AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­



Yüklə 2,25 Mb.
səhifə17/19
tarix21.03.2017
ölçüsü2,25 Mb.
#12161
1   ...   11   12   13   14   15   16   17   18   19

Bəy geyindirmək
Bu gecənin rəsmlərindən biri də bəy (kürəkən) geyin­dirməkdir. Qız evinin və oğlan evinin arvadları arada çəkilən bir pərdənin dalısında oturarlar. Aşıq və kəndin dəlləyi də gələr. Bəy paltarı geyindirmək dəlləyin vəzifəsidir. Dəllək əvvəl başını qırxar, sonra da paltarlarını geyindirər.
Paltar aparmaq
Bu gün oğlan evindən qız evinə gəlin paltarı göndərirlər. O paltarların işərisində üç dənə şam və üç dəsmal göndərirlər. Qız evi də üç pərgar (xonça) bəzədib, hər pərgara üç samı və dəs­malların birini qoyub və sairə şeyləri ilə toy evinə göndərər.

Bu pərgarların biri bəyin və ikisi də sağdış ilə soldışın­kıdır. Bəyin pərgarında köynək, corab və sairə şeylər də izafə olunar. Və indi isə bəy geyindirəndə dəllək həmən paltarları, yəni köynək və corabı bəyə geyindirər və üstündən də oğlan evi tərəfindən hazırlanmış təzə caket və şalvar geydirər. Bu halda aşıq saz və söz ilə bəyin boyunu “görüm ay bəy, toyun mübarək olsun”– deyə oxşayar. Orada olan oğlanın qohum­larından da ənam alaraq tərif edər, bu halda məclisdə olanlar tərəfindən pul verilər və bu pullar aşıq ilə dəlləyin arasında bölünər. Bəyin ayağından çıxan corab dəlləyə yetişər. Bu gecə məmulən gəlin də köhnə çadraya bürünərək arvadların arasında gizlicə bu mərasimdə hazır olar. Bu məclisdə də oxunan şerlərdən nümunə üçün nəql edirik:

Gedirəm Nəcəfə girərəm bəstə,

Sağdışın, solduşun, özün nurəstə.

Dərərəm güllərin, tutaram dəstə,

Qohumun, qardaşın elin var olsun.


Bəyin atası ənam verdikdə:

Bazardan aldım məkəni,

Sağ olsun oğlan əkəni.

O məkəni, bu məkəni,

Ay bəy, toyun mübarək.

(Ay qız, toyun mübarək).


Bəyin anasının tərifində:

Bazardan aldım soğanı,

Sağ olsun oğlan doğanı.

O soğanı, bu soğanı,

Ay bəy, toyun mübarək.

(Ay qız, toyun mübarək).



Oğlan baldızının tərifində:

Bazardan aldım qarpızı,

Sağ olsun oğlan baldızı.

O qarpızı, bu qarpızı,

Ay bəy, toyun mübarək.
Dövran
Bu gecənin bir ayrı rəsmi də “dövran” yığmaqdır. Toyda iştirak edənlər tərəfindən kürəkən üçün pul yığırlar. Beləliklə, toyun xərcinin çox hissəsi təmin olar və oğlan da zindigan­lığının əvvəlində borclu düşməz və çox zərər və ziyan çək­məz. Bu verilən pulların miqdarı adamın kürəkən ilə yaxınlığı və uzaqlığı münasibəti ilə qərq edər.

Dövran yığmaq bu cürdür ki, bu gecə şam və çayı veri­lib aşığ söhbətini qurtarandan sonra toy adamlarınıdan bir ağsaqqal məclisin başında oturar və dəllək ayağa qalxıb, veri­lən pulları alıb, uca səs ilə pulun miqdarın və pul verənin adı­nı çəkər və “evi avadan” ibarəsini də artırar, pulu ağsaq­qalın qabağına qoyar, bir nəfər savadlı verilən pulları və adamların adını qeyd edər.

Dövran yığılandan sonra pulların cəmi elan olunaraq “elin evi avadan” deyilər. Məclis əhli də hər tərəfdən “müba­rək olsun” deyərlər. Ancaq dövran verməyin də rəsm, rusumu vardır. Əvvəl hamıdan artıq dövran salanlar danışar və pul verər. Dəllək tərəfindən elan olunar. Bu adamlar məmulən kürəkənin yaxın adamlarıdır. Tədric ilə verilən pulların miq­darı aşağı gələr. Burda biganə adamları onlardan qabaq danış­mamalıdırlar. Hər kim öz yerində dinlənməlidir və hər kəs elan olan pulların məbləği onun nəzərində tutduğu pula yetiş­dikdə danışa bilər. Çünki əgər sonradan gələn adam qabaq­kılardan artıq məbləğ salsa olanlara tuhin sayılar. Əgər az dövran salan şəxs vaxtından qabaq danışsa ondan sonrakılar ondan az məsavi pul verməyə məcbur olarlar. Nəticədə döv­ranın miqdarı birdən aşağı düşər və toy sahibinə zərər olar.

Odur ki, oğlan adamı hətta öz verdikləri həqiqi məb­ləğdən də çox artıq bir məbləğ elan edər və bir miqdarını nisyə saxlarlar. Lakin hamı bilir ki, həqiqi məbləğ həmən nəqd verilən puldur nisyə deyilən məbləğ təşrifat üçündür və verilməyəcəkdir.

Çox dövran verənlər içində o il toy edənlərin adamlarını da görmək olar. Çünki bu borc kimin bir şeydir. Sabah bunlar da onun toyunda çox dövran salacaq və beləliklə dövranın cəmi yuxarı gedəcək. Hər nə də dövran çox olsa, bir elə də toy sahibinin başının ucalığı sayılar.

Hər dəfə ki, bir nəfər pul verər, dəllək pulu alıb əlində göstərərək uca səslə elan edər ki, “filankəs də bir belə verdi evi avadan”.

Dediyimiz kimi, verilən məbləğ tədric ilə aşağı gələr məmuli adamlar yetişəndə hər ilin vəzinə ( orucluq, bahalıq nisbəti ilə) miqdarı təqribən məlum olan bir məbləğ verilər. Odur ki, o məbləğə yetişər ki, pul verməyin sürəti artar, daha kimsə bir-birini mülahizə etməyə məcbur olmaz və dalbadal pullar verilib, adlar “evi avadan”– deyə elan olunar. Bəzən də yaxın qohumlardan hazır olmayan olsa, onun ailəsi tərəfindən pul məclisə yollanıb adı çəkilər. Bu gecə də kecən gecəki kimi səhərə çatar. Əgər dövran rizayətli olsa toy sahibi ora­daca elan edər ki, sabah el nahara dəvətlidir. Məmulən, elə o cürədirlər. Əgər elan olunmassa, sabah nahara tayfa adamları gələcəkdirlər.
Gəlin çıxma
Bu gün nahardan sonra kəndin mollası oğlan evinə gəti­rilir. Qızın və oğlanın vəkilləri və bir neçə nəfər şahid və qeyri bir otaqda yığışarlar və “ağa”da olanlardan vəkillik alaraq hər iki tərəfin vəkilatı ilə siğəni oxuyar. Kəbin kağızını yazar ağa və şahidlər imzalarlar. Qəbalədən və zövc və zövcə və ata və analarının adları və “kəbin” məbləğı və əgər ayrı bir şəraitdə olsa yazarlar. Bu kəbin kağızı oğlan adamına verilir. Sonra bir neçə nəfər oğlan adamları qız evinə gedib qızın cehizindən sürət götürüb yaddaşət edərlər. Qız böyügü aldığı, ya hazırladığı şeylərin adını və qiymətini deyər. Bir nəfər yaddaşət edər. Əgər oğlan adamı deyilən qiyməti qəbul etmə­sələr, çənə vurmağa başlarlar amma çünki xoşluq məsələsidir və alım-satım arada yoxdur. Odur ki, bir qiymətin üstündə muafəqqət edib yazarlar. (Son illərdə qız şəhərdən aldığı şeylərin faktorunu göstərərək işi rahatladar). Cehizin miqdarı məmulən başlığın məbləğ ilə münasibət olmalıdır.

Cehizin cəzvində bir sandıq da olar. Ancaq bu sandığı aşmazlar. (Sandığın içində əl işləri, möhür qabı, pul kisəsi, tərlik, saat qabı, corab və sairə olar).

Bu sandığın içindəki şeylərə qız evi hər nə desə cəmidə bir qiymət qoyulub yazılar. Bu kağız da oğlan evinə aparılar və cehiz oğlan evinə yetişdikdə o surəti özü ilə yoxlanılıb və oğlan tərəfindən imzalanar. Və gəlin gətirilib oğlan evinə təhvil olandan sonra “kəbin kağızı” ilə birlikdə qız evinə təhvil verilər. Bu iki mədrək həmişə qız evində saxlanılar. Əgər ittifaqın qız bir dəfəlik olaraq dədəsi evinə qayıtmalı olsa, kəbin və cehiz, o mədrəklər özü ilə verilməlidir.

Əlbəttə, Yekəndə arvad boşamaq cox az olar. Lakin söz yoxdur ki, ölümün qabağını almaq olmaz.

Bu gün, gün batana bir az qalana oğlan adamları aşıq çala-çala bir neçə xonça içində kəllə qənd və sairə şeylər ilə qız evinə sarı hərəkət edərlər və gəlini qız evindən çıxarıb və yenə də aşıq çala-çala oğlan evinə gətirilər.

Gəlin evdən cıxmamış da bir sıra təşrifat əncam tapar, o cümlədən gəlin təndirin dövrəsinə dolandırıb 10-15 yaşında bir məhrəm oğlan uşağı belini bağlar və bir məhrəm kişi xeyir– dua oxuyaraq gəlinə yeddi oğlan bir qız doğmağı arzu edər. Gəlinin qabağınca bir neçə xonca hərəkət edər.

Məmulən, qızın başına qalın bir şal salındığına görə, heç yeri görə bilməz. Odur ki, iki məhrəm kişi qızın qoltuğindan yapışıb çox ahəstəliklə oğlan evinə sarı apararlar.

Gəlin çıxarkən yan-yörəsindəkilər müxtəlif nəğmələr söylərlər:

Gəlin gəlir, xan gəlir,

Bizim evə can gəlir.

At gətirin çullayın,

Tokuş nəqşi yollayın.


At gətirin atlansın,

Atı kəhər yar-yar.

Gəlin gəlsin tez minsin,

Adı Gövhər yar-yar.


Üç bacıdan birisi,

Atlandı yar-yar.

Indi onun günüsü,

Patlandı yar-yar.

Bu zaman qız evinin ətrafında dam-daşlar və küçə, ar­vad uşaq ilə dolarlar. Aşıq bir az həyətdə çalıb oxuyar. Gəlin anası, xalası, ya böyük bacısı əlində dəsmal üzü yaşmaqlı halda gəlinin qabağında oynuyarlar. Amma bu oynamaq tək bir arzunu yerinə yetirmək mənasındadır. Və çox aram hərə­kətlə əncam tapar.

Bəzən də görərsən ki, qız tərəfindən bir kişi qapını kəsib gəlinin çıxmağına mane olar. Mümkündür ki, fəqət bir pay is­təyir və bir cüt corab ilə iş qurtarar. Yainki, qızın, məsələn əmisi başlığın azlığına etirazı olmuş olar. Hər halda onu razı edib gə­li­ni apararlar. Bu zaman dam-duvarı tutan arvad, qızlar və uşaq­ların birisi gəlin ilə hərəkət edər və çox çəkməz ki, qabaqcadan izdiham tapmış oğlan evinin otağı daha da şuluq­laşar. Və gəlin oğlan evinin həyətinə varid olar. Kişilər arvad­ların izdihamına qatışmazlar və uzaqdan dayanıb tamaşaçı olarlar. Təkcə bir nəfər məhrəm kişi gəlin ilə həyətə girib o şuluğluqda gəlini gətirib damın duvarının dibində dalısı duva­ra sarı saxlayarlar.

Bu zaman damın bir guşəsində gizlənmiş, yaxud qonşu həyətdən həmən zaman dama çıxan kürəkən sağdış və soldışı ilə birlikdə qızın başının üstünə gəlib və kürəkən cibində saxladığı üç almanı çıxardıb yuxarıdan gəlinin başına atar. Bu zaman gəlinin yanındakı məhrəm kişi börkünü çıxarıb tərsəsinə qızın başının üstündə saxlar ki, almalar onun içinə düşsün və gəlinin başına dəyməsin. Bəzi vaxt kürəkənin qız evindən dilxorluğu olsa çalışar ki, almaları börkün kənarından gəlinin başına çalsın. Əlbəttə, bu barədə qabaqdan oğlana lazım olan nəsihət verilər ki, əgər qızın başı yarılsa hər nə cür olsa öz arvadıdır. Narahatlığını özü çəkəcəkdir. Alma atılandan sonra sağdış əlində olan xırda pul və noğul ilə dolan sinini damdan yerə tökər və arvadlar içində qapan-qapış düşər. Sonra kürəkən sağdış və soldış ilə birlikdə qonşu həyətə yenərlər. Bu zaman orada bir neçə qohumlardan onun intizarını çəkər və bəyi şama qonaq aparmaq üçün dəyişməyə başlarlar. Amma məlumən sağdışın onların içində sözü keçərli olar. Hər halda hər kimin sözü keçərli olsa, bəyi öz evinə aparar. Gecəyarısı qonaqlar dağılandan sonra kürəkəni gətirib gəlin otağına keçirdib hər tərəfdən bir arvadın tövsiyəsi ilə əl-ələ verərlər. Amma hələ də bir adi arvad, qız o biri otaqlarda və həyətdə olub, bəziləri də qapı, pəncərə dalısında qulaq asarlar. Bunların arasında qız yengəsi və ayrı qız adamları da vardır və qızın nəciblik mədrəki olan döşəyə tikilən dəsmalın müntəzirdilər.

Bəy həcləyə girəndə sağ ciyini ilə girər. Bu zaman gəlin qaçıb kürəkənin ayağını ayağlamalıdır. Hər biri o birinin ayağını ayağlaya bilsə, gələcəkdə onun dili o birisinin üstünə uzun olar. Əl-ələ verib çıxandan sonra kürəkən hər nə gəlini dindirsə də cavab verməz. Bu zaman kürəkən bir miqdar pul ona “dil bağı” verməlidir. Bu pul az olsa yenə də gəlin cavab verməz, ta ki, onun razı olduğu qədər pulun məbləğı artırılar.

Gəlin yatağının üstünə şirinlik üçün kişmiş səpərlər və gəlin oğlan doğsun deyə, oğlan uşağını da döşəyin üstünə dığırlarlar.

Bəzən qız və oğlanın təcrübəsizlikləri nəticəsində ya­xud utancaqlıqlarından bu intizar o gecə nəticə verməz.

Bu zaman dedikləri kimi oğlan bağlıdır. Yəni guya düşmənlərindən biri müraciət edərək onu bağlatdırır. Və onun çarəsi də doktorların əlində yox, bəlkə həmən daunislərin əl­lə­rindədir. Odur ki, danuislərin dalısınca o qədər gedərlər ki, oğlan açılar.
Duvaq günü
Bu gün, ümumiyyətdə arvadlar üçündür.

Bu gün səhər tezdən qız evində qayqanaq bişirib oğlan evinə “otaq görüşünə” gələrlər. Kürəkən və gəlin üçün ayrı bir qabda pay qoyarlar. Bu gün oğlan və qızın tayfa arvadları nahara çağırılırlar. Nahar veriləndən sonra kişilərin dövranları kimi, arvadlar tərəfindən “duvax”, yəni pul yığılar. Beləliklə, oğlan və qız dövran və duvax pulları nəticəsində müştərək ya­şayışlarının ilk günlərində malı məzyuqələrə məruz qalmazlar.

Bu da deyilməlidir ki, bu duvax və dövranlar borc kimi bir bir şeydir, illərcə toylarda şərkət edib bu pullardan verib və gələcəkdə verəcəkdirlər.

Bu yığılan pulların müqdəratı hər nə qədər cox olsa artıq iftixar sayılar. Odur ki, toy sahibləri çox çalışarlar ki, hamı razı qalsın və toya gələnlərin istədikləri tamamı ilə yerinə yetirilsin. Məsələn, bir nəfər ki, hey tiryək və çay və qeyri sifariş verir, söz yox ki, dövranda da çox pul verəcəkdir. Əlbəttə bunsuz da bir növ vəzifə və “dəb” olaraq tayfa cavanları o neçə gün həmişə ayaqüstə qulluqda durar və yorulmadan xidmət edib, su istə­yən­də su, çay istəyəndə çay, hətta gecəyarısı acmış qumarbazlara peynir, çörək və şirin çay və qeyrini yetirərlər.


Duvaq qapma
Bu gün rəsmlərindən biri də duvağ qapmadır. Gəlini gə­tirib tərsə qoyulmuş bir tabağın üstündə oturdarlar. Tabağın altına cörək, peynir və su qoyarlar. Gəlinin üzünə nazik parça duvağ salınar. Bir məhrəm oğlan uşağı gəlib o örtüyü qapıb qaçar. Bəzən oğlan utancaq və gəlin yumulub duvağı uşaqdan alar. Bu zaman oğlana bir zad verilməz, amma duvağı qapıb apara bilsə ona corabdan– zaddan verilib, duvağ dalı alınar. Sonra çörək və peynir tikələnib hərəyə bir balaca tikə verərlər. Və suyu da icərlər. Duvağ qapmadan sonra üşüncü gündən qız adamları tərəfindən növbət ilə kürəkənə ayağ açma edərlər.
Qadın toylarında oyun
Səfər ayının sonunda qadınların arasında kecirilən məra­simdə xoş rəngdə geyinib kecinırdik – qırmızı don , qırmızı önlük. Bir nəfər başına cadra salıb qız olardı. Bir nəfərə də şalvar geydirərdik, olardı kişi. Bəzi vaxtlar əlinə bir zad da verərdik. Yadıma gəlir “şərabı tök fincana” oxumağa yetişən­də bunun əlinə süt şüşəsində cay verirdik. O da kefli ədası cıxardardı, ya “zıri xanımlar”ı oxuyanda əlini topanca kimi şaq­qıldadardı. Bu qız qır verə-verə yoldan kecərdi, kişi də onu görüb sataşardı. Əvvəli belə başlardı:

– Hacı məhlə qızı, sən üzün sövməli,

Görsəydim gözüvü alardım səni.

Qız gözünü çadradan eşigə cıxarardı. Sonra üstə yazılan sözləri oxuyub, qızın çadrasını acardı. “Bala Zəri xanım” oxumağından əldə olan parcalar:

Ev oldu xulut, bala Zəri xanım,

Cadranı tərpət , bala Zəri xanım,

Şeytana lənət, bala Zəri xanım.
Əldə topanca, bala Zəri xanım,

Gəlləm dalınca , bala Zəri xanım,

Mənim olunca bala Zəri xanım.

“Can-cana” oxumağımızdan əldə olan parçalar:

Can cana, can cana,

Şərabı tök fincana.

Mən ki içən deyiləm,

Qurbanam içən cana.

Bir cürə də varıydı. Bir nəfər ayağına rəng, ya corab kecirdərdi, birinin üstünə arvad qaş-gözü çəkərdi, birinin də üstünə bığ-saqqal. Sonra bu ayaqlar bir-birilə savaşardılar. Mənim yadımda deyil nə deyirdilər, amma yadımdadır ki, arvad ərinin döyərdi.

Bir cürə də var idi, kişi evə gəlib qapını döyərdi. Arvadı acmazdı, ikisi şerinən danışırdılar:

Aç qapını arvad, qapıda qalmışam,

Beş tümənə bir ləbədar almışam.




YAĞIŞ YAĞDIRMA MƏRASİMLƏRİ
Yekənatda yağış çox az gələr. Hərçənd su azlığı İranın çox yerlərində xalqın böyük müşkilatı sayılır. Arvadların el ocağında oxuduqları şeirlərdən biri budur ki, Kəhriz -Yekənin şərqində vaqiə olan qala dağına xitab edərək deyərlər:

Qala dağının buludu,

Yetimlərin ümudu,

Allah bir yağış yetir

Dəmlərimiz qurudu.

Bir ayrı rəsmidə “Çömçə xatın” çıxartmaqdadır. Bu rəsm­də bir-iki nəfər libasların dəyişərək bir uzun taxta qaşıq, ya çömçə ilə gəlib evlərin qabağında oxuyaraq pay alarlar:

Qışdan çıxdıq, yaza girdik,

Açıldı darvaza girdik.

Bir pul verin tuman alaq,

Kimdən alaq?

Ağadan alaq, xanımdan alaq?

Bu sözləri oxuyanda çömçəni su ilə doldurub adamların üstünə səpərlər.


Yada daşı”na səslənmələr:


Ada, ada, ada hey,

Yada, yada, yada hey.

Adam adamı tutdu,

Yadam yadamı tutdu.


Yadam gör huya düşdü,

Yadam gör suya düşdü.

Yadam qara daş oldu,

Yadam yaman yaş oldu.

Ada, ada, ada hey,

Yada, yada, yada hey.

Yada yadamı tutdu ,

Yadam gəldi, yaş oldu,

Adam gəldi, yaş oldu.
Yadam yadama gəldi,

Yadama adama gəldi,

Yadam gəldi, sel oldu,

Yadam gəldi, yel oldu.

Yadam hər yerə başdı,

Yadam dağları aşdı,

Yadam zəhməti dandı,

Yadam dərdimi andı.


Yadam yağımı əzdi,

Yadam nabatda gəldi,

Hey verdi, huyuma yadam,

Hey verdi, huyuma yadam,


Ada, ada, ada gəl,

Yada, yada, yada gəl.

Yadam gəldi baş oldu,

Üstü-başım yaş oldu.

Ada, ada, ada hey,

Yada, yada, yada hey.


Çömçəxatın nə istər,

Şirə aşır, yağış istər.

Əli, qolu xəmirdə,

Bir qaşıq su istər.

Çax daşı, çaxmaq daşı,

Yandı ürəyim başı.

Biçinlərin yoldaşı,

Əkinlərin yoldaşı,

Qalaq-qalaq xərmənlər,

Hanı çayın nəm daşı?

Çax daşı, çaxmaq daşı,

Yandı almalar başı,

Yandı heyvanlar başı.

Düzləyir sapa qarı,

Ay bulutlar siz tarı,

Gəlin bu kəndə sarı.

Bu kənd bəylər kəndidir,

Iyit yeylər kəndidir.


Dağlar quraq-quraqdı,

Tikan toraq-toraqdı.

Tikan nəyə karımdı,

Mənə oraq lazımdı.

Çax daşı, çaxmaq daşı,

Yandı ürəyim başı,

Hanı göyün yoldaşı,

Yandı dağların başı,

Allah, bir yağış göndər,

Göyərtsin dağ-daşı.

Ala dağın buludu,

Əkinçinin umudu,

Allah, bir yağış göndər,

Arpa, buğda qurudu.

Çax daşı, çaxmax daşı,

Sayaçıya pay daşı,

Olduğundan pay verən

Əli olsun yoldaşı,

Var olan əlin qıssa,

Yasdığı mismar daşı.

Verənə Allah, Əli,

Ellərə yardım əli.

Çax daşı, çaxmax daşı,

Sayaçıya pay daşı.

Əmcəgi quru inək,

Gəlin sayanı deyək,

Allah, bir yağış yetir,

Bal, qaymağı biz yeyək.


Bal-qaymaq ota bənddi,

Ot-ələf suya nəddi,

Çay-çəmən göyə bənddi,

Göylər buluda bənddi.


Bulutlar, ay bulutlar,

Əkinçiyə umudlar.

Darını səpdim, təpdim,

Toxumu lap yerə səpdim,

Göy gözü quru baxır,

Şənə sinəyə çəkdim,

Əmçəyi quru inək,

Gəlin sayanı deyək.

Saya yaxşı sayadı,

Onun işi payadı,

İstədiyi yağışdı,

Üzü sarı çayadı.

Çaylar axır şaqqaşaq,

Nəhrə çalaq laqqalaq,

Kərə qaymaq sizinki,

Ayrana biz də qonaq.

Əmcəki qurur inək,

Gəlin sayanı deyək.


Saya elin yoldaşı,

Yaman günün yoldaşı.

Al Allah, yağış göndər,

Gövərtsin dağı, daşı.

Sayaçıya pay bağlı,

Pay verən yaya bağlı,

Yay hasili su istər,

Hasillər paya bağlı.


Su gəlsin daşa-daşa,

Çaylardan aşa-aşa,

Muştuluğun mən verim,

Yanğın yada, yoldaşa,

Qara bulut çaqqaşa.
Yağa yağışın düzə,

Uşaqlar, ay oynaşa.

Əmcəki qurur inək,

Gəl səni söyündürək,

Yağış yağsın ot olsun,

Onda səni dindirək.


Saya-saya nə istər,

Allahdan yağış istər.

Pay verənin əlindən

Al qırmızı nar istər,

Pay verməyənin qəbrin,

Çox yox, bir qarış istər.




Dodu”yla bağlı nəğmələr:

Dodu-dodunu gördünmü?

Doduya salam verdinmi?

Quşum hardan gəlirsən?

Qanlı qaya dibindən.

Qanın harda qurudu,

Allah belə buyurdu.

Allah bir yağış göndər,

Dənlərimiz qurudu.

Evlərdən pay alandan sonra bu nəğmələr söylənir:

Allah bir yağış göndər,

Bəndəvə bəxşi eylə.

Qapıları döyərkən deyirlər:

Çömçə gəlin nə istər?

Allahdan yağış istər,

Hər qapıya dayansa,

Bir nəlbəki pay istər.
Çömçə gəlin nə istər?

Tanrıdan yağış istər,

Əli-qolu xəmirdə,

Allahdan yağış istər.

Xudadan yağış istər,

Balaların yağlıya,

Xudaya şükür eyləyə.

Çax-çaxı çaxmaq daşı,

Yandı ürəyim başı,

Allah, bir yağış göndər,

Demilərimiz qurudu.

Çax-çaxı çaxmaq daşı,

Yandı ürəyim başı.

Allah, bir yağış göndər,

İslatsın dağı-daşı.
* * *

Ay məstana, məstana,

Keçi düşdü bostana,

Allah bir yağış göndər,

Zəmilərimiz isdana.
Xorasanda “Yağış yağdırma” mərasimi nəğmələri:

Kosan, kosa nə istər?

Tanrıdan yağış istər.

Kosan işi hesabdır,

Qar da yağsa hesabdır.

Kosan yazıq kasıbdır,

Çox borc onu basıbdır.

Allah yağış verginən,

Nəzrim qəbul etginən.

Yağ yağışım selinən,

Yağ yetimin belinən.

Yağ sağırın bağçasına,

Yağ qocanın deyməsinə.
Saya mərasimi və sayaçılar
Mərasimin əvvəlində oxunan nəğmələr:

Bu saya kimdən qalıb,

Adəm atadan qalıb,

Adəm ata gələndə,

Dünya bünyad olanda.

Qızıl buğda bitəndə,

Qızıl öküz duranda,

Musa çoban olanda,

Şişliyimiz oyucluq bəylər.
Salam əleyk, say bəylər,

Bir-birindən yey bəylər.

Sayanı gətirmişəm,

Sayanı itirmişəm.

Qurusu sayalı bəylər,

Gül üzlü həyalı bəylər.

Qurumasın gölünüz,

Ürə gəlsin dolunuz,

Gödəlməsin boyunuz,

Kəsilməsin soyunuz.

Sayanın üstə gəlsin,

Üstündə püstə gəlsin.

Hay verin sayaçıya,

Pay verin sayaçıya.

Qapınız haylı olsun,

Sayanız paylı olsun.

* * *

Saya yaxşı sayadır,



Yerin-yurdu qayadır,

Onun gözəl sözləri,

Yatanları oyadır.

Bu sözlərdən sonra qoyun bəylərinin sayaçıya pay və qoyun vermələrini təşviq etmək və maraqlandırmaq üçün bu sözləri oxuyardılar:

Basa-basa gətirənin,

Cırdığı mahud olsun.

Doğduğu oğlan olsun,

Adı Məhəmməd olsun.


Qısa-qısa gətirənin,

Cırdığı bez olsun,


Doğduğu da qız olsun,

Başları da daz olsun.

Sayaçılar hər qapıdan pay alıb çıxanda və qoyunları qa­bax­larında apara-apara və qapıdan çıxa-çıxa bu sözləri oxu­yardılar:

Pay verdilər sayaçıya,

Neçə bəkil keçini,

Neçə səkil qurunu.

Erkəçin asmasını,

Quyruğu basmasını.

Pay verdilər sayaya,

Say verdilər sayaya.

Yolun yol olsun saya,

Sayan bol olsun saya.

Sürülərdən pay aldı,

Say bəyləri bəy aldı.

* * *

Qoyunlu evlər gördüm,



Qurulu yaya bənzər,

Qoyunsuz evlər gördüm,

Qurumuş çaya bənzər.

Qoyun var kərə gəzər,

Qoyun var, kürə gəzər.

Gedər dağları gəzər,

Gələr evləri bəzər.

* * *


Sayaçıya rəhmət gəldi,

Xeyir və bərəkət gəldi.

Saya-saya sayadan,

Damazlıqda mayadan

Gətir sayanın payın,

Ağa (xanım) evin avadan.


Və ya:

Gəlinin dodağı bal,

Durub qabağımda lal.

Gəlin, tez ol pay gətir,

Sayaçını yola sal.

Sayaçılar payları alandan sonra bu sözlərlə təqribən mərasimə son qoyulardı:

Gəlinlər dayandı doqqazda,

Sayalar oxundu doqqazda.

Salam verdik say bəylər,

Bir-birindən yey bəylər.

Sayanı gətirmişdik,

Sayını itirmişdik,

Hay verdiz sayaçıya,

Pay verdiz sayaçıya.


Sürülərdən pay aldı,

Say bəylərdən say aldı,

Qapınız saylı olsun,

Sayanız paylı olsun.



Çillətökmə mərasimləri

(Ərdəbil)
Ana ilə balanın qorunması üçün admlar var güc­­lə­riylə çalışırlar. Yeni doğan qadın (zahı) körpəsiylə birgə qırx günə qədər ətraflı gizlənilib, bu dövrü salamatlıqla sovmalarına olduğu qədər yardım göstərilir. Zahının yaxın adamlarından neçə nəfər yeddi günə kimi onunla körpəsinin yanında olub hər yönlü qoruyaraq, yedirib-içirtməklə onlara da yer verirlər.

Bizim ailələrin arasında belə bir inam var ki, yeni doğmuş başqa qadın xəbərsizcə özü kimi tazə doğan qadının yanına gəlsə, onun çilləsi evdə olan qadını basar. Demək çillə basmış qadın daha boylu ola bilməz. Yeri gələmişkənə onun çilləsi tökülməlidir. İnanclara görə, çilləbasmanın başqa növ­ləri də var.

– Qırxı çıxmamış uşağın üstünə xəbərsizcə qırx içində olan uşağı gətirsələr onun çilləsi evdə olan uşağı basar.

– Belə ittifaq toyları olmuş iki gəlin arasında da üz verə bilir. Elə bu durumda da bir gəlin xəbərsiz o birsi gəlin yanına gəlirsə, qabaqda dediyimiz iş üz verəcək.

– Dua ilə zaminlənmiş yanında olan hər kimsə də zahı ilə qırxı çıxmamış uşağın yanına xəbərsiz gəlsə, çilləbasma baş verər.

Ailələrdə çilləbasmağın qabağın almaq üçün çeşidli yol­lar var:

– Qırxlı uşağı çillə basmasın deyə, onun görüşünə gələn yaxın-uzaq adamları otaq qapısının astanasında saxlayıb uşağı qapının önündə yuxarı qaldırıb görüşə gələn qonaqları onun altından keçirərlər.

– Zahının görüşünə gələn qadın qonaq qırxı çıxmamış yeni doğan olsa zahı onun qabağına çıxıb, çalışarlar bu iki nəfər üz-üzə qarşılaşsınlar ki, çilləbasma baş verməsin. Bu durumda təzə toyu olan gəlinlər arasında da ola bilir.

– İki tazə toyu olmuş gəlin bir-birini görmək üçün üz-üzə addımlayıb, heç biri dayanmadan bir yerə yetişib kef-əhvallaşarlar.

Çilləbasmamaq yollarına göz yumub, gahdan bilməzlik üzrə çilləbasma baş versə inanclara görə qadın, gəlin, bir də uşağın gövdəsində çatışmamazlıqlar üzə çıxar. Qadınla gəlin çillələri üstlərində qalan kimi boylu ola bilməzlər.

Çilləsi olan uşaqda bir para xəstəliklərlə gövdə çatış­maz­lıqları tapar. Vaxtından gec dil açar, yerimək zamanı uzun çəkər, başı durmadan titrəyər, gözləri axar və s.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin