Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


IX. LATIN AMERİKASI ÖLKƏLƏRİ



Yüklə 2,21 Mb.
səhifə17/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   186
N.S.Xruşşovun Sov. İKP MK-nin Baş katibi olduğu dövrdə SSRİ-nin daxili vəziyyəti (1953-1964-cü illər). 1952-ci ilin oktyabrında olmuş partiyanın XIX qurultayında Stalin xəstəliyi ilə əlaqədar ancaq nitq söyləməklə kifayətləndi. Mərkəzi Komitənin hesabat məruzəsini isə G.M.Malenkov etdi. Həmin qurultayda partiyanın adı dəyişdirilərək Sovet İttifaqı Kommunist partiyası (Sov. İKP) adını aldı. Mərkəzi Komitənin «Baş katibi» sözü isə «Birinci katib» sözü ilə, «Siyasi büro» sözü isə «Rəyasət heyəti» sözü ilə əvəz edildi. Bu qurultayda ilk dəfə olaraq Rəyasət heyəti seçilmədi. Ancaq «Beşlik» adlanan 5 nəfərdən ibarət büro seçildi ki, onlar ölkənin bütün daxili və xarici siyasətinə rəhbərlik etməli idilər. Bu beşlik Stalin, Beriya, Bulqanin, Malenkov və Xruşşovdan ibarət idi.

1953-cü ilin yanvarında Stalinin səhhətini müayinə edən həkim Vinoqradov bildirdi ki, o artıq dövlət işləri ilə məşğul ola bilməz. Bu Stalinin qəti etirazına səbəb oldu. «Həkimlərin işi» adlı yeni bir məhkəmə prosesinin başlanğıcı qoyuldu. Professor Vinoqradov və bir sıra digər görkəmli tibb mütəxəssisləri tezliklə həbs olunub, beynəlxalq sionist təşkilatının agentləri elan edildilər. Bu prosesdə antisemitizm, yəni yəhudilərə qarşı təqiblər mühüm yer tuturdu.

1953-cü ilin martın 5-də Stalin vəfat etdi. Stalinin ölümü ilə, cəza orqanlarına arxalanan, siyasət, iqtisadiyyatın məsamələrinə daxil olmuş bir sistemin dövrü başa çatdı. Bu hadisədən sonra Nazirlər Sovetinin sədri Malenkov oldu. SSRİ-də əslində hakimiyyət üç nəfərin - Xruşşov, Maleknov və Beryanın əlində cəmləşdi. Bu şəxsiyyətlərdən hər biri xalqın nüfuzunu qazanaraq hakimiyyətə gəlməyə can atırdı.

Daxili işlər nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsini öz əlində cəmləşdirən Beriya belə hesab edirdi ki, daxildə və beynəlxalq aləmdə nüfuz qazanmaq üçün həbsdə olanların çoxunu buraxmaq, kolxozları ləğv etmək, Şərqi Avropadan qoşunları çıxartmaq və Almaniyanın birləşməsinə razı olmaq lazımdır. Lakin o zamankı şərait üçün bunların hamısı vaxt etibarilə yetişməmişdi.

Malenkov belə hesab edirdi ki, nüfuz qazanmaq üçün hər şeydən əvvəl SSRİ-də həmişə geridə qalan aqrar münasibətləri nizama salmaq lazımdır. Lakin onlar Xruşşovun daha hiyləgər və bacarıqlı olduğunu kifayət qədər dərk edə bilməmişdilər. Partiya aparatına rəhbərlik edən Xruşşov isə belə hesab edirdi ki, SSRİ-də ən çox mədəniyyət və ideologiya sahəsində dəyişiklik etmək lazımdır. O, Stalinin ölümündən dərhal sonra Ural dairəsinin komandanı olan Jukovun Moskvaya gəlməsi haqqında qərar qəbul edilməsinə və onun Müdafiə Naziri təyin edilməsinə nail oldu. N.S.Xruşşov rəhbərliyin üzvlərini ilk növbədə başlıca rəqibi Beriya əleyhinə hərəkət üçün birləşdirmək təşəbbüsünü öz üzərinə götürdi. Xruşşov Beriyanın heç kimə aman verməyəcəyini hiylə, dilətutma, qorxuzma ilə hamıya başa salaraq, istədiyinə nail oldu.

1953-cü il iyulun ortasında Malenkovun Kremldə keçirdiyi iclasların birində Xruşşov Beriyanın haqqında ittihamlarla çıxış edərək onu karyerizm, millətçilikdə, ingilis və müsavat kəşfiyyatı ilə əlaqədə günahlandırdı. İşin hərbi tərəfini isə Jukov həyata keçirdi. Berya həmin iclasda həbs olundu. Həmin plenumda partiyada birinci katib vəzifəsi həll olun­madı, lakin Xruşşov partiya MK katiblərindən MK-nın Rəya­sət Heyətinə daxil olan yeganə şəxs kimi əslində partiya aparatı kadrlarını nəzarət altına aldı.

Sov. İKP MK-nın 1953-cü ilin sentyabr plenumunda Xruşşov Sov İKP Mərkəzi Komitəsinin birinci katibi seçildi. Həmin plenumda Xruşşov ölkədə ən ağrılı sahə olan kənd təsərrüfatı məsələsini dərhal ortaya atdı. O zaman SSRİ əhalisinin hələ 2/3 hissəsi kənddə yaşadığı üçün kənd təsərrüfatına münasibət mühüm məsələ idi. Xruşşov kolxozların taxıl tədarükü planlarını xeyli azaltdı. Kənd təsərrüfatı məhsullarının satınalma qiymətləri artırıldı. Kolxozçulara evlər tikməyə və şəxsi yardımçı təsərrüfatlardan geniş istifadə etməyə imkan verildi. Həmçinin kəndlilərin lazım gəldikdə avans götürmələrinə icazə verildi.

SSRİ-də demokratiya bir qədər genişləndi. O zamankı şərait üçün bu çox böyük siyasi cəsarət tələb edirdi.

1954-1955-ci illərdə 1937-1940-cı və 1945-1952-ci illərdə «xalq düşməni» kimi kütləvi təqiblərə məruz qalanların 90%-i bəraət qazanmış oldu. Bu, SSRİ-də Xruşşovun nüfu­zu­nun artmasına səbəb oldu. Kremlin qapısı sərbəst gediş-gəliş üçün açıldı. Bununla belə, 1953-cü ilin axırında hələ mövcud olan DİƏDBİ-nin (Dövlət islah əmək düşərgələrinin baş ida­rəsi) ixtiyarında olan Vorkuta şaxtalarında məhbusların tətilləri amansızlıqla yatırıldı.

1954-cü ildə Xruşşov ölkəyə bir neçə dəfə səfərə çıxdı ki, bu siyasi həyatda yenilik idi. Onun şöhrəti artdı. Malenkov kölgədə qaldı. «Leninqrad işinə» yenidən baxılmağa başladı.

1955-ci ilin əvvəlində Malenkov «Leninqrad işində» günahlandırılaraq Nazirlər Sovetinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Onu Stalinin ən yaxın əhatəsində olan, şəraitdən baş çıxara bilən və Beriyanın həbs edilməsinin təşkilində müəyyən rol oynamış N.A.Bulqanin əvəz etdi. Stalinçiliyin ləğvi prosesində ilk mühüm addımlardan biri də N.S.Xruşşovun təşəbbüsü və şəxsi nəzarəti ilə 1955-ci ildə DİƏDBİ-nin (Dövlət islah Əmək düşərgələrinin baş idarəsi) ləğv edilməsi idi. Günahsız cəza almış milyonlarla adam evə qayıtmaq imkanı əldə etdi.

Molotov, Kaqanoviç, Bulqanin kimi mühafizəkar qüvvələrə də Xruşşov üstün gəlməyi bacardı. 1957-ci ilin iyununda keçirilmiş Sov.İKP MK-nın iyun Plenumunda «Antipartiya qrupu» haqqında məsələ müzakirə edilərək Molotov, Kaqanoviç və Bulqamin MK ü-zvülüyündən xaric edildilər. Artıq partiya daxilində Xruşşovla müxalifətdə ola biləcək bircə K.Q.Jukov qalırdı. Bu hadisədən sonra növbəti hədəf Jukov oldu. Bütün əvvəlki rəqiblərini Jukovun əli ilə məğlub edən Xruşşov artıq belə bir müttəfiqə ehtiyac hiss etmirdi. G.K.Jukovun ölkədə və beynəlxalq aləmdə nüfuzunun artması onu narahat edirdi. 1957-ci ilin oktyabrında MK-nın plenumunda Jukovun məsələsi müzakirə edildi. O, avantürizmdə günah­landırıldı. Jukov SSRİ Müdafiə Naziri vəzifəsindən və Mər­kəzi Komitə üzvlüyündən azad edildi.

1956-cı ilin fevralın sonunda olmuş Sov. İKP-nin XX qurultayında Mərkəzi Komitənin hesabat məruzəsi ilə N.S.Xruşşov çıxış etdi. Məruzədə Stalin dövrünün ehkamları ilə ziddiyyət təşkil edən müddəalar az deyildi. Bu xüsusilə beynəlxalq şəraitin qiymətləndirilməsinə aid idi. Hesabatın daxili siyasət hissəsində dövlət qarşısında sənaye istehsalının artırılması, kənd təsərrüfatının yüksəldilməsi, sənayedə yeddi saatlıq iş gününün tətbiq olunması, pensiya islahatı keçirilməsi, mənzil tikintisinin sürətinin artırılması və s. vəzifələr irəli sürülürdü. Qurultayın qapalı iclasında Xruşşov dedi ki, qurultayın işə başlaması ilə Mərkəzi Komitənin köhnə tərkibi yeni tərkib seçilənə qədər səlahiyyətlərini itirir. Ona görə də onun Stalinin tənqidinə həsr edilmiş çıxışını heç kim qadağan edə bilməz. Xruşşovun rəqibləri bu tələbi qəbul etməyə məcbur oldular. Məsələ onda idi ki, o zaman siyasi rəhbər­liyin bir çox üzvü seçkilərin məruzədən sonra keçiriləcəyi təqdirdə MK tərkibindən kənarda qalacağından ehtiyat edirdi. Xruşşovun qapalı iclasda Stalinin şəxsiyyətinə pərəstişin tənqidinə həsr edilmiş məruzəsini gizli saxlamaq qərara alındı. Lakin xarici mətbuat onu tamamilə dərc etdi. SSRİ mətbu­atında ancaq Sov. İKP MK-nın 1956-cı il 30 iyun tarixli «Şəxsiyyətə pərəstiş və onun nəticələrini aradan qaldırmaq» haqqında qərarı dərc olundu. Qərarda şəxsiyyətə pərəstişin əmələ gəlməsinin səbəblərinin daha dərindən təhlil edilməsinin, onun nəticələrinin tam dolğunluğu ilə qiymətləndirilməsinin o zamankı şəraitdə mümkün olmaması əks etdirilirdi. Xruşşov Stalini «xalq düşməni» kimi tanıtmağı bacarmadı. Çünki xalq kütlələrində hələ də Stalinə inam güclü idi. Bu qərarın o mənada böyük əhəmiyyəti vardı ki, doğrudan da, tarixi yaradan xalqdır. Şəxsiyyət isə tarix yarada bilməz. Şəxsiyyət tarixin gedişini ancaq sürətləndirə və ya ləngidə bilər. Lakin istər SSRİ-də, istərsə də dünyada heç kəs inkar edə bilməzdi ki, Stalin böyük siyasi iradəyə və güclü təşkilatçılıq bacarığına malik olan bir şəxsiyyət olmuşdur. Təsadüfi deyildir ki, İngiltərənin ən böyük şəxsiyyətlərindən olan Çörçill Stalin haqqında demişdi ki, «O Rusiyanı kotanla qəbul etdı, atomla təhvil verdi».

Ölkənin iqtisadi həyatında dəyişiklik baş verirdi. Ölkədə sənaye məhsulu istehsalı 83% artdı. 1955-ci ildə beşinci beşillik plana yekun vuruldu. 50-ci illərdə SSRİ-də 12 min yeni sənaye müəssisəsi tikildi. Taxıl təsərrüfatını gecikmədən qaydaya salmaq yolunu xam və dincə qoyulmuş torpaqları mənimsəməkdə tapdılar. 1954-cü ildə Sov. İKP MK-nın fevral-mart plenumlarında bu məsələ müzakirə edildi. Xam torpaqların istifadəyə verilməsi məsələsi ortaya çıxdı. Xam torpaqlar uzun müddət Rusiyanın «mədəsində həzm olunmayan tikə» hesab olunurdu. Lakin 1955-1956-cı illərdə Sibir, Altay və Şimali Qazaxıstanda 40 milyon hektara qədər xam torpaqlar istifadəyə verildi. 1956-cı ildə onlar SSRİ-də istehsal edilən bütün taxılın 40%-ni verdi. 3 milyard 300 milyon puddan artıq taxıl yığıldı. Ət, süd istehsalı artdı. Bütün bunlar əhalinin ərzaq təchizatını bir qədər yaxşılaşdırmağa imkan verdi. Lakin müvəffəqiyyətlər ancaq ilk illərdə oldu.

1955-1956-cı illərdə ölkədə sosial sahədə də bir sıra tədbirlər görülüdü. 1951-1955-ci illərdə 150 milyon m2 mənzil sahəsi istifadəyə verildi. Xalq təsərrüfatında 8 milyon ali təhsilli mütəxəssis çalışırdı. Artıq 1955-ci ildə SSRİ-nin ali məktəblərində 2 milyon tələbə təhsil alırdı ki, bu da üst-üstə götürdükdə Avropanın kapitalist ölkələrindəki tələbələrin sayından çox idi. Pensiya alanların sayı iki dəfə artırılaraq 18 milyon nəfərə çatdırıldı. Pensiya verilməsi kəndli qocalara da şamil edildi. Bayram qabağı və şənbə günlərində iş saatı 2 saat azaldıldı. Bir çox müəssisələrdə yeddi saatlıq iş gününə və beş günlük iş həftəsinə keçirildi. Analıq məzuniyyəti və haqqı ödənilən məzuniyyətin müddəti uzadıldı. Ali məktəblərdə, orta ixtisas və orta məktəblərin yuxarı siniflərində təhsil haqqı ləğv edildi. 1958-ci ilin may ayının 28-də «Məktəbin həyatla əlaqəsini möhkəmləndirmək və SSRİ-də Xalq təhsilini daha da inkişaf etdirmək haqqında» SSRİ Ali Soveti xüsusi qanun qəbul etdi. Həmin qanuna görə səkkizillik təhsil icbari oldu. Həmçinin məktəblərdə şagird istehsalat briqadaları təşkil edildi. VIII sinifdən başlayaraq şagirdlər istehsalatda çalış­mağa başlayırdılar.

Müharibə dövründə qaraçayların, çeçen-inquşların, ka­barda-balkanların ləğv edilmiş muxtariyyati bərpa edildi. Lakin Krım tatarları, Volqaboyu almanları və Məhsəti türklərinin muxtariyyətı bərpa olunmadı. 50-ci illərin ortalarında müttəfiq respublikaların da hüquqları xeyli genişləndi.

1957-ci ildə N.Xruşşov Nazirlər Sovetinin sədri vəzifəsini də öz əlinə aldı. 1957-ci ildə Mərkəzi Komitənin sentyabr plenumunda sənayeni idarəetmənin sahə prinsipindən ərazi prinsipinə keçildi ki, əslində bu tamamilə səhv idi. Həmin prinsip əsasında nazirliklər ləğv edildi. Əvəzində Xalq Təsərrüfatı Şuraları (XKŞ) yaradıldı. 1958-ci ildə Mərkəzi Komitə MTS-lərin yenidən qurulması haqqında və onların əmlakının kolxozlara verilməsi haqqında xüsusi qərar qəbul etdi.

1959-cu ildə partiyanın XXI qurultayında yeddillik plan qəbul edildi. Bu plan 1959-1965-ci illəri əhatə etməli idi. SSRİ ETİ dövrünə qədəm qoydu. Lakin bu inqilab ilk növbədə hərbi-sənaye kompleksi daxilində inkişaf edirdi. 1957-ci ilin oktyabrın 4-də Yerin ilk süni peykinin buraxılması bütün dünyada böyük əks-sədaya səbəb oldu. Kosmosun tədqiqi sürətlə artırdı. Raket düzəldənlərin və sınaqçıların əməyi ağır və təhlükəli keçirdi. 1960-cı ilin oktyabrında startdan lap azacıq əvvəl ballistik raket partlayarkən marşal M.İ.Nedelin, bir neçə yüz mühəndis, fəhlə, zabit və əsgər həlak oldu. Ölkə bundan yalnız bir çox illər keçəndən sonra xəbər tutdu.

Maşınqayırma, kimya, energetika, tikinti materialları və başqa sahələrin inkişafı sürətləndirildi. Buna baxmayaraq yeddiillikdə sənaye məhsulları istehsalı cəmi 84%, kənd təsərrüfatı məhsulları istehsalı isə 14% artdı.

1959-cu ilin payızında ABŞ-a getmiş, N.S.Xruşşov Ayova ştatında fermer Rokuel Harstın qarğıdalı tarlalarında oldu. Xruşşov vətənə qayıdan kimi qarğıdalı becərilməsi haqqında göstəriş verdi. Bu nəinki kəndli təsərrüfatlarının qədim təcrübəsini və ənənəsini, həm də sağlam düşüncəni ələ salmaq idi. Digər tərəfdən isə qarğıdalı becərilməsində ABŞ texnologiyasının tətbiqi taxılın və mal-qara üçün yemin artırılmasına şərait yaradır, həqiqətən, kənd təsərrüfatı problemlərinin öhdəsindən gəlməyə kömək edirdi.

1961-ci ildə ölkə tarixində ən mühüm hadisə baş verdi. İlk dəfə olaraq şəhər əhalisi kənd əhalisini ötüb keçdi. SSRİ qüd­rətli sənaye dövlətinə çevrildi. 1961-ci ildə ölkədə pul islahatı keçirildi. Rublun dəyəri on qat artılırdı. 1959-1962-ci illərdə həmçinin SSRİ-də pasport rejimində də ciddi dəyişiklik oldu. Bütün kəndlilərə pasport verilməyə başladı.

XX əsrin 50-ci illərinin ikinci yarısı və 60-cı illərinin əvvəli parlaq hadisələrlə - kosmik fəzanın mənimsənilməsi, atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi, kimya sənayesinin coşğun inkişafı və s. hadisələrlə əlamətdar oldu. 1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarinin kosmosa uçması sovet elm və texnikasının böyük qələbəsi idi. İlk «lenin» atom buzqıran gəmisinin istismara verilməsi, Nüvə Tədqiqatları İnstitutnun açılması bütün sovet adamları və dünya xalqları üçün mühüm yenilik idi. 50-ci illərin sonunda elmi mərkəzlərin coğrafiyası genişlənməyə başladı. SSRİ EA-nın Sibir filialı açıldı.

MK-nın 1962-ci ilin noyabr pleniumunda kənd partiya təşkilatının şəhər partiya təşkilatından ayrılması haqqında qərar qəbul edildi ki, bu da çox vaxt İvan Qroznının dövründə olan «Opriçnina» və «Zemşinanı» xatırladırdı.

1961-ci ildə partiyanın XXII qurultayında Xruşşov SSRİ-də kommunizm qurmağın 20 ildə mümkün olacağı barədə ideya irəli sürdü. Kommunizm qurmaq haqqında proqram qəbul edildi ki, bu partiyanın üçüncü proqramı idi. Bu proqramda SSRİ-də kommunizm qurmağın üç mühüm vəzifəsi elan edildi. Bunlardan biri, kommunizmin maddi-texniki bazasının yaradılması, ikincisi, sosialist ictimai münasibətlərinin təkmilləşərək kommunist ictimai münasibət­lərinə çevrilməsi, üçüncüsü isə, fiziki cəhətdən sağlam, əqli cəhətdən kamil və mənəvi cəhətdən saf yeni insanı tərbiyə etmək idi. Lakin, bu proqramın yerinə yetirilməsi reallıqdan çox uzaq idi.

Mərkəzin təşəbbüsü ilə bu illərdə respublikalar arasında torpaqlar çox intensiv sürətdə bölüşdürülürdü. Məsələn, Özbəkistan Tacikistana 50 milyon hektardan çox, Qazaxıstan Özbəkistana 3.5 milyon hektar torpaq verdi. RSFSR Krımın əra­zi­sini Ukraynaya verdi. Bütün bu hərəkətlər verilən ərazi­lərin əhalisi ilə məsləhətləşdirilmədən, həmin hərəkətlərin müsbət və mənfi cəhətləri açıq şəkildə müzakirə olunmadan edilirdi.

Bədii ədəbiyyatda da canlanma şübhəsiz idi. Televiziya adamların məişətinə daxil olurdu.50-ci illərin sonu 60-cı illərin əvvəllərində mədəniyyətin inkişafında ziddiytəli meyllər meydana gəldi. Mədəni siyasətin ziddiyyətliliyi onda idi ki, bəzi əsərlər Xruşşov tərəfindən pis qarşılanırdı.

Ümumiyyətlə, Xruşşovun dövrünü tarixi ədəbiyyatlarda bəzən «neronçuluq», bəzən də «subyektivizm və volyau­ntalirizm dövrü» kimi xarakterizə edirlər. Çünki Xruşşovun xarakterində bəzən obyektiv amillər nəzərə alınmadan öz iradəsi ilə iş görmək prinsipi mühüm yer tuturdu. Məsələn, Xruşşov milli xüsusiyyətləri nəzərə almadan bütün kəndlərdə donuzçuluq fermasının təşkili haqqında göstəriş vermiş və SSRİ-də bütün ət istehsalının 50%-nin donuz əti hesabına ödənilməsini qarşıya vəzifə kimi qoymuşdu. Onun digər özünəməxsus cəhətlərdən biri də sənaye sahələri içərisində kimya sənayesinə üstün yer verməsi idi. Leninin məlum «Kommunizm bərabədir Sovet hakimiyyəti üstəgəl bütün ölkənin elektrikləşdirilməsi» şüarına Xruşşov üstəgəl «kimya­laşdırılmanı» da əlavə etmişdi.

Xruşşov özünün hakimiyyətə gəlməsinin 10 illiyini təntənə ilə qeyd etməyə hazırlaşarkən birdən-birə ölkədə aclıq baş verdi. Çünki həmin il həm xam torpaqlarda, həm də ölkənin digər regionlarında quraqlıq olduğuna görə lazım olan məhsul alınmadı, strateji ehtiyatlara əl atılmalı oldu. Halbuki hətta Böyük Vətən müharibəsi dövründə də onlardan istifadə edilməmişdi. SSRİ öz tarixində birinci dəfə olaraq xarici ölkə­lərə taxıl üçün ağız idi. Tezliklə vəziyyəti düzəltmək mümkün oldu.

Xruşşovun yaratdığı demokratiya ilk növbədə onun özünə qarşı çevrildi. 1964-cü ilin oktyabrında Xruşşov Krımda istirahət edərkən artıq Moskvada onun vəzifədən kənar­laşdırılması barədə hazırlıq işləri görülürdü. O Moskvaya çağrılarkən elə təyyarə meydanında həbs edilib, Kremlə gətirildi.

1964-cü ilin oktyabrında çağrılan Mərkəzi Komitənin plenumunda Xruşşov vəzifəsində qalmaq istəmədiyini və öz ərizəsilə işdən və siyasətdən getdiyini bildirdi. Suslov Xruşşovu ittiham edən məruzə ilə çıxış etdi. Xruşşov kollektiv rəhbərlik prinsiplərinin pozulmasında, Çinlə münasibətlərin pisləşməsində (halbuki məhz Suslov özü bu hadisədən bir neçə ay əvvəl MK Plenumuna antimaoçu sənəd hazırlamışdı), Misirin rəhbəri Nasirə Sovet İttifaqı Qəhrəmanı adı verilməsində günahkarlandırılırdı. Lakin onun müsbət cəhət­ləri - siyasi cəsarəti, demokratizmi, sağlam düşüncəsi, sülh­sevərliyi plenumda xatırlanmadı. Plenumda N.S.Xruşşov Sov. İKP Mərkəzi Komitəsinin birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin