AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


ƏDƏBİYYATIMIZA AİD YAPILAN



Yüklə 1,08 Mb.
səhifə3/14
tarix31.01.2017
ölçüsü1,08 Mb.
#7209
1   2   3   4   5   6   7   8   9   ...   14

ƏDƏBİYYATIMIZA AİD YAPILAN

TƏDQİQLƏR HAQQINDA
TƏHLİLİ BİBLİOQRAFİK MƏLUMAT
Ədəbi dövrlərin tədqiq və təhlilinə başlamadan əvvəl üsula riayət edərək biblioqrafiya məlumatı vermək məcburiyyətindəyiz. Bunun üçün bu vaxta qədər Avropa, Türkiyə, Rusiya və Qafqasda ədə­biyyatımız haqqında yapılan nəşriyyatı gözdən keçirəcəgiz. Bu xüsusdakı təhlillərimiz qısa olmaqla bərabər ümumidir; Azəri tədqiqinin müxtəlif dövr və şəxsiyyətləri üçün iləri sürdüyü iddia və nəzəriyyələr isə öz bəhslərində vəsiqələr ilə qarşılaşdı­rıla­caq­dır.

I. Avropada yapılan tədqiqlər:

§1.Ədəbiyyatımızın ilk dövrlərinə aid mühüm bir vəsiqə olan və dünyada yalnız bir nüsxəsi bulunan “Kitabi-Dədəm Qor­qud əla-lisan taifey-i oğuzan”1 haqqında alman alimlərindən Fley­­şerin Drezden kitabxanası yazmaları üçün tərtib etdiyi kata­loq­da ibtidai məlumatı vardır.

§2. Yenə alman türkoloqlarından Dits tərəfindən Drezden­dəki Qorqud kitabı ayrıca kopiya edilmişdir. Bu nüsxə Berlin Kral kitabxanasında pe-ça kataloqunda 203 numerədədir. Dits, eyni zamanda Qorqud kitabından “Basatın Təpəgözü öldürməsi” əfsanəsini almancaya tərcümə edərək mətn – teksti ilə bərabər 1815-ci ildə nəşr etdigi şərqiyyat materiallarına aid “Den Kwurdi­geiten non Azien” adlı əsərində basdırmışdır.

§3. Hiyoldeke – Hijoldege adında bir alman aliminin 1859-cu ildə “Qorqudun yazma nüsxəsini kopiyə etdigini və mühüm qismlərini almancaya tərcümə eylədigini, fəqət bir çox yerlərini oxuyamadığı üçün təb” etdirməkdən vaz keçdigini akademik V.V.Bartold söyliyor.

§4. Münixen darülfünununda rus və ingilis dil və ədəbiy­yatları professoru olmuş və 1833-1835-ci il tarixlərində Qafqasda yaşamış olan Fredrix –fon-Bodenştedt Freidrich Fon Bodenstedt-in alman dilində nəşr eylədigi iki mənzum əsəri var:

I – “Mirzə Şəfinin təranələri” – Die Lieder des Mirza Schaffi”-dir (ilk dəfə olaraq Berlində 1851-ci il tarixində təb olunmuşdur)

II – “Mirzə Şəfinin miraslarından” – “Aus dem ach lafte des Mirza Saffi” adlı kitabıdır (ilk təbi 1891-ci il Berlin)

Hər iki əsərin daşıdığı ad, ilk baxışda onların dərəbəglik dövrü şairlərimizdən məğzub Mirzə Şəfi əsərlərindən tərcümə olun­duğu zəhabini veriyor; hətta ilk əsər Almaniyada nəşr edil­digi zaman bir çox mənbə tərəfindən böylə tələqqi olunmuşdur. Bunun üçün Bodenştedt ikinci kitabının sonuna əlavə etdigi uzun izahat ilə şaye olan bu fikri rədd və cərh eyləmək məcburiy­yə­tində qalmışdır.

Bodenştedt kitablarındakı bütün şeirlərin özünə aid oldu­ğunu açıq bir dil ilə qeyd ediyor. İki əsərinin mündəricatı içində yalnız bir qitənin Mirzə Şəfidən tərcümə eylədigini qəti surətdə söyləyor1 də qitənin əslini də nəşr ediyor.

Bu fikri sonralar Brokhauzun nəşriyyatından olan almanca ensklopediya da təyid ediyor2.

A.Krımski də əsərlərində bu xüsusa yaxlaşırkən tərəddüd göstərməklə bərabər, Bodenştedtin Mirzə Şəfidən tərcümə etmə­digini də əlavə ediyor3.

Göz önündə bu tədqiqat duruyorkən “Xudayi-nabat” olaraq ədəbiyyat tarixi ilə məşğul bəzi mühərrirlər eyni yanlış fikirləri tədqiq və təhqiq etmədən bizim mətbuatımızda da əvirüb-çevirüb nəşr ediyorlar4.

Həqiqi vəsiqələrə degil, ağız şayiələrinə və romantik təh­lillərə istinad edən bu kibi nəşriyyat bir taqım yanlış tələqqilərin intişarından başqa bir şeyə yaramaz.

“Bodenştedtin tərcümə etdigi və Mirzə Şəfiyə aid olduğunu iddia eylədigi qitəyə gələlim: O, Mirzə Şəfinin əlyazısı ilə olan bu qitənin kalişesini “Mirzə Şəfinin miraslarından” adlı kitabının 207-ci səhifədə nəşr ediyor.

Halbuki, Bodenştedt bu qitəyi Mirzə Şəfiyə mal etməkdə qətən yanlışdır. Bu qitənin Füzuliyə aid olduğunu və Füzulinin müntəşir mətbu” divanından bulunduğunu qeyd ilə onun “Mirzə Şəfidən heç bir şey tərcümə etmədigini iddia edə biliriz. Bu su­rətlə A.Krımskinin Mirzə Şəfidən Bodenşteddə az-çox şeylər qal­dığı haqqındakı fikri də öz-özünə qiymətini itirmiş olur1.

O halda Bodenştedin əsərləri Mirzə Şəfinin adını Avropaya tanışdırmaqdan başqa, ədəbiyyatımız tarixi nöqteyi-nəzərindən yapmış bir vəzifəyə malik degildir.

Bodenştedtin “Mirzə Şəfinin təranələri” adlı əsəri 1880-ci il tarixində N.İ.Enfert tərəfindən ruscaya də tərcümə edilmişdir.

§5.Qərb aləminə şeirimizin müəyyən bir dövrünü dərli-toplu tanıdan ilk əsər deyə biliriz ki, “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” ki, Adolf Berje sahib-cənabi­nin ehtimalı ilə mətbu olunubdur, sənə 1867-ci ildə Leypsiq şə­hərində” kitabəsi altında nəşr olunan risalədir.

Başlıqdan anlaşıldığı kibi əsər Adolf Berje – Adolf Berge adında birisi tərəfindən tərtib edilmişdir. Bu mühərrir alman müəl­limlərindəndir. Bir aralıq Qafqasda bulunmuş və özünün ki­ta­bına yazdığı müqəddəmədə söylədiginə görə Mirzə Fətəli Axun­dovun yardımı ilə ədəbiyyatımızın o dövrünə aid bir çox şeir­lərini toplamış və bunları məcmuə halında türkcə olaraq təb etdirmişdir.

“Məcmueyi-əşar” bu qisimlərdən ibarətdir: “Əşari Vaqif” sərlövhəsi altında Vaqifin heca və əruz vəznində yazılmış əlli altı şeirini, ondan sonra “Əşari Zakir” adilə Zakirin müxtəlif vəznin­də qırx bir parçasını, Cəfərquluxanın iki mənzuməsini, Mirzə Mehdinin bir hecasını, Məsihatın bir müxəmməsini, Valehin üç, Kərbəlayi Abdullacan oğlunun iki, Baba bəg, Mirzə Fətəli və Meh­di bəgin birər mənzuməsi ilə, Aşıq Pərinin Mirzəcanla mü­şairə tərzində yazdıqları bir mənzuməni ehtiva edər.

Bu mənzumələrdən başqa risalədə almanca bir müqəddəmə ilə bəzi ad və istilahlar haqqında iki bəçək səhifəlik izahat də vardır. Müqəddəmədə Vaqif, Zakir, Məsihi, Qənbər, Kərbəlayi Abdulla Cəhani, Babi bəg, Mehdi bəg, Mirzə Fətəli Axundov və Aşıq Pərinin tərcümeyi-halları və ədəbi həyatları bəsit və qısa bir surətdə təhlil edilmişdir1.

§6. Bunlardan sonra Avropada kitab halında nəşr olunan təd­qiqlər Mirzə Fətəli Axundovun pyesləridir (bunlar öncə ruscaya (1853), sonra da Mirzə Cəfər adında bir iranlı tərəfindən əcəmcəyə tərcümə edilmişdir)

Fətəlinin əsərləri Avropada ilk olaraq ingilis müstəşriq­lə­rin­dən Lostirencin diqqətini cəlb etmiş və Mirzə Cəfərin tərcüməsi əsas ittixaz edilərək ingiliscəyə çevrilmişdir. Fətəli Axundovun əsərləri Avropada əsl bundan sonra məşhurət qazanmışdır. Müx­təlif məmləkətlərdə müxtəlif lisaniyyat və ədəbiyyat alimləri tərəfindən tədqiq və nəşr edilmişdir.

Barbiyer de Meynaz – Barbier de Meynaz sərfiyyətlə “He­ka­yəti-İbrahim Xəlil kimyagər” (Paris, “jurnal-du Aziatik”, 1886), A.Silliyer – A.Cillier tərəfindən “Mürafiə vəkillərinin he­ka­yəti” ilə “Sərgüzəşti-vəziri Xani Sərab” (1889), Estoqholm* fi­loloji cəmiyyəti nəşriyyatı içində “Hekayəti xırs quldurbasan” (1889) basılmışdır. Professor Varmund – Varmund tərəfindən əcəmcə tərcümə və kiçik izahat ilə bərabər “Hekayəti Müsyo Jor­dan” təb edilmişdir (Vyana, 1889)2.

Bunlardan başqa Nikolay Kulak adında birisinin Fətəlinin ko­mediyalarını almancaya tərcümə etdigini Köçərli əlavə ediyor.

Fətəli Axundovun əsərləri yalnız tərcümə edilməklə qalma­mış, Adolf Berjenin verdigi məlumata görə eyni zamanda alman səhnələrində təmsil də edilmişdir3. Yenə Adolf Berjenin izahatına görə, Fətəli Axundovun “Nəbatati-Müsyo Jordan”ı ilə “Məstəli şah”ı Adolf Berjenin qardaşı Karl Berje tərəfindən fransızcaya tərcümə edilmişdir4.

§7. Alman müstəşriqlərindən Karl Funinin Azərbaycan (Şi­mal-Qərbi İran) türklərinin ləhcəsinə aid iki məqaləsi var (Ber­lin­dəki şərq dilləri seminariyasının nəşr etdigi məcmuənin 6-7-ci cild­ləri). Bunlardan başqa Fridrix Kizenin şərqi oğuz ləhcəsi haq­qında fransızca İslam ensiklopediyasında bir məqaləsi mövcuddur ki, hər iki tədqiqat dil tarixi etibarı ilə tədqiqə layiq fikirlərə ha­vidir.

§8. Türk ədəbiyyatı ilə məşğul olan ingilis müəllimlərindən Mister Gibbin Osmanlı şerinin tarixinə aid əsərində Bürhanəddin, Nəsimi, Füzuli haqqında izahat vardır. Fəqət Gibb şərqi oğuz ləhcəsinin, keçdigi səhifələrə və doğurduğu ədəbiyyatının ümumi təkamülünə lüzumi qədər aşina olmadığından əsərinin bizə təmas edən parçaları təzkirə məlumatı mahiyyətindədir. Füzulinin qə­zəl­lərindən bir neçəsi, “Leyli və Məcnun”undan bir parçasını, Bür­hanəddin və Nəsiminin mənzumələrindən bir neçəsini mən­zum olaraq ingiliscəyə tərcümə eyləmişdir.

§9. Müvərrix Hammer də ədəbiyyatımızın bəzi dövrlərinə aid qısa və bəsit olmaqla bərabər bir çox mənzum mətnləri də almancaya tərcümə etmişdir.

§10. İngilis müvərrixlərindən Mister Riyo tərtib etdigi ka­taloqunda Xətainin məsnəvisindən Füzulinin “Leyli və Məc­nun”un­dan və Məsihinin “Vərqa və Gülşa”sından beş-on sətirlik qısaca bəhs edər.

§11. Məşhur macar müstəşriqi Vamberi nəşr etdigi küçük bir əsərində bizim Şərqi Oğuz ləhcəsinə təmas ediyor. Vamberi bu əsərində Sultan Məcid Qənizadənin “Axşam səbri xeyir olar” pye­sinin bir parçasını nəşr etdirmişdir. (Leid, 1901). Bu tədqiq yalnız filolojiyi əlaqədar edər.

§12. Fətəli bin Kəlbəli Qacarın Xorasan civarında Əliayan oğuzların Salur, Təkə və Sarık kibi qəbilələrinin ləhcələrini təd­qi­qən vücudə gətirdigi “Behcət-ül lüğat” haqqında macar müstəş­riq­lərindən Tyuri Yutefin (Thüry Lqrseftöt) macarca küçük bir risaləsi vardır (Budapest-1903) Bu da lisani bir qiymətə malikdir.
TÜRKİYƏDƏ YAPILAN TƏDQİQLƏR
1. Türkiyədə ədəbiyyata aid vaqe olan əski nəşriyyatda bi­zim ləhcəmiz ədəbiyyatına təmas edən qism haman-haman Füzuli ətrafında vücudə gələn tədqiqlərdir. Əbülziya Tofiqin 1293-cü il tarixində yazdığı “Nümuneye-ədəbiyyate-Osmaniyyə” də Füzuli­dən qayət qısa bəhs edər. Kitaba Füzulinin “Şikayətnamə”si ko­piyə edilmişdir.

2. Şəhabəddin Süleyman “Tarixe-ədəbiyyate-Osmaniyyə” ad­lı kitabında (İstanbul, Sxcaqiyan mətbəəsi,1328) Füzuliyə bir çox səhifələr ayırmışdır (səhifə 72-110). Şəhabəddin Süleyman ədə­biyyat müvərrixi olmadığından təhlilləri şairanə hissiyatın ifa­dəsi şəklindədir.

3. Məhəmməd Fuad Köprülüzadə ilə Şəhabəddin Süley­ma­nın müştərək yazdıqları “Yeni Osmanlı tarixe-ədəbiyyatı” (İstan­bul, şirkəti-mürəssibə mətbəəsi – 1334) adlı əsərlərində Qazi Bür­hanəddin (səhifə 169-173), Füzuli (səhifə 263-275) haqqındakı izahat romantik bir qiymətə haizdir.

4. Faiq Rəşadın “Tarixe-ədəbiyyate-Osmaniyyə”sindəki Nə­simi (səhifə 114-119) ilə Füzuli haqqında (səhifə 346-369) mə­lumat verərək şeirlərindən nümunələr alıyor. Məlumatı təzkirə mahiyyətindədir.

“Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan” nüsxəsinin fotoqrafı alınaraq İstanbulda Kilisli Müəllim Rifətin müsəh­həh­ligi ilə basılmışdır (İstanbul, mətbəəyi-Amirə 1332). Müəllim Ri­fə­tin istinsax əsnasında oxuyamadığı bir çox kəlmə və ifadələrin yanında yapdığı təshihlərin bir çoxu yanlışdır. Çünki Qorqud ki­tabının dili bizim şərqi oğuz ləhcəsi olduğundan xalqımızın indi belə qollanmaqda olduğu bir çox kəlmə və ifadələri Müəllim Rifət ləhcəmizi bilmədigi üçün bunları yanlış olmadığı halda Os­manlı ləhcəsinə görə təshih etmişdir. Bu isə elmə doğru bir hə­rəkət sayılamaz.

5. Qorqudun kitabı haqqında müdəqqiq müəllim M.Cövdətin 1334-cü il nəşr etdigi (Yeni məcmuənin fövqəladə nüsxəsi, səhifə 1338-ci ildə çıxmış bir tədqiqnaməsi olduğu kibi, 1338-ci ildə çıxmış olan “Dərgah” məcmuəsində yenə bu mövzuya aid ikinci bir məqaləsi var. M.Cövdət bu məqalələrində Qorqud kitabının “Oğuznamə” ilə olan münasibəti və Qorqudun şəxsiyyətini tədqiq ediyor; verdigi məlumat, mövzunun yalnız bəzi cəhətlərini aydın­laşdırıyor.

6. İstanbul Darülfünunda türk lisaniyyatı professoru Nəcib Asim “Misirdə yazılmış bir türkcə kitab” sərlövhəsini daşıyan bir məqaləsində dərəbəglik dövrü şairlərindən Zəririn əsərləri haq­qında küçük ölçüdə məlumat veriyor. (Darülfünunun ədəbiyyat fakültəsi məcmuəsi, sayı I, İstanbul, 1334). Müəllif Zəririn əsər­lərinin şərqi oğuzlara aid olduğunu bəzi lüğətlərdən çıxarıyor. Bu məqalə lisaniyyat nöqteyi nəzərindən yapılmış bir tədqiqdir.

7. Ədəbiyyatımızın tarixini çox əlaqədar edən yeganə mənbə akademik Köprülüzadə Məhəmməd Fuadın nəşriyyatıdır. Köprü­lü­zadə ilk elmi əsəri olan “Türk ədəbiyyatında ilk mütəsəvviflər” (İstanbul,1918) adındakı kitabında məhdud sətirlə bizim ləhcə­mi­zin yayıldığı sahədən Dövlətşah Səmərqəndi təzkirəsinə istinadən şair-mütəsəvvif Həsənoğludan bəhs etmişdir (səhifə 200-201 mətn və haşiyə).

Bundan sonra Köprülüzadə “Azəri ədəbiyyatı tarixi” adı altında altı məqalə nəşr etdi (İstanbul, “Türk dünyası” qəzetəsi, 1919). Bu məqalələrdə məmləkətimizin coğrafiyası, xalqımızın qövmi-mahiyyəti və ləhcəsi haqqında qısa məlumat veriliyor. Ədəbi şəxsiyyətlərdən Həsənoğlu və Qazi Bürhanəddindən müx­təsər bir surətdə bəhs ediliyor.

Bu məqalələrin Həsənoğlu və Bürhanəddin qismlər ufaq bir dəgişikliklə “Dərgah” məcmuəsində təkrar basıldı (“Dərgah, İstan­bul, 1337, səhifə 8, 1338, səhifə 180)

Köprülüzadənin “İqdam” qəzetəsində (İstanbul, 1338) Hə­bibiyə aid iki məqaləsi var. Sonradan bu məqalələr böyüdülərək Həsənoğlu haqqındakı məqaləsi ilə bərabər təkrar nəşr olun­muş­dur (Ədəbiyyat fakültəsi məcmuəsi, nisan 1925).

1924-cü ildə Şərq kitabxanası tərəfindən basılan Füzuli di­vanında professorun bir müqəddiməsi var. Burada dil və ədə­biyyatımızın Füzuliyə qədər olan təkamülünə və Füzulinin xüsusi və ədəbi həyatından qısaca bəhs ediliyor.

Köprülüzadə bütün bu yazılarını Nami adlı bir şair haq­qın­dakı tədqiqi ilə bərabər “Azəri ədəbiyyatına aid tədqiqlər” sərlöv­həsi altında “Azərnəşr”in ehtimami ilə təb” etdirdi (Bakı, 1926).

1918-ci ildən 1926-cı ilə qədər professorun ədəbiyyatımız haqqında yapdığı tədqiqlər yalnız 56 küçük səhifə tutuyor.

Türkoloji cəbhəsində cahanşümul bir şöhrəti olan Köp­rü­lü­zadənin tərkibi mahiyyətdə olan bu əsəri çox qiymətlidir.

8. Müəllifi Qafqaslı olmaqla bərabər İstanbulda yazıldığı üçün, qüdrətli hekayəçilərimizdən Yusif Vəzirovun “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı risaləsini Türkiyədə yapılan tədqiqlər arasında yad etmək lazım gəldi.

Vəzirov əsərini İstanbulda ikən Köprülüzadənin “Türk dün­yası”ndakı yazılarının nəşrindən sonra yazdı (1337). Əsər üç hissəyə bölünmüşdür:

Birinci hissə: müqəddimə, şifahi və yazılı ədəbiyyatımız şifahi ədəbiyyatımız ilə Nəsimi, Xətai, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Zakir, Şirvanlı Seyid Əzim,Sabir, yeni dövr.

İkinci hissə: “Osmanlıda (?) yetişmiş azərbaycanlı müəllif­lər”.

Üçüncü hissə: “Rusiyada yetişmiş azərbaycanlı müəlliflər”.

Risalənin sonuna “Osmanlı oxucuları üçün müxtəsər lüğət” əlavə etmişdir. “Bir neçə söz” sərlövhəli birinci müqəddimə siya­si bir mahiyyətdədir. İkinci müqəddimə tarixi və biblioqrafik bir çöhrə göstərir. Bundakı qərib mühakimələri ayrı-ayrı şərh edəcək degiliz; yalnız bəzi ana xətlər üzərində durmaq məcburiyyətin­də­yiz. Müqəddimənin bir yerində belə bir cümlə var: “İndi bizim ilə bərabər ədəbiyyatımızın mühiblərini maraqlandıran bir məsələ var. Əcaba, əsl azəri ədəbiyyatının başlanğıcını kimdən və hankı zamandan saymalı?” (səh.6). Müəllif bu sualına “Şifahi və yazılı ədəbiyyatımız”ın sonunda cavab veriyor: “Zənnimizcə Azərbay­can ədəbiyyatının başlanğıcını əhəmiyyətsiz məlumatlara istina­dən təyin etmək olmaz. Bizcə yazılı ədəbiyyatın başlanması yazılı əsərlərin meydana gəlməsində degil, ədəbiyyatı qüvvətli bir sima, iqtidarlı bir qələm başlaya bilər. Bunun üçün madam ki, əldə etdi­gimiz məlumat lazımı dərəcə ədəbi tariximizin əvvəllərini təsvir edə bilmir, yazılı ədəbiyyatımızın banisi olaraq ancaq Nəsimini göstərə bilərik” (səhifə 11).

“Şifahi ədəbiyyatımız” haqqında beş səhifəlik ibtidai məlu­matdan sonra müəllif yazılı ədəbiyyatımızı Nəsimidən yəni hicri VIII əsrdən başlayır; bu surətlə oğuz ləhcəsinin vücudə gəlmə­sindən hicri VIII əsrə qədər keçən çox böyük zaman içində vücu­də gələn ədəbi məhsulatı yox ədd ediyor. Görülüyor ki, əsər tamamilə keyfi bir hərəkətin səmərəsidir.

Bu günkü türkoloji sistemlərin bizə göstərdiginə görə ədə­biyyat tarixi bir mühərririn malı degildir ki, onu istədigi kibi alıb-satsın. Elm bir xalqın ədəbiyyatı tarixini, arzu etdigi zamandan və ya şəxsdən başlamaq səlahiyyətini hənuz heç bir müəllifə ver­mə­mişdir; ictimai bəniyyənin təşkili ilə ədəbiyyat da doğmuş de­mək­dir.

Vəzirov Nəsimi ilə Xətai, Füzuli ilə Vaqif arasındakı əsr­lərin ədəbi simasını təyin için də nəfəs tükətmək istəməyərək bir “heyfa ki” ilə “idareyi-məsləhət” üsulunu təqib ediyor. Bulundigi hissələrdən belə əhl-mütəxəssis tərəfindən yazılmış bir əsər olma­dığı açıqca anlaşılan “Azərbaycan ədəbiyyatına bir nəzər” zehni şaşıracaq yalan-yanlış bir taqım ibtidai məlumat külçəsidir.

Professor Nəcib Asimin dərəbəgilk dövrü şairlərindən Ha­mi­di haqqında yazdığı “Məchul bir şair: Molla Hamidi” sərlöv­həli məqaləsi (“İqdam” qəzetəsi, 1921) “Qaraman” tarixində ve­rilən məlumatdan xülasə”dir (Bu tarixin verdigi məlumat kitabı­mızın gələcək bəhslərindəndir).

1922-ci ildə İstanbulda yenə dərəbəglik dövrü şairlərimizdən – Bürhanəddinin bir qism mənzumələri “Divani-Qazi Bürhanəd­din” ünvanı altında basılmışdır. Bu kitab İngiltərə müştəriqlər Cə­miyyəti üzvlərindən professor Zuvian tərəfindən “Bürhanəddin” Britiş muzeyindəki yeganə yazma divanından kopiyə edilmiş par­çalardan ibarətdir ki, İstanbulda Amerikan Dil Məktəbi müdiri Fred­­fild Qursel tərəfindən nəşr olunmuşdur. “Mətbu” nüsxə üç qis­mdir:



  1. “Əl-qəzəliyyat”də səkkiz dənə (tamam və yarım olaraq) qəzəl,

  2. “Əl-rübaiyyat” qismində igirmi dənə rübai,

  3. “Əl-tuyuğat”də yüz on səkkiz dənə tuyuq vardır.

Yapraqların bir tərəfində mətn, köhnə imlası ilə o biri tə­rəfində indiki imla ilə basılmışdır. Bu əsərdə Bürhanəddinin hə­yat və sənəti cənab Şəhabəddin tərəfindən doqquz səhifəlik bir mü­qəddimə də təhlil edilmişdir ki, bir çox yanlışlıqla doludur. Mət­nin dəyərli yerləri lüzumi qədər oxunmamışdır.

İstanbul orta məktəb müəllimlərindən Rafət Evəni adında bir zat “Azərbaycan şairləri” sərlövhəsi ilə iki məqalə nəşr etdi (“Türk yurdu” məcmuəsi, 1341, eylül və tişrini əvvəl nüsxələr). Baş­lıca Berjenin əsəri ilə “Riyazül-aşiqin”, “Təzkireyi-Nəvvab”­dən istifadə etmişdir. Metod bilmədigi və məlumatı olmadığı halda bir ədəbiyyat tarixi yazmaq qəbul olacağını zənn edəcək dərəcədə zavallı olan bu müəllim Xorasandan Bayburda qədər geniş bir ərazi tutan ləhcəmizi və dolayısı ilə ədəbiyyatımızı çox kiçildərək “Qarabağ, Şirvan, Şəki” olmaq üzrə üç yerə ayırıb. Məqalələrdə Vidadi, Vaqif, Ağabəgim ağadan qayət ibtidai bir surətdə bəhs ediliyor. Uzaqlarda oturub də bir qaç kitab oxumaqla bir millətin ədəbiyyatı tarixi yazılmıyacağı fikrini bu hərəkət də bütün gülünclüyü ilə göstəriyor.

Türkiyənin məşhur naşirlərindən Süleyman Nazif: əvvəlcə “Pə­yam-sabah” qəzetəsi ilə “Sərvət-fünun” məcmuəsində nəşr et­digi Füzulinin həyat və əsəri haqqında bəzi məlumat və tədqiqa­tını “Füzuli” sərlövhəsi altında ayrıca bir kitab halında basdırdı (İstanbul, yeni mətbəə, 1926). Füzulinin məzhəbinə aid Türkiyə­də yapılan münaqişənin bir qütbü olan Süleyman Nazifin bu ki­tabı eyni zamanda bir cavabnamə mahiyyətindədir.

İstanbul “Məktəbi-bəhriyyə” müəllimlərindən İbrahim Eşqi­nin Füzuliyə aid kiçik risaləsi 1338-ci ildə İstanbulda Füzulinin “şiə-sünni”liyi haqqında açılan münaqişə əsnasında yazılmış və Füzulidə məzhəb qeydi aramaqlığın mənasız olduğunu iddia edər.

İstanbul Darülfünununda təhsil edərkən son əsrin 1925-ci il tarixinə qədər bütün fikri və ədəbi cərəyanlarını mühitin müsai­dəsi nisbətində – iqtisadi, ictimai nöqteyi-nəzərdən təhlil edərək 400 səhifəlik böyükcə bir cild halında verdigimiz “Lisaniyyə-te­zi”ni də yapılan tədqiqlər arasında göstərə biliriz (İstanbul Darül­fünunu, ədəbiyyat fakültəsi rəyasəti nəzdindəki yazmalar arasında məhfuzdur). O vaxta qədər ədəbiyyatımızın bu dövrünə aid Tür­ki­yədə başqa bir tədqiq nəşr edilməmişdir.

Yenə son cərəyanları haqqında İstanbulda nəşr olunmuş iki tətəbbönaməmiz var (“Türk yurdu” məcmuəsi, on beşinci* sənə, numero 15-16). Bunlar bir tədqiq silsiləsinin müqəddiməsidir. Son­rakı qismlərin – kommunistlik töhmətilə məcmuədə basılma­sı­na izn verilmədiyi için yarımçıq qaldı.

“Sərvət-fünun” məcmuəsində ədəbiyyatımızın son cərəyan­la­rına aid iki məqaləmiz daha var: biri Fətəli Axundov dövründən Bakı türkoloji qurultayına qədər davam edən fikri cərəyanları xülasə edər (“Qafqas türklərində fikri cərəyanlar”, “Sərvət-fü­nun” 23 eylül 1926). İkinci məqalə “1905 inqilabının ədəbiyyatı­mıza yapdığı əkslərə aiddir (“Misralarında bombalar daşıyan bir şer” – “Sərvət-fünun, 16 Kanuni-əvvəl; 1926). Ankarada çıxan “Hə­yat” (1927, numero 16) məcmuəsindəki Füzulinin bu vaxta qə­dər məchul olan “Söhbətül-əsmar” adındakı əsərinə aid məqa­lə­miz də bu cinsdən küçük bir tədqiqdir.
RUSİYADA YAPILAN TƏDQİQLƏR
Əski Peterburq Darülfünununda adyunkt ikən L.Budaqov Azərbaycanda oturan türklərin ləhcəsinə və bu ləhcənin sərfinə aid əsəri ilə1 Mirzə Kazm bəyin2 türk-tatar dillərinin sərf və nəhvi haqqındakı kitabı və M.Lazarevin müxtəlif türk ləhcələrinin rus­caya lüğətinə aid əsəri daha çox dilimizin tarixini əlaqədar edən tətəbbö namələrdir.

A.Krımskinin ifadəsinə görə Lazarevski institutu professor­la­rından L.E.Lazarevin 1862-ci ildə “Розбор поемы Мухаммед Фузули: Лейла и Меджнун” sərlövhəsi altında Füzulinin “Leyli və Məcnun”una aid bir əsər yazmışdır. Bu kitab əlyazması ha­lında imiş.

Rus imperatorluq arxeoloji cəmiyyətinin şərq şöbəsi məc­muəsinin3 8,9,19,20-ci cildlərində “Kitabi Dədəm Qorqud əla-lisana taifey-i oğuzan” haqqında akademik V.V.Bartoldun: 20-ci cildində də Qorqudun tarixi siması haqqında K.İnostrantsevin; 9-cu cildində Qoqolun hüveyyəti haqqında A.Tumanskinin; 10 və 13-cü cildlərində Qorqud haqqında xalq mənqəbələrinə aid A.Di­vaevin tətəbbönamələri vardır.

Yenə eyni məcmuənin səkkizinci cildində “Duxə Qocə” oğlı Dumrul”, on birinci cildində “Dirsə xan oğlı Buğac xan”, XIV cild. “Salur Qazanın evinin yağmalandığı” on ikinci cildində Sa­lur Qazanın evi yağma edildigi, XV cildində “Qam Burə bək oğlı Bamsı Beyrək”in hekayələri Bartold tərəfindən ruscaya tərcümə edilərək türkcə mətni ilə bərabər nəşr edilmişdir.

Bunlardan başqa yenə Bartoldun “Живая старина” məc­muə­sinin üç və dördüncü cildlərində də Qorqud haqqında yazısı vardır. Bütün bu tədqiqlər Qorqudun gərək əsəri, gərək həyatının müxtəlif cəbhələrinə ayrı-ayrı təmas edər; hiç birisi ümumi təhlil əsəri degildir.

A.Krımski türkiyəli türklərin tarix və ədəbiyyatına aid yaz­dığı məşhur əsərində bizim sahəmizə qayət səthi bir surətdə mə­lumat veriyor: “Füzuli, Xətai, Məsihi, Qövsi Təbrizi, Vaqif, Mir­zə Şəfi, Fətəli Axundov kibi şəxslərin hər biri haqqında bir neçə sətirlik məlumat verməklə iktifa etmişdir1.

Türkiyə ədəbiyyatı qismində də Bürhanəddinə aid məlumat veriyor. Krımski onun siyasi və hərbi tərcümeyi-halı ilə mühər­rirligi haqqında Gibb, Müller və Hammerə istinadən qısa izahat veriyor və Bürhanəddinin yigirmi dənə rübaisi ilə on iki dənə tuyuğunu ruscaya nəzmən tərcümə etmişdir.

Bundan başqa XVI əsr ədəbiyyatına həsr edilən bəhsdə Füzulini təhlil ediyor: Onun “Bəngü badə”sini, divanını, “Leyli və Məcnun”u ilə “Şikayətnamə”sini müxtəsər bir surətdə gözdən keçirmişdir. “Şikayətnamə”nin ruscaya tərcümə etdigi bir parçasını da məqaləsinə əlavə etmişdir.


AZƏRBAYCANDA YAPILAN TƏDQİQLƏR
1. Mirzə Yusif Nersesov tərəfindən Vaqif və müasirlərinin əsərlərindən tərtib edilmiş bir məcmueyi-əşarı var. Vaqifin heca və əruz vəznilə yazılmış altmış bir dənə şeirini havidir. Vaqifdən başqa daha yigirmi dörd şairin qitələrindən nümunələr göstəriliyor. Bunların içində Vidadi, Mirzəcan, Aşıq Pəri, Baba bəydən bir çox nümunə alınmışdır. Məcmuənin başında Vaqifin farsca yazılmış tərcümeyi-halı vardır; kitab yazma nüsxə halındadır. (Bizim gördügümüz iki nüsxədən biri şair Məhəmməd Səid Ordubadi, o biri şair Əli Abbas Müznib yoldaşların xüsusi kitabxanalarına aiddir).

2. F.Köçərlinin rusca olaraq «Литература Азербайджан­ских татар» adlı risaləsi, Vaqif, Zakir, Mirzə Fətəli Axundov, Həsən bəg Məlikov və Ahi haqqında nisbətən təfsilat veriyor: 1903-cü il tarixinə qədər ədəbiyyatımızın müxtəlif sahəsində yalnız Qafqaz türklərində yetişən şəxsiyyətləri də qısa sətirlərlə yad ediyor. Köçərlinin bu əsəri tərcümeyi-hal risaləsi olmaqla bərabər bir çox ənfəs (subyektiv) hökmləri də az degildir (Tiflis, 1903).

3.Vaqifin mənzumələrindən bir qismi Qafqasya şüərasından Molla Pənah Vaqifin ələ düşən əşarı” sərlövhəsi altında Haşım bəg Vəzirov tərəfindən 115 səhifəlik küçük bir risalə həcmində basılmışdır (Bakı, 1908). Məcmuə Haşım bəg qələmi ilə yazılmış Vaqifin tərcümeyi-halını də havidir.

4.Məhəmməd bəg Mirzə Sərdan Qarabaği tərəfindən tərtib edilən “Riyazül-aşiqin” 1306-cı ildə İstanbulda təb edilmişdir. Dərəbəglik dövründə Qarabağda yetişən şairlərin qısa tərcümeyi-halları ilə şeirlərindən nümunələr ehtiva edən bir təzkirədir. “Riyazül-aşiqin” iki “Rövzə” ilə bir “Bağçə”ya bölünmüşdür. Bi­rinci rövzə müəllifin yaşadığı tarixdən əvvəl ölən şairlərə, ikinci rövzə müasirlərə, “Bağçə”də müəllifin “Əhval və nətayeci-xə­yali”nə həsr edilmişdir. Halbuki təb edilən birinci cild bu fehristi havi degildir. Bu cild Əbül-fəth Tutidən Bakıya qədər yetişən şairləri alıyor.

5.F.Köçərli Mirzə Fətəli Axundovun doğum günündən yüz yıl keçməsi münasibəti ilə yazdığı küçük risaləsi Mirzə Fətəlinin tərcümeyi-halına aiddir; ayrıca “Sərgüzəşti-Mərdi Xəsis”i təhlil edər (Tiflis, Kultura mətbəəsi, 1911). Bu risalənin mündəricatı Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adındakı əsərində daha müfəssəl olaraq bulunur.

6. Yenə F.Köçərlinin “Balalara hədiyyə” adı altında tərtib etdigi risalə (Баку, 1912) xalq ədəbiyyatımızın cocuqlara məxsus bir qism materiallarını havidir. Bu cəhətdən çox qiymətli olan əsər əski şairlərdən bəzilərinin qırıq-sökük bir nəzm texnikasıyla yazılmış olduğu hekayələrin əlavə edilməsi ilə qiymətcə xələldar olmuşdur.

7. Nəvvab Mir Möhsün bin hacı Mir Əhməd Ağası Ağamir­za­də Qərabağinin “Təzkireyi-Nəvvab”ı Vaqifdən etibarən hicri 1309-cu il tarixinə qədər Qarabağda yetişən şairlərə aid bir təz­kirədir. Təzkirə iki qismdir: birincisi 1309-cu ildən əvvəl ölənlərə, ikincisi o tarixdə yaşamaqda olan şairlərə aiddir: hər şair haqqında bir neçə sətirlik bəsit və ibtidai bir şəkildə yazılmış tərcümeyi-hal ilə bir qaç şeir dərc edər. 1913-cü ildə Bakıda təb olunan bu təzkirə çox mənasız olaraq farsca basılmışdır: şairlərin tərcümeyi-halları da əcəmcə yazılmış, əcəmcə şeiri olan şairlərin əcəmcə şeirlərindən də nümunə alınmışdır: hətta bir şairin şeirləri tərtib edilərkən əvvəlcə əcəm dilində yazılanlar, sonra türkcə olanlar qonulmuşdur.

8. “Azərbaycan ədəbiyyatı” sərlövhəsinə Salman Mümtazın Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Nişat Şirvani, Məhəm­məd Hüseyn xan Müştaq, Qövsi, Kərbəlayi Allahi Arif, Nitqiyi-Şir­vani, Qasım bək Zakir, Mirzə Şəfi Vazeh, Seyid İmaməddin Nə­simi haqqındakı risalələrinə əlavə etdiyi müqəddəmələr müəl­lifin öz ifadəsinə görə yigirmi beş sənədən bəri yapdığı tədqiqat və tətəb­böatinə (Ağa Məsih Şirvani, müqəddəmə, səhifə 4) rəğ­mən çox qarışıq və ibtidaidir. Şaşırıcı bir dərəcədə olan bu qarı­şıq­lıq öz bəhs­lərində vəsiqələrlə qarşılaşdırılacaqdır. Risalələr “Kom­mu­nist” qəzetəsi tərəfindən (Баку, 1925-1926) təb edilmişdir.

9. Ədəbi fəaliyyətinin dörd yüz illigi münasibətilə Füzuli haqqında “Azərbaycan ədəbiyyat cəmiyyəti”nin basdırdığı (Баку, 1925) risalə, müxtəlif şeir və məqalələrdən tərtib edilmişdir. “Ziynəti-nuşirəvan”ın təhlili müstəsna olmaq üzrə, risalə, Füzuli haqqında yazılmış şairanə “mədhnamə”lər külliyatıdır. Bunlarda əksəriyyətlə məxəzlər göstərilməməsinə rəğmən – Fatıq Rəşadın “Tarixi-ədəbiyyati-Osmaniyyə”si ilə Şəhabəddin Simanın Os­man­lı ədəbiyyatına aid əsərləri və Əbdülziya Tofiqin “Osmanlı ədə­biyyatı nümunələri” adlı əsərindəki Füzuliyə aid məlumatdan kopiyə edilmişdir. Bu cəhətlər öz bəhsində göstəriləcəkdir.

10. 1925-ci ildə “Azərnəşr”in həmiyyətilə basılan Firudin bək Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı altında iki cilddə – dörd hissə olan əsəri müəyyən dövrlərin ədəbiyyat tarixi ədd ediləməz. Əsrlərdən bəri yaşayan təzkirəçilik üsulunun mütəmadisidir. Zatən müəllif müqəddəmədə izah etdigi kibi əsərini şəkil cəhətindən Lütfəli bəg Azərin “Atəşkədə” adlı təzkirəsinə bənzətmək istədigini qeyd ediyor və əsərin mahiy­yətini də “Tainki bizim Azərbaycan şüəri və üdəbamızın əşar və asarı və özlərinin nam və nişanları unudulub əbnayi-vətənin xa­tirindən bilmərrə çıqmasun” cümləsi ilə izah ediyor. Görülüyor ki, mühərrir ədəbiyyat tarixinin, mədəniyyət tarixinin mühüm bir cəbhəsi olduğundan belə xəbərsizdir.

Yenə əski təzkirələrdə olduğu kibi, ədəbiyyat məfhumu haq­qında ehtiva etdigi başlanğıcı – köhnə ədəbiyyat tələqqisi nəticəsi olaraq bir çox... hökmlərlə dolu olan bu əsər, material cəhətindən – bir çoxu ədəbiyyat tarixini əlaqədar etməyəcək şəxslərin əsər­ləri olmasına rəğmən çox zəngindir.

11. A.Zeynallı yoldaşın atalar sözünə aid əsəri (Bakı, 1926) külli miqdarda, ləhcəmizin doğurduğu məsəllər ilə eyni bir mü­qəd­dəmədən mütəşəkkildir. Xalq ədəbiyyatımızın mühüm bir cəb­həsini aydınladan bu əsər, bu vaxta qədər ədəbiyyatımıza aid yapılan işləmələrin (əməliyyə) ən qiymətlisidir.

12. ”Kommunist” qəzetəsinin nəşriyyatından olan “Əkinçi” risaləsi Həsən bəg Məlikov Zərdabinin tərcümeyi-halına aiddir. Ayrıca Həsən bəgin bir məqaləsini havidir (Баку,1926).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin