AZƏrbaycan respublikasi qafqaz müSƏlmanlari idarəSİ



Yüklə 1,82 Mb.
səhifə11/29
tarix24.04.2017
ölçüsü1,82 Mb.
#15626
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

1-VƏQFLƏR



Vəqf xeyriyyəçiliyin müəssisələşmiş şəklidir. Yaradandan ötrü yaradılanlara mərhəmət, şəfqət və sevginin nümayiş etdirildiyi qurumlardır.

Vəqflər, tarixdə ilk olaraq hər kəsin birgə ibadət etdiyi məkanlar olaraq xidmətə başlamış, sonradan bir çox ictimai sahəni əhatə edərək genişlənmişdir.

Rəvayətə görə İbrahim Peyğəmbər (ə), Cəbrailin (ə) üç dəfə Allahı zikr etməsindən vəcdə gəlib bütün sürülərini ona bağışlayır. Onun mələk olduğunu öyrənib almayacağını bildikdə sürülərini satır və geniş bir ərazi satın alaraq müsəlmanların istifadəsinə verir. Beləcə vəqf, İbrahim (ə) ilə başlamış olur.

İslamın dünyanı şərəfləndirməsindən sonra, vəqfin ilk əməli nümunəsini də Hz. Mühəmməd (səs) vermişdir.

O, hər davranışında bir “üsvəyi-hasənə – ən gözəl nümunə” olduğu üçün birinci Mədinəyi-Münəvvərədə sahib olduğu yeddi ayrı xurma baxcasını, daha sonra da Fədək Xeybər xurmalıqlarından özünə düşən payı Allah yolunda vəqf etmişdi.

Ona görə də səhabələr də əllərində olan imkanlardan bir çox dəyərli gəlir və əmlakı vəqf etmişdilər. Belə ki, Hz. Cabir (ra) demişdir: “Mühacir və ənsardan imkan sahibi olub vəqf etməmiş bircə nəfər belə tanımıram”

Hz. Ömər (ra), Xeybərdə qənimətdən gözəl bir xurmalıq sahibi olmuşdu. Yuxusunda üç gün fasiləsiz həmin ərazini infaq etməsinə işarə edildi. O da, Hz. Peyğəmbərin (səs) hüzuruna gedərək:



“Ey Allahın Rəsulu! Həyatımda indiyə kimi sahib olmadığım böyük qıymətə malik bir bir xurmalığın sahibiyəm. Bu haqda nə buyursanız, onu yerinə yetirəcəyəm”dedi.
Peyğəmbərimiz də (səs) ona belə cavab verdi:

“İstəyirsənsə bu xurmalığın əslini Allah üçün vəqf et! Gəlirini də sədəqə olaraq ver! Bundan sonra o hibə edilməz, ona varis olunmaz, onun məhsulu yalnız infaq edilir, möhtaclara yedirilir.”

Sonra Hz. Ömər (ra), sahib olduğu hər bir xurmalığı vəqf etdi. Buradan Allah yolunda cihad edənlər, əsarətdən qurtulmaq istəyən kölələr, qonaqlar və s. neçə-neçə ehtiyac sahibi insanlar istifadə etdilər.

Müsəlmanlarda vəqf, millət sayəsində əldə edilən sərvəti, təkrar o cəmiyyətin istifadəsinə və xidmətinə təqdim edən bir növ vəfa müəssisələridir. O, Praqmatist və mənfəətçi bir anlayışla sadəcə qazanmağı və sərvət yığmağı qabağına məqsəd qoyan deyil, mərhəmət və insaniyyəti qabağa çıxaran anlayışın ortaya qoyduğu bir könül işidir.

Müsəlmanlar, Hədisi-şərifdə buyrulan: “İnsanların ən xeyirlisi, insanlara faydalı olandır” bəyanını özlərinə düstur qəbul edərək vəqf yolu ilə saysız müəzzəm və əbədi abidələr meydana gətirdilər.

İslam mədəniyyətində yaradılan vəqflərin xidmətləri və fəaliyyətləri, zəngin bir möhtəvaya sahibdi. Məscid, təkkə, zaviyə, müəllimxana, mədrəsə, darül-hüffaz, darül-hədis, imarət, karvansayray, darüş-şəfa xidmətlərinin yanaşı su yolları, su kəmərləri, bulaqlar, yollar, körpülər, aşxanalar, uşaq əmizdirmə və böyütmə evləri; bundan başqa namazgah, kitabxana, dükan, mehmanxana, quyular, camaşırxana, tualet, hamam, türbə ox və güləş meydanları, əsir və kölə azad etmək, kasıbların ehtiyacını təmin etmək, xidmətçilərin sahibləri tərəfindən danlanmamaları üçün sındırdıqları qabların yerinə təzəsini almaq, ağac əkmək, borcu olanların borclarını vermək, dul qadınlara və möhtac olanlara qida yardımı etmək, kasıb və yetimlərin cənazəsini qaldırmaq, bayramlarda uşaqları və kimsəsizləri sevindirmək, qış aylarında quşların yemlənməsi, köç edə bilməyən xəstə və qərib leyləklərin baxımı və müalicəsi və s. kimi bir çox məqsədlə müxtəlif vəqflər təsis edilmişdir. Bunlara əlavə olaraq Məkkə və Mədinə şəhərlərinə aid olmaq üzrə minlərcə vəqf qurulmuşdur ki, bunlara ümumi bir adla “Hərəmeyn vəqfi” deyilir.

Dünyanı axirətə hazırlıq məkanı, axirəti isə bu dünyanın davamı olaraq qəbul edən İslam, bu iki aləm arasında bədən-ruh, maddə-məna baxımından ən gözəl və mükəmməl tarazlığı qurmuş, beləliklə də ahəngli və mütərəqqi bir cəmiyyətin ən möhkəm əsaslarını qoymuşdur.

Həqigətən çox geniş bir sahəyə yayılaraq xidmət edən vəqflər, nə gözəl infaq müəssisələridirlər. Vəqf, İslamın, yaradılmış hər şeyə qarşı müsəlmanın çiyninə yüklədiyi bir məsuliyyətdir.

Vəqf insanlarının ən zirvəisndə olanlar, peyğəmbərlər, vəlilər və onların tərbiyəsində kamilləşən möminlərdir. Onlar, könüllərindəki iman həyəcanını dünyanın hər tərəfinə daşımışlar, yenə tarixin ən gözəl qızıl səhifələrini onlar yazmışlar.

Dünya coğrafiyasının böyük bir qisminə hakim olan və tarixi hadisələri istədiyi məcraya yönəldən Osmanlılar, cəmiyyətlərindəki hüzur və sabitlik vəqiflərlə təmin edilmiş, fağır-varlı, xəstə-səhhətli, gücsüz və güclünü ruhani bir qardaşlıq həyəcanı içində yaşatmışlar. Beləliklə də Osmanlı cəmiyyəti, bu zəngin vəqf mədəniyəti sayəsində sosial ədalətin zirvəsinə çıxmışdır.

Bütün Orta əsr boyunca xristian aləmində tərənnüm edilən hümanist iddialara baxmayaraq, onlarda heç bir vəqf mövcud deyildi. Bugünkü Xristian vəqflərinin, Osmanlı dövlətində səfirlik etmiş olan əcnəbilərin təlqin və tövsiyəsi ilə meydana gəlmiş olduğunu, həmin səfirlər və elçilərin xatirələri açıq şəkildə ortaya qoymaqdadır. Məşhur Fransız səfiri Busbergin xatirələri bu etirafları ehtiva edən əsərlərə gözəl bir nümunədir:



“Xüsusən Osmanlı tətbiqatında riayət edilən bir mövzu olaraq vəqfin ən mühüm mənəvi nemətlərindən biri də yardım edən və yardım edilənin bir-birini tanımamalarıdır ki, riyakarlıq xəstəliyindən qurtulub aralarında məqbul olan qiyabi dua gerçəkləşsin! Digər tərəfdən həmin yardım, məscid vasitəsilə paylandığından o, xalqın inamının güclənməsinə səbəb olmuşdur.”

Onu da qeyd edək ki, sadəcə Osmanlı Dövlətində təsis edilən vəqflərin 26 mindən daha çox olduğu təsbit edilmişdir. Bu saylar, əcdadlarımızın necə də başqalarının qayqısına qaldıqlarının ən gözəl bir dəlilidir.244



OXU MATERİALI
VƏQF TORPAĞI
Bir gün Süleyman (ə), sərçəyə (və ya hüdhüd quşuna) hirslənmişdi. Bunun üzərinə sərçə, Hz. Süleymanı (ə) təhdid etdi:

“- Sənin səltənətini məhv edərəm!”-dedi.

Süleyman (ə) isə cavabında:

“- Sənin cürmün nə qədər ki mənim sarayımı məhv edə biləsən!..”-dedi.

O kiçik quş belə cəvab verdi:

“- Qanadlarımı isladır və bir vəqf torpağına sürtərəm. Sonra da qanadlarıma bulaşan vəqf torpağını sənin sarayının damına ataram. Beləcə də mənim daşıdığım həmin vəqf torpağı, sənin sarayının yerlə yeksan olmasına kifayət edər.245
FATEHİN VƏQFİYYƏSİ
Mən ki, İstanbul Fatehi Allahın aciz bəndəsi Fateh Sultan Məhməd, bilavasitə alnımın təri ilə qazanmış olduğum pulumla satın aldığım İstanbulun Daşlıq məntəqəsində hüdudları məlum olan 136 ədəd dükanımı aşağıdakı şərtlərə uyğun olaraq vəqf edirəm:

Bu daşınmaz əmlakımdan əldə ediləcək gəlirlərlə, İstanbulun hər bir küçəsinə ayrı-ayrı iki nəfər təyin etdim.

Bunlar ki, əllərindəki bir qab içində kirəç tozu və kömür külü olduğu halda günün müəyyən saatlarında vəzifəli olduqları küçələri gəzərlər. Həmin küçələrə tüpürənlərin, tüpürükləri üzərinə bu tozu tökələr ki, gündəlik 20 axça alsınlar.

Bundan başqa 10 cərrah, 10 həkim və 3 ədəd də yara sarıyan təyin eylədim.. Bunlar hər ayın müəyyən günlərində İstanbula çıxar, bila-istisna hər qapını döyər və o evdə xəstə olub olmadığını soruşarlar. Əgər şəfa tapması mümkündürsə müalicə edib şəfasına səbəb olarlar. Şəfası mümkün deyilsə, onlardan heç bir əvəz gözləmədən “Darül-ə’cəzə”” (acizlər, qocalar evi) nə aparıb istirahətini təmin edərlər.

Allah mühafizə etsin hər hansı bir qida maddəsi qıtlığı ola bilər. Belə bir vəziyyət baş verəndə buraxmış olduğum 100 silah, əhlinə verilə! Bunlar heyvanların yumurta və ya balalama vaxtında olmadıqları zamanlarda ov edərlər ki, xəstələrimizi əsla qidasız qoymasınlar.

Bundan başqa külliyəmdə bina və inşa etdiyim imarətxanada şəhid ailələri və İstanbul şəhərinin kasıbları yemək yeyələr! Ancaq yemək yeməyə və ya aparmağa bilavasitə özləri gəlməyib yeməkləri gün batandan sonrakı qaranlıqda və heç kim görmədən qapalı qablar içində evlərinə aparılar!”246

a-Vəqflərin Tarixi


Uzun zamandan bəri islam aləmində əhəmiyyət kəsb etmiş ictimai və iqtisadi həyat üzərində dərin izlər buraxmış olan vəqfin dünyada ilk dəfə dini məqsədlərlə ortaya çıxdığının və zaman keçdikcə insani, mədəni və ictimai olmaq üzrə müəyyən qismlərə ayrıldığının şahidi oluruq.

Həqiqətən vəqf müəssisəsi insan fitrətinin təmayüllərinə uyğun olaraq maddi və mənəvi ehtiyaclarını təmin etmək məqsədiylə ortaya çıxmışdır. Ona görə də vəqf təxsisləri müəyyən bir ehtiyacın qarşılanması üçün yaradılmış əsərlərdir.

İslamiyyət quruluşundan etibarən ülvi və insani məqsədləri nəzərdə tutan hər müəssisəni inkişaf etdirməyə çalışdığı üçün vəqfləri də faydalı görərək onları da öz əhatə dairəsi içinə almışdır. Sədəqə, zəkat və qurban kimi sosial müəssisələrin məqsədi də fağır, yoxsul və ehtiyac sahibi olanları həmin sıxıntılardan qurtarmaq üçün islam anlayışına görə çox əhəmiyyətli bir yeri olan qurumlar kimi təsis edilmişdir.

İslam dünyasında vəqflərin geniş şəkildə inkişaf etməsində Hz. Peyğəmbərin (səs) qavli hədislərindən başqa bilavasitə özünün də vəqf təsis etmiş olması mühüm bir amil olmuşdur. Bunun nəticəsi olaraq müsəlmanlar şəhər, qəsəbə və kəndlərdə saysız vəqflər təsis etmişlər. İlk vəqflərdən etibarən xüsusilə Misir, Məkə, Mədinə, Şam və Hələb kimi mühüm yerlər başdan-başa hərəsi bir vəqf şəhəri halına gəlmiş, Daha sonra bu iş qurulan və ya müsəlmanlar tərəfindən fəth edilən şəhərlərdə də eyni şəkildə davam etmişdir.

Əməvilər zamanında vəqflər çox genişləndi. Necə ki, hicrətin 88-ci ilində əməvi xəlifəsi Vəlid ibn Abdulməlik Şamdakı Ümeyyə camisi üçün ilk dəfə kənd və əraziləri gəlir gətirən bir mənbə olaraq vəqf etdi. 247

Abbasi xilafəti dövründə İslam cəmiyyətinin müxtəlif siyasi hissələrə ayrılması və nəhayət böyük səlcuqlu dövlətinin yaranması ilə şərq müsəlmanlarının türk hakimiyyəti altına girməsi vəqf müəssisələrinin daha da inkişafına səbəb oldu. XI və XII əsrlərdə təsəvvüf təriqətlərinin müntəzəm bir sosial quruluş mahiyyətini ərz edən təkkə və zaviyələrin birdən-birə çoxalması dövlətin meydana gətirdiyi bir çox dini və xeyriyyə müəssisələri vəqf sərmayəsinin şiddətlə çoxalmasına səbəb oldu. Səlcuqlardan sonra ortaya çıxan Xarəzmşahlar, Atabəylər, Əyyubilər, Misir, Suriya məmlükləri ilə Anadolu səlcuq sülalələri hakim olduqları yerdə buna gücləri nisbətində ciddi əhəmiyyət verdilər.

Monqol şahzadələrinin islamiyyəti qəbul etmələrindən sonra onlar daha əvvəl təxrib etdikləri şəhərlərin təmirində və inkişafında çalışdıqları kimi, vəqflərin inkişafında da xidmət etdiklərinə şahid olmuş, İslam dünyasında çox adamlar sultanların vəqflərinə baxaraq yeni-yeni vəqflər təsis etmişlər. Ayrıca bu işdə bir də savab almaq və Allahın rizasını qazanmaq kimi dini bir səbəb də vardı ki, bu da onlar üçün daha çox təşviqə səbəb olmuşdu. Qazan xandan sonra yenə Monqollardan Hüdabəndə və Əbu Səid kimi müsəlman hökmdarlar ilə zəngin mongol bəyləri müəzzəm vəqflər qurdular. Bütün bu vəqflərin idarəsi üçün də ərazi və əmlak təxsis etdilər. Bunu görən digər insanlar da öz imkanlarına görə bənzər vəqflər təsis etdilər.

Osmanlılar Anadolu Səlcuq dövlətinin mirası üzərində onun bir davamı olaraq təşəkkül və inkişaf imkanına sahib oldular.248


Vəqf müəssisəsi İslam dünyasının, xüsusən Osmanlının hər guşəsinə yayıldı. İslam cəmiyyətinin siyasi və iqtisadi inkişafına paralel olan həmin təsisləri Mavəraunnəhrdən Atlantik sahillərinə qədər hər tərəfdə görmək mümkündür. Məscidlər, türbələr, karvansaraylar, mədrəsələr, məktəblər, körpülər, suvarma kanalları, xəstəxanalar, hamamlar və s. kimi bir çox dini xeyriyə təsisləri hərəsi bir vəqf sayəsində meydana gəlmişdir.249

Osmanlılar vəqflərə o qədər əhəmiyyət verirdilər ki, bunun təsirini həyatın bütün mərhələlərində görmək mümkündür. Bu mövzunu əcnəbi bir səyyahın müşahidələri ilə bitirmək istəyirik. 1874-cü il tarixdə İstanbulu ziyarət edən İtalyan səyyahı belə deyir:

Sultanların və ya şəxslərin xeyirləri ilə bəslənən say-hesabı bilinməyən göyərçin sürüsü var. Türklər, quşları himayə edib bəsləyirlər. Quşlar evlərin ətrafında, dənizin üstündə və qəbristanlıqlar arasında şənlik edərmiş. İstanbulda hər yerdə insanın başı üstində dörd bir tərəfində quşlar uçuşur. Şəhərə kənd havası verən və ruhumuzdakı təbiət duyğusunu həmişə yeniləyərək içimizi sərinlədən cıvıl-cıvıl sürülər, sizə də toxunub keçərlər.”250

İslam dünyasında böyük təsisləri tikdirməyə gücü çatmayanlar, bütün bir cəmiyyət tərəfindən mənimsənmiş olan xeyir müəssisələrinə qatılmaqdan geri qalmazlar. Yüzlərlə qadın gəliri azalmış olan bir vəqf müəssisəsinə az da olsa bir gəlir gətirmək üçün evlərini, meyvə baxçalarını, tarla və zinət əşyası kimi olanını bağışlayırdılar.251



b-Vəqflərin Mənşəi


Vəqfin İslam dünyasında bu qədər inkişaf etməsi bu sahədə ciddi ehtiyac olduğunu qarşıya qoyub adamı tətqiqata sövq edir. Bu şəkildəki araşdırmalar daha çox qərbli xristian müstəşriqlər tərəfindən edilməkdədir. Çünki, sırf Allah yolunda xidmət etmək, malını və mülkünü onun istədiyi şəkildə sərf etmək qərbli adamı heyrətə salan bir hərəkətdir. Bu səbəbdən onlar belə xeyirli bir işin altında da mütləq bir mənfəətin olduğunu fikirləşirlər.

İslam hüquqşünasları vəqfin mənşəyi üzərində çox dayanmamışlar. Çünki, ayə və hədislərlə sabit olan bu mövzunun mənşəyini araşdırma ehtiyacı hiss etməmişlər. Bu səbəbdən İmam Şafi “İslamdan öncə Ərəbistanda vəqf yoxdur.”252 deməklə bunun tamamilə islami bir mənşədən gəldiyini bəyan etmək istəmişdir. Halbuki, cahiliyyə dövründə də Kəbə və zəmzəm üçün vəqflər təsis edildiyi məlumdur. Amma bu savab qazanmaq üçün olmadığına, sadəcə şan-şöhrət qazanmaq məqsədilə olduğuna görə onlara adi bir vəqf gözüylə baxıla bilməz və İmam Şafinin “cahiliyyə dövründə vəqf təsis edilməmişdir”- deməsi heç də onu deməyə əsas vermir ki, Peyğəmbərlər vəqf təsis etməmişdirlər. Çünki, Hz. İbrahimin (ə) vəqfı məlumdur.

İslamda vəqf müəssisəsi Hz. Peyğəmbərin (səs) mövzu haqqındakı hədisləri ilə təşviq edilmiş bir müəssisədir. Yaxşılıq və xeyirxahlıq etmək xüsusunda ayələr çoxdur. Bundan başqa islamın bilavasitə öz ruhu və anlayışı da həmin müəssisənin yaradılmasında birinci dərəcəli amil olmuşdur. Peyğəmbər (səs) bu mövzu haqqında hədislərindən daha əvvəl bəhs etmişdir.

Ayrıca Həzrəti Peyğəmbərin (səs) bilavasitə özünə aid Fədək ərazisini vəqf etməsi Həzrəti Əbu Bəkir (ra) və Həzrəti Ömərin (ra) etdikləri vəqflər, müsəlmanlar üçün bir nümunə olmuş və hər kəs adətən bu barədə bir-biri ilə elə bil yarışa girmişdi. İslam aləmində imkanı olan hər kəs yeni-yeni vəqflər təsis etməklə Allahın və Rəsulunun sevgisini qazanmağa çalışmışlar.253


c-Vəqflərin İdarəsi

İslam dünyası, dini, iqtisadi və ictimai həyatın qaçılmaz bir ünsürü kimi qəbul edilən vəqflərin yüksək nəticə olduğuna daha öncə toxunduq. Bu qədər böyük bir müəssisənin tənzim edilməsi, yalnız onun yaxşı idarə edilməsiylə mümkündür.

Bu baxımdan hələ işin başında bu mövzuda daha ciddi tədbirlərə baş vurulduğu aydın görünür. Hər vəqfin bir vəqfiyyəsinin (hüquqi vəqf sənədi) olması vəqfiyyədəki şərtlərin “nəss” kimi tərəqqi etdirilməsi, vəqfiyyələrin qadın məhkəmələrində qeydə alınması və bunları idarə üçün bir “nazir”in təyin edilməsi dediklərimizdən xəbər verir. Vəqf icmasında deyilən nazirlərin ilki, Hz. Mühəmməd (səs) tərəfindən vəqf edilən fədək ərazisi üçün təyin edilən Hz. Əbu Bəkirdir (ra). Öz vəqflərinə ilk dəfə nəzarət edən şəxsin də Hz. Ömər (ra) olduğu bildirilir.254

Hicrətin ilk iki əsri ilə Əməvilər dövründə vəqflər, “vaqif” tərəfindən təyin olunmuş icma tərəfindən idarə edilərdi. Nazir icmanın müfəttişi olaraq onların işlərinin tamamlanmasına nəzarət edərdi. Abbasilər dövründə bu işi xəlifə adına hakimlər icra edirdi.

Bu, qaraxanlılar, qaznəlilər və səlcuqilərdə də eyni şəkildə davam etmişdir. Xarəzmşahlar dövrü Mavəraunnəhrdə vəqflər ciddi nəzarət altına tutulardı. İlk sui-əməli görülən icma üzvü dərhal vəzifədən azad edilərdi. Misirdə, “nazirül-əhkamuş-şər’iyyə” adı ilə nazir təyin edilmişdi. Bütün vəqflərin nəzarəti bunların öhdəsinə verilmişdi. Nazirül əhkamın məmuriyyəti, sadəcə Misirə məxsus deyil, Şam, Qüds, Hələb kimi əyalət mərkəzlərinə də təyin edilmişdi.

Anadolu Səlcuqları, Bəyliklər və Osmanlıların ilk dövrlərində vəqf sistemi köhnə dövrlərdəkindən çox da fərqli deyildi. Orxan Qazi Bursada təsis etdiyi məscid və zaviyyənin idarəsini Sinan Paşaya vermişdi. Beləcə Sinan Paşanı ilk vəqflər naziri saya bilərik. Daha sonra hökmdar vəqfləri, vəzir, sadrı-azam (baş nazir), şeyxülislam və s. kimi dövlət adamları tərəfindən idarə edilirdi.
Osmanlılar dövründə xüsusi şəxslər tərəfindən təsis edilən vəqflərlə icma məşğul olurdu. Bunlar da hakimlər vasitəsi ilə təftiş və nəzarət edirdilər. Misir, Suriya, Ərəbistan və Cənubi Afrikanın Osmanlı idarəsinə keçməsindən sonra buralarda olan vəqflər, 995 (m. 1587) il tarixində təsis edilən “Hərəmeyn Əvqaf Nəzarəti”nə bağlandı.255

d-Vəqflərin Xidmət Sahələri


Daha əvvəl də ifadə edildiyi kimi vəqflər sədəqəyi-cariyə deyilən xeyir müəssisələrinin başında gəlirlər. İslam dünyasının heç bir yerində vəqflərin yardım məqsədilə əl atmadıqları bir sahə düşünülə bilməz. Dünyanın, hər zaman və hər bölgəsində görünən bilən yoxsulların ağrı və acılarını aradan qaqldırmaq yollar, körpülər, bulaqlar, su bəndləri, məktəb, hamam və s. İnşa edib istifadəyə vermək kimi neçə-neçə xidmətləri yerinə yetirmək üçün bu müəssisələrin bir çox növü vardır. Həqiqətən cəmiyyətin xeyir və yaxşılığına onlar çalışdıqları hər yerdə sağlam bir sığorta təşkilatı kimi vəzifə sayır və xidmət edirdilər. Bəzi cəhətdən bunların sığortalardan daha üstün olduqlarını belə ifadə etmək olar. Çünki, vəqflər sığortaları əvəzsiz etmədikləri bir qisim xidmətləri də bunlar əvəzsiz olaraq yerinə yetirirdilər. Aşağıda nümunə olaraq təqdim edəcəyimiz bir neçə örnək bu söylədiklərimizə təkan verir.

Fağırlara, dullara, yetimlərə, borclulara, pul yardımı etmək; tələbələri paltar və yeməklə təmin etmək, evlənəcək, gənc qızlara cehiz hazırlamaq kimi günün hər ehtiyacları ilə yanaşı ağaları qullarını danlamasın deyə kasa və stəkan kimi qab-qacaq sındıran xidmətçilərə pul verən xeyirsevərlər, sadəcə bununla da kifayətlənmirdilər. Onlar, mürəkkəbqabında mürəkkəb qalmayanları mürəkkəblə təmin edən vəqflər də qurmuşdurlar. Xalqa meyvə tərəvəz verilməsi, işləyə bilməyəcək dərəcədə yaşlaşan qayıqçı və hamballarına baxmaq üçün vəqf təsis edilməsi, uşaqların əmizdirilməsi məqsədilə təsis edilən vəqflər, şəhərdəki yol və küçələrin təmiz saxlanması üçün çiyinlərində kül olduğu halda küçələrdəki tüpürük və bəlğəm kimi şeylərin üzərini örtmək məqsədilə dolananlar, oyuncağı olmadığı üçün yoldaşlarıyla oynaya bilməyən uşaqlara oyuncaq alınması ilə vəqfləri təsis edib meydana gətirən xeyirsevərlərin, xeyirxah adamların fəaliyyəti bununla da məhdud deyildi.

Nəticə olaraq deyə bilərik ki, islam dünyasında vəqflərin yardım əlini uzatmadığı bir sahə tapmaq qeyri-mümkündür. Bu qədər geniş bir sahəyə yayılmış olan vəqfləri növlərinə görə aşağıdakı şəkildə təsnif edə bilərik.


  1. Dini sahə ilə əlaqədar vəqflər: Məscid, Təkkə və namazgah kimi,

  2. Təhsillə əlaqədar vəqflər: Məktəb, mədrəsə, kitabxana, darul-hədis kimi,

  3. Mülki əhali və əskəri sahə ilə əlaqədar vəqflər: Qərargah, saray, topxana, bağça, silah evləri, qala kimi,

  4. İqtisadi sahə ilə əlaqədar vəqflər: Bazar, dükan, köşk kimi

  5. İctimai sahə ilə əlaqədar vəqflər: Xəstəxana, karvansaray, qocalar evi, uşaq əmizdirmə evi kimi,

  6. Su təchizatları ilə əlaqədar vəqflər: Bulaq, su kəmərləri, su ambarları, hamamlar kimi,

  7. İdman kompleksi ilə əlaqədar vəqflər: Pəhləvan təkkələri (mənəvi təlim və fiziki tərbiyənin inkişaf etdirildiyi yer), ox meydanları və s. kimi,

Bundan başqa vəqflər tərəfindən təsis edilən yerlərdə vəzifəli olan və orada maaşla işləyənlərə də böyük məbləğdə pullar ödənirdi. Beləliklə məmləkətdə bir çox adam da işlə təmin edilmiş olurdu.256
2-XƏSTƏXANALAR
Təməli, əsası, vəqflərə dayanan ictimai müəssiələrdən biri də xəstəxanalardır. İslam dünyasında xəstəxanalar darüş-şəfa, darüs-səhhə, bimaristan, bimarxana, şifaiyyə kimi adlarla çağrılardı. İslam mədəniyyətində tibblə məşğul olmağı Hz. Peyğəmbər (səs) dövrünə qədər götürmək mümkündürsə də tam təşkilatlı olaraq ilk xəstəxananın hicri 88 (m. 707) il tarixində Şamda Əməvi xəlifəsi Vəlid ibn Abdulməlik tərəfindən təsis edildiyi məlumdur. Bununla yanaşı, İslam xəstəxanalarının ən parlaq dövrü daha sonrakı Abbasilər dövründə olmuşdur. Necə ki, Harun Rəşidin tikilən hər məsicidin yanında bir xəstəxananın açılması üçün əmr verildiyi rəvayət edilir.257

Vəqflərə bağlı olduqları üçün daha sonra gələn müsəlman başçılar tərəfindən statusları dəyişdirilməyən xəstəxanalar, bu sahədə islam cəmiyyətinin xidmətini uzun müddət yerinə yetirmə imkanına qovuşdular.

İslam, insan sağlamlığına əhəmiyyət verən, insanın xəstələnməməsi üçün lazımi tədbirləri görən və xəstələndiyi zaman da müalicə edilməsini tələb edən bir dindir. Bu baxımdan müsəlmanlar, xəstələrə yardım etmək və onların sıxıntılarını aradan qaldırmaq üçün əllərindən gələni əsirgəmirdilər. Bu anlayış təməlində təsis edilən xəstəxanalara gələnləri din, dil və irqlərindən asılı olmayaraq müalicə edir, onlara tibbi yardım etməyi bir vəzifə sayırdılar. Xəstələr üçün belə fikirləşən müsəlmanlar, təbiblər üçün də eyni şeyi tətbiq etməkdən geri qalmadılar. Necə ki, XIII əsrdə yaşayan İbn Əbi Üseybi’ə (1203-1270) yazdığı “Üyunül Ənba’ Fi Təbəqati Ətibba” adlı əsərində müsəlman hökmdarların işlətdikləri bir çox xristian təbibin adını çəkir.
İslam tibb tarixində xəstəxanalar təlim-tərbiyə baxımından da böyük əhəmiyyətə malikdir. Çünki, buralar həm müalicə, həm də tərbiyə yeridir. Necə ki, “Darüt Tibb” deyilən tibb mədrəsələri eyni zamanda xəstələrə şəfa paylayan bir müəssisə idilər. İslam dünyasında xəstəxanalar sadəcə bədəndəki narahatçılıqlarla deyil, eyni zamanda ruhi və psixoloji xəstəliklərlə də maraqlanırdı. Yaqubi ilə Məsudi, əsərlərində Bağdad yaxınlarında olan bir həkimin psixoloji bir müəssisə olaraq ağıl xəstələrinin müalicəsinə təxsis edildiyini göstərirlər. Məsudinin ifadəsinə görə Dayr (dou’r) Hızkıl ağıl xəstəxanası, Abbasi xəlifəsi əl Mütəvəkkil (847-861) dövründə əl Mübərrəd tərəfindən ziyarət edilmişdir.

Abbasilər dövründə inkişaf edən xəstəxanlar, demək olar ki, hər tərəfdə vəqf olaraq ortaya çıxdılar. Səlcuqlar dövründə də inkişafını davam etdirən həmin xəstəxanalardan Şam, Bağdad, Musul və Mardində inşa edilənləri məşhurdur. Anadoluda istər Səlcuqlular, istərsə də Osmanlılar tərəfindən bir çox xəstəxanalar inşa edilmişdir.258




Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin