AZƏrbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0.79 Mb.
səhifə1/8
tarix14.01.2017
ölçüsü0.79 Mb.
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN RЕSPUBLİKASI

TƏHSİL NAZİRLİYİ



Bu kitabımı həyatda əldə etdiyim bütün uğurlarıma görə minnətdar olduğum keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istedadlı, fədakar jurnalist – atam Gülağa Cəfərova həsr edirəm.


AQİL CƏFƏROV


NƏBİ XƏZRİNİN PОЕТİК DİLİ
Azərbaycan Respubliksı Təhsil Nazirliyi El­mi­­­­-Metodik Şurası «Azərbaycan dili və ədə­­­­­­­­­­­­biyyatı» bölməsinin 13.03.2012-ci tarixli, 08 nömrəli iclas protokoluna əsasən çap olu­nur.

«Elm və təhsil»

BAKI – 2012




Еlmi rеdаktоr: Rəhilə Məhərrəmova

filologiya elmləri doktoru, professor
Rəyçilər: Nizami Cəfərov

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru,professor

Türkan Əfəndiyeva

filologiya elməri doktoru, professor

Faiq Şahbazlı

filologiya üzrə fəlsəfə doktoru, dosent
İslam Vəliyev

filologiya üzrə fəlsəfə doktoru, dosent

Aqil Cəfərov. Nəbi Xəzrinin poetik dili.

Bakı,«Elm və təhsil», 2012, 144 səh.
Azərbaycan filologiyasında bədii əsərlərin dil və üslub xü­susiy­yət­lərinin təd­qi­qi­nə hər zaman böyük maraq göstərilir. Oxuculara təq­­­­­­­­­­dim olunan bu dərs vəsaiti ilk də­fə olaraq ayrıca, sistemli şəkildə təd­qiq edilən Nəbi Xəzrinin bədii əsərlərinin dil və üslub xü­su­siy­yət­lə­rinin öyrənilməsinə həsr edilmişdir. Şairin ədəbi dilimizin lüğət tər­­ki­binin zənginləşməsində rolu, üslubunun yeniliyi və ori­ji­nal­lı­ğı­, lek­sik­­­­­­­­­­­­­-semantik ka­teqoriyalar (sinonim və antonimlər), özünəməxsus mə­­­­­­­­­­cazlar sistemi, frazeoloji va­hid­­lərin yaradılmasında novatorluğu, lüğət tərkibini təşkil edən leksik-üslubi lay­la­rın seman­tik, bədii ifadə imkanları və üslubi funksiyaları açılır.

Dərs vəsaitindən ədəbi dil tarixi, yazıçı dili, üslubiyyat məsələləri ilə məşğul olan dilçilər, müəllimlər, ali məktəblərin filologiya fa­kül­tə­sinin bakalavr və ma­gis­tr­lə­ri, aspirant və dissertantlar faydalana bilərlər.

qrifli nəşr

© «Elm və təhsil», 2012


ÖN SÖZ
Müasir dövr Azərbaycan ədəbi dilinin inkişafını, ona məxsus səciyyəvi xüsusiyyətləri daha dərindən izləmək, eləcə də ədəbi dilin bir sıra nəzəri məsələlərinin həlli üçün dövrün görkəmli söz ustalarının dilinin müxtəlif səviyyələrdə tədqiqi xüsusi əhəmiyyətə malikdir və aktualdır. Çünki yazıçının dil və üslubunu hərtərəfli meydana çıxarmaq üçün dilin demək olar ki, bütün sahələri tədqiqata cəlb olunur, leksika, fra­ze­o­lo­giya vəhdətdə götürülür.

Dilin lüğət tərkibini təşkil edən leksik layların ifadəlilik və obrazlılıq kimi keyfiyyətlərinin aşkara çıxarılması, onun se­mantik təbiətini, inkişaf mənzərəsinin müəyyənləşdirilməsi üçün bədii əsərlər, yazıçı mövqeyi olduqca vacibdir.Ədəbi di­­­­lin başqa üslublarına görə bədii əsərlərdə söz xəzinəsinin bü­tün qatlarından-müxtəlif boyalara malik ekspressiv, emo­si­o­nal leksikadan, leksik-semantik kateqoriyalardan, məcazlar sis­temindən, danışıq-məişət leksikasından, termin səciyyəli söz­­­­­­­­­­­lərdən, dialektizmlər, arxaizmlər və s. istifadə etmək üçün ge­­niş imkanlar vardır. Bədii əsərlərin dilində lüğət tər­ki­bin­dən bu cür istifadə olunması, şübhəsiz ki, müasir ədə­biy­ya­tın­­–poeziyanın mövzu genişliyindədir.Həyatı hər­tə­rəf­li, in­san fəaliyyətinin bütün sahələrini təsvir etməyə çalışan sənət­kar­la­rımız dilin ən adi söz vahidlərini estetik funksiyaya tabe edə­­rək yeni üslubi çalarlarla işlədirlər. Belə ki, şairlər möv­zu­ları ilə bağlı hadisələrin gedişinin təsvirinə biganə qala bilmir, hə­yəcan keçirir, sevinir, kədərlənir və öz hisslərini müxtəlif təs­­vir vasitələri, sözlərdəki rəngarənglik, həmahənglik va­si­tə­si­lə ifadə edirlər ki, bu da özü-özlüyündə həm məna, həm də po­etik cəhətdən gözəl təsir bağışlayır, şeirin təsir qüvvəsini, ob­razlılığını artırır, sözlər şairin qələmində sanki başqalaşır, la­konik çaları artırır, dil daha poetik və ifadəli olur.

«Nəbi Xəzri dilinin lüğət tərkibi» adlı fəsildə ümumişlək sözlərin səciyyəsi, söz-terminlərdən, dialekt leksikasından, ono­­mastik leksikadan bəhs olunur. Bunların şeirlərdə qa­zan­dı­­ğı mənalar Nəbi Xəzrinin üslubu ilə vəhdətdə götürülür, ma­raqlı nümunələr əsasında təhlil edilir. Təbiidir ki, bu lek­sik laylar bədii mətndə nominativ mənalarından çox şeirlərin möv­zusu,şairin qayəsi ilə bağlı bədii səviyyədə işlənir və müx­təlif nümunələrin təqdimində və izahında müəllifin sözlərdən is­tifadə bacarığını, şairin coşqun hissini, həyəcanını, pa­fo­su­nu böyük ustalıqla ifadəsini aça bilir, düzgün qiymətləndirir.

«Nəbi Xəzrinin dilində leksik-semantik kateqoriyalar» adlanan fəsildə isə başqa bədii vasitələr kimi bədii əsərin təsir qüvvəsini artıran, bədii dili daha da rövnəqləndirən, həm də dili zənginləşdirən sinonim və antonimlərdən bəhs olunur. Bun­­­lar dilə lakonik çalar verməklə yanaşı, özünün emo­si­o­nal­­­lığı, ahəngdarlığı və ekspressivliyi ilə diqqəti cəlb edir.

Nəbi Xəzri dilində frazeologiya xüsusi yer tutur ki, bu da şairin öz yaradıcılıq təbiətindən, xalqın əsrlərdən bəri ya­rat­dığı xəzinəyə bələdliyindən irəli gəlir. O öz fikirlərini, his­s­lə­rini çox vaxt frazeoloji birləşmələrlə ifadə edir, qələmə al­dı­ğı aləmə,obyektə öz şəxsi münasibətini xalqın müdrik kə­lam­­­ları ilə ümumiləşdirə bilir. Bütün bunlar şairin qayəsi, şe­ir­lə­ri­­­nin lirizmi ilə səsləşən və onun yaradıcılığında müxtəlif for­ma­­­larda öz əksini tapmış olur. Şair gözəlliyi, məhəbbəti, və­tən sevgisini tərənnüm edərkən xalqın xəzinəsinə əl atır və bun­lardan bədii ifadə vasitəsi kimi yaradıcı şəkildə istifadə edir, frazeoloji ifadələrə dair zəngin nümunələr, onların hansı məq­sədlərlə işlənməsi, semantik bölgüləri şairin üslubu ilə bağ­­­­­­­­­­­­­lı təhlil edilmişdir.


BDU-nun dosenti,filologiya üzrə fəlsəfə doktoru İ.D.Vəliyev
GİRİŞ
Ədəbi dil prosesini düzgün qiymət­lən­dirmək üçün ayrı-ayrı şair və yazıçıların dil və üslub xüsusiyyətlərini öyrənmək çox vacibdir. Məşhur rus alimi V.Vinoqradovun təbirincə desək, ədəbi dilin tarixi, adətən, böyük yazıçıların-şairlərin dil materialları əsa­sın­da yaranır. Təsadüfi deyildir ki, ədəbi dil tarixinin müəyyən mərhələləri, adətən, həmin dövrdə yazıb-yaratmış, ədəbi dilin bə­dii qolunun inkişafında misilsiz rolu olan söz sənətkarlarının adı ilə bağlıdır. Bu sənətkarlar dilimizin zəngin söz xəzinəsindən isti­fa­də edərək, bir-birini yamsılamadan yeni bədii ifadə vasitələri tapır, ədəbi dilin bədii ifadə gücünü artırır, lüğət tərkibini zən­gin­ləş­di­rir­lər. «Bədii ədəbiyyat obrazlı dilin yaradılmasında elə bir mənbə, la­boratoriyadır ki, ədəbi dilin nümunəvi nor­ma­laş­ma­sı, ümum­xalq dili vasitələrinin nümunəvi təşkili burada baş verir» [100, 3]. «Buna görə də yazıçının hər hansı bir əsəri əsasında ədəbi dilə münasibətini, fərdi dil xüsusiyyətlərini müəyyənləşdirmək, leksik, frazeoloji, semantik və qrammatik cəhətdən dilə gətirdiyi yeniliyi aşkar etmək dilçiliyimizin aktual problemlərindən biri kimi qar­şı­da durur» [24, 3].

Bu baxımdan,dil və üslubuna görə bədii poeziya dili­miz­­­­­­­­­­­də xüsusi mövqeyi olan Nəbi Xəzrinin əsərləri dərindən və hərtərəfli öyrənilməlidir. O, dilimizə xüsusi məhəbbət oya­dan Füzuli,Vaqif,Vazeh,Sabir,Vurğun,S.Rüstəm, M.Müşfiq ki­­­mi yazarların sənətkarlıq ənənələrini davam etdirən şair­lər­dən­dir.

Hər bir yazıçının fərdi üslubu konkret dövr ədəbi dilin ümumi mənzərəsini xarakterizə edir. Yazıçı praktik-nəzəri cə­­hətdən bədii dilin poetik ifadə vasitələrini fərdi üslubu ilə yaradır və milli ədəbi dilin inkişafına məhz fərdi yaradıcılığı, fərdi üslubu ilə öz töhfəsini vermiş olur. Odur ki, yazıçı di­­li­nin dərindən öyrənilməsi dilimizin inkişaf mənzərəsini, onda baş verən dəyişiklikləri – istiqamətləri aşkar etmək ba­xı­mın­dan əhəmiyyətli və aktualdır. «Hər bir xalqın dilinin, ədə­biy­yatının öyrənilməsi o xalqın mədəniyyət tarixinin öy­rə­nilməsi ilə sıx bağlıdır. Çünki ədəbi dillə yazı mə­də­niy­yə­ti, ədəbiyyatı xalqın mədəniyyət tarixinin orbitinə daxildir» [95, 101].

N.Xəzri 50-60-cı illərin ədəbi prosesində xüsusi fərq­lə­nən, sözün kəsərini, nüfuzunu həmişə öz yara­dıcı­lığında qo­ru­­yan bir sənətkardır. O, yaradıcılığının ilk dövrlərində sö­zün qüdrətindən, xüsusən də sənətkar üçün əvəzsiz əhə­miy­yə­tin­dən bəhs edən «Söz» adlı şeirində onu belə vəsf edir:


Əzəl başdan açarıdır sirlərin,

Öz gücünü ürəklərdən alar söz.

Ümid verər, sevinc verər, qəm verər,

Müşkül olan dərdə çarə qılar söz ... [123, 11].


N. Xəzrinin söz haqqında olan fikirləri təkcə bir şeirlə qurtarmır. O, söz haqqında danışarkən qeyd edir ki, «Söz ar­zu və düşüncələrə sərkərdəlik edərək onlara yol göstərir»; «Sö­­zün mənzili uzaq olur. Bu gün yazılan söz yalnız bu günün deyil! Söz gələcək aylara, illərə, bəlkə də, əsrlərə çatacaqdır».

Elə buradan da şair üçün söz axtarışları başlanır: «Şair də söz üçün keçər dərə, düz...»; «Sözlər axtarmışam, sözlər gəzmişəm; Vurmuşam özümü alova, oda»; «Bəlkə, illərboyu gəzdiyim sözü; Büllur bir bulaqda tapacağam mən» [83, 441].

N.Xəzri dilinin özünə­məx­sus­luğu ilə seçilən sə­nət­kar­lar­­dandır. Şair bütun yaradıcılığı boyu xalqa yaxın olmuş, on­­dan qaynaqlanmışdır. Bu haqda professor N.Xudiyev yazır: «50-ci illərin sonu, 60-cı illərin əvvəllərində şeir dilində folklor ifadə tərzinə qayıdış baş verir; yaradıcılığa 60-cı illərdən əvvəl gəlmiş B.Vahabzadə, N.Xəzri, H.Arif, N.Hə­sən­­­zadə, Qabil kimi şairlərin dilində folklor ifadə tərzinin ha­va­sı duyulur.

Şübhəsiz, ədəbi-bədii dilin, eləcə də şeir dilinin folklor ifadə tərzinə meyil etməsi ədəbi-bədii fikrin məzmunca xəlqi əsaslar üzərində köklənməsindən irəli gəlir; xəlqilik, birinci növbədə oradan başlayır ki, insanın daxili aləminə maraq güclənir, süni [yaxud elə təbii] patetika əvəzinə, poetik fikir təhlilinə can atır və bu da imkan verir ki, şeir dilinin obrazlar sis­temində əsaslı dəyişikliklər meydana gəlsin» [46, 469]. Məhz bunun nəticəsidir ki, şairin əsərlərində xalq dilinin ru­hu özünün bariz əksini tapmışdır.

N.Xəzrinin ilk şeirləri çap olunandan sonra onun ya­ra­dı­cılığının sənətkarlıq xüsusiyyətləri, dil və üslubunun ye­ni­li­yi, söz və ifadələrin orijinallığı həm dilçiliyin, həm də ədəbi tən­­qidin diqqətini cəlb etmişdir. Ədəbi tənqid, 1950-ci illərin əvvəllərindən başlayaraq N.Xəzrinin yaradıcılığını izləmiş və onu həmişə yüksək qiymətləndirmişdir. M. Arif 1950-ci il­lər­də yazdığı «Yeni nəsil» [1954] və «Azərbaycan sovet şeiri» [1959] ad­­lı məqalələrində Nəbi Xəzri yaradıcılığına da nəzər sal­mış və onu «qüvvətli lirik şeirlər yazan» səmimi bir şair ki­mi dəyərləndirmişdir.

Bilavasitə Nəbi Xəzri yaradıcılığına, onun ayrı-ayrı şeir kitablarına həsr edilmiş məqalələrdə şairin inkişaf yolu za­man­­-zaman, mərhələ-mərhələ nəzərdən keçirilmiş, diqqəti cəlb edən fikirlər söylənilmiş və əhəmiyyətli nəticələr çı­xa­rıl­mış­dır: «Nəbi Babayev, yaradıcılığının ilk günlərindən baş­la­ya­raq, bədii ümumiləşdirmələr yolu ilə getməyə can atır» [Ağa­­səf Axundov, 1955]; «... onda ilham, istedad, çoxlu yeni söz demək bacarığı vardır» [M.Vəliyev,1955]; «O, öz üzə­rin­də müntəzəm olaraq işləyən, irəliləyən, yüksələn şairdir» [Ə. Qasımov, 1958]; «Nəbi Xəzrinin şeirlərində ötəri hisslərə, həl­li kiçik təsadüflərdən asılı olan ikinci dərəcəli məsələlərə təsa­düf etmirik» [Ə. Kürçaylı, 1961]; «Nəbinin hər kitabı şairin yaradıcılığında bir yeni yüksəliş, bir yeni üfüqdür. Şair yük­səl­dikcə, üfüqlər genişlənir, həyatın nəbzi onun əsərlərində daha möhkəm vurmağa başlayır» [H.Orucəli,1964]; «Nəbi Xəz­­ridə ən adi, ən sadə, ilk baxışda heç kəsin nəzərini cəlb et­mə­yən şeyləri mənalandırmaq məharəti vardır» [A. Hacıyev, 1965]; «Bu şeir məğrurdur, cürətlidir, qanadlıdır, vüsətlidir, zə­rif və mənalıdır» [Q.Xəlilov,1967]; «Nəbi Xəzrinin poe­zi­yası müasir həyatı dərindən duymaq, vətəndaşlıq borcunu hiss etmək xüsusiyyətləri ilə səciyyəvidir» [M. İbrahimov, 1968]; «Nə­bi saflıq və gözəllik nəğməkarıdır», «Nəbi Xəz­ri­nin poeziyası dərin düşüncələr, fəlsəfi fikirlər poeziyasıdır. O, insan qəlbinə enməyi, ən zərif hissləri yüksək poetik sə­viy­yə­yə qaldırmağı bacarır» [T. Bayram, 1970] [82, 274-275].

Görkəmli dilçi alim Y.Seyidov yazır: «Nəbi Xəzri yara­dı­cılığında ilk növbədə diqqəti cəlb edən, daha dəqiq desək, duyulan, hiss edilən səmimiyyətdir; həm də böyük səmi­miy­yət. ...Nəbinin yaradıcılığına və onun şəxsən özünə yaxından bələd olan hər kəs etiraf edə bilər ki, Nəbinin şeirləri ilə şəx­siy­yəti bir-birini tamamlayır. Şairin düşüncələri ilə hissləri, is­təyi ilə dedikləri çarpazlaşır, bir-birini tamam­layır. Bu əsas­da yazılmış əsərlər səmimi olmaya bilməz.

Ağamusa Axundov, haqlı olaraq, N. Xəzrinin şeirlərini «Səmimi hisslər poeziyası» adı ilə təhlil edir» [82, 276].

Son illər bədii əsərlərin dilinin tədqiqi genişlənmiş, ayrı-ayrı şair və yazıçıların dilinin öyrənilməsi dilçiliyin ak­tu­al mövzularından birinə çevrilmişdir. «Bədii əsərin dili təhlil edilərkən bütün diqqət sözlərin mənalarına, zəngin üslubi cə­hətlərinə və müəllifin dilin bu imkanlarından fərdi istifadə ba­­carığına yönəldilməlidir» [100, 126]. Ədəbi-bədii dil pro­se­sini düzgün başa düşüb qiymətləndirmək üçün ədəbiyyatın ayrı-ayrı janrlarının dilinin tədqiqinə hər zaman elmi cə­hət­dən ehtiyac olmuşdur. Məhz buna görə də XX əsrin 50-ci illərindən özünün mövzu, dil və üslub yeniliyi ilə diqqəti cəlb edən poeziyamızın görkəmli nümayəndəsi N. Xəzrinin əsər­lə­ri­nin öyrənilməsi dövrün bədii dili üçün zəngin qiymətli ma­te­rial verir ki, bu da təqdim olunan dərs vəsaitində öz əksini tap­­mışdır.

I FƏSİL
NƏBİ XƏZRİ DİLİNİN LÜĞƏT TƏRKİBİ
Dilin lüğət tərkibi həmişə inkişafdadır. Bu imkan da o dildə danışan xalqın mədəni səviyyəsinin artıb zənginləşməsi nəticəsində mümkün olur. Lüğət tərkibinin bu inkişaf prosesi dilimizin daxili inkişaf qanunlarına uyğun bir şəkildə davam edir. Müasir dilimizin lüğət tərkibini zəginləşdirən sözlərin və ifadələrin bir qisminin şifahi-danışıq dilində, bir qisminin yazılı-kitab dilində işlənməsi ədəbi dilin şifahi və yazılı olaraq 2 hissəyə ayrılmasına səbəb olur. Dilimizin leksikasının bu şə­kildə qruplaşması hər üslubun özünəməxsus fərqləndirici xüsusiy­yət­lə­­rinə uyğun özünü göstərir. Belə ki, şifahi-danışıq dilindən insanlar gündəlik məişətdə istifadə etdikləri üçün burada əsasən leksik mənası hamıya aydın, anlaşıqlı olan sözlər işlənir. «Dialoqlar əsasında qurulan, sərbəst və iti şə­kil­də icra edilən, mimika və hərəkətlərlə müşayiət olunan, emo­sionallıq və ekspressivlik kimi keyfiyyətlərlə fərqlənən, fonetikanın da ifadəlilik imkanlarından istifadə edilən canlı danışıq dilində söz və ifadələrin dəqiq seçilməsinə və qram­ma­tik cəhətdən formalaşmasına bir o qədər əhəmiyyət ve­ril­mir» [26, 127]. Lakin canlı danışıq dilindən fərqli olaraq yazılı-kitab dili qrammatik cəhətdən dəqiq, düzgün olan söz və ifadələrin yerli-yerində işlənməsini tələb edir. «Öz yerində düzgün, müvəffəqiyyətli işlənmiş sözün hakimiyyəti məğlub­edilməzdir» [35, 102]. Bundan başqa, yazılı ədəbi dilin leksik tərkibi də müxtəlifdir. Bu isə yazı-kitab dilinin daxilində mövcud olan müxtəlif üslublarla əlaqədardır.

Azərbaycan ədəbi dilinin funksional üslubları olan bə­dii üslub, elmi üslub, publisistik üslub, məişət üslubu, rəsmi-işgüzar üslubun hər birinin özünəməxsus xüsusiyyətləri var­dır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xü­su­siy­yətlər bir üslubu başqa üslubdan fərqləndirir. «Bədii üslub bir sıra xüsusiyyətlərinə görə digər üslublardan fərqlənir. Po­e­­­tiklik onun ən bariz əlamətlərindəndir. Bu üslub dilin bütün ifadə vasitələrindən, o cümlədən digər üslublardan istifadə im­­kanına malik olan normativ bir dildir» [107, 62]. Elmi üs­lu­bun isə əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üs­­tünluk verilməsidir. Lakin dildə müəyyən qrup sözlər var ki, onlar heç bir üslubun tələbi olmadan işlənir. Hamı tə­­rə­fin­­dən başa düşülən, ümumişlək xarakterli olan bu sözlərdən dilin bütün üslublarında istifadə edilir. Bununla yanaşı, cə­miy­­yətin, mədəniyyətin, elm və texnikanın inkişafı ilə əla­qə­dar olaraq əşya və anlayışlar çoxalır, genişlənir ki, onları ifa­də etmək zərurəti meydana çıxır. Bu sahədə bədii ədəbiyyat dil üçün geniş meydan açır. Belə ki, dildə olan sözlərə yeni mə­­na vermək,sözə emosional çalarlıq gətirməklə onları müx­­­­­­­­­­­­­­­təlif məqamlarda müxtəlif formalarda işlətmək funk­si­ya­sı məhz bədii ədəbiyyatın üzərinə düşür. Bədii üslubda müx­təlif söz qruplarına müraciət olunaraq onlardan rəngarəng söz­lər seçib onları yerli-yerində işlətmək sənətkarın dildən ya­radıcı şəkildə istifadə etməsini, ustalığını göstərir. Buna gö­rə də N.Xəzri əsərlərinin dili onun fərdi yaradıcılıq üs­lu­bu­nun baş­lıca xarakterik xüsusiyyətlərini özündə birləşdirir. Çün­ki bu dil ümumxalq dilinin bütün canlı ifadə vasitələrinə əsas­lan­maq­­la güclü bədii-estetik, emosional təsir gücünə ma­lik olan bə­­­dii dil nümunəsidir.

Sənətkarın əsərlərinin dilindəki leksik laylar məzmun və mənasına görə bir-birindən fərqlənir. Hər bir leksik vahid lek­­­sik-semantik mənası,obrazlılığı,emosional-ekspressiv key­­­­­­­­­­­­­­­­fiyyətləri ilə seçilir. Buna görə də N.Xəzri əsərlərində iş­lən­miş dil vahidlərini bədii üsubda işlənmə məqamına və funk­­si­ya­sı­na görə aşağıdakı kimi qruplaşdırmaq olar:

1.Ümumişlək sözlərin səciyyəsi 2.Termin səciyyəli sözlər 3. Dialektizmlər 4. Onomastik leksika



Ümumişlək sözlərin səciyyəsi
Dilimizin lüğət tərkibinin mühüm bir hissəsini mənası hamı tərəfindən başa düşülən, insanların gündəlik nitq­lə­rin­də istifadə etdikləri ümumişlək sözlər təşkil edir. Bu sözlər di­li­mizin lüğət tərkibinin əsasını təşkil etdiyi üçün dili bunlarsız təsəvvür etmək olmur.

Ümumişlək leksikadan insan həyatının bütün fəaliyyət sahələrində istifadə edilir. Çünki bu sözlər gündəlik hə­ya­tı­mız, məişətimiz üçün ən vacib anlayışları-əşya və əlamətləri, ha­disələri hamının başa düşdüyü tərzdə ifadə edən leksik vahidlərdir. Qədim dövrlərdən dilimizin lüğət tərkibində də­yiş­­­məz qalan, sabit mövqe tutan ümumişlək sözlər üslub ba­xı­mından neytral olduğu üçün bütün üslublarda işlədilir. Üs­lub­lar arasında bu cür ortaq mövqe tutduğuna görə ümum­iş­lək sözləri «üslublararası leksika» da adlalandırmaq olar.

Dilin lüğət fondunun əsasını təşkil edən ümumişlək söz­­lər bütün üslublar kimi, bədii üslub üçün də mühüm əhə­miy­­yətə malikdir. Belə ki, «ümumişlək sözlərlə bədii əsər­lər­də ən sadə, təbii və zəruri hadisələr haqqında ətraflı məlumat ve­­rilir və onlar təsvir olunur. Bədii əsərlərdə hadisələrin, ob­raz­­ların, mənzərələrin bədii və obrazlı təsvirini sadə, aydın, an­­­­laşıqlı sözlərlə ifadə etmək mümkündür. Bunlar eyni za­man­da xüsusi üslubi rəngarəngliyə malik sözlər və ifadələrin meydana çıxmasında mühüm rol oynayır. Əsas vasitə kimi özü­­­­­nü göstərir» [38, 168-169]. Ümumiyyətlə, ümumişlək söz­lər dərin mənalı fikirlər və ən incə, zərif duyğular, hissləri ifa­də edən nitq vahidləridir. Məhz buna görə də hər bir sə­nət­kar ümumxalq dilinin nüvəsini təşkil edən ümumişlək sözlər vasitəsilə istədiyi bədii lövhəni yarada bilir. N.Xəzri ya­ra­dı­cı­lı­ğından nümunə gətirdiyimiz aşağı­dakı bədii parça fikrimizi təsdiqləyə bilər:

Uca zirvələrin

ucası anam,

Əsrin bəyaz saçlı

qocası anam!

Bu axşam saçlarımda

Gəzdi ana əlləri,

İsti ana əlləri.

Boz çinar yarpağıdır

O göy damarlı əllər,

Bu evin dayağıdır

Doğma


Qabarlı əllər!

Üstümdə zaman-zaman

Əsdi ana əlləri.

Neçə dərdin yolunu

Kəsdi ana əlləri,

İsti ana əlləri.

Yenə də saçlarımda

Gəzdi ana əlləri.

Titrədi yarpaq kimi,

Əsdi ana əlləri [124, 211].


Göründüyü kimi, yuxarıdakı bədii parçalar bütövlükdə ümumişlək sözlər – ana, əl, saç, yarpaq, dərd, ev, doğma və s. əsasında qurulmuşdur. Şair bu cür sadə, aydın sözlər va­si­tə­si­lə özünün incə, dərin hiss və duyğularını ifadə etmişdir.

Özünəməxsus üslubi keyfiyyətlərə malik olan sözlər və ifa­dələr ədəbi dildə olduğu kimi, bədii dildə də ümumişlək söz­lər vasitəsilə meydana çıxır. Çünki emosional-ekspressiv, sa­də, loru, danışıq, alınma, termin, köhnəlmiş sözlər, ne­olo­gizm­lər və s. kimi leksik vahidlərin əsl üslubi keyfiyyətləri məhz ümumişlək sözlərin sayəsində özünü göstərir. Məsələn;



  1. İzin verin, izin verin,

Onu görüm, ata can!

Ayılıram xəyalatdan:

- Qalx, əzizim, qalx, ayıl [127, 13-14]

2) Axı, o Kar Həsən hansı qoduqdur?

- Necə, kəs səsini, fərsizin biri! [127, 97]

Boğazdan yuxarı

tərif deyincə

Ürəkdən çor demək daha yaxşıdır [127, 25]

3) Sanki mənim ürəyimdən

Qan yerinə axdı od,

Şimşək kimi varlığımı

Büryan etdi, yaxdı od [127, 15]



  1. Birləşən beyinlər, birləşən əllər

Artıq atomu da parçalamışdır [127, 61]

Xəstəliklər yada düşsəydi bir-bir?!



Stenokardiya, ya da infarktdır?!

«Kamfora», «kafein»,

daha bəs nələr? [127, 72-73]



  1. Bu əsrarı açmaq …- deyib,

Sükut etdi ixtiyar [127, 12]

  1. «Nə gözəlsən!» - Dodağımdan

Bu söz müdam axardı [127, 8]

Gəlir bircə düşmən tankı… [127, 9]



  1. Toxununca nəzərinə

Onun şehli bir çiçək

Dərib yerdən üsulluca

Baxardı heyran-heyran [127, 7]
Gördüyümüz kimi, bu bədii parçalar əsasən ümumişlək sözlərdən ibarətdir. Lakin bu misralarda seçilən spesifik söz­lə­rin üslubi səciyyəsi ümumişlək sözlərin sayəsində meydana çı­xa­raq təyin edilmişdir. Belə ki, birinci nümunədə «ata can», «əzi­zim» sözləri emosional-ekspressiv;ikinci nümunədə «qo­duq»,­ «fərsiz», «çor» sözləri sadə, loru; üçüncü nümunədə «ürək­­­­dən qan yerinə od axması», «odun şimşək kimi varlığı bür­yan etməsi, yaxması» ifadələri ekspressiv; dördüncü nü­mu­­nə­də «atom», «kamfora», «kafein», «stenokardiya», «infarkt» sözləri termin; beşinci nümunədə «əsrar», «ixtiyar» sözləri köh­nəl­miş; altıncı nümunədə «müdam», «tank» sözləri alınma; yed­­dinci nümunədə «üsulluca» və s. kimi sözlərin üslubi sə­ciy­yə­si onların ümumişlək sözlərlə işlənmə şəraitində məlum ol­muş­dur.

Yuxarıda qeyd etdik ki, emosional-ekspressivlik kimi mə­nalar bildirən leksik-üslubi vahidlərin özünəməxsus fərdi xüsusiyyətləri onların ümumişlək sözərlə birgə işlənməsi sa­yə­­­sində meydana çıxır. Lakin ümumişlək sözlər özləri emo­si­o­­­­­­nal-ekspressivlik kimi məna çalarlarından azaddır. Məhz bu cəhətinə görə diçilikdə bir sıra alimlər – Y.R. Qepner [99, 52], L.R.Zinder, T.V.Stroeva [102, 368] bu sözləri «ney­tra­li­tet leksika» adlandırırlar. Lakin bu termin adı altında ümum­­­işlək sözlər ifadəlilik baxımından zəif mənalı sözlər ki­mi başa düşüldüyündən bir sıra alimlər – A.N.Qvozdev [97, 9], A.İ.Efimov [101, 209], E.V.Uxmılina [116, 8] isə haqlı olaraq bu termini qəbul etmirlər. Çünki ümumişlək sözlərin hamısını üslubi cəhətdən «neytral sözlər» adlandırmaq düz­gün olmazdı. Onların arasındakı mənalı, ifadəli sözləri sə­nət­kar bədii dildə məqamından asılı olaraq elə işlədir ki, bu söz­lər emosional-ekspressiv mənalar ifadə edir. Sözsüz ki, bu cür mənalar ifadə edən ümumişlək sözlər ümumüslubi xü­su­siy­­yətini itirərək bədii üslubun xüsusi nitq vahidinə çevrilir.


Titrədi, sızladı könlümün simi [127, 51]

Solğun yanaqları nura boyanır,

Yastı bir daş üstə oturur qoca [127, 83]

Hər qızaran üfüq, parlayan səhər

Dağları, daşları bəzədi, keçdi [127, 90]

Nə qədər axşamlar gəlib dünyaya,

Belə faciəli axşam gəlməyib [128, 20]
Bu bədii parçalardakı birinci misalda «sim», ikinci mi­sal­da «yanaq», üçüncü misalda «səhər», dördüncü misalda «axşam» ümumişlək sözləri özündən əvvəlki sözün sayəsində obrazlı – emosional mənada işlənərək ümumişləkliyini itirmiş və bədii üslubun bədii ifadə vasitələrinə çevrilmişdir. Ümum­iş­lək sözün bu cür işlənə bilməsi onun polisemantik mənaya ma­lik olmasıdır.

«Sözün çoxmənalı olması sözün ümumişlək və lazımlı ol­ma dərəcəsindən,müxtəlif sözlərlə əlaqəyə girmək im­ka­nın­­­­dan, bu və ya digər qrammatik kateqoriyaya aid olma­sın­dan, sö­zün quruluşundan, dildə olan ehtiyatın məhdudluğu və təc­­­rübənin sonsuz konkretliliyi arasında olan zid­diy­yət­lər­dən, məcazlaşmadan asılıdır. Çoxmənalı sözlər dildə mövcud olan sözlərin öz mənasını dəyişməsi, genişləndirməsi, bir sıra əlavə mənalar kəsb etməsi ilə, bir sözün öz əvvəlki mənasını saxlamaqla yeni mənalar qazanaraq həm köhnə, həm də yeni məfhumları ifadə etməsi, xalqın əmək fəaliyyəti, adət-ən­ənə­ləri, bədii zövqü, əşya və hadisələrin oxşar cəhətlərinin ümu­mi­ləşdirilməsi, məntiqi amillərə əsasən oxşar əlamətlər əsa­sın­da məfhumların yaxınlaşdırılması sözün əsas mənasının mə­cazlaşması və s. yollarla əmələ gəlir» [38, 37].

Məlumdur ki, dilimizdə ən sadə və işlək sözlərin ək­sə­riy­yətini çoxmənalı sözlər təşkil edir. Məsələn, qaş, baş, göz, qızıl, qara, acı, şirin, açmaq, döymək, dəymək, gün, il, gecə, qış, kök, dolanmaq, gəzdirmək və s. Çoxmənalı sözlərin öz hə­qiqi mənasından başqa, əlavə məcazi mənalar kəsb etməsi onları olduqca ifadəli və mənalı edir. Bu da onlardan geniş is­tifadə olunmasına səbəb olur. Ona görə də ümumişlək söz­lə­ri «neytralitet leksika» adlandırmağa heç bir əsas qalmır. Ey­­ni zamanda onu da qeyd edək ki, bədii ədəbiyyat söz üçün geniş meydan açdığı üçün çoxmənalı sözün də ifadə im­kan­la­rı geniş və zəngindir. Belə ki, polisemantik mənaya malik olan söz müxtəlif mənalar ifadə etdiyi üçün fonetik tərkibcə ey­ni olan söz müxtəlif anlayışlar bildirir. N.Xəzri poe­zi­ya­sın­dan gətirdiyimiz nümunələrlə fikrimizi aydınlaşdıraq:


  1. Tutdum günəş əlindən,

Bu günəş, yoxsa aydı? [123, 31]

  1. Ah nə dilim bir söz tutur,

Nə açılır dodağım [127, 14]

3) Bir az sonra zəng vurub

Abuzərə üz tutur [127, 67]
Göründüyü kimi, şair bir sözün polisemantik xü­su­siy­yə­ti­ni­­ – məcaziliyini əsas tutaraq onun vasitəsilə müxtəlif mənalar ifadə etmişdir. Çünki çoxmənalı sözlərdə məna çalarlığının sa­yın­dan asılı olmayaraq, bunlardan yalnız biri onun ilkin, həqiqi mənasında, başqa mənaları isə məcazi mənada işlənir. Belə ki, birinci nümunədə tutmaq feli öz ilkin mənasında, ikinci nü­mu­nə­də danışmaq felinin inkar formasında, üçüncü nümunədə mü­­­­ra­­ciət etmək mənasında çıxış etmişdir.

Bəzən şair çoxmənalı xüsusiyyətə malik olan ümum­iş­lək sözün semantikasını genişləndirmək məqsədilə onu bədii-üs­lubi cəhətdən yeni bir anlamda işlədir:


Yer kürəsi iki rəngdən yoğrulmuşdu –

Qara ilə qırmızıdan.

Ölümə mərdanə

getdi cavanlar­­ –

Qızardı göy rəngi asimanın da [124, 107- 108]

zaman ki, mavi göylər

Geyinərdi qırmızı [127, 7]
N.Xəzri bu misralarda ümumişlək «qırmızı», «qızar­maq»­­ ­sözlə­­­rini yeni bir mənada işlətmişdir. Bu bədii par­ça­lar­­da qırmızı, qızarmaq sözləri rəng anlayışı bildirməklə ya­na­şı, eyni zamanda rəmzi funksiyada çıxış etmişdir. Sözdən bu cür istifadə edən şair «yer kürəsinin iki rəngdən-qara ilə qırmızıdan yoğrulduğunu» deyərkən xeyirlə şərə, yaxud «ca­van­ların ölümə getməklə asimanın, göy rənginin qızar­ma­sı»­nı, «mavi göylərin qırmızı geyinməsi»ni deyərkən göyün qa­na boyanmasına işarə etmişdir.

Ümumişlək sözlərin bədii üslubdakı funksional rolunu müəyyənləşdirərkən məlum olur ki, bu sözlər başqa sözlə bir­lə­şərək sabit birləşmələr-frazeoloji birləşmələr əmələ gətirir. Bu­nunla da yazıçı ümumişlək sözlərin çoxməna­lılığından ya­ra­­nan frazeoloji ifadələr vasitəsilə fikrin obrazlı və emosional – ekspressiv ifadəsinə nail olur. Məsələn;


Həsrət səhrasında

bir içim suyum,



Sevgi qitəsində

gur ümmanımsan

Ay ana dilim! [124, 199-201]

Hər sözün rəngi var,

hər sözün ətri [122, 201-203]

Arzu çəməninə

Vaxtsız əsdi qış



Fəlakət qılıncı

Çıxdı qınından

Əsdı ölüm küləkləri

O, ümid, sədaqət



heykəli kimi

Gəzər iftixarla

Torpaq üstündə [124, 225-234]

Bir ümid körpüsü

Uzanıb gedir

Könül ümmanında

Coşar tufanlar



Sevgi vadisində

Çağlayan seldir

Səslənən ürəyin

Qəm telləridir [123, 239].
Beləliklə, ümumişlək sözlərə dair göstərdiyimiz faktlar bir daha göstərir ki, N.Xəzri bədii yaradıcılığında ədəbi dildə leksik mənası hamıya məlum olan ümumşlək sözlərin ilkin, həqiqi mənalarından istifadə etməklə yanaşı, eyni zamanda işlənmə məqamı ilə əlaqədar olaraq bu sözlərin fərdi, sə­ciy­yə­vi mənalarını da meydana çıxarmışdır. Təbii ki, bu da bədii əsə­rin məzmunu, ideyası, şairin özünəməxsus fərdi üslubu, ya­radıcılıq təxəyyülü ilə əlaqədar mümkün olmuşdur.




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə