Abdulla Şaiqin “Köç” əsərində söz birləşmələri Abdulla Şaiqin həyat və yaradıcılığı



Yüklə 34,43 Kb.
səhifə1/6
tarix19.05.2022
ölçüsü34,43 Kb.
#58591
  1   2   3   4   5   6
Abdulla Şaiq-Köç Hekayesi



Abdulla Şaiqin “Köç” əsərində söz birləşmələri
Abdulla Şaiqin həyat və yaradıcılığı
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə24 fevral 1881-ci ildə Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuş, 24 iyul 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir. Abdulla Şaiq şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi olmuşdur.
Abdulla Şaiq Mustafa oğlunun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi.[3] Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi. Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər.
Ölkədə XIX əsrin ortalarından başlayıb getdikcə inkişaf edən maarifçilik hərəkatının ideyaları gənc Abdullada öz təsirini buraxırdı. Abdulla Şaiq 1889-93-cü illərdə bu məktəbdə ilk təhsilini aldıqdan sonra Xorasana ziyarətə gedən anası, qardaşı Yusiflə birlikdə onu da özü ilə aparır. Yusiflə Abdulla təhsillərini Xorasana davam etdirirlər. Burada dövrün qabaqcıl fikirli gənclərindən olan, Urmiyadan köçüb gəlmiş Yusif Ziya adlı bir müəllim də dərs deyirdi. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata və yaradıcılığa olan maraqlarının qüvvətlənməsində Ziyanın xüsusi rolu və təsiri olmuşdur. Böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi ehtirama əsasən özünə "Ziya" təxəllüsü götürmüşdür.
1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə geri dönür. Abdulla isə təhsilini tamamlamaq üçün 1900-cü ilin payızınadək Xorasana bir tanışlarının evində qalır, məntiq və poetika, habelə ərəb şeirlərinin tarixinə dair dərs alır. Yeddi il Xorasana mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını mənimsəyir. Payızda anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür.
Abdulla Şaiq Bakıya gələn kimi ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. Abdulla, Nəriman Nərimanova onun Bakıya müəllim arzusu ilə gəldiyini, Nərimanov isə ona bu sənət üçün imtahan verməli, müəllimlik hüququ qazanmasının vacib olduğunu bildirdi.[11] Nərimanovun məsləhətlərindən sonra Abdulla Nəriman Nərimanovun ona verdiyi "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını, Azərbaycan dilinin qrammatikasını, ədəbiyyatı, eləcə də metodikasını öyrəndi.
1901-ci ilin aprelin 22-də I Aleksandr adına üçüncü oğlan gimnaziyasında imtahan komissiyası çağırıldı. Abdulla üç növ üzrə imtahan verdi: yazılı, şifahi və nümunə dərsi. Bu imtahanları zamanı o, öz istedadı və bacarığını göstərmiş, səyi sayəsində Azərbaycan dili və ədəbiyyatına metodikaya aid suallara Nəriman Nərimanovu və başqa komissiya üzvlərini razı salan cavablar vermiş və hər üç imtahandan "5" qiyməti almışdır.
Abdulla Talıbzadə 1901-ci il aprelin 22-də 608 nömrəli şəhadətnaməyə əsasən "Azərbaycan dili müəllimi" adını alır. Şəhadətnaməni komissiya üzvü olan Nəriman Nərimanov imzalamışdır. Onun müəllim kimi işə düzəlməsində Nərimanov mühüm rol oynamışdır. Onun Bakı Dövlət Dumasının maarif şöbəsinin müdiri Mixail Aqanoviçə yazdığı məktubda bildirilir:
Abdulla Şaiq 1901-ci ildə 22 aprel üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyİiətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranıb. "Əlifba", "Uşaq çeşməyi", "İkinci il", "Gülzar" və s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub. On altı səhifəlik "Uşaq çeşməyi" kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca "Milli qiraət", "Müntəxabat", "Türk çələngi", "Ədəbiyyat", "Türk ədəbiyyatı", "Gülşəni ədəbiyyat" adlı dərsliklər və proqramlar hazırlayıb. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilib. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürüb, eyni zamanda Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ edib, Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi şair-yazıçıların yaradıcılıqları araşdırıb.
A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.
Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Onun "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub.
Şairin "Hürriyyət pərisi"nə, "Niyə uçdu", "Bir quş", "XX əsrə xitab", "Şikayətlərim", "Zamanın inqilabçılarına" kimi şeirləri inqilab ruhlu şeirləri sayılır.
Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox hekayə, povest və romanlar yazıb. "Köç" və "Məktub yetişmədi" hekayələri və "Əsrimizin qəhrəmanları" romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir. "Həpimiz bir günəşin zərrəsiyiz" əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir.
A.Şaiq müstəqil Azərbaycan ideyasında Məhəmməd Əmin Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi öndər ziyalılarla həmfikir olub. O, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətini sevinclə qarşılayıb. Məhəmməd Əmin Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında A.Şaiqin də adını çəkib. Rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın səhifələrində məktəblər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq idi. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı" pyesini yazıb, yarımçıq "Əsrimizin qəhrəmanları" romanını tamamlayıb. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirib, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkib. Onun bu illərdə qələmə aldığı "Yeni ay doğarkən", "Türk ədəmi mərkəziyyət Müsavata ithaf", "Arazdan Turana" kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. Onun "Vətənin yanıq səsi" şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilib.

Yüklə 34,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin