AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə24/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

FƏRMAN KƏRИMZADƏ

(1937-1989)
Həyatı və fəaliyyəti. Kərimov Fərman İsmayıl oğlu 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. O, ibtidai təhsilini 1944-1951-ci illərdə doğma kən­dindəki orta məktəbdə almışdır. La­kin Stalin rejiminin Er­mə­nis­tan­dan bir sıra kəndlərin əhalisinin So­vet Azərbaycanı ərazisinə kö­çü­rül­mə­si haqqında qərarı Fərmanın atası İs­mayıl kişinin də ailəsinin taleyində faciəli rol oynayır və ailə sərgərdan bir həyata məhkum edilir.

Gələcək yazıçının ailəsi Azərbaycanın Jdanov (indiki Beyləqan) rayonunun Şahsevən kəndinə köçürülür və Fərman orta məktəbi 1954-cü ildə bu kənddə bitirir. Həmin il Fərman Bakıya gəlir və uşaqlıqdan əl qabiliyyəti olduğuna görə 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Mək­tə­bi­nə daxil olur. O, 1960-cı ildə buranı bitirdikdən sonra 1962-1965-ci illərdə İsmayıllı və Beyləqan rayonlarında orta mək­tə­b­lər­də rəsm müəllimi işləyir.

Fərman gənc yaşlarından bir yerdə qərar tuta bilməyən adam idi, daimi köçmələr, yerdəyişmələr, iş yerlərinin dəyişdiril­mə­si onun həyat tərzinin xüsusiyyəti idi. Bu, bəlkə də onun köç­kün­lük taleyinin yaratdığı psixi xüsusiyyət idi. O, sərbəstliyi, azad yara­dıcı həyatı, rəssam həyatını sevirdi. Amma həyat da öz tələb­lə­ri­ni diktə edirdi. Rəssamlıqdan pul qazanmaq imkanı olma­dı­ğı­na görə Fərman orta məktəbdə müəllimlik etməyə məcbur idi. Am­ma o məktəb hüdudlarına sığan adam deyildi. Rayonda müəllim işləsə də, Bakıya tez-tez gedib gəlirdi. Yaradıcı mühit onu özünə çəkirdi. Məktəbdə isə bu hündür boylu, pəhləvan cüssəli, qalın lopa bığ saxlayan cavana hörmət edirdilər. O, çox qılıqlı adam idi, hamı ilə dil tapır, qəliz məsələləri sadələşdirir, yerlilərinin əlaqələrindən də istifadə edirdi.

Fərman hələ orta məktəbdə oxuyanda şeirlər yazırdı. Lakin bu şeirlər mətbuata çıxacaq dərəcədə uğurlu çıxmırdı. Amma onun ədəbiyyata, xalq yaradıcılığına, xalq nağıl və dastanlarına məhəbbəti keçici deyildi. O, bir əlində fırça, o birində qələm tutaraq yaşayırdı. Şeirlərlə yanaşı, uşaq hekayələri də yazır, özü də onlara illüstrasiyalar çəkirdi.

1961-ci ildə Fərmanın “Sonuncu eksponat” adlı 24 sə­hi­fəlik kitabçası çıxdı. Onun 1963-cü ildə çıxan ikinci uşaq kitabı “Öm­rümüz, günümüz” adlanırdı və 40 səhifədən ibarət idi. 1965-ci ildə gənc yazarın üçüncü uşaq kitabı çıxdı və bu kitab artıq 64 səhi­fədən ibarət idi. Fərman bu kitabları xatırlamağı sevmirdi. Am­ma bunlar onun ədəbi mühitdə özünü yaxşı hiss etdiyini, özünə yol açmaq bacarığının yazmaqdan daha fəal olduğunu göstərirdi. O biri tərəfdən, onun yazıları dil cəhətdən sadə və aydın idi, xalq danışıq dilinin imkanlarını da özündə əks etdirirdi.

O dövrdə Bakıda əslən Vedibasardan olan çoxlu ziyalılar çalışır­dı. Fərman onları axtarıb tapır və onların himayəsi sayə­sin­də 1965-ci ildə onu Azərbaycandan kino mütəxəssisləri hazır­la­maq üçün Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun 2 illik Ali ssenari kurslarına yollayırlar.

1967-ci ildə Moskvadan qayıdan 30 yaşlı gənc yazıçı Döv­lət Televiziyasında böyük redaktor vəzifəsinə işə düzəldi. Tele­vi­zi­yada canlı sözlə işləmək onun sözə qarşı həssaslığını artırdı. Amma bir yazıçı kimi o, hələ öz əsas mövzusuna - doğma Vedibasarın taleyi mövzusuna doğru gəlməkdə idi.

1970-ci ildə Kinostudiyada işə düzələnə qədər Fərman Kərimzadə bir müddət “Abşeron” rayon qəzetində, “Ədəbiyyat və incəsənət” qəzetində işlədi. Kinostudiya onun rəssamlıq və yazıçılıqdan sonra üçüncü sənət məhəbbəti idi. O, 7 il orada ssenari kollegiyasının üzvü oldu. Yazıçı oraya gələn ssenariləri oxuyub rəy verir, redaktə edirdi. Amma bu illərdə onun özünün bircə dənə “Axırıncı aşırım” tammetrajlı ssenarisi qəbul edildi. O, bir sıra sənədli filmlərin ssenari müəllifi oldu.

Ömrünün yeddi ilini kinostudiyaya həsr edən Fərman Kə­rim­­zadə kinodan uzaqlaşdı. 1971-ci ildə “Qarlı aşırım” romanının mo­­tivləri əsasında yazdığı ssenari əsasında çəkilən bədii film ica­rə­yə buraxıldı və böyük uğur qazandı.

Yazıçı içindəki böyük potensiala inanırdı və kinostu­di­y­a-da­kı vəzifəsindən çıxıb ədəbi mühitə qayıtdı. Bu sahədə onun yax­şı-pis dörd kitabı çıxmışdı. O, 1969-cu ildə “Ömrümüz-gü­nü­müz” kitabını genişləndirib 95 səhifə həcmində “Gənclik” nəş­riy­ya­tında çap etdirdi. O zaman bu kitablar ədəbi fakt olmaqdan baş­qa, yaxşı qonorar demək idi, uşaq kitabları böyük tirajlarla bu­ra­xılırdı. Həmin dövrdə Fərman “Ədəbiyyat və incəsənət” qəze­tin­də xüsusi müxbir ştatına qəbul olundu. Bu, onun sevdiyi sərbəst ədiblik həyatı üçün gözəl fürsət idi, ona heç kim tapşırıq vermirdi, lazım olanda özü publisist yazılar yazırdı. Yazıçı 1980-81-ci illərdə bir müddət Şüvəlan Yaradıcılıq Evinin direktoru oldu. Lakin Fərman inzibati iş üçün doğulmamışdı. O, sonrakı qısa həyatını ədəbi yaradıcılığa həsr etdi.

1971-ci ildə Fərmanın “Qarlı aşırım” adlı ilk tarixi romanı həm də “Gənclik” nəşriyyatında çapdan çıxdı. Bu hadisə həm ta­ri­xi nəsrimizdə, həm də onun öz həyatında yeni mərhələ açdı. Ro­man görünməmiş uğur qazandı və Fərman onun tiraj pulundan firu­zə­yi rəngli VAZ-2101 markalı maşın aldı. Bu maşınla o Azər­bay­ca­nı qarış-qarış gəzib öz vedibasarlı yerlilərini axtarır, ata yur­du­nun folklor və rəvayətlərini toplayırdı. O, bu axtarışları öm­rü­nün mənası sayırdı.

İlk romanın uğuru onun tarixlə ciddi maraqlanmasına sə­bəb oldu. Vedibasarın tarixindən başlayan axtarışlar onu Azər­ba­y­ca­nın tarixi taleyi ilə bağlı mövzulara gətirib çıxardı. Bu mövzu onun taleyi ilə sıx bağlı idi. O, 1970-ci illərin sonlarından Şah İs­ma­yıl Xətainin dövrünü bir tədqiqatçı kimi öyrənməyə başladı və ta­rixi öyrənmək sahəsində axtarışları öz bəhrəsini verdi. Çətinliklərlə də olsa, onun səfəvilər dövrünə həsr etdiyi dilogiyası - “Xudafərin körpüsü”(1982) və “Çaldıran döyüşü”(1987) kitabları çapdan çıxdı. Bundan sonra Fərman romançı kimi, həm də vətənpərvər romançı kimi şöhrətləndi.

Tale Fərman Kərimzadəyə Ermənistandan qovulan növbəti köçkünlər dalğasının faciəsini də göstərdi. Köçkünlərin ikinci dalğası Bakıda onu bir qəhrəman kimi sevib təbliğ edirdi.

Fərman Kərimzadə 1989-cu il martın 17-də qəflətən vəfat etdi və Bakıda dəfn olundu.

Qarlı aşırım” romanı. Fərman Kərimzadə 1970-ci illərdə tarixi mövzuda yazan ən istedadlı yazıçılardan biri idi. Onun “Qarlı aşırım” romanı sovet hakimiyyətinin qurulması illərinə həsr olunmuşdu. Əvvəlki dövrlərdə belə əsərlərdə əsas qəhrəman kimi inqilabçı fəhlə, kəndli, kasıb sinfin obrazı yaradılırdı. Adətən ya fəhlə kəndə gedirdi, ya da kəndli şəhərə gəlib bolşevik inqilabçı olurdu. Lakin Fərman Kərimzadə sovet hakimiyyətinin qurulması uğrunda ilk illərin tarixinə müraciət edərək sosialist realizminin qəliblərindən imtina etdi. S.Rəhimov. Ə.Vəliyev, Ə.Əbülhəsən, Mir Cəlal, M.Hüseyn və başqaları bu mövzuya müraciət edəndə, adi bir kəndlinin, məsələn çobanın necə gəlib inqilabçı olduğunu göstərməyə çalışmışdılar. Fərman isə sovet hakimiyyətinin qurulmasını sinfi mübarizə kimi deyil, vətəndaş müharibəsi kimi, hər iki tərəfin qəddarlığı kimi qələmə aldı. Digər tərəfdən o, sosialist realizminin əsas qəhrəman tipi olan əməkçi sinfi - fəhlə və kəndlini sovet quruluşunun yaradıcısı kimi göstərməkdən imtina etdi.

Romanda konfliktin hər iki tərəfində bəy obrazı durur. Əsərdə Şadlinski bolşeviklərin tərəfindədir, Kərbəlayı İsmayıl isə onlarla mübarizə aparır. Bu mübarizə vətəndaş müharibəsidir, tərəflər bir-birinin qanını içməyə hazırdır. Qəmlo obrazı bu baxımdan yazıçının uğuru idi. O, kafir bolşeviklərə nifrət edir, onların qanını tökəndə həzz alır.

“Qarlı aşırım” romanında əsas qəhrəman Abbasqulu bəy Şadlinskidir. Adından göründüyü kimi o, bəy nəslindən idi. Yazıçı sovet quruluşunun yaradılma dövrünə tam tarixi tərzdə yanaşmadan da imtina etmişdi. O, ata yurdu Vedibasarda sovet hakimiyyətinin qurulması barədə ağızlarda gəzən versiyalara əsas­landı. Əslində, yazıçı bir qədər folklorlaşmış tarixi qələmə al­mış­dı. Azərbaycanda sosialist realizminin yuxarıda adları sada­la­nan yaradıcıları partiya təbliğatının tələb etdiyi müsbət inqilabçı ob­razı yaratmışdılar və tarixi həqiqəti təhrif etmişdilər. Əslində, Azə­rbaycanda sosialist inqilabı, sinfi mübarizə olmamışdı. Ancaq vətən­daş müharibəsi olmuşdu. 1920-ci ildə Azərbaycanı işğal edən bolşeviklər yerli əhali arasında özlərinə meylli adamlar tapır və onlardan sovet quruluşunu yaratmaq üçün istifadə edirdilər. “Qarlı aşırım”da da hadisələr məhz belə verilirdi.

Əsərdə müsbət inqilabçı obrazı yaratmaqdan imtina edən ya­zı­çı yeni tipli qəhrəman yaratmağa çalışır. O, burada milli xarak­te­rin ən yaxşı və mərd xüsusiyyətlərini axtarmağa başla­mış­dı. Faktiki olaraq yazıçı, adətən belə əsərlərdə olduğu kimi, yeni qu­ru­luşun qələbəsini yox, xalqın ən yaxşı əxlaqi dəyərlərini təm­sil edən insanların obrazlarını yaradır. Əsərin əsas müsbət qəh-rə­ma­nı olan Şadlinski məşhur bəy nəslindən olan bir şəxsdir və o, so­vetlərə tərəf olsa da, milli mentalitetə sadiqdir, mərdlik və qəh­rə­man­lıq ideallarının timsalıdır. Əslində, Abbasqulu bəy Şadlins­ki­nin obrazı Fərman Kərimzadənin öz kəşfindən çox, el yad­da­şı­nın məhsulu idi. Yazıçı xalqın, elin tanıdığı, sevdiyi, nəsildən-nəs­lə ötürdüyü söhbətlərin qəhrəmanını ədəbiyyata gətirmişdi. Bu qəh­rə­manın əsas cizgisi milli xarakterə bağlı olması idi.

Tarixi mövzuya müraciət edəndə inqilabçı kəndlini yox, mil­li xarakteri axtarmaq və göstərmək tarixə münasibəti kö­kün-dən dəyişirdi. Bu, tarixdə xalqın özünü, onun həqiqi tarixini ax­tar­ma­ğa bərabər idi. Fərman Kərimzadə “Qarlı aşırım”dan sonra yaz­dı­ğı iki romanda - “Xudafərin körpüsü” və “Çaldıran döyüş­ü”ndə məhz bu yola gəlib çıxmışdı. Lakin ondan əvvəl bu isti­qa­mət­də “Dəli kür” kimi roman yaranmışdı. Amma rəsmi tənqid o zaman Cahandar ağa obrazını tənqidi qəbul edirdi. Fərman Kərimzadə son iki romanı yaradanda isə tarixi vəziyyət başqa idi. Həmin vaxt Sovet İttifaqı dağılmaq ərəfəsində idi, milli ovqatlar hər yerdə üzə çıxmışdı.

Romanın uğur qazanmasında Kərbəlayı İsmayıl obrazının da mühüm rolu vardır. O, böyük bir elin həm gücü, həm də mənəvi rəhbəridir. Kərbəlayı sovet hakimiyyətinə tabe olmaq istə­mir və əlində silah bu quruluşa qarşı mübarizə aparır. Əvvəlki dövr­lə­rin tarixi əsərlərində belə adamlar karikatura kimi, ifrat qara boya­larla verilirdi. Lakin Fərman Kərimzadə Kərbəlayı İsmayılı kişi­lik, insanlıq və nəcib əxlaq mücəssəməsi səviyyəsinə qaldırır. Çün­ki yazıçı məhz bu qəhrəmanı xalqın milli cizgilərinin daşı­yı­cı­sı kimi qəbul edir. Hətta o, Kərbəlayı İsmayılı bolşevik Talı­bov­dan üstün mövqeyə qaldırır və daha yüksək rəğbətlə təsvir edir. So­vet dövrü nəsrində ilk dəfə idi ki, ədib əksinqilabçı surətini mə­nəvi cəhətdən bolşevik obrazından üstün bir surət kimi qələmə alır­dı. Bu da ədəbi prosesdə gedən mühüm yeniliklərdən, tarixə müna­si­bətdəki yeni prinsipləri göstərən amillərdən biri idi. Fakti­ki olaraq milli dəyərlər ədəbiyyatda sinfi dəyərlərin fövqünə qo­yu­lur­du ki, bu da rejimin məfkurə böhranının əlaməti idi.

“Qarlı aşırım” romanında əks-inqilab cəbhəsini təmsil edən Qəmlo obrazı xüsusi qəddarlığı ilə seçilir. Lakin bununla yanaşı, onun bolşevik rejiminə qarşı çıxmasının aydın prinsipləri və əxlaqi əsasları vardır. Qəmlo və onun döyüşçüləri bolşevik kafirl­ərinin ideologiyasını, əxlaqını xalqımıza yad hesab edir və bun­ları qəbuledilməz saydıqları üçün silaha sarılıb dədə-baba dəyər­lərinin müdafiəsinə qalxmışdılar. Yeni quruluşun gətirmək istə­di­yi sinfi dəyərlər, firqə və təşkilatlar tərəkəmə dağ kəndlə­ri­nin minillik həyat və əxlaq tərzinə, xalqın dini dəyərlərinə zidd idi.

“Qarlı aşırım” romanı sosialist realizmi estetikasının tarixi mövzuya münasibətlə bağlı ənənələrinə ağır bir zərbə vurdu. Bu zərbə, ilk növbədə Azərbaycan xalqının həqiqi tarixinin və taleyinin ədəbiyyata gəlməsinə yol açırdı.

Xudafərin körpüsü” (1982) romanı bu istiqamətdə Fərman Kərimzadənin özünün atdığı addım idi. Onun növbəti qəhrəmanı Şah İsmayıl Xətai Azərbaycan torpaqlarını birləşdirən, vahid milli dövlət yaradan qəhrəman oldu. Əslində bu, XX əsrdə də Azərbaycan xalqı üçün aktual məsələ idi. Lakin yazıçı Şah Xə­ta­inin taleyində və tariximizdə Azərbaycanın milli birlik ya­rat­maq uğrunda mübarizələrinin ilk örnəyini görür və göstərirdi.

Lakin bu mövzu Fərmandan əvvəl Əzizə Cəfərzadənin “Ba­kı-1501” (1981) və Əlisa Nicatın “Qızılbaşlar” (1983) ro­man­­larında qələmə alınmışdı. Əzizə Cəfərzadə öz romanını Xə­tainin Şirvana və Bakıya 1501-ci ildə etdiyi hücumu üzərində qur­muş­du. Böyük mədəniyyət sahibi olan bu qadın yazıçı həm mən­bə­lərdən öyrəndiyi tarixi həqiqəti, həm də ədəbiyyat tarixindən və orta məktəb dərsliyindən tanıdığımız Xətai obrazını qorumağa çalışmış və buna nail olmuşdu. Əzizə Cəfərzadə öz romanında istər Şirvanşahlar, istərsə də Osmanlı Sultanlığı ilə Şah İsmayılın siyasi ziddiyyətlərini şişirtməməyə çalışırdı. Əlisa Nicat isə, əsasən Şah Xətainin Gilək bölgəsi ilə əlaqələrinə və fəaliyyətinin dini tərəflərinə diqqəti yönəltmişdi.

“Xudafərin körpüsü“ romanında Şah İsmayıl Xətainin (1487-1524) ömrünün 1487-1503-cü illərə aid hissəsi qələmə alı­nıb. Bu, təxminən Xətainin 1501-ci ildə tacqoyma mərasiminə qədərki dövrdür. Bu dövr isə onun və ailə üzvlərinin siyasi cəhət­dən öz dayısı tərəfindən təqib olunduğu, anasının və Əlişah adlı qar­daşının öldürüldüyü illərdir. Xətai Ağqoyunlu dövlətinin varis­lə­ri­nin hakimiyyət uğrunda qanlı mübarizələri dövründə böyü­müş­dü.

Romanda bu dövrün fəal siyasətçiləri, qəhrəmanın for­ma­laş­dı­ğı tarixi şərait təsvir edilmiş, Uzun Həsən, Sara Xatun, Hü­seyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan ob­razları yaradılmışdır. Yazıcı bir tayfa içində gedən hakimiyyət da­valarının siyasi şərtlərini, hakimiyyət ehtiraslarının xalq üçün hə­mişə faciəli nəticələr verdiyini dəfələrlə vurğulamışdır. O, göstərmək istəyirdi ki, məhz bu ehtiraslar Azərbaycanın birliyi yolunda həmişə tarixi maneə olmuşdur.

Həmin obrazların bir qismi ilə “Çaldıran döyüşü” ro­ma­nın­da da təzədən rastlaşırıq. Buradakı hadisələr Qərbi Azərbaycan tor­paq­larının tarixi, taleyi, buradakı tayfalarla əlaqələndirilir. Fərman Kərimzadə Ağqoyunlu dövlətini və onun irsini sözügedən ərazilərlə, oradakı tayfalarla inandırıcı şəkildə bağlayır. Sonuncu romanda, yazıçı hətta Şah İsmayılın Böyük Vedi kəndində - Fərmanın doğulduğu kənddə - qala tikdirdiyini dəqiq tarixi sənəd əsasında göstərir. Bu qalanın qalıqları indiyəcən qalmaqdadır.

Adında körpü sözü olan bu roman sovet vaxtı yara­dıl­mış­dı. O illərdə yəqin ki, Fərman Kərimzadə sovet dövlətinin da­ğı­la­cağını təsəvvürünə gətirmirdi. Amma bu əsərdə yazıçının Azər­baycanın müstəqilliyi və gələcək birliyi barədə romantik istəkləri də əksini tapmışdır. Ona görə əsərdə bədii uydurmanın məhsulu olan səhnələr də çoxdur.

Çaldıran döyüşü” romanı 1984-85-ci illərdə yazılıb və “Xu­­dafərin körpüsü”nün davamıdır. Əvvəl yazılan roman Xə­tai­nin həyatının 1503-cü ilə qədər həyatını, ikinci roman isə 1503-cü il­dən 1514-cü ilə qədərki həyatını, yəni Şah İsmayılın Çaldıran vu­ruşunda məğlubiyyətinə qədər olan hadisələri əks etdirir. Çal­dı­ran döyüşünün özü, onun hazırlanması və gedişi romanın həc­min­də az yer tutur. Bu da təbiidir. Fərman Şah İsmayılı ideal kimi se­vir­di, ona görə onun məğlubiyyətini qələmə almaq onun üçün mə­nə­vi cəhətdən çətin idi. Həm də məlumdur ki, Şah İsmayıl Çal­dı­ran döyüşündən sonra səkkiz il hakimiyyətdə ol­muşdur. Lakin bu il­lə­rin romanda təsviri yoxdur. Yəqin ki, ya­zı­çı romanın üçüncü his­sə­sini bu illərə həsr edəcəkdi və onu tri­lo­gi­ya kimi ta­mam­la­yacaqdı. Amma vaxtsız ölüm buna imkan ver­mədi.

“Çaldıran döyüşü”ndə Şah İsmayıl xalqımızın milli qəh­rə­ma­nı kimi qələmə alınır və yazıçının bu tarixi şəxsiyyətə xüsusi mə­­həbbəti əsər boyu duyulur. Həmin döyüş 1514-cü ilin avqus­tun­­da Osmanlı sultanı Birinci Səlimlə Şah İsmayıl arasında ol­muşdu. Osmanlı qoşunu səfəvilərin ərazisinə girmiş, döyüş Cə­nu­bi Azərbaycanın Maku şəhəri yaxınlığında baş vermişdi. Nəticədə sə­fəvi qoşunu məğlubiyyətə uğramış, Osmanlı qoşunu Təbrizi tut­muş və altı gün sonra oranı tərk etmişdir. Fərman Kərimzadə ha­di­sə­ləri milli faciə kimi, eyni dildə danışan türk tayfalarının fa­ciəsi kimi qələmə almışdı və bu, tarixi həqiqət idi. Yazıçını ən çox xalqımızın qəhrəmanlıq ruhu və tarixi maraqlandırır və bu key­fiyyətləri öz romanlarının əsas məzmununa çevirə bilirdi.

Romanda Çaldırandakı məğlubiyyətin şərtləri də az-çox açıql­an­ır. Avropalılar Soltan Səlimə kömək edirdilər. Bunun sa­yə­­sində onun qoşunu odlu silahdan istifadə edirdi. Onların 300-ə qədər topu və tüfəngləri var idi. Şah İsmayılın ordusu isə əsasən dini tərbiyəyə və İsmayılın Allah tərəfindən himayə olunması ideo­logiyasına əsaslanırdı. Qarşı tərəfin məhz odlu silahdan istifa­də etməsi Şah İsmayılın döyüşçülərinin əqidə üstünlüyünü, qorx­maz­lı­ğını hərbi amil kimi heçə endirirdi. Odlu silahlara laqeyd mü­na­sibət, onlardan istifadəyə qorxaqlıq kimi baxmaq yanlış təsəv­vürlər idi. Bunlar Xətainin qurduğu dövlətin, bütün mü­səl­man Şərqinin zəmanədən geri qalmasına səbəb oldu.

Bir tarixi roman kimi “Çaldıran döyüşü” əhatəli əsərdir. Bu­rada həm Orta Asiya dövlətlərinin siyasi vəziyyəti, həm də Os­man­lı sarayı həyatından geniş mənzərələr verilir. Bu isə Şah İs­ma­yılın tarixi işlərinin miqyasını daha yaxşı göstərməyə, Azər­bay­can dövlətinin yaranma prosesini Şərqin bütün siyasi həyatı fonunda göstərməyə xidmət edir. Romanda Hüseyn Bayqara, Şeybani xan, Sultan Bəyazid, Sultan Səlim və başqa bir necə hökmdarın bədii obrazları yaradılıb.

Əsərdə Şah İsmayılın Orta Asiyalı hökmdar, lovğa Şeybani xanla mübarizəsi də öz əksini tapmışdır. Onlar arasındakı həll­edi­ci döyüşlər əsərin ən maraqlı hissəsini təşkil edir. Şah İsmayılın sər­kərdəliyi ilə onun qoşunu Şeybani xanı məğlub edir və özünü də qətlə yetirir.

“Çaldıran döyüşü” romanında Azərbaycan xalqının tarixi və mə­nə­vi mədəniyyətinin təsvirinə də geniş yer verilmişdir. Fərman Kərim­zadə ixtisasca həm də rəssam olduğuna görə incəsənət tari­xi­mizin gözəl bilicisi idi. Əsərdə o dövrün Kişvəri, Füzuli, Süruri, Aşıq Qurbani kimi şairlərinin də obrazları vardır. Qəhrəmanların ge­yimi, bəzəkləri, silahları, hökmdarların sarayları tarixi həqiqətə uy­ğun şəkildə qələmə alınmışdır. Xətai əsərdə ədəbiyyat və mə­dən­iy­yət hamisi kimi, Azərbaycan mədəniyyətinin qayğıkeşi kimi ver­ilir. Yazıçı romanda Şah İsmayılın bizə çatmış yağlı boya ilə işlən­miş iki şəklinin müəllifi, florensiyalı rəssam Françeskonun da gözəl obrazını yaratmışdır. Əsərdə o dövrün bütün görkəmli rəs­sam, memar və şairlərinin obrazları vardır.

Qeyd etməliyik ki, Xətai dövrünə aid Osmanlı və İran mənbələri arasında ciddi fərqlər və ziddiyyətlər vardır. Fərman Kə­rimzadə bu ziddiyyətlərə, ilk növbədə, Azərbaycan vətən­pə­r­və­ri kimi yanaşmış, nə Osmanlı, nə də İran tarixçilərinin təsirinə qa­pıl­ma­mış, tarixi hadisələri Azərbaycan dövlətinin yaranma pro­sesi kimi qələmə almışdır. Yazıçının bu mövqeyini qəbul et­mə­yən­lər, ona tənqidi yanaşanlar da vardır. Lakin Fərman Kərim­za­də­nin vətəndaşlıq mövqeyi, həm də uzaqgörənliyi nəticəsində o, müs­təqil Azərbaycan dövlətinin yaranmasından təxminən səkkiz-on il əvvəl bu dövlətin siyasi və ideoloji əsasları üçün gərəkli və zəruri olan bir əsər ortaya qoymuşdu.

Fərman Kərimzadənin tarixi romanları 1970-80-ci illər nəs­ri­nin ən qiymətli nümunələrindəndir. Bu əsərlərin vətənpərvərlik pa­fosu və mənası bu gün də yeni nəsil üçün öz əhəmiyyətini saxla­maqdadır.



Ədəbiyyat:
Azərbaycan yazıçıları XX-XXI yüzilliklərdə, B., 2011.

Qəzənfər Kazımov. Ağlın və qəhrəmanlığın vəhdəti haqqında roman, (Fərman Kərimzadənin “Çaldıran döyüşü” (B., 1987) romanına son söz.)



SABİR AZƏRİ

(1938-2010)
Həyatı və fəaliyyəti. Sabir Azəri 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra «Azərbaycan gəncləri» qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), «Ulduz» jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), «Ulduz» jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993).

Yaradıcılığı. Sabir Azəri nəsr yaradıcılığına oçerk və hekayələrlə başlamışdır. “Nişan üzüyü”(1969), “Kar qaya”(1972) kitablarından sonra ictimaiyyət tərəfindən tanınmışdır. İlk nəsr əsərləri uşaqlıq xatirələrinə və kənd həyatı materialına əsaslanır.

“Ovçunun xatirələri” silsiləsindən olan hekayələri Sabir Azərinin yaradıcılığında dönüş nöqtəsi sayıla bilər. Bu əsərlərlə onun həyat biliyinin və materialının yeni bir qatı açılmağa başlayır. Məhz ov mövzusu ilə onun nəsrinin mövzu və material fərdiliyi qüvvətlənir. Bu hekayələrdə 1960-cı illər kənd nəsrinin tipləri artıq yoxdur, yazıçı fərdi müşahidələrə, bəzən avtobioqrafik materiala əsaslanan canlı obrazlar yaratmağa başlayır ki, bu da onun nəsrinə yenidən ayrıca maraq yaratmışdır. “İlk təkan”, “Günəşə sarı gedəndə”, “Darıxan şəhər” kimi povestləri yazıçının yaradıcılığının ən yaxşı keyfiyyətlərini əks et­dirir­di. Bu əsərlərdə artıq hər bir qəhrəman bir tale, tamamlanmış bir həyat faktı səviyyəsində mənalandırılır və nəsrə gətirilir.

“Günəşə sarı gedəndə” yazıçının sovet cəmiyyətində so­sial çürümə və deqradasiya mövzusunda yazdığı ən yaxşı əsər­lə­rin­dən biri idi. Burada da hadisələr rayon mərkəzinə köçü­rül­müşdür: amma bütün cəmiyyətdən söhbət getdiyi aydındır. Əsərin qəh­rə­manı Mustafa yaxşı ovçu, həm də mədəniyyət evinin direk­to­ru­dur. O, ovda maralların sürüsündə gördüyü hadisələri müşa­hi­də edir və orada öz rayonlarındakı vəziyyətə paralellər tapır və bu barədə düşünür. Onun birbaşa müdiri Səttarzadə rayon mə­də­niy­yət şöbəsinin müdiridir. Səttarzadə öz vəzifə səlahiyyətlərini özəl­ləşdirmişdir. Sərəncamında olan bütün işçilər mədəniyyət işi­nə yox, şəxsən onun rifahına, rüşvət toplamağa və özündən yuxarı mü­dirləri ilə bölüşməyə xidmət edir.

Mustafa da hiss edir ki, əslində o, mədəniyyət evinin mü­di­ri deyil, Səttarzadənin şəxsi köləsinə çevrilib, hətta onun gös­tə­ri­şi ilə cinayət edir, qoruqda ov edir. Amma çürümüş sovet hə­ya­tın­da Mustafa üçün başqa seçim yoxdur: ya öz müdirinə nökər ol­ma­lı, ya da lap həyatın dibinə düşməlisən. Seçimi olmayanda in­san da maral sürüsündəki heyvanlardan birinə bənzəyir. Bir­par­ti­yalı sovet sistemi şəraitində iş yerlərinin alqı-satqısı onların belə qeyri-rəsmi özəlləşdirilməsinə səbəb olurdu.

Yazıçı Mustafanın halına acıyır, humanist bir mövqedə du­rur. Sovet quruluşunun böhranı şəraitində balaca adamların seçim­sizliyi cəmiyyətdə bədbinlik, kütləvi içki düşkünlüyü, müx­tə­lif variantlı faciələr yaradırdı. Mustafanın ovda azıb yol tapa bil­mə­mə­si də bunun rəmzidir. Bu surət dövrün əsas faciələrindən bir­ini əks etdirən bədii tapıntı idi.

1970-ci illərdə bütün nəsrin ortaq mövzusu olan seçimsiz in­san taleyi məsələsi yazıçının “Dalanda” adlı ilk romanında da təd­qiq olunur. Bu əsər müəllifin böyük yaradıcılıq uğurudur. Sabir Azəri Bakıda keçən tələbəlik və ilk gənclik illərinin xatirələri əsasında gözəl bir roman yazmışdır. Romanın uğurunda qəhrəmanların təzə, canlı və konkret müşahidənin nəticəsi olması əsas rol oynamışdır. Romanın niyyəti bir kəndli balasının şəhər taleyinə həsr olunmuşdur, buna kəndlinin şəhərliyə çevrilməsi prosesi də demək olar. Roman göstərir ki, bu proses tam şəkildə baş tutmur və şəhərliyə çevrilmə ağır və əzablı bir mənəvi faciədir. Qafarın kənddə ata evi, sevgilisi qalmışdır. O, ömrü boyu bunların xiffətini çəkir. Nə şəhərli ola bilir, nə də burada özünü xoşbəxt hiss edə bilir.

Balaca sovet adamının, orta ziyalı təbəqəsinin seçim­siz­li­yi, həyatını dəyişmək imkanlarının yoxluğu mövzusu həmin ro­man­da da qüvvətli səslənir. Bunu Qafarla onun şəhərli arvadı Fəri­də­nin münasibətlərində görmək olur. Fəridə Qafardan əvvəl ər­də olmuşdur. O, zirək, diribaş, həssas bir dul qadındır. Qafar öm­rü boyu dul qadınla evləndiyini kənddəki yaxınlarından giz­lət­mə­li olur və bunun özü onun daxili aləmini şikəst edən bir amilə çev­rilir. Fəridə ilə bir ömür yaşasa da, sonda Fəridə birinci ərinin y­a­nında basdırılmağı vəsiyyət edir. Bu, ömrün baş tutmadığını elan etməyə bərabər bir addımdır. Eyni sözləri Qafarın kəndə qayıt­maq qərarı haqqında da demək olar.

Yazıçı Qafar obrazına humanistcəsinə yanaşır, bütün zəifl­iyi ilə yanaşı, onu yaxşı bir insan, daxilindəki təmizliyə söykənib ya­şa­yan bir şəxs kimi təsvir edir. Cəmiyyətin dəyərləri məhz belə tra­gik təbiətli, təmizliyə inanan insanların çiyinlərində dayanır. “Da­landa” 1960-1970-ci illər nəsrinin ən yaxşı əsərlərindən biri­dir. Oxucu “Dalanda” povestindəki Fəridə ilə Qafarın mü­na­s­i­bət­lərini, bəzən öcəşmələrini, çəkişmələrini, ailədə doğan ixtilafın təbii təsvirlərini heç zaman unutmur. Son əsərlərində müəllif bu məsələlərə xüsusilə geniş yer verir. Saf, təmiz ailə qurmaq, onu insani əməl və ideallarla möhkəmlətmək ən mühüm amillər kimi təsvir olunur.

Yazıçı elə bu çərçivədə mövzu sahələrini genişləndirmək qayğısına qalır. Onun sovet hakimiyyətinin ilk aylarından bəhs edən “Duman çəkilir” povestinin mərkəzində Cəmil bəy, onun düşüncələri, ailəsi dayanır. Əlbəttə, bir bəy kimi, yazıçı onun düşüncələrinə biganə qalmır. “Bəlkə də qaytardılar” ovqatı kasıblaşan Cəmil bəyin də varlığında hiss olunur. Onun ali təhsilli oğlu sovet məktəbində dərs deyir. Amma bəy oğlu olduğu üçün onu kolxoza üzv saymırlar. Kolxoza girəndən sonra Cəmil bəy həyəcan keçirir. Ona öz nökərləri ilə bir yerdə işləmək ağır gəlir. Digər tərəfdən, kəndin Əhməd kimi demaqoq, araqarışdıran, rəzil adamları Cəmil bəyin pətəyinə çöp uzadıb ona rahatlıq vermir, müxtəlif qara fikirlərə düşməyə vadar edirlər. Canı boğazına yığılan Cəmil bəy arvadı Badam xanımla meşəyə qaçır. Badam xanım burada xəstələnir, ölür. Cəmil bəy təsadüfən özünə düşmən saydığı Səməndərlə görüşür. Və bu görüş hər ikisinin faciəsi ilə nəticələnir. Yazıçı demək istəyir ki, Cəmil bəylərin özlərinə də ehtiyatla yanaşmaq lazımdır. Düşməni dost etmək daha böyük həssaslıq, ürək tələb edir. (Hərçənd bu əhvalat Əbülhəsənin “Yoxuşlar” romanında Qumru-Kamran-Kamal xəttini yada salır.)

“Bozdağın nağılı”nda da yazıçı təmiz ailə münasibətləri məsələsinə toxunur. Kolxozçu İsanın öz arvadı Mələyə səmimi insani münasibəti oxucuda xoş hisslər doğurur. Ailə həqiqətən, elə bir güzgüdür ki, həm ərin, həm qadının mənəviyyatı burada tam büllurluğu ilə əks olunur. Deyərlər, “dost-dosta tən gərək, tən olmasa gen gərək”. Həm İsa, həm də Mələk ailənin ağırlığını qoşa çəkirlər. Bu ər-arvad bir-birinin qayğısına qalaraq, can yan­dı­ra­raq, bir-birini duyaraq mehriban yaşayırlar. S.Azəri çoban hə­ya­tın­dan bəhs edən trilogiyasında (“Qaya” - 1969, “Yol üstündə toy” - 1970, “Sarı at” - 1972) Qiyas adlı gəncin körpəlikdən ana­dan yetim qalmasını, daha sonralar çobanlıq etməsini, Səmayə ad­lı qızla bir-birilərini sevməsini, onunla ailə qurmasını bir sıra löv­hə­lərdə təbii və canlı vermişdir.

Sabir Azəri insanda ikrah doğuran, öz əməllərinin bir növ cəza­sını çəkən, xalq lənətinə və qarğışına tuş gələn ən eybəcər tiplər­dən birini “Ölə bilməyən adam” povestində yaratmışdır. Xüsusilə belə adamların daxili eybəcərlikləri çətin anlarda vəzifə ba­şında daha qabarıq nəzərə çarpır. Kənd sovetinin sədri işləyən Fə­tulla o qədər riyakar, pozğun, rəzil adamdır ki, onun əməlləri mü­ha­ribə illəri ilə məhdudlaşıb qalmır. O, sonralar da paxıl­lı­ğın­dan, mərdimazarlığından, riyakarlığından əl çəkmir. Fətullaya “İblis” demək azdır. O, şüurlu surətdə hər adama bədxahlıq et­məyə hazırdır. İndi onu sanki öz qara əməllərinin qarğışı tutub; san­ki ayılıb; ölmək istəyir. Çünki o qədər eybəcərliklər törət­miş­dir ki, heç kimin onu görməyə gözü yoxdur. Xeyrə-şərə ça­ğı­rıl­mır, adam yerinə qoyulmur.

Sabir Azəri xalq qəzəbinə düçar olmuş bu adamı dər­in­li­yi­nə qədər ifşa edir və onun mükəmməl xarakterini yaradır. Qə­ri­bə­dir ki, belə bir adamı qəbiristanlıqda ilan vurub öldürür. Və bu təs­virlərdə müəllif oxucunu inandırır. Yazıçının istedadına, qə­lə­mi­nə, həyatı bilmək bacarığına heyran olmamaq mümkün deyil.

Göründüyü kimi, bu ailə münasibətlərindən də kəndimizin adam­ları, onların psixologiyası, sevgi münasibətləri barədə xeyli təsəv­vür əldə etmək olur. Lakin o dövrdə yazıb-yaratmış bütün yazı­çı­ların ünvanına cəsarətlə demək olar ki, dövrün kəndi, onun yük­sə­lişi, tərəqqisi, sosial münasibətləri bu əsərlərdə göstəri­lən­lər­dən çox-çox yüksək və dərindir. Təəssüf ki, 1950-ci illərdə yara­dı­lan və sadəliyi, dərin səmimiyyəti, qayğıkeşliyi ilə insanda nəcib hisslər oyadan Rayon Partiya Komitəsinin birinci katibi Buludxanov surətinə və onun həyat yoldaşı Mələk xanımın gözəl insani münasibətlərinə 1980-ci illərin eyni rütbəli və vəzifəli, maddi cəhətdən çox zəngin olan ailələrinin surətlərinin heç birində rast gəlinmir. Əksinə, bu illərin lap sonuncu əsəri “Dəhnə”ni götürsək, görərik ki, buradakı raykom katibi Salman dünyanın ən riyakar, rəzil adamıdır. O, raykom katibi olmasına baxmayaraq, təmiz və namuslu adamlardan intiqam alır, hər cür şərəfsizliyə enir. Hətta bir qədər cəsarətlə demək olar ki, həm 1930-cu illərin (“Saçlı”da Vahidov), həm 1950-60-cı illlərin (“Aran”da Buludxanov, “Firəngiz”də Firəngiz) partiya rəhbərləri surəti bundan sonrakı illərdə yaranan partiya rəhbərləri surətindən çox-çox dərin və mündəricəlidir.

Sabir Azəri öz yaradıcılığında müharibə mövzusuna da müraciət etmişdir. Müharibənin həm ön cəbhədə vuruşanların, həm də arxa cəbhədə çalışanların sinələrinə necə dağ çəkməsini yazıçının “İlk təkan” povestində görmək olar. Burada bir tərəfdən Osman kimi varlı, harın, başqalarının məhəbbətini, qəlbini pulun, sərvətin hesabına ələ keçirməyə çalışan adamların iç üzü açılırsa, digər tərəfdən, Soltan və Sənəm kimi məhəbbəti müqəddəs və uca tutan gənclərin arzu və kamının qönçə halında solması, bir sıra realist səhnələrdə təsirli göstərilmişdir.

Ümumiyyətlə, Sabir Azərinin əsərlərində torpağa qayıt­maq, ondan yapışmaq, ona söykənmək, bir sözlə, ilk başlanğıca, milli kökə, milli zəminə bağlanmaq ən aparıcı motivlərdən biridir.

Ədəbiyyat:
S.Azəri. Gecə məşəl yanır, Bakı, 1978.

B.Vahabzadə “İki povest”, “Ədəbiyyat və incəsənət”, 30 sentyabr 1978.

S.Azəri. Dalanda, “Yazıçı”, 1984(müqəddimə), səh.9


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin