Yumşaq mebellərin çeşidləri. Yumşaq mebel çeşidinə kreslo, divan, stul, banketka, kuşetka, taxt, döşək, döşəküstü və konbinəedilmiş yumşaq mebel daxildir.
Yumşaq kreslolar. Yumşaq kreslolar quraşdırılma konstruksiyalı ( oturacaqlı və arxası çıxarılan ) və bütöv konstruksiyalı hazırlanır. Bütöv konstruksiyalı yumşaq kreslolarda detalların bir hissəsi ( ayaqlar, dirsəkaltılar, dirsəkliklər, arxa çərçivələri ) adətən açıq saxlanır, lak yaxud pardax vasitəsilə bəzədilir.
Yumşaq stullar. Yumşaq stullar ayrı-ayrı hazırlanmır; bunlar qonaq otağı qarnituruna daxil olur. Yataq otağının qarnituruna bəzən düzbucaq yaxud girdə oturacaqlı yumşaq puflar (kıtillər) yaxud banketkalar daxil edilir.
Yumşaq kuşetkalar. Yumşaq kuşetkalar qutudan, ayaqlardan və mütəkkənin bərkidilməsi üçün dayaqdan, yumşaq oturacaq detalından və mütəkkədən ibarət olmaqla quraşdırma konstruksiyalı hazırlanır.
Taxt. Taxtın eni ən azı 900 mm olur. Taxt çərçivə konstruksiyalı gövdədən, ayaqlardan, dirsəkaltı yastıq söykənəcəklərdən, kənarları yumşaq olan oturacaq detalından, üç yastıqdan və iki dirsəkaltı yastıqdan ibarət olur.
Divan. Divanlar müxtəlif konstruksiyalı, bütöv, quraşdırma, arxalı, tamamilə üzlük materialı çəkilmiş yaxud lak sürtülmüş, açıq çərçivəli, qabaq kənarları yumşaq olur. Kabinet divanlarının dirsəkaltıları bütöv olur, yaşayış divanlarında isə bu çıxarılır yaxud adətən mütəkkə şəklində qatlanır. Kabinet divanlarının arxasına və dirsəkaltlıqlarına bəzən üzlük sırıq çəkilir, oturacağı isə iki-üç əlavə şəkildə yaylı yastıqdan ibarət olur.
Matras. Matras içi yaylı və yayların üzərinə doldurucu material sərilmiş qutudan ibarət olur və buna tik yaxud digər ucuz pambıq parçadan üzlük çəkilir. Matrasın yanları bərk olur; ölçüsünə görə bunlara biryarımlıq, biradamlıq, ikiadamlıq və uşaq matrası deyilir.
Döşək. Döşək iplik parçadan hazırlanır; bunun içinə doldurucu materiallar (pambıq, çığ və s.) tökülüb sırınır. Ən gigiyenik sayılan döşək tənzifə sırınmış və üstündən üzlük çəkilmiş döşəklərdir.
Kombinə edilmiş mebel. Kombinəli yumşaq mebel açılıb-yığılan divan-çarpayı kreslo-çarpayı şəklində hazırlanır. Bunlar yanı lövhəli və lak çəkilmiş qutudan, oturacaqdan, arxa və yan hissələrdən ibarət olur. Bunların oturacağına 16, arxa hissəsinə isə 20 ədəd yay qoyulur.
Yumşaq mebelin keyfiyyət şərtləri. Yumşaq mebelin yaylarının əyilməsi və çıxması, içindəki materialın topalaşması, üzlük materialının cırılması, kirlənməsi, yayların paslanmsı və karkası ilə üzlük materialının arasında həşərat əmələ gəlməsi nəticəsində istismar müddəti qısalır. Texniki nəzarət aparmaqla, hər şeydən əvvəl yayların düzgün yerləşməsi, tarımlığı və sarğı materialının möhkəmliyi yoxlanılır; yumşaq mebelin içərisindəki astar materialı tarım çəkilmiş və sarınmış olmalı, yaylar paslanmamış olmalı, üzlük material kənarlardan kip dartılmalı və möhkəm mıxlanmalıdır.
Açılıb-yığılan yumşaq mebel sanitariya tələblərinə müvafiq olmalıdır ki, bunun bütün yumşaq hissələri (oturacağı, mütəkkələri) vaxtaşırı götürülüb təmizlənə bilsin.
Divanların və taxtların yaylı yataqları ən azı iki məftil yastıqdan ibarət olmalıdır, əks təqdirdə bunların ortası batar.
Əymə mebel. Əymə mebel yüngül. Konstruksiya və hissələrinin quruluşuna görə sadə, ağac sərfi cəhətdən qənaətli olur. Lakin əymə mebelin çeşidi məhdud və istehsalı nisbətən azdır. Bunun səbəbi odur ki, əymə mebel üçün nöqsansız düzqatlı pəstahdan istifadə edilir və qalın detalları əymək çətin olmqla daha baha başa gəlir. Əymə mebelin hazırlanması üçün ən yaxşı material fısdıq ağacıdır. Digər ağac cinslərindən palıd, qarağac və göyrüş ağacları da yaxşı əyilir, lakin bunlar defisit material olmaqla, araba, təyyarə və digər xüsusi istehsalda lazımdır. Düzgövdəli nöqsansız fısdıq ağacı az olduğuna görə , hazırda əymə mebel üçün nisbətən qısa detallardan quraşdırılan konstruksiyalar düzəltmək məqsədəuyğun və əlverişli sayılır. Ən yeni əymə mebel konstruksiyalarında qapalı konturlu bütöv detallar çox az tətbiq edilir. Əymə mebelin divarları və oturacağı üçün yandırmaqla bəzədilmiş faner yarımfabrikatlarından geniş istifadə olunur. Əymə mebel detallarını quraşdırılması, bir qayda olaraq, bəzək əməliyyatından sonra metal bərkidicilər (şuruplar, mismarlar, boltlar) vasitəsilə başa çatdırılır.
Son zamanlar əymə mebel istehsalında faner borular şəklində olan yarımfabrikatlardan istifadə edilir ki, bunlardan da arxa hissələrin və qapalı konturların sarqa adlanan detalları kəsilir. Massivdən və fanerdən düzəldilən əymə detallar xarrat mebelində də getdikcə geniş tətbiq olunur.
Əymə mebel istehsalında texniki nəzarət zamanı birinci növbədə pəstahların keyfiyyəti diqqətlə yoxlanılmalıdır. Əymə üçün yaramayan massiv pəstahlar (düyünlü, əyriqatlı və s.) nöqsanlarının ləğv edilməsi şərti ilə, daha qısa əymə detallara sərf olunur. Əymə detallar üçün tətbiq olunan pəstahların nəmliyi mütləq yoxlanmalı və detallar sınmasın, yarılmasın və qırışmasın deyə, buxar və əymə rejiminə nəzarət edilməlidir. Əyilmiş pəstahlar qurudulduqdan və sıxacdan azad edildikdən sonra, onların tərsinə əyilməsi yoxlanılır. Burada əyilmiş quru pəstahlar əksinə əyilməsinə və keyfiyyətinə görəçeşidlərə bölünüb komplekt şəklə salınır.
Əymə mebellərin çeşidi. Əymə mebel fabriklərinin əsas məhsulu stullardan və yarımkreslolardan ibarətdir. Bununla bərabər, məhdud miqdarda kreslo, stol, divan, kətil və etajerka da hazırlanır. Əymə mebellər fanerlənmir. Əymə mebelə bir qayda olaraq, lak və boya çəkilir, yaxud da bəzəksiz buraxılır.
Əymə stullar. Əymə stullar əsas materialına (fısdıq, palıd), oturacağının formasına (girdə, trapesiyavari), arxasının materialna (fanerdən, yaxud massiv), oturacağının və arxasının xarakterinə (bərk, yarımbərk, yarımyumşaq), habelə oturacaq və arxa detallarının bəzəyinə (basmanaxış , yandırmaqla vurulan naxış) görə bir-birindən fərqlənir.
Əymə yarımkreslolar. Əymə yarımkreslolar arxasının bir qədər qısa olması ilə stullardan fərqlənir. Yarımkresloların oturacaq hissəsi çox vaxt yarımbərk yaxud yarımyumşaq olur.
Əymə kreslolar. Əymə kreslolar az miqdarda qarniturların tərkibinə daxil olur və həm də əymə-xarrat konstruksiyalı yırğalanan şəklində hazırlanır.
Dostları ilə paylaş: |