AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ GƏNCƏ DÖVLƏt universiteti



Yüklə 5,66 Mb.
səhifə3/6
tarix03.02.2017
ölçüsü5,66 Mb.
#7447
1   2   3   4   5   6

Şamaxı variantı

Deyirlər keçmişdə bir qarı vardı. Qəmbər adlı nəvəsindən savayı ayrı güvənc yeri yox idi. Nəvə qara olduğundan ona “Qara Qəmbər” deyirdilər. Bir gün yuxuda ona deyirlər:

-Ay Qəmbər, niyə yatmısan? Bir dəmir çarıq gey, bir əsa götür, bir parça da çörək. Haçan gördün çarığının altı yırtılıb, əsanın burnu gedib, çörəyin də kiflənib, onda bir qız tapacaqsan.

Qəmbər səhər tezdən durur ayağa deyir:

-Nənə, mənə yol üçün çörək bişirginən.

-Hara gedirsən, ay oğul?

-Gedirəm qız tapmağa.

Qəmbər bir dəmir çarıq alır, bir dənə əsa götürür, çörəkləri də vurur qoltuğuna, düzəlir yola. Bəli, az gedir, çox gedir; asta gedir, usta gedir; qanad açıb yel üstə gedir...Görür çarığının altı yırtılıb, əsanın burnu gedib, çörək də kiflənib. Deyir:

-Hə, bu bulağın başında oturum.

Başlayır çörəkdən yavaş-yavaş yeməyə. Birdən görür bir dəstə qız bulağa gəlir. Bir-bir su doldurub gedirlər. Ancaq qızın biri ona çox baxır.

Qızlar gedəndə Arzu adlı bu qız qolbağını çıxarıb qoyur bulağın başında. Qəmbər bilərziyi götürüb qoyur cibinə. Qız evə çatanda anasına deyir:

-Ay ana, bilərziyim yadımdan çıxıb qalıb suyun qırağında, gedim gətirim.

Qızın niyyətindən bixəbər olan anası deyir:

-Get, tez qayıt gəl.

Arzu bulağın yanına gəlib oğlandan soruşur:

-Ay oğlan, adın nədi?

Qəmbər belə cavab verir:

Əmbərdi, ay əmbərdi,

Su üstə süsənbərdi.

Özümü nişan verim,

Adım Qara Qəmbərdi.

Qız ondan soruşur:

-Bilərziyimi görməmisən?

-Görmüşəm, ala verim.

Qız fikirləşdi ki, bilərziyi verməkdə oğlanın ürəyindən ayrı şeylər keçir. Üzü xallı, qarayağız, suyuşirin Qəmbərdən soruşur:

-Buralarda nə gəzirsən?

-Yetim adamam, kim yiyiə dutsa, ona nökərçilik edərəm.

Arzu sevincək soruşur:

-Bizə nökər durarsan?

Qəmbər ürəklə cavab verir:

-Gözəl qız, əcəb duraram.

Qız oğlanı aparır evlərinə. Ata-anası bu işi bəyənirlər. İki cavan o qədər bir-birinə öyrənirlər ki, axırda aşiq-məşuq olurlar. Ev əhli bundan xəbər tutub oğlanı salırlar bir zirzəmiyə. Qəmbəri başdan eləmək üçün çox fikirləşirlər. Axırda bir qərara gəlirlər: “Xörəyin üstünə zəhər tökək, aparaq qoyaq qabağına. Yesin, ölsün, başımızdan olsun. Qızı da verək başqasına”.

Arzu bundan xəbər tutur. Tez evin döşəməsini deşib ağzını dayayır yırtığa, oğlana xəbər verir:

Əmə, Qəmbərim, əmə,

Sirrin heç kimə demə.

Qabağında quzu-pilo,

Şəkərə dönsə yemə.

Oğlan işi başa düşür, deyir: “Yaxşı”. Aşı gətirib qoyurlar Qəmbərin qabağına. Qəmbərin yanında bir pişik də vardı. O, xörəkdən götürüb pişiyin qabağına qoyur. Pişik aşı yeyən kimi ölür. Hamı deyir:

-Arzu, bu sənin işindi, sən xəbər vermisən.

Qız cavab verir:

-Məndə nə taxsır, mən yuxarıda, o aşağıda.

Bir azdan Arzunu gəlin aparmağa gəlirlər. Çal-çağırın səsi kəndi başına götürür. Qızı cah-cəlalnan evdən çıxardırlar. Qəmbər zirzəmidə çal-çağırı eşidib hönkürtü çəkib ağlayır. Deyir:


Yada, qoymayın, yada,

Kimim var, çatsın dada?

Qəmbər, gözün kor olsun,

Arzu yetişsə yada.

Qız bayıra çıxanda Qəmbərin ağlamağını eşidib deyir:

Qara Qəmbər, xas Qəmbər,

Niyə tutdun yas, Qəmbər?

Arzu ata minibdi,

Üzəngisin bas, Qəmbər.

Qəmbər güc vurur, açır qapını, çıxır bayıra. Yapışır atın üzəngisindən, deyir:


Üzəngilər, üzəngilər,

Dost boynun üzəngilər.

Arzumun ayaqların,

Əzməsin üzəngilər.

***

Yəhərrər, ay yəhərrər,



Dost boynumu yəhərrər.

Arzumun şümşad yanın

Ağrıtmasın yəhərrər.

***


Cilovlar, ay cilovlar,

Dost boynumu cilovlar.

Arzumun şümşad əlin,

Ağrıtmasın cilovlar.


***

Qayışlar, ay qayışlar,

Dost boynumu qayışlar.

Arzumun şümşad qıçın,

Ağrıtmasın qayışlar.

Camaat oğlana qışqırır:

-Öz evinə aparırsan ki, bu qədər yal­varırsan?

Qəmbəri hərə bir yana itələyir, yıxılır. At onun ayağını basır, al qanı xırman olur. Qəmbərin vəziyyəti Arzunu sarsıdır. Ancaq Allahdan ümidini üzmür. Qəmbərə də təsəlli vermək istəyir. Bir qiymətli yaylığı varmış, yanından keçəndə atır Qəmbərin üstünə. Qəmbər yaylığı götürüb basır gözünə, deyir:


Gözlərim, ay gözlərim,

Taqəti yox, gözlərim.

Arzumu apardılar,

Niyə çıxmır gözlərim.


Hərə bir yandan onu vurub qovur. Qəmbər yaylıq gözündə çıxıb gedir meşəyə.

Sənə xəbər verim qızdan. Qızı aparırlar gəlin getdiyi evə. Hamı dağılandan sonra Arzu durur ayağa, qapıları daldan möhkəm bağlayır. Bəyi evə buraxmır. Bəy ha çığırır, ha bağırır, olmur. Arzu qapını açmır ki, açmır. Axırda bəyin bağrı çatlayır, ölür. Arzu evdə tək qalır. Bir ay, üç ay, beş ay, evdən bayıra çıxmır. Bir gün yazqabağı qızlar gəlib deyirlər:

-Ay Arzu, bəsdi evdə oturduğun. Dur gedək çəmən səyahətinə, güllərə, çiçəklərə tamaşa eləyək.

Arzu durub qızlara qoşulur. Hərə dağılışır bir yana gəzməyə. Arzu oturub qab-qaşığın, süfrənin yanında. Qızlar gedib görürlər ki, ayı kimi tük basmış bir şey var. Gəlib deyirlər:

-Ay Arzu, bir dənə şey var, bilmirik adamdı, ayıdı. Dur gedək, sən də tamaşa elə.

Arzu da qoşulur qızlara. Gəlir görür ki, adama oxşayan bir şeydi. Deyir:

-Adamsan dillən, heyvansan mələ.

Cavab eşidir ki, adamam. Arzu ondan soruşur:

-Haralısan?

-Sarovlu.

Arzu deyir:

Sarov dağı dağdımı,

Dörd tərəfi bağdımı?

Səndən bir xəbər alım,

Qəmbər ölüb, sağdımı?

Tüklü adam dillənir:

Sarov dağı dağ deyil,

Dörd tərəfi bağ deyil.

Sənə bir xəbər verim,

Qəmbər ölüb, sağ deyil.

Arzu deyir:

Sərim vay, səmərim vay,

Müşküm vay, əmbərim vay.

Aləmin var-dövləti,

Mənim də Qəmbərim vay.

Tüklü adam Qəmbər imiş. Arzunu tanıyır, ancaq hələ bildirmir. Deyir:

Sərinə mən sər ollam,

Müşkünə əmbər ollam.

Onnan Qəmbər olmadı,

Mən sənə Qəmbər ollam.

Arzu deyir:

Sərim de, səri neynir,

Müşkü, əmbəri neynir?

Arzuya öz Qəmbəri,

Özgə Qəmbəri neynir.

Arzu Qəmbərin sınağından çıxır. Qəmbər deyir:

-Qəmbəri nəyindən tanıyarsan?

Arzu deyir:

Halınnan, ay halınnan,

Doymaq olmaz balınnan.

Nəyinnən tanıyaram?

Üzdə qoşa xalınnan.

Qəmbər xallarını göstərir. Arzu Qəmbəri tanıyır, qucaqlaşırlar. Qəmbəri götürüb gəlirlər evə. Üç gün, üç gecə toy eyləyirlər, muradlarına çatırlar.


  1. Gəncə variantı

Biri var idi, biri yox idi, iki qardaş var idi. Birinin adı Həsən tacir, o birinin adı Hüseyn tacir idi. Bir gün bir dərviş gəlib onlara qonaq olur. Dərvişə pay vermək istəyirlər. Dərviş deyir:

-Mən pay alan yox, pay verənəm.

Axşam düşür. Qardaşlar çox bikef görünürlər. Elə qonaq var ki, qan qaraldan olur. Dərviş deyir:

-Niyə bikefsiniz?

Onlar övladlarının olmadığını dərvişə söyləyirlər. Dərviş qardaşlara bir alma verib deyir:

-Hüseyn tacir, sənin bir oğlun, Həsən tacir, sənin də bir qızın olacaq.

Qardaşlar almanı arvadları ilə bölüb yeyirlər. Doqquz ay, doqquz saat, doqquz dəqiqə tamam olur. Arvadlar bari həmdiyəni yerə qoyurlar. Həsən tacirin bir qızı, Hüseyn tacirin isə bir oğlu olur. Oğlanın adını Qəmbər, qızın adını Arzu qoyurlar.

Uşaqlar yavaş-yavaş böyüyürlər. Yeddi yaşına çatan kimi onları məktəbə qoyurlar. O gündən uşaqlar məktəbə bir gedib, bir gəlməyə başlayırlar. Bunu bir qarı görür və gəlib qızın anasına deyir ki, sənin qızın Qəmbərlə gəzir. Qarı o qədər danışır ki, axırda anası buna inanır. Qarı deyir:

-Sən döşünün südündən sağ və onu bişirib ver Qəmbərlə Arzu içsin. Qoy onlar bir-birini qardaş-bacı görsünlər.

Arzu bu məsələdən hali idi. Anası qarının dediyi kimi edir. Qızına deyir ki, get, əmin oğlunu çağır, sizin üçün bişirdiyim südü için. Qız oğlanı çağırır. Heç nədən xəbəri olmayan oğlan südü içir. Bunu görən qız deyir:

Artıbdı, qəmim artıbdı,

Dərdin canımda yatıbdı.

İçmə, əmim oğlu, içmə,

Anam südündən qatıbdı.

Oğlan əmisi qızına deyir:

Olmuyunca, ha olmuyunca,

Dərdin canımda qalmayınca.

Sənə bacı demərəm mən,

Bir ata-anadan olmuyunca.

Oğlan ilə qızı ayırırlar. Qız səhər, oğlan isə günorta məktəbə gedir.

Arzu bir gün səhər dərsə gedəndə bilərziyini unudub çarhovuzun qırağında qoyur. Günorta Qəmbər çarhovuzun yanından keçəndə qızın bilərziyini tapır. Baxıb görür ki, öz əmisi qızının bilərziyidi. Sonra görür ki, əmisi qızı çarhovuzun qırağında əli qoynunda durub ağlayır. Oğlan deyir:

Su gəlir, tuluq-tuluq,

Can olub suluq-suluq.

Bilərziyin tapana,

Nə verərsən muştuluq?

Qız deyir:

Su gəlir tuluq-tuluq,

Can olur suluq-suluq.

Bilərziyi tapana,

Canımı verrəm muştuluq.

Oğlan əyilib qızın üzündən öpür. Qarı yenə onları görür. Arzunun anasına xəbər verir. Qızı məktəbə buraxmırlar. Qəmbər məktəbə tək getməli olur.

Çox çəkmir Arzunu başqasına ərə verirlər. Qəmbər bunu eşidib kədərlənir və deyir:

-Qızı mənə vermədiniz, heç olmasa qoyun mindiyi atın cilovundan tutum.

Razı olurlar. Qəmbər atın cilovunu çəkir. At tələsir, Qəmbər ləngiyir. At onun dabanını ayaqlayır. Oğlan deyir:
Al geyirsən, əsdirirsən, əmim qızı,

Səbr-qərarım kəsdirirsən, əmim qızı.

Çərpəndimi basdırırsan, əmim qızı.

Qız deyir:

Al geymişəm, əsdirirəm, əmim oğlu,

Səbr-qərar kəsdirirəm, əmim oğlu.

Çərpəndini basdırmaram, əmim oğlu.
Oğlan özünü saxlaya bilmir, qızın üzündən öpür. Atlılar bunu görüb tökülür və bəy Qəmbəri doğrayıb öldürür. Yola düzəlirlər. Bu dəfə at ayağını daşa ilişdirir, bəy yıxılıb ölür. Ancaq karvan geri qayıtmır. Arzunu həmin bəyin evinə aparırlar.

Arzu yatmır, günlərlə Qəmbərdən ötrü Allaha yalvarır. Darda qalanların köməyi Xızır İlyas Qəmbərin əasını yığır və onun ağzından vurur. Qəmbər ayılıb deyir:

-Paho, nə çox yatmışam.

Xızır İlyas deyir:

-Ananın xoruzu ölsün, çox yatmısan.

Qəmbər durub evlərinə gedir. Atını tövlədən çəkib minir və Arzunu axtarmağa başlayır. Gəlib görür ki, Arzu çəməndə çiçək yığır. Oğlan irəli gəlib deyir:

Köynəkcək, can köynəkcək,

Beli-buxunu göyçək.

Əlində bir dəstə gül,

Özü gülündən göyçək.

Qız fikirləşir ki, bəs Qəmbəri mənim yanımda doğradılar. Qoy xəbər alım görüm bu kimdi. Qız deyir:

Sarab dağı dağdımı?

Dörd bir yanı bağdımı?

Sarablı Qəmbər vardı,

Ölüb, yoxsa sağdımı?

Oğlan deyir:

Sarabın dağı dağdı,

Dörd yanı bağça-bağdı.

Sarablı Qəmbər ki var,

Bilmirəm ölüb, sağdı.

Qız kor –peşman qayıdır. Oğlan görür ki, qız onu tanımadı, qıza deyir:

Müşk mənəm, əmbər mənəm,

Suda süsənbər mənəm.

Başına dönüm, Arzu,

Sən deyən Qəmbər mənəm.

Oğlan və qız çox sevinirlər. Bir-biri ilə görüşürlər. Qəmbər qızı ata mindirib evlərinə gətirir, qırx gün, qırx gecə toy eləyir.

Onlar yedi, içdi, o yana getdi. Biz də Allahdan muradımzıı diləyib bu yana gedək.


  1. Bakı variantı

Bir qoca qarının Qəmbər adlı nəvəsi vardı. Qəmbər hərdən aradan çıxır, tapılmaz olurdu. Bir gün nənəsi bunun səbəbini soruşdu:

-Ay Qəmbər, tez-tez hara gedirsən, de, yerini biz də bilək.

-Nənə, qonşu kənddə bir bəy var, onun qapısında işləməyə gedirəm.

-Niyə balam, bəyəm burda iş yoxdu ki, ora gedirsən? Bəlkə kiməsə aşiq olmusan?

Qəmbər başını tərpətdi:

-Bəli, elədi, nənə-dedi.

-Ay bala, kimin qızıdı?

-Elə qapısında işlədiyim bəyin.

-Ağıllı ol, bala, bəy nökərə qız verməz. Havayı yerdən canını üzmə. Nə çoxdu kəndimizdə gözəl-göyçək çoban qızı, naxırçı qızı, havalanma, Qəmbər.

-Yox, nənə, qızla əhdi-peyman bağ­lamışam, öldü var, döndü yoxdu.

-Qızın adı nədi, ay bala?

-Arzudur, nənə.

-Qayim-qədim olsun, bala. Yaxşı addı, çifayda tikanlıqda bitib.

Nənəsinin sözləri Qəmbərin əl-qolunu bir az da bağladı. Uşaq naçar qalmışdı. Çox götür-qoydan sonra Qəmbər gəlib həmin elatın xanına çoban oldu. Qəmbər sürünü yamaclara yayar, hey yanıqlı-yanıqlı tütək çalar, göz yaşları tökərdi. Bu səsi, ah-naləni yaxın kənddə olan Arzu duyardı. Hərdənbir bulaq başında görüşərdilər.

Bir gün qız dedi:

-Gərək Qəmbəri bir sınayam, görəm halal oğlandımı?

Qız bu məqsədlə bulaq üstü görüşdən ayrılanda bilərziyini qoyub gedir. Qəmbər bilərziyi görüb tanıyır, “Arzunundu” –deyə götürüb saxlayır. Bir də görüşəndə qız bilərziyi bulağın başında itirdiyini bildirir. Qəmbər deyir:

Ağ qoyun quzuludu,

Yollara düzülüdü.

Ay Arzu, bilərziyin

Üstə nə yazılıdı?

Arzu deyir:

Ağ qoyun quzuludu,

Yollara düzülüdü.

Ay Qəmbər, bilərziyim,

Tilsimlə yazılıdı.

Arzu ilə Qəmbərin bu görüşlərindən bir qarı xəbər tutur və məsələni qızın anasına xəbərləyir. Qarı deyir:

-Qəmbəri qonaq çağır, aş bişir, içinə də zəhər qat, qoy ölüb qurtarsın. Yoxsa başın çox bəlalar çəkəcək. Cavan qız gör neçə dalan aşıb bulaq başına görüşə gedir.

Arzunu göndərib Qəmbəri qonaq çağırırlar. Qız işi başa düşür. Aş bişib qabağa gələndə Arzu deyir:

Yemərəm, ha yemərəm,

Keçi südü əmmərəm.

Anam aş bişiribdi,

Onu mən heç yemərəm.

Qəmbər özü yeməmişdən əvvəl aşdan götürüb yanındakı pişiyə verir. Pişik o tərəfə, bu tərəfə vurnuxub ölür. Qarı deyir:

-Yox, bacı, olmadı. Gərək mən xanın yanına gedəm. Xanın Güləboy adlı gözəl oğlu var, qoy Arzunu ona alsın.

Təklifdən Arzunun anası çox razı qalır. Qarıya bəxşiş verir.

Qarı xanın evinə yollanır. Amma onu evdə tapa bilmir. Xanımı görür. Güləboyla görüşür, oğlanın üzündən-gözündən öpür. Sonra sözə başlayır:

-Ay ömrüm-günüm, bəy qızı Arzu var, xan oğlu Güləboya layiqdi, nəinki xanın çobanı Qəmbərə.

Ana-bala gülüşürlər. Yəni, bizim çoban Qəmbər, bəy qızı Arzuya aşiq olub. İşə bax...

Axşam xanım qarının dediklərini xana danışır. Xan məmnun olur. Deyir:

-Güləboyun evlənmək vaxtıdı. Bəy qızı pis olmaz.

Sabah elçilər gedirlər. Çayan kimi Arzunu Güləboya nişanlayırlar.

Qəmbər baş götürüb bu elatdan çıxıb başqa elatın xanına şikayətə gedir.

Qarı deyir, gedim görüm Arzu necədi. Gəlib nə görsə yaxşıdı? Baxır ki, qız üç günün içində heyva kimi saralıb. Soruşur:

-Sənə nə olub, belə saralmısan, Arzu bala?

Qız cavab verir:

Heyva idim saraldım,

Nar gələr, rəngim açar.
Qarı görür ki, Arzu onu düşmən bilir, aradan çıxır.

Qəmbər dərdini qonşu xana danışır, qoşun alıb gətirir. Öz torpağına çatanda həmin qarı əlində halva qoşunun qabağını kəsib deyir:

-Hara gedirsiz? Arzu vəfat elədi, bu da onun halvası.

Qoşun inanıb qayıdır. Qəmbər isə göz yaşı tökür. Bu gəlişi hamıdan çox Arzu gözləyirdi. Ümidini qonşu xanın qoşununa bağlamışdı. Gördü ki, budu Qəmbər tək-tənha, kədər içində gəlir. Soruşdu:


Adamı, ha adamı,

Dərildi bağ badamı.

Getmişdin xan evinə,

Hanı xanın adamı?

Qəmbər deyir:

Adamı, ha adamı,

Dərildi bağ badamı.

Pozdu imansız qarı,

Gəlirdi xan adamı.
Qəmbər görür toy başlanıb. Xanın adamlarına deyir:

-İndi ki, Arzunu mənim əlimdən alırsız, heç olmasa qoyun cilovdar mən olum. Əgər qoymasanz bərk qarğıyacam.

Hamı deyir:

-Qoyun olsun.

Arzu atın belində idi. At Qəmbərin dabanını basdalayıb al-qana qatdı. Qəmbər dedi?

Əsdirirsən, əsdirirsən,

Tellərini kəsdirirsən.

Tələsirsən getməyə,

Ayağımı basdırırsan.
Arzu deyir:

Əsdirmirəm, əsdirmirəm,

Tellərimi kəsdirmirəm.

Tələsmirəm getməyə,

At özü basdırır.
Yol ayrıcında Qəmbər deyir:

-Ay Arzu, yolun yolumdan ayrılır. Gəl üzündən öpüm.

Qəmbər Arzunun üzündən öpür və Güləboya deyir:

-Yağını mən yedim, ayranını sürt üzünə.

Güləboy pərt olur, cilovu onun əlindən almaq istəyir. Lakin kolun arasından bir ilan ox kimi süzüb Güləboyu çalır. Güləboy qapqara qaralıb ölür. Xanın adamları da Qəmbəri öldürmək istəyirlər. Lakin, ilan onlara da aman vermir.

Bundan sonra Arzu ilə Qəmbərin istəklərinə qarşı çıxan olmur. onlar toy vurdurur, evlənirlər və xoşbəxt olurlar.





  1. Qarayazı variantı

Deyirlər Qəmbər ovçu idi. Yay-oxunu meşədə gizlətmişdi. Ayrılıq yaman şeydi. Qəmbər Arzunun həsrətinə dözə bilmirdi.

-Üzündə xalı Qəmbərin,

Yamandı halı Qəmbərin-deyə ah-nalə çəkirdi.

Bir gün fikrini dağıtmaq üçün yay-oxunu götürüb ova çıxdı. Meşədə bir maral otlayırdı. Qəmbər onu nişan aldı. Amma ox süzüb bir kar qayaya dəydi, geri qayıtdı. Yar həsrəti oğlanın gözünü işıqdan qoymuşdu. Nişanı da düz ala bilmirdi. Bu bir neçə dəfə təkrar oldu. Qəmbər dərindən köks ötürdü:
Eləmi, nəyə dəydi,

Ox getdi, nəyə dəydi.

Mən maral ovlayırdım,

Oxum gör nəyə dəydi?


Elatın qarısı Fatma nənə də talaya pencər yığmağa çıxmışdı. Gördü ki, bir cavan ovçudu, elə hey atır, oxu daşa dəyib geri qayıdır. Fatma nənə oğlana yaxınlaşıb dedi:

-A bala, adın nədi?

-Qəmbərdi, ay ana.

-Başıma xeyir, yoxsa Arzunun Qəmbərisən?

-Elədi, ay ana.

Fatma nənə baxdı ki, maral otlaya-otlaya dağı aşır. Bir marala baxdı, bir də Qəmbərə. Dərindən köks ötürüb bir bayatı çəkdi:

Maral çıxdı o yala,

Dərdə dərman o yala.

Arzu gözdən uzaqdı,

Çətin Qəmbər oy ala.


Fatma nənə kədərli-kədərli meşədən çıxdı. Onu pencər yığmağa gələn bir dəstə qız dövrəyə aldı:

-Nənə, meşədə nə gördün?-deyə soruşdular.

Fatma nənə Qəmbərin maral ovundan danışdı. Qarı qəhərləndi:
Eləmi, Qəmbəri,

Nəşə yana, qəm bəri.

Bir qəbir görüşdürər,

Arzuynan Qəmbəri.


Arzu da qızların içində imiş. Bir ah çəkib deyir:
Çəmən gördüm bağ kimi,

Saraldım yarpaq kimi.

Qəmbərsiz bu gözlərim,

Bozarsın torpaq kimi.


Qızlar meşəyə Qəmbəri axtarmağa gedirlər. Meşədə qızlara qara bir adam rast gəlir. Arzunun qəlbi atlanır. Qızlardan biri söz atır:

-Arzu, Qəmbər belə qaradırsa, heç onu axtarmağa dəyməz.

Söz Arzuya toxunur, üzünü qızlara tutub deyir:

Qaradır Qəmbər kimi,

Müşkünən əmbər kimi.

Qaranı çox sevirlər,

Tanrı, peyğəmbər kimi.

Bayaqdan qızları seyr edən Qəmbər Arzunu tanıyır və bayatı çəkir:


Arzum gəldi bu dağa,

Səsi gəldi qulağa.

Arzuya peşkəş olsun,

Şirvan, Təbriz, Marağa.


Qəmbər görür Arzu bulud kimi dolub, sözü-sözdən seçə bilmir, halı özündə deyil. Fikirləşir: “Qoy ürəyini boşaltsın”.

Arzu bir bayatı çəkir:

Elim vay, Qəmbərim vay,

Müşküm vay, əmbərim vay.

Aləmin malı, mülkü,

Mənim tək Qəmbərim vay.

Qəmbər deyir: “Sən gəl, Arzunu imtahana çək”. Üzünü tük basmış Qəmbər yay-oxunu çəmənə atıb deyir:

Müşk ollam, əmbər ollam,

Suda süsənbər ollam.

Sən neynirsən Qəmbəri?

Mən sənə Qəmbər ollam.

Qəmbər görür ki, Arzu özünü öldürmək dərəcəsinə çatıb, özünü nişan verməyə başlayır:

Müşk mənəm, əmmbər mənəm,

Suda süsənbər mənəm.

Başına dönüm, Arzu,

Sən deyən Qəmbər mənəm.

Qəmbər tüklərin arasında gizlənmiş üzündəki xalı Arzuya göstərir. Bundan sonra Arzu Qəmbəri tanıyır və əlindən tutub evlərinə gətirir. Toyları olur, muradlarına çatırlar.


  1. Kərkük variantı (Ata Tərzibaşının topladığı)

Hartdan-hurtdan, sıxması qarpuz qabığı, dügməsi turpdan. Aman-zaman içində, qərbil-saman içində, devə bərbərliğ edir, əski hamam içində.

Var idi, yox idi, iki qardaş var idi. Bu iki qardaşın arvatları iki cannı idi. Bir gecə yığışmışdılar bir evdə otırmışdılar. Dedi:

-Qardaş, bir şərt edəğin ki, iki qardaşığ vəsiət olsın sənə. Haxsımızın oğlı oldı, haxsımızın qızı oldı bir-birinə beşik kəsmə adaxlı olsın.

Dedi:

-Əyidi. Qəydi yox.



Dedi:

-Şərt.


Dedi:

-Şərt.


Ay aydan, gün günnən, doqquz ay doqquz gün, doqquz saətdən sora briininki doğdı bir oğlan, birininki doğdı bir qız. Oğlanın adını qoydılar Qəmbər, qızın adını qoydılar Arzı. Bular bir zaman hətta böyük oldılar. Bir doqquz yaşına girdilər. Qəmbərin həm nənəsi öldi, həm babası. Əmmisi neylədi? Dedi:

-Vallah, bu qardaşımın oğlıdı, həm babası vəsiyyət etdi, bunı gətirim evimə.

Gətirdi, evində bəslədi. Oğlannan qızın əlin tutdu, apardı camıya13 getdi molla yanına. Salam verdi. Dedi:

-Bunın birisi mənimdi, birisi qardaşımındı. Gətirmişəm buları camıya, oxut buları.

Dedi:

-Baş üstünə.



Bir il, iki il, üç il. Bir gün dedi:

-Mən bulardan bir şey anlamıram-əmmi dedi-Bir gedim molladan sorum, bular hara yetişiplər. Oxumada heç bir sadaları yoxdı.

Gəldi, girdi molla yanına. Salam verdi, oturdı. Dedi:

-Molla! Arzıdan Qəmbər necədi? Oxumaxda yetişiplər, hara yetişmiyiplər?

Dedi:

-Vallah, oğlum sənu14 parau15 mənə haramdı. Oğlum, bular hiç oxumıllar. Oturuplar bir-birlərinə hə məşuqəliğ edillər.



Dedi:

--Nə çara?

Dedi:

-Çarası budı sən çıxart buları apar, oxumazlar. Bular oxuyan olmaz, bir-birlərinə aşiqdirlər.



Dedi:

-Qəmbər, Arzı, Qaxın! Sandıqlaruuz, döşəklərüüz qaldırın, gedəğ evə.

Camıdan çıxartdı, gətirdi evə. Qəmbərə dedi:

-Sən qax, get bu quzı balalarını otlat.

Arzıya da dedi:

-Qax nənəüdən işlə.

Qız nənəydən işlər, Qəmbər də sabahdan quzı balalarını apardı, getdi. Arzı dəlli olub sabahdan Qəmbəri görmüyip. Qəmbər gedip çölə. Nənə dedi:

-Arzı, su qalmıyup.

Arzı dedi:

-Nənə, tuluğı ver, gedim doldırım.

Nənəsi dedi:

-Saçı kəsilmiş, gedisən necə hazırsan su gətirməğə. İndi gedəsən orda Qəmbəri görəsən, oturusan. Qəmbərdən əglənməğə. Suyı gec gətirsəu vallah vay haluadı, öldürrəm səni.

Dedi:

-Yox, vallah, nənə, bunca and, bunca yemind, tez gəlləm.



Am qızın da nişanlığı, oğlanın biləsiği qızın əlindəydi. Getdi qız baxtı, Qəmbər də çöldə nələ olub, kibrit olub Arzıçin. Qəmbər gördü özüni.gördü dağdan əniri, dedi:
Arzım əndi bulağa,

Səsi gəldi qulağa.

Arzıya peşkəş olsun,

Şirvan, Təbriz, Marağa.


Qız hiç cavabın vermədi. Əndi aşağıya, yetişdi bulağın başına, tuluğını doldırdı. Əl-üzüni pək yəxədi. Baxdı Qəmbər qaçırı, gəlsin yetişsin özünə, tələsügliğinnən qız həmən tuluğı atdı çigninə, biləzik yadınnan çıxdı qaldı yerində. Qız getdi evə. Nənə qızı tutdı onca çaldı, dedi:

-...Getdü Qəmbəri gördüü, gec gəldüüü?!

Dedi:

-Vay nənə, bunca and, bunca yemind, tələsidiğimnən odu biləzig də əlimdə yoxdı, biləzigi su başında qoydım.



Dedi:

-Qəsdən qoduu biləzigi su başında, bir də gedəsən, Qəmbəri görəsən. Vallah saçı kəsilmiş, get biləzigi gətirginən, vallah indi səni öldirrəm.

Getdi qız. Qız getdi, biləzigi tapmadı, baxdı Qəmbər quzı yayırı.Dedi:
Tuluğımı doldırdım,

Dolı deyin qaldırdım.

Dinim, imanım, Qəmbər,

Biləzigim saldırdım.

Aldı Qəmbər dedi:

Hə gülşəni, gülşəni,

Güllər yerə döşəni.

Biləzigüü üstündə,

Nə var idi nişanı?!

Aldı qız dedi:

Hə gülşəni, gülşəni,

Güllər yerə döşəni.

Biləzigim üstündə,

Arzı-Qəmbər nişanı.

Aldı Qəmbər dedi:

Bu sular uluğ-uluğ,

Qızlar doldurı tulığ.

Biləzigüü tapanı,

Nə verisən muştuluğ?

Aldı Arzı dedi:

Bu sular uluğ-uluğ,

Qızlar doldurı tulığ.

Biləzigim tapanı,

Şirin canım muştuluğ!

Oğlan tutdı qızı, sıxdı qucağına...öpdi. qoxladı. Biləzigi taxdı qoluna. Dedi:

-Yeri get evə, nənəü səni vurmasın.

Gəldi. Nənə bu qızı belə çaldı, etdi leş. Dedi:

-Getdüü biləzigi qasdan sular başında qoyduu getdüü bir də Qəmbəri görəsən?!

Axşam oldı, kişisi gəldi. Dedi:

-Qızı verməm Qəmbərə, kasıbdı. Qızuu hər dəqqə bir məəna ediri, varı Qəmbər yanına qaçırın.

Dedi:

-Çara?


Dedi:

-Mən bu gün sütümnən sağaram, bir teşt16 dələmə edərəm, qoyaram Qəmbər yesin, bacı-qardaş olsılar.

Qaxdı ki əmcəginnən bir qab süt sağdı, qızdırdı, dələmə etdi, qoydı teşt altına. Qəmbər günorta gəldi, dedi:

-Əm arvadı, nə varım?

Dedi:

-Əm arvadı qurbanuu olsın, odı teşt altında səniüüçün bir qab dələmə doydırmışam.



Qəmbərin belə kefi gəldi, dedi:

-Vallah, əmi arvadı, bu gün mənə deyiri “əm arvadı sənə qurban olsın”, əleysə qızı mənə verəcəğdi.

Qız, ataş düşdi canına, döndi bu maanını dedi:

Hey hatıpdı, hatıpdı,

Qoyun-quzı yatıpdı.

Qəmbər dələmə yemə,

Nənəm sütün qatıpdı.

Döndi oğlan dələməni yemədi. Qaxdı dedi:

Tərəcəmiz dolı daş,

Bir yasduğa qoyağ baş.

Bir nənədən olmadığ,

Necollığ bacı-qardaş?

əlin silkdi yeməyə. Bir kəllə soğan, bir əkmək qoydı cibinə, çıxdı getdi. Nənə dedi:

-Faydası yoxdı!

Qalxdı qızı belə çaldı, dildən-damqdan saldı. Dedi:

-Saçı buçı17...Hər nə etdüü sən etdüü. Bunı da şəərdən, beytdən Qəmbərə aynatduu. Ölsəü qoymam səni Qəmbərə nəsib olasan. Qəmbəri qapımda bəsliyim, səni özinə verim?!


Günnərdən birində dedi:

-Qəmbər ged bir quzı gəti, evdə kəsəriğ.

Qəmbər də quzı gətirdi, verdi əm arvadına. Əm arvadı qavırdı, bişirdi. Qəmbərin payına ağu qatdı. Qoydı teşt altına. Qəmbər yarın günorta oldı, gəldi. Dedi:

-Əm arvadı nə varım?

Dedi:

Payuu bir kömə qavırma qoymışam.



Qız oldı əbdəl. Dedi hay bu zəhirdi, indi bu zəhiri yer öli. Dedi:

Əmə Qəmbərim, əmə,

Nənəmin əqli kəmə.

Öguudə quzı bir yan,

Ağu qatıpdı yemə.
Oğlan əlini silkdi, yemədi. Dedi:
Bu gün çərşənbədi,

Giölüə düşən nədi,

Ot yanar, tütün18 çıxmaz,

Qazanda bişən nədi?


Gənə bir baş soğan, bir əkmək qoydı qoynına getdi. Qonşılarında bir tat var, qırx oğlı var. Gəldi bu qızı istədi babasınnan. Bu qızı əmmi qaxdı verdi bu tatın oğlına. Qəmbər evə gəldi. Qız aydırdı19:

-Qəmbər!


-Ha.

-Xəbərüü var?

-Necə?

-babamnan məni tat oğlıyçin istədilər.Babam məni verdi tatın oğluna. Bir çara eylə.



Dedi:

-Çarası nə olsın? Mənim kimin bir kimsənəsiz nə edə billəm?

-get şaha şikat elə, bir tabır20 əsgər gəti, məni qılınc zorı, hərb zorı algınan.

Bu da gəldi, dedi:

-Əm arvadı, mənim taqətim qalmadı burda oturmağa, madam Arzını da verisiz xaxa. Mənimçin bir teşt dırnaxlı külçə21 eləginən, baş alıram gedirəm.

Əm arvadı dedi:

-Başım üstə. Hə, getsin boynımdan olsın-dedi.

Əspabın22 yəxədi. Şey-meyin yığış­dır­dı, oğlan üz qoydı getdi. Ha burda, ha orda, az getdi, üz getdi, yerişdi Əcəm şahı yanına.

Şah dedi:

-Nə istisən?

Qəmbər dedi:
Şah oğlı, şahım zada,

Gəlmişəm sənə dada.

Malım yoxdı alayım,

Xan Arzım getdi yada.

Döndi şah dedi:

Durun, durun görəlim,

Aşiq halın soralım,

Çağırın xəznədarı,

Aşiqə mal verəlim.

Aldı Qəmbər:

Aşiq malı neyliri,

Dünyadarı neyliri.

Aşiq dada gəlipdi,

Sənnən imdad diliri.


Şah annadı özüni:

-Çağırın bir manğa əsgər verin, haxsı qızı istirsə top, topxana zorı alsılar, versilər əlinə-dedi.

Ordan bir vəzir qaxdı, dedi:

-Padşahım, sən bilisən bu sağ aşiqdi?!

Padşah dedi:

-Sağ aşiqliği nəədn bilini?

Dedi:

Bağçaun yeddi yemişini sayarsa sağ aşiqdi.



Aldı Qəmbər dedi:
Alma, ərük, aluça,

Qavın, qarpuz, bu neçə.

Heyva yedim saraldım,

Nargilə məədəm aça.


Gördülər sağ aşiqdi. Şah bir manğa əsgər verdi, əsgər, ləşkər, top, yopxana, dedi:

-Gedin, iştə sağ aşiqliğini isbat etdi.

Sən gəl Arzının nənısindən xəbər al. Bili Qəmbər şah yanına gedip. Bir qəri çağırdı, ağırıca pamuğ çəkdi, qəriyə verdi. Dedi:

-Qəri nənə, Qəmbər gedip şaha dada, əsgər-ləşkər gətirməğə. Sən bir oyunnan bu əsgər-ləşkəri geri döndər, bu pamuğ səniçün olsın.

Qəri dedi:

-Bir qazan həlvə, bir təndür əkmək eylə mənimçin, sora qarışma.

Əkməgin ara yerinə bir kündə həlvə qoydı, bir yengi peştamala23 dügdi. Sabah məhəli aparı bir yengi türbənin başında oturı. Bir gün, iki gün, üç gün...

Bir zaman qəri baxdı bir toz-tozanağ, bir əsgər, bir ləşkər, türbəliğdə qopdı bir qiyamət.

Dedi:

-Vallah bu Qəmbərdi gəliri.



Başdadı özün çalsın, yığlasın.

Qəmbər durdı baxdı, qəri saçın açıb öz-özün çalırı, naalə veriri, yığılırı. Qəmbər həninidi24, əsgər-ləşgəri durutdu. Qəridən sordı:

Altımız buradandı,

Üstümiz yaradandı.

Qəri, sual edirəm,

Gəlişüü haradandı?

Döndi qəri aldı:

Altımız buradandı,

Üstümiz yaradandı.

Əgər sual edirsəu,

Gəlişim obadandı.

Döndi oğlan dedi:


O yanımız dağmıdır,

Bu yanımız bağmıdır.

Qəri, sənnən soruram,

Arzım ölüb, sağmıdır?

Dedi:

-Vay nənəü, babau öləydi, oğlım. Bə mən nişin özümi çalıram, həlvə paylıram.



Dedi:

-İndi Arzıdı ölən?

Dedi:

-Hə vallah, qurban, Arzıdı ölən.



-Ee! –dedi-çara nə? Mən getdim şaha dada, əsgər gətirdim, ləşgər gətirdim, əməgim hiçə döndi-Əsgərə izin verdi. Dedi:

-Arzım ölip, siz dönin gəriyə.

Hər kəş döndi gəriyə.

Oğlan türbənin başında öz-özin çalar, yığlar, gözünnən su yerinə qan gəli, miğrib25 oxunanda yannan bir-iki dənə gecər.

-Qardaşım, babam sən öldüü, allah qəbul etməz, qax get, allahın çölində gecə məhəli, bu sauğda nedisən? –deyillər.

Oğlan əlin bögürinə tutdı, belə içərisi kəsilmiş gəldi, yetişdi əmmisigilin soqa­qına26. Baxdı Arzı əli-əlində, ətəgi belində quyudan su çəkirdi. Oğlanın iki dizinin qapağı qırıldı. Belə ürəgi kəsildi, durdı qapıda, baş dayadı qapıya, belə movaldı27.


Döndi qız dedi:

Qapıda duran adam,

Boynını buran adam.

Getmişdüü şaha dada,

Hanı şahdan bir adam?

Qəmbər dedi:

Noldı qərdiən oldı,

Zilfi sarıdan oldı.

Əsgərim gəri döndi,

Gözəl tarıdan oldı.


Oğlan girdi içəri, düşdi şamsız, ac. Yarın oldı. Gəldilər tatgili qızın diləkçiliğinə. Al etdilər, ver etdilər. Qız verildi. Yolı gəldi, kəbini kəsildi. Qızın cihazı28 alındı, xınnalandı, qız getməğ üstinə oldı.

Nənnə dedi:

-Getsin boynımnan olsın. Qəmbər qalsın hə belə yana-yana.

Toyın tədarigi bitənnən sora gəldilər qızı bəzətməğə. Qız yığlırı, oğlan yığlırı. Sağ aşiq oldıxlarınnan gözlərinnən qan gəliri. Gəldilər qızı bəzətməğə. Oğlan da qapıda durub boyınnı burırı. Bir dəınə gəldi qızın əsbabın giritsin, bəzətsin. Oğlan dedi:


Həy hökilsin, hökilsin,

Qatlı dağlar sökilsin.

Arzını bəzədəni,

On barmağı tökilsin.


Arvadın on barmağı yuvı yuvından düşdi. Sağ aşiqin duası geçdi. Arvad getdi. O dedi, bu gəlini kim bəzətsin, bu dedi, bu gəlini kim bəzətsin? Bir dənə qaxdı, yaalla, yaalla, mən bəzədirəm. Qəmbər nədi sözi belə keçsin. Qaxdı gəlinini bəzətsin. Döndi Qəmbər dedi:

Mən Qəmbərəm dağ kimin,

Titrərəm yarpaq kimin,

Arzını bəzədəni,

Qərə girsin29 zağ kimin.
Xəbər gəldi, dedi, qax damuu düşüb, dört oğluu, bir kişüü altında qalıpdı. Əli belli, dəlli belli leş çıxardırı. Arvad gəlini yerində qoydı, hurbi30 basdı, qoydı qaçdı.

Bunu kim bəzətsin?

Dedilər:

-Vallah biz bəzətmərix. Qəmbər qapıda durup, sağ aşiqdi, bedduası birə birdir. O dedi, allah bəzətmərix, bu dedi, allah bəzətmərix. Dedilər çara?

Qəmbər dedi:

-Əm arvadı, bu da bir şey dəgi, Arzını mənə ver, mən bəzədirəm özüüi. Yoxsa indi ölənə kimin bu qapıda durram, kim bəzətsə özüni bir beddua basaram, dərdinə boyaram özüni.

Arvadlar dedilər:

-Qoy bəzətsin, nə var canım, əmmisi qızıdı, axı bal dəgi barmaqlasın.

Dedi:

-Boyını qırığ, gə bəzət.



Dedi:

-Bəli, belə bəzədirəm, şərtdəndi. Onı taxım etdixcə31 bir öpiş allam.

Dedilər:

-Qəydi yox32, al.

Ətəkliğ33 giritdi34 bir öpdi, əziyə35 giritdi, bir öpdi, cəkət giritdi bir öpdi, bəzətdi, üzüni-gözüni öpdixcə öpdi.

Tat oğulları yetişdilər, gəlini apar­sınlar. Gəlinin qolunnan tutdular, apardılar qapıya.

Qəmbər də çıxdı dedi:

Ata vurdum qantarma36,

Qan edərsəm qurtarma.

Arzım minən atları

Görim olsın belsarma37.
Gəlinin bismillah deyillər əlin qoyurlar dəvarın belinə, dəvara minsin, dəvarın beli orta yerinnən qırıllı. Gəlin qalırı iskəmlinin38 üstündə. On dəvar gətirdilər. Qəmbər hər onına da beddua basdı, beli qırıldı, öldi.Dedilər:

-Qəmbər, sənuudən çara.

Dedi:

-Hə, qoyın dəvar gətirim, öz tayımı39 gətirəm minsin, rəşməsin mən çəkərəm.



O dedi, baba, tay olsa nə var, bu dedi baba tay olsa nə var? Gəlin bəzətməğ kimin bunı da uzatmaun. Qəmbər getdi öz tayını gətirdi tauladan. Gəlini mindirdi dəvara, dəvarın rəşməsin tutdı. Gözü görçiri hirsinnən, hiddətinnən, dəvar belə yeriri, gəridən dabanını əzdi, Qəmbərin qonda­rasınnan40 qan verdi yazıya41.
Aldı Qəmbər dedi:

Hannan Qəmbərim hannan

Məhəbbətüü çıxmaz cannan.

Dizginüü çəkərək tut,

Dabanım doldı qannan.

Qız aldı dəvar üstündə:

Hannan Qəmbərim hannan

Məhəbbətüü çıxmaz cannan.

Dabanuudan gələn qan,

Gəlsin mənim gözimnən.


Həmin Qəmbər döndi, gəlinin duvağın qaldırdı, atdı geriyə. Baxdı gəlinin gözinnən arx kimin qan əniri. Tat buna qızdı. Qayınbaba bir qəmçi aldı əlinə, verdi Qəmbəri qəmçi öginə, belə vurdı, belə vurdı, əzdi özini etdi leş. Qız dəvar üstinnən gözinnən qan atırı, oğlan aşağıdan qan atırı. Döndi Qəmbər yandığından dedi:
Tat oğlı güləcə42 boy,

Etdüü xan Arzıma toy.

Kərəsin mən almışam,

Ayranın başıva qoy.


Qızın dəvar üstində danına43 get­di.Dedi:

-Bu əmim oğlı məni çox sevərdi, indi mənə belə böhtən etdi, bu məxluğun içində.


Dedi:

Ha eylədü, eylədü,

Altunum pul eylədü.

Sən mənə dəgməmişdü

Nişin böhtan eylədü.

Aldı Qəmbər dedi:

Hə eylədim, eylədim,

Altunu pul eylədim.

Həmsi ağaç zorınnan,

Sənə böhtan eylədim.

Yetişdirdilər gəlini qapıya. Gəlin girdi içəriyə, Qəmbər durdı kürəkəngilin qa­pısında. Bir beddua basdı. Dedi:
Mənnən olan geriyə,

Getməsin irəliyə.

Arzım girən euləri,

Keçə kilau44 bürüyə.


Qəmbər getdi. Yandığınnan, hala­vınnan, bu gözəl Qəmbər, saçının kəhgülünin bir yanı altun idi, bir yanı gümüş, belə sipsiyah kəsildi. Bu tatgilin damının ardı şatdı45, bu şatın kinarına ac, susuz düşdi. Daha əmmisigilə də getmədi. Dedi:

-Madam Arzım da getdi qalmadı, allahın çölini gəzim.

Gecə oldı. Tatın oğlı gəldi, əbdəs aldı46, bism allah etdi, girdi pərdəyə, iki rökət pərdə namazı qılsın, namazlığın üstində düşdi öldi.

Hə, bəklədilər çıxsın, çıxmadı. Bir zaman qapını qırdılar, girdilər içəriyə, baxdılar pərdə örtili, gəlin o tayda, oğlan bu tayda, indi ölmiyip bin ildi ölüp. Döndi tat dedi:

-Bu Qəmbərin bedduasıdı... Bu gecə mən ya bu qırx oğlannan vaz keçdim, ya qoymam Qəmbər mırazına yetsin, yaxud da bu qırx oğlanın qanına girrəm.

Leşi qaldırdı apardı ayrı odada47 uzatdı, getdi bir muxtar imam gətirdi. Dedi:

-Gə otı, bu gecə sabaha kimin ya Qəmbərin söz olı, ya bizim.

Kəsdirdi onnan küçük oğlana kəbini, dedi:

-Oğlum, kəbinin sənə kəsdim, o qardaşuu öldi, allahın əmriydi ya bu gecə allah Qəmbərə veri ya bizə veri.

Onı da saldılar içəriyə. Oğlan gənə keçdi namaz qılmağa. O da öldi.

Bəklədilər, bəklədilər oğlan çıxmadı. Girdilər, baxdılar, o da ölüp. Başuuzu ağrıtmıyım. Nə uzadax həkatı. Tat qırx oğla­nın o gecə qanına girdi. Qırx leş oldı.

Sabah oldı, bir sür düdügi çalındı. Qəmbər bir belə beddua basıp, tatın hər qırx oğluna kəbini kəsilib Arzının, hər qırx oğlı da öldi. Əli belli yetişsin leş qaldırmağa, tabutı aparağ məzarlığa. Başuzı ağrıtmıyım. Qırx oğlanı kpmdilər. Tat döndi, muxtara dedi:

-Bu qırx oğlannan vaz keçdim. Mənə kəsin kəbini.

Kəsdilər qayınbabaya kəbinin. Gəldi qapıda durdı. Qorxdı, girmədi içəriyə. Dedi:

-Arzı, qırx oğlımı bu topa48 qoydım, qanlarına girdim. İndi kəbini özimə kəsdim. Sən qırx gün yas tut, bu qırx kişiçin, mən də qırx gün yas tutım bu qırx oğlımçin. Qırx günnən sonra gəlləm sənə dəgərəm.

Buna Arzı cavab verməz. Allahdan bir bələ gün istiri, hə yığlırı, qan atırı gəzinnən.

Qayınbaba getdi, oturdı ayırı bir odada, düşüniri başına gələn işi ki, necə iş idi bir qız bədəli49 qırx oğlanın qanına girdi...

Qız beş gün, altı gün eudə otırdı. Ürəgində sıxıntı. Dedi:

-Bir çıxım dama, əzildim burada qan tökməxdən.

Baxdı şatın kinarında bir dənə bələ gəliri, bələ gediri, sipsiyah kəsilib puşı50 kimin, allah deməğə taqəti yoxdı. Qəmbər də Arzını gördi. Gördi Arzı damnan baxırı. Dedi baxım Arzının mənimnən o məhəbbəti qalmıyıp, bir soruşım öziydən, baxım mənə nə deyər. Dedi qıza, nə dedi:

-Hə, özim şata atım?

Arzı tanımadı özüni. Dedi:

-At, at, atasan, atmasan cəhənnəmə.

Oğlan dedi:

-Arzı, mənə bələ deyisən.

Özin atdı şata. Atanda şat tumdırdı51 özüni, silkələndi, qız kəkülinnən tanıdı. Dedi:

-Ay, bu Qəmbəriymiş.
Qız dedi:

Ğərəz, öləsən, ğərəz,

Yar əlimizdən düşdi saz.

Qəmbəri şat apardı,

Yeriş ya Xıdır İlyas.
Xıdır İlyas gəldi, Qəmbəri sudan çıxartdı, qoydı kinara. Döndi. Qəmbər başın qaldırdı. Dedi:

-Arzı, bəsdir, daha aşiqliğə-məşiqliğə iqtidarım qalmadı. Bax nə şəkildən çıxdı mənim kimin camal, hindi oldım, ağacımda qurudım, canımda bir misqal ət qalmıyıp, gəl aşağıya, otı şatın qırağına, neçə gündi nə yemişəm, nə içmişəm, nə yatmışam, nə durmışam, bu şatın boyında gəl-get edirəm. Başımı qoyım dizüü üstində bir yuxı alım. Bu kərə özimə beddua basacağam.

Arzı dedi:

-Axır tatdan qorxıram.

Dedi:

-Tatdan qorxısan?



Dedi:

-Yo...Yo... Atmıyassan özüü şata, odı gəldim. Qız qaça-qaça damnan əndi aşağıya. O yana baxdı, bu yana baxdı çıxdı qapıdan, qaçdı getdi otdı Qəmbərin yanına. Dizini yasıladı. Qəmbər dedi:

-Arzı, bikəz52 başıma bax.

Başına Arzı baxırdı, dırnax çalırı. Qəmbər dedi:

-Ya rəbbi, daha aşiqliğ etməğ taqətim qalmadı. Al amanatuu.

Qəmbər öldi qızın dizi üstə. Sağ aşiq idi. Duası qəbulidi. Qıza vayı53 Qəmbər öldi. Qız dedi:

-Necə olı bilməm qaxmırı yuxudan. Bilməm nedim. İndi tat gəlsə, məni burda tutsa ölüncə çalar. Bilməm nedim?

Oyatdı:


-Qəmbər...Qəmbər...

Baxdı qaxmırı. Bir daş çəkdi, bir kərpic qoydı baş altına, başın qoysın üstinə, özi qaçsın getsin evə. Vay dedi, üzüm qərə olaydı, bunın başın daş üstə qoydım. İndi bu yuxıdan oyansa, başın daş üstə görsə öz-özin öldiri. Nədi tat məni vurmasın, qoy tat məni öldirsin. Gəldi bir də Qəmbərin başını daş üstinnən qaldırdı, qoydı dizi üstinə. Oyatdı:

-Qəmbər! Qəmbər!

Baxdı Qəmbər indi ölmiyip bin ildi ölip. Dedi:

-Hay-havar, bu da getdi, öz-özini öldirdi. Mən indidən sora gedim tata arvadlığ edim?!

Qoynın-qoltığın axtardı, baxdı bir qələmtaraş54 var. Qız öz ürəgin saldı, burdan yırtdı qasuğna qədər, leşini atdı Qəmbərin leşi üstinə düşdi.

Sən gəl o qəridən xəbər al. Türbə başına həlvə, əkmək gətirən, Qəmbərin əsgər-ləşkərini gəri döndərən qəridən.

Dedi:


-Gedim görüm tatgildə Arzı nediri, Qəmbərsiz?

Gəldi tatdan sordı, dedi:

-Hanı Arzı?

Dedi:


-Odı, odada.

Girdi baxdı. Dedi:

-Tat, hanı Arzı?

Dedi:


-Bəlkə çıxıp dama.

Çıxdı dama. Qəri dedi:

-Vay, xınnaya batasan, tat! Gə bax, Arzıydan Qəmbər şat kinarında yatıplar, bir al yorğan örtüplər.

Tat çıxdı damnan baxsın, nə görsin? Baxdı Qəmbər gerçəkdən ölüp, Arzı da öz-özin öldirip, leş düşip leş üstinə. Qılıncını sıyırdı dedi:

-Hay saçı buçı... sən bunın əsgərin-ləşkərin döndərdüü gəriyə, bu sağ aşiq idi. Mənim də qırx oğlımın qanına girdüü. Bu ölüb, o ölüb, hələ deyisən şat kinarında yatıplar, bir al yorğan örtiplər.

Həmən qılıncını vurmaxdan qərini boynın atdı. Bu qərinin qanınnan ikisinin türbəsi arasında bir damcı qan atılıb. İndi ikisinin arasında bir çaqır55 tikan olub, hər il deyər o çaqır tikanı kəsəllər, özünnən bir də gögəri. Qiyamatda da qoymadı oları qavışsılar, bu qəri...




  1. Yüklə 5,66 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin