AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali



Yüklə 1,16 Mb.
səhifə3/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   2   3   4   5   6   7   8   9   ...   16

İSTEHSAL, ƏMƏK HAQQI, MƏNFƏƏT

Vətəndaş Uestonun bizə oxuduğu məruzədəki fikirlər bir qoz qabığına yerləşərdi.

Onun yeritdiyi bütün mühakimələr bundan ibarət idi: əgər fəhlə sinfi kapitalistlər sinfini pulla 4 şillinq əvəzinə 5 şillinq əmək haqqı verməyə məcbur edərsə, kapitalist əmtəə şəklində fəhlələrə 5 şillinqlik dəyər əvəzinə 4 şillinqlik dəyər qaytaracaqdır. Bu halda fəhlə sinfi əmək haqqı yüksəldilməzdən əvvəl 4 şillinqə aldığı şeyə indi 5 şillinq verməyə məcbur olardı. Bu nəyə görə belə olmalıdır? Nəyə görə kapitalist cəmi 4 şillinqlik dəyəri 5 şillinqə verir? Ona görə ki, əmək haqqının məbləği sabit olaraq müəyyən edilmişdir. Bəs nəyə görə əmək haqqının məbləği 4 şillinq dəyərində olan əmtəə ilə müəyyən edilmişdir? Nəyə görə 3 və ya 2 şillinq dəyərində olan əmtəə ilə, yaxud başqa bir məbləğlə müəyyən edilməmişdir? Əgər əmək haqqı məbləğinin hədləri nə kapitalistin iradəsindən, nə də fəhlənin iradəsindən asılı olmayan bir iqtisadi qanunla müəyyən edilmnşdirsə, onda vətəndaş Ueston əvvəlcə bu qanunu şərh və sübut etməli idi. Sonra, o, sübut etməli idi ki, hər bir müəyyən zamanda felən verilmiş olan əmək haqqının məbləği həmişə zəruri əmək haqqının məbləğinə tamamilə uyğun gəlir və bundan heç bir zaman kənara çıxmır. Digər tərəfdən, əgər əmək haqqı məbləğinin mövcud hədləri bir tək kapitalistin iradəsindən və ya onun tamahkarlığı həddindən asılıdırsa, onda bu–ixtiyari hədlərdir, bunda zəruri heç bir şey yoxdur, bu hədlər kapitalistin iradəsi ilə dəyişilə bilər və buna görə onun iradəsi əleyhinə də dəyişilə bilər.

Vətəndaş Ueston öz nəzəriyyəsini belə bir misalla şərh etmişdir: əgər bir kasada müəyyən miqdar adam üçün müəyyən qədər şorba vardırsa, qaşıqların böyüdülməsindən şorbanın miqdarı arta bilməz. İcazənizlə deyə bilərdim ki, bu misal mənə olduqca bayağı (cinasdır: «spoon»–«qaşıq», «sadəlövh», «spoony»–«səfeh», «bayağı» deməkdir. Red) görünür. Bu, mənə Meneni Aqrippanın etdiyi müqayisəni bir qədər xatırlatdı. Roma plebeyləri Roma patrisilərinə qarşı qiyam qaldırdıqları zaman patrisi Aqrippa onlara demişdi ki, dövlət vücudunun üzvləri olan plebeylər öz qidalarını bu vücudun mədəsi olan patrisilərdən alırlar. Lakin Aqrippa sübut edə bilməmişdi ki, bir adamın mədəsini doldurmaqla başqa bir adamın üzvlərini qidalandırmaq olar. Vətəndaş Ueston da unutmuşdur ki, fəhlələrin öz qabaqlarındakı kasadan yedikləri şorba milli əməyin bütün məhsulundan ibarətdir və kasadan çox yemək götürmələrinə mane olan şey, kasanın kiçikliyi və içindəki yeməyin azlığı deyil, yalnız qaşıqlarının çox xırda olmasıdır.

Kapitalist nə kimi bir hiylə vasitəsilə 4 şillinqlik dəyəri 5 şillinqə verə bilir? Satdığı əmtəənin qiymətini yüksəltməklə. Lakin əmtəə qiymətlərinin yüksəldilməsi və ya daha ümumi şəkildə desək, əmtəə qiymətlərinin dəyişdirilməsi, əmtəə qiymətlərinin özü, ancaq kapitalistin iradəsindənmi asılıdır? Yoxsa, əksinə, bu iradənin həyata keçirilməsi üçün müəyyən şərait lazımdır? Əgər belə bir şərait tələb olunmursa, onda bazar qiymətlərinin qalxıb enməsi, bu qiymətlərin arası kəsilmədən dəyişilməsi həlledilməz bir tapmaca olur.

Əgər biz belə fərz ediriksə ki, əməyin məhsuldar qüvvəsində, nə tətbiq edilən kapital və əməyin miqdarında, nə də məhsulların dəyərinə qiymət vermək üçün istifadə edilən pulun dəyərində heç bir dəyişiklik əmələ gəlməmiş və yalnız əmək haqqının səviyyəsi dəyişilmişdir, onda əmək haqqının yüksəlməsi əmtəələrin qiymətlərinə necə təsir göstərə bilər? Bu yüksəlişin əmtəə qiymətlərinə təsir göstərməsinə səbəb yalnız odur ki, bu əmtəələrə olan tələblə onların təklifi arasındakı həqiqi nisbətə təsir göstərir.

Tamamilə doğrudur ki, bütövlükdə götürülən fəhlə sinfi öz gəlirini ən zəruri şeylərə sərf edir və etməyə məcburdur. Buna görə də əmək haqqı səviyyəsinin ümumi yüksəlişi adətən, ən zəruri şeylərə olan tələbin artmasına və, deməli, onların bazar qiymətlərinin qalxmasına səbəb olur. Bu şeyləri istehsal edən kapitalistlər, verdikləri əmək haqqının yüksəlməsinin əvəzini, öz əmtəələrinin bazar qiymətlərini yüksəltməklə çıxarırlar. Bəs ən zəruri şeylər istehsal etməyən başqa kapitalistlərin işi necə olur? Güman etməyin ki, bu cür kapitalistlər azdır. Əgər nəzərə alsanız ki, milli məhsulun üçdə iki hissəsini əhalinin beşdə bir hissəsi istehlak edir,–nümayəndələr palatasının bir üzvü bu yaxında hətta iddia edirdi ki, milli məhsulun üçdə iki hissəsini əhalinin ancaq yeddidə bir hissəsi istehlak edir,–onda bilərsiniz ki, milli məhsulun nə qədər böyük bir hissəsi zinət şeyləri şəklində istehsal edilməli və ya bu şeylərə mübadilə olunmalı və ən zəruri şeylərin nə qədər böyük bir hissəsi nökərlərə, atlara, pişiklərə və i.a. xərclənib israf edilməlidir. Təcrübədən bildiyimiz kimi, ən zəruri şeylərin qiymətləri qalxdıqda bu israfçılıq həmişə xeyli məhdud olur.

Deməli, ən zəruri şeylər istehsal etməyən kapitalistlərin vəziyyəti necə olacaqdır? Onlar əmək haqqının ümumi yüksəlişi nəticəsində mənfəət normasının aşağı düşmdsinin əvəzini öz əmtəələrinin qiymətini yüksəltməklə çıxara bilməyəcəklər, çünki bu əmtəələrə olan tələb artmayacaqdır. Onların gəliri azalacaq və həm də onlar bu azalan gəlirdən, bahalaşan eyni qədər ən zəruri şeylər üçün daha çox pul verməli olacaqlar. Bundan əlavə. Onların gəliri azalacağına görə, zinət şeylərinə xərclərini azaltmalı olacaqlar, beləliklə, qarşılıqlı surətdə bir-birinin əmtəələrinə olan tələbləri də azalacaqdır. Bu tələbin azalması nəticəsində onların əmtəələrinin qiyməti aşağı düşəcəkdir. Deməli, sənayenin bu sahələrində mənfəət norması, təkcə əmək haqqı səviyyəsinin ümumi yüksəlişinin təsiri nəticəsində deyil, həmçinin əmək haqqının ümumi yüksəlişi, ən zəruri şeylər qiymətinin qalxması və zinət şeyləri qiymətinin düşməsi kimi hadisələrin birgə təsiri nəticəsində də aşağı düşəcəkdir.

Müxtəlif sənaye sahələrindəki kapitalların mənfəət normaları arasında bu fərqin nə kimi nəticələri olacaqdır? Əlbəttə, bu nəticələr də müxtəlif istehsal dairələrinin orta mənfəət normalarında hər hansı bir səbəb üzündən fərq əmələ gəldikdə baş verən nəticələrin eyni olacaqdır. Kapital və əmək az əlverişli sahələrdən daha, əlverişli sahələrə keçir, həm də kapital və əməyin bir sahədən başqa bir sahəyə belə keçməsi prosesi, bir sənaye sahələrində təklif, artmış olan tələb dərəcəsinə çatanadək, digər sahələrdə isə azalmış olan tələb dərəcəsinə düşənədək davam edir. Bu dəyişiklik baş verdikdən sonra müxtəlif sənaye sahələrində mənfəət norması yenə də tarazlaşacaqdır. Bütün bu təbəddülat əvvəlcə ancaq müxtəlif əmtəələrə olan tələblə bunların təklifi arasındakı nisbətin dəyişməsi nəticəsində əmələ gəldiyinə görə, həmin səbəb aradan qalxdıqdan sonra onun təsiri də yox olur və qiymətlər öz əvvəlki səviyyəsi və müvazinətinə qayıdır. Əmək haqqının yüksəlməsi nəticəsində mənfəət normasının aşağı düşməsi ayrı-ayrı sənaye sahələrini əhatə etməklə məhdudlaşmayıb, ümumi şəkil alır. Etdiyimiz ehtimala əsasən, nə əməyin məhsuldar qüvvəsində, nə də ümumi məhsul kütləsində dəyişiklik əmələ gəlmir, lakin bu məhsul kütləsinin forması dəyişilir. Məhsulun çox hissəsi ən zəruri şeylər şəklində, az hissəsi isə zinət şeyləri şəklində olur və ya, başqa cür desək, məhsulun az hissəsi xaricdən gətirilən zinət şeylərinə mübadilə edilir və müvafiq surətdə öz ilk şəklində istehlak edilir və ya, yenə başqa cür desək, vətən məhsulunun çox hissəsi zinət şeylərinə deyil, xaricdən gətirilən ən zəruri şeylərə mübadilə edilər. Buna görə də, bazar qiymətlərinin müvəqqəti olaraq pozulmasından sonra əmək haqqı səviyyəsinin ümumi yüksəlişi mənfəət normasının yalnız ümumiyyətlə aşağı düşməsinə səbəb olur, lakin əmtəə qiymətlərinin az-çox uzun müddət dəyişilməsinə səbəb olmur.

Əgər mənə desələr ki, yuxarıdakı dəlillərimdə mən bütün əmək haqqı artımının ən zəruri şeylərə sərf olunduğu ehtimalını nəzərdə tuturam, buna belə cavab verərəm: mənim bu ehtimalım vətəndaş Uestonun baxışlarına ən çox əlverişlidir. Əgər əmək haqqının artımı fəhlələrin əvvəllər istehlak etmədiyi şeylərə sərf olunsaydı, onların alıcılıq qüvvəsinin həqiqətən artdığını sübut etməyə ehtiyac qalmazdı. Lakin onların bu alıcılıq qüvvəsinin artması, yalnız əmək haqqı yüksəldilməsinin nəticəsi olduğuna görə, kapitalistlərin alıcılıq qüvvəsinin azalmasına tamamilə uyğun gəlməlidir. Buna görə də əmtəələrə olan tələbin ümumi həcmi artmazdı, bu tələbin tərkib hissələri dəyişilmiş olardı. Bir tərəfin tələbinin artmasını, digər tərəfin tələbinin azalması tarazlaşdırardı. Beləliklə, tələbin ümumi məcmusu dəyişilmədiyinə görə, əmtəələrin bazar qiymətlərində də heç bir dəyişiklik əmələ gələ bilməz.

Beləliklə, aşağıdakı iki nəticədən biridir: ya amək haqqının artımı bütün istehlak şeylərinə bərabər dərəcədə sərf olunur–və bu halda fəhlə sinfinin artan tələbinə uyğun olaraq kapitalistlər sinfinin tələbi azalmalıdır,–ya da əmək haqqının artımı yalnız bəzi şeylərə sərf olunur ki, bunların da bazar qiymətləri müvəqqəti olaraq artacaqdır,–və bu halda beləliklə bəzi sənaye sahələrində mənfəət normasının yüksəlməsi, başqa sənaye sahələrində isə mənfəət normasının müvafiq dərəcədə azalması kapital və əməyin bölgüsündə dəyişiklik əmələ gəlməsinə səbəb olacaqdır ki, bu da bəzi sənaye sahələrində təklif artan tələb dərəcəsinə çatana qədər, başqa sahələrində isə–azalmış olan tələb dərəcəsinə düşənə qədər davam edəcəkdir. Birinci fərziyyədə əmtəə qiymətlərində heç bir dəyişiklik olmayacaqdır; ikinci fərziyyədə isə, bazar qiymətləri bir qədər qalxıb endikdən sonra, əmtəələrin mübadilə dəyəri öz əvvəlki səviyyəsinə düşəcəkdir. Hər iki fərziyyədə əmək haqqı səviyyəsinin ümumi yüksəlişi, nəticə etibarilə mənfəət normasının ümumiyyətlə aşağı düşməsindən başqa heç bir şeyə səbəb olmaz.

Vətəndaş Ueston sizin təsəvvürünüzə təsir göstərmək məqsədi ilə sizə təklif edirdi ki, ümumiyyətlə ingilis kənd təsərrüfatı fəhlələrinin əmək haqqı 9 şillinqdən 18 şillinqə artacağı halda baş verə biləcək çətinliklər üzərində düşünəsiniz. O deyirdi: bir düşünün ki, ən zəruri şeylərə olan tələb nə qədər çox artar və bunun nəticəsində qiymətlər nə qədər dəhşətli bir dərəcədə qalxar! Siz hamınız bilirsiniz ki, Amerika kənd təsərrüfatı fəhləsinin orta əmək haqqı ingilis kənd təsərrüfatı fəhləsinin orta əmək haqqından iki qatdan da çox artıqdır, halbuki Birləşmiş Ştatlarda kənd təsərrüfatı məhsullarının qiyməti Birləşmiş krallıqdakından aşağıdır. Birləşmiş Ştatlarda əməklə kapital arasındakı ümumi nisbətlər İngiltərədəki nisbətlərin eynidir, halbuki Birləşmiş Ştatlarda illik məhsul kütləsi İngiltərədəkindən xeyli azdır. Bəs nə üçün bizim dostumuz bu qədər hay-küy qaldırır? Həqiqətən qarşımızda duran məsələdən boyun qaçırmaq üçün. Əmək haqqının birdən-birə 9 şillinqdən 18 şillinqə yüksəlməsi əmək haqqının həcminin birdən-birə 100% yüksəlməsi demək olardı. Lakin biz heç də İngiltərədə ümumi əmək haqqı səviyyəsinin birdən-birə 100% yüksələ bilib-bilməyəcəyi məsələsini müzakirə etmirik. Əmək haqqının həmin yüksəlməsi kəmiyyəti ilə bizim ümumiyyətlə heç bir işimiz yoxdur, zira onun yüksəlməsi hər bir konkret halda mövcud şəraitdən asılı olmalı və bu şəraitə uyğun gəlməlidir. Biz ancaq o məsələni tədqiq etməliyik ki, əmək haqqı səviyyəsinin ümumi yüksəlişi, hətta bir faizdən artıq olmadığı halda həmin yüksəlişin nə kimi nəticələri olacaqdır.

Beləliklə, mən əmək haqqının 100% yüksəlməsi haqqında dostumuz Uestonun uydurduğu əfsanəni bir tərəfə ataraq, sizin diqqətinizi Böyük Britaniyada 1849-cu illə 1859-cu il arasındakı dövrdə əmək haqqının həqiqətdə nə qədər yüksəldiyinə cəlb edəcəyəm.



1848-ci ildə keçirilmiş on saatlıq qanun və ya, daha doğrusu, 101/2 saatlıq iş günü haqqında qanun5 sizin hamınıza məlumdur. Bu, hamımızın şahid olduğumuz ən böyük iqtisadi dəyişikliklərdən biridir. Bu qanun ayrı-ayrı yerli mədənlərdə deyil, əsas sənaye sahələrində əmək haqqının birdən-birə və məcburi surətdə yüksəldilməsi demək idi; İngiltərə də məhz həmin sahələrə arxalanaraq bütün dünya bazarında hökm sürməkdədir. Bu, əmək haqqının əsla əlverişli olmayan bir şəraitdə yüksəldildiyi demək idi. Burjuaziya mənafeyinin rəsmi ifadəçiləri olan doktor Yur, professor Senior və bütün başqa iqtisadçılar sübut edirdilər–və mən deməliyəm, dostumuz Uestondan daha əsaslı dəlillərlə sübut edirdilər–ki, bu bill ingilis sənayesi, üçün dəfn havası olacaqdır. Onlar sübut edirdilər ki, əmək haqqının bu yüksəlişi adi bir yüksəliş deyil, tətbiq edilən əmək miqdarının azalmasından irəli gələn və bu azalmaya əsaslanan bir yüksəlişdir. Onlar iddia edirdilər ki, kapitalistlərin əlindən almaq istədikləri 12-ci saat məhz kapitalistin mənfəət götürdüyü yeganə saatdır. Onlar qorxudub deyirdilər ki, yığım azalacaq, qiymətlər qalxacaq, bazarlar əldən çıxacaq, istehsal azalacaq, bunun nəticəsində də əmək haqqı yenidən aşağı düşəcək, tam iflas baş verəcəkdir. Onlar hətta deyirdilər ki, Maksimilian Robespyerin maksimum haqqında qanunları24 bu qanuna nisbətən boş bir şeydir; həm də onlar müəyyən mənada haqlı idilər. Bəs işdə necə oldu? İş gününün qısalmasına baxmayaraq, fabrik fəhlələrinin pulla aldıqları əmək haqqı yüksəldi; fabriklərdə işləyən fəhlələrin sayı xeyli çoxaldı; fabrik məmulatının qiyməti arası kəsilmədən aşağı düşdü; fabrik fəhlələri əməyinin məhsuldar qüvvəsi heyrət ediləcək dərəcədə inkişaf etdi; fabrik əmtəələrinin satış bazarları misli görünməmiş dərəcədə və getdikcə daha çox genişləndi. 1861-ci ildə Mançesterdə Elmin inkişafına yardım cəmiyyəti yığıncağında mən özüm c. Nyumendən eşitdim ki, o həm özünün, həm də doktor Yurun, həm Seniorun, həm də iqtisad elminin bütün başqa rəsmi nümayəndələrinin səhv etdiklərini etiraf edirdi, halbuki xalqın instinkti doğru çıxmış oldu. Mən professor Frensis Nyumeni deyil, c. U. Nyumeni25 nəzərdə tuturam ki, bu da 1793-cü ildən 1850-ci ilədək olan qiymətlər tarixini izləyən c. Tomas Tukun «Qiymətlərin tarixi» adlı gözəl əsərinin müştərək müəllifi və naşiri olub iqtisad elmində görkəmli yer tutur. Əgər əmək haqqı məbləğinin sabitliyi, məhsul kütləsinin sabitliyi, əməyin məhsuldar qüvvəsi səviyyəsinin sabitliyi və kapitalistlərin iradəsi sabitliyi haqqında dostumuz Uestonun zəhlətökən fikirləri və onun irəli sürdüyü bütün başqa sabitlik və qətiliklər doğru olsaydı, onda professor Seniorun irəlicədən söylədiyi qara fikirləri də doğru olardı və hələ 1815-ci ildə, iş gününə ümumi hədd qoyulmasını fəhlə sinfinin azadlığı yolunda ilk hazırlıq addımı adlandırmış və ümumi əqidənin əksinə olaraq və heç bir şeydən çəkinməyərək, özünün Nyu-Lanarkdakı iplik əyirən fabrikində iş günü üçün həqiqətən belə bir hədd qoymuş olan Robert Ouen isə haqsız olardı.

On saatlıq iş günü qanunu həyata keçirildiyi və bunun nəticəsində əmək haqqı yüksəldiyi zaman Böyük Britaniyada kənd təsərrüfatı fəhlələrinin əmək haqqı da ümumiyyətlə yüksəlməkdə idi ki, bunun səbəblərindən burada bəhs etməyin yeri deyildir.

Mənim bilavasitə məqsədimə aid olmasa da, burada bəzi qeydlər edəcəyəm ki, mənim fikrimi yanlış başa düşməyəsiniz.

Əgər birisi həftədə 2 şillinq əmək haqqı alırdısa və sonra onun əmək haqqı artıb 4 şillinqə çatmışdırsa, deməli, əmək haqqının səviyyəsi 100% yüksəlmişdir. Əgər əmək haqqının bu yüksəlişinə əmək haqqı səviyyəsinin yüksəlməsi nöqteyi-nəzərindən yanaşsaq, bu çox böyük yüksəliş kimi görünə bilər, halbuki əmək haqqının həqiqi kəmiyyəti, yəni həftədə 4 şillinq yenə də dilənçi payı qədər azdır və ancaq ac-yalavac dolanmağa çata bilər. Buna görə də əmək haqqı səviyyəsinin yüksəlməsi haqqındakı gurultulu faizlər qoy sizi aldatmasın. Biz həmişə soruşmalıyıq ki, əmək haqqının kəmiyyəti əvvəl necə idi?

Sonra, asanlıqla başa düşmək olar ki, əgər 10 fəhlədən hər biri həftədə 2 şillinq, 5 fəhlədən hər biri 5 şillinq və daha 5 fəhlədən hər biri 11 şillinq alırsa, bu 20 nəfər birlikdə həftədə 100 şillinq və ya 5 funt sterlinq alır. Sonra onların həftəlik əmək haqqının ümumi məbləği, məsələn, 20% artarsa, bu məbləğ 5 funt sterlinqdən artıb 6 funt sterlinq olar. Orta hesabla götürsək, demək olar ki, əmək haqqının ümumi səviyydsi 20% artmışdır, halbuki 10 fəhlənin əmək haqqı felən olduğu kimi qalıb dəyişilməmiş, 5 nəfərdən ibarət bir qrup fəhlənin hər birinin əmək haqqı 5 şillinqdən artıb 6 şilliiq olmuş, və o biri qrupdan olan 5 fəhlənin əmək haqqı məbləği 55 şillinqdən artıb 70 şillinq olmuşdur. Fəhlələrin yarısının vəziyyəti əsla yaxşılaşmamış, 4\1 hissəsinin vəziyyəti çox cüzi dərəcədə yaxşılaşmış və yalnız qalan 4\1 hissəsinin vəziyyəti həqiqətən yaxşılaşmışdır. Lakin orta kəmiyyətlər götürülərsə, bu 20 fəhlənin əmək haqqının ümumi məbləği 20% yüksəlmişdir və burada həmin fəhlələri işlədən bütün kapitaldan və onların istehsal etdiyi əmtəələrin qiymətlərindən bəhs edildiyinə görə, buradakı vəziyyət eynilə ona bənzər ki, əmək haqqının orta hesabla yüksəlməsi eyni dərəcədə bütün fəhlələrə aid olsun. Yuxarıda gətirdiyimiz misalda qeyd edildiyi kimi, İngiltərə və Şotlandiyanın müxtəlif qraflıqlarında kənd təsərrüfatı fəhlələrinin əmək haqqı səviyyəsi çox müxtəlif olduğuna görə əmək haqqının yüksəlməsi onların vəziyyətinə heç də bərabər dərəcədə təsir göstərməmişdi.

Nəhayət, bu əmək haqqının yüksəldiyi dövrdə, bir sıra amillər,–məsələn: Rusiya ilə müharibə üzündən yeni vergilər27, külli miqdar kənd təsərrüfatı fəhlələri mənzillərinin dağıdılması28 və sairə,–əks istiqamətdə təsir göstərirdi.

Bu qədər ilk qeydlərdən sonra mən belə bir fikir irəli sürürəm ki, 1849-cu ildən 1859-cu ilədək olan dövrdə Böyük Britaniyada kənd təsərrüfatı fəhlələrinin əmək haqqının orta səviyyəsi təqribən 40% yüksəlmişdir. Bunu sübut etmək üçün mən geniş və müfəssəl material verə bilərdim, lakin qarşıya qoyduğum məqsəd üçün kifayət edər ki, sizin diqqətinizi, mərhum c. Con Ç.Mortonun 1859-cu ildə London incəsənət və peşə cəmiyyətində29 «Əkinçilikdə tətbiq edilən qüvvələr» mövzusunda oxuduğu mükəmməl və tənqidi referata cəlb edim. C-b Morton Şotlandiyanın 12 və İngiltərənin 35 qraflığında yaşayan təqribən 100 fermerdən topladığı hesablardan və başqa həqiqi sənədlərdən rəqəmlər gətirir.

Dostumuz Uestonun baxışlarına görə, xüsusilə fabrik fəhlələrinin əmək haqqının eyni zamanda yüksəlməsini nəzərə alsaq, 1849–1859-cu illərdə kənd təsərrüfatı məhsullarının qiyməti olduqca qalxmalı idi. Bəs həqiqətdə nə oldu? Rusiya ilə müharibəyə və 1854–1856-cı illərdə bir neçə dəfə qıtlıq olduğuna baxmayaraq, İngiltərənin əsas kənd təsərrüfatı məhsulu olan buğdanın orta qiyməti 1838–1848-ci illərdə kvarteri təqribən 3 funt sterlinq olduğu halda, 1849–1859-cu illərdə kvarteri təqribən 2 funt sterlinq 10 şillinqə düşmüşdü. Bu o deməkdir ki, buğdanın qiyməti 16%-dən də artıq düşmüş və eyni zamanda kənd təsərrüfatı fəhlələrinin orta əmək haqqı 40% yüksəlmişdi. Yenə bu dövrün axırını əvvəli ilə, yəni 1859-cu ili 1849-cu illə müqayisə etsək, görərik ki, həmin dövrdə rəsmən qeyd edilən pauperlərin sayı 934 419 nəfərdən 860 470 nəfərə düşmüş, yəni 73 949 nəfər azalmışdı. Mən bu fikrə şərikəm ki, onların sayı çox az əskilmiş və sonrakı illərdə heç əskilməmişdir, lakin hər halda bu–əskilmədir.

Deyə bilərlər ki, taxıl qanunları30 ləğv edildiyinə görə, xaricdən gətirilən taxıl 1838–1848-ci illərə nisbətən 1849-cu ildən 1859-cu ilədək olan dövrdə iki dəfədən də çox artmışdı. Lakin bundan nə çıxır? Vətəndaş Uestonun nöqteyi-nəzərincə gözləmək lazım idi ki, xarici bazarlarda tələbin birdən-birə bu qədər çox və arası kəsilmədən artması kənd təsərrüfatı məhsullarının qiymətini olduqca çox, yüksəldəcəkdir, çünki tələb istər ölkə xaricində, istərsə ölkə daxilində artsın, artan tələbin təsiri hər iki halda birdir. Bəs həqiqətdə necə oldu? Bir neçə qıtlıq illəri nəzərə alınmazsa, bütün bu dövrdə Fransada taxıl qiymətlərinin fəlakətli dərəcədə aşağı düşməsindən daim şikayət edilirdi, amerikalılar dəfələrlə öz məhsullarının artığını yandırıb tələf etməyə məcbur olmuşdular. Rusiya isə c. Urkartın dediklərinə inanılarsa, Birləşmiş Ştatlarda vətəndaş müharibəsini qızışdırırdı4, çünki yankilərin rəqabəti Avropa bazarlarına rus kənd təsərrüfatı məhsulları ixrac edilməsinə mane olurdu.

Vətəndaş Uestonun gətirdiyi dəlillər, abstrakt şəkildə götürülərsə, bundan ibarət olur: tələb həmişə mövcud məhsul kütləsi əsasında artır. Buna görə də tələbin artması lazım olan əmtəələrin təklifini heç bir zaman artıra bilməz, ancaq onların pul qiymətini yüksəldə bilər. Lakin ən səthi müşahidə də göstərir ki, tələbin artması əmtəələrin bazar qiymətini bəzi hallarda əsla dəyişdirmir, bəzi hallarda isə bazar qiymətlərini yalnız müvəqqətiolaraq yüksəldir və bunun ardınca təklif də artır. Təklifin bu artması, qiymətlərin yenidən əvvəlki səviyyəsinə enməsinə, bəzi hallarda isə bu səviyyədən də aşağı düşməsinə səbəb olur. Tələb istər əmək haqqının artması nəticəsində və ya başqa bir səbəb üzündən artsın, bu hal problemin şərtlərini əsla dəyişdirmir. Vətəndaş Uestonun nöqteyi-nəzərincə, bu ümumi hadisəni izah etmək də, müstəsna hallarda, əmək haqqı yüksələndə baş verən hadisəni izah etmək qədər çətin olardı. Buna görə də nəzərdən keçirdiyimiz məsələdə onun dəlilləri qətiyyən heç bir şeyi sübut etmir. Həmin dəlillər ancaq onu göstərir ki, vətəndaş Ueston tələbin artması nəticəsində heç də bazar qiymətlərinin qəti artmasını deyil, təklifin artmasını göstərən qanunlardan? baş çıxara bilmir.


3. ƏMƏK HAQQI VƏ PUL

Mübahisələrin ikinci günü dostumuz Ueston öz köhnə iddiasını yeni şəkillərə saldı. O dedi: pulla verilən əmək haqqının ümumi yüksəlişi zamanı həmin əmək haqqını vermək üçün daha çox nağd pul lazım gələcəkdir. Əgər pulun miqdarı sabitdirsə, pulla veriləsi daha çox əmək haqqı bu sabit pul məbləği ilə necə verilə bilər? Əvvəllər çətinlik onda idi ki, fəhlənin pulla aldığı əmək haqqının artmasına baxmayaraq, onun payına düşən əmtəələrin miqdarı sabit qalırdı; indi isə çətinlik ondadır ki, əmtəələrin miqdarı sabit qaldığına baxmayaraq, pulla verilən əmək haqqı artmışdır. Aydındır ki, əgər vətəndaş Uestonun əvvəlki ehkamını rədd etsəniz, ondan irəli gələn çətinliklər də aradan qalxar.

Bununla belə mən sizə göstərmək istəyirəm ki, bu pul məsələsinin, nəzərdən keçirdiyimiz mövzuya əsla dəxli yoxdur.

Sizin ölkənizdə tədiyə mexanizmi Avropanın hər hansı bir ölkəsindəkindən çox mükəmməldir. Eyni məbləğ dəyəri tədavülə buraxmaq, yaxud eyni miqdar və ya hətta daha çox sazişlər bağlamaq üçün, bank sisteminin geniş yayılması və tamərküzləşməsi sayəsində xeyli az pul lazım gəlir. Məsələn, əmək haqqı məsələsi bu vəziyyətdədir: ingilis fabrik fəhləsi aldığı əmək haqqını hər həftə dükançıya verir, dükançı hər haftə bunu bankirə göndərir, bankir bunu hər həftə fabrikçiyə qaytarır, fabrikçi də bunu yenidən öz fəhlələrinə verir və i.a. Bu mexanizm sayəsində fəhlənin, deyək ki, 52 funt sterlinq illik əmək haqqını hər həftə eyin dövrü edən yeganə bir soverenlə (Soveren–1 funt sterlinq dəyərinə malik olan ingilis qızıl puludur. Red) vermək olar. hətta İngiltərədə bu mexanizm Şotlandiyaya nisbətən az mükəmməldir; həm də o hər yerdə eyni dərəcədə mükəmməl deyildir, buna görə də biz, məsələn, xalis fabrik dairələrinə nisbətən bəzi kənd dairələrində daha az miqdar dəyərin tədavülü üçün daha çox nağd pul lazım gəldiyini görürük.

La-Manşın o tayına keçsəniz görərsiniz ki, kontinentdə pulla verilən əmək haqqı İngiltərədəkindən xeyli aşağıdır, halbuki Almaniya, İtaliya, İsveçrə və Fransada o, əmək haqqını vermək üçün daha çox miqdar pul tələb olunur. Orada hər bir soveren bankirin əlinə o qədər tez keçmir və sənaye kapitalistinə o qədər tez qayıtmır, buna görə də, İngiltərədə 52 funt sterlinq miqdarında illik tədavül üçün bir soveren lazım gəlirsə, kontinentdə pulla verilən 25 funt sterlinq miqdarındakı illik əmək haqqının verilməsi üçün, bəlkə də, 3 soveren lazım gəlir. Beləliklə, kontinent ölkələrini İngiltərə ilə müqayisə edərək, siz dərhal görərsiniz ki, pulla verilən az əmək haqqı üçün, pulla verilən çox əmək haqqına nisbətən daha artıq nağd pul tələb edə bilər ki, bu da əslində bizim mövzumuzla əsla əlaqədar olmayan xalis texniki bir məsələdir.

Mənə məlum olan ən düzgün hesablamalara əsasən, İngiltərə fəhlə sinfinin illik gəliri 250 milyon funt sterlinq qiymət edilə bilər. Bu qədər böyük məbləğ təqribən 3 milyon funt sterlinq vasitəsilə verilir. Fərz edək ki, əmək haqqı 50% yüksəlir. Onda 3 milyon funt sterlinq nağd pul əvəzinə, 41/2 milyon funt sterlinq lazım gələr. Fəhlə öz gündəlik xərclərinin xeyli hissəsi üçün gümüş və mis pul sərf etdiyinə görə,–yəni qızıla olan nisbi dəyəri, dəyişilməyən kağız pulların dəyəri kimi qanunla ixtiyari müəyyən edilən xırda pul sərf etdiyinə görə,–pulla verilən əmək haqqının 50% yüksəlməsi, ən çoxu, deyək ki, bir milyon soverenin əlavə tədavülünü tələb edəcəkdir. İndi İngiltərə bankının və ya xüsusi bankirlərin zirzəmilərində külçə va ya sikkə halında yatıb qalan bir milyon soveren tədavülə daxil olar. Lakin bu əlavə bir milyon soveren pulun kəsilməsi və ya tədavül zamanı aşınması ilə əlaqədar olan cüzi xərclərdən də çəkinmək olar; tədavül vasitələrinin azlığı müəyyən bir çətinlik törətdikdə bu xərclərdən, doğrudan da, çəkinirlər. Hamınız bilirsiniz ki, İngiltərədə tədavüldə olan pul iki böyük növə ayrılır. Bunlardan biri müxtəlif banknotlardan ibarət olub tacirlər arasındakı sövdələr zamanı, habelə istehlakçılarla tacirlər arasındakı nisbətən böyük tədiyələrdə istifadə olunur; metal sikkədən ibarət digər növ isə pərakəndə ticarətdə işlənir. Tədavüldə olan bu iki pul növü müxtalif olsa da, bir-biri ilə çulğaşır. Məsələn, nisbətən iri tədiyələrdə belə, 5 funt sterlinqdən az olan kiçik məbləğləri ödəmək üçün qızıl puldan geniş miqyasda istifadə olunur. Əgər sabah 4, 3 və ya 2 funt sterlinqlik banknot buraxılsa, bu tədavül sahələrində olan qızıl pul dərhal buradan çıxarılır və pulla verilən əmək haqqının yüksəlməsi üzündən həmin pula ehtiyac olan yerə axıb gedərdi. Beləliklə, pulla verilən əmək haqqının 50% yüksəlməsi nəticəsində lazım gələn əlavə bir milyonu vermək üçün bircə soveren də əlavə etməmək olardı. Banknotların miqdarını artırmayıb, uzun bir müddət ərzində Lankaşirdə edildiyi kimi, vaksellərin tədavülünü artırmaqla da eyni nəticə əldə edilə bilər.



Əgər əmək haqqı səviyyəsinin ümumi yüksəlişi,–məsələn, kənd təsərrüfatı fəhlələrinin əmək haqqı üçün vətəndaş Uestonun fərz etdiyi kimi, 100% yüksəlişi,–ən zəruri şeylərin qiymətinin xeyli qalxmasına səbəb olursa və Uestonun nöqteyi-nəzərincə, əldə edilməsi mümkün olmayan əlavə pul məbləği tələb edirsə, əmək haqqının ümumən aşağı düşməsi eyni nəticələri, eyni dərəcədə, lakin əks istiqamətdə doğurmalı idi. Çox gözəl! Siz hamınız bilirsiniz ki, 1858–1860-cı illər pambıq parça sənayesinin ən çox tərəqqi tapmış illəri idi və xüsusən 1860-cı il bu cəhətdən ticarət tarixində misli görünməmiş bir il idi, bundan əlavə, o zaman bütün başqa sənaye sahələri də ən artıq dərəcədə tərəqqi etmişdi. 1860-cı ildə pambıq parça sənayesindəki fəhlələrin, habelə bu sənaye ilə əlaqədar olan bütün başqa sahələrdəki fəhlələrin əmək haqqı əvvəllər heç bir zaman olmadığı qədər ən yüksək səviyyədə idi. Lakin birdən Amerikada böhran başlandı və bütün bu fəhlələrin əmək haqqı birdən-birə düşüb əvvəlki məbləğin təqribən dörddə bir hissəsinə çatdı. Bu hadisə əksinə olsaydı, əmək haqqı 300% yüksəlmiş olardı. Əmək haqqı 5-dən 20-yə qalxdıqda, biz deyirik ki, əmək haqqı 300% yüksəlmişdir. Əmək haqqı 20-dən 5-ə düşdükdə isə, deyirik ki, əmək haqqı 75% aşağı düşmüşdür. Lakin əmək haqqının birinci halda yüksəlməsi məbləği ilə ikinci halda düşməsi məbləği eyni olardı, məhz 15 şillinq olardı. Deməli, bu hadisə nəticəsiidə əmək haqqının səviyyəsi birdən-birə, misli görünməmiş dərəcədə dəyişilmiş və,–təkcə bilavasitə pambıq parça sənayesində çalışan fəhlələr deyil, bu sahədən dolayısı ilə asılı olan fəhlələr də nəzərə alınsa,–kənd təsərrüfat fəhlələrinin sayından 11/2 dəfə artıq fəhlələri əhatə etmişdi. Lakin buğdanın qiyməti düşmüşdümü? Yox, 1858–1860-cı illər arasındakı üç il ərzində buğdanın bir kvarterinin orta illik səviyyəsi 47 şillinq 8 pens idisə, 1861–1863-cü illər arasındakı uç il ərzində orta illik səviyyəsi 55 şillinq 10 pensə qalxmışdı. Pula gəldikdə, sikkəxanada 1860-cı ildə 3 378 102 funt sterlikq sikkə kəsilmişdisə, 1861-ci ildə 8 673 232 funt sterlinq sikkə kəsilmişdi. Başqa sözlə, 1860-cı ilə nisbətən 1861-ci ildə 5 295 130 funt sterlinq artıq sikkə kəsilmişdi. Doğrudur, 1860-cı ilə nisbətən 1861-ci ildə tədavüldə 1319 000 funt sterlinq az banknot var idi. Bu məbləği çıxsaq, tərəqqi ili olan 1860-cı ilə nisbətən 1861-ci ildə tədavüldə hər halda 3 976 130 və ya 4 milyon funt sterlinqə qədər artıq pul qalır; həmin dövrdə İngiltərə bankının qızıl ehtiyatı, doğrudur, eyni proporsiyada olmasa da, buna yaxın proporsiyada azalmışdı. 1862-ci ili 1842-ci illə müqayisə edək. Tədavüldə olan əmtəələrin dəyər və miqdarının xeyli artmasından əlavə, yalnız səhmlər, istiqraz vərəqələri və sairə üçün, qiymətli dəmir yol kağızları üçün müntəzəm surətdə verilən kapital 1862-ci ildə İngiltərə və Uelsdə 320 milyon funt sterlinqə çatırdı ki, bu da 1842-ci ildə əfsanəvi bir məbləğ kimi görünə bilərdi. Bununla belə, 1862-ci ildə və 1842-ci ildə tədavüldə olan pulun ümumi miqdarı təxminən bərabər idi. Ümumiyyətlə yalnız əmtəələrin ümumi dəyərinin deyil, habelə bütün pul sövdələrinin xeyli artmasına baxmayaraq, tədavüldə olan pulun miqdarını daim tədricən azalmağa meyl etdiyi müşahidə olunur. Dostumuz Uestonun nöqteyi-nəzərindən bu həll edilməz bir tapmacadır.

O, məsələyə bir qədər dərindən yanaşsaydı, görərdi ki,–hətta əmək haqqı tamamilə bir kənara qoyulub dəyişilməz fərz edilsə belə,–tədavüldə olan əmtəələrin dəyər və kütləsi və bağlanan pul sövdələrinin məbləği ümumiyyətlə hər gün dəyişilir; buraxılan banknotların miqdarı hər gün dəyişilir; pul vasitəsilə deyil, veksel, çek, jiro-kredit və haqq-hesab palataları vasitəsilə ödənilən tədiyələrin məbləği hər gün dəyişilir; həqiqi metal pullar lazım gəldiyinə görə, tədavüldə olan sikkələrin miqdarı ilə ehtiyatda olan və ya bankların zirzəmilərində yatan sikkə və külçələrin miqdarı arasındakı nisbət hər gün dəyişilir; milli tədavülün tələb etdiyi qızılın miqdarı və beynəlxalq tədavül üçün xaricə göndərilən qızılın miqdarı hər gün dəyişilir; o başa düşərdi ki, pul məbləğinin guya dəyişilməz olduğu haqqında onun ehkamı gündəlik həyatımızla bir yerə sığışmayan son dərəcə böyük yanlışlıqdır. Vətəndaş Ueston pul tədavülü qanunlarını başa düşməməsini əmək haqqının yüksəlməsinə qarşı bir dəlil kimi irəli sürməkdənsə, pul tədavülünə daim dəyişilməkdə olan şəraitə uyğunlaşmaq imkanı verən qanunları öyrənsəydi, daha yaxşı olardı.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin