Azərbaycanda həbsdə olan siyasi məhbuslar hesabat noyabr 2016- cı IL Ümumi məlumat



Yüklə 0.72 Mb.
səhifə3/10
tarix22.04.2017
ölçüsü0.72 Mb.
1   2   3   4   5   6   7   8   9   10

İbrahimov Qiyas Həsən oğlu


Saxlanma tarixi: 10 may 2016-cı il

İttiham: CM-nin 234.4.1 və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, qabaqcadan əlbir olan bir qrup tərəfindən və külli miqdarda törədildikdə)

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

  1. Məmmədov Bayram Fərman oğlu


Saxlanma tarixi: 10 may 2016-cı il

İttiham: CM-nin 234.4.1 və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, qabaqcadan əlbir olan bir qrup tərəfindən və külli miqdarda törədildikdə)

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)


  1. Qəhrəman Elgiz Camal oğlu


Saxlanma tarixi: 12 avqust 2016-cı il

İttiham: CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsi

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Gənc fəal Türkiyədə təhsil aldığı və sonra geri döndükdən sonra Azərbaycandakı ictimai-siyasi məsələlərə, insan haqlarına, Güney Azərbaycan, Doğu Türküstan türkləri məsələlərinə milli məsələ kimi yanaşıb, mitinq və konfranslarda aktiv şəkildə iştirak edib. O, 2015-ci ildən Nida Vətəndaş Hərəkatının üzvüdür və ötən ilin noyabrında keçirilən son parlament seçkilərində hərəkatın namizədlərindən biri olub.
Cənab Qəhrəman avqustun 12-də saxlanılsa da, yaxınları bu barədə yalnız avqustun 13-ü axşam saatlarında xəbər tutublar və yalnız bundan sonra istədikləri vəkili onun yanına göndərmək imkanı əldə ediblər. Lakin vəkil onunla yalnız avqustun 19-dan sonra, gənc fəal artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən İstintaq Təcridxanasına köçürüldükdən sonra görüşə bilib. O bir həftə bu İdarədə saxlanlıb və işgəncələrə məruz qalması barədə ictimaiyyətə məlumat göndərib. Onun hər iki vəkili cənab Qəhrəmanın işgəncələrə məruz qaldığını, qarın nahiyəsində hələ də qızartıların qaldığını, lakin işgəncə ilə bağlı müraciətlərin araşdırılmadığını bildiriblər.


Е) Siyasətçilər, siyasi partiya fəalları- 7 nəfər


  1. Məmmədov İlqar Eldar oğlu


Saxlanma tarixi: 4 fevral 2013-cü il

İttiham: CM-nin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Məmmədov Azərbaycan müstəqillik əldə etdikdən sonra fəal şəkildə siyasətlə məşğul olan şəxslərdən biridir, artıq 10 ildən çox müddətdə mövcud olan və Azərbaycanda ilk sayılan siyasi bloqun müəllifidir. O, Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru, iki nüfuzlu beynəlxalq təşkilatın – German Marşal Fondunun və Revenue Watch təşkilatının Məsləhət Şurasının üzvüdür19.
Cənab Məmmədov 2009-cu ildə yaranan və son illər ərzində yeni nəsil siyasi müxalif qüvvə kimi populyarlaşan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədridir. Hərəkatın əsas məqsədi Azərbaycanda cümhuriyyətçilik ənənələrini bərpa etmək, parlamentli respublikaya keçid, effektiv hökumət qurmaq, hüquq və azadlıqların birmənalı təminat etmək və s. amallardır. Yarandığı vaxtdan indiyə kimi REAL mövcud hakimiyyətin apardığı siyasəti və bu siyasətə məsul olan şəxsləri, o cümlədən prezident İlham Əliyevi tənqid etməklə yanaşı, həm də alternativ proqramlar təklif edib.

Cənab Məmmədov 2009-cu ilin martında bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi qadağasının götürülməsi ilə nəticələnən referendumdan sonra ANS telekanalının canlı yayımında bu qadağanın aradan qaldırmaqla prezident Əliyevi ölkəni uçuruma sürükləməkdə, İranda Şah Rza Pəhləvinin yolu ilə getdiyində ittiham etmişdi. 2010-cu ilin Parlament seçkilərində namizəd olmuş cənab Məmmədov seçki platformasında, xüsusən efir vaxtı zamanı hakimiyyəti yaramaz siyasət aparmaqda ittiham etmişdi. Cənab Məmmədov 2012-ci il martın 1-də Quba şəhərində yerli icra başçısının əleyhinə keçirilmiş etiraz aksiyası zamanı vəziyyətin yerində öyrənilməsi üçün Qubaya getmiş və hadisələrin baş verməsinə görə hakimiyyəti tənqid etmişdir. 2012-ci ilin noyabrında cənab Məmmədov parlamentin qeyri-effektiv fəaliyyət göstərdiyini və saxta seçkilər nəticəsində seçilən adamlardan ibarət olduğunu bildirərək parlamenti zooparka bənzətmişdi. Bundan sonra parlamentin üzvü və hakimiyyəti yaxınlığı ilə seçilən Adil Əliyev cənab Məmmədov barəsində verdiyi müsahibədə “bu cür danışanların başının kəsilib atılması” ifadəsini işlədərək, faktiki olaraq ona qarşı ölüm təhdidi səsləndirmişdir. Hakim partiyadan olan deputat, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Məmmədovun həbs edilməsi üçün məhkəməyə göndəriləcək iddia ərizəsinin artıq hazır olduğunu və ərizənin deputatlar tərəfindən imzalanma prosesinin davam etdiyini bildirmişdi (amma son olaraq məhkəməyə müraciət edilmədi). 2013-cü il yanvarın 19-da Bakıda yerləşən Binə Ticarət Mərkəzində çalışan şəxslər sosial tələblərlə etiraz aksiyası keçirmişlər, nəticədə polislə qarşıdurma yaranmışdır. Cənab Məmmədov etiraz aksiyasının keçirildiyi yerə gedib, etirazçılarla görüşüb və onların tələblərini öyrənib. O, həm öz bloqunda, həm də mətbuata verdiyi müsahibələrdə aksiya iştirakçılarına dəstək ifadə etmiş, tələblərin tamamilə doğru olduğunu bildirmiş, hakimiyyəti korrupsiyanın qarşısının alınmasında maraqlı olmamaqda günahlandırmışdı.


2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası tələbi ilə etirazlar keçirilmiş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Cənab Məmmədov hadisədən bir gün sonra yanvarın 24-də İsmayıllı rayonuna səfərə gəlmiş, rayon mərkəzində jurnalistlər və bəzi sakinlərlə söhbət etdikdən sonra Bakıya qayıtmışdır. Bakıya qayıdarkən cənab Məmmədov Azadlıq Radiosuna müsahibə vermiş və etirazların haqlı olduğunu bildirmişdir, eyni zamanda öz bloqunda insanların səbrinin tükəndirilməsinə görə yerli icra qurumlarını tənqid etmişdir. Bundan əlavə, cənab Məmmədov hadisələrin baş verməsinə səbəb olmuş şəxslərin kimliyini dəqiqləşdirərək onların Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun (hazırda vəzifədən uzaqlaşdırılıb) qohumları və yaxınları olduğunu müəyyən etmiş, hadisənin baş verməsinə səbəb olan şəxslərin işlədiyi otelin nazirin oğluna məxsus olduğunu göstərən rəsmi sənədləri taparaq yaymışdır (həmin vaxt otelin heç bir vəzifəli şəxsə və ya onun qohumlarına məxsus olmaması ilə bağlı yerli icra başçısı və digər rəsmilər açıqlamalar vermişdilər).
Cənab Məmmədov REAL Hərəkatının 2013-cü il prezident seçkilərinə namizəd idi və bu barədə onun həbsindən qabaq təşkilat daxilində razılıq əldə edilmişdi. Həbsdə olmasına baxmayaraq, cənab Məmmədov seçkilərdə namizədliyini vermiş, yaradılan ciddi maneələrə rəğmən namizədliyi ilkin olaraq qeydə alınmış, xeyrinə 40000-dən çox imza toplanaraq təqdim edilmişdir. Lakin Mərkəzi Seçki Komissiyası əsassız şəkildə imzaların saxta olduğunu iddia edərək, onun namizədliyini qeydə almamışdır.

Cənab Məmmədov məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra həbs edildi. Yanvarın 26-dan etibarən ölkədə yayımlanan telekanalların əksəriyyəti Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinad edərək İsmayıllı hadisələrinə REAL Hərəkatının sədri İlqar Məmmədov və jurnalist, Müsavat Partiyasının Başqan müavini Tofiq Yaqublunun səbəb olduğunu bildirərək təqsirsizlik prezumpsiyasını pozmuş və cənab Məmmədovu cinayətkar adlandırmışlar.


Yanvarın 29-da cənab Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb, İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra, o, sərbəst buraxılıb. Fevralın 4-də yenidən istintaqa çağırılan cənab Məmmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qət-imkan tədbiri seçilib.
Cənab Məmmədov İsmayıllı rayonuna hadisələrin başladığı gün deyil, yalnız bir gün sonra gedib və İsmayıllıda şəhərin mərkəzi hissəsində cəmi 45-50 dəqiqə çoxsaylı jurnalistlərin və İsmayıllıya birlikdə getdiyi REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin yanında olub. Məhkəmədə ifadə vermiş Natiq Cəfərli və jurnalistlər bunu bir daha təsdiq etmişlər, o cümlədən cənab Məmmədovun şəhər mərkəzində olmasını və heç bir iğtişaşa çağırmadığını, sadəcə jurnalistlərlə söhbət etdiyini və bu vaxt ümumiyyətlə heç bir aksiyanın, yaxud zorakılığın olmadığını göstərən videomaterial da nümayiş etdirilmişdir.
Mobil telefon danışıqları üzrə əldə edilən çıxarışlardan görünür ki, istintaqın cənab Məmmədovun qanunsuz hərəkətlər etdiyi iddia edilən saatlarda o artıq İsmayıllı rayonu ərazisində olmamışdır.
Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Məmmədovu tanımadıqlarını məhkəməyə bildiriblər. Prosesə şahid kimi cəlb edilmiş 2 İsmayıllı sakini - İsrafil Verdiyev və Rövşən Novruzov cənab Məmmədovu gördüklərini və onun gəncləri polisə müqavimət göstərməyə çağırdığını bildiriblər, lakin bu şahidlər vəkillərin suallarını cavablandırarkən çoxsaylı ziddiyyətlər ortaya çıxmış, şahidlər cənab Məmmədovun istintaqın iddia etdiyi yerdə deyil, başqa yerdə olduğunu bildirmişlər. Mehdiyev soyadlı şahid həmin ərazidə təsadüfən olduğunu və İsmayıllı hadisələri zamanı başqa heç bir hadisənin şahidi olmadığını bildirmişdir, lakin cinayət işinin materiallarından məlum olmuşdur ki, Mehdiyev artıq yanvarın 23-dən həbs edilən şəxslərə qarşı ifadələr vermişdir.
Cinayət işində zərərçəkmiş kimi tanınan bütün şəxslər təqsirləndirilənlərə qarşı heç bir maddi və mənəvi tələblərinin olmadığını öz ifadələrində vurğulayıblar.
Cənab Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsi 24 sentyabr 2014-cü il tarixdə bu hökmü dəyişmədən qüvvədə saxlayıb. Ali Məhkəmə 13 oktyabr 2015-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək onun yenidən baxılması üçün bu məhkəməyə göndərib. Lakin Şəki Apellyasiya Məhkəməsi 29 aprel 2016-cı il tarixdə cənab Məmmədovu azadlığa buraxmaqdan imtina edərək onun 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü yenidən qüvvədə saxlayıb.
Cənab Məmmədovun həbsi Amnesty İnternational təşkilatı tərəfindən siyasi motivli təqib adlandırılıb20 və o vicdan məhbusu kimi tanınıb21. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri, qurumun prezidenti cənab Məmmədovun həbsi barədə narahatlıqlarını ifadə ediblər, Bakıya səfərləri zamanı onunla görüşüblər. Avropa Şurası İnsan Haqları Komissarı Azərbaycana səfəri ilə bağlı hesabatında cənab Məmmədovun azad edilməsinin vacibliyini vurğulayıb22. Avropa Parlamenti onun dərhal və qeyd-şərtsiz azad edilməsi üçün 2 qətnamə qəbul edib. Avropa İnsan Haqları Məhkəməsi 22 may 2014-cü il tarixində cənab Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı göndərilmiş şikayət üzrə öz qərarını açıqlayaraq, Avropa İnsan Haqları Konvensiyasının 5.1 və 5.4 (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası) və 5-ci maddə ilə əlaqədar 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını, nəticə etibarilə cənab Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsini və bu tədbirin müddətinin artırılmasını əsassız hesab edib. Məhkəmə qərarın 143-cü bəndində qeyd edir ki, cənab Məmmədov tənqidi siyasi mövqeyinə görə cəzalandırmaq məqsədilə həbsə atılıb. Bu qərarın çıxarılmasından sonra Avropa Şurası Nazirlər Komitəsi cənab Məmmədovun azadlığa buraxılmasına çağıran çoxsaylı qərar və aralıq qətnamə qəbul edib ki, onlardan sonuncusu 21 sentyabr 2016-cı il tarixinə təsadüf edir. Qərara əsasən cənab Məmmədovun azadlığa buraxılmasına çağırılır, qərarın icra edilməsi Avropa İnsan Haqları Konvensiyasının 46-cı maddəsinin və Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin tələbləri ilə nəzərdə tutulan addımların atıla biləcəyi xatırladılır.

17. Bağırzadə Zeynalabdin Bağır oğlu
Saxlanma tarixi: 16 noyabr 2015-ci il

İttiham: CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə)

Saxlanıldığı yer: Naxçıvan Böyükdüz Həbsxanası

İş üzrə qısa arayış: AXCP Naxçıvan təşkilatının fəalı olan cənab Bağırzadə həm də Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoyun qardaşıdır. O mütəmadi olaraq müxalifətçilik etməyin ağır nəticələrə gətirib çıxara biləcəyi Naxçıvan Muxtar Respublikasında haqsızlıq və hüquq pozuntularına qarşı çıxışlar edib.
Cənab Bağırzadə faktiki olaraq yaşadığı Babək rayonunun yerli dövlət qurumlarının planlı hərəkətləri nəticəsində həbs edilib, belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Babək rayon şöbəsinin əməkdaşları onun evinə gələrək icbari sığorta ödənişini tələb ediblər, həyat yoldaşından maddi durumlarının yaxşı olmadığı ilə bağlı narazı cavab aldıqdan sonra onun həyat yoldaşını təhqir ediblər və oradan uzaqlaşıblar. Sonradan cənab Bağırzadə evinə gələn əməkdaşları taparaq hansı səbəbdən onu təhqir etdiklərini soruşmuş, kobud cavab aldığı üçün onlarla mübahisə etmiş, tutuşmuşdur. Bundan sonra sərbəst şəkildə ərazidən uzaqlaşmışdır. Sosial müdafiə xidmətinin əməkdaşları isə dərhal işlədiyi idarəyə gedərək cənab Bağırzadənin onlardan birinə dəmirkəsən mişarla xəsarət yetirdiyini aktlaşdırmışlar, prokurorluğa ərizə yazmışlar və xəsarət aldığı iddia edilən əməkdaş tibbi ekspertizadan keçmişdir. Cənab Bağırzadə məhz həmin şikayət ərizəsi əsasında həbs edilmişdir və ona işin hallarına uyğun olmayan maddə üzrə ittiham irəli sürülmüşdür.
Məhkəmə cənab Bağırzadənin barəsində hökm çıxararkən yalnız Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun DSMF) Babək rayon Şöbəsinin aparıcı məsləhətçisi İsmayılov Faiq Şura oğlunun şikayətini, eyni zamanda Naxçıvan MR DSMF-nun Baəbk rayon Şöbəsinin sektor müdiri Məmmədov Azər Alməmməd oğlu bu şöbənin əməkdaşları Hüseynov Vəli Mehman oğlu, Nağıyev Yasin Hüseyn oğlu və Eylazov Aslan Nizami oğlunun şahid ifadələrini əsas götürmüşdür. Cənab Bağırzadənin cinayət əməli törətdiyini sübut edən heç bir dəlil və sənəd iş materiallarında yoxdur. Əksinə Bağırzadənin həyat yoldaşının, qonşularının ifadələri sübut edir ki, adı çəkilən şöbənin əməkdaşları onların evinə gələrək Bağırzadəni ağır şəkildə təhqir etmişlər, başqa sözlə cənab Bağırzadəni təxribata çəkmişlər. Onlar arasında yaranan mübahisə və tutuşma isə heç bir halda göstərilən maddə üzrə tövsif edilə bilməzdi, belə ki, bü mübahisə şöbə əməkdaşlarının vəzifələrini icra etmələri ilə əlaqədar yaranmamışdır.
Cənab Bağırzadə əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs edilib, 2012-ci ildə isə əsassız ittihamlarla azadlıqdan məhrum edilsə də, sonradan yuxarı məhkəmənin qərarı ilə şərti olaraq azadlığa buraxılmışdı.
Cənab Bağırzadə Babək rayon Məhkəməsinin (hakim Bəylərli Səxavət) 02 fevral 2016-cı il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Appelyasiya instansiyası kimi çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi (sədrlik edən hakim Abbasov Fərman) 30 mart 2016-cı il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.

18. Qəhrəmanlı Fuad Əli oğlu

Saxlanma tarixi8 dekabr 2015-ci il

İttiham: CM 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırış etmə), 281.2-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri

Saxlanıldığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası)

İş üzrə qısa arayış: Cənab Qəhrəmanlı hakimiyyəti və onun apardığı siyasəti kəskin tənqid edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavinidir. Uzun müddətdir siyasətlə məşğul olur, bir sıra etiraz aksiyalarının təşkilatçısı olub, razılaşdırılmamış, lakin dinc etiraz aksiyalarında dəfələrlə inzibati qaydada saxlanılıb, fiziki təzyiqlərə məruz qalıb. Mətbuatda və sosial şəbəkələrdə mütəmadi tənqidi yazılarla çıxış edib.
2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində dindar fəal Tale Bağırzadə və tərəfdarları ilə polis arasında ikisi polis, beşi sakin olmaqla 7 nəfərin ölümü ilə nəticələnən münaqişə baş verir. Nəticədə Tale Bağırzadə də daxil olmaqla onlarla dindar fəal həbs edildi və onlara qarşı çoxsayda ağır maddələr üzrə ittihamlar irəli sürüldü. Cənab Qəhrəmanlı bu hadisələrlə bağlı öz Facebook sosial şəbəkəsində statuslar yazaraq öz fikirklərini bölüşüb, həbs edilən dindarların əslində təqsirsiz olduğunu, onların hakimiyyətin siyasətini tənqid etdiyi üçün həbs edildiklərini və dindar kəsimə xitabən Nardaran qəsəbəsində baş verən hadisələrə səssiz qalımdığını, Tale Bağırzadənin meydanda tək qoyulduğunu vurğulayıb.
Bu cür yazılarından sonra həm cənab Qəhrəmanlıya qarşı, həm də təmsil etdiyi partiyaya qarşı “cinayətkarlara dəstək verirlər” tezisi ilə hakimiyyətyönümlü mətbuat orqanlarında qarayaxma kampaniyası başlayır.
Cənab Qəhrəmanlı Nardaran hadisələrindən 10 gün sonra teefon vasitəsilə bu hadisələrlə bağlı istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib. O hansı statusla istintaqa çağırıldığını və rəsmi bildirişin olub-olmamasını soruşub, lakin suallarına cavab ala bilmədiyindən istintaqa getməyib. Bundan az sonra cənab Qəhrəmanlı övladlarını məktəbdən evə gətirərkən yaşadığı həyətdə polis əməkdaşları tərəfindən saxlanılaraq məcburi şəkildə İstintaq İdarəsinə aparılıb.

Cənab Qəhrəmanlıya qarşı rəsmi olaraq Facebook səhifəsində yazdığı fikirlərə görə ittiham irəli sürülüb və onun barəsində həbs qət-imkan tədbiri seçilib. Məhkəmədə olduğu zaman onun evində axtarış aparılıb və axtarış nəticəsində kompüteri götürülüb.

Ona qarşı həbsindən 5 ay sonra, 2016-cı ilin mayında daha bir maddə, CM-nin 220.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Cənab Qəhrəmanlının Nardaran hadisələri ilə bağlı yazdığı statusları analiz edərkən asanlıqla görmək mümkündür ki, bu qeydlər onun siyasi yanaşmasını əks etdirir, ona qarşı irəli sürülmüş ittihamların tərkibini yarada biləcək fikirlər söyləməyib, qeydlərdə zorakılığa və ya ayrı-seçkiliyə açıq çağırışlar yoxdur.
Amnesty International cənab Qəhrəmanlını “vicdan məhbusu” kimi tanıyıb23.
19. Məmməd İbrahim Əziz oğlu



Saxlanma tarixi: 30 sentyabr 2015-ci il

İttiham: CM-nin 221.2.2-ci maddəsi (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə)

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Məmməd İbrahim müxalifət partiyası olan AXCP-nin sədir müşaviri, partiyanın Siyasi Şurasının üzvüdür. Facebook sosial şəbəkəsində, o cümlədən digər onlayn platformalarda fəal olan siyasətçi hakimiyyəti tənqid edən məlumat və çıxışlarla fərqlənib. O partiyanın tədbir və aksiyalarının fəal təşkilatçılarından biri olub.

Cənab İbrahim AXCP-nin 28 sentybar tarixində keçirilən Qurultayından iki gün sonra saxlanılıb. Onun saxlanması 2015-ci ilin fevralında partiyanı tərk etmiş sədr müavini olmuş Razi Nurullayevlə birgə partiyadan uzaqlaşan Mikayıl Quliyevin şikayəti əsasında həyata keçirilib. Nurullayev və onunla birgə partiyanı tərk etmiş şəxslər AXCP-yə alternativ olaraq eyni adlı qurum təsis ediblər, bu səbəbdən Ədliyyə Nazirliyi partiya qurultayının nəticələrini təsdiq etməkdən imtina edib, bununla bağlı məhkəmə iddiaları təmin edilməyib.

Mikayıl Quliyevdən başqa istintaq həbsdən 2 ay sonra daha bir neçə şəxsi də zərərçəkən kmi işə cəlb edib və onların da cənab İbrahimin xuliqanlıq hərəkətindən zərər çəkdiklərini iddia edib və fəala qarşı olan ittihamı ilkin ittihama nisbətən ağırlaşdırıb. Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı şəxslər ifadə veriblər ki, onlar Mikayıl Quliyevlə Məmməd İbrahim arasında insident zamanı onlara ayırmağa çalışıblar və bu zaman da zərər çəkiblər. Halbuki Məmməd İbrahim bu iki şəxsi ümumiyyətlə tanımır və istintaq bunun əksini sübut edən heç bir materialı işə əlavə etməyib. Bundan əlavə, Nərimanov rayon Məhkəməsində olan proses zamanı üzə çıxıb ki, Mikayıl Quliyevin özü də digər iki zərərçəkən kimi tanınan şəxsi tanımır.

Məhkəmə proseslərinin müşahidəsi nəticəsində məlum olur ki, Mikayıl Quliyevin verdiyi ilkin fadə ilə məhkəmədə verdiyi ifadə arasında kəskin ziddiyyələr var, o polisə yazdığı şikayət ərizəsində Məmməd İbrahimin AXCP sədrinin müşaviri kimi qeyd etməsini hansı zərurətdən gəldiyi sualına cavab verə bilməyib. 28 dekabr 2015-ci il tarixdə ifadə verdikdən və vəkillərin suallarını cavablandırdıqdan sonra Mikayıl Quliyev şikayətindən imtina etmək istədiyini bildirib və məhkəmə zalında barışıq ərizəsi yazaraq məhkəməyə təqdim edib və ərizə iş materiallarına əlavə olunub.

İş üzrə digər iki zərərçəkən də məhkəmə prosesləri zamanı ziddiyyətli ifadələr veriblər, onlar polisə nə zaman ərizə ilə şikayət etdiklərini, Məmməd İbrahimi necə tanıdıqlarını və adının necə öyrəndiklərini izah edə bilməyiblər.

Cənab Məmməd İbrahim 15 mart 2016-cı il tarixdə Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun hökmü ilə 3 il müddətinə azadlıqdan məhrub edilib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Əflatun Qasımov) isə 13 may 2016-cı il tarixdə bu hökmü qüvvədə saxlayıb.

Cənab İbrahim 16 iyul 2016-cı il tarixində Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Onun körpücük sümüyü sınıb və əməliyyata ehtiyacı yarandığından xəstəxanaya aparılıb.



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə