AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr IV kitab



Yüklə 5,93 Mb.
səhifə21/31
tarix07.01.2017
ölçüsü5,93 Mb.
#4721
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

11. ARVAD ŞƏRİ
Bir gün kişi namaz qılırmış. Keçmişdə deyillərmiş ki, şeytan şərinnən, şah qəzəbinnən, arvad şərinnən Allah, sən saxla. Kişinin arvadı fikir verir, görür ki, kişi bu sözdəri dedi, amma arvad şərinnən demədi. Namazı qutaran kimi deyir:

– A kişi, sən niyə demədin arvad şərinnən?

Deyir ki, pah, arvadın özü nədi, şəri də nə ola. Deyir ki, a kişi, nətər yanı arvadın özü nədi, şəri nə ola. Sən arvad şərinnən qorxmursan? Deyir:

– Yox, arvad maa nə şər eliyə bilər ki?

Deyir:

– Onda yaxşı, eybi yoxdu, baxarıx.

Kişi çıxır gedir işə-gücə. Bu heyni həyətə balıx satan gəlir. Bu balıxlardan alır. Kişiyə çörək-zad aparır da işə. Tez buları bükür, rahatdıyır. Kişi elə bil ki, oturub çörək yeyəndə arvad durur balıxları bir-bir düzür şumun içinə. Elə eliyir ki, kişi hiss eləmir. Bu çəkilir oturur qıraxda. Kişi yeyir-içir, durur başdıyır işə. Arvad deyir bir az baxım görüm nətər şumluyursan. Deyir:

– Hə, neynəh, otur bax da, nolacax.

Bu kişi başdıyır şumlamağa. Xışı vurur yerə, görür ki, vallah balıx çıxdı. Biri, ikisi, beşi, onu. Deyir:

– Ay arvad, ay arvad, tez bir qab gətir bura, burda balıxlar var, yığım apar.

Arvad deyir:

– A kişi, bəsdi, saa güləllər. Nətər şumun içində balıx var?

Deyir:

– Ay arvad, gəl bax da, bu dey balıx var şumun içində.



Gəlir arvad, doğurdan da, görür balıx var axı. Bu balıxları yığır, çəkilir qırağa. Kişi deyir ki, ay arvad, apar buları yu, yaxşı aş bişir, balığı da döşə altına. Deyir:

– Mənim gözüm üstə.

Gəlir arvad balığı yuyur, rahatdıyır, pulovu bişirir, vurur dəmə. Axşam olur, kişi gəlir. Kişi gəlir görür ki, arvad sakitcə oturub, heş nə də yoxdu. Deyir:

– Ay arvad, yeməyə nə var?

Deyir:

– Heş nə.



Deyir:

– Nətər yanı heş nə? Mən saa bəs balıx yığdım ki, apar bişir.

Deyir:

– Hardan yığdın balığı?



Deyir:

– Balığı şumdan yığdım.

Deyir:

– A kişi, mənim yanımda dedin, başqa adamın yanında demə, saa güləllər. Heç şumda da balığ olar?



Deyir:

– Ay arvad, Allahın olsun, Tanrın olsun, mən səni çağırdım, şumdan balıxları yığdım qaba ki, apar bunu yu, təmizdə, aş bişir, qoy altına gələk yeyək.

Deyir:

– Kişi, etmə, eləmə, sən dəli olmusan.



Kişi bunu başdıyır möhkəm döyür. Qonum-qonşu, dost-tanış yığılır gəlir, yəni belə aylə deyil də bu. Deyir:

– A kişi, nolub saa, sən niyə bu arvadı döyürsən? Nədi sizin dərdız?

Arvad deyir:

– Ay sizə qurban olum, ay camahat, bəlkə mən səyf eliyirəm. Bu kişi mənə deyir ki, mən şumdan saa balıx yığıb vermişəm, sən aş bişir qoy altına, mən gəlib yeyim. Heç şumda da balığ olar?

Deyillər ki, yox, şumda niyə balığ olur ki? Balıx suda olar. Deyir ki, bu kişi dəli olub, ay camahat. Camahat deyir ki, hə, doğurdan da, qardaş, sən dəli olmusan. Yaxşısı budu ki, sən get molluya. Kişi baxır ki, camahat bunu inandırdı da, bu dəli olubdu, bu getməlidi mollaya. Gətirir bir inəyi var, onu götürür aparır mollaya. Bir dənə də bunun kastyumu varmış da, onu da götürür, çörəh-zad bağlıyır, düşür yola. Gedir özünə qonşu kəntdə baxdırmağa. Arvad tez durur qarabaqara kişinin dalınca gəlir. Kişi gəlir, yorulur bir ağacın dibində, bulağ başında yeyir-içir, inəyi də bağlıyır ağaca, kastyumu da qoyur qırağa. Başın atır, kişini yuxu aparır. Arvad özünü çatdırır, görür kişi yatıb. Kişinin kostuyumunu geyinir, inəyi açır qatır qabağına, yavaş-yavaş gedir. Kişi birdən ayılır görür nə inək var, nə paltar var. Baxır görür ki, vallah, inək gedir, dalınca da bu kişinin özü gedir. Özünə baxır, inəyə baxır, inəyi aparana baxır. Kişinin adı Məmməd olur. Kişi qaçır qabağa, deyir ki, o Məmmətdi, bəs mən kiməm. Mən Məmmədəm, – qayıdır dala, – bəs o kimdi? Bir də irəliyir mən Məmmədəm, o kimdi? O Məmmətdi, mən kiməm? Kişi o qədər “mən Məmmədəm o kimidi, o Məmmətdi mən kiməm” deyir, əldən düşür, oturur. Arvad tez inəyi bağlıyır tavlıya, paltarın dəyişir oturur. Kişi gəlir. Tay kişi nə abırda gəlir. Oturur oyan-buyan. Kişi bir az dincəlir eliyir. Əvvəl camahat onu dirəyə bağlıyır ki, kişi dəlidi da. Sora açıllar. Kişi gəlir əlin-ayağın yuyur, oturur. Arvad gedir qazanı gətirir, başdıyır pulovu çəkməyə. Çəkəndə balığın quyruğu görsənir. Deyir:

– Arvad, dur mənim gözümü də bağla, özümü də dirəyə bağla.

Deyir:

– A kişi, niyə?



Deyir:

– Balığın quyruğu görsənir.

Deyir:

– Ay kişi, bəs mən sənə dedim namaz qılanda deynən şeytan şərinnən, bəy qəzəbinnən, arvad şərinnən Allah, sən saxla. Sən dedin ki, arvadın özü nədi şəri də nə ola. Arvad maa nə şər eliyə bilər? Gördün səən başa nə oyun açdım.



Nağıl burda bitdi.
12. MƏHƏMMƏD HƏNİFƏ
Çığırğan Əli məçitdə mooz eliyirdi camahata. Qapıya bir ərəb gəldi. Ərəb dedi ki, Əlinin yanına getmək isdiyirəm. Əliyə dedilər ki, sənin yana gəlmək isdəyən var da. Dedi, buraxın gəlsin. Ərəb dedi ki, Əliyə deynən ki, yezitdər duz vermir bizə. Duzsuzduxdan bədənim iylənif, içəri girə bilmərəm. Həzrət Əli üz tutdu məçitdəki adamlara, dedi ki, kim gedər duz dağınnan bu millətə duz gətirə bilər? Heç kəs cavab vermədi, başdarın tikdilər aşağa. Məhəmməd Hənifə dedi ki, ata, mən gedərəm. Bu da balaca uşağ idi da. Atası dedi ki, get. Getdi anasınnan izin aldı. Dedi, ana, izin ver maa, gedirəm duz dağını açam. Atı mindi getdi. Millət də bunun dalıncan getdi. Duzdan çapdı, millət daşıdı. Məhəmməd Hənifə otdu fikirrəşdi ki, mən Əlinin oğluyam, gedəcəm maa deyəcəklər getdin neynədin? Deyim getdim bir az duz oğurradım gəldim? Duz yolunu aşmalıyam.

Atı minir yenir şəhərə. Çarhouz vardı, onun qırağında atı buraxır, özü də uzanır. Orda Qəmi adda pəhlivan vardı. Pəhlivan da sərhətdərə gedir. Bunun arvadı qulluxçunu göndərir ki, get çarhouzdan su gətir əlimi yuyum. Qulluxçu gedir görür ki, suyun qırağında bir gözəl oğlan yatıb, bir gözəl oğlan yatıb. Gözü bu oğlanda aftafanın götün basır suya, aparır. Xanım deyir, gət tök əlimi yuyum. Əyir görür su yoxdu içində. Xanım deyir, aaz, bu nədi, su gətirməmisən? Deyir, xanım, mən gördüyümü sən görseydin heç aftafanın götün də isdadammazdın. Deyir, aaz, məni apar görüm nə görmüsən. Gəlir görür bir cavan oğlan par-par yanır, yatıb. Oğlanı oyadır, deyir, ay oğlan, Qəmi pəhlivan gəlsə səni burnuna çəkəcək. Burda niyə yatmısan? Deyif, get hələ maa su gətir. Gedir qızıl camda su gətirir. Deyir, təmiz deyil, apar təmizdə gətir. Aparır bir də yuyur gətirir. Deyir, təmiz deyil, apar təmizdə gətir. Deyir ki, ay ərəb, əlim təmiz, cam qızıl, nətər yuyum ki, təmiz olsun. Deyir, get suya tut camı, denən “Allahın məsəli əla Məhəmməd və ali Məhəmməd” gət su içim. Gedir heylə eliyir, gətirir suyu içir.

Deyir, xanım, Qəmi pəhlivan gələndə onun qabağına nə aparırsan? Deyir, neçə cəmdək yemək aparıram. Deyir, o gələndə yemək aparma. Özün də get uzan, denən ki, bir ərəb gəlib bizi şehid eliyifdi.

Pəhlivan gəlir. Arvad qabağına yemək aparmır. Pəhlivan hirsdi-hirsdi gəlir. Arvad deyir, bir ərəb gəlifdi, bizi şehid eliyifdi. Qəmi pəhlivan gedir suyun qırağına, görür bir balaca oğlan yatıfdı burda. Deyir, aaz, budu sizi şehid eliyən? Deyir, hə. Bunu oyadır. Deyir ki, nə cürətnən gəlib burda yatmısan? Bir az pəhlivannığınnan danışır. Məhəmməd Hənifə deyir ki, dilinnən danışma, əlinnən danış. Bular güləşir, bir-birin yıxa bilmillər. Bu onu çəkir, o bunu çəkir, yarıyatan batıllar torpağa. Sora deyillər ki, qılışdarı götürək. Qılışdarı götürüllər. Pəhlivan deyir, sən vur. Mənəmməd Hənifə deyir ki, mənim atam Çığırğan Əli fürsəti düşmana verib, sən vur. Bu qaldırır buna bir qılış yendirəndə Allah-taala Cənab Cəbrayıla deyir ki, qılıncı at onun qabağına, kəsməsin Məhəmməd Hənifəni. Bu qılıncı nətər vurursa, toz qalxır. Toz yatannan sora görür ki, uşağa heş nə olmuyuf. Sora deyif ki, sən vur. Bu uşax buna nətər qılış yendirirsə, bu iki parça olur, amma bilmir. Toz yatır. Deyir ki, maa neynədin, heş nə eləməmisən maa. Deyir ki, Allah saa nəhlət eləsin, alnın möhür görmüyüf, qolun dəsdamaz görmüyüf, dilin la ilahə illallaha dönmüyüf. Hərəkət elə. Hərəkət eliyəndə parası ayana düşür, parası bayana.

Dava başdıyanda qız gedir kişi paltarı geyinir, gəlir buna kömək eliyir. Bular dava eliyir, eliyir. Oğlan görür ki, qız yaralanıf, ağırdı. Bunu çıxardır kənarda qoyur. Qız deyir sən deyirsən ki, mənim atam Çığırğan Əlini kim çağırsa, harayına çatır. Çağır da, bunnan ağır gün olar? Atan gəlsin saa kömək eləsin. Deyir, bu sahat atamın yanında sən hörmətdisən, çağır gələcek. Qız bir dəfə deyir ki, ya Əli, dara düşmüşük, bizə kömək elə. O saat Əli deyir ki, Qəmbər, Düldülü gətir, dara düşən var. Düldülün də qanadı varmış da, uçurmuş. Həmmişə Düldülün üzəngisin Qəmbər tuturmuş. Uçullar gəlillər, düşüllər dağda qızın yanına. Görüllər ki, qız ölüf. Peyğəmbər namaz qılır, dua eliyir, qız ayılır. Durullar Qəmbər bir tərəfdən, Çığırğan Əli bir tərəfdən, qalanını da qılıncın altınnan keçirif müsəlman eliyillər. Qızı da götürüf qayıdıf gəlillər.

Qayıdıf gələndə qabaxlarına bir ceyran çıxır. Qəmbər ceyranı qavalıyır. Həzrət Əli deyir ki, Qəmbər, üç ağaşdan artıx getmə. Qəmbər də qızışır, ceyran getdihcə Qəmbər gedir, Ceyran getdihcə Qəmbər gedir. Bir meşənin qırağında görür bir çadır var. O çadırın qabağına gedəndə içərdən bir qız çıxır ceyranı sığallıyır. Deyir ki, ay ceyran, səni kim qavaladı? Bu gedir deyir ki, ceyran mənimdi. Qız deyir, ceyran sənin nəyindi? Mənim ceyranımı qavalamısan, həlak eləmisən, hələ deyirsən ceyran mənimdi? Tutullar Qəmbərin əl-ayağın bağlıyıf aparıllar padşahın hüzuruna. Padşah da deyir ki, bunu salın quyuya, nətər olsa, Əli bunun dalınca gələcək. Bunu salıllar quyuya. Bir neçə gün qalır quyuda. Padşahın da kənizi həmişə buna çörəh-zad gətirif atırmış. Qəmbərə deyirmiş ki, ağa çağır gəlsin saa kömək eləsin. Çağırır, ya Əli, dara düşmüşəm. Qəmbər Əlinin silahdaşı idi, hara getsə, Qəmbərnən gedirdi. Özü də millət ən çox da Əlinin narə çəkməyinnən qorxuf ölürdü. Əli gördü Qəmbərin sədası gəldi, Düldülü minif gəlir. Şəhərə yaxınnaşanda bir narə çəkir. Narə çəkəndə Qəmbər quyuda eşidir ki, Əli gəldi. Nətər ayağın vuruf quyuya atılırsa, quyunun ağzındakı daşı da kənara atıf çıxır. Orda dava başdıyır, vuruşullar. Oranı da müsəlman eliyir, Qəmbəri də götürür gəlir.


13. ƏCƏLİ SUDA TAMAM OLAN GƏNC
Məhəmməd əleyhsalam bir evə qonax gedir. Qadın zahı imiş. Uşağ anadan olanda görür Cəbrayıl gəldi bunun alın yazısın yazdı. Deyir, qardaş, buna nə yazdın? Deyir, vallah, yazdım ki, toyu olan günü bunu sel aparajax. Deyif ki, mən peyqumbərəm, Allah mənim xatirimə yazını dəyişsin. Cəbyrayıl deyif, bir müddət gözlə. Gəlif deyir ki, dəyişmək mümkün döyül. Cəbrayıl yazır alnını, çıxır gedir. Məhəmməd peyqumbər uşağın adını da qoyur. Öz adın qoyur. Deyir, bəlkə Allah adına görə bağışdıya. Uşağın atasına deyir ki, mən sənnən xayiş eliyirəm, oğluna toy eliyəndə məni çağır. Deyir, ay qonax, mən səni nətər çağırajam, nə biləjəm sən hardasan? Deyir, toy eliyəndə yadına salginən ki, belə bir işim var, gəl iştirak elə, bəlkə mən gəlif çataram.

Nəysə, vaxt gəlir, il dolanır. Bunu nişannıyıllar öz əmisi qızına. Toy günü gəlir. Bu gün toy başdıyajaxdı. Deyir, ey dili-qafil, axı bu uşağın adını qoyan şəxs yoxdu burda. Mən ona söz vermişdim, əhdi-peyman bağlamışdım. Ay allah, mən nətər eliyim, bunu hardan çağırım? Allaha agah imiş da, Allah göndərir. Görür ki, bu kişi camahatnan gəlir. Bilmir ki, bu Məhəmməd peyqumbərdi. Deyir, qardaş, toyun mübarəh olsun. Deyir, vallah, arzusunda idim. Elə ürəyimdən keşdi, nə yaxşı gəldin çıxdın. Bərk nigaran idim. Deyir, Allah xeyir versin.

Deməli, bir bulaxdı. Bulağın suyu gəlir kəndin ortasınnan keçir. Elə bil, qardaşın biri bulağın o tayında olur, biri bulağın bu tayında. O taya keçməh üçün iki yol var. Bir bulağın üsdünnən addıyıf keçirsən, bir də bulaxdan yuxarı torpax yol var, ordan keçirsən. Peyqumbər əleyhsalam baxır görür ki, bulaxdı. Gəlini atnan gedif oğlan özü gətməlidi. Oğlanın atasına deyir ki, ola bilər kəsə yolnan getməsin, torpax yolnan gedif gətirsin? Deyir, niyə olmur? Ehtiyat eliyir ki, su birdən qalxar oğlanı aparar. Oğlan gəlinin dalıncan gedir. Bulaxdan yuxarı quru yernən gedir. Ortaya çatanda hardansa gurhagurnan bir sel gəlir. Peyqumbər yüyürür oğlanı tutur. Əlin atır qaldırır görür kötük, atır yerə görür oldu oğlan. Bir dəfə də əlini atır götürür kötükdü əlində. Baxır ki, oğlanın meyidi ordan gedir. Deyir, pərvədigara, sənin yazdığına pozu yoxdu.
14. DÜLGƏR ƏHMƏD
Bir tacir olur, bu tacirin kalan qızılı olur. Bir baxıcı gəlir qapıya. Baxıcı deyir ki, sənin bu qızılın Bakıda dülgər Əhmət var, ona qismətdi. O vaxdı da belə otaxlar yox idi, dörd dirəkli dam idi. Gedir bir ağacı gətirir içini çıxardır, nə qədər qızılı, gümüşü var yığır ağacın içinə, vurur damın ortasına. Deyir, qoy Əhmədə qismət olsun. Əhməd həm də balıxçı imiş. Bir küləh qopur, bir tufan qopur, gəlir bu tacirin evinin altınnan girif üsdünnən çıxır. Bu ağacı aparır tulluyur dənizə. Əhməd də tor atıf balıx tuturmuş. Görür ki, dənizdə bir yaxşı ağac var. Deyir, elə Allah bunu yaxşı yetirif, bunu aparım çömçə-qaşıx qayırım. O vaxdı da çömçə-qaşıx taxtadan olarmış da. Gətirir atır qapıya. Bilmir də bunun içində nə var. Aradan beş-on gün keçənnən sora bu arvadına deyir ki, baltanı, kərkini, çəkişi gətir bura. Baltanı belə vurur ki, ağacı doğrasın çömçə-qaşıx qayırsın. Baxır görür ki, bunun içi teyxa qızıldı. Arvadı da sevinir, anası da sevinir. Deyir, sevinmiyin, qızıl qazanmamısız ha, qızıl yeyəsiz. Yiyəsi gələjəh.

Tufan yatır, sakitdəşir. Tacir fikirrəşir ki, baxıcı belə dedi. Gedim baxım, görüm düzdü, düz deyil. Gəlir sorağ eliyir. Bakının da onda təzə düşən vaxdı imiş. Deyir, burda dülgər Əhmət var? Gösdərillər, deyillər, o dey Əhmədin evi. Gedir qapıya, görür ağaş budu qapıdadı. Salaməlöykü, əleykimət salam. Dülgər Əhməd sizsiz? Deyir, bəli, mənəm. Deyir, gəl evə. Başına gələni danışır. Deyir, kişi, düz gəlmisən, canım üçün içinnən bir dənə də götürməmişih, nə varsa içindədi. Apara bilərsən. Deyir, yox, baxıcının dediyi ki düz çıxıf, mana o qızıl lazım deyil. Əhməd anasına deyir ki, ay ana, gətir iki dənə qalın çörəh bişir, için doldur qızılnan, qoyax bunun xurcununa. Bu da belə eyilir. Bu durur gedir. Görür ayakqabısın altı qopuf düşür. Çəkməçiyə deyir, mənim ayakqabımın altı qopuf, bunu düzəlt. Bu da düzəldir. Nə qədər olsa, tacirdi də. Əlin salır civinə bir yüzdük çıxardır. Deyir, ay kişi, mən yüzdüyü harda xırdalıyım? Mən burda qəpiyə işdiyirəm. Buna boşdu qalmasın deyə götürür çörəyin üçün də verir çəkməçiyə. Demə, çəkməçi də Əhmədnən qonşu imiş. Axşam çörəyi vurur qoltuğuna, gəlir evə. Anası deyir, ay oğul, nə yaxşı çörəh gətdin, Fatma nənəngildən üç çörəh borc almışam. Çörəyin üçün də qoyur üsd-üsdə, aparır verir Əhmədin anasına. Arvad içəri girən kimi Əhməd deyir:

– Ay ana, o çörək sən bişirəndi.

Deyir:


– Ay oğul, heylə şey ola bilməz.

Deyir:


– Vallah, sən bişirəndi. Arasını aç.

Açır görür həmən qızıllardı. Deyir, hə, indi yeyə bilərsən, həmin qızıl sənin qismətindi.


15. QƏBR ƏZABI
Bir dənə kişi varıymış. Adi bir adam imiş. Bı çox maraxlanır ki, görəsən cənnətə necə olur gedif düşüllər, cəhənnəmə nətər gedif düşüllər? Yəni elədihlərinin əvəzini o dünyada necə verirsən? Maraxlanır bınnan. Allahın yanına gedən elçinin yanına gedir. Deyir ki, bəs Allahın yanına gedəndə sən onnan soruş ki, bu dünyada elədihlərinin əvəzini o dünyada necə verirsən? Bu kişi də deyir, yaxşı. Elçi gedir. Allah-taalaya deyir ki, sənin bir bəndən maa belə bir sual verir. Allah-taala deyir ki, o bəndəni göndər filan yolayrıcında bir dənə qapı var. Üş dənə qəbir var orda. Qəbirrərin birinin bir qapısı var. Ordan girsin içəri. Özü biləcəh, özü görəcəh hər şeyi. Bı da gəlir deyir bu kişiyə.

Kişi gedir. Görür ki, həqiqətən də orda üş dənə qəbir var. Qəbirrərdən birinin qapısı var da. Bını açıf girir qəbrin içinə. Girir qəbrin içinə, görür bir dənə arvad yatıf qəbirdə. Arvadın ətrafındakılar hamısı su içir, suynan əl-üzlərin yuyuf kef eliyillər. Bu arvadın dili ağzında yanır susuzdan. Bu arvada bir damcı su verən yoxdu da. Arvad zarıya-zarıya qalır, dodaxları partdıyır susuzluxdan. Kişi bunu görür. Gedir indi də o biri qəbrə. Görür ki, o biri qəbirdə bir dənə cavan qız yatıf. İnkir-minkirlər gəlillər qızın dilini çıxarıllar çölə, dilini qoparıllar, doğruyullar, dırnaxlarını, ətini qopardıllar. Qıza çox əzaf verillər. Kişi bırdan çıxıf girir o biri qəbrə. Girir o biri qəbrə, görür ki, orda bir oğlannan bir qız yatıf, əl-ələ tutuflar. O xəttər xoşbaxt simaları var ki buların. Heç ölüyə oxşamıllar da bular. Həə, buların üsdünə ətir töküllər, gözəl gül ləçəhləri səpillər üsdərinə. Bu kişi qəbirrərdən çıxır, gəlir həmən adamın yanına. Deyir ki, getdim, gəzdim, ama heş nə annıya bilmədim ki, bilmədim. Deyir ki, birinci qəbirə girif nə gördün? Onu sən maa de, mən də saa izah eliyim. Deyir, birinci qəbrə girəndə bir qadın gördüm, ona su vermirdilər. Deyir ki, o qadın öz əməlinin cəzasını çəkir. O qadının həyətində vaxtıynan su oluf. Heç bir qonşuya bir içim su vermiyif. Qonşular sudan əzaf çəkiflər. Bı da sudan kef eliyif. Bı qadın indi elədiyi günahların əzabını çəkir. Deyir, ikinci qəbrdə nə gördün bəs? Deyir, ikinci qəbrdə də gördüm bir qızın dilini çıxardıllar. Əzaf verillər, qızın dilini qopardıllar. Belə eliyillər, elə eliyillər. Deyir, həə. İndi bını yadında saxla. Üçüncü qəbrdə nə gördün? Deyir, üçüncü qəbrdə gördüm ki, qıznan oğlan əl-ələ tutuf yatıflar. Xoşbaxtdılar, üsdlərinə gül töküllər. Həmən kişiyə, yanı qəbrə gedənə izah eliyir ki, o üçüncü qəbirdə yatannar biri-birrərini sevən, özü də həddən artıx sevən gənc olullar. Bunnar bir-birrərini seviflər. O ikinci qəbrdə yatan qız bu sevgililəri bir-birinnən ayırıf, oğlanın yazdığı məktufları aparıf vermiyif. Onun əvəzinə ayrı, əks məktuflar yazıf verirmiş. Qızın yazdıxlarını da elə eliyif ki, bunnarı bir-birinnən ayırıf. İndi o dünyada bı iki gənc qovuşuflar bir-birrərinə, xoşbaxt yaşıyıllar. O qız da dilinin bəlasını, cəzasını çəkir. Onun dilini ona göra dartıllar, qopardıllar. Ona göra da hər kəs bu dünyada elədiyi əməllərin əcirin o dünyada çəkəcək.



16. İLAN UDAN KIŞI
Bir kişi varıymış, gedirmiş haca. O vaxtı da axı haca piyada gedirmişdər. Özü də özünə ruzi yığıf gedirmiş. Gedif yolda görür ki, yoldaşdarının ruzusu çoxdu, ama bında azdı. Bı kişi çox fikirrəşir ki, ay allah, mənim ruzum azdı da, indi hamı yeyəcəh, mənim ruzum qalmıyacax, çatmıyacax. Kişi fikir eləməhdən yorulur, oturur dincəlməyə. Yoldaşdarınnan ayrı düşür bı. Bir vaxt ayılır ki, yatmışmış da. Həə, ayılır ki, bir sürü ilan gəlir. Qabaxdakı ilan o birilərinnən çox sürətnən gəlir. Bı ilan bütün qanın içindədi. Kişi durur ayağa ilana deyir ki, hara gedirsən belə, niyə qanın içindəsən? İlan deyir ki, məni bəs öldürmək isdiyillər. Məni bəs bir yerdə gizdə da. Kişi fikirrəşir ki, mən bını harda gizdəsəm, tapajaxlar da. Kişi ağzını açıf ilana deyir ki, gəl gir ağzıma. İlan gəlif girir bının ağzına. Birdən arxadan ilanı axtaran ilan sürüsü gəlir. Kişidən soruşullar ki, sən belə bir ilan görmədin yaralı bir ilan? Kişi deyir ki, yox, görmədim. Kişinin də üsdü ilanın qanına bulaşmışmış. Deyillər ki, bəs bu nə qandı üsdündə? Kişi deyir ki, istidi də, burnumdan qan açılmışdı, tökülüf üsdümə.

Nəysə, bu ilan sürüsü sürünüf gedir. Kişi ilanı xilas eliyir. Kişi ilana deyir ki, çıx da, ta səni xilas elədim, çıx qarnımnan. İlan deyir ki, yox, sən öz vəzifaa yerinə yetirdin məni xilas elədin. Mən də ilanam da, ilannığımı yerinə yetirməliyəm, səni çalmalıyam. Səni çalmamış çıxmaram da burdan. Kişi deyir ki, bəs sən nə danışırsan? Mən səni xilas eləmişəm, ölümnən qutarmışam, indi sən maa pisdih eliyif çalassan? İlan deyir ki, o sənin vəzifəndi, bu da mənim vəzifəmdi. Çalmalıyam səni. Allah-taaladan, göydən bir kişi düşür bu kişinin qabağına. Kişiyə su verir. Kişi sudan bir qurtum içir. Yumruxnan vırır bunın qarnına. Vıranda ilan gəlif bının ağzınnan düşür. İlan çıxıf gedir. O kişi gələn adamnan soruşur ki, sən niyə məni xilas elədin? Deyir ki, sənin azuqən azdı. Sən gedif haca çıxa bilmiyəcəhsən. Qayıt geri. Kişi deyir ki, nətəər? Mənim əhdimdi, niyyətimdi haca gedim. Hamı getməlidi da. Mən də getmək isdiyirəm axı. Qeybdən gələn kişi deyir ki, artıx sən haca getdin qayıtdında da. İlanı ki, xilas elədin, onu uddun, onun xilaskarı oldun. Sən artıx haca getmisən.


17. DÜNYANI NECƏ TUTSAN, ELƏ DƏ GEDƏR
Şah Abbasnan vəziri çıxıllar səyahətə, gəzillər. Bunnar düzü-biyabannan gedillər, bərk susuyullar. Görüllər ki, yolun qırağında bir nəfər qarpız satır. Şah Abbas deyir:

– Vəzir, bu qarpızdardan birin alax kəsək yeyək.

Düşüllər atdan, deyillər qarpızın biri neçiyədi? Deyir, biri iki manıt. Şah Abbas deyir, yox, mən iki manıt verif qarpız yemərəm. Elə bu mamentdə cavan bir oğlan gəlir, iki manıt verir qarpızın birin alır. Qarpızı kəsir, bir azını özü götürür, qalanını verir bulara. Nəysə, yeyillər. Vəzir deyir:

– Şah sağ olsun, biz şah ola-ola iki manıta qıymadıx, onun varı-yoxu iki manıtı vardı, verdi qarpızı aldı, onu da bizə yedirdi.

Şah Abbas deyir, əşi, dünyadı, nətər tutsan, heylə də gedəjəh. Bu da ağıllı uşağmış. Deyir:

– Şah sağ olsun, elə o sözü yaz, peçat vur, ver mənə.

Şah orda yazır, dünyanı nətər tutsan, heylə də gedər. Peçat vurur, verir gedəyə. Gedə qoyur civinə, gəlir kəndə. Gedir filankəsə deyir, mənə yüz manıt borc ver, verəjəm. Belə-belə külli miqdarda pul topluyur, gedir başqa ölkəyə. Gedir stalovada oturur. Kim qapıdan girirmiş deyir otur. Bir-iki gün belə. Gedir şaha çatır ki, bir nəfər gəlif hamını qonaxlıyır. Deyir, gedin onu çağırın gəlsin, bu nətər şeydi bir xeylə pulu orda xaşdıyır. Gəlir salaməlöykü, əleykimət salam. Sən kimsən, nəçisən bir belə pul xəşdiyirsən?

Deyir:


– Mən Şah Abbasın oğluyam.

Deyir:


– Şah Abbasın oğlusan, gəl buruya sənə qullux eliyək, sənə hörmət eliyək. Sən gedif restaranda pullarını havayı yerə xəşdiyirsən.

Bu burda qalır, buna yaxşı hörmət eliyillər. Şah vəzirin çağırır, deyir, bu Şah Abbasın oğludu. Neyniyax ki, bu bizdən razı gedə.

Deyir:

– Vallah, bircə yolu var. Gəl qızını ver buna, qohum ol da, Şah Abbas da arxanda dursun.



Belə məsləhət eliyillər, gətirillər buna qırx gün-qırx gejə toy çaldırıllar. Vurhavur, tuthatut. Bir ay qalır, iki ay qalır. Bir gün oğlan deyir, mən gedəsiyəm, burda qalmıyajam. Bunu qəflə-qatırnan yola salıllar. Şah deyir ki, atana məktub yaz, səni qarşılasın. Bir məktub yazıf göndərir ki, ata, üzr isdiyirəm, bağışda məni, da sənsiz burda evləndim. Məktub çatır. Şah Abbas fikirrəşir mənim heylə oğlum yox gedə orda evlənə gələ. Allahverdi xan vəziri çağırır, deyir:

– Vəzir, bu nətər şeydi?

Deyir:

– Şah sağ olsun, məktub yaz ki, gözüm üsdə yerim var, toy eləmisən, gəl. Gələndə görəjəhsən da.



Belə bir məktub yazıb göndərillər. İndi bu ürəkli-ürəkli gəlir, bunu qarşılıyıllar, aparıllar yerrəşdirillər, xəlvətə salıllar. Səhər Şah Abbas deyir:

– Bala, sən mənim oğlum deyilsən, bu nə həngamadı yaratmısan?

Deyir:

– Şah sağ olsun, sən özün yazmısan ki, dünyanı nətər tutsan, heylə də gedəjəh. Mən də dünyanı belə tutmuşam da.



Deyir:

– Oğlumsan ki, oğlumsan.

Təzədən toy çaldırır.
18. HAMBAL MEHDİ
Vəzifəyə uyğun olmuyan bir adam qoyulanda babam həmişə bunu məsəl kimi çəkərdi.

Deyirdi ki, Şah Abbas bir gün dərviş paltarında gedir, vəziri də yanında. Bir nəfər gəlir, palanın soyunur çiyninnən, qoyur yerə. Öz-özünə deyir ki, məni İsfahana qoburnat qoyalar, onda biləllər, analar necə oğul doğufdu. Şah Abbas da bunu eşidir. Vəzirə deyir ki, onun adın, familin örgən gör kimdi. Vəzir örgənif gəlir.

Şah Abbas səhər onu çağırtdırır saraya. Deyir ki, səni İsfahana qoburnat qoyuram. Deyir ki, mən hambalam, mənim sənətim, işim budu. Qoburnatdıx mənim işim deyil. Deyir, yox, səni təyin elədim, get. Gedir.

Bir gün Şah Abbasa şikayətə gəlillər ki, şah sağ olsun, təyin etdiyin qoburnat qoymur meyitdərimizi basdırax. Harda ölən olur, deyir ki, mənsiz basdırmıyın. Gəlif qulağına nəsə deyir, onnan sora icazə verir basdırmağa. Qabaxdan yay gəlir. Belə getsə meyitlərimiz iylənəjəhdi. Olmaz axı belə şey. Şah Abbas onu çağırtdırır yanına. Deyir, onu gedin gətirin bura, görüm o meyitdərin qulağına nə deyir. Gəlir. Deyir ki, sən gedif o meyitdərin qulağına nə deyirsən? Deyir, şah sağ olsun, mən gedif deyirəm ki, səni dağılasan İsfahan, gör nə günə qalmısan ki, Hambal Mehdi qoburnatdı.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin