Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


İnqilabın batinində qəlbləri cəzb edən həqiqət nədir?



Yüklə 189,59 Kb.
səhifə12/29
tarix02.01.2022
ölçüsü189,59 Kb.
#2351
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
İmam Rizanın (ə) hərəmində çıxış

Bu gün imkanlarımız böyükdür!


Bismillahir-Rəhmanir-Rəhim...

Allah-Taalaya şükür edirik ki, Həzrət Əbül-Həsən Ər-Rizanın (ə) barigahı civarında növbəti dəfə, daha bir il siz əziz qardaş və bacılar, zəvvarlarla görüşü lütf etdi.

Bacarıqlı iranlı müsəlman qədim Novruzu əqidəsinə və istəyinə uyğun şəkilə saldı. Novruzun formasını saxladı, mahiyyətini dəyişdi. Qədim Novruz padşahların Novruzu idi. Müstəbid sultanlar və hakimlər üçün bir fürsət idi. Onlar bu yolla öz zahiri əzəmətlərini millətlərə nümayiş etdirirdilər. Oturub onlardan hədiyyə gözləsinlər. Hətta Bəni-Üməyyə və Bəni-Abbas dövründə Novruz saraya daxil olmuşdu. Fars hökmdarlarının rəftar və adətlərinə əməl edilirdi. Amma iranlı müsəlman bu adəti öz mənafeyinə uyğun dəyişdirdi. Bu dəyişiklik birbaşa olmadı. Amma siz əsirlər ötəndən sonra görürsünüz ki, Novruz xalq arasında münasibətlərin genişlənməsi üçün vasitəyə çevrilib. Allah-Taalanın müqəddəs zatının, əzəmət və izzətinin izharı amili olub. İranlı Novruzu mahiyyətcə xalqa aiddir. Novruz münasibətilə insanlar bir-birləri ilə səfa-səmimiyyət, eşqlə rəftar edirlər. Bir-birlərini təbrik edirlər, hədiyyə verirlər. İllər və əsrlər ötdükdən sonra Novruzda tarixi, hakimlərə məxsus adət-ənənə qalmayıb. Novruz günləri, il təhvil olanda (dəyişəndə) ölkədə insanların ən izdihamlı yeri İmam və İmamzadələrin müqəddəs barigahıdır.

Ötən gecə, gece yarı bu müqəddəs hərəmdə 100 minlərlə mömin pak qəlblə əzəmət və qüdrət mənbəyinə üz tutub Allahı ilə danışırdı. Halları dəyişən Allahdan özləri üçün yaxşı hal istəyirdilər. Dini mərasimlər keçirildi. Demək, bizim Novruzumuz qədim Novruz deyil, müasir iranlı Novruzudur. Müsəlman millət Novruzu özü üçün qədim ənənədən sərmayə götürə bilib. Bu sərmayə ilə öz hədəflərinə doğru gedir. Ümid edirik ki, Allah-taala əziz İran xalqına kömək olacaq, bu xalq bütün sahələrdə öz bacarıqlı ixtiralarını işə salacaq. Bu il Novruz günləri İslam dünyasının əzəmətli xanımının Həzrət Fatimeyi-Zəhranın (s) şəhadətinə təsadüf edir. Şübhəsiz, Novruz mərasimi o böyük Xanımın (s) ehtiramına zidd olmamalıdır. Şübhəsiz, olmayacaq da! Bu gün mən siz əziz qardaş və bacılara, burada toplanmış insanlara, bütün İran xalqına demək üçün müəyyən nöqtələr nəzərdə tutmuşam.

Söhbətə bir Quran ismarcı ilə başlayıram. Allah-Taala qələbə vəd etdiyi kəslər üçün şərt qoyub: “Və innəllahə əla nəsrihim ləqədir”. (“Həcc”, 39: Həqiqətən Allah onlara yardım etməyə qadirdir); “Əlləzinə in məkkənnahum fil-ərzi əqamus-sələtə və atuz-zəkətə və əməru bil-mərufi vənnəhva ənil-munkəri və lillahi aqibətul umur” (“Həcc”, 41: O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir).

Allah-Taala bu şərif ayədə qüdrət verilmiş və bu qüdrətlə zalım hakimlərin əsarətindən qurtulan möminlər üçün dörd meyar müəyyənləşdirir. Əvvəla buyurur ki, Allah-Taala bu milləti qələbəyə çatdırmağa qadirdir. Şübhəsiz ki, onları qalib edəcək. Bu dörd şərtdən biri namaz, biri zəkat, biri əmr be məruf, sonuncusu nəhy əz munkərdir. Bu dörd şərtin hər birinin fərdi, şəxsi cəhəti var. Amma fərdi cəhətlə yanaşı ictimai cəhət də mövcuddur. Bu şərtlərin ictimai quruculuğda da təsiri mövcuddur. Hər bir möminin meracı sayılan, saysız rəmzlər mövcud olan namaz səadət vasitəsidir. (“Mən la yəhzəruhul-fəqih”) Namaz bütün əməllərin fövqündədir. Namazın ictimai yönü də var. Onun ictimai yönü bundan ibarətdir ki, hər bir müsəlman namaz vasitəsi ilə vahid mərkəzlə təmasa qatılır. Eyni anda namaz zamanı bütün İslam dünyasında müsəlmanlar diqqətlərini bir nöqtəyə yönəldirlər. Bütün qəlblərin vahid mərkəzə yönəlişi ictimai məsələdir. Bu nizam yaradan bir mövzudur. Mövcud hal İslam nizamına həndəsi forma verir. Zəkatın fərdi yönü var, insana sevdiklərindən əta etməyi öyrədir. Bu çox böyük bir təcrübədir. Amma zəkatın ictimai yönü də var. Zəkat Quran leksikonunda bütün infaq mənasını daşıyır. Tövbə surəsinin 103-cü ayəsində buyurulur ki, onların malından sədəqə al. Deməli, zəkat mütləq maddi infaqdır. Zəkatın ictimai quruculuqda bu yönü var. Cəmiyyətdə fərd maddi sərvətlərə malikdir. İslam mühitində İnsan özünü vəzifəli, borclu sayır. Onun cəmiyyətdən tələbi yoxdur, özünü cəmiyyətə borclu hesab edir. Həm yoxsullar və zəiflər qarşısında, həm də Allah yolunda özünü vəzifəli sayır. Demək, zəkat bu cəhətdən ictimai qurucu hökm və meyardır.

Əmr be məruf və nəhy əz munkər isə İslamda bütün ictimai fəaliyyətlərin bünövrəsidir. “Kafi”də bu hökmün icrası ilə bütün zəruri hökmlərə yol açıldığı bildirilir. Əmr be məruf o deməkdir ki, dünyanın müxtəlif bölgələrində olan bütün möminlər cəmiyyəti yaxşılığa doğru sövq etməlidirlər. Nəhy əz münkər odur ki, möminlər başqalarını, cəmiyyəti pislikdən uzaqlaşmağa çağırırlar. Bu dörd meyarın hər biri İslam nizamının quruluşu və həndəsəsinin tərcümanıdır.

Haşiyə olaraq qeyd edim ki, əmr be məruf və nəhy əz munkərin bu mühüm mənasını onun üçün son hesab etmək olmaz. Düşünməməliyik ki, bir kişi və ya qadını dini vəzifənin icrasına çağırmaq pis işdən çəkindirmək əmr be mərufdur. Bəli, bu işlər əmr be məruf və nəhy əz münkərdir. Amma onun əsl mahiyyəti deyil. Əsl mahiyyət ən böyük yaxşılıqlara çağırış, ən böyük pisliklərə qadağadır. Ən böyük yaxşı iş nədir? Ən böyük yaxşı iş İslam quruluşu yaratmaqdır. Bu əmr be mərufdur. Bundan yuxarı yaxşı iş tanımırıq. Kim bu yolda addım atsa əmr be mərufdur. Müsəlman xalqın əzəmət və şəxsiyyətini qorumaq ən böyük yaxşı işdir. Mədəniyyəti, əxlaqı, ailə mühitini qorumaq, yeni nəsil tərbiyə etmək, iqtisadiyyatı çiçəkləndirmək, milli istehsal, İslam əxlaqını yaymaq, elm və texnalogiyanı inkişaf etdirmək, mühakimədə ədalətin bərpası, milli iqtidar yolunda mücahidə, İslam vəhdəti üçün çalışmaq ən böyük məruf, ən böyük yaxşı işdir. Hamı bu yolda çalışmalıdır. Əks qütbdə pis işlər dayanır. Əxlaqı pozmaq, İslam düşmənlərinə kömək etmək, İslam quruluşunu zəiflətmək, İslam mədəniyyətini tənəzzülə uğratmaq, iqtisadiyyatı tənəzzülə uğratmaq, elm və texnologiyanı geri çəkmək ən böyük münkər, ən böyük ps işdir. Bu pis işlərə qadağa qoyulmalıdır. İlk əmr be məruf Allah-Taalanın qəddəs zatıdır. Nəhl surəsinin 90-cı ayəsində buyurulur: “İnnəllahə yəmuru bil-ədli vəl-ihsani və itai zil-qurba və yənha ənil-fəhşai vəl-munkəri və bəğa” (Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi qadağan edir).

Göründüyü kimi Allah-Taalla Özü əmr be məruf və nəhy əz munkər edir. Məruflar və münkərlər məlumdur. Böyük İslam Peyğəmbərinin (s) müqəddəs vücudu əsas əmr və nəhy edən şəxsdir. (Bax: Əraf, 157) Məsum İmamlar da bu qəbildəndir. Ziyarətdə oxuyuruq: “Əşhədu ənnəkə qəd əqəmtəssəlatə və atəytəzzəkatə və əmərtə bil-mərufi və nəhəytə ənil munkər”. Bütün dünyada mömin kişi və qadınlar yaxşıya çağıran və pisə qadağa qoyanlardır. Tövbə surəsinin 71-ci ayəsində oxuyuruq: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər”. Bu İslam quruculuğu üçün dörd sütundur. Onların hər birindən budaqlar şaxələnir. İslam nizamı namazın bərpası, zəkat verilməsi, əmr be məruf və nəhy əz munkər üzərində qurulub. Yəni birlik, xalq kütlələri arasında ictimai rabitələr.

Sözümün başlanğıcında bu mövzudan nəticə çıxarıram. Əziz xalqa dünən gecə söhbətdə ilin şüarını söylədim. Cəmiyyətimizdə, əziz və böyük məmləkətimizdə İslam hər bir ictimai mənsubiyyətə, səliqəyə malik olan insanlardan, hamımızdan birlik, həmkarlıq istəyir. İslam quruluşunda dövlətləri xalq himayə etməlidir. Hətta dövlətdə bir şəxsə səs verməyəndə onu dəstəkləməlidir. Ölkəmizdə ictimai və milli birliyin əsl mənası budur. Hamı əl-ələ verərək işə məsul və iş başında olan dövlətlə sözdə və işdə bir olmalıdır. Xüsusilə belə bir zamandır ki, ölkəmiz mühüm problemlər, maneələrlə üzbəüzdür. Bu barədə danışacağam. Bu gün xalq kütlələrinin vəzifəsi budur ki, ölkə məsullarını himayə etsinlər, onları dəstəkləsinlər. Dediklərim təkcə bu dövlətə aid deyil. Bütün dövlətlərə aiddir. Bundan sonra iş başına gələcək dövlətlər də himayə olunmalıdır. Birincisi, bütün dövlətlərin ilk istəyi xalqın problemlərini həll etməkdir. Onların imkanları fərqli ola bilər. Hamı eyni səviyyədə deyil. İkincisi, səliqələr fərqli ola bilər. Amma bütün dövlətlərin məqsədi öz məsuliyyət dövründə gücü çatdığı qədər ölkənin problemlərini həll etməkdir. Konstitusiya əsasında iş başına gələn hər bir dövlət legitimdir, qanunidir. Xalqın bütünlüklə prezidentə səs verməsi mühüm deyil. Səsin çoxluğu ya azlığı xalqın məhəbbətini göstərir, amma legitimliyə təsirsizdir. Qanun əsasında lazım olan sayda səs qazanan prezident seçilir və bu dövlət qanunidir. Xalq onu qanuni saymalıdır. Bu dövlətə kömək edilməlidir. Əlbəttə, qarşılıqlı hüquqlar mövcuddur. Hər dövlətin tənqidçiləri var, bu dövlət də istisna deyil. Əvvəlki dövlətlərin də tənqidçiləri olub. Bu nöqtəyə qədər problem yoxdur. Bəziləri bu üsulu qəbul etmir. Bu sözü, bu siyasəti qəbul etməyənlər var. Tənqid edirlər, tənqidin eybi yoxdur. Amma tənqid məntiqi olmalıdır. Mən özüm də ayrı-ayrı dövlətləri tənqid etmişəm. Bəzi nöqtələri təkrar xatırlatmışam. Bir şeyi eyb biləndə və tənqid yeri olanda bundan çəkinməmişəm. Amma tənqidlər münasib şəkildə, münasib zamanda olub. Bəzən ismarıc göndərmişik, bəzən üzbəüz xəbərdarlıq etmişik. Xəbərdarlığın heç bir eybi yoxdur. Amma bu xəbərdarlıqlar elə bir formada olmalıdır ki, üzərində məsuliyyət olanları etimaddan salmasın. Tənqid xalqın məsul tərəfə etimadını qırmamalıdır. Tənqiddə aşağılamaya yol verməməliyik. Qəzəblə, kobud tənqiddən çəkinməliyik. Hamı dövlətlə millət arası rabitələrdə İslam qardaşlığına baxsın və bu üsula riayət etsin.

Bəli, bu qarşılıqlıdır. Mən həm xalqa dövlətlə mehriban olmağı, həmkarlıq və həmrəyliyi, həm ölkə məsullarına, üç hakim struktura onları tənqid edənlərlə münasib davranmağı, onları təhqir etməməyi tapşırıram. Məsullar tərəfindən müxaliflərin təhqiri tədbir və hikmətə ziddir. Mən xalqımızı biganəliyə, nəzarət etməməyə çağırmıram. Onları məmləkətin əsas problemlərinə diqqətli olmağa dəvət edirəm. Amma vurğulayıram ki, xalqın məsullarlı tənqidi, məsulların tənqidçilərə münasibəti dağıdıcı olmamalıdır. Təhqir, aşağılama yolverilməzdir. Bir mövzu ilə bağlı kimsə narahat ola bilər. Narahatçılıq günah deyil. Nigaran olmaq günah sayılmaz. Bəzi insanların ölkənin bəzi problemlərinə həqiqətən həssas olması mümkündür. Buna irad yoxdur. Amma bu nigarançılıq ittiham etməyə əsas vermir. Zəhmətləri, xidmətləri görməməzliyə vurmaq olmaz. Qarşı tərəfdən dövlət və onun tərəfdarları nigaran insanları aşağılamamalıdır. Əvvəllər demişəm, indi də əziz xalqımıza bildirirəm ki, mən məsuliyyət daşıdığım dövürlərdə bütün dövlətləri himayə etmişəm. Bu dövləti də himayə edirəm. Harada lazımsa bunu xatırladıram. Təbii ki, kimsəyə imzalanmış ağ (məbləğ göstərilməmiş) çek də vermirəm. Fəaliyyətlərə baxıram, mühakimə aparıram, Allahın tövfiqi ilə fəaliyyətlər əsasında rəftar edirəm. Dövlət və xalq arasında qəlb və sözdə birlik şüarı ilə bağlı deyəcəyim ilk nöqtə bu idi. Qəlbdə, sözdə həmkarlıq etsinlər, problemlərin həllində əl-ələ versinlər.

Qeyd etdim ki, bu mövzu böyük perspektivlər olanda, insanı böyk problemlər gözləyəndə əhəmiyyət daşıyır. Bu gün həmin günlərdəndir. Həm böyük fürsətlərə malikik, həm qarşıda böyük problemlər var. İmkanlardan faydalanaraq Allahın yardımı ilə problemləri aradan qaldırmalıyıq.

Bəli, bu gün böyük imkanlara malikik. Bu imkanlardan biri fəal və yaradıcı insan resurslarıdır. Həmd olsun Allaha ölkəmizdə bu imkan böyükdür. Fəal qüvvələrimiz, yaradıcı və ruhiyyəli gənc qüvvələrimiz var.

Ən böyük fürsətlərdən biri xalqımızın, gənclərimizin nizam və böyük İmamın ideallarına bağlılığıdır. Siz əziz qardaş və bacılara xatırladıram ki, Qüds günü ya 22 bəhməndə nümayişlərdə əksəriyyət gənclərdən ibarət idi. Bu həmin gənclərdir ki, gecə-gündüz radio, televiziya, internet şəbəkələri tərəfindən dağıdıcı bombardman altındadır. Dünyada, internet fəzasında qovğadır. Yüzlərlə, minlərlə informasiya şəbəkəsi gənclərimizin təfəkkürünü bombalayır. Bəziləri gəncləri dindən uzaqlaşdırmağa çalışır. Bəziləri onları İslam quruluşuna münasibətdə azdırmağa təlaş göstərir. Bəziləri ixtilaf yaratmaq istəyir. Bəziləri bu gəncləri öz xəbis məqsədlərinə xidmətə cəlb etməyə çalışır. Bəziləri çalışır ki, bu gənclər işsizliyə, vaxtı boşa keçirməyə maraqlı olsun. Hazırda gənclərimiz həmin informasiya vasitələrinin hücumlarına hədəfdirlər. Digər tərəfdən görürük ki, bu gənclərdən milyonları ölkə boyu 22 bəhməndə nümayişə çıxır, şüar söyləyir, İmam və İslama sevgisini bildirir, İslam quruluşuna bağlılığını göstərir. Bu kiçik şey deyil. Bu fürsət çox böyükdür.

Fürsətlərdən biri də budur ki, sanksiyalar dövründə elmi tərəqqiyə nail olmuşuq. Bəzən dünyanın super gücləri, böyük kapitallar bir millətin köməyinə gəlir. Bəzən də bir millətin üzünə bütün qapıları bağlayırlar. Eyni zamanda bu millət müxtəlif sahələrdə böyük işlər görə bilir. Bu gün həmin işləri görürsünüz. Bunu kiçik saymamalıyıq. Bir neçə gün öncə prezidentin iştirakı ilə işə salınan Cənubi Pars 12-ci Faz layihəsi böyük sənaye layihəsi idi. Bu ölkənin iqtisadi inkişafını, ölkənin ümumi təlaşını hiss ediləcək səviyyədə yüksəldən layihədir. Belə layihələr çoxdur. Silahlı Qüvvələrin manevrlərini gördünüz. Ortaya elə qurğular çıxarıldı ki, düşmən heyrətə gəldi. Heyrətlərini dilə də gətirdilər. Onların təəccübü ehtimal deyil, özləri açıq deyiblər. Bütün bunlar sanksiyalar dövründə baş verir. Bu kiçik iş deyil, çox böyük fürsətdir. Uzun sanksiya illərində, yəni 89, 90, 91, 92-ci illərdə, onların nəzərincə iflicedici qadağalar zamanı gənclərimiz, yaradıcı qüvvələrimiz böyük işlər gördü. Məmləkətimiz üçün bu fürsət böyük fürsətdir. Sanksiyalar özü də fürsətdir. Bir qədər irəlidə sanksiyaların İran xalqı üçün stimul olmasından danışacağam. Bəli, çətinliklər də yarandı. Amma sanksiyalar yeni fürsət də ola bilər, bu barədə söhbət edəcəyəm. Problemlərimiz də var, problemlər barədə də bir qədər danışacağam. Bu gün məmləkətin əsas problemlərindən biri milli iqtisadiyyatdır. Xalqımız haqlı olaraq çiçəklənən bir iqtisadiyyat intizarındadır. Bu iqtisadiyyat ümumi rifah yaratmalı, zəif təbəqəni dözülməz vəziyyətdən çıxarmalıdır. Bu xalqımızın gözləntiləridir. Haqlı gözləntilərdir. Ölkə iqtisadiyyatı ciddi bir hərəkət, böyük bir işə ehtiyaclıdır. Mən bəzi xüsusiyyətləri qeyd edəcəyəm. Mən neçə illərdir iqtisadiyyat barədə danışıram. Neçə illər öncə bunu proqnozlaşdırırdım, deyirdim ki, düşmənlər gücü iqtisadiyyatımıza vuracaq, məsullar bu barədə düşünməlidir, hazırlaşmalıdır. Düşmənin fitnələri, rəzil siyasətlərinə qarşı səfərbər olmaq lazımdır. İqtisadiyyatla bağlı bəzi nöqtələrə işarə edəcəyəm.

Bu gün Ədalət və Tərəqqi onilliyinin yarısı ötüb-keçib. Bu adla onillik müəyyən etmişdik. Onun yarısı geridə qalıb. 20 illik strategiyamız var idi. On ili geridə qalıb. On ili qarşıdadır. Bunlar mühüm məsələlərdir. Bu reallıqlara baxdıqda iqtisadi məsələlərə diqqət güclənir.

Düşmənlərimiz açıq elan edirlər ki, iqtisadi təzyiqlərdə siyasi məqsəd izləyirlər. Onların məqsədi İran xalqını İslam dövlətinə qarşı qoymaqdır. Bəli, Amerikaya ölüm! Çünki bu təzyiqlərin əsas aparıcısı Amerikadır. Özləri də israr edirlər ki, əziz millətimizin iqtisadiyyatını hədəfə alıblar. Məqsədləri nədir? Məqsəd budur ki, xalqı quruluşa qarşı qoysunlar. Açıq deyirlər ki, iqtisadi təzyiqlərdə məqsəd xalqa çətinlik yaratmaq, onu etiraz üçün ayağa qaldırmaqdır. Açıq sözləri budur. Əlbəttə, bəzən yalan danışırlar, iddia edirlər ki, İran xalqının tərəfdarıdırlar. Bu yalanlara inanmaq olmaz, düşmənə inanmamalıyıq. Məqsədləri siyasi məqsəddir. Bizim qərbi asiya məntəqəsində misilsiz sabitliyimiz var. Onlar ölkənin sabitliyini pozmağa çalışır. Həmd olsun Allaha, bizdə şərqimizdə, qərbimizdə, şimalımızda, cənubumuzda, heç bir ölkədə olmayan sabitlik var. Onlar misli olmayan sabitliyi xalqın öz əzli ilə məhv etmək istəyirlər. Xalqı sabitliyin pozulmasına vadar edirlər. İstəyirlər ki, ölkədə etiraz dalğası yaratsınlar. Təhrik edirlər, iş görürlər, bu istiqamətdə plan cızırlar. Ciddi və geniş şəkildə bu istiqamətdə hərəkət edirlər. Bu çox həssas şəraitdir. Çox ciddi bir problemdir. Belə bir problemlə üzbəüz olduğumuz zaman hamı əl-ələ verməlidir, hamı həmkarlıq etməlidir, iqtisadiyyat mövzusuna ciddi yanaşılmalıdır.

İqtisadiyyat mövzusunda bir neçə nöqtə qeyd edim. Birincisi budur ki, Amerikanın düşmən siyasətləri nəticəsində iqtisadiyyat sahəsi bir savaş meydanıdır. Bu xüsusi bir savaşdır. Bu meydanda məmləkətin xeyrinə kim addım atsa cihad etmişdir. Bu gün məmləkətin iqtisadiyyatına kömək edən insan bir cihad addımı atmışdır. Bu cihaddır. Təbii ki, onun öz silahları, öz üsulları var. Bu cihadı hamı öz üsulu, öz silahı ilə aparmalıdır. Bu birinci nöqtə idi.

İkinci nöqtə budur ki, ölkənin iqtisadiyyatına iki növ baxış var. Mütəxəssislərin, gənclərin, əziz xalqımızın bu nöqtəyə diqqətli olmasını xahiş edirəm. İqtisadiyyatın inkişafına, rövnəqlənməsinə baxışlardan biri budur ki, ölkənin daxili imkanları, xalqın gücü ilə inkişafa nail olmalıyıq. Ölkənin potensial imkanları böyükdür. Mövcud imkanlardan ya istifadə edilməyib, ya da düzgün istifadə edilməyib. İmkanlardan istifadə edək. Sərmayəsi ölkənin daxilindən, milli resurslardan olan iqtisadiyyat sorağına gedək. Bu bir baxışdır. Bu baxışa əsasən ölkənin mövcud imkanlarından faydalanmaqla iqtisadiyyatı çiçəkləndirmək olar.

İkinci baxış budur ki, ölkə sərhədlərindən xaricin köməyi ilə iqtisadiyyat inkişaf etdirilməlidir. Deyirlər ki, iqtisadiyyatı inkişaf etdirmək üçün xarici siyasəti dəyişməliyik. Filan zalım, müsdəbidlə yoldaş olub iqtisadi problemləri həll etmək istəyirlər. İmperialistlərin müxtəlif sahələrdə aparıcılığını qəbul etməklə çətin vəziyyətdən çıxmağı mümkün sayırlar. Bu ikinci baxışdır. Tam yanlış, naqis və faydasız bir baxış! Bu gün İran xalqına qarşı sanksiyalar bu baxışın yanlışlığına məntiqi dəlildir. Köməyinə ümid etdiyiniz, köməyi ilə iqtisadiyyatı rövnəqləndirmək istədiyiniz güclər aza qane olmur. Bu gün diqqət etsəniz neftin ucuzlaşması problemini görərsiniz. İmperialistlər regiondakı əlaltılarının həmkarlıqları ilə nefti yarıdan aşağı ucuzlaşdırıblar. Ətrafa nəzər salsanız belə bir problem görərsiniz. Amma daxilə baxsanız vəziyyət başqadır. Xarici güclər, imperialist qüvvələr ölkəmizdə ikinci baxışı gücləndirmək istəyirlər.

Mən novruz bayramı münasibəti ilə Amerika prezidentinin İran xalqına müraciətini gördüm. Bu müraciətdə deyir ki, bizim sözlərimizi qəbul edin. Sözünün canı budur ki, nüvə müzakirələrində diktə etdiklərini qəbul edək, ölkə çətin vəziyyətdən çıxsın. Deyir sözümüzü qəbul edin, sərmayə yaransın, ölkənizdə iqtisadi fəaliyyətlər işə düşsün. Bu elə ikinci baxışdır. Bu baxış heç zaman nəticəyə çatmayacaq. Ölkənin daxilinə, daxili imkanlara baxmaq lazımdır. Müqavimət iqtisadiyyatı adlandırdığımız, irəli sürdüyümüz layihə xoşbəxtlikdən bütün mütəxəssislər tərəfindən müsbət qarşılanıb. Mən bu layihəni qəbul etməyən iqtisatçı, ictimai xadim görməmişəm. Yəni diqqət daxili imkanlara yönəlməlidir. Əgər sizə kənardan su gətirməyə icazə vermirlərsə öz torpağınızda quyu qazmalısınız. Xəbis qonşuya möhtac olmamaq üçün öz torpağınızdan su çıxarmalısınız. Daxili imkanlardan yararlanıb irəli getməliyik. Bu ikinci nöqtə idi.

Üçüncü nöqtə budur ki, nə iqtisadiyyatda, nə də başqa bir sahədə strategiyasız hərəkət etmək olmaz. Hədəflər müəyyən olunmalıdır. Əgər dövlət məsulları hədəfləri müəyyənləşdirmədən hərəkət etsələr nəticəyə çatmayacaqlar. Aydın və sabit hədəf olmalıdır. Bu hədəfə doğru bütün qüvvələr, bütün imkanlar səfərbər edilməlidir. Mənim nəzərimcə, bu il və qarşıdakı illərdə iqtisadiyyatın hədəfi daxili istehsala sərmayə qoyulması olmalıdır. Bütün təlaşlar daxiliistehsalın gücləndirilməsinə yönəldilməlidir. İqtisadiyyat sahəsində çalışan bütün məsullar və bütün xalq daxili istehsalın gücləndirilməsinə çalışmalıdır. Təbii ki, belə bir kömək üçün yollar var. Mühüm işlərdən biri budur ki, orta və kiçik istehsal müəssisələri himayə olunmalıdır. İnnovasiya müəssisələri gücləndirilməlidir. Elm və texnologiyaya çox diqqət yetirməyimiz təkcə elmi tərəqqi üçün deyil. Elmi tərəqqi iqtisadiyyatın inkişafına kömək edir. İnnovasiya müəssisələri milli iqtisadiyyata kömək edə bilər. Zəruri işlərdən biri xam mal satışını azaltmaq hərəkatı yaratmaqdır. Mən əvvəllər iqtisadiyyatın neftdən asılılığına etiraz etmişəm. Çalışıb xam mal satışını tədricən azaltmalıyıq. Bir zaman buna son qoymaq lazımdır. Əlavə dəyər yaradırmalıdır. Banklar bu sahədə rol oynaya bilər. Həm kömək edə bilərlər, həm də zərbə vura bilərlər. Bank məsulları bu nöqtəyə diqqətli olsunlar. Ölkə boyu bəzi banklar xüsusi üsullarla kiçik iqtisadi müəssisələri məhv etdilər. Bəli, banklar həm kömək edə bilər, həm də geri çəkə bilər. Əsas işlərdən biri sərmayə yatırımıdır. Başqa bir bir mühüm iş idxal mallarının həcmini azaltmaqdır. Qaçaqmalçılıqla mübarizə də əsas işlərdəndir. Dövlət məsulları müxtəlif işlər görə bilər. Bəzi işləri burada sadaladım. Təbii ki, bütün bu işlər çətin işlərdir. Sözlə demək asandır, əməl etmək çətindir. Amma bu çətin işləri məsullar hökmən yerinə yetirməlidir. Çünki məsələ mühüm məsələdir. Xalq da bu işdə rol oynaya bilər. Sərmayə qoya bilən insanlar istehsala sərmayə qoysunlar. İstifadəçilər, bütün xalq daxili istehsal mallarından istifadə etsinlər. Dəfələrlə bu nöqtəni vurğulamışam. Bu gün bir daha deyirəm. Hamı çalışsın ki, daxili məhsullardan istifadə etsin. İranlı işçi himayə olunsun. Daxili istehsal sahəsi daxili məhsuldan istifadə vasitəsilə rövnəqləndirilsin. İsrafdan çəkinmək lazımdır. İsraf əhli bilsin ki, israf, dəbdəbəçilik, ifratçılıq İslamda məzəmmət olunur. İsraf milli iqtisadiyyatda ciddi maneədir. Qonaqlıqlarda, izdivac mərasimlərində, bütün başqa mərasimlərdə istər su, istər çörək, istərsə də başqa şeylərin israfının qarşısını almaqla milli iqtisadiyyata kömək etmək olar. Xarici ticarət sahəsində olanlar mühüm rol oynaya bilər. Onlar öz sahələrində sağlam fəaliyyət göstərsə İran xalqının şəxsiyyətini qorumuş olar. Bu da üçüncü nöqtə idi.

İqtisadiyyat sahəsində dördüncü nöqtə budur ki, düşmənin yeganə silahı sanksiyadır. İran xalqına qarşı sanksiyadan başqa silahları yoxdur. Biz düzgün, tədbirlə hərəkət etsək, sanksiyalar təsirsiz qala bilər. İşarə etdim ki, bu gün dövlət orqanlarının açdığı istehsal, sənaye sahələri, o cümlədən Cənubi Pars 2-ci Faz layihəsi, hərbi sənayeinin inkişafı, elm və texnologiya sahəsində tərəqqi sanksiyaların təsirini aradan qaldıra bilər. Öncə bu təsiri zəiflətmək, sonra tam aradan qaldırmaq olar. Sanksiyaların çətinliyi olsa da bərəkətləri də olub. Sanksiyalar bizə öyrətdi ki, özümüzə güvənməliyik. Sübut oldu ki, daxili qüvvələrimizdən istifadə edə bilərik. Dövlət məsulları, xalq, iqtisadiyyat sahəsindəki fəallar çalışmalıdır. İnformasiya vasitələri də kömək etməlidir. Bu işi görsək inşaallah sanksiyalar İran xalqının inkişafını əngəlləyə bilməyəcək.

Nüvə proqramı ilə bağlı bir neçə nöqtəyə toxunmaq istəyirəm. Bu mövzuda deyiləsi sözlər çoxdur, istəmirəm geniş danışam. Nüvə proqramı ilə bağlı bir neçə cümlə. Əvvəla, İran xalqının qarşısında dayanan düşmənlər başda Amerika olmaqla siyasətlə hərəkət edir. Biz tam görür və dərk edirik ki, nə iş görürlər. Onlar müzakirələrə ehtiyaclıdır. Amerika nüvə müzakirələrinə möhtacdır. Amerikada senatorlarla dövlət arasında müşahidə olunan ixtilaflar o demək deyil ki, müzakirəyə ehtiyaclı deyillər. Sadəcə, mühafizəkarlar istəmirlər ki, müzakirələr demokrat partiyasının adına yazılsın. Məqsədləri budur. Müzakirələrə möhtacdırlar, amma özlərini ehtiyacsız kimi göstərirlər. Amerika prezidentinin novruz müraciətində təəssüf ki qeyri-səmimi sözlər vardı. Zahirdə İran xalqına dostluğunu bildirsə də, aydın görünür ki, dedikləri səmimi deyil. Sözlərindən biri budur ki, İranda nüvə məsələsinin diplomatik yolla həllini istəməyənlər var. Bu yalandır. İranda nüvə məsələsinin müzakirələr yolu ilə həllini istəməyən yoxdur. Sadəcə İran xallıq Amerikanın diktəsini, zorakılığını qəbul etmir. İran xalqı qarşı tərəfin zorakılığına müqavimət göstərir. Qarşı tərəf deyir ki, müzakirə aparaq, amma bizim sözlərimizi nöqtə-nöqtə qəbul edin. İran xalqı buna qarşıdır. Məsullarımız, danışıqları aparan heyət, İran xalqı şübhəsiz ki bunu qəbul etməyəcək. Nüvə proqramı ilə bağlı ikinci məsələ budur ki, Avropa ölkələri və Amerika ilə aparılan müzakirələr yalnız nüvə məsələsinə aiddir. Bunu hamı bilsin. Biz Amerika ilə regional mövzuları müzakirə etmirik. Onların regiondakı mövqeyi bizim məqsədlərimizə tam ziddir. Biz məntəqədə sabitlik, xalqların hakimiyyətini istəyirik. Amerikanın siyasəti məntəqədə gərginlik yaratmaqdır. Misirə, Liviyaya, Suriyaya baxın. İmperialist qurumlar başda Amerika olmaqla xalqların yaratdığı İslam Oyanışı hərəkatına qarşıdır. Onlar bu hərəkat üzərinə hücuma keçiblər və həmin hücum davam edir. Məntəqədə xalqları tədricən uçuruma sürükləyirlər. Məqsədləri budur. Bu məqsəd bizim məqsədlərimizə tam ziddir. Bizim nə məntəqə məsələləri, nə daxili məsələlər, nə hərbi sənaye mövzusunda Amerika ilə söhbətimiz və müzakirəmiz yoxdur. Müzakirələr yalnız nüvə mövzusundadır. Biz müzakirələrdə diplomatik üsullarla nəticə əldə etmək istəyirik.

Üçüncü nöqtə budur ki, amerikalılar deyir: "Biz İranla müqavilə imzalayacağıq və onlar müqaviləyə əməl etsələr sanksiyaları götürəcəyik." Bu söz qeyri-məqbuldur. Biz bunu qəbul etmirik. Sanksiyaların ləğvi müzakirələrin tərkib hissəsidir. Bu müzakirələrin nəticəsi deyil. Bu işdə olanlar iki yanaşma arasında fərqi yaxşı anlayır. Müqavilə bağlayıb, sonra sanksiyaları götürmək barədə düşünmək Amerikanın hiyləsidir. Bizim məsulların, prezidentin qətiyyətlə dediyi kimi müzakirələrdə razılıq əldə olunan kimi sanksiyalar dərhal aradan qaldırılmalıdır. Yəni sanksiyaların ləğvi razılaşmanın tərkib hissəsidir.

Başqa bir nöqtə budur ki, Amerika İranın öhdəçiliklərdən geri qayıdışına yol qoyulmamasını təkrarlayır. Bunu qəbul etmirik. Əgər qarşı tərəf hər hansı bəhanə ilə sanksiyalara qayıdacaqsa bizim nümayəndə heyətinin müqaviləni pozmamaq öhdəçiliyi düzgün deyil. Nüvə texnologiyası milli texnologiyadır, xalqa məxsusdur. Bu sahədə biliklər xalqın malıdır. Bu texnologiya inkişaf etməlidir. Bütün texnologiyaların inkişaf etdirilməsi zəruridir. Onlar nüvə bombasından danışır. Yaxşı bilirlər ki, biz nüvə silahı yaratmaq fikrində deyilik. Amma bunu İran xalqına təzyiq üçün bəhanə kimi əldə saxlayırlar. Biz bu müzakirələrdə bütün beynəlxalq öhdəçiliklərə sadiq olmuşuq. Biz İslamın siyasi əxlaq tələblərinə sadiqik, öhdəçiliyi pozmamışıq. Biz ikibaşlı danışmamışıq. Amma qarşı tərəf, amerikalılar öhdəçilikləri pozdular. Onların rəftarları xalqımız üçün ibrət dərsidir. Ölkə daxilində Amerikanı düzgün tanımayan bəzi ziyalılar müzakirələrə yaxşı baxsınlar, kiminlə tərəf-müqabil olduğumuzu görsünlər, Amerikanın dünyadakı əməllərinə nəzər salsınlar. Onların hədə-qorxuları təsirsizdir. Daha artıq sanksiya, hərbi hədə-qorxu İran xalqını qorxutmur. İran xalqı möhkəm dayanıb. İnşaallah, bu böyük imtahandan tam müvəffəqiyyətlə çıxacaq. İlahi yardımlar xalqımızı bu yolda uğura çatdıra bilər.

Başqa mühüm məsələlər də var, bu mövzularda danışmaq imkanımız yoxdur. İran xalqı və İran dövləti üzərində böyük məsuliyyətlər var. İslam vəhdəti, əzilən xalqlara yardım, məntəqədə İslamın mənəvi nüfuzunun genişlənməsi (bu gün onun bayrağı İran xalqının əlindədir) böyük işlərdir. Əgər Allah-Taala əziz xalqımıza yardım etsə - inşaallah sizin dualarınızın, xüsusilə gənclərin təlaşı ilə yardım edəcək – inşaallah bu işləri görəcəyik.

Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Mart, 2015


Yüklə 189,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin