Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İspaniya XX əsrin 80-90-cı illərində



Yüklə 2,21 Mb.
səhifə16/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   186
SSRİ İkinci dünya müharibəsindən sonrakı ilk dövrdə (1945-1952-ci illər). SSRİ hələ İkinci dünya müharibəsinin gedişində xalq təsərrüfatının bərpasına başladı. 1943-cü ilin av­qustunda SSRİ Xalq Komissarlar Soveti «Alman işğalından azad edilmiş rayonlarda təsərrüfatın bərpası haqqında» xüsusi qərar qəbul etdi. Müharibə dövründə almanların işğal etdikləri ərazilərdən şərqə 10 milyon adam, 1360 sənaye müəssisəsi köçürülmüşdü. Bu rayonların mal-qaralarının əksəriyyəti Orta Asiya və Cənubi Qafqaza gətirilmişdi Sovet torpaqları azad edil­dikcə, onların geri qaytarılması başlandı. Ölkə iqtisadiyyatı 1945-1946-cı illərdə hərbi xətdən dinc xəttə keçirilməyə başladı. Ölkə qarşısında iqtisadi inkişaf yolunu seçmək və­zifəsi dururdu. 1946-cı ilin fevral-martında Stalin mü­haribə­dən qabaq irəli sürülmüş şüara: sosializm quruculuğunun başa çatdırılması və kommunizmə keçmək şüarına qayıtdı. Stalin güman edirdi ki, kommunizmin maddi-texniki bazasının qurulması üçün polad və neft istehsalını - 60 milyon tona, çuqun istehsalını - 50 milyon tona, kömür çıxarılmasını 500 mil­yon tona çat­dırmaq kifayətdir. 60-cı illərin əvvəlində ölkə bu göstəricilərə çatmışdı, lakin kommunizmin maddi bazası qu­rulmadı.

1946-cı ilin martında SSRİ XKS SSRİ Nazirlər Soveti adlandırıldı. 1946-cı ilin mayında SSRİ Ali Sovetinin sessiyasında 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik plan haqqında qanun qəbul edildi. Dördüncü beşilliyin əsas vəzifəsi müharibə nəticəsində bərbad hala düşmüş xalq təsərrüfatını, ilk növbədə isə sənaye və nəqliyyatı bərpa etmək, onu müharibədən əvvəlki səviyyəyə çatdırmaq və ötüb keçmək idi. Planın yerinə yetirilməsi üçün təxminən 250 milyard rubl ayrılmışdı.

1946-cı ildə ölkədə vəziyyət son dərəcə ağır idi. Əhalinin 2/3 hissəsi kənddə yaşayırdı. 1946-cı ildə ölkədə baş verən quraqlıq və aclıq nəticəsində 1 milyon adam tələf oldu. Kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi səviyyəsi çox aşağı idi. 1948-ci ildə kolxozların ancaq 44.2%-i taxıl tədarükü planını ödəyirdi. Sənaye və kənd təsərrüfatında əmək ehtiyatları çatışmırdı.

1940-cı illə müqayisədə sənayedə 12%, kənd təsər­rüfatında isə 32% işçi qüvvəsi az idi. Ona görə sənaye və kənd təsərrüfatında məhbuslar, sürgün olunanlar və əsirlərdən geniş istifadə edilməyə başlandı. Bu dövrdə sənaye və kənd tə­sər­rüfatında 2.5 milyondan çox məhbus, 2.3 milyon sürgün olunan və 100 minlərlə əsir çalışırdı.

Müharibədən sonra dövlət bütün qüvvələri səfərbərliyə alaraq xalq təsərrüfatının bərpası işinə başladı. Səkkiz saatlıq iş günü bərpa olundu. İş vaxtından əlavə məcburi işləmək ləğv olundu. Ölkədə səmərələşdiricilər hərəkatı geniş yayıldı.

1948-ci ildə «Təbiəti dəyişdirməyin Stalin planı» meydana gəldi. Planda meşə qoruyucu tədbirlər görmək, suvarma sistemlərini inkişaf etdirmək, gölcüklər, su anbarları yaratmaq nəzərdə tutulurdu. Sonradan bu plana hökümətin iri kanallar tikilməsi haqqında qərarları da əlavə edildi.

30-cu illərdən tətbiq olunan «Paketlər» praktikası adlanan praktika, yəni heç bir siyahidən keçməyən xeyli pul ödəmələri praktikası da fəaliyyət göstərməkdə davam edirdi.

SSRİ-də xalq təsərrüfatının sürətli bərpasında Almaniyadan təzminat əvəzində gətirilən avadanlıqlar da mühüm rol oynadı. 1947-ci ildə SSRİ-də pul islahatı keçirildi. Pulun dəyəri birə on qat yüksəldi. 1947-ci ildə ölkədə talon sistemi ləğv edildi. 1947-1950-ci illərdə çox işlənən zəruri tələbat mallarının dövlət qiyməti beş dəfə azaldıldı.

Talon sistemini ləğv edildikdən sonra ərzağın qiyməti bahalaşdı. Hər il könüllü-məcburi qaydada keçirilən istiqraz yazılışı zəhmətkeşlərin büdcəsinə ağır bir yük kimi düşürdü. Aylıq maaşdan az olmayan məbləğdə istiqraza yazılmaq lazım gəlirdi. Bu isə o demək idi ki, zəhmətkeşlərin əksəriyyəti tam dəyərli əmək haqqı ilə yaşamırdı. Yalnız yüksək əmək haqqı alan elm, mədəniyyət xadimlərinin, istehsalatın böyük rəhbərlərinin olduqca məhdud təbəqəsinə həyatın çətinlikləri, demək olar ki, toxunmurdu. SSRİ-də yaşayan xalqların gərgin əməyi nəticəsində 1948-ci ildə sənayedə plan yerinə yetirildi və sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı. Sonrakı illərdə isə hətta onu ötüb keçdi. Bu dövrdə 6200 sənaye müəssisəsi bərpa edildi və tikildi. O cümlədən, Azərbaycanda Daşkəsən, Mingəçevir, Sumqayıt kimi yeni sənaye şəhərləri yarandı.

Kənddə vəziyyət yenə də yaxşı deyildi. 1950-ci ildə hər beşinci kolxozda kəndlilər işlədikləri əmək günlərinin müqavilində bir qəpik də haqq almırdılar. 50-ci illərin əvvəllərində orta hesabla bir kolxozçu ayda 16,4 manat alırdı ki, bu da fəhlə və ziyalıların əməyinin ödənilməsindən, demək olar ki, 4 dəfə az idi. Kənd təsərrüfatı məhsulunun təhvili planlaşdırılarkən kəndin imkanlarına deyil, dövlətin tələbatına əsaslanırdılar.

Kənd təsərrüfatının texniki təchizatı aşağı olaraq qalırdı. 50-ci illərin əvvəlində Rusiyanın bir çox kəndlərində kəndlilər yeri inəklərlə şumlayırdılar. Ət istehsalı 1916-cı ildəkindən aşağı idi. Kəndə xeyli əsaslı vəsait qoyuluşu tələb olunurdu, lakin bunun üçün dövlətin vəsaiti yox idi. Kolxozçunun öz həyət-bacasında saxladığı hər şeyə qoyulan vergi o qədər böyük idi ki, mal-qara saxlamaq, meyvə ağacları yetişdirmək sadəcə olaraq əlverişli deyildi. Kəndlilər vergi yükündən xilas olmaq üçün bağlarını qırırdılar. Kolxoz və sovxoz məhsulunun satınalma qiymətləri o qədər aşağı idi ki, bəzən kolxozçuların əmək haqqını ödəmək olmurdu. Kolxozçuların yerdəyişmə azadlığını müharibədən əvvəl məhdudlaşdıran normalar saxlanılırdı. Onlar əslində pasport almaq imkanından məhrum idilər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinat, pensiya təminatı onlara aid edilmirdi.

Kənd əhalisinin tikintilərə və zavodlara qəbulunun təşkili kəndlilərin şəhərə axınını güclənirirdi. SSRİ kənd təsər­rüfatında müharibədən əvvəlki səviyyəyə 1950-ci ildə çatdı. Müharibə ərəfəsində SSRİ-yə birləşdirilmiş Pribaltika respublikaları, Qərbi Ukrayna, Qərbi Belarusiya, Şimali Bukovina və Bessarabiyada kollektivləşmə həyata keçirildi. Bu dövrdə iri kolxozların yaranması prosesi sürətləndirildi. 254 min kolxoz 93 min iri kolxozda birləşdirildi.

Sosial sahədə də müəyyən işlər görüldü. Şəhərlərdə 100 milyon m2 mənzil sahəsi istifadəyə verildi.

1952-ci ildə partiyanın XIX qurultayında dördüncü beşilliyə yekun vuruldu.

Müharibədən sonra siyasi strukturda da müəyyən dəyişiklikliklər oldu. Yerli sovetlər, respublikaların Ali Sovetləri və SSRİ Ali Sovetinə seçkilər keçirildi. Sovetlərin fəaliyyətində kollegiallıq artdı. İlk dəfə olaraq məhkəmələrin və iclasların müstəqil və qapalı seçkiləri aparıldı. Bütün bunlarla bərabər dövlət tərəfindən totalitar rejm daha da gücləndirildi.

Dövlət islah əmək düşərgələri sistemi (DİƏDS) özünün ən yüksək zirvəsinə çatdı. Müharibə nəticəsində ölkədə baxımsızlıq kəskin surətdə artdı. Cinayətkarlıq ciddi problemə çevrildi. Çünki əllərdə xeyli silah var idi. Müharibə qur­tardıqdan sonra dərhal ordudan tərxisolunma başlandı. Keçmiş dö­yüşçülər öz ailələrinə, dinc əməyə qayıdırdılar. Yerlərdə onları işə düzəltmək üçün xüsusi komissiyalar yaradılmışdı. Mil­yonlarla sovet vətəndaşı, yüz minlərlə azad edilmiş hərbi əsir vətənə qayıdırdı. Lakin onlar öz vətənlərində təhqirlə qar­şı­lanırdılar. Onların hamısı Stalinin şübhə, inamsızlıq, an­laşıl­mazlıq maşınından keçməli olurdu. Bu, hərbi əsirlərə xüsusilə aid idi. Müharibənin lap əvvəlində hələ 1941-ci il avqustun 16-da imzalanmış əmrdə deyilirdi ki, əsir düşən koman­dirlər və siyasi işçilər fərari hesab olunur və onların ailələri həbs edil­məlidir. Əsir düşmüş əsgərlərin ailələri dövlət yardımından və müavinat almaqdan məhrum edilirdilər. Hitlerçilər hərbi əsirləri dilə tutarkən bu əmrdən geniş istifadə edirdilər. Müharibə qurtardıqdan sonra əsirlikdən azad olunanların küt­ləvi yoxlanışı başlandı. Vətəndə onları məhkəmədənxaric or­qan­ların hökmləri ilə düşərgələrə salınmaqla başa çatan istin­taqlar gözləyirdi. Anketlərə daxil edilmiş xüsusi qrafada bütün so­vet vətəndaşları onların, yaxud qohumlarının əsirlikdə və iş­ğal olunmuş ərazilərdə olub-olmadığını göstərməli idilər. Mü­hari­bə­dən sonra həbs düşərgələrindəki insanların sayı 12 milyona çatdı.

1948-1953-cü illərdə həmin düşərgələrin bir çoxunda siyasi şüarlar altında üsyanlar baş vermişdi.

Müharibədən sonra Stalin hərbçilərin nüfuzunun güclənməsindən ehtiyat edirdi və deyirdi ki, «hərbçilər quyruqlarını həddindən çox qaldırmışlar». Bir sıra yüksək rütbəli hərbçilər, o cümlədən aviasiya marşalı A.R.Novikov, generallardan R.N.Ponedelin, N.K.Kirillov mühakimə edildilər. Stalin Jukovun xalq arasında olan nüfuzundan qorxaraq onu cəzalandırmadı. Halbuki Beriya dəfələrlə Stalini inandırmağa çalışırdı ki, Jukov Sovet hökumətinin düşmənidir. Stalin buna inanmadığını bildirməklə bərabər, onu Moskvadan uzaqlaşdırmış, Ural hərbi dairəsinin komandanı təyin etmişdir.

Müharibədən sonra kütləvi təqiblərin yeni dalğası başlandı. 1948-ci ildə təşkil olunan «Leninqrad işi» üzrə 2 minə qədər adam həbs edildi. Onlardan 200 nəfəri, o cümlədən RSFSR Nazirlər Sovetinin sədri M.Radionov, ÜİK(b) P MK Siyasi Bürosunun üzvü, SSRİ Dövlət Plan Komitəsinin sədri N.Voznesenski, ÜİK(b) P MK katibi A.Kuznetsov güllələndilər. Onlar Leninqradda ticarət yarmarkası açmaqda və ayrıca RSFSR KP yaratmaq istəməkdə günahlandırıldılar.

«Həkimlər işi» deyilən proses hazırlandı. Yəhudi həkimlərə qarşı təqib gücləndi. Ümumiyyətlə, 1948-1953-cü illərdə 6,5 milyona qədər adam kütləvi siyasi təqibə məruz qaldı.

Milli siyasət sahəsində də ciddi nöqsanlara yol verildi. Velikorus şovinizmi tuğyan etməyə başladı. Sovetləşmə və kollektikləşmə əleyhinə olduğuna görə 300 minə qədər qərbi ukraynalı, 400 min litvalı, 150 min latış, 50 min eston deportasiya edildi.

1951-ci ildə türk xalqlarının milli eposları, o cümlədən «Dədə Qorqud» və «Manas» dastanları «irticaçı və xalqa zidd» eposlar kimi qələmə verildi. Milli muxtariyyat tələb edən Yəhudi Antifaşist komitəsinə amansızcasına divan tutuldu.

Müharibə insanların dünyagörüşündə də böyük dəyişikliklər yaratdı. Müharibəyə qədər SSRİ xarici aləm üçün qapalı vəziyyətdə idi. Müttəfiqlərlə birlikdə faşizmə qarşı aparılan müharibə 30-cu illərdə SSRİ-də yaradılmış sərt ictimai-siyasi şəraiti yumşaltmaq ümidləri yaratmışdı. Müharibə dövründə sovet adamlarının Avropada olması, Avropa həyat tərzi ilə tanışlığı onların dünyagörüşündə kəskin zədiyyətlər yaranmasına səbəb oldu. Onlar Avropadakı demokratiyanı öz ölkələrində görmədiklərini artıq başa düşməyə başladılar. Bütün bunlar xalqda demokratik əhval-ruhiyyə yaratmış, ziyalılarda diktaturanı zəiflətmək, kəndlilərdə kolxozlardan imtina etmək, müttəfiq respublikaların əhalisində milli siyasəti dəyişdirmək istəyi doğurmuşdu. Hətta bir sıra yerlərdə, Moskva, Voronej, o cümlədən, Bakıda müharibədən sonra antisovet təşkilatlar da yaranmışdı. Lakin onlar fəaliyyət göstərə bilmədilər. Əlbəttə, bütün bunlar sovet rəhbərliyinin diqqətindən yayına bilməzdi. Ona görə kosmopolitizmə qarşı mübarizə pərədsi altında SSRİ yenidən xarici aləm üçün qapanmağa başladı.

SSRİ vətəndaşlarının xarici ölkələrin vətəndaşları ilə nigaha girməsinin qadağan edilməsi haqqında 1947-ci ildə qanun qəbul edildi. Bu dövrdə partiyanın rəhbər rolu artırılmağa başladı. 1946-cı ildə «Partiynaə jizn» adlı jurnal çap edilməyə başladı. Jurnalın səhifələrində partiyanın təbliği gücləndirildi.

Ölkədə elm, mədəniyyət xadimləriə qarşı hücumlar gücləndi. Bu dövrdə ÜİK(b)P MK-nın qəbul etdiyi bir sıra qərarlar bunun parlaq təzahürləri idi. «Dram teatrların repertuarlarını yaxşılaşdırmaq haqqında», «Leninqrad» və «Zvezda» jurnalları haqqında, «Böyük həyat» kino-filmi haqqında qəbul edilən qərarlardan məqsəd burjua həyat tərzinin sovet mədəniyyətinə, sovet incəsənətinə təsir etməsinin qarşısını almaq idi. Bu dövrdə bir sıra görkəmli elm xadimlərinə qarşı da təqiblər güclənirdi. Məşhur sovet alimləri Keldiş, Vavilova qarşı təqiblər xüsusi şəkil aldı. Belə ki, ge­ne­ti­ka­nın rolunu inkar edən Lısenko bu alimlərə ləkə yaxaraq öz yaltaqlığı ilə Stalinin gözündə yüksəldi. Bu dövrdə məşhur yazıçı Pasternak İtaliyaya çıxıb getməli oldu. O, «Doktor Jivaqo» əsərinə görə Nobel mükafatı aldı. Bu dövrdə fəl­səfə, biologiya, dilçilik elmləri ilə əlaqədar diskusiyalar keçirilirdi. İqtisadi elmlərdə hər şey Stalinin 1952-ci ildə çap edilmiş «SSRİ-də sosializmin iqtisadi problemləri» əsərinin təbliğinə həsr olunmuşdu. Bu əsərdə Stalin özünün iqtisadi «qanunu»nu göstərmişdi. Bu qanunda deyilirdi ki, sosializmdə əhalinin art­maqda olan tələbatı həmişə istehsalın imkanlarını ötəcəkdir. Bu «qanun» əslində qıtlığı olan iqtisadiyyatın hökmranlığına haqq qazandırırdı.

SSRİ-nin bu dövrdə xarici siyasətində SSRİ-ABŞ münasibətləri mühüm yer tuturdu. 1949-cu ilə qədər ABŞ atom üzərində dünyada yeganə inhisara malik olan dövlət idi. ABŞ-da 1949-cu ildə SSRİ-nin 10 şəhərinə 300 bomba atmaq planlaşdırılmışdı. XX əsrin 80-cı illərində Harri Trumenin arxivində 10 gün ərzində yerinə yetirilmək üçün SSRİ-yə verilməsi nəzərdə tutulmuş ultimatumun layihəsi tapılmışdır. Ona SSRİ-nin ultimatumu yerinə yetirə bilməyəcəyi təqdirdə məhv ediləcək şəhərlərin siyahısı də əlavə edilmişdi.

SSRİ-də akademik Frolov hələ 1942-ci ildə atomla maraqlanmağa başladı. 1943-cü ildən Vannikovun başçılığı altında xüsusi labaratoriya bu işlə məşğul olurdu. Lakin deyidiyinə görə atomun sirrini SSRİ-yə verən məşhur alman alimi Klaus Fuks olmuşdur. Atom silahının hazırlanmasında sovet alimlərindən Kurçatovun, Korolyovun böyük xidmətləri olmuşdur.

1947-ci ildə Korolyov ilk dəfə raket ixtira etdi. 1948-ci ildə SSRİ-də zəncirvari nüvə reaksiyası alındı. 1949-cu ildə isə SSRİ atom silahını əldə etməklə ABŞ-ın atom üzərində inhisarına son qoymuş oldu. 50-ci illərin əvvəllərində SSRİ-də məşhur alimlər Saxarov, Berx tərəfindən istilik nüvə silahı kəşf olundu.

Hələ İkinci dünya müharibəsinin son dövründə müttəfiqlər arasında Polşa, Almaniya, Şərqi Avropa məsələsində baş verən ixtilaflar dünyanın qərb və şərq qütblərinə bölünməsinə, onların arasında ziddiyyətlərin kəskinləşməsinə, «soyuq müharibə»nin başlanmasına və SSRİ-nin onun başlıca ifaçılarından biri olmasına gətirib çıxardı.

SSRİ 1945-ci ildə BMT təşkil edilərkən alman faşizmindən zərər çəkmiş respublikalar kimi Ukrayna və Belarusiyanın da onun tam hüquqlu üzvü olmasına nail oldu.

SSRİ İkinci dünya müharibəsindən sonra ilk növbədə sosializm düşərgəsini genişləndirmək və öz mövqeyini bu düşərgədə möhkəmləndirmək prinsipini əsas götürdü. Avropanın «sovet modeli»ni qəbul etmiş ölkələrində SSRİ öz qoşunlarını saxlamaqla bərabər, «kömək» pərdəsi altında, onların daxili həyatına müdaxiləni də gücləndirdi. Təkcə Yuqoslaviya SSRİ-nin siyasətini tənqid etdi.

1947-ci ilə SSRİ sosialist ölkələrinin Məlumat bürosunu təşkil etdi ki, sosialist ölkələrindən birində baş verən hadisələr digər sosialist ölkələrinə də çatdırılsın.

1949-cu ilin yanvarında SSRİ-nin başçılığı altında Marşall planına cavab olaraq sosialist ölkələrini birləşdirən Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaradıldı. SSRİ Almaniyanın birləşdirilməsi məsələsində razılığa gəlməyərək 1949-cu ildə özünə düşən Şərq işğal zonasında Almaniya Demokratik respublikasını yaratdı.

SSRİ İngiltərənin mandat sistemi ilə İkinci dünya müharibəsinə qədər idarə etdiyi Fələstin ərazisində müstəqil Ərəb və yəhudi dövlətləri yaranması haqqında 1947-ci il noyabrın 29-da BMT-nin qətnamə qəbul etməsində yaxından iştirak etdi.

1948-1949-cu illərdə İsrail-Ərəb müharibələri zamanı SSRİ Ərəb dövlətlərini müdafiə etdi. SSRİ-nin fəal köməyi ilə 1949-cu ilin oktyabrında Çin Xalq Respublikası təşkil edildi. Monqolustan, Vyetnam və Şimali Koreyada sosializm quruluşuna keçid başlandı.

1950-1953-cu illərdə olmuş Cənubi və Şimali Koreya arasındakı müharibədə SSRİ Şimali Koreyanın tərəfində yaxından iştirak etdi və Koreyanın indiyə qədər parçalanmış halda qalmasının səbəbkarlarından biri oldu. Yaponiya ilə sülh müqaviləsini imzalamaqdan imtina etdi.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin