Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Y.Pompidunun (1969-1974-cü illər) və Valeri Jiskar D'Estenin (1974-1981-cü illər) prezidentliyi dövründə Fransanın daxili siyasəti



Yüklə 2,21 Mb.
səhifə42/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   186
Y.Pompidunun (1969-1974-cü illər) və Valeri Jiskar D'Estenin (1974-1981-cü illər) prezidentliyi dövründə Fransanın daxili siyasəti. Şarl de Qollun istefasından sonra 1969-cu ilin iyununda keçirilən prezident seçkilərində «varislik və dialoq» proqramını irəli sürən Y.Pompidu 57,6% səs toplayaraq qələbə çaldı və ölkənin prezidenti seçildi. O, hakimiyyətə gəldikdən sonra nüfuzlu qollist qruplarla ittifaq saxlamaq məcburiyyətində qaldı. O, «Qollsuz qollizm» şüarını irəli sürdü. Baş nazir Şaban-Delmas oldu. Hökumətin tərkibinə «müstəqil respublikaçıların nümayəndələrindən V.Jiskar D`Esten də daxil edildi. Hökumət «yeni cəmiyyət» proqramını irəli sürdü. Bu proqrama görə sinfi mübarizəni sosial barışıq, sinfi əməkdaşlıq əvəz etməli idi. Hökumət dövlətin iqtisadiyyata müdaxiləsini zəiflətdi. Sosial siyasəti daha da fəallaşdırdı. Vətəndaşların təhsili və məlumat­lanmasına xüsusi diqqət yetirildi. 1968-ci ildə ali təhsillə əlaqədar keçirilən islahatlar nəticəsində universitet­lərin mux­tariyyəti və tələbə özünüidarəsi möhkəm­ləndirildi. Peşə təh­silinin dövlət tərəfindən maliyyə bazası gücləndirildi. Sığor­tanın kate­qoriyaları genişləndirildi. Ailənin müdafiəsi ilə əla­qədar də döv­lət siyasəti fəallaşdı. 1970-ci ildə inflyasiya səviy­yəsinə uy­ğun olaraq minimum əmək haqqının səviyyəsinin hər il in­dek­sasiya edilməsi haqqında qanun verildi. Bölgələrin ida­rə­sinin mərkəzləşməsinin zəiflədilməsi ilə əlaqədar inzibati quru­luşun islahatını həyata keçirmək planlaşdırıldı. Pompidu sənayenin sürətli inkişafını bütün sosial problemlərin həlli üçün başlıca vasitə hesab edirdi. Prezidentin razılığı ilə ilin sonunda radikal maliyyə islahatına başlanıldı. Bu xarici ticarətin canlanmasına səbəb oldu. Hökumət sənaye və ərzaq məhsullarının qiymətlərinin artımını məhdudlaşdıran bir sıra tədbirlər gördü. Sənayenin daha da modernləşdirilməsi layihəsi reallaşmağa başladı. Nəticədə sənaye məhsulu is­tehsalı 1969-1973-cü illərdə 5,7%, əsas kapitalın artımı 4,9%, əmək məhsuldarlığı 5,2% artdı. «İqtisadiyyatın qızışması» əlamət­ləri görünməyə başladı. Lakin bu dövrdə digər Qərb ölkə­ləri kimi Fransada da istehsalın sənaye sisteminin quru­lu­şunda böhran təzahürləri özünü göstərməyə başldaı.

Y.Pompidu öz siyasi vəziyyətini möhkəmləndirmək üçün ilk növbədə qollist hərəkatın radikal təmizlənməsinə baş­ladı. Hökumətdə və partiyada qollistlərin gənc nəslinin (onlar «gənc canavarlar» adlanırdı) nümayəndələri yerləşdirildi. Bu qru­pun nümayəndələrinin lideri J.Şirak idi, Pompidu ona öz varisi kimi baxırdı. 1972-ci ildə Şaban-Dalmas baş nazir kürsüsündən getdi. Onu Pyer Mesmer əvəz etdi. O əslində deqolçu «əməklə kapitalın assosiyasıyası» konsep­siya­sı­ndan im­tina etmək istədi. Seçicilərin maddi marağını güc­lən­dir­məyin vacibliyini hiss edən Pompidu «dəqiq iştirak» ideyasını irəli sürdü. Onun mahiyyətini işçinin əməyinin nəticəsinə görə qiy­mət­ləndirmək təşkil edildi. İşçilərin maddi marağını güc­lən­dirməyin vacibliyini hiss edən Pompedu 1973-cü ilin yan­varında «Fəhlələrin səhmləşdirilməsi haqqında» qanunun verilməsinə nail oldu. Döv­­lət müəssisələri öz işçilərinə səhmlərini satmalı idi.

1972-ci il parlament seçkilərindən əvvəl digər siyasi partiyalarda da yenidənqurma davam edirdi. Sol cəbhədə mühüm dəyişikliklər baş verdi. Sosialist internasionalının fransız bölməsi 1969-cu ildən Fransa sosialist partiyası adlanmağa başladı. 1972-ci ildə sosialist və kommunist partiyaları razılığa gələrək birgə proqram qəbul etdilər. Bu proqramda dövlətin sosial siyasətini genişləndirmək, hərbi xərcləri ixtisar etmək, həmkarlar ittifaqının hüquqlarını genişləndirmək və s. məsələlər öz əksini tapmışdı. 1973-cü ilin martında keçirilən parlament seçkiləri göstərdi ki, seçicilər Pompidunun siyasi kursunu müdafiə edirlər. Bu sübut etdi ki, Şarl de Qollun getməsi qollizm üçün təhlükə törətmədi. 1974-cü il aprelin 2-də Pompidunun qəfil ölümü yenidən gələcək illər üçün ölkənin inkişaf strategiyasını seçmək məsələsini qarşıya qoydu. Pompidunun ən böyük xidmətlərindən biri 1968-ci ilin «qırmızı may»ından sonra ölkənin siyasi vəziyyətini sabitləş­dir­məyi bacarması idi. Lakin öz tərəfdarlarının siyasi əməkdaşlığına nail olmaq, uzunmüddətli fəaliyyət proqramı olan möhkəm siyasi blok təşkil etmək ona nəsib olmadı. Qəfil ölüm buna mane oldu.

Pompidunun ölümündən sonra Şarl de Qollun partiyası daxilində mübarizə yenidən kəskinləşdi. Köklü təşkilati-siyasi yenidənqurmadan sonra mərkəz hərəkatı da canlandı. Mərkəzçilərin gənc nəslinin nümayəndəsi isə Valeri Jiskar d`Esten oldu. O hələ 1966-cı ildə Müstəqil respublikaçıların Milli federasiyasını yaratmışdı. O, «düşünülmüş qollizm» şüarını irəli sürərək bütün siyasi qüvvələri birləşdirmək, milli iqtisadiyyatın modernlizasiyasına çalışmaq, dünya bazarında ölkənin mövqeyini möhkəmləndirmək xəttini müdafiə edirdi.

1974-cü ilin mayında keçirilən prezident seçkilərində sosialist F.Mitteranın yığdığı 48,3% səsə qarşı V.J.D`Esten 50,7% səs toplayaraq qalib gəldi və prezident seçildi. Bu dövrdə Fransa dərin iqtisadi böhran içində idi. İstehsal doqquz ay ərzində 15% aşağı düşdü ki, Fransada hətta 1929-cu il dünya iqtisadi böhranı zamanı belə hal olmamışdı. Qiymətlər bir il ərzində 10% artdı. 1974-1976-cı illərdə ölkədə işsizlərin sayı 2,5 dəfə artdı. Böhran maliyyə sistemini də əhatə etdi. Hökumət məcbur oldu ki, iri neft kompaniyalarına subsidiya (vəsait) ayırsın və frankın kursunu aşağı salsın. Parlament seçkilərindən sonra baş nazir olmuş J.Şirak «sərt antiböhran siyasəti»ni irəli sürdü. Prezidentin tam müdafiəsi şəraitində hökumət iqtisadi artımı sürətləndirmək proqramını irəli sürdü ki, bundan da məqsəd ölkəni böhrandan çıxarmaq idi. İqtisadi artıma malik olmaq üçün hökumət sahibkarlar üçün vergi güzəştləri etdi, kredit siyasətini yüngülləşdirdi, əmək münasibətləri sahəsində sərt rejimdən imtina etdi. Dövlət müəssisələri əhəmiyyətli dərəcədə bazarda fəaliyyət göstərmək üçün sərbəstlik aldılar. Böhran hökuməti sərt monetar siyasətə keçməyə məcbur etdi. 1976-1980-ci illəri əhatə edən VII beşillik plan qəbul edildi. Bu plan «sənaye istiqamətləndirilməsi» ideyasını reallaşdırmalı idi. Beynəl­xalq proqramlara böyük diqqət yetirilməyə başladı. «Aerobus» və «Kankord» aviaqayırmada, «Arion» kosmik texnologiyada belə layihələrdən idi. Əhəmiyyətli dərəcədə hərbi-sənaye bölməsi möhkəmləndi, bu bölmənin məhsullarının 40%-i ixrac edilirdi.

1976-cı ildə Şirakın baş nazir kürsüsünü Raymon Barr tutdu. Dövlət büdcəsi üçün «sərt qənaət» rejiminə keçildi. Sahibkarların fəallığını artırmaq üçün tədbirlər görüldü. Bu dövrdə əmək haqqının artmasının dayandırılması xətti götürüldü. D`Estenin prezidentliyi dövründə iqtisadi siyasətin nəticələri özünü ikiqat göstərdi. 70-ci illərin böhran sarsıntısını keçirsə də, Qərbin nisbətən daha çox inkişaf etmiş ölkələri içərisində Fransa yüksək həyat səviyyəsini və sabitliyini qoruyub saxladı. Kapital qoyuluşunun səmərəliliyi artdı. Əsas kapitalın fəal hissəsi 48,3% artdı. Sənayedə əmək məhsuldarlığı ildə 4% yüksəldi. Xarici ticarət dövriyyəsi bu dövrdə 5 dəfə artdı. İxrac 18%-ə qədər çoxaldı. Lakin bununla belə hökumət yenə də infilyasiya problemini həll edə bilmədi, bu da əhalinin gəlirinin artması sürətinin aşağı olmasına səbəb olurdu. Ən həyəcan doğuran fakt isə sahibkarların fəallıq səviyyəsinin aşağı olması idi. Dövlətin əsas kapital qoyuluşunun həcmi 96,4% artsa da, xüsusi müəssisələrdə bu artım 4,3% aşağı düşdü. Xüsusi kapitalın xaricə axını artdı. 1980-ci ildə irəli sürülmüş VIII beşillik plan qəmli fraza kimi səsləndi.



70-ci illərin II yarısında hökumətdə çoxluq təşkil edənlərlə (XRHP, «Müstəqil» respublikaçılar, Demokratik mərkəz) sol qüvvələrin (FKP, FSP, sol radikallar) ittifaqı arasında ixtilaflar gücləndi. Burjua partiyalarında qruplaşma başlandı. 1976-cı ilin dekabrında J.Şirakın təşəbbüsü ilə «Respublikanı müdafiə birliyi» adlı geniş koalisiya yarandı və o, qollizmə həmişə sadiq qalacağını bildirdi. 1977-ci il mayında lideri J.D`Esten olan Müstəqil respublikaçıların milli federasiyası, «Sosial və liberal nəsil» və digər başqa təşkilatlar birgə qurultay keçirdilər. 1978-ci ilin yanvarında Respublika partiyası Mərkəz sosial-demokrat və radikallar bir federasiyada birləşdilər və özlərini «Fransa demokratiyası naminə ittifaq» partiyası adlandırdılar.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin