Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə3/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   2   3   4   5   6   7   8   9   ...   78
Nizami-folklor

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2011-ci il.

Seyfəddin RZASOY

seyfeddin_rzasoy@mail.ru


NİZAMİ GƏNCƏVİNİN

MİLLİ VƏ ƏDƏBİ KİMLİYİ HAQQINDA
Hər bir xalqın milli düşüncə tarixində elə şəxsiyyətlər olur ki, onlar öz fəaliyyətləri ilə etnik sistemin fövqünə qalxırlar. Be­lə şəxsiyyətlərin adı öz xalqına daim şöhrət gətirir: onları fiziki və mənəvi cəhətdən yetirən xalq sonralar əsrlər boyunca öz ya­şam gücünü, milli mövcudluq impulslarını həmin şəx­siy­yət­lərin adından və əməlindən alır. Onların yaradıcılığı, qoyub getdikləri mənəvi irs özlərindən çox sonralar da öz xalqı üçün etnoener­getik düşüncə qaynağı rolunu oynayır. XII əsr Azər­bay­can şairi Nizami Gəncəvi də məhz belə şəxsiyyətlərdəndir. Onun yaradı­cı­lığı, ölməz «Xəmsə»si bitməz-tükənməz dəyərlər xəzi­nəsi ki­mi həm onu yaradan və yetirən xalqı, həm də ümumən bəşəriy­yə­ti etnokosmik yaşam gücü ilə qidalandırır. Nizaminin adı, mil­li və ədəbi mənsubiyyəti ilə bağlı daim davam edən və son za­man­larda Rusiyada və İranda yenidən qızışan mübahisələr də məhz bununla bağlıdır.

Mübahisələr həm də onunla şərtlənir ki, XX əsr sovet və Azərbaycan şərqşünaslığı Nizamini həm bir yaradıcılıq feno­me­ni, həm də bir ədəbi şəxsiyyət kimi dəyərləndirməyin, onun ta­rixi və müasir dəyərlər sistemindəki yerini müəyyənləşdirməyin universal modelini tapıb ortaya qoya bilmədi. Bu cəhətdən XX əsr şərqşünaslığı, əslində, ziddiyyətlərin möhkəmləndirilməsi və bir sıra digər özünəməxsusluqları ilə tarixdə qaldı.

Sovet şərqşünaslığının Nizamiyə yanaşması daim siyasi kon­­yukturaya əsaslandı. Onun istər milli kimliyi, istərsə də ya­radıcılığının bədii-estetik mahiyyəti bütün hallarda ideoloji-si­yasi müstəvidə dəyərləndirildi. Sovet şərqşünaslığı sosialist Tacikistanına görə dünyanın fars şairi kimi tanıdığı Firdovsinin adının qabağında «fars-tacik şairi» yazdığı kimi, Nizamini də İran, fars, yaxşı halda farsdilli şair hesab edən «burjua» şərqşü­nas­lığının, kapitalist ideologiyasının əksinə olaraq, onun da adı­nın qabağında «Azərbaycan şairi» yazırdı. Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü bu şəhərdə keçirmiş, ya­radıcılığında doğma yurdunu, onun təbiətini, insanlarını böyük coşqunluqla tərənnüm etmiş, «türklüyü» xüsusi bədii-estetik dü­şüncə konsepti kimi yaratdığı fəlsəfi düşüncə sisteminin nüvə­sinə yerləşdirmiş Nizami haqqında bu çılpaq və sadə həqiqət so­vet şərşünaslığında, o cümlədən Azərbaycan sovet nizamişü­nas­lığında heç vaxt siyasi-ideoloji donundan qurtula bilməyib, kon­yuktur həqiqət olaraq qaldı.

Lakin qeyd etmək lazımdır ki, Azərbaycan sovet nizamişü­naslığı daim yaranmış fürsətdən istifadə etməyə çalışdı. «Niza­mi» adı Sovet Azərbaycanında milli ədəbiyyatın simvoluna çev­rildi, şairin adına verilmiş küçələr, mədəniyyət sarayları, ra­yon, sa­lınmış xiyabanlar, qoyulmuş heykəllər onun öz vətəni­ni­nə bağ­lılığını hər zaman təsdiqləyən de-fakto sənədlərə çevril­diyi ki­mi, ədəbiyyatşünaslıqda da Nizami «bumu» yaşandı: Ni­zami Azərbaycan ədəbiyyat tarixinin əsas probleminə və prio­ritet təd­qiqat istiqamətinə çevrildi. Sənətkara Azərbaycan və bü­töv SSRİ miqyasında möhtəşəm yubileylər keçirildi, yubiley tən­tənələri müttəfiq respublikalarda da davam etməklə bütöv SSRİ-nin ədəbi məkanında Nizamini məhz Azərbaycan şairi ki­mi ta­nıt­dırdı. Şairin əsərləri orijinalda, Azərbaycan dilində, o cüm­lə­dən SSRİ xalqlarının dillərində dəfələrlə kütləvi tirajla çap olun­du. Bütün bu işlərin həyata keçirilməsində Azərbaycan niza­mişünaslığı öndə gedirdi və bu fəaliyyət fonunda milli ədəbiy­yat­şünaslığımızın xüsusi bir sahəsi – «nizamişünaslıq» elmi ya­ranaraq inkişaf etdi.

Azərbaycan sovet nizamişünaslığı «burjua-sovet» ideoloji qarşıdurma modelindən Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsində kifayət qədər uğurla istifadə edirdi. Bu model Azər­baycan nizamişünaslarına Nizamini fars, İran şairi hesab edən nə­həng Qərb şərqşünaslarının yaradıcılığına, o cümlədən bu mə­sələdə xüsusi fəallıq edən İran alimlərinə sərbəst tənqidi müna­sibət bəsləməyə imkan verirdi. Qərb alimlərinə sovet ideoloji yanaşmasında birdəfəlik olaraq «mürtəce burjua ideologiyasının daşıyıcıları» damğasının vurulması bundan istifadə edən Azər­baycan ədəbiyyatşünaslarına «milli məsələyə» toxunmağa, daha doğrusu, «milli məsələnin» «formaca – milli, məzmunca – so­sia­list» modelindən kənarda qalıb, haqqında danışılması yasaq olan məsələlərindən də söz açmağa şərait yaradırdı. Bu cəhətdən Azərbaycan alimləri şairin yaradıcılığında daha çox sosial ideal­ların təcəssümünə fikir verən sovet alimərindən fərqli olaraq, Nizaminin ana vətəni, milli və ədəbi kimliyi mövzularını da heç vaxt diqqətdən kənarda qoymurdular. Əslində, Həmid Araslı, Rüstəm Əliyev, Azadə Rüstəmova, Qəzənfər Əliyev, Nüşabə Araslı, Çingiz Sadıqoğlu, Xəlil Yusiov və başqa nizamişü­nas­ların yaradıcılığına (bax: 1; 2; 3; 4; 5; 6 və s.) diqqət versək, on­ların şairlə bağlı çox incə və həssas milli nöqtələrə toxunduq­larının şahidi olarıq. Ancaq sovet nizamşünaslarının bütövlükdə mənsub olduğu siyasi məkanın ideoloji çərçivəsi onlara Niza­mi­nin milli və ədəbi kimliyi məsələsini bütün çılpaqlığı ilə qoy­ma­ğa imkan vermirdi. Məsələn, bu problemin qoyuluşu Məhəm­məd Əmin Rəsulzadənin Azərbaycan kütləvi oxucusunun 1991-ci ildə Rüstəm Əliyevin tərcüməsində tanış olduğu «Azərbaycan şairi Nizami» əsərindəki səviyyəyə gedib çatmırdı (bax: 7; fəl.e.d. Yadigar Türkelin çevirməsində yeni nəşri üçün bax: 8). Hal­buki böyük mütəfəkkir Rəsulzadənin sistemli şəkildə qoy­duğu məsələlərdən sətiraltı şəkildə Azərbaycan nizamişünasları da bəhs etmişdilər. Ancaq bütün bunlarla bərabər həqiqət ondan ibarətdir ki, Azərbaycan alimləri dövrün yol verdiyi imkanlardan istifadə etməyə çalışaraq, Nizaminin Azərbaycan xalqına və ədə­biyyatına mənsubiyyətini özünəməxsus yollarla gerçəklik fak­tına çevirə bildilər.

Bu gün Nizaminin milli və ədəbi mənsubiyyəti məsələsi Rusiya və İranda yenidən aktuallaşıb. Rusiya artıq bir sovet döv­ləti olmaqdan çıxıb: ümummilli sovet məkanı, ümumsovet ma­raqları ortadan qalxıb. Bundan istifadə edən maraqlı (şovinist-siyasi) dairələr indi Nizminin milli və ədəbi kimliyi məsələsini də Rusiyanın keçmiş sovet respublikalarından olan Azərbay­can­la münasibətlərində siyasi alver predmetinə, o cümlədən siyasi müstəqilliyi iqtisadi potensialı ilə hər gün daha da artan xətlə güclənən Azərbaycana qarşı təzyiq vasitələrindən birinə çevir­mək istəyirlər.

İrana gəlincə onun mövqeyi Rusiyadan bir qədər fərqlidir. Burada həm siyasi, həm də milli faktorlar var. İranın Qərblə, Amerika ilə hər gün daha da gərginləşən hazırkı siyasi duru­mun­da onu daha da çətin vəziyyətə salmaq istəyən daxili və xarici qüvvələr bu ölkənin onun ən yaxın qonşusu olan Azərbaycanla münasibətlərini korlamaq, bu ölkələri düşmən etmək istəyirlər. Təbii ki, qonşu dövlətdə İran-Azərbaycan münasibətlərinin bü­tün dialektik mahiyyətini dərk edənlər var. Türk və fars etnosu­nun yaratdığı İran siyasi fenomeni, İranın xüsusilə son minillik­dəki siyasi tarixinin məzmun və mahiyyətcə birmənalı olaraq türklərlə bağlılığı müasir Azərbaycan və İran dövlətlərini vahid tale müstəvisində qovuşduran ilahi dialektikadır. Azərbaycan (o cümlədən Türkiyə) elə dövlətdir ki, onu İrana düşmən olmağa heç nə məcbur edə bilməz. Bu gün İranla «can bir qəlbdə olan» Ermənistan onu öz mənafeyi naminə fikirləşmədən qurban verər. Ona görə müasir İranda və dünyada onun Azərbaycanla candan və qandan gələn qardaşlığını düşmənçiliyə çevirmək istəyən qüvvələr var və bu niyyət xüsusilə Ermənistanın İrana münasi­bətdə yeritdiyi xarici siyasətin heç də gizlədilməyən əsasını təş­kil edir. Nizaminin azərbaycanlı olmaması haqqında son dövr­lərdə İrandan gələn səslərin arxasında erməni məkrinin durduğu da aydın görünür.

Nizaminin Azərbaycan xalqına və ədəbiyyatına mənsub­lu­ğu, yaxud məsələnin daha geniş aspekti kimi, onun milli və ədə­bi kimliyi məsələsi tədqiqatçılardan bu problemin həllinin uyğun metodoloji modelinin tapılmasını tələb edir. Mövcud yanaşma­larda kifayət qədər ağıllı məqamlar, aktual tezislər, ciddi pos­tu­latlar olsa da, problemin həllinin metodoloji sistemi bugünə qədər ortaya qoyulmamışdır. Bu, bir məqalənin həllə edəcəyi məsələ olmasa da, onun ümumi konturlarına toxunmaq, əsas tezislərindən bəhs etmək mümkündür.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin