Az Book Library Ziqmund Freyd



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix04.01.2020
ölçüsü1,25 Mb.
#30042
1   2   3   4   5   6   7   8   9   ...   15
Ziqmund Freyd - Psixoanalizlə ilkin tanışlıq


Altıncı mühazirə

FƏRZİYYƏLƏR VƏ YOZUM TEXNİKALARI
Dəyərli xanımlar və bəylər! Göründüyü kimi, yuxugörməni öyrənməkdə irəliləyə
bilmək üçün bizə indi yeni yanaşma və bəlli bir metod tapmaq gərəkdir. Öncə sizinlə
bir məsələ üzrə anlaşmaq istəyirəm: gəlin bundan sonrakı yanaşmalarımızda
yuxugörməni cismani yox, psixi fenomen sayaq. Bunun nə demək olduğunu bilirsiniz,
ancaq gəlin görək belə bir anlaşma ilə biz nə qazanırıq? Bu anlaşmadan bir
qazancımız olmasa da, ona qarşı dayana bilən hansısa tutarlı bir arqument də yoxdur.
Ona görə də biz indi iki yoldan birini seçməliyik: yuxugörmə cismani bir
fenomendirsə onda bizim onunla bağlı görüləsi bir işimiz də yoxdur; o yalnız
psixoloji fenomen sayıla biləcəyi durumunda bizim üçün maraqlı olacaqdır. Beləliklə
də, biz yuxugörməni psixi fenomen saymaqla işimizi davam etdirəcək və bunun hansı
sonuclara gətirdiyini izləyəcəyik. Gördüyümüz bu işin sonucu isə, bu yanaşmamızın
üstündə qalıb-qalmayacağımızı aydınlaşdırmaqla yanaşı, onun özünün də doğru olub-
olmayacağını göstərəcəkdir. Biz nə istəyirik və gördüyümüz işin adı nədir? Biz elmin
görməyə alışdığı bir işi yerinə yetirmək istəyirik, bir az da açıq desək, qarşılaşdığımız
fenomenləri anlamağa çalışırıq, onların bir-biri ilə ilişkilərini tapmaq istəyirik və
bacardıqca onları idarə edə bilmək üstünlüyünə də yiyələnmək istəyirik.
Beləliklə də, biz yuxugörməni psixi fenomen sayaraq öz işimizi davam
elətdiririk. Belə bir durumda isə yuxugörmə yuxugörən kimsənin törətdiyi və
açıqlamalı olduğu bir olay olacaqdır, ancaq burada bir iş də var, yuxugörənin dilindən
eşitməli olduğumuz bu yuxugörmə bizim üçün anlaşılmaz qalır. Birdən mən sizə
anlaşılmaz görünən bir söz desəm siz nə edərdiniz? Məndən nə demək istədiyimi
soruşardınız, deyilmi? Onda biz də nə üçün yuxugörən kimsədən gördüyü yuxunun
anlamını soruşmayaq?
Unutmamısınızsa, biz artıq bir dəfə belə bir duruma düşmüşdük. Bununla, yanlış
davranışlarla bağlı sualı araşdırarkən söz yanılmalarından danışanda qarşılaşmışdıq.
Yanılan bir kimsə belə demişdi: Da sind Dinge zum Vorschwein gekommen, ondan
niyə belə dediyini, daha doğrusu, nə üçün yanılıb anlaşılmaz bir söz olan Vorschwein
sözünü işlətdiyini soruşmuşdular və nə yaxşı, bunu biz, psixoanalitika üzrə işləyən
araşdırıcılar yox, büsbütün ona qarışacağı olmayan insanlar ondan soruşmuşdular.
Soruşulan kimsə o andaca belə bir cavab vermişdi: mən das waren Schweinereien (bu,
donuzluq idi) demək istəyirdim, ancaq bu niyyətimi sıxışdırıb bir az yumşaq çalarlı
söz deməyə çalışdığımdan, bu yanlışlıq baş verdi. Mən onda sizə belə bir söz
demişdim: belə bir sorğulama üsulu istənilən psixoanalitik araşdırmanın kökündə
dayanır və mənə elə gəlir, indi siz də psixoanalizin başlıca texnikasının nə demək
olduğunu bilirsiniz: psixoanalitik axtardığı tapmacanın cavabını, hara qədər bacarırsa,
araşdırmaq üçün götürülmüş kimsənin özündən soruşub öyrənməyə çalışır. Beləliklə
də, yuxugörən kimsə gördüyü yuxunun hansı anlamı daşıdığını özü bizə açıb
deməlidir.
Ancaq bəlli olduğu kimi, yuxugörmədə hər şey belə sadə deyildir. Yanlış
davranışlarla bağlı araşdırmalarımızda bu texnika çoxlu durumlarda bizi doğru
sonuclara gətirib çıxara bilmişdi, ancaq orada da sorğulanan kimsənin bizimlə
danışmaq istəməməsi, habelə bizim yozumumuzdan acıqlanması da olmuşdu.
Yuxugörmədə isə birinci variantla qarşılaşmırıq; yuxugörən kimsə, demək olar,
həmişə niyə belə yuxu gördüyünü bilmədiyini deyir. Biz onun qarşısına yuxugörməsi
ilə bağlı hansısa yozum qoya bilmədiyimiz üçün onun bizim dediklərimizi danmasına

da gərək qalmır. Yoxsa biz bu cəhdlərimizdən əl çəksək yaxşıdır? Biz də, yuxugörən
də nəsə bilmirik, burada üçüncü birisinin nəsə biləcəyini düşünmək də yersizdir, ona
görə də bizim burada nəsə öyrənə biləcəyimizə ümid yeri qalmır. İstəyirsinizsə, bu
araşdırmanı dayandıra da bilərsiniz. Dayandırmaq istəmirsinizsə, onda ardımca gəlin.
Görün indi mən sizə nə deyirəm: ola bilsin, olduqca böyük ehtimalla, yuxugörən
kimsə onun yuxusunun nə demək olduğunu bilir, o, sadəcə, bunu bildiyini anlaya
bilmədiyindən, bunu bilmədiyini düşünür.
Siz indi məni yeni bir fərziyyə irəli sürməkdə qınaya bilərsiniz, belə qısa bir
araşdırmanın gedişində artıq ikinci fərziyə irəli sürməyin çox olduğunu, bununla
mənim öz metodumun inandırıcılığını azaltdığımı da deyə bilərsiniz. Beləliklə də, biz
birinci fərziyyəmizdə yuxunun psixi fenomen olmasını irəli sürmüşdük, indi isə insan
ruhunda olan, ancaq onun bunun varlığını bilmədiyi və bunun üçün də onu bildiyini
anlamadığı hansısa bilginin olduğu fərziyyəsini ortaya atırıq. Bu fərziyyələrdən
istənilən birini doğru saymamağımız onların yardımı ilə alınan bütün sonucların
önəmsiz olduğu anlamına gələcəkdir.
Ancaq, dəyərli xanımlar və bəylər, mən sizi bura aldatmaq üçün çağırmamışam
və sizdən nəyisə gizlətməyə də çalışmıram. Düzdür, mən sözümün başlanğıcında sizə
“psixoanalizlə ilkin tanışlıq üzrə” mühazirə oxuyacağımı demişəm, ancaq mən sizə in
usum delphini tipli bilgilər vermək, hər şeyin ütülü olduğunu, asan başa gəldiyini
göstərmək istəmirəm, habelə inamsızlıq yaranmasın deyə ortalıqda olan bütün
boşluqları sizdən gizlətməyi də düşünmürəm. Mən sizin dərinliklərə varmadan, ötəri
bilgilər alıb, nəsə yeni biliklər aldığınızla bağlı yanlışlara qapılmağınızı da ummuram.
Yox, siz elə bu elmlə ilk dəfə tanış olmağa başladığınız üçün də mən sizə onu necə
varsa eləcə də göstərmək istəyirəm. Bizim bu elmimizin bütün daşlı-kəsəkli və ağır
yollarını da, bu yolu keçdikcə sizin ürəyinizdə yaranacaq şübhə və narazılıqları da
bəri başdan bütün aydınlığı ilə bilməyinizi istəyirəm. Bütün elmləri öyrənməkdə, ən
çox da başlanğıcda belə bir yolu keçməyin qaçılmaz olduğunu da yaxşı bilirəm. Mən
müəllimlərin çox vaxt başlanğıcda bu çətinlikləri tələbələrindən gizlətməyə
çalışdıqlarını da bilirəm. Ancaq belə yanaşma psixoanalizin öyrənilməsində bir işə
yaramır. Mən, doğrudan da, bir-biri ilə uyuşan iki fərziyyə irəli sürmüşəm, bu
fərziyyələr kim üçünsə anlaşılmazlıq və dolaşıqlıq yaradırsa, kimsə elmdə böyük
güvənlik və gözəlliklə dolu sonuclar arayırsa, o bizimlə öz yolunu ayırsa yaxşıdır.
Mən belə birisinin axtardığı dəqiq və inamlı yolu burada tapa bilməyəcəyini
bildiyimdən, onun psixoloji problemlər üzrə çalışmalara qoşulmasını da kökündən
yanlış sayıram. Eləcə də nəsə dəyərli sonuclar üzə çıxaran elmin də birdən onu
eşitməzlər kimi bir qorxusu yoxdur və o, qapı-qapı gəzib özünə yandaşlar axtarmağa
da gərək duymur. Hansısa elmin gəldiyi sonucların özü bu elmin dəyərini
göstərəcəkdir, ona isə yalnız bu sonucların insanların diqqətini çəkəcəyi günü
gözləmək qalır.
Ancaq kimsə bizim çalışmalarımızdan ayrılmaq istəmirsə, onlara bir sözüm də
var: mənim irəli sürdüyüm bu iki fərziyyə ekvivalent (eynigüclü) deyildirlər.
Yuxugörmənin psixoloji fenomen olduğu ilə bağlı irəli sürdüyümüz fərziyyənin
doğruluğunu biz gördüyümüz işlərin sonucu olaraq sübut eləmək istəyirik; ikinci
fərziyyənin doğruluğu isə başqa bir elm sahəsində artıq isbat olunmuşdur və mən
yalnız ürək eləyib onun bizim problemlərin çözülməsinə yarayacağını irəli sürmüşəm.

Yaxşı, harada, elmin hansı bölməsində insanın özünə bəlli olmayan biliyinin
varlığı sübut olunmuşdur (Biz də yuxu görmüş insanın belə bir biliyi olduğunu
demirikmi)?! Belə bir çox gözəl, olduqca parlaq faktın ortalıqda olması bizim ruhi
yaşamımızla və onun gizlətməyə gərək olmayan özəllikləri ilə bağlı baxışlarımızı
kökündən dəyişə bilərdi. Beləliklə də, özünün dediyini özü də danan belə bir faktın
olması gerçəkdir və o, contradicto in adjecto (bəlliliyin içindəki qarşıdurma)
sayılmalıdır. Bu fakt özünü gizlətməyə çalışmır. Onunla bağlı heç nə bilmirlərsə və
yetərincə düşünmürlərsə, bu heç də onun suçu deyildir. Elə bunun kimi də psixoloji
problemlərlə bağlı sorular üzrə mühakimə yürüdənlərin böyük çoxluğunun bu sualın
önəmli özəlliklərini aramaqdan və sınaqla yoxlamaqdan çox uzaq olan adamlar olması
da bizim suçumuz deyildir.
Belə bir sübutu elmin hipnozla bağlı olayları öyrənən bölməsi ortaya qoymuşdur.
Mən 1899-cu ildə alimlərdən Lyebo ilə Berngeymin Nansi şəhərində sərgilədikləri
olduqca inandırıcı görüntüləri izləyəndə onların apardıqları belə bir sınaqla
üzləşmişdim. Hipnoza salınmış insanı ayaq üstə gəzərgi yuxugörmə durumuna gətirib,
onu bu anlarında qarabasmalarla bağlı olaylar yaşamağa sürükləyəndən sonra düşdüyü
bu durumdan ayıltdılar və bu adamı sorğulayanda o, keçirdiyi hipnoz zamanı başına
gələnlərlə bağlı heç nə bilmədiyini dedi. Ancaq Berngeym onun yaxasını buraxmayıb
hipnoz zamanı başına gələnləri xatırlamağı tələb elədi. Adam isə, doğrudan da, heç nə
xatırlamadığını deyib durdu. Berngeym yenidən təkidlə ondan başına gələnləri
xatırlamağı tələb eləməyə başladı, bilmədiyini sandığı bu faktları bildiyinə onu
inandırmağa çalışdı. Ona bunları xatırlamalı olduğunu aşıladı və birdən indicə
hipnozdan çıxmış adam tərəddüd eləməyə başladı, düşüncələrini toplayıb hipnoz
anında ona aşılanan olaylardan birini dumanlı şəkildə xatırlamağa başladı, bir az sonra
bir başqasını yadına saldı, getdikcə başına gələnlərin hamısını bir-bir xatırlayıb,
sonunda bütün baş verənləri olduğu kimi xatırlamağa gəlib çıxdı. Bütün bunları
kiminsə ona kənardan demədən özünün xatırlaması onun bilmədiyini sandığı bu
faktları öncədən də bildiyini üzə çıxarmış oldu. Onun bildiyi bu “bilmədiyi bilgilər”
öncə onun üçün əlçatmaz idi, o bunları bilmədiyini düşünür, özünün belə bir biliyi
olduğuna inanmırdı. Gördüyünüz kimi, bu durum eyni ilə yuxugörən kimsənin
yuxudan ayılandan sonra düşdüyü durum kimidir.
Elə bilirəm, indicə dediyim bu fakt sizi sarsıdır və məndən soruşmaq istəyirsiniz:
siz nə üçün bu sübutu bir az öncədən, yanlış davranışları araşdıranda demirdiniz? Bu
yanılmalarda da sözünü yanılan adamın özünün belə, bilmədiyi niyyətinin olduğunu
irəli sürəndə və yanılan kimsə belə bir niyyətinin olduğunu dananda biz bu sübutu
ortaya atmaqla araşdırmamıza aydınlıq gətirə bilməzdikmi? Kimsə yaşadığı hansısa
anlarla bağlı heç nə bilmədiyini, onları büsbütün unutduğunu düşünürsə, ancaq
özlüyündə bu bilik onun ruhunda varsa, onda o bu durumunda özünün daha
dərinliklərdə baş verən ruhi prosesləri ilə bağlı bir az da çox biliksiz olacaqdır. Belə
bir dəlil çox tutarlı olduğundan, yanlış davranışları daha dərindən və dəqiq
anlamağımıza yardımçı ola bilərdi. Sözsüz, mən bu faktdan yanlış davranışları
araşdıranda da yararlana bilərdim, ancaq mən onu başqa, daha önəmli bir durumda
işlədə bilmək üçün qoruyub saxlamışdım. Yanlış davranışların bir çox kəsimlərini biz
onların özündən yararlanmaqla aydınlaşdıra bilmişdik; bundan başqa, biz baş verən
psixi olayların özbaşına olmadığını, onların bir-biri ilə qırılmaz tellərlə bağlı olduğunu
xatırlamış, buna görə də bizə bəlli olmayan ruhi proseslərin də ola biləcəyi

düşüncəsinə gəlib çıxmışdıq. Yuxugörməni öyrənəndə isə biz elmin başqa
oblastlarında əldə olunan sonuclardan yararlanmalı olduq və mənə elə gəlir, burada
hipnozla bağlı oblastdan götürülmüş bilgilərdən yararlanmağımızı siz anlayışla
qarşılayacaqsınız. Yanılmalar isə insanın normal durumlarında baş verir və onunla
hipnotik durumlar arasında heç bir uyğunluq yoxdur. Əksinə, hipnotik durumla
yuxugörmənin baş verdiyi yuxuya dalmaq arasında çox önəmli uyğunluqlar vardır.
Axı biz hipnoza elə süni yuxu deyirik; eləcə də hipnoz elədiyimiz adamlara “yatın”
deyərək onları yuxulatmağa çalışırıq və bu durumda bizim ona aşıladıqlarımızı yatmış
adamın yuxugörməsi ilə tutuşdurmaq da olar. Hər iki olaydakı psixi durum, demək
olar, çox uyğundur. Adi yuxuda biz ətraf aləmə olan marağımızı söndürürük,
hipnozda da, bizi hipnoz eləyəndən başqa, nə varsa hamısına olan marağımız sönmüş
olur və bizim yalnız onunla ilişkilərimiz qalır. Elə uşaq əmizdirən qadının
mürgüləməsi də hipnotik yuxunun bir örnəyi sayıla bilər. Bəlli olduğu kimi, bu vaxt
qadının yan-yörəsi ilə bütün ilişkiləri kəsilir, bütün diqqəti əmizdirdiyi körpəyə
yönəlir. Ona görə də yuxu və yuxugörmənin araşdırılmasında çəkinmədən hipnozun
özəlliklərindən yararlana bilərik. Deməli, “yuxugörən kimsə öz yuxugörməsinin
nədən yaranmasını bilir, ancaq bu biliklərin yolu onun üçün bağlıdır və ona görə də o
belə bir biliyinin olduğuna inanmır” mülahizəsi heç də əsassız deyildir. Yeri gəl-
mişkən, bunu da deyim, burada bizim qarşımızda yuxugörməni öyrənmək üçün
üçüncü bir yol da açılmış olur: indiyədək olan araşdırmalarımızda yararlandığımız
yuxunu pozan xarici qıcıq, “ayıqlıqda yuxu görmə” adlandırdığımız anlayışlara
hipnozla aşılanan yuxugörmə anlayışı adlana biləcək yeni birisi də qoşulur.
İndi isə bizim gördüyümüz işin doğruluğuna inamımızın artdığı bu durumda
araşdırdığımız problemin üstünə qayıdaq. Beləliklə də, ola bilsin, yuxugörən kimsə öz
yuxusunun nədən doğduğunu bilir və indi bizim başlıca görməli olduğumuz iş ona bu
biliyini üzə çıxarmaqda yardım eləmək, daha sonra onun bu bildiklərini gizlətmədən
bizə çatdırmasına çalışmaqdır. Biz ondan gördüyü yuxunun hansı anlam daşıdığını
deməyi tələb eləmirik, ondan bu yuxugörmənin nədən qaynaqlana biləcəyini, onu
doğura biləcək düşüncə və maraqlarının çevrəsini soruşub öyrənməyə çalışırıq. Gəlin
yenidən yanlış davranışlarla bağlı araşdırmamızdakı örnəyi xatırlayaq. Biz yanılan
kimsədən “Vorschwein” kimi anlaşılmaz bir sözün onun ağlına haradan gəldiyini
soruşanda o andaca onun ağlına bunu açıqlamaq üçün lazım olan fikir gəlmişdi. Bizim
yuxugörməni araşdırma texnikamız çox sadədir və indicə dediyimiz örnəkdə
yararlandığımız üsula çox oxşayır. Biz burada da yuxugörəndən onun nə üçün belə bir
yuxu gördüyünü soruşacaq və ağlına ilk gəlib dediyi sözü açar söz, ipucu sayaraq
onun yuxusunu yozmağa çalışacağıq. Biz onun yuxugörməsinin səbəbini bilib-
bilmədiyi ilə maraqlanmayacağıq, ancaq hər iki durumda onun nə dediyinə diqqət
yetirəcəyik.
Bu texnika, gördüyünüz kimi, çox sadədir, ancaq qorxuram sizdə bu texnikaya
qarşı inamsızlıq yarana və siz onun doğruluğunu danmağa başlayasınız. Ola bilsin, siz
belə deyə bilərsiniz: “Ah, bu da üçüncü fərziyyə! Bu, o birilərindən də qat-qat az
inandırıcıdır! Bu necə ola bilər: mən yuxugörəndən onun bu yuxunu görməyinin
səbəbi ilə bağlı nə düşündüyünü soruşuram, o isə ağlına ilk olaraq gələn fikri deyir,
mən də gərək bunu yuxugörmənin doğru yozumu sayam?! Ola bilər, onun ağlına heç
bir fikir gəlməsin, ya da kim bilir, heç bu məsələylə qarışacağı olmayan bir fikir
gəlsin. Biz onun bu sözlərinə nə üçün inanmalı olduğumuzu anlaya bilmirik. Görünür,

düz deyirlər, hansısa fərziyyəyə tənqidi yanaşmadan ona böyük inam bəsləməyin sonu
yaxşı qurtarmır. Bundan başqa da, yuxugörmə təkcə elə bir anlaşılmaz məqamdan
ibarət deyil, buradakı anlaşılmazlıqların sayı çoxdur. İndi biz yuxugörənin o
anlaşılmazlıqları yozmaqla bağlı ağlına gələn bu təsadüfi sözlərindən hansılarını
araşdırma üçün işlətməliyik?”
Burada sizin, problemin ikinci dərəcəli tərəfləri ilə bağlı dediklərinizin hamısı
doğrudur. Elədir, yanlış davranışdan fərqli olaraq, yuxugörmədə yozulmalı olan
elementlərin sayı çoxdur. Bizim araşdırma texnikamız gərək bu durumu gözdən
qaçırmasın. Ancaq mən sizə yuxugörməni ayrı-ayrı elementlərə ayırmağı, hər bir
elementi ayrılıqda araşdırmağı təklif eləyirəm, onda bu araşdırmamız yanlış
davranışlarla bağlı araşdırmalarımızla uyğun gələcəkdir. Söz soruşduğumuz bu
yuxugörən kimsənin gördüyü yuxunun ayrı-ayrı elementləri ilə bağlı heç nə
bilmədiyini söyləyə biləcəyini deməkdə də siz haqlısınız. Bəlli durumlarda biz onun
verdiyi cavabları yetərli sayacağıq, bunun hansı durumlar olduğunu isə, bir az sonra
biləcəksiniz. Ən başlıcası, onun yuxugörməsində yoza bilmədiyi elementlər çox vaxt
elə bizim özümüzün onları yoza bilməyimiz üçün yararlı olurlar. Ancaq biz öz
araşdırmamızda belə bir yolu tutmağa çalışacağıq: yuxugörən kimsənin hansısa
elementlə bağlı ağlına heç nə gəlmədiyini deməsinə baxmayaraq, biz onunla
razılaşmayacaq, təkid eləyəcək, onu bu elementlə bağlı ağlına mütləq hansısa fikrin
gəlməli olduğuna inandırmağa çalışacağıq və sonunda bizim haqlı olduğumuz bəlli
olacaqdır. Onun ağlına hökmən hansısa fikir gələcək və bunun hansı fikir olmasının
bizim üçün önəmi olmayacaqdır. Ağlına ən asanlıqla gələn fikirlər ən çox keçmişlərdə
baş vermiş olaylarla bağlı olacaqdır. O deyəcəkdir: bax bu dünən baş vermişdi (bir az
öncə biz “aydın yuxu” dediyimiz iki belə yuxugörmə örnəyinə baxmışdıq). Yaxud o
belə də deyə bilər: bu mənə yaxın zamanlarda baş vermiş bir olayı xatırladır. Bu
araşdırmalar, bizim düşündüyümüzün əksinə olaraq, yaxın günlərdə baş vermiş
olaylarla yuxugörmələr arasında çox sıx ilişkilərin olduğunu qabarıq bir şəkildə
göstərəcəkdir. Yuxugörməni araşdırdıqca yuxugörən kimsə getdikcə keçmişdə olmuş
olayları xatırlayacaq, ola bilsin, lap uzaq keçmişlərdə olmuş olayları da yadına
salacaqdır.
Ancaq sizin başlıca sorular üzrə yürütdüyünüz mühakimələr yanlışdır. Siz indi
yuxugörənin ağlına gələn birinci düşüncənin özbaşına yarandığını, bu düşüncənin
yuxugörmənin səbəbini araşdırmaq və onu tapa bilmək işinə yaramadığını
sanırsınızsa, onun ağlına gələn bu düşüncənin büsbütün təsadüfi və araşdırılan mövzu
ilə ilişkili olmadığını düşünürsünüzsə, mən bunun büsbütün tərsini düşünərək,
yuxugörənin ağlına gələn bu ilk düşüncənin yardımı ilə çoxlu nəsnələrin
aydınlaşdırıla biləcəyinə inanıram və sizin bu yanaşmanızın kökündən yanlış
olduğunu deyirəm. Mən bundan qabaq da sizi yanlış olaraq inandığınız psixi olayların
özgür olmasına, onların özbaşına baş verə bilməsinə olan inamınızdan çəkindirmək
istəmişdim. Belə bir düşüncə elmilikdən çox uzaqdır və öz yerini ruhi dünyamızda
determinizmin olduğu düşüncəsinə verməlidir. Ona görə də sizi yuxugörənin bu anda
ilk olaraq ağlına başqa bir sözün yox, yalnız elə dediyi sözün gəlməsi faktına qarşı
saymazlıq göstərməkdən çəkinməyə çağırıram. Onun ağlına gələn bu sözün özbaşına
yaranmadığını, bütünlüklə bizim araşdırdığımız yuxugörmə ilə bağlı olan bəlli bir
düşüncə olduğunu sübut eləmək də olar. Hə, mən lap bu yaxınlarda eksperimental

psixologiyanın əlində belə sübutların olduğunu öyrənmişəm, baxmayaraq, mən
bunlara elə də çox önəm vermirəm.
Araşdırdığımız mövzunun olduqca böyük önəmi olduğu üçün sizi ona çox
diqqətlə yanaşmağa çağırıram. Baxın, mən kimisə gördüyü yuxunun hansısa elementi
ilə bağlı olaraq ağlına gələn sözü deməyə çağırıramsa, onda bu kimsənin duyğularına
bütünlüklə sərbəstlik verməsini tələb eləyir, onu ağlına ilk gələn mülahizədən
başlayaraq danışdırmağa çalışıram. Bu isə diqqətin yönəldilməsinin xüsusi bir halına
keçməyi tələb eləyir, o da düşüncənin adi qaydada yönəlməsi halından köklü şəkildə
fərqlənən bir durum deməkdir. Bir sıra insanlar çox asanlıqla öz duyğularına
bütünlüklə sərbəstlik verə bilirlər, bir başqaları isə bunu əsla bacarmırlar. Duyğularına
bütünlüklə sərbəstlik verməyin daha yüksək dərəcələri də vardır və bu zaman doğulan
fikirlərdəki ayrı-ayrı məqamlara xüsusi diqqət yetirilir. Örnək üçün, bu durumda ağıla
gələn adlara, yaxud da rəqəmlərə əsaslanaraq, baxılan sorğu üzrə araşdırmalar aparılır.
Ancaq dediyimiz bu, duyğulara daha yüksək sərbəstlik durumu veriləndə doğulan
fikirlər, bizim yararlandığımız texnika ilə ortaya çıxardığımız fikirlərdən fərqli olaraq,
özbaşına yarana və sonacan aydın olmaya da bilər. Ancaq bu düşüncələrin ruhumuzun
dərinliyində olan hansısa qurumlarla qırılmaz bağları olduğunu isbat eləmək də olar.
Bu dərinlikdə olan qurumlar isə istər özləri, istərsə də göstərdikləri təsirləri ilə bizə
bəlli deyillər, bunu necəsə yanlış davranışlardakı yanılmaları, habelə çoxlu təsadüfi
olayları doğuran, ancaq özü gizli qalan pozucu niyyətlərlə tutuşdurmaq da olar.
Mən və məndən sonra da bir çoxları düşüncədə özbaşına yaranan adlar və
rəqəmlərlə bağlı çoxsaylı araşdırmalar aparmışıq; onların bir sırası ilə bağlı bilgilər
çap da olunmuşdur. Bu sınağın gedişi belə bir ardıcıllıqla olur: düşüncədə sərbəst
olaraq doğulmuş bu ad üzərində araşdırma başlayan kimi, o artıq öz sərbəstliyini itirir
və yuxugörmənin onun yardımı ilə araşdırılan bəlli elementi ilə əlaqəli olan duyğular
yaratmağa başlayır. Belə əlaqəli duyğuların yaranması tükənməyənə kimi bu sınaq da
davam etdirilir. Daha sonra isə düşüncədə sərbəst yaranan bu adın nədən yaranması və
baxılan durumda hansı dəyəri daşıması aydınlaşdırılır. Gərək olan sonuclara gətirib
çıxaran belə sınaqlar dayanmadan təkrar olunur və onlarla bağlı bilgi ala bilmək üçün
çox vaxt olduqca çoxsaylı faktiki materialların öyrənilməsi və aydınlaşdırılması tələb
olunur. Ola bilsin, bu yöndəki ən inandırıcı sübutları düşüncədə sərbəst olaraq
yaranan rəqəmlərin yaratdığı əlaqələndirici duyğuların üzərində göstərmək olar; onlar
çox tez yarandığından və qətiyyətlə gizli qalan məqsədin üstünə yönəldiyindən
onların bu özəlliyinə vurğun olmaya bilmirsən. Mən indi sizə adların araşdırılması ilə
bağlı apardığım bir sınaqdan danışmaq istəyirəm. Bu sınaq çox uzun çəkmədiyindən
onu danışmaq da vaxtımızı çox almayacaqdır.
Müalicə elədiyim bir gənc kişi ilə danışıb, insanın düşüncəsində sərbəst
yarandığını sandığımız adların əslində özbaşına yaranmadığını, bunun belə bir
düşüncəyə qapılan kimsənin özünün bu andakı durumundan və adını çəkdiyi kimsə ilə
hansısa yaxın ilişkilərindən asılı olaraq yarandığını demişdim. O bu sözümə
inanmadığından bu sınağı elə indicə onun üzərində aparmağı təklif eləmişdim. Mən
müalicənin gedişində bu gəncin kişilərdən uzaq gəzdiyini, ən çox qadınlarla oturub-
durduğunu bilirdim və onun fizioloji quruluşunda qadınlıq elementlərinin normadan
artıq olduğunu sezdiyimdən, ona ağlına gələn ilk qadın adını çəkməyi təklif eləsəm,
onun daha çox seçim imkanlarının olacağını düşünürdüm. O mənim bu təklifimlə
razılaşdı. Ancaq bu sınağın verdiyi nəticə məndən də çox onu təəccübləndirdi. Mən

indi onun birdən-birə çoxlu qadın adları çəkəcəyini gözlədiyim yerdə o, bu anda
ağlına ilk olaraq yalnız bir qadın adının gəldiyini və bu adın Albina olduğunu bildirdi.
Mən ondan soruşdum: bu adla bağlı sizin hansı xatirələriniz var? Albina adında neçə
qadın tanıyırsınız? Gəncin cavabı çox sarsıdıcı oldu: onun indiyədək bir nəfər də
olsun Albina adında qadın tanışı olmamışdı və bu adla bağlı onun heç bir xatirəsi də
yox idi. Beləliklə də, mənim araşdırmamın baş tutmadığını düşünmək olardı; ancaq
yox, mənim bu apardığım sınaq baş tutmuşdu və mənə həmin gəncin bundan başqa
heç bir düşüncəsini öyrənmək də gərək deyildi. Bu gəncin olduqca işıqlı sarı rəngdə
saçları vardı və mən müalicə zamanı onu çox vaxt zarafatla Albina deyə çağırardım
(Albina latıncada ağ, işıqlı anlamını verir); mən apardığım bu sınaqla onun daxili
aləmində bayaq dediyimiz qadınlığın hansı ölçüdə olduğunu öyrənmək istəyirdim.
Beləliklə də, görünür, mənim apardığım bu sınağa qədər, özü də bilmədən, o gəncdə
Albina qadın adına böyük bir vurğunluq yaranmış, o özünü daxilən bütünlüklə bu
Albinaya çevirmişdi.
İnsanların beynində gözlənilmədən səslənməyə başlayan melodiyalar da bunun
kimi, onun düşüncələrindən asılı olaraq yaranır və ola bilsin, bu melodiyaya qapılan
insan onun hansı düşüncələri ilə bağlı olaraq yarandığını sezməsin. Beyində
gözlənilmədən hansısa melodiyanın səslənməsinin bu melodiyanın oxunduğu
mətndən, ya da melodiyanın bağlı olduğu hansısa olaydan asılı olduğunu sübut
eləmək çox da çətin deyildir; ancaq bu problemə də götür-qoylu yanaşmalı, onun
gerçək musiqi yaradıcılığı ilə məşğul olan insanlara aid olmadığını da demək
gərəkdir. Sözün düzü, belə yaradıcı insanlarla bağlı heç bir araşdırma
aparmadığımdan, əlimdə onlarla bağlı heç bir bilgi də yoxdur. Ola bilsin, belə
insanların beynində yeni melodiyaların yaranması bu musiqinin daşıdığı məzmunla
bağlı olaraq baş verir. Ancaq bizim üçün ən çox maraqlı olan dediyimiz birinci
durum, yəni gözlənilmədən, öncədən tanış olan hansısa melodiyanın insan beynində
səslənməsidir. Mənim tanıdığım bir gəncin beynində çox sıx-sıx Offenbaxın “Gözəl
Yelena” operasından Parisin çox gözəl mahnısı səslənərək onun dincliyini pozurdu,
sonradan aparılan psixoanalitik araşdırmalar onun düşüncələrində “İdı” və “Gözəl
Yelena” operalarının qarşı-qarşıya dayandığını, necəsə öcəşdiyini üzə çıxarmış,
düşdüyü durumun da qarşılaşdığı bu psixi sarsıntıdan törəndiyi bəlli olmuşdu.
Beləliklə də, bütünlüklə sərbəst şəkildə yaranan düşüncələrin də hansısa əlaqələrə
tabe olduğu bəllidirsə, onda yalnız konkret bir olayla bağlı olduğu görünən ilkin
düşüncələrin də belə bir əlaqələr ilə bağlanacağına söz ola bilməz. Doğrudan da,
araşdırmaların göstərdiyi kimi, insanın ağlına gələn ilkin düşüncənin biz
düşündüyümüz olayla bağlılığından başqa da çoxlu duyğularla, maraqlarla, sıxıntılarla
əlaqələri vardır və bu əlaqələr yalnız ilk baxışdan gözə çarpmaz olur, daha doğrusunu
desək, qeyri-şüuri formada gizlənərək var olur.
Sərbəst şəkildə yaranmış düşüncənin belə əlaqələrinin olması ilə bağlı çoxlu
örnək ola biləcək sınaqlar keçirilmişdir və bu araşdırmalar psixoanalizin tarixində çox
önəmli bir yer tutmaqdadır. Vundtun yaratdığı psixoanaliz məktəbi belə əlaqələndirici
eksperimentlərin varlığını göstərmək üçün sınaqlar aparmışdı: burada sınaq
iştirakçılarının qarşısında onlara deyilən qıcıqlandırıcı sözlərə bacardıqca tez cavab
verilməsi tələbi qoyulmuşdu. Daha sonra qıcıqlarla onlara qarşı yaranan reaksiyalar
arasındakı intervalları, verilən cavabların xarakterini, bu eksperimenti təkrarlayanda
baş verən yanlışlıqları, habelə bu kimi başqa göstəriciləri toplayaraq araşdırmaya cəlb

eləmişdilər. Psixoanalitikanın Sürix məktəbi Beylerlə Yunqun başçılığı ilə belə
əlaqələndiricilərlə bağlı olan eksperimentlərdə baş verən reaksiyalardan doğan
sorulara aydınlıq gətirə bilmişdir. Bunun üçün onlar sınaqdan keçirilən kimsəyə onun
üçün qeyri-adi görünən bu reaksiyalarını (qıcıqlandırıcı sözə verdikləri anlaşılmaz
görünən cavabları) daha başqa əlaqələndiricilərin yardımı ilə aydınlaşdırmağı təklif
eləmişdilər. Belə bir araşdırmanın gedişində isə qeyri-adi reaksiyaların sınaqdan
keçirilən insanların kompleksləri (daxili mürəkkəblikləri) ilə olduqca sıx bağlı
olduğunu öyrənmişdilər. Bununla da, Beylerlə Yunq eksperimental psixologiya ilə
psixoanaliz arasında körpü salmağı bacarmışdılar.
Beləliklə, siz aldığınız bu bilgilərə arxalanaraq deyə bilərsiniz: “İndi biz sərbəst
yaranan düşüncənin səbəb-nəticə ilişkiləri ilə bağlı olduğuna inanırıq, onların bütün-
lüklə özbaşına olduğunu sanmağımız yanlış imiş. Yuxugörmənin elementləri
haqqında düşünəndə ilk ağıla gələn sərbəst düşüncələrlə bağlı da deyilənləri doğru
sayırıq. Ancaq bütün bunların bizim işimizə yarayacaq bir dəyəri də yoxdur. Sizin
deməyinizə görə, yuxugörmənin hansısa elementi ilə bağlı olaraq ağıla gələn
düşüncənin bu elementin hansısa bəlli olmayan psixi özülü ilə səbəb-nəticə ilişkisinin
olduğu aydındır. Ancaq bu bizim üçün heç də aydın deyildir. Düzdür, biz də
yuxugörmənin hansısa elementi ilə bağlı ağıla gələn düşüncənin yuxugörənin
kompleksləri ilə əlaqədar olduğuna inanırıq, ancaq bütün bunlarda bizim
araşdırmalarımıza yarayacaq nəsə varmı? Bütün bu araşdırmalar bizi yuxugörməni
öyrətməyə yox, əlaqəli eksperimentlərdə olduğu kimi, yalnız yuxugörənin
komplekslərini öyrənməyə gətirib çıxaracaqdır. Bunların yuxugörmənin
araşdırılmasına nə qarışacağı vardır?”
Siz düz danışırsınız, ancaq bir momenti gözdən qaçırırsınız. Mən elə bu momentə
görə də, əlaqələndirici eksperimenti öz açıqlamam üçün başlanğıc nöqtəsi seçməkdən
boyun qaçırıram. Biz bu sınaqlarda qıcıqlandırıcı sözləri sərbəst olaraq seçirik. Bu
qıcığın yaratdığı reaksiya isə onunla sınağa cəlb edilmiş adamın kompleksləri
arasında vasitəçilik eləyir. Yuxugörmədə qıcıqlandırıcı söz nə isə başqa bir nəsnə ilə
əvəz olunur, bu nəsnə isə yuxugörənin ruhi yaşamından, onun özünə bəlli olmayan
hansısa bir qaynaqdan doğulub ortaya çıxır, daha doğrusu, onun özü də yuxugörmədə
gerçəkləşməsəydi, onda başqa bir durumda bu insanın “kompleksinin törəməsi” kimi
ortaya çıxa bilərdi. Ona görə də yuxugörəndən bütün yuxu yox, onun ayrı-ayrı
elementləri haqqında soruşulur, bu isə bizi araşdırılan elementlə bağlı kompleksin
araşdırılmasına yönəldir və sonucda bu elementin əvəzedicisi olduğu gerçəkliyin
özünün tapılmasına gətirib çıxarır.
Onda qoyun mən sizə başqa bir örnəklə bizim baxdığımız durumda işlərin elə biz
düşündüyümüz kimi olduğunu göstərim. Adların unudulması ilə bağlı bildiklərimiz
yuxugörməni araşdırmaq üçün bizə çox gözəl örnəklər verə bilər; ancaq
yuxugörmənin yozulmasında iki nəfərin arasında bölüşdürülən işi adların
bölüşdürülməsində bir nəfər təkbaşına görməli olur. Mən ötəri olaraq hansısa adı
unutsam da, həmin adı bildiyimə inanıram; yuxugörmədə isə belə bir inamı ancaq
dolayı yolla, Berngeym eksperimentinin köməkliyi ilə aşılaya bilərik. Unutduğum,
ancaq mənə bəlli olan ad indi mənim üçün əlçatan deyil. Öz təcrübəmdən bildiyimə
görə, onu birbaşa xatırlamaq üçün mənim bütün çalışmalarım uğursuzluqla
qurtaracaqdır. Ancaq mən unutduğum bu adın yerinə bir neçə əvəzedici ad düşünə
bilərəm. Habelə bu əvəzedici adlar (Ersatz) mənim ağlıma qəfildən gələrsə, yalnız

onda bu durum yuxugörmə ilə bağlı apardığımız araşdırmaya oxşayacaqdır.
Yuxugörmənin baxdığımız elementi yuxugörməni araşdırmaqla öyrənmək istədiyimiz
və indilikdə bilmədiyimiz önəmli bir nəsnənin əvəzedicisidir. Bu tutuşdurmada yalnız
bir fərq vardır: adların unudulmasında mən əvəzedici adın məzmununu (Eigentliche)
axtardığım adın özü kimi tanımıram, yuxugörmədə isə baxdığım elementlə bağlı olan
əvəzedicilərin statusunu öyrənmək, onların hansının əvəzedici, hansının axtarılanın
özü olduğunu demək olduqca böyük çətinliklər yaradır. Ancaq bildiyimiz kimi,
adların unudulmasında yararlandığımız əvəzedici adlardan qeyri-şüuriliyə keçmiş və
unudulmuş ada keçid tapmaq mümkündür. Mən öz diqqətimi bu əvəzedici adlara
yönəldib, bu zaman mənim ağlıma bununla bağlı gələn düşüncələri izləsəm, gec-tez
unutduğum adı xatırlaya biləcəyəm və bu zaman mənim ağlıma gələn bu əvəzedici
adların da unudulmuş adla hansısa tellərlə bağlı olduğu və onun təhriki ilə yarandığı
da bəlli olacaqdır.
İstəyirəm bununla bağlı sizə bir örnək də göstərəm. Günlərin birində mən Riverdə
yerləşən, başlıca şəhəri Monte-Karlo olan kiçik bir dövlətin adını unutmuşdum. Bu
çox acınacaqlı olsa da belə idi. Mən bu ölkə ilə bağlı bildiyim nə varsa xatırlamağa
çalışdım, bu ölkəni idarə edən, Luzinlər sülaləsindən olan knyaz Alberti xatırladım,
onun bir neçə dəfə evlənməsini, dənizin dərinliklərini araşdırmağı sevməsini və başqa
bu kimi nəsnələri yadıma saldım, ancaq bunların heç biri unutduğum adı tapmağa
kömək eləyə bilmədi. Mən bunu görüb, unutduğum adı xatırlamaqdan əl çəkərək,
onun üçün əvəzedicilər axtarmağa başladım. Çox keçmədən ağlıma çoxlu adlar gəldi.
İlk olaraq, Monte-Karlo, sonra Piyemont, Albaniya, Montevideo, Koliko kimi adlar
ağlıma gəldi. Bu adların içində mənim diqqətimi, ilk öncə, Albaniya çəkdi, ancaq çox
keçmədən onun yerini ağlıma yeni gələn Monteneqro sözü tutdu. Görünür, Albaniya
sözünün “ağ”, Monteneqronun “qara” anlamlı kökdən yaranaraq ziddiyyət yaratması
bu sözün ağlıma gəlməsinə yardımçı olmuşdu. Sonra mən ağlıma gələn əvəzedici
adların dördündə “mon” hecasının olduğunu gördüm; bunu ayırd eləyəndən sonra
birdən mən unutduğum sözü xatırlayıb bərkdən səsləndim: Monako! Sonradan
göründüyü kimi, əvəzedici sözlər, doğrudan da, unudulmuş adla əlaqəli olaraq
yaranmışdılar, onlardan birinci gələn dördündə unudulan adın ilk hecası, sonuncu
əvəzedici adda isə sonuncu hecası vardı. Onu da deyim, mən bu ölkənin adını nə üçün
unutduğumu da sonrakı araşdırmalarımla aydınlaşdıra bildim. Monako ilə Münhen
sözlərinin birbaşa bağlılığı vardır, bəlli olduğu kimi, Monako Münhenin adının
italyanca deyilişindən yaranmışdır; elə mənim yaddaşımda çox işlənən Münhen adı da
Monako adını sıxışdırıb yaddaşıma gəlməyə qoymamışdı.
Gətirdiyimiz örnək çox tutarlıdır, ancaq çox da sadədir. Başqa durumlarda birinci
əvəzedici sözün yanında daha uzun bir sıra ağıla gələn əvəzedici adlar düşünmək
gərək olur, onda buradakı uyğunluq yuxugörmədəki araşdırmaya daha çox oxşar olur.
Mənim bununla bağlı apardığım bir sınaq da var. Günlərin birində yaxından
tanımadığım birisi məni restoranda çaxıra qonaq eləmək istəmişdi, ancaq masa
arxasında oturandan sonra onun məni qonaq eləmək istədiyi və çox sevdiyi çaxırın
adını unutduğu bəlli olmuşdu. Onda mən bu adama unutduğu adı əvəz eləyə biləcək
çoxlu adlar düşünüb tapmağı təklif elədim. Onun səsləndirdiyi bu adları araşdıranda
isə mən onun hansısa bir Hedviq adına görə bu çaxırın adını unutduğunu
aydınlaşdırdım, bunu ona deyəndə o, doğrudan da, belə olduğunu, bəyəndiyi bu çaxırı
Hedviqa adlı birisinin də olduğu məclisdə içdiyini xatırladı və çox keçmədən məni

qonaq eləmək istədiyi çaxırın adı da onun yadına düşdü. Məni qonaq eləyən adam
artıq çoxdan öz sevdiyi qadınla evlənib xoşbəxt yaşayırdı. Hedviqa adı isə onun
bunadək olan yaşamında ötüb keçmiş sevgisi ilə bağlı bir ad idi və o, danışığımızın
sonrakı gedişində bu adı xatırlamağı sevmədiyini də boynuna almışdı.
Adların unudulmasının araşdırılmasında özünü doğruldan bu texnika
yuxugörmələrin yozumunda da uğur qazanmalıdır; əvəzedici sözləri yuxugörmənin
ayrı-ayrı elementləri ilə əlaqələndirməklə yuxugörmənin anlaşılmaz olan gizli
anlamlarını aydınlaşdırmaq olar. Adların unudulmasında olduğu kimi, yuxugörmənin
elementi ilə bağlı ağlımıza gələn əlaqələndirici düşüncələrin də birbaşa bu yuxugörmə
elementindən doğulduğunu və onun bilmədiyimiz məzmunu ilə hansısa bağlılığı
olduğunu deyə bilərik. Bununla da biz öz yozum texnikalarımızın doğruluğunu
göstərən bir sıra örnəkləri ortaya çıxara bilirik.
XIV Lüdovik oğlu üçün asan anlaşılsın deyə klassiklərin əsərlərinin dilini
sadələşdirib çap eləməyi buyurduğundan, sonradan, hansısa kitabın dilinin
sadələşdirilməsinə və bununla da məzmununun korlanmasına “in usum
delphini”
1
deyilmişdir.
1 in usum delphini – “vəliəhd üçün” mənasındadır.
Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin