəng dirəyib desinlər ki, filan işi gör; biri də var, bütün cəmiyyətdə yayımlanan kütləvi informasiya vasitələri ilə bir sözü o qədər təkrarlasınlar ki, istər-istəməz insanların beyninə hopsun, dil və əməllərində əks olunsun. Yeni növ məcburilik deyəndə bunu nəzərdə tuturam. Əlli il ərzində bizə qarşı bu işi gördülər.

Birincinin - Rza xanın savadı və məlumatı yox idi; nə şeirin dəyərini bilirdi, nə satiranın, nə gözəl xəttin, nə də adət-ənənələrin. O, yalnız quldurluğu bacaran anlamaz bir əsgər idi. Quldurluğunu da düşmənə qarşı işlətmirdi, özününkülərə qarşı işlədirdi. Quranda deyilir ki, düşmənə qarşı sərt, özünüzünkülərlə isə mehriban olun. O isə özününkülərə qarşı sərt, düşmənlə mehriban idi. Mustafa Kamalla dost idi, onu öz müəllimi sayırdı. İranda olan şüurlu, mədəniyyətli, elmli və mütəfəkkir şəxsiyyətlərə əhəmiyyət vermirdi, ona isə hörmət edirdi. Keçmiş rejim ədəbiyyat və mədəniyyət xadimlərini kiçiltmişdi.145
Ruhanilər inqilabın qələbəsi ilə nəticələnən 15 illik mübarizələrdə əsas amil olmuşlar. Onlar həmçinin müqəddəs İslam quruluşunun yaradılmasında, dünyada İslam bayrağının ucaldılmasında, düşmənlərin müxtəlif hücumları qarşısında İran xalqının fədakar müqavimətində, bunlardan öncə və uzun əsrlər boyu İslam təlimlərini, İran xalqının İslamın həyatverici məktəbinə güclü və doğruçu imanını qoruyan və hər yerdə dini düşüncələri inkişaf etdirən əsas amil olmuşlar. Amerikanın muzduru olan rejimlə mübarizənin mərkəzində öhdəçi və mübariz ruhanilərin durması xalqın müxtəlif təbəqələrini mübarizəyə cəlb etdi və ümumxalq miqyasına çatdırdı. İran xalqının yekdilliklə iştirak etdiyi bütün böyük hadisələrdə, məsələn, Məşrutə hərəkatında və Tənbəki qiyamında da din alimlərinin öndə getməsi bu ümumi iştirakın yeganə təminatçısı olmuşdur. İngiltərə müstəmləkəçiləri bu məsələni dərk edib ruhaniləri məhv etməyi İranda müstəmləkə siyasətlərini davam etdirmək üçün zəruri şərt saydılar və muzdurları Rza xanın vasitəsi ilə 1934-cü ildən etibarən uyğun plana başladılar. Həmin illərdə böyük din alimlərinə və elm hövzələrinə qarşı İran tarixində misli görünməmiş faciələr baş verdi. Təəssüf ki, quldur Rza xanın hakimiyyətinin son illərində baş verən bu faciələr, eləcə də din alimlərinin və hövzə tələbələrinin məzlum müqaviməti tam şəkildə yazılmamışdır. Allaha şükür olsun ki, sayları hələ də az olmayan canlı şahidlərin bildiklərinin aidiyyətli şəxs və qurumlar tərəfindən toplanması lazımdır.

Ruhanilərin və din alimlərinin azadlıqsevərliyi, daxili və qlobal güclərin təsirindən uzaq qalması səbəbindən quldur hökmdarlar bu ilahi təbəqəni heç zaman öz fəsad və xəyanətləri yolundan götürə bilmədilər. Muzdur ruhanilərdən və saray mollalarından ibarət bir qisim ruhanilər dəyərsiz dünya malından ötrü zalımların süfrəsində oturub söz və əməllə onları təsdiqləsələr də, din alimlərinin, ruhanilərin və gənc hövzə tələbələrinin əksəri gözütox, təqvalı və iffətli qalmış, sədaqətli və qüdrətli mübarizə gücünü və iradəsini qorumuş, xalqın qəlbində Şiə ruhanilərinə olan güclü etimada xələl gətirməmişlər. Məhz buna görə ruhani təbəqəsi həmişə müxtəlif düşmənlərin, müstəmləkəçilərin, əcnəbilərin və əcnəbipəsərtlərin zəhərli hücumlarına məruz qalmış və onların birinci düşməni sayılmışdır.

Əlli il boyu İranda Pəhləvi hökumətinin və əcnəbi güclərin tamamilə müstəmləkə mahiyyəti daşıyan və ruhani təbəqəsi əleyhinə yönəlmiş planlı və düşmən təbliğatı Rza xanın dövründə və Məhəmmədrzanın dövrünün birinci yarısında din alimləri üçün çətin sınağa çevrildi və Allaha şükür olsun ki, ruhanilər bu sınaqdan başıuca çıxdılar.

Onbeşillik mübarizə çağında da Qum Elm Hövzəsi, digər elm hövzələri və məşhur ruhanilər mübarizənin və onun ardınca düşmənin vəhşi hücumlarının əsas mərkəzlərinə çevrildilər. Lakin bu sərt reaksiyalar Allahın iradəsi ilə ruhanilərin qəti dini vəzifələri olan şərəfli yoldan geri çəkilmələrinə bais olmadı, əksinə, həmin dövrdə İslam düşüncəsi daha da çiçəkləndi, parladı, Quran fiqhi daha səmərəli oldu, mübariz ruhanilər daha püxtələşdilər və İslam hakimiyyətinə şərait yarandı.146


İnqilabdan qabaq universitet mənsubları həqiqətən ruhaniləri çoxdanışan, çox gözləntisi olan və heç bir şey bilməyən nadan adamlar sayırdılar. Mən onların bir çoxu ilə rastlaşmışam. Məsələn, bir məclisdə bir hövzə tələbəsindən iki sanballı söz eşidəndə deyirdilər ki, ruhanilərin arasında həqiqətən sizin kimilər varmı? Halbuki həmin tələbə adi bir tələbə idi. Onlar ruhaniləri tanımırdılar, ölkənin elm mərkəzlərinin ruhanilər haqda təsəvvürü yanlış idi. Elm hövzəsi ümumiyyətlə elm və tədqiqat mərkəzi olmuşdur. Əgər ölkəmizdə elm üçün elmin, qarşılıqsız elmin nümunəsi varsa, elə elm hövzələridir. Müasir universitet adamları ruhani çevrələrdə və hövzə tələbələri arasında olan, Allahın lütfü ilə hələ də böyük həddə qalan zahidliyi və dünyaya etinasızlığı müftəxorluq sayırdılar. Bunu o qədər təbliğ etmişdilər ki, harada konkret işarə vurmadan "müftəxorlar" deyirdilərsə, ruhaniləri nəzərdə tuturdular. Belə təbliğat aparmışdılar. Bu təbliğatın əsl hədəfi isə ruhanilər deyildi, din idi.147

Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin