Bekketə salam natiq Məmmədli Bakı 2017 Redaktor: Fuad Babayev Korrektor: Təvəkkül Dadaşov Səhifələnmə və dizayn: Elviz İsmayilov Annotasiya



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix13.04.2017
ölçüsü2,08 Kb.
#13895
1   2   3   4   5   6   7

TEOLOGIYA MÜƏLLIMI

142
yabrın  kitab  qoxuyan  ilıq  nəfəsi  yaydan  bəri  görüş-
məyən tələbə dostlarının üzündə xəfif təbəssümə çevril-
mişdi. Sentyabrdan təzə kitab qoxusu gəldiyini də ona 
atası  söyləmişdi.  Dərs  cədvəlini  götürəndə  isə  uşaqlar 
arasında  pıçhapıç  başlamışdı  ki,  bu  dəfə  onlara  hamı-
nın dad dediyi qorxulu müəllim dərs deyəcək. “Əzazilin 
yekəsi,  tapşırıq-zad  hərləməyən”,  “bu  vaxta  kimi  hələ 
heç kimə “beş” yazmayan”, kosmetika vuran qızlardan 
illah zəhləsi gedən müəllimlə axır ki dördüncü kursda 
qarşılaşmışdılar. Hamı bircə sözü əzbərləyib qulağında 
sırğa eləmişdi -“çalış qəzəbinə tuş gəlməyəsən”. 
Qəliz  müəllim  bu  vaxta  kimi  onların  öyrənmədiyi, 
yalnız  haqqında  elə-belə  adda-budda  eşitdikləri  sehrə 
bürünmüş fəndən – teologiyadan dərs deyəcəkdi. Hamı 
kimi ona da çox qəribə gəlmişdi. Hamı kimi onun da kür-
künə birə düşmüşdü. Evə gedəndə mütləq qəliz müəllim 
haqqında atasından soruşacaqdı. Nə əcəb bu vaxta kimi 
onun barəsində bir kəlmə də eşitməyib?
- Nədən dərs deyəcək? Teologiyadan? Birinci dəfədi 
eşidirəm – atası çiyinlərini çəkib bir xeyli çənəsini ovuş-
dura-ovuşdura fikirləşdi, -bizim vaxtımızda teologiya fi-
lan keçmirdilər. Bizə “Elmi ateizm”i öyrədiblər. Deyim 
sənə, çox mənasız fənn idi. Elə mənasız, qəliz müəllim 
də dərs deyirdi. Zorla beynimizə yeritmək istəyirdi ki, 
Allah yoxdu. Çox qəliz adamıydı, çox. 
- Bəs siz də inanırdınız? İnanırdınız ki, Allah yoxdu?, 
– oğlu soruşdu. 

143
- Əstəğfürullah! Nə danışırsan? Əlbəttə ki, inanmır-
dıq. 
- Bəs bunu qəliz müəllimdən soruşanda nə cavab ve-
rirdi? 
-  Bunu  soruşan  kim  idi?  Öz  ürəyimizdə  deyirdik 
“Allah var”. Dərsdəsə, onun dediklərini təkrarlayırdıq. 
Bilirsən, o qəliz adam Allahın yoxluğunu sübut etmək 
üçün  bizə  nə  qədər  kitablar  oxutdurmuşdu,  saysız-he-
sabsız, Marks, Engels, Lenin, axırda da Axundov. Yaxşı 
ki, indi heç biri də yadımda qalmayıb. 
- Ata, nə əcəb bu vaxta kimi onun haqqında danışma-
mısan?
- İnanırsan, onu heç xatırlamaq istəmirəm. Zalım oğ-
lunun  qorxusu  canımdan  çıxmayıb.  Dayan  görüm,  adı 
nəydi onun? Deyəsən, Pənah müəllim idi… Hə, Allahsız 
Pənah!
- Ha, ha, ha… nə qəribə adı var imiş. Elə belə də de-
yirdiniz, Allahsız Pənah!
- Çox əzazil, qaşqabaqlı adam idi: universitetdə heç 
kimi eşitmirdi, o boyda qrupumuzda bir nəfərə də “beş” 
yazmadı. Zalım oğlu pomadalı qız görəndə elə bil torba-
da ilan görürdü. 
- Bəs sən necə qiymət ala bildin? 
-  Mənim  işim  bir  az  qəliz  oldu,  əməlli-başlı  zülmə 
düşdüm,  sürüm-sürüm  süründürdü  məni.  Cəncəl  işim 
olmuşdu. Cəncəl deyəndə ki… Mən də sənin indi otur-
duğun partada qabaq cərgədə otururdum. Bir gün müha-

144
zirənin ortasında Allahsız Pənah asqırdı. Özümdən asılı 
olmadı, qayıtdım ki, “Ya haqq Allah”. Kişini elə bil cin 
vurdu. Üstümə bağırdı ki, mən bayaqdan deyirəm Allah 
yoxdu, sən deyirsən haqq Allah, dur bas bayıra. Düz se-
mestrin axırına kimi dərsə buraxmadı məni.
- Görünür, prinsipial adamıymış.
- Həm də necə! İmtahanda bilirsən neylədi? Saxladı 
məni hamıdan axıra, dedi ki, tabaşiri götür, lövhəyə yüz 
dəfə yaz ki, “Allah yoxdu”.
- Bu ki lap ağ olub! Bəs neylədin? 
-  Ağzım  nəydi,  necə  demişdi  elə  də  elədim.  O  da 
eləmədi  tənbəllik,  eynəyini  gözünə  taxıb  “Allah  yox-
du”ların hamısını bir-bir saydı. Axırda qiymət kitabçama 
“üç” yazıb üstümə atdı. Tramvay altında qalan “üç”…
Atası  danışdıqca  beynində  bir  məsələni  çək-çevir 
edirdi,  nə  əcəb  bu  vaxta  kimi  bir  dəfə  də  olsun Allah 
haqqında düşünməyib. İlk dəfə onun adını babasının ya-
sında eşitmişdi. Molla başa düşmədiyi dildə nəsə avazla 
oxuyur, hər cümlə başı da Allahı yada salırdı. Onda çox 
uşaq idi. Böyüdü, bığ yeri tərlədi, yenə də Allah haqqın-
da söhbətlərə yas çadırlarından qeyri başqa yerlərdə qu-
laq kəsilə bilmədi. Bir də nəsə şuluq iş görəndə özü də 
bilmədən yaxasını təmizə çıxarmaq üçün tez-tez Allaha 
and içərdi. Və heç vaxt da fərqində olmazdı ki, niyə belə 
edir? Niyə öz canına, lap elə atasının canına and içən-
də onun yalanına inanmırlar, elə ki, Allahın adını çəkdi, 
dərhal hamı rəhmə gəlirdi? 

145
Bəs ateizm hardan çıxdı? Dinin əksimi, yoxsa alter-
nativi? Bəs Allahsız Pənah kim olub – anti-molla? Tap-
dığı təzə söz özünə də xoş gəldi. Bəs molla və anti-molla 
arasında seçim edəndə kimə üstünlük vermək yaxşı olar-
dı? Hər halda sabahkı dərs çox maraqlı olacaqdı. 
Yeni dərs ilinin birinci zəngi vuruldu. Auditoriyada 
ağız deyəni qulaq eşitmirdi. Müəllimin bir az da gecik-
məsi bəhanə olmuşdu. Yerlərində oturmağa tələsməyən 
tələbələr  var-gəl  edir,  zarafatlaşır,  deyə-gülə  bir-birlə-
rinə nələrisə üyüdüb-tökürdülər. Teologiya müəlliminin 
sakitcə içəri girib diqqətlə onlara baxdığını görən kimi 
özlərini yığışdırdılar. Deməli, bu o idi – tərs adam. Nə-
dənsə ürəyinə dammışdı ki, hamını öz xofunun cəngində 
sıxan, barəsində yalnız naqolay sözlər danışılan bu çətin 
adamdan çox şeylər öyrənə biləcəkdi. 
Müəllim  “bismillah”  deyib  yerinə  keçdi.  Köhnəlik-
dən sürtülüb rəngini itirmiş qovluğun arasından bir cən-
gə vərəq çıxarıb masanın üstünə qoydu. Yenə də “bis-
millah” deyib mühazirəyə başladı. “Yazın, “Teologiyaya 
giriş: fənnin predmeti və vəzifələri…”, qəflətən nəyisə 
yadından çıxarmış adamlar kimi ayağa qalxıb qımışa-qı-
mışa “heç tanış olmadıq axı” -dedi. “Sizə Teologiyadan 
dərs deyəcəm. Adım Pənahdı”.
Hansı Pənah? Atamın Pənahımı? Əvvəlcə bunu onun 
özündən soruşmaq həvəsi yaransa da, dərhal da fikrin-
dən daşındı. Axı hansı axmaq qəlizdən qəliz müəllimə, 
çətindən çətin adama sual verər ki, “bağışlayın, Allahsız 

146
Pənah siz deyilsiniz”. Hər kəlməsinin qabağında “bis-
millah” deyən kişidən bunu soruşmaq heç Allahın özünə 
də xoş getməzdi. Ağlından keçən o oldu ki, evə çatan 
kimi mütləq atasının dəftərini tapıb yazdıqlarını tutuş-
dursun.  Auditoriyada  yazhayaz  başlamışdı. Ac  toyuq-
ların  qabağına  dən  səpmişdin,  hamı  başını  aşağı  salıb 
acgözlüklə, canfəşanlıqla dimdikləməyə çalışırdı. Müəl-
lim də aradabir başını vərəqlərdən qaldırır, qırğı nəzər-
lərini hürkək toyuq-cücənin üzərində gəzdirib, yenidən 
yarımçıq qoyduğu sətirdən davam edirdi. 
O, qəliz müəllimdən tamamilə başqa rəngdə, başqa 
ölçüdə  sözlər  eşitmək  həsrətindəydi.  Dərsin  ortasında 
anlamağa başladı ki, bu sözlər yas çadırında eşitdiklə-
rindən elə də fərqlənmirdi, sadəcə, biri bilmədiyi, biri 
başa düşmədiyi dildəydi. 
Atasının  səliqəylə  yığıb  saxladığı  bütün  mühazirə 
dəftərlərini  dönə-dönə  vərəqləmişdi.  Nədənsə  onların 
arasında Allahsız Pənahın yazdırdıqlarına heç vaxt rast 
gəlməmişdi. Heç atası da o soruşana kimi bu haqda kəl-
mə də kəsməmişdi.
- Ata, sənin “ateizm” dəftərin hardadı?
- Nə dəftərim?
- Allahsız Pənahın mühazirələrini deyirəm də.
- Nəyinə lazımdı onlar? Elə imtahandan çıxan kimi 
tulladım zibil qabına. Özü də tək mən yox, qrupumuzda-
kı bütün uşaqlar. Hamısı cəfəngiyat idi. Mənasız, qəliz 
şeylərdi. Heç biri də yadımda qalmayıb. Onsuz da hamı 

147
bilir ki, Allah var, təkdi, özü də göydədi.
- Adı da Pənahdı…
- Kimin?
- Bizə Teologiyadan dərs deyən kişinin. 
- Pah! Təsadüfə bax.
- Həm də deyirlər çox qəliz adamdı. Yəqin imtahanı-
mız çətin keçəcək. 
- Nə qədər çətin olsa da, “ateizm”ə çatmaz. Bir var 
qibləsini bilənə imtahan verəsən, bir də var Allahsıza. 
Sizin bəxtiniz gətirib…
Həmişə tələbələrlə nəzakətlə davranan yaşlı kitabxa-
naçı qadın da onun sualını eşitcək çox təəccüblənmişdi 
“Elmi ateizm”? Nə danışırsan, ay bala? Cavan oğlansan, 
əstəğfürullah de, günaha batmayasan”. 
“Niyə  ki,  mənim  atam  da  o  kitabı  oxuyub.  Kitabdı 
da, nə var ki?” Onun israr etdiyini görən qadın mızıl-
dana-mızıldana,-“yaxşı  sabah  yaxınlaş,  “redki  fonda” 
baxaram. Görüm hara tullamışıq?”, -dedi.
Bütün semestr boyu ona ateizm kitabını verən olma-
dı. Kitabxanaçı hətta Allaha and içdi ki, hər yeri ələk-
vələk elədisə də, onu tapa bilməyib. “Təkcə o kitabı yox 
e, Marksın, Engelsin əsərləri də yoxa çıxıb. Hələ Lenini 
demirəm, ayrı vaxtı gözümüzə girərdi” -qadın onu inan-
dırmaq  üçün  çox  illah  eləmişdi  –  “bilirsən,  o  kitablar 
bir vaxtlar bizim bütün rəflərimizin yaraşığı idi. Qırmı-
zı-qırmızı, kərpiç-kərpiç kitablar. Biz atmamışıq ha, Al-
lah haqqı atmamışıq. Elə özləri yoxa çıxıb”. 

148
Ümid  qalırdı  Pənah  müəllimin  yazdırdıqlarına. 
Amma  kursun  başa  çatmasına  az  qalsa  da,  o,  hələ  ki, 
qatmaqarışıq  mülahizələrin  içindən  özünə  lazım  olan 
fikri tapa bilməmişdi. Adına “teologiya” deyilən fənn bir 
az din tarixinə, bir az ibtidai icma tarixinə, bir az sosio-
logiyaya, bir az da mollanın yas yerində dediyi sözlərə 
oxşayırdı. O, bunu axtarmırdı. Bəlkə də ürəyi istəyəni 
heç Allahsızların kitabında da tapa bilməyəcəkdi. Dərk 
etmək istədiyi hər şeydə yarımçıqlıq var idi: müəllimin 
yazdırdıqlarında, mollanın danışdıqlarında, elə kitabxa-
naçının  etiraflarında  da  nəsə  çatışmırdı.  Elə  imtahan 
vaxtı da birinci sualın cavabında belə də yazmışdı: “Te-
ologiya yarımçıq fəndir”. Ondan başqa hamı sevinirdi. 
Nəhayət, qəliz müəllimdən canlarını qurtaran tələbələr 
qiymət  kitabçalarını  alar-almaz  mühazirə  dəftərlərini 
hərə bir tərəfə atıb sevinə-sevinə universiteti tərk edir-
dilər.  Pəncərələrin  qabağı,  zibil  qabının  böyür-başı, 
hətta  tualetin  yan-yörəsi  də,  əzilmiş,  qatlanmış,  cırıl-
mış “teologiya dəftərlər”iylə dolu idi. Uşaqların hamısı 
“üç” almışdı. Amma qəliz müəllimin beli donqar “üç”ü 
o biri müəllimlərin lovğa, qarnıyoğun “beş”indən daha 
qiymətli, daha əziz görünürdü. Heç kim etiraz eləmirdi, 
hamı sevinirdi, hətta bəziləri “üç də beşin tayıdı” deyib 
uçmağa qanad axtarırdı. 
Hamı gedəndən sonra lap axırda onu içəri çağırdılar. 
Pənah müəllim qalın eynəyini onun yazdıqlarının üzə-
rində gəzdirib, nəsə axtarırdı.

149
- Niyə belə yazmısan? – soruşdu – başa düşməmisən 
sual verəydin izah edərdim, sənə kim ixtiyar verib ki, 
Teologiyanı yarımçıq hesab edirsən?
- Çox şey qaranlıq qaldı, ona görə…
- Nədir qaranlıq qalan? Ver sualını.
- Atam  bu  fakültədə  oxuyanda  ona  ateizmdən  dərs 
keçiblər… Heyf, dəftərini saxlamayıb…
Müəllim  baxışlarını  hər  vəchlə  ondan  yayındırmaq 
istəyən tələbənin qorxaqlığa oxşayan məsumluq çökmüş 
çöhrəsini bir xeyli süzdü. Onun sifətində hardasa rast-
laşdığı tanış cizgiləri görəndə heç təəccüblənmədi. İllə-
rin təcrübəsi ona deyirdi ki, zamanın belə dəyişdirməyə 
gücü yetmədiyi bu cizgilər genetik yaddaşın izaholun-
maz kodları idi. Araya çökən cansıxıcı səssizliyi Pənah 
müəllimin qəfləti asqırmağı pozdu. O da qeyri-ixtiyari 
“Ya haqq Allah” pıçıldadı.
- Ay bərəkallah! A bala, Allahın haqq olduğunu bilir-
sən, amma boş şeylərdən danışırsan. Sənə məmnuniy-
yətlə, “iki” verərdim, amma  istəmirəm tay-tuşlarından 
geri qalasan. Yazığım gəlir sənə. Çıx lövhəyə! Yüz dəfə 
yazacaqsan ki “Allah haqdı”. Düz yüz dəfə! Bax, bir-
cə-bircə sayacam ha!
Hər şeyi müəllim söylədiyi kimi elədi. Pənah müəl-
lim qalın eynəyini gözünə taxıb onun yazdıqlarını birər-
birər səbirlə saydı və sonra çoxdan imzaladığı “qiymət 
kitabçası”nı ona uzatdı. Artıq universitetin dəhlizlərində 
səs-səmir kəsilmişdi. O, pillələrlə sakitcə aşağı düşürdü. 

150
Heç auditoriyada unutduğu mühazirə dəftərinə görə də 
geri qayıtmadı. Pənah müəllimdən neçə alması da ve-
cinə deyildi. Bircə onu bilirdi ki, indi hər şey atasının 
“qiymət kitabçası”nı xatırladırdı.
Sentyabr 2013

151

152
MÜNDƏRICAT
Bizə ürək göndərin .................................................
Tutuquşunun günahı ...............................................
Xəlbir .....................................................................
Kişilər ağlamasın ...................................................
Sevgi məbədində qətl .............................................
Bekketə salam ........................................................
Tiflis yolçuları ........................................................
Şuşa dumanı ...........................................................
Professor və samuraylar .........................................
Teologiya müəllimi ................................................
4
19
35
53
63
76
90
120
130
141

Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin