AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­


YER-YURD ADLARI İLƏ BAĞLI BAYATILAR



Yüklə 2,25 Mb.
səhifə8/19
tarix21.03.2017
ölçüsü2,25 Mb.
#12161
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

YER-YURD ADLARI İLƏ BAĞLI BAYATILAR


ARAZ VƏ KÜR


Arazı kecən də var,

Suyunu icən də var.

Tutma namərd adını

Ürəgi kecən də var.


Arazam Kürə bəndəm,

Bülbüləm gülə bəndəm.

Mən gedəri qonağam

Bir şirin dilə bəndəm.


Araz buruldu getdi,

Suyu duruldu getdi.

Mən dedim yar incidi,

Demə yoruldu getdi.


Araz daşı, daş daşı,

Qələmdir yarın qaşı.

Cahil ilə bal yemə,

Cahil ilə daş daşı.


Araz kimi axaram,

Yandıraram, yaxaram.

Gözlərində gözüm var

Həsrətiylə yaxaram.


Araz səndən kim kecdi,

Kim qərq oldu, kim kecdi.

Fələk gəl hesab elə,

Hansı günüm xoş kecdi.


Araz üstə, buz üstə,

Kaba yanar köz üstə.

Qoy məni öldürsünlər,

Danışdığım söz üstə.

Arazın başı mənəm,

Dibinin daşı mənəm.

Hər yanda qərib olsa,

Onun yoldaşı mənəm.


Arazı ayırdılar,

Daşınan qayırdılar.

Mən sənnən ayrılmazdım,

Zülmünnən ayırdılar.

Araz qırağı meşə,

Dövrəsində bənövşə.

Gətir dəsmalın döşə,

Arasına gül qoyum.


Araz axır qıyqacı,

Bu gələn bir cüt bacı,

Biri mənim öz yarım,

Biri başımın tacı.

Arazın başı hara,

Dibinin daşı hara.

Ananın ağ lavaşı,

Quyruqlu aşı hara.


Araz kimi bulannam,

Bağca kimi sulannam.

Əlim sənə catınca,

Hər tərəfi dollannam.

Araz axar yan verər,

Səsi mənə can verər.

Yaramı yaxşı bağla,

Pis bağlasan qan verər.


Araz, Araz, can Araz ,

Sultan Araz , xan Araz.

Cayın , ceşmən qurusun,

Mənim kimi yan Araz.


Arazda gəmim qaldı,

Əkmədim zəmim qaldı.

Arzun gözündə qalsın,

Necə ki, mənim qaldı.


Araz aşanda ağlar,

Kür qovuşanda ağlar.

Balalar anasından,

Ayrı düşəndə ağlar.


Araz başdan az oldu,

Ördək tutdum, qaz oldu.

Güc ilən bir yar tapdım,

O da kələkbaz oldu.


Aşıq Araz yaxşıdı,

Aran, Turan yaxşıdı.

Başın keçəl, gözün kor,

Sənin haran yaxşıdı?


Arazın qıraxları,

Dolu gəlir ayaxları.

Qızıl bir gülə bənzər,

Sevgilimin yanaqları.





Savalan


Savalanın düzü var,

Üstündə sal buzu var.

Belə ki yar sallanır,

Ürəyində sözü var.


Savalan qardan doymaz ,

Xəstələr nardan doymaz.

Mənim bu ac gözlərim,

Baxdıqca yardan doymaz.


Savalan üstü torpaq,

Cadır quraq, oturaq.

Birin sən de, birin mən,

İntizardan qurtulaq.


Bu görünən Savalandı,

Sultandı, Savalandı.

Nə dərdim tək dərd olar,

Nə yaram sağalandı.


Savalan buz bağladı,

Üstü yarpız bağladı.

Yeddi oğullu canım

Ceşmimi qız bağladı.




Səhənd



Səhəndin qarı mənəm,

Gün vursa ərimənəm.

Qəbrimi güneydə qaz,

Cavanam cürümənəm.


Səhəndin buz dağları,

Tutubdu buz dağları.

Xudam kömək eyləsə,

Aşaram tez dağları.


Mən aşiq dağına bax,

Sinəmin dağına bax,

Könlün məni istəsə,

Səhəndin dağına bax.




Sərab


Təbriz üstə Sərabdı,

Demə halım xərabdı.

Yarım mənə verdigi,

Bir piyalə şərabdı.


Sərabın kücələri,

Bal verər becələri,

Çağırdım öz yarımı

Səs verdi beçələri.



Salyan
Əzizinəm Salyana,

Dara zülfün, sal yana.

Neçəsən bir ah cəkim,

Kür quruya, sal yana.



Salmas, Xoy


Əzizinəm Salmasa,

Xoydan gedər Salmasa.

Bəndə bəndəyə neylər,

Xudam gözdən salmasa.


Əzizim Xoyda qaldı,

Mərənddə, Xoyda qaldı.

Heyif ki, cavan öldüm,

Gözüm o tayda qaldı.


Əzizim Ordubada,

Salmasdan Ordubada.

Sərkərdə qocaq olsa,

Hec verməz ordu bada.


Əzizim Salmas ayrı,

Xoy ayrı , Salmas ayrı.

Yarım vəfalı olsa,

Yerini salmaz ayrı.


Bu gələn Xoydan gəlir,

Təbrizdən, Xoydan gəlir.

Gör nə bəzəkli gəlir,

Elə bir toydan gəlir.




Şəki, Şirvan, Şamaxı
Şirvana yol bağlaram, Şirvana dəstə gəldi,

Dərd əlindən ağlaram. Bir boyu bəstə gəldi,

Yardan namə gəlməsə, Xarab qalsın Şirvanı

Mən də küsüb ağlaram. Sağ gedən xəstə gəldi.


Şirvanın şirin narı, Şirvanın gədikləri,

Turş narı, şirin narı. Almadır yedikləri.

Sovqəti sizin olsun, Yadıma bir-bir düşür,

Göndərin bizim narı. Yarımın dedikləri.


Şirvanın yasdı yolu, Kağızın ağına yaz,

Su gəldi, basdı yolu. Sinəmin dağına yaz,

Gedərəm yar görməyə, Göylün gözəl istəsə,

Yağılar kəsdi yolu. Şəkinin bağına bax.

Bu yol Şirvan yoludur, Şirvandan karvan gəlir,

Piyalələr doludur. Qabaqda sərvan gəlir.

Ciynimə kölgə düşdü, Gedərli ürəyimdən

Dedim, bəs yar qoludur. Gecə-gündüz qan gəlir.


Şirvanın bucağında, Şamaxı bazar imiş,

Od yanar ocağında. Oxuyan yazar imiş,

Başını qoy sinəm üstə Gəldi gülüm soldurdu,

Can verim qucağında. Nə yaman azar imiş.


Urmu
Urmunun təlx üzümü, Urmiyənin bağı var,

Məzəsi təlx üzümü. Bağında cardağı var.

Səndən əl götürmərəm, Sənin hüsnün qədəri

Danlasa xəlq üzümü. Ürəyimin dağı var.


Təbriz
Qar yağdı düzə düşdü, Urus gəldi dayandı,

Yolum Təbrizə düşdü. Körpə balam oyandı.

Hamıya püşk atdılar Gedin deyin Təbrizə,

Ayrılıq bizə düşdü. Gecə qana boyandı.


Təbriz üstü daşlıdı, Yol vermə, yada Təbriz,

Torpağı zər daşlıdı, El gedər bada Təbriz.

Dindirməyin Təbrizi, Sənin həsrətindəyəm,

Gözləri qan-yaşlıdı. Can sənə fəda Təbriz.


Ağ dəvə düzdə qaldı, Mən aşiq gözə dəyər,

Yükü Təbrizdə qaldı. Gümüş mil gözə dəyər,

Oğlanı dərd apardı, Zülfü Əcəm ipəyi,

Dərmanı qızda qaldı. Teli Təbrizə dəyər.

Təbriz üstə güneydi, Burdan Təbrizə kimi,

Şüşələr dolu meydi. Qar yağdı dizə kimi.

Yardan bir kağız gəlib, Bir dözmüsən, bir də döz,

Bütün ərzi gileydi. Gələn payıza kimi.


Təbriz üstə acı var, Təbrizə paşa gəldi,

Qaşların qıyqacı var. Əcəb tamaşa gəldi.

Sevən sevənin olsa, Əl atdım yar qoynuna,

Kimin kimə sözü var. Bir cüt nar qoşa gəldi.


Təbrizim, can Təbrizim,

Sənə qurban Təbrizim.

Düşmana boyun əymə,

Mərd ol, dayan Təbrizim.



Diri

(Aşıq Qurbaninin anadan olduğu kəndin adı. Bu kənd

Araz cayının cənubunda Xudafərin bölgəsindədir)
Əzizim Diriyə mən, Əzizim Diri dağı,

Qurbanam Diriyə mən. Duman gəl bürü dağı.

Tar-mar olsun bu yer, Xudam bir körpü salıb,

Döndərim diriyə mən. Arxası Diri dağı.


Əzizim Diri dağı,

Olmasın diri dağı,

Kimdir ölümdın qorxan,

Zülümdü diri dağı.




Tehran
Yol düşdü Əndəbilə, Əzizinəm Qarabağ,

Tehrana, Əndəbilə. Qara salxım, qara bağ.

Bəd kamal deyil aşiq, Tehran cənnətə dönsə,

Əcəli gendə bilə. Səndən dönməm Qarabağ.


Tiflis, Bakı
Tiflisin yollarında, Bakının yeli əsdi,

Bənd oldum kollarında. Əsib səbrimi kəsdi.

Bir cüt bazbənd olaydım, Sağ gözüm sənə qurban,

Yarımın qollarında. Sol gözüm mənə bəsdi.


İmamzada


İmamzada bağları,

Yaşıldı yarpaqları,

Nəzirim qəbul olsun,

Yandırım cıraqları.




Ərzurum və Rum


Gedirəm Ərzuruma, Rum mənəm, Herat mənəm,

Dözərəm hər zuluma. O yanan çıraq mənəm.

Yazaram göz yaşımla, Qul tək yollara düşmüş,

Göndərrəm ərzi– Ruma. Elimdən iraq mənəm.


Xorasan
Xorasanda üzüm var, Xorasanda bağ olmaz,

Gəl, qız, getmə sözüm var. Qara salxım ağ olmaz.

Dünyanı gözəl alsa, Qaşı sürmə qız sevən,

Mənim səndə gözüm var. Ürəyində yağ olmaz.



Zəngan (Zəncan)


Zənganın yolu daşdı,

Sel gəldi başdan aşdı.

Aşiqdən söz soruşdum,

O yarımdan söz aşdı.




Kaşan Miyana
Mən aşiq Kaşan işi, Təbriz üstə Miyana,

Hind işi, Kaşan işi. Gül sünbülə dayana.

Düşmən düşmənə tutmaz Oxu, bülbülüm, oxu,

Sən mənə tutan işi. Bəlkə yarım oyana.


Muğan Marağa
Yol düşdü ha Muğana, Təbriz üstü Marağa,

Sən də gəl ha Muğana. Zülfün gəlmir darağa.

Şanə bir muy üzündü, Yenə məndən küsmüsən,

Düşmüşük hamı qana. Canım sənə sadağa.


Mamağan, Maralan
Əzizim Mamağana, Əzizim Maralanda,

Təbrizdən Mamağana. Heyvalar saralanda,

Başım kəs sinən üstə, Məni də yadına sal,

Qoy batsın məmən qana. Qoynuna yar alanda.


Mərənd
Gəl məni bəndə atma, Əzizim, Mərəndə gəl,

Xoydan Mərəndə atma. Güllərin dərəndə gəl.

Hamı üz döndəribdir, Bir gəldin xəstə gördün,

Rəhm elə sən də atma. Bir də can verəndə gəl.



Quru cay
Əzizim quru cayı, Qurucaydan çıxanlar,

Gəl dolan Qurucayı. Qəm bağrını sıxanlar.

Xəlq aşiqi hardasan? Əllərizə mən qurban,

Yad elə Qurucayı. Zülm evini yıxanlar.


Gəncə
Gəncənin dağına bax, Gəncənin anına bax,

Soluna, sağına bax. Ulduzun sanına bax!

Dərdimə inanmırsan, Yar yolunda can qoydum,

Gözümün ağına bax. Verdigi payına bax.


Mən aşiq bir az bəri, Mən aşiqəm Gəncə var,

Gəncədən bir az bəri. Şəki, Şirvan, Gəncə var.

Gönlümün istədigi, Yar yardan ayrılsa da,

Dilimin bir əzbəri. Məhəbbət ölüncə var.


Qaradağ


Qaradağın düzü var,

Düzlərində quzu var.

İki göyül bir olsa,

Kimin ona sözü var?

Qaradağın başına,

Qurban olum başına.

Qırmızı döşlük olub,

Sarılaydım döşünə.




Qarabağ



Qarabağın alması,

Döşənəydi xalcası.

Bir gözəl qiz sevmişəm

Qızıl gülün qoncası.

Qarabağın yolları,

Xırda tikan, kolları.

Eşitmişəm yar gəlir

Sulamışam yolları.



Əziziyəm Qarabağ, Əslim Qarabağlıdır,

Qara tale, qara baxt. Sinəm carpaz dağlıdır.

Tehran cənnətə dönsə, Nə gələn var, nə gedən,

Səndən dönməm Qarabağ. Yoxsa yollar bağlıdır.


Qarabağda talan var, Qarabağda quş durmaz,

Məni dərdə salan var. Dərdli başda huş durmaz.

Gedirsən tez qayıt gəl, Yarı hər yerdə görsəm,

Gözü yolda qalan var. Yanmış dilim diş durmaz.


Qarabağda bağ olmaz, Əzizim Qarabağı,

Qara salxım ağ olmaz. Gəncənin qara bağı,

Qonşudan qız sevənin, Mən bir ceyran itirdim,

Ürəyində yağ olmaz. Boynunda qara bağı.


Bağdad, Misir, Yəmən

Əzizim bağda dara, Bir quş gəlir Yəməndən,

Telləri bağda dara. Dən götürür cəməndən.

Vəfalı dost yolunda, Bu bir Allah işidir,

Misri gəz, Bağdad ara. Nə səndəndi, nə məndən.


NAĞILLAR
İlan qaç, Xəccə gəldi
Bir kişinin Xədicə adlı bir qadını var idi ki, o, çox bə­dəxlaq idi. Ağzına gələn rəkik sözlər söylər, kişisinə deyirdi. Demək yazıq kişinin gününü göy əskiyə tutardı. Günlərin bir günü kişi beynində bir nəqşə çəkdi ki, bu nanəcib arvadın əlin­dən xilas olsun. Eləcə də gəzmək mahnası ilə Xəccəni də yanına salıb, çölə çıxıb az getdilər, çox getdilər bir quyunun kənarına yetişdilər. Kişi quyunun qırağında oturub quyuya sal­lanıb deyir:


  • Baba, nə gözəl təmiz və duru suyu var.

Arvad bunu eşitdikdə çığırır:

  • Çəkil kənara, sən məgər anlamırsan ki, həqqi təq­qəd­düm arvadlar ilədir?

Demək acı dili ilə kişini necə deyərlər, yuyub əritdi və keçib quyuya əyilib baxdıqda kişi fürsət əldən getməsin deyə var gücü ilə arvada bir hay verdi, Xəccəni saldı quyunun tərkinə. Nanəcib arvadın əlindən zara gələn yazıq kişi dərindən köks ötürərkən “ax, ey, bu şalaxda arvadın əlindən rahat ol­dum”, – dedi. Kişi sevincək öz evinə qayıdarkən bir karvan gəlib quyunun yaxınlığında oturaq etdi və bir gənc oğlan su çıxar deyə dolçaya bir ip bağlayıb quyuya saldı, ancaq oğlan ipi çəkərkən ağırlığını duydu, güc verib dolçanı çəkdikdə dol­çanın içindən ağlagəlməz böyük bir ilanın qıvrılıb yatmasını gördü. Qorxaraq ipi sallamaq istədikdə ilan dilə gəlib yalvardı ki, məni buradan azad elə. Çünki bir neçə saat olar bu quyuya bir arvad düşübdür ki, çox nanəcibdir. Doğrusu, məni cana gətirib, günümü qara edib. Əgər mənə bunun əlindən nicat versən, mən isə sənə xidmət göstərərəm. Gənc oğlan donu­xaraq “sən mənə nə xidmət edərsən?”– deyə sual verdi.
İlan:

– Bu ölkənin padşahının yalnız bir qız uşağı vardır. Mə­ni azad etsən, gedib onun boynuna sarılacağam, sultan sa­hirləri və ovsunçuları cəm edib qızını mənim əlimdən qurtar­maq istəsə də, mən açılmaram. Nəhayətdə, şah elan edərkən, kimsə ilanı mənim qızımın boynundan aça bilsə, onu özümə damat edib və öz yerimdə vəliəhd edəcəyəm. Eləcə də, bu sö­zü dinlədikdə sultanın sarayına gəlib, mən bu işin öhdəsindən gələ bilərəm söyləsən, o zaman səni gördükdə qızın boynun­dan açılacağam. Və sən ən böyük məqama çatacaqsan. Ancaq bunu bilməlisən ki, yalnız bu lütfü sənə etməliyəm. Eləcə də heç vaxt ardımca gəlməyəsən, yoxsa elə bir diş vurram ki, durduğun yerdə quruyarsan.

Gənc oğlan bu sözləri dinlədikdə, ilanı quyudan çıxarıb azad etdi.

İlan öz verdiyi ilqara əməl edim deyə, gəlib sultanın qızcığazının boynuna dolaşdı. Sultan ölkəsinin bütün sehr və ovsunçularını bir yerə cəmlədi. Ancaq kimsə qızın boynundan ilanı aça bilməyib, nəhayətdə şah elan etdi ki, kimsə mənim qızımın boynundan ilanı açıb, qızıma nicat verərsə, onu özü­mə damad edib vəliəhd edəcəyəm. Bu elanı dinləyən gənc dər­bara gəlib bu işin öhdəsindən gəlməsini bildirdi və qız olan otağa girdikdə padişah şəkk etməsin deyə, dil-dodağını tərpədərək qıza sarı yönəldi. İlan gənc oğlanı görcəyin qızın boynundan açılıb qapıdan getdi. Bu mənzərəni müşahidə edən soltan artıq şad olub, verdiyi ilqara əməl edim deyə qızını həmin oğlana nişanlayıb, sonra isə özünə vəliəhd elədi. Gənc oğlan həm böyük məqama çatmış, kefini sürməkdə idi ki, qonşu ölkədən elçilər gəlib dedilər:



  • Vəliəhd sağ olsun, mənim oğlancığımın boynuna bir ilan sarılıb. Əgər siz gəlib oğlumu bu ilanın əlindən qurtar­sınız, xəzinəmin yarısına malik olacaqsınız. Cavan oğlan tamahsılanaraq qaynatasından icazə alıb qonşu ölkəyə gəldi. Şahın oğlu olan otağa girdikdə ilan dedi:

  • Məgər sənlə əhd etməmişdik ki, mənim ardımca gəl­məyəcəksən.

Gənc oğlan:

– Mən öz ilqarımda sabitəm. Ancaq səndən təşəkkür etmək üçün buraya gəlmişəm ki, məni ən böyük məqama və eşsiz minnətə çatdırıbsan və bir də bu xəbəri sənə çatdıram ki, Xəccə quyudan çıxıb buraya gəlmək istəyir, eləcə də öz başına çarə qılmalısan.

Bu xəbəri eşidən əfi ilan dərhal oğlanın boynundan açı­lıb elə getdi ki, tozunu da görən olmadı. Deməli, o zamandan “İlan qaç, Xəccə gəldi” məsəli xalqın gündəlik sözlərindən olub dildən-dilə düşüb.
Qızıl yük üstündə dəvə
Bir gün var idi, bir gün yox idi, Allahın kərəmi çox idi. Bir qarı nənə var idi. Bu qarı nənənin üç oğlu var idi. Biri cütçü, biri pinəçi, biri də parça toxuyan idi.

Bir gün cütçü qardaş dağda cüt sürəndə bir dəvə görür ki, qızıl yük üstündə gəlir. Yiyəsi də yoxdur. Cütü açar, də­vəni belə sürər, aparar evə. Qardaşlar gəlib dəvəni nəhrləyib ətini qorma edib, qoyarlar evə. Qızılları isə gizlədib, gözdən itirərlər. Qarı nənə ki, qulaqları ağır eşidirdi, soruşar:

– Bala, nə xəbər olub?

Oğlanları deyərlər:

– Nənə, sənin toyundur.

Sonra hər biri gedər öz işinin dalınca.

Cütçü qarda çöldə cüt sürərkən bir nəfər dövlət məmu­runu görər ki, yaxına gəlir. Cütçü qardaşdan soruşar:

– Cütçü qardaş, bu yaxınlarda qızıl yük üstündə dəvə gördünmü?

Deyər:

– Qardaş, bu il yağınlıq olmayıb. Yer bərkdir. Çox sürəndə firlar yorulub qalırlar.



Dölət məmuru deyir:

– Cütçü qardaş, mən soruşdum qızıl yük üstündə dəvə gördünmü?

Cütçü deyir:

– Vallah, mən Rəşid olsam, öz cütümü sürərəm, artıq vəqtim olmaz.

Dölət məmuru görər cütçü qardaşdan istədigi cavabı ala bilməyəcək, yolunu tutub gedər. Kəndin məscidinin qarşı­sın­da bir pinəçiyə rastlaşar. Deyər:

– Qardaş, qızıl yük üstündə dəvə gördünmü?

Deyər:

– Bu il başmaq tikdirən çox azdır. Çörək çətin çıxır.



Dölət məmuru deyir:

– Qardaş, mən soruşdum qızıl yük üstündə dəvə gör­dünmü?

Deyir:

– Nə verirsən ver, sən dölət zəhmətkəşisən, bir də bir putunun görüm harasıdır.



Dölət məmuru görər ki, pinəçi də sadə bir kişidir və istədigi cavabı ala bilməyəcək, yolunu tutub gedər. Kəndə bir az yol getdikdən sonra parça toxuyana çatıb, soruşar:

– Qardaş, qızıl yük üstündə dəvə gördünmü?

Deyər:

– Qalıb müştəriyə. Gah yaxşı satılar, gahdan da zərər­lidir.



Dölət məmuru deyir:

– Qardaş, mən soruşdum qızıl yük üstündə dəvə gör­dünmü?

Deyir:

– Cün sən dölət məmurusan, sənə yarı qiymətinə verə­cəyəm.



Dölət məmuru görər yenə də cavab ala bilməyəcək. Yolun tutub gedər. Bir az yol getdikdən sonra qarı nənəni görər ki, altına bir çul sərib, oturub qapının qabağında. Deyər:

– Ay nənə, qızıl yük üstündə dəvə gördünmü?

Deyər:

– Hə bala, gördüm.



Dölət adamı deyər: nə zaman gördün?

Qarı nənə deyər:

– Mənim toyumda.

Məmur deyər:

– Axı nənə, sənin yetmiş il bundan əvvəl toyun olub. Mən dünən, bu günün sözünü soruşuram.

Yenə də dölət adamı yolunu tutub gedər və beləliklə, dölət adamını aldadıb, qızıl yük üstündə dəvəyə yiyə olarlar.


Zeyqəm şah
Biri var idi, biri yox idi. Allahın kərəmi çox-çox idi. Əh­məd Təlani adlı birisi var idi, bir də Zeyqəm şah. Əhməd Tə­lani bir gün oxun götürər, durar minər atına, gedər şikara. Ge­dəndə qabağına bir ceyran rast gələr. Çeyrana ox atar, kə­mənd atar, tutanmaz. Ceyran kəmənddən qaçar, Əhməd Tə­la­ni də dalısıyca. Ceyran qaçar, Əhməd qaçar. Burda-orda, bur­da orda günlərdə bir mənzil, tey mənzil. Dərələrdə sel kimi, təpələrdə yel kimi badi-sərsər kimi qaçmağa məşğuldular.

Neçə gecə-gündüz yol gedəndən sonra ceyran təpilir bir qalaçaya. Əhməd qalaçanın qapısında atdan yenər, girər içəri. Görür bəli, ceyranı bağlayıblar, qızıl boyunduruq boynunda, qabağında yonca. Əhməd Təlani ceyranı açar, götürsün gəlsin. Öz-özünə deyir: “Ey dili-qafil hötmən bir sahibi var. Sabah sənə bir adlar qoyarlar, gəl bir qalaçanı dolanginan”.

Əhməd Təlani gələr qalaçanı dolansın. Bir dəstə kilid­lərə rast gələr. Götürər açar, görər bəli, bir anbarda düyü var, yağ var. Ağama ərz edim, bir anbarda ləl-cəvahirat var. Ayrı bir anbar döyuş vəsailləridi. Zubin, qalxan, qəmə, xəncər var. Sora ayrı bir dəstə açara rast gələr, görər neçə tövlə vardır. Hər tövləni açar görər hərəsində bir rəngdə at vardır. Sora görər ayrı bir dəstə kilid var. Götürər, açar, görər, hərəsində atların yəhəri -ləvazimatı vardır.

Ordan keçib rədd olar. Görər bir nəfər yatıb başı üstə bir şəm, ayağı altında ayrı bir şəm yanır. Başı üstündə bir tabaq yemək hazırdı, buğlayır. Əhməd Təlanı ac idi. Oturar, yemək­dən yeyər. Görər bir üzük çıxdı. Əhməd Təlanı üzüyü salar bar­mağına, keçib xəzanədən qızıl pul-pələ, əslahələrdən götü­rüb atların birinə minib yol başlar. Əhməd Təlani yola başla­maq həman, Zeyqəm şah yuxudan qalxar, görər, ey dili-qafil, yeməyin yeyiblər. Baxar, bilər bir nəfər bura gəlibdi. Diqqət edər, görər kilidlər yerindən tərpəşibdir. Bilər qızıldan sora atı, ceyranı da aparıblar. Qalxar, atlarından birinə minib rəd­din arxasınca düşər, gedər. Burda-orda, burda-orda. Bəli, bir­dən Əhməd Təlanini görər, arxada bir atlı gəlir. Əhməd Təla­ni ata mahmız görsədər. Zeyqəm şah ata mahmız görsədər. Əhməd Təlaniyə yaxınlaşar, arxadan çalar:

– Ey şəxs, pul-pələmi, ceyranımı, atımı aparırsan işim yox, amma o üzügü at, get.

Əhməd Təlani buna inanmaz, ata mahmız görsədər. Get­haget bir yerdə Əhməd Təlani görər Zeyqəm şah bunu ye­tirəcəkdi. Çarə nədir? Deyər: “Gəl bu üzüyü at, gör başına nə gələr”, üzüyü atar.

Zeyqəm şah üzügü götürər qayıdar. Qayıdanda Əhməd Təlanini buht götürər. Ey dili– qafil, görəsən bu üzügdə nə var ki, bu bir belə ləl cəvahir, atı aparıram, pəsənd eləmədi, amma üzügü pəsənd elədi. Gəl, get gör bu üzügdə nə hikmət var? Əhməd Təlani atı qaytarar Zeyqəm şah dalısıca, səslər:


  • Ey şəxs, getmə mən sənə qonağam bu gecə.

Zeyqəm Şah deyər:

  • Götür nəmənə aparmısan, halal xoşun olsun, sənin mə­nə qonağ olmağa səlahiyyətin yoxdur ki, başın qəza-qədər görər.

Əhməd Təlani deyər:

  • Qəza-qədərə rast gəlsə də mən Allah qonağınam.

Zeyqəm şah deyər:

  • Allah qonağısan, pəs gəl görək.

Bunlar gələrlər, söhbət -vəhdət, axırda şam gələr araya. Əhməd Təlani deyər:

  • Mən yemirəm.

Zeyqəm şah deyər:

  • Niyə?

Əhməd Təlani deyər:

  • Gərək mənə o üzügün sirrin agah eliyəsən.

Zeyqəm şah deyər:

  • Sən bu sirdən bilmək istəmə, mənim dərdimi tazalama, bu üzügün sirri çoxdur.

Əhməd Təlani deyər:

– Olmaz, mən dərdinə əlac edəcəm, əgər olmasa da dər­dinə şərik olacağam.

Zeyqəm şah başlar sirrin açar, deyər:

– Mənim bir əmqızım (əmi qızı) varidi, o adaxlım idi. Onu gətirdim qalaçaya. Bir gün söhbət sonu dedi, mən mava­la gedəcəyəm, mən durdum kənarda. O mavaldan çıxanda göy şaqqıldadı, göydən bir əl gəldi, mənim məşuqəmi apardı. Əm­qızım üzügün atdı, dedi: “əmoğlu, mənlə sənin didarın qaldı qiyamətə, üzügü saxla məni könlün istəyən zaman bu üzügə bax”.

Mən sora sorağın tutdum. Gördüm, bəli bunlar yeddi divdilər. Birqıllı, ikiqıllı, üçqıllı, dördqıllı, beşqıllı, altıqıllı, yeddiqıllı. Mənim nişanlımı yeddiqıllı div aparıb. Mən qoşun çəkdim, amma əlac olmadı. Qoşun şikəst oldu. Belə oldu. Mən xanənişin olmuşam, məşuqəmin fərağındayam.

Əhməd Təlani dedi:



  • Mən gedərəm sənin nişanlından xəbər gətirərəm.

Zeyqəm şah dedi:

  • Getmə, məsləhət yoxdur.

Əhməd Təlani dedi:

  • Gedəcəyəm.

Gecə səhər oldu. Zeyqəm şah Əhmədi musir görüb bu­na pul-pələ, silah və yaxşı at verdi. Əhməd Təlani düşdü yola. Bir, iki, beş gün, bir, iki, beş ay yol gedir. Dərələrdən sel ki­mi, təpələrdən yel kimi, badi– sərsər kimi əsməyə məşğul olub getdi, yetişdi ayrı bir məmləkətə.

Bu məmləkətin baş kəndində bir yeməkxanada düşdü. Orda vəzir-vüzəra, əmir-üməra gəlib şəbneşinlik edirdilər. Əhməd Təlani də orda idi ki, vəzir-vüzəra soruşdular ki, bu şəxs kimdir, ğəribəyə oxşur? Dedilər: – Əhməd Təlanidir, gedər Zeyqəm şahın nişanlısından ötrü. Onlar dedilər: Ey dili-ğafil, bu gör necə bəşərdi ki, yeddiqıllı divin davasına gedir. Deyirlər, bizim şahın qızın üçqıllı div aparıb, onlarla başara bilmirik. Gəlir şahın əndurisınə də təcavüz edir. Şaha xəbər aparırlar, yaxşıdı, Əhməd Təlani sənin başını üçqıllı divdən sovsun, sora getsin yeddiqıllı div davasına.

Şah Əhməd Təlanin ehzar edər, danışar. Əhməd Təlani başının qəza-qədərin nağıl edər.

Şah deyər:



  • Ey şəxs, yaxşı gəlibsən. Mənim də bir müşkülüm var, bu müşkülümə əlac et. Bir üçqıllı div mənim qızımı aparıb. İndi də gəlir əndərun – birunuma haq ayaq qoyub. Buna qaravul, yasavul öhdədar etmir. Üçqıllı divin şərin bizim başımızdan götür.

Şam yeyəndən sora Əhməd Təlanini ötürürlər div gələn həyətə, qapısın bağlarlar. Əhməd Təlani bir guşədə daldalanıb gecənin bir zamanı görər bir hənirti gəldi. Əlin qatdı həyətin meyvələrindən yeməyə. Əhməd qorxudan qılınc çəkib yaxına gedə bilməz, amma uzaqdan qılıncın atar. Qılınc tutar divin budundan, budu düşər yerə. Div qaçar. Səhər olar. Əhməd qapını çalar, deyər:

– Yeddi təkərli arabını gətirin divin qıçını aparın.

Məmurlar gəlib, neçə nəfər divin qıçın qoyarlar arabaya, aparalar şəhərin üstünə. Şəhər əhli gələr tamaşaya ki, Əhməd Təlanı üçqıllı divin qıçın salıbdır. Əhməd gəlir şəhərin məzhərinə, sübhünü yeyib getmək istəyir. Vəzir fikirləşir: bu div yaralı deyildi, bu işləri görürdü, indi ki yaralıdı, sağalsa gəlib dədə yandırar. Yaxşısı budur, şahın oğlanların da qoş bu Əhmədə, getsinlər divin sorağına.

Vəzir bunu şaha anladır. Şah pəsənd elər. Oğlanların ça­ğırıb deyər: – İndi siz üç qardaşsınız. Gəlin bu Əhmədlə gedib yaralı divi tapıb öldürün, bacıza da nicat verin.

Oğlanlar Əhməd Təlani ilə durarlar, Əhməd Təlani ilə qanın rəddin tutub gedərlər. Bər biyabanda bir quyuya çatarlar. Şahın böyük oğlun salarlar quyuya, yolun yarısında bağırar: – Öldüm-qaldım məni çəkin üstə. Üstə çəkərlər. Axırda Əhməd Talanini quyuya salarlar. Ortada Əhməd de­yər: –Öldüm-qaldım məni çəkin üstə.

Qardaşlar ipi kəsərlər. Əhməd düşər quyuya haldan kənar. Bir azdan sora hala gələr. Durar quyunu gedər bir hə­yətə rast gələr. Görər nə həngamədir. Div yatıb başını qoyub şahın qızının dizi üstünə, qız yelpik çalır. Əhməd balaca bir daş atar. Qız xəbərdar olar, soruşar:



  • Sən kimsən?

Əhməd deyər:

  • Mən Əhməd Təlaniyəm, dədən göndərib sənin dalınca.

Qız deyər:

  • Bu div gedib üç günün yuxusuna. Əgər oyanıb səni görsə, günüvü qara edər.

Əhməd qızdan soruşar:

-Bu divin canı hardadır?

Qız deyər:


  • Üç min kilometr göydədir. Əgər ələ gətirib buradakı hovuzun mərmər daşına çırpsan canı çıxar.

Əhməd gedər minər divin sinəsinə. Xəncəri salıb budundan neçə batman ət qopardıb atar o tərəfə. Div balavəri (azca, nisbətən) oyanar deyər:

  • Nazənin, qoyma yaramdan milçəklər yesinlər.

Əhməd bir də xəncəri salar altdan sökər. Div oyanıb deyər:

  • Nazənin, qoyma yaramdan milçəklər yesinlər.

Qız deyər:

  • Milçəklər deyil, Əhməddir.

Div Əhməd adın eşidib qalxar. Əlin atıb Əhmədi göyə qalxızar, deyər:

  • Səni yerə çırpsam nə olar?

Əhməd deyər:

  • Elə bil toyuq hinindən düşmüşəm yerə.

Bir az göyə qalxızar, deyər:

  • Burdan yerə çırpsam nə olar?

Əhməd deyər:

  • Elə bil üç pillə nərdivandan yerə yıxılmışam.

Div hirslənib Əhmədi daha göyə qalxızar, deyər:

  • Burdan necə ?

Əhməd göydəki şüşəni götürər, deyər:

  • Mən də şüşəni yerə çalaram.

Div deyər:

  • Amandı, ona dəymə.

Əhməd deyər:

-Sən məni yendir yerə, mən də şüşəni verim.

Div Əhmədi endirəndə yerə, az qalanda qız işarə edər, Əhməd şüşəni vurar daşa, özü də yerə atılar. Göy qalar bunlar huşdan gedərlər.

Bir az sora huşa gələrlər, görərlər div ölübdür. Əhməd Təlani qız ilə yeddi dövlətin qızılını götürər, quyu ağzına sarı gələr. Əvvəl qızı, sora qızılları yuxarı çəkərlər. Amma növbə Əhmədə çatanda iki qardaş ipi kəsərlər. Əhməd quyunun tə­ki­nə düşər. İki qardaş bacılarını, yeddi dövlətin qızıllarını götü­rüb məmləkətlərinə dönərlər. Şaha deyərlər: Əhməd yolda di­və çatmamış bizi buraxdı, getdi.

Əhməd neçə müddət qalar quyunun təkində. Orda qur­ba­ğadan, balığdan tapar, başın saxlar. Əhmədin üzün-başın tük ba­sar. Bir gün nəqibi tutar, gedər. Demə, bu nəqib Zey­qəm şa­hın bağına gedir. Əhməd neçə ay nəqibi tutub gələr. Bir gün nəqibin başında bağbanbaşı Əhməd Təlaniyə rast gə­lər. Bağ­ban­başı nəqibdən görər bir canavar çıxdı. Tez harasan xəbəri şaha çatdırarlar. Şah bu canavarı gətirər, ona sudan, yeməkdən verər ki, bu bəni-adəmdir. Şah əmri ilə onun üz-başına yetir­mişlər. Görürlər bu canavar deyil, Əhməd Təlani­dir. Zeyqəm şah deyər: mən sənə dedim getmə, başın qəza-qədərə rast gələr.

Əhməd Talanı başın qəza-qədərin açıb şaha deyər. Şah əmri ilə Əhməd istirahət edər. Zeyqəm şah da bir böyük ərizə yazar, göndərər o qonşu məmləkətin şahına ki, niyə görə bu oyunu mənim firistadəmin başına gətiribsən. Mən sənə elani– cəng verdim. Naməni verər qasidə göndərər. Qasid yetirər qon­şu məmləkətin şahına. Şah açar məktubu, oxuyub oğlan­la­rın ihzar edər, deyər axmaqların biri, axmaqlar bu nə oyundur Əhmədin başına gətiribsiniz. Mən Zeyqəm şahın müqabili deyiləm. Qoşun çəkib toprağımı kisəyə doldurar, özümü də əsir edər, vəzir, əlac nədir? Vəzir deyər, bir Zeyqəm şaha mək­tub yaz. Şah yazdırar: “qurbanın olum, iştibah olub qoşu­nunu da götür, bizə qonaq gəl, mən də səni agah edim. Əmrin nə olsa, mən sənə nökərəm”.

Məktub gəlib çatar Zeyqəm şaha. Qoşun götürüb gedər. Onlar istiqbal edərlər. Neçə ağacdan neçə ağaca durbaş-durbaş qaravul-yasavul ki, Zeyqəm şah gəlir. Vəzir-vüzəra, əmir-üməra Əhməd Təlani şah ilə bərabər gəlirlər. Şah özü pişvaz edər, düşər ayağına. Zeyqəm şah Şahruh şahı qalxızar ki, bu iş şaha bərazəndə deyil. Içəridə bir məclis təşkil edər­lər. Şah üzr istəyib deyir:

– Qızımı Əhmədə verirəm, oğlanlarımın üzü qara olsun, Zeyqəm şah sən də təqsirimdən keç.

Yeddi gecə-gündüz qonaqlıq edərlər. Amma Əhməd qızı aparmaz ki, mən Zeyqəm şahın adaxlısı dalısıyca gedəcəyəm. Zeyqəm şah öz məmləkətinə dönər. Əhməd Təlani yola düşər. Dərələrdə yel kimi, təpələrdə sel kimi, badi-sərsər kimi əs­mə­yə məşğul, gedər neçə ildən sonra yetişər bir dəryanın qar­şısına. Heyran qalar: Ey məbud, mən tək adam necə burdan keçim. Qu vursan qulaq tutulur. Adamı vəhşət götürür. Əh­məd oturub başın qoyar dizinə. Yuxuya gedər. Yarıyuxu, ya­rıa­yıq iki gö­yər­çin gələr qonar ağaca. Göyərçinlərin biri deyər:

– Ey bacı, bilirsəın bu kimdir?

O biri göyərçin deyər:

– Yox, ay bacı.

Əvvəlki deyər:

– Əhməd Təlanidir. Gedir Zeyqəm şahın nişanlısın yeddi qıllı div əlindən xilas edə.

O biri deyər:


  • Baci, gedib gətirər.

Əvvəlki deyər:

– Yox, qızı görər, amma gətirə bilməz. Indi də burda heyran qalıb dəryadan necə keçə. Əlac budu, burdadı. Səhər dər­yadan bir dana inək balığı çıxar. Onun ağzında bir göv­hərşəb çıraq olar. Inək balığı şəbçırağı qoyar yerə otlasın. Onda Əhməd çırağa bir az palçığ tökə, çırağın işığı sönə. O zaman gərək özün pünhan edə. Inək balığı özün bu yana oyana çalar, düşər dəryaya. Günüz o şəbçırağı götürüb qıçına bağlaya, o zaman dəryanın suyu onun topuğunda olar. Dənizi keçəndən sora bir ormana rast gələr. Orman tilsim, sehr və cadudur. Gə­rək ayağının altına topraq bağlaya, başına ağac qoya. Orman­dan səs gələr: topraq, onu tut. O gərək cavabında deyə: topraq toprağa neylər – heç zad. Belə desə tilsim batil olar. Yenə səs gələr: ağac, onu tut. Onda gərək deyə: ağac ağaca neylər– heç zad. Yenə də tilsim təsirsiz, sehr batil olar. Ordan keçib gedər ormanın sonuna. Yetişər, orda bir alma ağacına rast gələr. Əgər o almadan yesə yaşı dönüb on beşə olar. Ordan gedib bir qalaya rast gələr. Orda qızı görər, amma nəticəsi olmaz.

Quşlar bu sözləri danışar, uçar gedər. Əhməd bunları eşi­dər. Söz misli əməl edər. Dəryadan, ormandan keçər, alma­dan yeyib cavanlaşar. Sonu bir qalaya çatar. Kiçik bir yol tapa bilməz. Sonu bir kürəyə rast gələr. Ordan qalaya keçər, gizlənər. Gecənin bir zamanı görər, bəli bir yerdən işıq gəlir. Gedər görər Zeyqəm şahın nişanlısı burdadır. Yeddi qıllı divin də başı qızın dizi üstə. Div nəfəs çəkəndə az qalır ruhu bədəndən çıxsın, nəfəs verəndə hakəza. Görər, qız arıqlıyıb cücəyə dönüb. Fikir xəyalatdan ki, Allah mən necə əlimi bu zalimin təngindən qurtarım. Əhməd şüşəni dınqıldadar. Qız divin başın qoyar yerə, çıxar eşigə, deyər:


  • Ey şəxs, sən gecənin bu vaxtı qalada neyləyirsən, burda quş quşluğunda qanad çala bilməz.

Əhməd Təlani deyər:

  • Mən Zeyqəm şahın göndərdiyi Əhməd Təlaniyəm. Gəl­mişəm sənin sorağına, səni aparam.

Deyər:

  • Amma səni apara bilməm mən ki, bu divi gördüm qorxu düşdü canıma.

Qız deyər:

  • Sən mənim dərdimi tazələdin, illa da bu məktubu apar əmoğluma ki, bizim didarımız qaldı qiyamətə.

Qız məktubu yazar verər Əhmədə. Bir az da azuqə verər. Əhməd getməkdə olar, qız da qalar qalada. Əhməd necə getmişdi, o cür də dönüb Zeyqəm şahın yanına gələr. Zeyqəm şah deyər:

  • Əhməd, necə oldu?

Əhməd başının qəza-qədərini açar deyər: bəli, getdim bu zəhmətlərlə divi-ruət düşdü canıma. Amma əmqızının namə­sini sənə gətirmişəm. Zeyqəm şah məktubu oxuyar, ruhu bə­dən­dən çıxar, huşdan gedər. Bir azdan ayılandan sonra deyər:

  • Aparıb nişanlımı mənə göstər.

Əhməd deyər:

  • Bəli, amma mən uzaqda qalacağam. Allah sən və əmqızına köməgi olsun.

Bunlar yola düşürlər, üç gün, beş gün, beş ay dəryaya çatarlar. Əhməd Təlanı Zeyqəmi mindirir belinə, sudan keçir­sin. Zeyqəm şah deyər:

  • Əhməd, sənin sehrdən də başın çıxar?

Əhməd Təlani deyər:

– Azca başım çıxar, qurban.

Əhməd Təlani Zeyqəmi sudan, ormandan keçirər. Alma ağacına çatarlar. Almadan yeyərlər. Zeyqəm şah cavanlaşar, şücaət, şəhamət tapar. Gedərlər. Qala uzaqdan görünər. Əhməd Təlani uzaqdan qalanı göstərər. Zeyqəm şah deyər:

– Əhməd, mən gedirəm, çar-naçar divlə qarşılaşacağam. Əgər əvvəl “Ya Əli” səsim gəldi, bil ki, divlə qarşılaşmışam, əgər ikinci “Ya Əli” səsim gəldi, bil ki, mən divlə güləşirəm. Üçüncü “Ya Əli” səsim gəldi bilginən divə qalibəm. Ama üçün­cü səsim gəlmədi, bil ki mən ölmüşəm. Onda sən özünə əlac et.

Zeyqəm şah gedər, bir zaman gözdən itər. Bir az sora bir “Ya Əli” səsi gələr. Əhməd bilər, Zeyqəm şah divlə qarşılaşıb. İkinci, “Ya Əli” səsi gələr. Əhməd Təlani bilər, Zeyqəm şah divlə əlbəyaxa olub. Üçüncü səsə müntəzir qalar, səs gəlməz. Əhməd Təlani öz-özünə deyər: ey dad, div Zeyqəm şaha qalib gəldi. Amma indi mən bu qədər zəhmət çəkib buraya gəlmi­şəm, bu arı gora aparmaq olmaz, gəl sən də qalaya get. Ya öləsən, ya nəticə alasan. Əhməd gedər qalaya. Görər Zeyqəm şahın cənazəsi düşüb yerə. Demə, Zeyqəm şahla div bir-birinə elə zərbə vurub ki, ikisi də məhv olub. Öz-özünə deyər: Çörək yeyəndə vəfa olmaz, Zeyqəm şah ölüb, nişanlısı eşigə də cıxmır. Əhməd Zeyqəm şahın başı üstündə oturar, ağlar. Bir azdan sora Zeyqəm şahın nişanlısı eşidər ki, eşikdən ağlamaq səsi gəlir. Eşigə çıxar, gələr Zeyqəm şahın ölüsünü görər. Əmi­qızı əmoğlunun başı üstə oturar. Xəncərin dəstəsin qoyar Zey­qəm şahın ürəgi üstə, başını öz ürəginə dayar, ağlar. Öz ağır­lığın xəncər üstə salar, bu da burda ölər. Əhməd gələr, görər, əmqızı da ölüb. Əhməd durar, ölənləri yuyub kəfn və dəfn edər, xəyalatdan düşər dağa-daşa, çöllərə, dağda, daşda ceyran­larla həmavaz olar, çöllərdə yaşar. Bir gün Süleyman peyğəm­bərin dişi ağrıyırdı. Deyirlər bir nədimçi (dastan rəvayət edən-nəqqal) gətirək nədim desin, bəlkə bunu yuxu tutsun. Yoxsa həlak olar. Amma bir nədimçi tapılmaz. Biri deyər: bir Əhməd Təlani var, başının sərgüzəştini nəql etsə, Süleyman peyğəm­bərin ağrısı yaddan çıxar. Gedib dağlardan Əhməd Təlanini gətirirlər. Əhməd Təlani bu söhbətləri necə mən sizə nağıl etdim, o da nağıl edər. Süleyman peyğəmbərin ağrısı yaddan çıxar və Əhməd Təlaniyə deyər:


  • O cənazələri tapıb gətirə bilərsən?

Əhməd deyər:

  • Bəli, əgər adam versən gedib gətirərəm.

Süleyman peyğəmbər bir dava verər, deyər:

  • Apar sürt cənazələr salim qalsın, götür mənim yanıma gətir.

Əhməd Təlani bir neçə adam götürər, gedib bu iki cə­nazəni Süleyman peyğəmbərə gətirər. Süleyman peyğəmbər iki rükət namaz qılar və Allahdan istəyər bu əmoğlu, əmqızı dirilsin. Allahın əmri ilə Zeyqəm şah, nişanlısı dirilib düşərlər peyğəmbərin ayağına ki, sənə fəda olum, elə o dünyada da bizim toyumuzu tuturdular. Amma sənə görə Allah bizi bu dünyaya qaytardı.

Zeyqəm şah ilə nişanlısı, Əhməd Təlani Süleyman peyğəmbərdən xudafizləşib gələrlər. Şahruh şah məmləkə­tində Əhməd Təlaniyə yeddi gecə-gündüz toy tutarlar. Sonra ordan gəlib Zeyqəm şaha yeddi gecə– gündüz toy tutub şad yaşarlar. Zeyqəm şah da Əhməd Təlanini özünə vəzir tikər.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin