Az Book Library Ziqmund Freyd



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix04.01.2020
ölçüsü1,25 Mb.
#30042
1   2   3   4   5   6   7   8   9   ...   15
Ziqmund Freyd - Psixoanalizlə ilkin tanışlıq


Dördüncü mühazirə
YANILMALAR
(sonu)
Dəyərli xanımlar və bəylər! İndiyədək olan danşıqlarımızda biz yanlış
davranışların da anlamı olduğu düşüncəsinə gəlib çıxdıq, gəldiyimiz bu sonuc, bundan
sonrakı araşdırmalarımızın özülündə dayanacaqdır. Bir də diqqətinizə çatdırmaq
istəyirəm ki, biz heç də bütün yanlış davranışların anlamlı olduğunu irəli sürmürük,
bizim araşdırmalarımız üçün belə bir hamılıqla anlamı olan yanlış davranışlar heç
önəmli də deyildir, ancaq sözün düzü, mənə elə gəlir, heç anlamsız yanlış davranışlar
da olmur. Beləliklə də, bizim üçün bu yanlış davranışların sıx-sıx rast gəlinən
müxtəlif formalarının anlamlı olması yetərlidir. Bu baxımdan yanaşanda yanılmaların
müxtəlif formaları üçün fərqli yozumlar irəli sürülür: bunlardan söz yanılmasında,
yazıda yanılmada hansısa fizioloji faktorlardan asılılıq ağlabatandırsa da, başqa
yanılmalarda, məsələn, adların unudulması, nəyisə özü gizlədib sonra tapa bilməmək
kimi yanılmaları belə fizioloji faktorlara bağlamaq inandırıcı görünmür. Tutalım,
nəyisə itirməyin təsadüfən baş verməsini sanmaq olar. Habelə gündəlik yaşamda baş
verən hansısa çaşqınlıqların da çox az bir bölümü bizim araşdırmalarımız üçün önəmli
sayıla bilər. Bizim yanılma deyib önəm verdiyimiz olaylar həmişə psixoloji akt olaraq
yaranır və iki fərqli niyyətin qarşıdurmasından ortaya çıxır.
Bununla bağlı psixoanalizin gəldiyi birinci sonuc belədir. Belə bir toqquşan
niyyətlərin olması və onların yanılmaları ortaya çıxarması ilə bağlı psixologiya elmi
indiyədək heç nə bilmirdi. Biz psixoloji olayların çevrəsini gözəçarpacaq qədər
genişləndirdik və indiyədək bəlli olmayan bir sıra psixoloji fenomenləri də
psixologiya elminin araşdırma oblastına gətirib çıxarmış olduq.
Gəlin indi də qısaca olaraq yanlış davranışların “psixoloji akt” olmasının nə
demək olduğu üzərində dayanaq. Sorumuzun qoyuluşu belədir: Yanılmalara
“psixoloji akt” kimi baxılması, onların anlamlı olması ilə bağlı baxışdan daha önəmli
sayıla bilərmi? Mənə elə gəlir, yox; buradakı “psixoloji akt” anlayışının ortaya
çıxması durumu daha da anlaşılmaz eləyir, öyrəndiyimiz mövzunu bir az da artıq
qaranlığa gömür. Bəzən insanın ruhi yaşamı ilə bağlı özünü göstərən bütün nəsnələrə
psixoloji fenomenlər kimi yanaşılır. Burada ayrı-ayrı psixoloji olayların birbaşa,
cismani, üzvi və maddi təsirlərdən yaranmasını aydınlaşdırmaq çox önəmlidir. Belə
psixi olaylar artıq psixologiyanın araşdırma oblastına düşmürlər və ya onlar başqa,

daha dərin qatlarda gizlənən üzvi səbəblərdən doğan psixoloji olaylardan asılı olaraq
araşdırılır. Biz də burada psixoloji akt deyəndə onu bu sonuncu dediyimiz anlamda
qavrayacağıq və elə buna görə də psixoloji aktların hansısa məzmununun anlamının
olmasından söz açmağı məqsədəuyğun sayacağıq. Burada anlam deyəndə biz
izlədiyimiz psixoloji aktın daşıdığı dəyərin, niyyətin və meylin nədən ibarət olduğunu,
bir də bu aktın psixoloji proseslərin sırasında hansı yeri tutduğunu aydınlaşdırmağı
başa düşürük.
Yanılmalara yaxın olub, onlara olduqca oxşayan çoxlu olaylar da vardır, ancaq
onların yanılma adlanması doğru deyildir. Belə olayları biz təsadüfi və gözəçarpan
(əlamətdar) çaşqınlıqlar adlandırırıq (Zufalls und Symptomhandlungen). Bu olaylar
məqsədsiz, ötəri və önəmsizdirlər, habelə onların baş verməsinin yerinə düşməməsi də
açıq-aydın görünür. Bu olayları yanlış davranışlardan ayıran başlıca özəllik necə
yaranmalarıdır: onlar heç də hansısa ikinci bir niyyətin ortaya çıxıb başlıca niyyətlə
toqquşmasından və onu çaşqınlığa uğratmasından yaranmamışlar. Başqa bir yandan
da, bu davranışlar çox asanlıqla emosionallıqdan yarandığını sandığımız jestlər və
hərəkətlərə çevrilərək üzə çıxırlar. Belə təsadüfi hərəkətlərə örnək olaraq, məqsədsiz
yerinə yetirilən bütün işləri aid eləmək olar, tutalım, paltarının, yaxud da bədəninin
hansısa hissəsini əlləşdirmək, dartışdırmaq, onunla oynamaq və ya hansısa nəsnəni
məqsədsiz olaraq, dəfələrlə götürüb sonra yerinə qoymaq, ya da öz-özünə nəyisə
zümzümə eləmək bu sıradandır. Mənim inamıma görə, bu olayların da daşıdığı
anlamlar vardır və onları da yanılmalar kimi araşdırmaq, yozmaq olar; habelə onlar
da, yanılmalar kimi, daha dərin qatlarda baş verən önəmli psixoloji proseslərin üzə
çıxan göstəriciləri olub, özləri də psixoloji olay sayıla bilərlər. Ancaq mən indi psixi
olayların bu yeni oblastı üzərində dayanmayıb, yanılmalarla bağlı araşdırmalarımızı
davam elətdirmək istəyirəm, axı yanlış davranışlar psixoanaliz üçün önəmli olan
soruların dəqiqləşdirilməsinə daha çox yardım eləyə bilir.
Yanlış davranışlarla bağlı ortaya atıb cavab vermədiyimiz ən maraqlı sorğu
belədir: biz yanılmaların bir-birini üstələməyə çalışan iki fərqli niyyətlərin
qarşılaşmasından yarandığını demişdik, bu niyyətlərdən birini pozulmuş (gestörte), o
birini isə pozucu (störende) niyyət adlandırmaq olar. Pozulmuş niyyətin
aydınlaşdırılması bizim üçün çətinlik törətmir, ancaq pozucu niyyətlərə gəlincə,
burada aydınlaşdırılmalı iki sorğu vardır: 1) başlıca niyyəti pozmağa çalışan bu niyyət
hansıdır; 2) pozucu niyyətlə pozulmuş niyyət arasında hansı əlaqələr vardır?
Siz buna qarşı deyilsinizsə, onda mən bütün yanılma örnəkləri içində yalnız söz
yanılmalarından yararlanaraq, öncə ikinci sorğuya, sonra isə birinci sorğuya cavab
vermək istərdim.
Söz yanılmasında, pozucu niyyətin pozulmuş niyyətin anlamı ilə hansısa aydın
görünən ilişkisi ola bilər və onda bu yanılma deyiləsi olan düzgün sözlə əks anlam
daşıyır, yaxud da ona düzəliş vermək və ya onu tamamlamaq istəyir. Ancaq nədən
yarandığı qaranlıq qalan və daha qəribə olan yanılmalarda pozucu niyyətlə pozulmuş
niyyətin daşıdıqları anlamlar arasında heç bir ortaqlıq olmur.
Dediyimiz birinci tip yanılmaların varlığını göstərən örnəklərə bir az yuxarıda
artıq baxmışdıq və onlara oxşar olan başqa, çoxlu örnəkləri yenə də göstərə bilərik.
Söz yanılmalarının, demək olar, hamısında pozucu niyyətin daşıdığı anlam pozulan
niyyətin daşıdığı anlamın əksinə olur və yanılmanın özü də iki qarşılaşıb toqquşan
niyyətin qarşıdurmasından yaranır. Yuxarıda göstərdiyimiz örnəklərin birində

parlament sədrinin yanılmasını belə yozmuşduq: Mən yığıncağımızı açıram, ancaq
onu bağlamaq istərdim. Yaxud da satqınlıqda suçlanan siyasi qəzet özünü təmizə
çıxarmaq üçün aşağıdakı sözlərlə qurtarmalı olan bir məqalə yazır: “Bizim oxucular
bunu çox yaxşı bilirlər, biz daima toplumun yararı üçün necə büsbütün umacaqsız
işlər görmüşük”. Ancaq bu məqaləni yazan redaktor yanılaraq burada umacaqsız
sözünün yerinə umacaqlı yazmışdır. Görünür, ürəyinin dərinliklərində bu redaktor
belə düşünürmüş: mən gərək burada özümüzün umacaqsız olduğunu yazam, ancaq bu
yalandır, biz belə deyilik. Başqa bir olayda isə kayzerin qulluğuna gəlib ona sözün
doğrusunu bütün kəskinliyi ilə deməli olan xalq elçisi ürəyindən keçirir: bu sözləri
deməkdən qorxmursanmı? Və “sözün doğrusunu bütün kəskinliyi (rückhaltlos) ilə
demək istəyirəm” yerinə “sözün doğrusunu bütün yumşaqlığı (rückgratlos) ilə demək
istəyirəm” deyir (Bu olay 1908-ci ildə alman bundenstaqında (parlamentində) baş
vermişdir).
Sizə bəlli olan örnəklərdən bildiyiniz kimi, sözlərin daralması və qısalması ilə baş
verən yanılmalarda sonradan bu yanılmanın yiyələri sözlərinə düzəliş və lazımi
artırmalar edəndə dediyimiz o pozucu niyyət üzə çıxmış olur. “Burada bir çox faktlar
üzə çıxmışdır (zum Vorschein kommen)” deməli olan birisi bu durumla bağlı
ürəyindən keçən “sözün kəsəsi, bu, donuzluqdur (Schweinereien)” niyyətini gizlətmək
üçün sözləri sıxışdıraraq aşağıdakı yanılmaya yol verir: es sind Dinge zum
Vorschwein gekommen (Buradakı Vorschwein sözü, Vorschein sözü ilə
Schweinereien sözlərinin sıxışdırılıb bir-birinə qarışdırılmasından yaranmışdır).
Yaxud başqa bir örnəkdə professorun yanılaraq dediyi “bunu başa düşən insanları əlin
bir barmağı ilə saymaq olar” sözündə professorun gizli niyyəti üzə çıxır: “bunu başa
düşən yalnız mənəm”. Başqa bir örnəkdə “mənim ərim ürəyi istədiyi hər şeyi yeyə və
içə bilər” demək istəyən bir xanımı “ərim mənim ürəyim istədiyi hər şeyi yeyə və içə
bilər” yanılmasına gətirən onun ürəyindən keçən belə bir niyyət olmuşdu: onun öz
ürəyi istədiyini eləməyə mən heç yol verərəmmi?
Baxdığımız bütün bu söz yanılmaları ya pozucu niyyətin daşıdığı anlamın birbaşa
təsirindən, ya da onunla dolayı ilişkilərindən yaranır.
Başqa tip yanılmalarda birdən bir-biri ilə çəkişən iki niyyət çox qəribə biçimlərdə
də üzə çıxır. Yanılmanı doğuran pozucu niyyətin daşıdığı anlamla pozulmuş niyyətin
anlamı arasında heç bir uyğunluq və ilişki yoxdursa, onda belə bir sorğu ortaya çıxır:
görəsən, bu pozucu niyyət niyə, haradan yaranır və nə üçün bu niyyətin qarşısını
almağa, onu sıradan çıxarmağa can atır? Bu cür olayların uzun çəkən izləmələrindən
gəlinən sonuc isə belədir: yanılmanı yaradan pozucu niyyətin bağlı olduğu düşüncə
çox da uzaq olmayan keçmişdə, ola bilsin, lap bu yaxın anlarda yanılan kimsənin
düşüncəsini məşğul etmiş, indi isə bu düşüncələri beynindən keçirmiş insanın onu dilə
gətirməyi istəyib-istəməməsindən asılı olmayaraq, bu düşüncələr özünü danışığın
içində gerçəkləşdirməyə başlamışdır. Belə bir kənaraçıxmanı sözlərin əks-sədası da
adlandırmaq olar, ancaq bu, deyilən sözün yox, ancaq düşünülmüş fikrin əks-
sədasıdır. Belə çıxır, burada da pozucu niyyətlə pozulan niyyət arasında bəlli ilişkilər
vardır, ancaq bu ilişki birbaşa onların daşıdığı anlamlarla bağlı deyildir və onlar
arasındakı bu ilişki də birbaşa yox, dolayı yollarla tapıla bilər.
Dediklərimi aydınlaşdırmaq üçün özümün izlədiyim olaylardan örnək göstərmək
istəyirəm. Günlərin birində bizim dağlarda gəzərkən kirəcli mağaraların yaxınlığında
turist geyimində olan iki xanımla qarşılaşdım. Mən onlarla bir az gəzişdim və biz

turistliyin gözəlliklərindən və çətinliklərindən danışmağa başladıq. Xanımlardan biri
turist gəzintisinin bəlli çətinliklərinin olduğundan söz açıb dedi: “Doğrudan da, bütün
günü qızmar günəşin altında addımlamaq, köynəyi, donu tərdən islanmış durumda
gəzmək çox dözülməzdir”. Xanım duruxub danışığına bir az ara verdi, sonra yenidən
dilləndi: “Haçan gəlib çıxırsan nach Hose (xanım yanılaraq evə (Hause) sözünü
demək yerinə şalvar (Hose) sözünü işlətdi), ilk istəyin əyin-başını dəyişmək olur”. Bu
söz yanılmasını sizinlə birgə araşdırmasaq da, mənə elə gəlir, siz çox asanlıqla bu
yanılmanın nədən baş verdiyini anlayırsınız. Bu xanım evə çatanda köynəyini, donunu
və şalvarını dəyişmək istədiyini demək istəyirdi, ancaq burada şalvar sözünü işlətmək
eyib olduğundan, sözünü bir az dəyişməli olmuşdu və buradaca sonrakı cümlənin
anlamına qarışacağı olmayan şalvar sözü ev (Hause) sözünü yanlışa uğradaraq üzə
çıxa bilmiş, bununla da, xanımın gizlətmək istədiyi niyyəti açıqlanmışdı.
Beləliklə, indiyədək elə hey sonraya saxladığımız sorğunun üstünə gələ bilərik:
bu nə niyyətdir elə, beləcə gözlənilmədən ortaya çıxıb yanılmalar törədir? Sözsüz, bu
niyyətlər duruma görə bir-birindən seçilib ayrılırlar, ancaq mənə elə gəlir, biz onları
birləşdirən ümumi dəyərləri də tapa bilərik. Belə örnəklərin uzun bir sırasını araşdırıb
öyrənəndən sonra biz onları üç qrupa bölə bilərik. Birinci qrupla bağlı olan
yanılmalarda danışan adam bu pozucu niyyətin olduğunu bilir və o, yanılmazdan öncə
də onun varlığını duyur. Yuxarıda göstərdiyimiz “Vorschwein” yanılmasında danışan
kimsə qarşılaşdığı fakta görə acıqlandığını danmır, ancaq burada “Schweinereien
(donuzluq)” sözünü işlətmək niyyətinin olduğunu desə də, sonradan onu demək
istəmədiyini də bildirir. İkinci qrupla bağlı olan yanılmalarda da, danışan adam
düşüncəsində bu pozucu niyyətin olduğunu danmır, ancaq danışmazdan öncəki
düşüncələrində bu niyyətin hansısa fəal rol oynadığını duymadığını da deyir. O,
yanılması ilə bağlı bizim dediyimiz yozumla razılaşır, ancaq özü də baş verənlərə
təəccüblə yanaşır. Bu qrupla bağlı olan yanılmaları təkcə söz yanılmalarında deyil,
başqa yanılma növlərində də tapmaq çətin deyildir. Üçüncü qrupla bağlı olan
yanılmalarda, sözünü yanılmış kimsə bizim göstərdiyimiz yanılmanın baş verməsinə
gətirib çıxaran pozucu niyyətin olmasını var gücü ilə danmağa çalışır; o bu pozucu
niyyətin onu yanıltmasını boynundan atmaqla yanaşı, özünün heç vaxt belə bir
niyyətinin olmadığını da qətiyyətlə deyib durur. Burada “aufstoben” (“toqquşdurmaq”
yerinə “gəyirmək” deyilməsi) ilə bağlı yanılmanı xatırlamağa dəyər və mənim bu
natiqin yanılmasını yozmaq istəyəndə onun tərəfindən qarşılaşdığım kobudluğu da
unutmaq olmaz. Unutmamısınızsa, bu yanılma olayı ilə bağlı biz ortaq bir fikrə gələ
bilməmişdik. Mənə qalsa, bu durumda yanılan kimsənin etirazlarını qulaqardına vurub
öz yozumumu doğru saymaqda dirənərdim, ancaq mənə elə gəlir, sizlər onun mənim
yozumuma qarşı kəskin etirazının təsirinə qapılaraq belə düşünmüşdünüz: baş verən
yanılma ilə bağlı başqa yozumlardan qaçaraq yanılmanın səbəbini, psixoanalizin
ortaya çıxmasından öncə olduğu kimi, yalnız fizioloji səbəblərlə bağlamaq yaxşı
olmazdımı? Burada sizin nədən qorxduğunuzu anlayıram. Mənim yozumuma görə,
yanılan kimsənin özünün də varlığından xəbərsiz olduğu pozucu niyyəti ola bilər və
mən bu niyyətin varlığını dolayı dəlillərə arxalanaraq öyrənə bilərəm. Burada sizi
çəkindirən mənim ehtimallarımın yeniliyi və ciddiliyidir. Ancaq dirəniş göstərdiyinizi
görüb, hələlik sizin haqlı olduğunuzla razılaşmalı oluram. İndi isə mənə qulaq asın,
görün indiyədək apardığımız psixoanalitik araşdırmalarla biz hansı sonuca gəlib
çıxmışıq: siz yanlış davranışlarla bağlı, doğruluğu çoxlu faktlarla sübut olunmuş bəlli

bir baxışa bağlanmaq, onun ardıcılı olmaq istəyirsinizsə, onda gərək mənim sizin üçün
anlaşılmaz görünən yozumumla da razılaşasınız. Birdən siz bu qənaətə gələ
bilmirsinizsə, onda gərək yanlış davranışlarla bağlı indiyədək birgə öyrəndiyimiz
bütün biliklərinizdən də əl çəkəsiniz.
Ancaq gəlin hələlik bu üç yanılma tipini birləşdirən və ümumiləşdirən yaranma
mexanizmləri üzərində dayanaq. Nə yaxşı, burada inandırıcılıq göz önündədir. İlk iki
qrupla bağlı olan yanılmalarda yanılan kimsələrin özləri pozucu niyyətin olmasını
boyunlarına alırlar; birinci yanılma tipində isə bu pozucu niyyətin elə birbaşa
yanılmaya gətirib çıxardığı da bəlli olur. Ancaq hər iki durumda bu pozucu niyyət
sıxışdırılmışdır. Danışan kimsə bu niyyəti danışığında açıb-ağartmaq istəməmiş,
ancaq elə bu da onun yanılmasına gətirib çıxarmışdır, daha doğrusu, sıxışdırılan
niyyət onun istəyinə qarşı olaraq üzə çıxmış və demək istədiyi niyyətlə qarışaraq,
yaxud da onu bütünlüklə dəyişərək danışanın demək istədiyi niyyəti dəyişmişdir. Söz
yanılmalarının yaranma mexanizmi bax belədir.
Bu baxışa arxalanaraq, indicə dediyimiz bu mexanizm üzrə üçüncü tipə aid olan
söz yanılmalarını araşdırmaq və onların yozumlarını tapmaq artıq mənim üçün heç bir
çətinlik törətmir. Bunun üçün mən ancaq belə bir ehtimala arxalanmalıyam: bu, bir-
birindən seçilib ayrılan üç tip yanılmalarda pozucu niyyət də fərqli dərəcədə
sıxışdırılmışdır. Birinci qrup yanılmalarda bu niyyət üzdədir və o, danışana hələ
yanılma baş verməmişdən də aydındır; danışanın ondan yaxa qurtarmaq istəyini bu
niyyət yanılmaya çevrilməklə üstələyir. İkinci qrupda pozucu niyyət daha da uzağa
sıxışdırıldığından danışan kimsə, sözə başlamazdan öncə, artıq onun varlığını
xatırlamır. Ancaq ən təəccüblüsü, belə bir durum da bu niyyətin özünü gerçəkləşdirib
yanılma törətməsinin qarşısını ala bilmir! İndi isə çox asanlıqla üçüncü tip
yanılmaların necə yarandığını aydınlaşdıra bilərik. Mən bu yanılmaların yaranması ilə
bağlı çəkinmədən belə bir ehtimalı irəli sürürəm: yanılmaların yaranmasına gətirib
çıxaran üçüncü tipli bir meyil də vardır və ola bilsin, buradakı niyyət lap çoxdan
sıxışdırılıb düşüncədən uzaqlaşdırılmışdır, ona görə də yanılan kimsə onun varlığını
büsbütün unutduğundan, yaranan yanılmada bu niyyətin rolunu var gücü ilə danır.
Ancaq gəlin bu sonuncu problemi indilikdə bir qırağa qoyaq; qalan iki tip yanılmalar
üzrə sizlərin gəldiyi sonuc isə belədir: demək istədiyi hansısa niyyətini sıxışdırıb
düşüncədən çıxarmaq söz yanılmalarının yaranmasının başlıca səbəbidir.
İndi yanlış davranışlarla bağlı olayları anlamaqda bir az da irəli gedə bildiyimizi
deyə bilərik. Biz artıq bu yanılmaların da gerçək niyyət və anlam daşıyıcıları olan
psixi akt olmasından başqa, onların iki fərqli niyyətlərin qarşılaşmasından və
toqquşmasından yarandığını da bilirik, bundan əlavə, bu niyyətlərdən birinin vaxtı ilə
başqa bir niyyət tərəfindən sıxışdırıldığını, onun gerçəkləşməsinə yol verilmədiyini və
onun da sonucda üstələyə bilmədiyi niyyətin yerinə başqa bir gerçəkləşən niyyəti
sıxışdırıb ortaya çıxdığını da öyrənmiş olduq. Beləliklə də, pozucu niyyətin başqa bir
niyyətə mane olmasının səbəbi, öncə onun özünə maneçilik törədilməsidir. Ancaq bu
söylədiklərimiz də yanlış davranışlar deyilən fenomenin nə demək olduğunu
bütünlüklə aydınlaşdırmaq üçün yetərli deyildir. Burada biz hansısa sonuclara gəlib
çıxdıqca və elə bil yanlış davranışların nə demək olduğu üzrə mövzunu
aydınlaşdırmaqda irəlilədikcə daha çox yeni-yeni, qatı açılmamış sorğular ortaya
çıxmağa başlayır. Örnək üçün, biz burada belə bir sorğu ilə üzləşirik: nə üçün bütün
bunlar daha sadə formada baş vermir? Daha doğrusu, hansısa niyyətin

gerçəkləşməsinin qarşısını alıb, onu sıxışdırmaq meyli varsa, onda gərək bu
sıxışdırılan niyyət ya bir də heç bir yarımçıq formada belə üzə çıxa bilməyəydi, ya da
üzə çıxırsa, onda gərək bütünlüyü ilə üzə çıxıb özünü gerçəkləşdirəydi. Ancaq
göründüyü kimi, yanlış davranış bu qarşılaşan iki niyyətin kompromisi kimi ortaya
çıxır, bu durum isə buradakı niyyətlərin hər birinin yarımuğur qazanması demək olur;
beləliklə də, öncədən sıxışdırılmaya uğramış niyyət sonacan basılıb əzilmir və
törətdiyi bu yanılmalarda, demək olar, özünü bütünlüklə gerçəkləşdirə də bilmir. Biz
belə bir qarşıdurma və kompromisin yaranması üçün hansısa bəlli bir durumların
yaranmasının zəruri olduğunu güman eləyə bilərik, ancaq onların özlüyündə hansı
şərtlər daxilində yaranacağını təsəvvür eləyə bilmirik. Mənim düşüncəmə görə də, biz
yanılmaları daha dərindən araşdıranda belə, necə yarandığını bilmədiyimiz bu
durumların hansı şərtlər daxilində ortaya çıxdığını sonacan aydınlaşdıra bilməyəcəyik.
Görünür, bunu bacara bilmək üçün gərək ruh dünyamızın bizim üçün qaranlıq qalan
çoxlu oblastlarını araşdırıb öyrənək; bu oblastlarda apardığımız araşdırmalarda
öyrəndiklərimiz və müxtəlif yanılmalar arasında apardığımız tutuşdurmalarda
tapdığımız uyğunluqlar isə bizə yanılmaları daha yaxşı anlaya bilməkdə yardımçı ola
biləcəkdir. Bir iş də var! Bizim baş qoşduğumuz bu az önəmli psixi olayları
incələməyin yaratdığı bəlli bir qorxulu durum da vardır. Kombinator paranoya
adlanan bir ruhi xəstəlik vardır və bu xəstəliyə yoluxan kimsələr ara vermədən belə,
çox az önəmli əlamətlərin üzərində baş sındırıb onların anlamlarını tapmağa çalışırlar
və mən onların bu araşdırmalarında heç vaxt doğru sonuclara gəlib çıxacaqlarını
düşünmürəm. Ancaq çox geniş çevrədə aparılan izləmələr və psixi həyatın müxtəlif
oblastlarında qarşılaşdığımız sonucların tutuşdurulması və onlar arasında
uyğunluqların tapılması bizi belə bir qorxulu duruma düşməkdən qurtara bilər.
Bununla da, biz yanılmaları incələməyi dayandırıb, onları daha dərindən
araşdırmağa başlayırıq. Ancaq mən buradaca sizə bir nəsnə ilə bağlı xəbərdarlıq
eləmək istərdim: nə olar, yanılmalar dediyimiz fenomenlə bağlı yararlandığımız bu
araşdırma metodunu unutmayın. Onların örnəyində siz bizim başqa psixoloji
araşdırmalarımızın da başlıca məqsədinin nə olduğunu anlaya biləcəksiniz. Bu
araşdırdığımız psixi olayları yalnız təsvir eləmək və növlərə ayırmaq istəmirik, biz
onları ruhumuzun daxilində vuruşan güclərin üzə çıxan çəkişmələri kimi anlamağa
çalışırıq, habelə onlara bir-biri ilə anlaşan və öcəşən məqsədyönlü meyillər kimi
baxmağı düzgün sayırıq. Biz psixi olaylara dinamik baxışın tərəfdarıyıq. Bizim
baxışlarımıza görə, qavranılan fenomenlər öz yerlərini yalnız ehtimal olunan
ağlabatan meyillərə verə bilərlər.
Beləliklə biz indi yanlış davranışlarla bağlı mövzunun daha da dərinliklərinə
varmağa çalışacağıq, ancaq bundan öncə bu oblasta bütün genişliyi ilə bir ötəri göz
gəzdirsək, burada bizə tanış gələn və bizim üçün yeni olan nəsnələrlə üzləşəcəyik. Biz
yanlış davranışların öncədən ayırdığımız üç tipinin olduğunu göz önündə tutmaqla
yanaşı, yanılmaların: yanlış yazma, yanlış oxuma, yanlış eşitmə, unutqanlıqla bağlı
yanılmanın bütün növləri (adları, başqa sözləri, niyyəti və təəssüratı unutma), habelə
nəyisə yanlış götürmək, nəyisə gizlədib yerini unutmaq, nələrisə itirib tapmamaq kimi
ayrı-ayrı tiplərini də yeri düşdükcə araşdırmağa çalışacağıq. Aldanışa, yanlışa
qapılmaya (Irrtümer) gəlincə, bizim baxışlarımıza görə bu, unutqanlıqla çaşqınlığın
qovuşmasından törəyir.

Söz yanılması ilə bağlı biz geniş danışdıq, ancaq o haqda yenə də bir-iki söz
demək olar. Söz yanılmalarında bizim üçün qəribə olan az önəmli duyğular bir-biri ilə
qovuşurlar. Heç kim sözündə yanılmağı istəmir, çox vaxt sözünü yanılan birisi
yanıldığını eşitmir, ancaq başqaları həmişə bu yanılmanı duyurlar. Söz yanılmalarında
bir yoluxuculuq vardır, söz yanılmasını qınayanlar da belə yanılmalardan qaça
bilmirlər. Ən gözə çarpmayan söz yanılmasını araşdıranda onun özü öz yaranmasına
gətirib çıxaran psixi olayla bağlı konkret bir bilgi verə bilməsə belə, biz çətinlik
çəkmədən yanılma ilə onu doğuran psixi olay arasındakı ilişkini tapa bilərik. Örnək
üçün, birdən kimsə uzun saiti qısa sait kimi deyərək danışdığı sözdə yanılmağa
başlayırsa, onda bu sözdəki növbəti qısa saiti uzun sait kimi deyərək daha bir söz
yanılmasına yol verir və bununla da buraxdığı yanlışı düzəltməyə çalışır. Qoşa saitləri
(diftonqları) düzgün və səlis olmayaraq deyən kimsələrlə də belə olur. Örnək üçün,
onlar eu və ya oi yerinə ei diftonqunu işlədir; yanlışını duyan insan onu düzəltmək
istəyəndə isə birdən ei yerinə eu və ya oi deyir. Bu durumda, görünür, qarşıdakı
kimsənin onun davranışlarına necə yanaşması söz danışan kimsəni maraqlandırır. O,
birdən qarşısındakının onun ana dilində yaxşı danışa bilmədiyini düşünməsindən
çəkinir. Burada birinci yanlışdan sonra bilərəkdən buraxılan ikinci yanlışla söz
danışan adam qarşısındakına özü öz yanlışını anladığını çatdırmaq istəyir. Söz
yanılmalarının içində ən çox baş verənləri, ən sadə və gözə çarpmaz olanları sözün
daralması ilə, bir də danışanın demək istədiyi başqa bir sözə uyması ilə bağlı olaraq
yol verdiyi yanılmalardır. Çox uzun cümlə deyiləndə də yanılma baş verir və sonda
deyilməli olan söz daha tez deyilərək yanlışlıq yaradır. Burada danışanın öz sözünün
uzunluğundan bezdiyi təsəvvürü yaranır və doğrudan da, söz yiyəsinin, elə bil, dediyi
cümləni tez qurtarmaq istəməsi gözə çarpır. Bu isə onun düşüncələrinə təsir edən və
danışılan cümləyə, yaxud da, ola bilsin, bütünlüklə demək istənilənlərə qarşı olan
pozucu bir niyyətin olmasından soraq verir. Beləliklə də, biz bu durumda söz
yanılmasını anlamaqda iki fərqli baxış sərgiləyən, psixoanalitik və fizioloji
yanaşmalar arasındakı fərqlərin silindiyi bir xəttin üstünə gəlib çıxırıq. Bizim
ehtimalımıza görə, bu durumda danışığı pozmağa çalışan bir niyyət vardır, ancaq bu
niyyətin pozuculuq meyli açıq-aydın görünmür, o yalnız güclə sezilən bir qaraltı kimi
gözə dəyir. Onun törətdiyi pozuculuq hansısa səslənmədən, yaxud da duyğuya
qapılmaqdan yaranır, bu isə danışanın diqqətinin öz dediyindən yayınması kimi
anlaşılır. Ancaq buradakı diqqətin yayınması da, hansısa duyğuya qapılmalar da baş
verən prosesin mahiyyətinə aydınlıq gətirə bilmir. Onlar yalnız bu yanılmaya səbəb
olan, hansısa başqa bir deyilmək istəyən pozucu niyyətin varlığından soraq verirlər,
ancaq bu niyyət çox üstü örtülü qaldığından, pozucu niyyətlərin aydın göründüyü
yanılmalardan fərqli olaraq, onları üzə çıxarmaq və baş verən yanılmanın səbəbini
aydınlaşdırmaq olmur.
Araşdırmağa başlamaq istədiyim yanlış yazma (Verschreiben) öz özəllikləri ilə
söz yanılmasına çox uyğun gəldiyindən, onun öyrənilməsindən nə isə bir gözə
çarpacaq yeniliyin üzə çıxacağını gözləməyə də dəyməz. Ancaq bu araşdırmada yanlış
yazmanın yaranma səbəbi ilə bağlı, ola bilsin, bir-iki kiçik yeniliklər öyrənə bildik.
Yanlış yazmalarda özünü göstərən sözlərin qısaldılması, sonradan deyiləcək, çox vaxt
da sonda deyilməli olan sözlərin öncədən yazılması kimi olaylar bu mətnin könülsüz
yazılmasından və yazanın gördüyü bu işdən bezdiyindən soraq verir; öz aydınlığı ilə
seçilən yanlış yazmalarda buradakı pozucu meylin xarakterini və məqsədini

aydınlaşdırmaq olur. Məktubda hansısa yanlış yazı ilə üzləşəndə onu yazanın özündə
olmadığını anlayırsan, ancaq məktubu yazan anda onu nəyin özündən çıxardığını
öyrənmək həmişə baş tutmur. Yazı yanlışı buraxan, söz yanılmasına uğrayan kimsə
çox vaxt özü bunu sezmir. Buradakı çox qəribə bir duruma da göz yetirməyə dəyər:
bir çox insanlar vərdiş kimi yazdıqları məktubları göndərməzdən öncə bir də
oxuyurlar. Bir başqalarında isə bu vərdiş yoxdur; ən maraqlısı isə, belə vərdişi
olmayan insanlar birdən, nəyə görəsə, yazdıqları məktubları göndərməzdən öncə
oxuyarlarsa, onda hökmən buraxdıqları yazı yanlışlarını sezir və onu düzəldirlər. Bu
niyə belə olur? Adama elə gəlir, bu adamlar, sanasan, yazılarında yanlışa yol
verdiklərini bilirlər. Belə bir ehtimala inanmaq olarmı?
Yazıda yanılmanın yozumunun praktikada yoxlanılması ilə bağlı çox qəribə bir
problem də vardır. Siz, ola bilsin, qatil X. ilə bağlı baş vermiş olayı bilirsiniz, bu
adam özünü bakterioloq kimi tanıdaraq, elmi-araşdırma institutundan insan yaşamı
üçün olduqca qorxulu olan bakteriyaları götürə bilmişdi və irs olaraq ala biləcəyi
mülkiyyəti onunla bölüşməli olan doğmalarını aradan götürmək üçün bu “müasir
silah”dan yararlanmışdı. Bir dəfə o bu bakteriyaları götürdüyü institutların birinə
yazdığı məktubda onlardan aldığı bakteriyaların təsirsiz olduğu ilə bağlı
şikayətlənmişdi və bu məktubunda çaşaraq “mənim siçanlar və dəniz donuzcuqları
üzərində apardığım təcrübələr” yerinə “mənim insanlar üzərində apardığım
təcrübələr” yazmışdı. Bu yazı yanılması institutun həkimlərinin gözünə sataşmışdı,
ancaq bildiyimə görə, onlar buna heç bir önəm verməmişdilər. Siz necə
düşünürsünüz? Həkimlər bu yazı yanılmasını onun cinayətini boynuna alması kimi
yozub, istintaq orqanlarına xəbər verərək, bu cinayətin qarşısını vaxtında ala
bilərdilərmi? Yanlış davranışların yozulması ilə bağlı bizim irəli sürdüyümüz
nəzəriyyənin ortada olmaması praktikada belə bir önəmli işin aydınlaşdırılmasının
qarşısını almamışdımı? Ancaq mənə elə gəlir, deyilən yazı yanılması necə şübhəli
görünsə də, burada yaranmış bir durum ondan birbaşa dəlil kimi yararlanmağın
qarşısını alır. Axı hər şey heç də düşünüldüyü qədər sadə deyildir. Buradakı yazı
yanılması onu yazana qarşı yönəlmiş bir dəlildir, ancaq bu ona qarşı istintaq başlamaq
üçün yetərli deyildir. Bu yazı yanılması onu yazan adamın əlində olan bu
bakteriyalarla insanları da yoluxdurmaq düşüncəsinə gələ biləcəyini göstərir, ancaq bu
yanılma ilə onun həmin düşüncəsini, doğrudan da, gerçəkləşdirmək istədiyini, yoxsa
bütün bunların onun ziyansız bir fantaziyası olduğunu sonacan aydınlaşdırmaq olmur.
Ola bilər, buna oxşar yazı yanılması buraxmış başqa birisi onun düşüncələrində heç
bir ziyanlı fantaziyanın olmadığını desin və belə düşüncələrin ona büsbütün yad
olduğuna inansın. Belə bir durumda isə biz psixi, praktiki gerçəkliyi araşdırıb
tutuşdurmalı olacağıq və ancaq bundan sonra o adamın belə bir işi görməyə yönəlik
olub-olmadığını aydınlaşdıra biləcəyik. Deməli, baxdığımız bu yanlış davranışın
içində olan gizli niyyətin sonacan aydınlaşdırılması da bizim üçün qaranlıq
qalacaqdır.
Yanlış oxumaq ilə bağlı olan durumda biz söz yanılması ilə yazı yanılmasında
olduğundan büsbütün fərqli olan bir psixi durumla qarşılaşırıq. Buna qədər olan
yanılmalarda özünü göstərən iki toqquşan niyyətin yerini burada duyğulanmadan
yaranan qıcıqlanma tutur və görünür, elə buna görə də o çox dayanıqsız olur. Burada
yazmaqdan fərqli olaraq, oxunan mətn onu oxuyan kimsənin öz psixi yaşamından
törəməmişdir. Oxumada baş verən yanılmalarda, başlıca olaraq, hansısa oxunmalı

olan bir sözün yerini bütünlüklə başqa bir söz tutur. Oxunmalı olan düzgün sözün
yerini tutan yanlış söz oxunan mətnin məzmunu ilə heç ilişkisi olmayan bir söz də ola
bilər və çox vaxt buradakı yanlış sözün oxunmalı olan sözlə oxşarlığı, səslənmə
uyğunluğu olur. Lixtenberqin gətirdiyi örnəkdə olduğu kimi, angenommen yerinə
Aqamemnon deyilməsi bu tip yanılmalar üçün çox xarakterikdir. Biz yanlış oxumanı
törədən meyli tapmaq istəyiriksə, onda gərək yanlış oxunan mətni bir qırağa qoyub iki
momenti bütün incəliklərinə qədər araşdırmağa çalışaq: oxuyanda yanılan bu
kimsənin oxumağa başlamazdan öncə başından hansı düşüncə keçmişdir və bu
düşüncə hansı durumda yarana bilərdi? Çox vaxt soruşduğumuz bu durumun necə
yarandığını bilməyimiz oxumaqla bağlı yanılmanın necə baş verdiyini anlamaq üçün
yetərli olur. Örnək üçün, tanış olmadığı bir şəhərdə tualet ehtiyacı hiss etmiş birisi
vurnuxub tualet axtarır, birdən bir evin birinci mərtəbəsində çox hündürdən böyük bir
lövhədə yazılmış klozet (Klosetthaus), yəni tualet sözü gözünə sataşır. Lövhənin niyə
belə hündürdən asıldığına təəccübünü gizlədə bilməyən bu adam bir də lövhəyə baxıb
lövhədəki yazının klozet yox, korset olduğunu görür. Mətndə yazılanlarla bağlı
olmayaraq baş verən yanlış oxumanın yarandığı başqa durumlarda isə əksinə, çox
dərin araşdırmalara gərək duyulur və psixoanalizin üsullarını bilmədən və onlara
güvənmədən bu araşdırmaları aparmaq mümkün deyildir. Ancaq durumların çoxunda
yanlış oxumanın nədən baş verdiyini aydınlaşdırmaq çətin deyildir. Aqamemnon
sözünün yerinə başqa bir sözün keçməsi ilə bağlı örnəkdə bu pozuculuq yaradan
sözün hansı düşüncələrin çevrəsindən özünə yol tapıb ortaya çıxdığı bəllidir. Bu
epopeyada baş verən savaşlardakı yer, insan adları və çoxlu terminlər indi
işlənmədiyindən, qarşılaşılan şəhər adları, qoşun başçılarının adları və savaşla bağlı
terminləri oxuduqca onlara oxşarlığı ilə qulağa yatımlı olan sözlər xatırlanmağa
başlayır. Ona görə də bu düşüncələrə qapılan insan üçün maraqlı və əyləncəli olan bu
oxşar sözlər onun üçün yad və anlaşılmaz olan sözlərin yerini tutur. Oxşar sözlərin
düşüncədə ilişib qalması isə bu yeni sözlərin qavranılmasını çətinləşdirir.
Yanlış oxumalarda çox sıx-sıx rast gəlinən durumlardan biri də mətnin özünün
oxuyanı yanıltmağa yönəltməsi ilə bağlıdır, bu isə mətnin öz-özünün əksinə
çevrilməsinə gətirib çıxarır. Araşdırmaların gətirib çıxardığı inandırıcı sonuclarının
göstərdiyi kimi, birisi ürəyincə olmayan hansısa mətni oxumalı olursa, oxuduqlarını
bəyənməzlikdən yaranan və buna görə də oxuduğu mətni danmaqla bağlı getdikcə
artan istəyi onu oxuduğu mətni dəyişdirməyə yönəldir.
Yanılmaların yaranması mexanizmində çox önəmli rol oynadığına inandığımız
iki faktor indiyədək araşdırdığımız yanlış oxuma ilə bağlı olaylarda gözə dəymir:
burada nə bir-biri ilə toqquşan iki əks niyyətlər, nə də onlardan birinin sıxışdırılaraq
sonradan özünün varlığını yanılmalarda üzə çıxarması vardır. Beləliklə də, yanlış
oxumada hansısa əks niyyətləri aramağa gərək duyulmur, habelə yanlış oxumağa
yönəldən düşüncənin özü açıq-aydın göz önündədir və onun haçansa sıxışdırılması da
araşdırma mövzusu deyildir. Ancaq unutqanlıq ilə bağlı yanılmaların törənməsində
dediyimiz bu iki faktorun varlığı başlıca yer tutur.
Hansısa niyyətin unudula bilməsindən yaranan yanılma danılmaz bir gerçəklikdir
və onun yozulması ilə bağlı deyilənlərə bu mövzu üzrə bilgili olmayanlar belə qarşı
çıxmırlar. Bu yanılmalarda həmişə unudulan niyyətin əksi olan, onu unutdurmağa
çalışan, gerçəkləşməyə qoymayan bir pozucu niyyət vardır və burada bizim başlıca
işimiz bu əks niyyətin nədən dərinliklərdə gizlənməyib tez üzə çıxması və onun nə

üçün yaranmasıdır. Ancaq necə olsa da, burada unudulan niyyətə qarşı olan bir
niyyətin varlığına söz ola bilməz. Aradabir bu iradənin əksinə çıxan niyyətin nə üçün
gizli qalmaq istədiyini də aydınlaşdırmaq olur. Beləliklə də, bu əks niyyət özünü
gizləyərək yanılmalar törətməklə öz məqsədinə çatır, görünür, özünü açıq-aydın
göstərmək istəməsi onun danılmasına və aradan qaldırılmasına gətirib çıxaracağı üçün
də o belə üstüörtülü qalmağı seçir. Birdən hansısa niyyətin yerinə yetirilməsi üçün
lazım olan psixoloji durum dəyişildiyindən, onu yerinə yetirmək baş tutmursa, onda
belə niyyətin unudulması yanlış davranışların olduğu çevrədən qırağa çıxır. Belə bir
unudulma kimsəni təəccübləndirmir; dəyərini itirmiş niyyətin xatırlanması
gərəksizləşdiyindən o, uzun bir müddətdə unudulur. Bundan başqa, yerdə qalan bütün
unudulmalar yanlış davranışlar sayılır.
Niyyətin unudulması ilə bağlı yanılmalar olduqca gözəçarpan olduğundan,
onların araşdırılması bizim üçün maraqlı deyildir. Ancaq bu yanılmaları araşdırmaqla
iki baxımdan bəzi yeniliklər öyrənə bilərik. Biz unutmanın, daha doğrusu, niyyətin
yerinə yetirilməməsinin, bu niyyətə qarşı çıxan əks niyyətin olduğundan soraq
verdiyini demişdik. Bu dediklərimiz öz yerində qalmaqla, bizim araşdırmalarımızın
göstərdiyinə görə, buradakı əks niyyətlər iki yerə bölünür, bunlar: başlıca niyyəti
birbaşa pozan və bir də bu niyyətin pozulmasına vasitəçilik edən niyyətlər olurlar.
Gəlin hər hansı bir niyyətin pozulmasına vasitəçilik edən niyyətin nə demək olduğunu
örnəklərlə aydınlaşdırmağa çalışaq. Kimisə himayə edən birisi onun işini yoluna
qoymaq üçün bir başqası ilə danışmağı unutmuşsa, bunun baş vermə səbəbi, onun
himayə etdiyi adama qarşı laqeydliyi və onun işini yoluna qoymaq üçün başqasına
ağız açmağı istəməməsi ola bilər. Elə sözü yerə düşən himayədə olan kimsə də onun
bu unutqanlığını belə başa düşür. Ancaq bu durum heç də göründüyü qədər sadə
deyildir. Öz niyyətinin əksinə olaraq himayə etdiyi birisinin xahişini unutmaq
bütünlüklə başqa bir səbəbdən də yarana bilər və bunun himayə etdiyi adamla heç bir
ilişkisi olmaya da bilər. Bu əks niyyət himayə olunana qarşı yox, onun işini düzəltməli
olan adama qarşı ola bilər. Gördüyünüz kimi, bizim yozumumuzun praktikaya
tətbiqində necə də şübhəli durumlar ortaya çıxa bilir. Baş verən unutmanın yozumu
sonuncu dediyimiz yozumla açıqlana bilsə də, burada himayə olunanın öz
himayəçisinə yanaşmasında aşırı bir inamsızlıq və ədalətsizlik də özünü göstərə bilər.
Yaxud birdən kiminləsə görüşməli olan birisi qabaqcadan onunla görüşmək
niyyətində olub, ancaq görüşə gəlməyi unudursa, bu onun həmin adamla görüşməyi
istəməməsinə yozulur. Ancaq aparılan araşdırmalar, bir sıra durumlarda, burada başqa
səbəblərin də ola biləcəyini üzə çıxarır. Unutmanı törədən pozucu niyyət görüşüləcək
adama qarşı deyil, görüş yerinə qarşı da ola bilər və ola bilsin, bu yer görüşə gələcək
adam üçün hansısa xoşagəlməz xatirələrlə bağlıdır və o bu xatirələri unutmağa
çalışdığı üçün belə bir unutqanlığa qapılmışdır. Yaxud da yazılan məktubun
göndərilməsinin unudulması ilə bağlı olayda üzə çıxan əks niyyət məktubun
məzmunu ilə bağlı ola bilər; ancaq ola da bilər ki, bu, içində adi sözlər yazılmış
məktubun məzmunu yox, sadəcə, məktubun özü, ondan qabaq yazılmış hansısa başqa
xoşagəlməz bir məktubu xatırlatdığına görə, unutqanlığa gətirib çıxaran pozucu
niyyətin yaranmasına səbəb olur. Onda belə çıxır, bundan qabaqkı məktubla bağlı
yaranmış əks niyyət özünü indi gerçəkləşdirməyə can atsa da, onun yaranmasında indi
göndərilməsini unutdurduğu bu məktubun heç bir rolu yoxdur. Beləliklə də,
gördüyünüz kimi, bizim doğru olan yozumlarımızdan yararlanarkən soyuqqanlı və

tədbirli olmağa çalışmalıyıq; deməli, psixoloji baxımdan birmənalı saydığımız
nəsnələr praktikada çoxlu anlamlar da daşıya bilər.
Belə olaylar sizə çox anlaşılmaz görünə bilər. Ola bilsin, siz bu “vasitəçilik
eləyən” əks niyyətin baş verməsinin insanların sağlamlığının necəsə korlanması ilə
bağlı yarandığını da düşünə bilərsiniz. Ancaq bu olayın bütünlüklə normal və
sağlamlığı yerində olan adamların da başına gələ biləcəyini mən sizə ürəklə deyə
bilərəm. Bütün bunları deyərkən, bir də, məni düzgün başa düşməyinizi istərdim. Mən
özüm də, azacıq olsa belə, bizim yararlandığımız analitik yozumlara inamsızlıq
bəsləmək istəmirəm. Yuxarıda örnək olaraq göstərdiyimiz, unutqanlıq yaradan
niyyətin çoxanlamlılığına gəlincə, bu bizim baş verən olayı yalnız ümumi
mülahizələrlə yozmağa çalışdığımız durumlarda olur, biz olay üzərində konkret
araşdırmalara başlayanda bu çoxanlamlılıq da ortadan qalxır. Biz unutqanlığa uğramış
adam üzərində araşdırma aparsaq, onda bu durumda birbaşa özünü göstərən əks
niyyətin olub-olmadığını da, onun nə üçün yarandığını da bütün aydınlığı ilə öyrənə
bilirik.
Buradakı ikinci momenti belə açıqlamaq olar: niyyətin unudulması ilə bağlı
olayların baş verməsinin, ona qarşı olan hansısa əks iradənin varlığından yarandığının
inandırıcılığını öz araşdırmalarımızla görə biliriksə, onda bu əks iradənin bütün başqa
unutqanlıqlarla bağlı durumlarda olmasını da düşünməyə dəyər və araşdırdığımız
hansısa belə olayda unutqanlığa qapılmış birisinin belə bir əks iradəsinin olmasını
boynundan atması da bizi belə düşünməkdən çəkindirməməlidir. Gəlin unutqanlıqla
bağlı çox geniş yayılmış bir sıra örnəklərə: oxumaq üçün götürülmüş kitabın, borc
faizinin və borcun qaytarılmasının unudulması ilə bağlı olaylara baxaq. Biz heç nədən
çəkinmədən, unutqanlıqda başqa bir niyyəti olmadığını deyən kimsəyə üz tutub, onun
bu unutqanlığının səbəbinin kitabı özündə saxlamaq istəməsi və borcunu ödəmək
istəməməsi olduğunu deyəcəyik, yoxsa onun bu davranışını başqa heç bir şeylə
yozmaq mümkün deyildir, onun belə bir niyyəti olmuş, ancaq ola bilsin, o özü də bu
niyyətindən xəbərsiz olmuşdur; biz isə onun belə bir gizli niyyətinin olduğunu baş
verən unutqanlıqdan duya bilmişik. Unutqan kimsə bütün bunları dana, baş verən
olayın adi bir yaddan çıxma olduğunu deyə bilər. Elə bilirəm, sizlər bizim belə bir
durumla öncə də üzləşdiyimizi xatırlayırsınız. Biz indi yanlış davranışlarla bağlı
arxalandığımız, özünü çoxlu örnəklərdə doğrultmuş yozum yolunu ardıcıl olaraq
tətbiq eləmək istəyiriksə, onda qaçılmaz olaraq belə bir qənaətə gəlib çıxacağıq:
unutqanlığa qapılmış bu insanın, bunu özünün bilib-bilməməsindən asılı olmayaraq,
deyilən əks niyyəti olmuşdur. Ancaq belə deməklə biz istər yaşamda, istərsə də
psixologiyada ağalıq eləyən və çoxluğun razılaşdığı baxışlara qarşı çıxmış oluruq.
Kimlik bildirən adların və yad dildən alınma adların, habelə yad dildə olan başqa
sözlərin unudulması da birbaşa, ya da dolayısı ilə bu sözlərə qarşı yönələn hansısa əks
niyyətin olması ilə yozula bilər. Kiməsə qarşı olan açıq-aydın öcəşkənliyə görə
yaranan belə unutmalarla bağlı örnəkləri bir az öncə göstərmişdik. Ancaq bu
durumların yaranmasında dolayı səbəblər daha çox olur və onların tapılması üçün çox
ciddi araşdırmalara gərək duyulur. Örnək üçün, bizim qabaqlar bəyəndiyimiz bir çox
nəsnələrlə bağlı baxışlarımızı dəyişdirən müharibələr, çox anlaşılmaz görünən
ilişkilərlə, yaddaşımızda olan bir çox adları unutdurmağa gətirib çıxarır. Bu
yaxınlarda mənim başıma belə bir olay gəlmişdi: nə qədər çalışırdımsa Moraviyada
yerləşən Bizents şəhərinin adını xatırlaya bilmirdim. Sonradan apardığım araşdırmalar

bu şəhərə qarşı heç bir bəyənməzlik duyğumun olmadığını üzə çıxardı, sən demə,
mənim illər öncə yaşadığım, bu gün məndə yaxşı duyğular oyatmayan Orvieto
şəhərində yerləşən Bizentsi otelinin adının bu şəhərin adı ilə oxşarlığı belə bir
unutqanlığın yaranma səbəbi olubmuş. Burada hansısa adın yaddaşa qayıtmasının
qarşısını alan meyli doğuran ilkin prinsip sonradan özünü nevrotik pozuntuların
yaranmasında daha da güclü şəkildə göstərir: bu prinsip yaddaşın xatırlanması
xoşagəlməz duyğular oyadan nələrisə xatırlamasının qarşısını alır və bununla da o
xoşagəlməz duyğuları yenidən yaşamağın yolunu bağlamağa çalışır. Qaynağı yaddaş
və ya başqa bir psixi akt olan xoşagəlməz duyğulardan qurtulmaq niyyətini, başqa
sözlə desək, xoşagəlməzlikdən psixi olaraq yayınmaq istəyi təkcə elə adların, sözlərin
unudulmasının səbəbi deyil, o hətta çoxlu başqa yanlış davranışların da yaranma
səbəbidir və adi çaşqınlıqların yaranmasında da rol oynayır.
Ancaq görünür, adların unudulmasını psixofizioloji səbəblərlə daha yüngüllüklə
yozmaq olduğu üçün, bir çox durumlarda bu yanılmanı xoşagəlməz duyğuların
oyanmasından yayınmaq kimi yozmaq özünü doğrultmur. Birdən kimsə adları
unutmağa yönəlik olursa, analitik araşdırmaların göstərdiyi kimi, bu heç də həmişə bu
adların onda birbaşa və ya dolayısı ilə xoşagəlməz duyğular yaratması ilə bağlı olmur,
bu adama yad olan birisinin daşıdığı adın, ona olduqca doğma olan və kövrək
duyğular yaradan adlar çevrəsindən olması da bu adın unudulmasına gətirib çıxara
bilər. Bu ad onunla eyni olan adın yaratdığı duyğuları doğura bilmədiyi üçün bu
çevrədə tutulub saxlanılır və ondan çıxıb yaddaşa gəlib çata bilmir. Siz yaddaşın
inkişaf etdirilməsi texnikası (mnemotexnika) ilə bağlı üsullarla tanış olsanız, belə bir
təəccüblü faktla qarşılaşacaqsınız: adlar çox vaxt onları unutmamaq üçün düşünülərək
qurulmuş əlaqələrin ucbatından unudulur. Buna ən parlaq örnək olaraq, başqa-başqa
insanlar üçün fərqli psixoloji dəyər daşıyıcısı olan insan adlarını göstərmək olar. Gəlin
Teodor adını götürüb baxaq. Kimin üçünsə bu adın elə bir dəyəri yoxdur, başqası
üçün bu, ola bilsin, atasının, qardaşının, dostunun adıdır, yaxud da elə onun öz adıdır.
Analitik araşdırmaların göstərdiyinə görə, birinci durumda, daha doğrusu, bu ad kimin
üçünsə yad bir adamın adı olduqda, onu unutmaq üçün heç bir əsas yoxdur, ikinci
durumda isə, onun üçün doğma olan və kövrək duyğular yaradan adamla eyni bir adı
daşıyan adamın adı yaddaşdan sıxışdırılacaqdır. İndi isə duyğuların xatırlamanı
tormozlamasını xoşagəlməz duyğuların oyanması prinsipi ilə birləşdirin, bunların
üstünə dolayısı ilə unutqanlıq yaradan mexanizmi də gəlin, onda sizin adların
unudulmasını doğuran səbəblərin necə də mürəkkəb olması ilə bağlı olan
təsəvvürləriniz bitkinləşəcəkdir. Bu mürəkkəblikdən baş açmağın yolu isə hər bir
durumla bağlı dərin araşdırmalar aparılmasından keçir.
Təəssüratları və ömrün keçilmiş sınaqlarını unutmaqla bağlı faktlar adları
unutmaqdan qat-qat güclü olaraq üzə çıxan gerçəklikdir və onlarda xoşagəlməz
xatirələrin aradan qaldırılması niyyəti açıq-aydın özünü göstərməkdədir. Belə
unutqanlıqları bütünlüklə yanlış davranışlar sırasına yazmaq doğru olmazdı. Bu
unudulmalar yalnız adi həyat təcrübəsindən kənara çıxdığı ölçülərdə yanlış
davranışlar sayıla bilərlər. Örnək üçün, çox yaxın vaxtda baş vermiş, yaxud çox
önəmli təəssüratın unudulması bu sıradandır və ya yaddaşda çox yaxşı qalmış
olayların arasında əlaqə yaradan hansısa təəssüratın və önəmli epizodun unudulması
da yanlış davranışlar çevrəsinə düşür. Bizim düşüncə və qavramımızda çox dərin izlər
buraxmış belə yaşam olaylarını, tutalım, ilk uşaqlıq çağımızda yaşadığımız anları niyə

unutduğumuza cavab axtaranda bütün bunların adi unutqanlıqlar olmayıb, keçmişlə
bağlı xoşagəlməz xatirələrdən və ağrı-acılı duyğulardan qorunmaq istəyi ilə bağlı
olduğu bəlli olur, ancaq bu olayların baş verməsi təkcə elə bu niyyətlərin varlığı ilə
sonacan yozula da bilmir. Xoşagəlməz təəssüratların asanlıqla unudulması danılmaz
bir faktdır. Bunun belə olduğunu keçmişdə yaşamış psixoloqlar da bilirdilər, hətta bu
faktın varlığı böyük Darvində çox güclü təəssürat yaratdığından, o özü üçün belə bir
“qızıl qayda” qoymuşdu: bu böyük alim onun təkamül nəzəriyyəsinin yararına
deyilmiş mülahizələrin yaddaşında yaxşı qorunub saxlandığını, bu nəzəriyyəyə qarşı
olan fikirlərin isə çox tez unudulduğunu bildiyindən, nəzəriyyəsinin əksinə olan
arqumentləri gecikdirmədən və bütün genişliyi ilə yazıya alırdı.
Arzuolunmaz xatirələrdən unudulma yolu ilə qorunmaq prinsipinin varlığı ilə
bağlı ilk dəfə eşidənlər çox vaxt buna qarşı çıxır, insanların öz yaşamlarında baş verən
xoşagəlməz olayları və yaşadıqları ağrı-acılarını, tutalım, özünün alçaldılması və
incidilməsi ilə bağlı hansısa olayları çox gec unutduqlarını, örnəklər göstərməklə,
sübut eləməyə çalışırlar. Bu kimi ayrı-ayrı faktlar doğru olsa da, o bizim
sübutlarımıza qarşı tutarlı arqument sayıla bilməz. Burada, ilk növbədə, insan ruhunun
bir-birinə qarşı olan əks niyyətlərin savaş meydanı olduğunu, ruhun dinamik olmayan
durumunda onun qarşılıqlı əks olan bu ikiliklərin əlində qalıb çaşqınlığa uğradığını
anlamaq gərəkdir. Hansısa yararlı olan niyyətin varlığı heç də ona qarşı olan əks
niyyətin olmaması demək deyildir, burada onların ikisinə də yer çatır. Ən başlıcası
isə, bu iki qarşılıqlı əks olan meyillərin bir-biri ilə hansı ilişkilərdə olması və onların
hansının fəaliyyətindən nələrin yaranıb üzə çıxmasıdır.
Nəyisə itirməklə və gizlədib yerini unutmaqla bağlı baş verən yanılmalar, onların
yaranmasına gətirib çıxaran faktorların çoxanlamlılığı və müxtəlif meyilliliyi ilə bizim
üçün çox maraqlıdır. Bu faktorları ümumiləşdirmək istəsək, onların hamısının bir adı
vardır: öncədən, bu itirilən nəsnədən yaxa qurtarmaqla bağlı hansısa gizli bir niyyət
olmuşdur; ancaq bu niyyətin hansı məqsədlə yaranmasının səbəbləri çox fərqli ola
bilər. Dediyimiz kimi, hansısa nəsnəni itirməklə bağlı istəyin yaranması səbəbləri çox
fərqli ola bilər: onun köhnəlməsi, ondan yaxşısının əldə olunmasını ummaq, onun
gözdən düşməsi, onun ilişkilərin korlandığı birisini xatırlatması, onun əldə olunması
ilə bağlı olan xoşagəlməz durumu xatırlamaqdan yaxa qurtarmaq kimi çoxlu faktorlar
bu səbəbi törədə bilər. Elə buna görə də çox vaxt yiyələri bu nəsnələri itirməzdən öncə
əzir, korlayır, sındırırlar. Toplumla bağlı aparılan araşdırmalarda arzuolunmaz və ya
evlilik olmadan doğulan uşaqların çox vaxt qanuni evlilikdən doğulan uşaqlarla
müqayisədə daha çox xəstə olmaları üzə çıxmışdır. Bildiyiniz kimi, kütlə arasında
yayılan bir inanca görə, bu uşaqlara qayğı göstərilməməsi onların erkən yaşlarında
ölərək mələklərə çevrilməsinə gətirib çıxarır, ancaq belə uydurmalara uymadan bu
uşaqların onlara gərəkən qulluğun göstərilməməsindən tez-tez xəstələndikləri və
onların arasında ölüm sayının çox olması, elə bilirəm, hamı üçün aydındır. Nəsnələrə
bəslənən qayğı da elə bu uşaqlarla bağlı örnəkdəki kimi olur.
Ola da bilər ki, itirilən heç öz dəyərini itirməmiş bir nəsnə olsun. Buradakı itki bu
nəsnənin yiyəsinin öz taleyində nəyisə qurban vermək niyyətindən də yarana bilər,
yəni itən nəsnənin yiyəsinin, itirilən bu nəsnə ilə onda çox güclü qorxu doğuran başqa
bir itkinin qarşısını almaq istəyi də buna gətirib çıxara bilər. İnsanın öz taleyinin belə
qarğışlarına tuş gəlməsi, psixoanalitik araşdırmaların da göstərdiyi kimi, çox tez-tez
baş verən olaylar sırasındadır, ona görə də bizim itkilərimiz könüllü verdiyimiz

qurbanlar sayıla bilər. İtkilər insanın tərsliyinə salıb öz-özünü cəzalandırmağa gəlib
çıxması kimi də baş verə bilər; sözün qısası, hansısa nəsnənin itirilməsi ilə bağlı çoxlu
durumlar yozuma uğramayacaq qədər mürəkkəb də ola bilirlər.
Özünü itirmə (Vergreifen) və bu kimi başqa çaşqınlıqlarda (İrrtümer) insanlar çox
vaxt könülsüz əl çəkdikləri niyyətlərini gerçəkləşdirməyə can atırlar. Buradakı gizli
niyyət çox vaxt xoş təsadüf adı altında gizlənmiş olur. Məsələn, mənim yaxın bir
dostumun başına belə bir iş gəlmişdi: o, dəmir yolu ilə, görməyə gözü olmadığı bir
şəhərə getməli idi, ancaq qatarı dəyişməli olduğu stansiyaların birində, yanlış olaraq,
başqa qatara minib geri qayıtmışdı. Yaxud da getməli olduğun uzun bir yolun
yarısında bir az dayanıb gəzib-dolanmaq istəyirsən, ancaq görməli olduğun işlər buna
yol vermir, onda bir də görürsən, minməli olduğun qatara gecikmisən və gəzmək üçün
ürəyin istədiyi vaxtı da qazanmısan. Bunun kimi başqa bir olay mənim xəstəmin
başına gəlmişdi. Mən ona sevdiyi qadına zəng eləməyi yasaqlamışdım, o isə
“dalğınlığa qapıldığından”, mənə zəng eləmək istəyəndə “yanılaraq” telefonçuya
mənim nömrəmi deməkdənsə sevdiyi qadının telefon nömrəsini deyərək onunla
danışmışdı. Gerçəklikdə baş verən bu kimi olayların gözəl bir örnəyini bir mühəndis
belə danışır: “Bu yaxınlarda mən öz iş yoldaşlarımla bir institutda elastikliklə bağlı
çox mürəkkəb bir eksperiment üzərində işləyirdik; bizim könüllü olaraq
qoşulduğumuz bu iş gözlədiyimiz vaxtdan qat-qat uzun çəkməyə başladı. Günlərin
birində mən iş yoldaşım F. ilə laboratoriyaya, başladığımız işi davam elətdirmək üçün
getməli olduq, ancaq F. deyinməyə başladı və bu gün burada belə çox vaxt itirmək
istəmədiyini, evdə görüləsi çoxlu işlərinin tökülüb qaldığını dedi; mən onunla
razılaşıb zarafatla dedim: “Ümid edirəm, keçən həftədə olduğu kimi, işlədiyimiz
qurğu bu gün də sınacaq və biz evə tez qayıda biləcəyik”. İş elə gətirmişdi ki, F.
apardığımız sınağın gedişində presin kranını idarə eləməli idi, o gərək kranı yavaş-
yavaş açaraq akkumulyatorda yüksək təzyiq altında olan mayeni hidravlik presin
silindrinə boşaldaydı. Eksperimentə başçılıq eləyən bu vaxt monometrin yanında
dayanmışdı və təzyiq gərəkən səviyyəyə çatanda qışqırdı: “Stop!” Bu komandanı
eşidən kimi F. var gücü ilə kranı sola fırlatmışdı (buradakı kranların hamısı sağa
fırlanmaqla bağlanır!). Bu isə akkumulyatordakı təzyiqin çox yüksəlməsinə gətirib
çıxardığından, mayenin yığılıb saxlandığı boru bu təzyiqə davam gətirməyib partladı,
beləliklə də, maşında çox da ciddi olmayan sınıqlıq yarandı və biz bugünkü işi
saxlayıb evə getməli olduq. Ən qəribə olanı isə, bu olayın üstündən bir neçə gün
keçəndən sonra mən o günü maşının sınması ilə bağlı həmin olayı danışanda F. bu
olayı əsla xatırlaya bilmədi”.
Bu təsadüfə baxarkən, sizin ev qulluqçunuzun da belə bir kiçik təsadüfə görə
evinizdə çox qorxulu işlər törədə biləcəyini düşünməyinizə dəyər. Bütün bunlara
baxanda istər-istəməz belə bir sorğu yaranır: insanın öz zərərinə gördüyü işlər, yaxud
öz həyatını təhlükə qarşısında qoyan hərəkətləri həmişəmi təsadüfən baş verir? Bütün
bu durumlarda baş verənləri siz öz müşahidələrinizi analiz eləməklə dəyərləndirə
bilərsiniz.
Sevimli dinləyicilər! Bütün bunlar yanlış davranışlarla bağlı deyilə biləcəklərin
hamısı deyildir. Burada hələ olduqca çoxlu araşdırılmalı və dəyərləndirilməli nəsnələr
vardır. Ancaq mənim bu danışıqlarımdan sonra siz bunadək olan baxışlarınızdan əl
çəkib, yeni baxışlara yiyələnmək istəyinə düşmüsünüzsə, mənim üçün elə bu da
yetərlidir. Bir sözlə, mən burada araşdırdığımız mövzunun bir sıra yönlərinin hələ də

sonacan aydınlaşdırıla bilmədiyini deməyə də gərək duyuram. Yanlış davranışları
öyrənərək biz bunların necə baş verməsi ilə bağlı irəli sürdüyümüz mülahizələrimizin
heç də hamısının doğruluğunu sübut eləyə bilmirik. Görünür, bu mülahizələrimizin
doğruluğunu sübut eləmək üçün bizim başqa davranışlarımızla bağlı olan
materiallardan da yararlanmağa çalışmalıyıq. Yanlış davranışların öyrənilməsini
bizim üçün dəyərli edən onların çox sıx-sıx baş verməsi və gözəçarpan olmasıdır. Ən
başlıcası isə, biz onların baş verməsini öz üzərimizdə də izləyə bilirik və onların
yaranmasının hansısa xəstəliklərlə bağlı olmadığını da deyə bilərik. Sözümün sonunda
mən indiyədək cavab vermədiyim bir sorğunun üstündə dayanmaq istərdim: çoxlu
örnəklərdən gördüyümüz kimi, insanlar yanlış davranışların nədən baş verdiyini
anlamağa belə çox yaxınlaşa bilirlərsə, çox vaxt bu yanılmaların daşıdığı anlamları da
başa düşdükləri ilə öyünürlərsə, onda bu yanlış davranışları necə təsadüfi, heç bir
anlamı olmayan olaylar saymaq olar və onların psixoanalitik yozumlarına qarşı olan
bu dirənişlər nə üçündür?
Düz tapmısınız, bu çox təəccüblüdür və yozulmasına gərək duyulan bir
mövzudur. Ancaq mən sizə bunun nə üçün belə olduğunu deməyəcəyəm, mənim
bacardığım, sizləri bu mövzu ilə bağlı olan qarşılıqlı ilişkiləri anlamağa gətirib
çıxarmaqla, özünüzün, mənsiz də, bütün bu sorğuların cavabını tapmağınıza
çalışmaqdır.
Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin