Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Fransa Beşinci respublika dövründə. Şarl de Qollun prezidentliyi dövründə Fransanın daxili vəziyyəti və xarici siyasəti (1958-1969-cu illər)



Yüklə 2,21 Mb.
səhifə41/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   186
Fransa Beşinci respublika dövründə. Şarl de Qollun prezidentliyi dövründə Fransanın daxili vəziyyəti və xarici siyasəti (1958-1969-cu illər). Fövqəladə səlahiyyətlər alan Şarl de Qoll ilk növbədə icraedici hakimiyyəti gücləndirməyi qərara gəldi. Bu yolda ilk addım yeni konstitusiyanı hazırlamaq idi. Burada prezidentin hüquqları və səlahiyyətləri genişləndirilməli idi. Kommunistlər 1958-ci ilin iyunun 17-də bu xəttə qarşı çıxdılar. Sosialistlərin çoxu isə yeni konstitusiya layihəsini müdafiə etdilər. Bir hissəsi isə konstitusiya layihəsini bəyənmədiyi üçün həmin sosialistlərdən ayrıldılar və Muxtar sosialist partiyasını yaratdılar.

1958-ci ilin sentyabrın 28-də keçirilən referendumda seçicilərin 79,25%-i (17,7 milyon adam) yeni konstitusiya layihəsini bəyəndiklərini bildirdilər. Yeni konstitusiyada da 1946-cı il konstitusiyasında əksini tapmış demokratik azadlıqlar saxlanıldı. Yeni konstitusiyaya əsasən prezident dövlətin, hökumətin başçısı, silahlı qüvvələrin ali baş komandanı idi. O parlamentin qəbul etdiyi hər bir qanuna «veto» qoymaq hüququna malik idi. Prezidentin parlamentin iştirakı olmadan özü xüsusi dekretlər vermək ixtiyarı var idi. Prezident parlamentin verdiyi qanunları təsdiq etməli idi. Prezident parlamenti buraxmaq, yeni seçkilər təyin etmək, qanunları referendum yolu ilə birbaşa xalqın təsdiqinə vermək hüquqları da var idi. Dördüncü respublikadan fərqli olaraq Beşinci respublika prezidentli respublika oldu. Prezident parlament üzvləri və xüsusi seçkilər kollegiyası tərəifndən 7 il müddətinə seçilirdi.

Konstitusiya qəbul edildikdən sonra parlament seçkilərinə hazırlıq başlandı. Şarl de Qollun tərəfdarları 1958-ci ilin oktyabrın 1-də «Yeni respublikanın müdafiəsi birliyi» adlı partiya yaratdılar. Bu partiya Fransa maliyyə oliqarxiyasının mənafeyini müdafiə edirdi. 1958-ci ilin oktyabrın 7-də hökumətin verdiyi dekret əsasında Fransada iki turda keçirilən mojaritar seçki sistemi qərarlaşdı. 1958-ci ilin noyabrın 23-ü və 30-da iki turda keçirilən Milli məclisə seçkilər nəticəsində burjua partiyaları əksəriyyət deputat mandatı qazandılar. Kommunistlər seçicilərin 18,9%-nin səsini alsalar da, parlamentdə 10 deputat yeri tutdular. Şarl de Qollun partiyası isə səslərin 17,6%-ni yığsa da, parlamentdə 180 deputat yeri tutdu. Beləliklə, Şarl de Qoll parlamentdə öz müdafiəsini təşkil etmiş oldu. Baş nazir Şarl de Qollun partiyasından olan M.Debre oldu. Hökumətin tərkibinə «müstəqillər»in və Xalq respublika hərəkatı partiyasının nümayəndələri də daxil oldular. 1958-ci ilin dekabrın 21-də Şarl de Qoll respublikanın prezidenti seçildi.

Fransada yeni rejim yaradıldıqdan sonra istehsalın və kapitalın mərkəzləşməsi və təmərküzləşməsi gücləndi. 10 iri inhisar, demək olar ki, xüsusi mülkiyyətin 40%-nə nəzarət edirdi. Lakin bununla belə Fransa istehsalın mərkəzləşməsinə görə inkişaf etmiş kapitalist ölkələrindən geri qalırdı. Xırda müəssisələrin payı (beş fəhləsi olan müəssisələr də nəzərə alınmaqla) bütün sənaye müəssisələrinin 84%-ni təşkil edirdi.

Dövlət sifarişləri, digər imtiyazların köməyi ilə sənaye sahələri sürətlə inkişaf etməyə başladı. Ölkənin sürətlə silahlanmasının da bu inkişafa təsiri böyük idi. Büdcə kəsirini azaltmaq məqsədi ilə yeni vergilər təyin edildi, sosial təminat xərcləri azadıldı. Şarl de Qollun dövründə kənddə də modernizasiya xətti götürüldü. Kəndin yüksək texnika ilə təchiz edilməsi nəticəsində bir vaxtlar Avropada ən çox saylı olan fransız kəndliləri fermerlərə çevrildi. Kəndli kateqoriyası aradan qalxdı. Şarl de Qoll «metio xalqı» yaratmağa çalışdığını elan etdi. Ölkə tarixində ilk dəfə olaraq şəhər əhalisi kənd əhalisini ötüb keçdi. Şarl de Qollun prezident olduğu 10 il ərzində hər il kənddən şəhərə 150 min kəndli köçürdü. Kənddə fermer təsərrüfatının inkişafı Fransanı Avropanın ən iri ərzaq ixracatçısına çevirdi. Dövlət torpaq sahibliyinin minimum ölçüsünü müəyyən etdi, xırda və orta kəndli təsərrüfatı yox olmağa başladı. Yerli özünüidarə orqanlarının hüquqları məhdudlaşdırıldı.

60-cı illərdə Fransada elmi-texniki inqilab ən çox konveyer istehsalında, avtomatlaşmada, elektron-hesablama maşınlarında öz tətbiqini tapdı. İqtisadiyyatın strukturu mahiyyətcə dəyişildi. Yeni sənaye sahələri olan atom və raket sənayesi yarandı. Neft istehsalı sürətlə artmağa başldı. Kütləvi tələbat mallarının istehsalı çoxaldı. Fransada 1958-1968-ci illər arasında sənaye məhsulları istehsalı həcminin artım sürəti 60% oldu. 25 nəhəng sənaye-maliyyə qrupu bütün kapital qoyu­lu­şu­nun 60%-dən çoxuna nəzarət edirdi. Şarl de Qoll ilk növbədə inhisarların mövqeyini möhkəmləndirmək siyasəti yeridirdi. O, çalışırdı ki, dünya bazarında Fransa inhisarçıları ABŞ, Yaponiya, Almaniya inhisarçıları ilə rəqabət apara bilsinlər. Şarl de Qoll Fransanı yenidən böyük dövlət səviyyəsinə qaldıra bildi. Fransa sənaye məhsulları istehsalı sürətinə görə Avropada İngiltərəni ötüb keçərək ancaq Almaniya və İtaliyadan geri qalırdı. Sənayenin inkişaf səviyyəsinə görə isə dünyada kapitalist ölkələri içərisində beşinci yeri tutdu. Ölkənin maliyyə sistemi sabitləşdi. 1960-cı ildə frank dönərli valyutaya çevrildi. Başqa kapitalist ölkələrində olduğu kimi Fransada da bu dövrdə istehsal sahələrindən daha çox qeyri-istehsal sahələri artdı.

Ölkənin sinfi strukturunda da dəyişiklik baş verdi. Belə ki, muzdlu işçilərin sayı ölkədə bütün işləyən əhalinin 70%-ini əhatə etdi. On il ərzində muzdlu işçilərin sayı xeyli artdı. Onların əmək haqqı isə 60%-dən 70%-ə qalxdı.

Şarl de Qollun prezidentliyi dövründə dövlətin iqtisadiyyata müdaxiləsi gücləndi. Bu özünü xüsusilə iqtisadi inkişaf planlarının tərtib olunmasında göstərirdi. Lakin bu planlar xüsusi firmalar üçün məcburi deyildi. «Gəlirin qabağını almaq» siyasəti aparılırdı. Amma bu iş kapitala qoyulan vergidən daha çox, əmək haqqının «dondurulması» hesabına həyata keçirilirdi.

Elmi-texniki tərəqqi və «Müştərək bazarın» təsiri ilə əlaqəli şəkildə dövlətin iqtisadiyyata müdaxiləsi iqtisadi inkişafı sürətləndirdi. Fransa özünün sələmçi xarakterini itirdi. O müasir sənaye dövlətinə çevrildi. 60-cı illərin ortalarında Fransa bütün borclarını ödədi və yenidən kreditor dövlətə çevrildi. Fransanın sürətli inkişafı bir çox cəhətdən dövlətin məqsədyönlü səyləri ilə bağlı idi.

1960-cı ildə Fransa 14 Afrika ölkəsinə müstəqillik verdi. Sağların təqiblərinə baxmayaraq Əlcəzair məsələsinə obyektiv yanaşıldı. 1960-1961-ci illərdə Əlcəzairdə başlamış yeni qiyamlar, 1961-ci ildə təşkil edilən terrorçu «Gizli silahlı ordu» təşkilatının de Qolla qəsd hazırlaması onu qorxutmadı. Çünki o, xalq tərəfindən müdafiə olunurdu. 1962-ci ilin yazında Şarl de Qoll Əlcəzairə səfər etdi. Xalqla görüşdükdən sonra ancaq bir cümlə ilə fikrini bildirdi: «Mən sizi başa düşdüm». 1962-ci ilin martın 18-də Fransanın Evian şəhərində bağlanmış sazişlə Əlcəzairə müstəqillik verildi. Həmçinin Fransa Saxarada müvəqqəti olaraq hərbi baza saxlamaq hüququ da əldə edirdi.

Şarl de Qoll xarici siyasətdə Fransanın müstəqilliyini qoruyub saxlamaq və müstəqil xarici siyasət yeritmək xəttini əsas götürdü. O xarici siyasətdə özünün əsas vəzifəini – «ölkəyə uzun illərdən bəri malik olmadığı əzəmətini və nüfuzunu qaytarmaq» vəzifəsini elan etdi. Şarl de Qoll müstəqil xarici siyasət yeridərək Avropanın sosialist ölkələri və SSRİ-ilə münasibətləri yaxşılaşdırdı. De Qoll xarici siyasətdə eyni zamanda «bütün istiqamətlərdə müdafiə» dok­tri­nasını əsas götürürdü.1966-cı ildə o, SSRİ-yə səfər etdi. Fransa ABŞ-ın Vyetnamdakı təcavüzünü, İsrailin Fələstinə qarşı mü­ha­ribəsini pislədi. Şarl de Qoll ABŞ-ın atlantizm siyasətini, yəni NATO-nun üzvü olan Avropa ölkələrində hərbi bazaların yerləşdirilməsi və orada ABŞ hərbçilərinin komandanlıq etməsini və xarici işlərdə, müdafiə, silahlı qüvvələr məsələsində Fransanın tutduğu yolun ABŞ-ın planlarına tabe olmasını heç cür qəbul edə bilmədi. 1963-cü ildə Fransa ilə AFR arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlandı. Lakin, 1964-cü ildə AFR ilə ABŞ arasında hərbi əməkdaşlıq haqqında saziş bağlandıqdan sonra Fransa NATO-ya münasibətini tamam dəyişdi. ABŞ-ın Avropaya müdaxiləsinin gücləndiyini hiss edən Şarl de Qoll NATO-nun bütün təşkilatlarında qalmaqla onun hərbi təşkilatlardan çıx­dığını bildirdi. 1966-cı ildə bu hadisə reallığa çevrildi. NATO-nun Parisdə olan baş qərargahı Brüsselə köçürüldü.

1959-cu ilin yanvarından sosialist partiyası rejimə qarşı müxalifətə keçdi. Həmin ilin sentyabrında hökumətdən radikallar da getdilər. Xalq respublika hərəkatı partiyasında da rejimdən narazılıq yarandı. 1961-ci ilin payızında ölkəni yenidən tətillər bürüdü. Hökumət fəhlələrin tələblərini ödəməyə məcbur oldu. Dəmiryolçular, şaxtaçılar və digər peşə sahiblərinin əmək haqları 12,5% artırıldı. 1963-cü ilin sentyabrın 12-də Fransa hökuməti iqtisadiyyatı sabitləşdirmək planı ilə çıxış etdi. Həmkarlar ittifaqına təklif olundu ki, əmək haqlarının artırılması tələbindən əl çəksinlər. Lakin tətillər yenə də davam edirdi. 1965-ci ilin payızında bir sıra demokratik təşkilatlar (sosialistlər, radikallar) «Demokratik, sosialist və sol qüvvələrin Federasiyası»nda (DSSQF) birləşdilər. Əsas yeri sosialist partiyası tutdu. Onun lideri Fransua Mitteran idi. 1962-ci ilin oktyabrın 28-də prezidentin bütün xalq tərəifndən seçiməsinə dair referendum keçirildi. Çesicilərin 60%-dən çoxu onun lehinə səs verdi. Yeni qanuna görə prezidnti bundan sonra xalq seçməli idi. 1965-ci ilin dekabrında Şarl de Qoll 55% səs topladı və prezident seçildi. O, rəqibi sol qüvvələrin namizədi Fransua Mitterana qalib gəldi.

1966-cı ilin may ayının 17-də Fransada yenidən ümumi tətillər başlandı. 1966-cı ilin dekabrında DSSQF ilə FKP saziş bağladılar ki, Şarl de Qoll rejiminə qarşı birgə hərəkət etsinlər. 1966-cı ildə belə bir saziş FÜƏK ilə Fransa demokratik zəhmətkeşlər konfederasiyası arasında da bağlandı. De Qolla qarşı təkcə sollar deyil, sağlar da çıxmağa başladılar. 1966-cı ildə «müstəqillər»in bir hissəsi XRH və «Demokratik mərkəzlə» birləşib Şarl de Qollun avtoritar metodlarına qarşı çıxış etdi. Şarl de Qoll hökumətinin siyasəti ölkədəki müxtəlif qruplar arasındakı ziddiyyətləri kəskinləşdirdi.

60-cı illərin ortalarında Şarl de Qollun yaratdığı avtoritar rejim Fransada həm biznesin, həm Fransa həmkarlar təşkilatının, həm də gənclərin xoşuna gəlməməyə başladı. Fransa biznesi istəyirdi ki, dövlət onun işinə müdaxilə etməsin. Fransa həmkarlar təşkilatı istəyirdi ki, onun hüquqları genişləndirilsin, gənclər dünyanın ən qabaqcıl ölkəsi olan ABŞ-la Fransanın münasibətlərinin normal şəklə salınmasını hökumətin qarşısında bir vəzifə kimi qoyurdular. Bu dövrdə Fransada tələbələrin sayı 600 minə çatmıqdı. Onların ancaq 15%-i təqaüd alırdı. Tələbələr təqaüdlərinin artırılmasını, təhsil sistemində dəyişiklik edilməsini, ölkədə demokratik ənənələrin bərpa edilməsini də tələb edirdilər. Bütün bu hadisələr ilk dəfə 1968-ci ilin mayın 3-də tələbələrin mitinqində özünü büruzə verdi. Mitinqə Fransanın ən qocaman universiteti olan Sarbonna universitetinin tələbələri başladı. Mayın 10-11-də barrikadalar quruldu. Nəticədə polis işə qarışmalı oldu. Üç minə qədər tələbənin bu hadisələr zamanı zərər çəkməsi bütün ölkədə böyük həyəcana səbəb oldu. Mayın 13-də 10 milyon adamın iştirak etdiyi böyük nümayiş baş verdi. Şarl de Qoll AFR-də yerləşən 500 min nəfərlik fransız ordusunu ölkəyə gətirmək qərarına gəldi.

1968-ci ilin mayın 25-də hökumət və həmkarlar ittifaqları nümayəndələrinin birgə danışığı başlandı. Hökumət göstərdi ki, bir sıra tələbləri (əmək haqqının artırılması, iş həftəsinin azadılması, həmkarlar ittifaqlarının azadlığı) yerinə yetirə bilər. Hökumətin həmkarlar ittifaqlarına güzəştə getməsi nəticəsində təminatlı əmək haqqı 15% yüksəldi. Əmək haqqının təcili qaydada ümumi artımı orta hesabla 12%-ə çatdırıldı. Məzuniyyətlər üç həftəyədək uzadıldı, sahibkarlar həmkarlar ittifaqlarının hüquqları ilə razılaşmağa söz verdilər. 40 saatlıq iş hətfəsinə keçirildi. Tələbələr üçün təhsil sistemi yaxşılaşdı. Lakin saziş fəhlələri qane etmədi və onlar tətili davam etdirdilər. Bu şəraitdə burjuaziya fəhlə sinfini parçalamaq yolunu tutdu və bütün zəhmətkeşlərin əmək haqqını artırmaq kimi manevr etdi. 1968-ci ilin sonunda inflyasiya və qiymətlərin artması ilə əlaqədar sahibkarlar əmək haqqını azaltmaq istədikdə ölkəni yenidən tətillər bürüdü.

1969-cu ilin aprelin 24-də Şarl de Qoll ölkədə senatın hüquqlarını genişləndirmək, yerli özünüidarə orqanlarının hüquqlarını məhdudlaşdırmaqla əlaqədar referendum keçirdi. Ölkə əhalisinin 52,4%-i bunun əleyhinə olduğunu bildirdi. Belə olduqda Şarl de Qoll səhəri gün istefa verdiyini və prezident vəzifəsindən getdiyini bildirdi. 1970-ci ilin sentyabrında o vəfat etdi. Şarl de Qoll dünya xalqlarının və fransız xalqının yaddaşında səmimi bir vətənpərvər kimi qaldı.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin