A. N. Abbasbəyli, S. Z. Yusifzadə


Makedoniyanın beynəlxalq əlaqələri



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə18/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

 
5.2.Makedoniyanın beynəlxalq əlaqələri 
 
 E.ə. VII-VI əsrlərdə Makedoniyanın ayrı-ayrı vilayətləri Homer dövrünün basilevslərinə  bənzər tayfa 
başçıları  tərəfindən idarə edilirdi. Bu vilayətlərin birləşdirilməsi cəhdlərinə e.ə. VI əsrdən etibarən bir sıra 
sülalələrin fəaliyyətində  təsadüf olunur. Bu dövrün hakim nəsilləri içərisində  ən qüvvətlisi Ageadlar idi. 
Makedoniyada  vahid dövlətin – monarxiyanın yaranması  bu sülalənin adı ilə əlaqədardır. Tədricən bu sülalənin 
nümayəndələri bütün Aşağı Makedoniyanı özlərinə tabe edirlər. Lakin İran-yunan müharibələri dövründə az 
müddətdə olsa da, Makedoniya İranın hakimiyyəti altına düşür. 


 
25
 Makedoniyanın ilk yüksəlişi dövrü I İskəndərin  (e.ə. 495-450) ilə bağlıdır. Mərkəzləşmə siyasəti 
yeridən I İskəndər və I Arxelayın çarlığı dövründə (e.ə. 419-399) mərkəzi hakimiyyətin konsolidasiyasına 
yönəldilmiş bir sıra islahatlar verilir. Arxelay Makedoniyada qalalar tikdirir, yeni yollar saldırır, hərbi işi 
canlandırırdı. Antik tarixçilərdən Fukididin yazdığına görə, o Makedoniya üçün özündən  əvvəl gələn səkkiz 
çarın hamısından daha çox iş görmüşdü. Arxelay  dövründə paytaxt Pella şəhərinə köçürülür və onun yeritdiyi 
birləşmə siyasətini varislərindən III Perdikka (e.ə. 365-360) tərəfindən davam etdirilmişdi. Bununla belə, 
sülalənin son nümayəndələrinin dövründə Makedoniyada hakimiyyət uğrunda mübarizə ölkəni xeyli 
zəiflətmişidi. 
 Makedoniyada 
vəziyyət II Filippin (e.ə. 359-336) hakimiyyəti illərində stabilləşir və qüdrətli monarxiya 
yaranır. II Filipp tərəfindən həyata keçirilmiş siyasi-hərbi islahatlar nəticəsində orduda başlıca rol falanqaya 
verilmişdi. Bir-birinin arxasında 16 sıra ilə düzülmüş, qılınc, qalxan və iki metrlik nizələrlə silahlanmış 
Makedoniya falanqası o dövrkü hərbi qaydanın  ən mükəmməl nümunəsi hesab edilirdi. Qalxanlarla mühafizə 
olunub, uzun nizələrlə düşməndən özünü qoruyan Makedoniya falanqasının hücumu düşməndə vahimə 
yaradırdı. Ağır silahla silahlanmış süvari alayları isə ictimai tərkibi etibarı ilə Makedoniya zadəganlarından 
ibarət idi. Makedoniya falanqalarının  sağ və sol cinahında duran yüngül silahlı piyada və atlı alaylar falanqanı 
düşmənin mühasirəyə almasından müdafiə edirdi. Bu muzdlu alaylar tərkib etibarı ilə yunan, Frakiya, İlliriya və 
başqa tayfaların nümayəndələrindən ibarət olmuşdu. Makedoniya qoşununda döyüş texnikasından – taran və 
katapultadan da məharətlə istifadə edilirdi. 
 II 
Filippin 
islahatları içərisində iqtisadi islahatın da böyük əhəmiyyəti var idi. Makedoniya çarı Strimon 
çayı yaxınlığındakı  qızıl və gümüş  mədənlərini  ələ keçirməklə böyük sərvət sahibi olmuş  və ildə 1000 talant 
qızıldan artıq gəlir  əldə etmişdi. Tədricən Makedoniya pul vahidləri olan qızıl və gümüş sikkələr Aralıq 
dənizinin şərq rayonlarında həqiqi mübadilə vahidinə çevrilərək İran darikləri (qızıl pul vahidi) ilə paralel olaraq 
işlədilməyə başlanmışdı. 
 
II Filippin iqtisadi islahatı ölkənin ticarət  əlaqələrinin inkişafına xeyli təkan vermiş,  əldə edilmiş pul 
vəsaitləri Makedoniya ordusunun gələcək hərbi müvəffəqiyyətlərində böyük rol oynamışdı. Digər tərəfdən 
ticarətin inkişafı Makedoniyanın beynəlxalq əlaqələrinin güclənməsinə də müsbət təsir göstərmişdi.  
 
II Filip tərəfindən qüdrətli ordunun yaradılması  və çoxlu sərvətlərin  əldə edilməsi Makedoniyanın 
işğalçılıq siyasətinə təkan vermişdi. II Filippin planlarında dənizə çıxmaq və Yunan polislərinin tabe edilməsi 
mühüm yer tuturdu. Qısa müddətdə Makedoniya dəniz sahilindəki Amfipola və Frakiyanın dəniz sahili 
rayonlarının çoxuna sahib olur və bununla da əslində qüdrətli dəniz dövlətinə çevrilir. II Filippin malik olduğu 
donanma öz döyüşkənliyi və gücü ilə seçilirdi. Bu donanmanın köməyi ilə Makedoniya quru döyüşlərində də 
böyük uğurlar qazanmışdı. 
 
II Filippin xarici siyasət uğurları ona Yunanıstanın daxili işlərinə qarışmaq imkanı vermişdi. Bunun 
üçün bəhanə lazım idi ki, e.ə. 355-ci ildə «müqəddəs müharibə»nin başlanması  nəticəsində belə  bəhanə  əldə 
edildi. Məlum olduğu kimi, yunan şəhərləri arasında münaqişələr mütəmadi xarakter daşıyırdı və mübahisələrin 
başlıca səbəbi torpaq və sərhəd məsələləri ilə bağlı olmuşdu. Bu qəbildən olan münaqişələrdən biri də e.ə. 355-
ci ildə Fiv və Fokida arasında olmuşdu. Münaqişəyə  səbəb fokidalıların Delfi məbədi torpaqlarını  şumlaması 
olmuşdu. Fivin və onun müttəfiqlərinin ittihamına cavab olaraq fokidalılar gözlənilmədən Delfiyə hücum etdilər 
və 10.000 talanta malik olan Apollon məbədinin xəzinəsini  ələ keçirdilər. Qısa müddət  ərzində bu ixtilaf 
ümumellin xarakteri almış və on il davam etmiş «müqəddəs müharibə»yə çevrilmişdi.  
Münaqişədə II Filipp fivlilərin tərəfindən keçir, fokidalıları  və onların mütəffiqlərini məğlub edir. 
«Müqəddəs müharibə»də Makedoniya çarının  əldə etdiyi qələbə ona Şimali Elladada möhkəmlənmək imkanı 
vermişdi. Filippin işğalçılıq siyasəti bütün yunan polislərini təşvişə salmağa başlamışdı. 
 
Tədricən Yunanıstanda Makedoniyaya qarşı siyasi ittifaq formalaşmağa başlamışdı ki, bu ittifaqa Afina 
başçılıq edirdi. Afina demokratiyasının rəhbəri qədim yunan dövrünün görkəmli siyasi xadimlərindən və 
natiqlərindən olan Demosfen idi. Lakin yunan polisləri arasında həmrəyliyin olmaması Demosfenə II Filipə 
qarşı uğurla mübarizə aparmağa imkan vermirdi. Makedoniya diplomatiyası Yunan şəhərləri arasında narazılığı 
bir qədər də gücləndirir, Oliqarxiyanı öz tərəfinə çəkməklə antimakedoniya partiyasının mövqelərini sarsıdırdı. 
II Filipin başlıca siyasi vasitəsi pulun gücü ilə hakim siniflərin seçilmiş nümayəndələrini  ələ almaq yunan 
şəhərləri arasındakı mübarizədə həmişə zəifin tərəfində durmaqdan ibarət idi.   
Makedoniya və antimakedoniya partiyaları arasında hərbi-siyasi mübarizə Afinada xüsusilə  şiddətli 
forma almışdı. Afinada Makedoniya partiyasının başında dövrün görkəmli xadimləri olan Esxin, İsokrat, 
Filokrat, Fokion və başqaları dururdular. Bu partiyanın tərəfdarları Yunanıstanda normal iqtisadi və siyasi 
həyatı  bərpa etmək üçün nəyin bahasına olursa-olsun yunan polislərini birləşdirmək, bununla da İrana qarşı 
mübarizədə  zərbə qüvvəsi yaratmaq, yunan sənətkarlığı  və ticarəti üçün meydan əldə etməklə yanaşı 
Yunanıstanı «artıq adamlardan» (şəhər yoxsullarından) qurtarmaq istəyirdilər. Makedoniya partiyası liderlərinin 
fikrincə, Yunanıstanı  birləşdirib İrana qarşı şərq yürüşünə apara biləcək yeganə qüvvə II Filipp idi. 
 Demosfen 
də Yunanıstanın birləşdirilməsi tərəfdarı idi. Lakin o, II Filippin ətrafında deyil, II Filippə 
qarşı birləşməyin tərəfdarı idi. Lakin, yunan polisləri daxilindəki parçalanma buna imkan vermirdi. Yaranmış 


 
26
şəraitdən istifadə edən II Filipp e.ə. 348-ci ildə Olinf şəhərini tutaraq əhalisinin xeyli hissəsini qul edib satır, bir 
hissəsini ilə  qırır. E.ə. 346-cı ildə yunan şəhərləri ilə Filokrat sülhü imzalanır.  Sazişə görə Afina böyük itki 
verir, II Filipp isə Orta Yunanıstanın açarı olan Fermopil keçidini ələ keçirərək Delfi Amfiktioniyasının üzvü 
olur. Lakin bu uğurlar uzun sürmür, belə ki, e.ə. 340-cı ildə bizans yaxınlığındakı  dəniz döyüşündə Yunan 
şəhərlərinin birləşmiş donanması II Filippi ağır məğlubiyyətə uğradır. 
 
Lakin Bizans məğlubiyyətinin  əvəzini çıxmaq və itirilmiş  hərbi nüfuzunu bərpa etmək üçün II Filipp 
skif çarı Atey ilə müharibəyə başlasa da döyüş  əməliyyatları gah bu, gah da qarşı  tərəfin üstünlüyü ilə 
səciyyələnən yorucu müharibə xarakteri alır və makedoniyalilara uğur gətirmir. II Filip yenidən diqqəti 
diplomatiyaya yönəldir və müttəfiqlər arası münasibətləri pozmaq üçün intriqaya əl atır ki, bunun nəticələri 
özünü çox da gözlətmir. E.ə. 339-cu ildə yunan şəhər-dövlətləri arasında başlanmış ikinci «müqəddəs 
müharibə»də iştirak edən II Filipp qısa müddətə Orta Yunanıstanda möhkəmlənir və itirilmiş mövqelərini bərpa 
etməyə müvəffəq olur. Bu isə yenidən yunan şəhərlərini II Filippə qarşı birləşməyə vadar edir. Afina, Fiv, 
Korinf və başqa şəhərlər II Filippə qarşı koalisiya yaradır, böyük qoşun toplayaraq Makedoniya ilə müharibəyə 
hazırlaşırlar. E.ə. 338-ci ilin payızında Beotiyadakı Xeroneya şəhəri yaxınlığındakı döyüşdə    Fiv  və Afina 
qoşunlarının zərbə qüvvəsi darmadağın edilir. Qüvvələr arasında təxmini bərabərliyin olmasına baxmayaraq 
(Filippin 30 min piyada, 2 min süvari qoşunu var idi, müttəfiqlərin qoşunlarının sayı isə bir qədər artıq 
idi)qələbə sayla yox, bacarıqla  əldə edilir. Döyüşdə II Filippin oğlu 18 yaşlı  İsgəndər ordunun sol cinahına 
komandanlıq edirdi. II Filipp sonralar demişdi ki, Xeroneya döyüşü zamanı İskəndər mənim sol cinahımda idi, 
lakin sağ əlim idi. Onun sol cinahdan başladığı hücum mənim mərkəz və sağ cinahdakı qələbəmə gətirib çıxardı 
və bununla da yunan polislərinin birləşmiş qüvvələri əvvəlcə geri oturuldu, sonra isə darmadağın edildi.  
 Xeroneya 
döyüşü Yunanıstanın tarixi taleyində böyük dönüşə  səbəb oldu. Mənbələrdə deyilirdi ki, 
Xeroneya döyüşündə  həlak olanların cəsədlərinin yığılıb basdırılması ilə Yunanıstanın da istiqlaliyyəti və 
azadlığı da dəfn edildi. Bununla da bütün Yunanıstan II Filippin hakimiyyəti altına düşdü. Yunan dövlətlərinin 
çoxunda hakimiyyət başına Makedoniya tərəfdarları olan oliqarxlar gəlirlər və e.ə. 337-ci ildə Korinfdə bütün 
yunan dövlətlərinin və Makedoniyanın iştirak etdiyi sinedrion (ümumi iclas) adlanan məşhur Panellin konqresi 
çağrılır.  
Konqres ümumi sülh elan edir, yunan şəhərləri arasında müharibələr qadağan olunur və Panellin ittifaqı 
təsis olunur. Konqresdə qəbul edilmiş bir sıra yeniliklərin içərisində İrana müharibə elan edilməsi mühüm yer 
tuturdu. Konqresdən sonra II Filipp Panellin ittifaqının hegomonu olur. II Filipp bütün Eladanı siyasi cəhətdən 
birləşdirə bilmiş, bununla da faktiki olaraq Yunanıstan Makedoniyanın hegomonluğu altına keçmişdi. 
 Yunan 
şəhər-polisləri arasında davam edən müharibələr onları zəiflədir, ayrı-ayrı polislərin hegomonluq 
cəhdləri isə onlara qarşı digər polislərin koalisiyasının yaranmasına səbəb olurdu ki, nəticədə bir neçə yunan 
dövləti aparıcı qüvvəyə çevrilə bilmirdi. Makedoniyanın üstünlüyü onda idi ki, burada quldarlıq cəmiyyətinin 
ziddiyyətləri hələ bir o qədər kəskin xarakter almamışdı. Bu da Makedoniyanın Yunanıstan üzərində 
üstünlüyünü təmin etdi. Makedoniyanın qələbəsinin səbəblərindən digəri onun qüdrətli orduya malik olması və 
dövlətin başında II Filipp kimi mahir diplomat və görkəmli sərkərdənin durması idi.  
II Filipp Yunanıstanın birləşdirilməsi uğrunda mübarizədə bütün vasitələrdən, diplomatiyadan, hərbi 
gücdən, intriqadan və pulun köməyindən məharətlə istifadə edirdi. O, bəzən kinayə, bəzən də obrazlı  şəkildə 
deyirdi ki, «qızıl yüklənmiş uzunqulağın dunyada aşıb-keçə bilmədiyi qala divarları yoxdur». Məlum olduğu 
kimi, yunan şəhərlərinin hamısında Makedoniya tərəfdarları var idi və II Filipp onların yardımından hərtərəfli 
şəkildə istifadə etməyi bacarırdı. Öz tərəfdarları vasitəsilə  hər hansı polisin elitası satın alınır, bu isə  şəhərin 
ictimai həyatına təsir göstərir, hətta Makedoniya ordusu hücuma keçəndə  şəhərin qala qapıları onların  əli ilə 
açılırdı. Hər hansı şəhər tutulduqdan sonra II Filipp şəhərin əhalsinin ümumi yığıncağını çağırır və çıxış edərək 
baş verənlərlə bağlı əhalini məlumatlandırırdı. Şəhər əhalisi isə xəyanətkarların cəzalandırılmasını tələb etdikdə, 
onları    hamının gözü qarşısında edam etdirir və edam olunmuşların  əmlakını  ələ keçirməklə bir növ 
müharibənin xərcini ödəyirdi. 
 II 
Filippin 
Şərq yürüşü e.ə. 336-cı ildə başlanır. Makedoniya sərkərdələrindən Parmenion və Attalın 
başçılıq etdiyi yunan ordusu Kiçik Asiyaya daxil olur. Lakin Makedoniyada baş vermiş hadisələr tezliklə 
yürüşün dayandırılmasına səbəb olur. Belə ki, hələ e.ə. 337-ci ildə II Filipp özünün birinci arvadı – İsgəndərin 
anası Olimpiadadan ayrılmış və Makedoniya zadəganlarının nəslindən olan Kleopatra ilə evlənmişdi. Olimpiada 
isə qardaşı Epir çarı Aleksandrın sarayına qayıtmışdı. Lakin e.ə. 336-cı ildə II Filipp qızının toy məclisində 
mühafizəçilərindən Pavsani tərəfindən öldürülür. Ölümün səbəbləri ilə bağlı müxtəlif versiyaların olmasına 
baxmayaraq, ehtimal ki, İran şahı III Daranın bu məsələdə əli olmuşdur.  
 Atasının ölümündən sonra e.ə. 336-cı ildə hakimiyyət başına  İsgəndər keçir. O, öz dövrünün və 
mühitinin oğlu idi. Aristotelin tərbiyəsi nəticəsində geniş dünyagörüşə və böyük biliyə yiyələnmiş İsgəndər hələ 
gənc yaşlarında ikən onu əhatə edən saray mühitində hakim olan görüşləri və əxlaq vərdişlərini mənimsəmişdi. 
Onun xarakteri son dərəcədə ziddiyyətli olub, özündə soyuqqanlılığı və coşqun temperamenti, alicənablılığı və 
qəddarlığı birləşdirirdi. O yaranmış mürəkkəb vəziyyətlərdən böyük məharətlə  çıxır və  tələbata uyğunlaşa 
bilirdi. İsgəndər son dərəcədə görkəmli sərkərdə və böyük dövlət xadimi olmuşdu. Onun hakimiyyəti dövründən 


 
27
Yunanıstan ellinizm dövrünə qədəm qoyur. 
 
İskəndərin hakimiyyətinin e.ə. 336-334-cü illəri  əhatə edən ilk iki ili atasının ölümündən sonra 
başlanmış olan hərc-mərcliyin aradan qaldırılmasından ibarət olmuş,  şimalda Frakiya və  İllariya, cənubda isə 
Yunanıstan yenidən Makedoniyaya tabe edilmişdi. Yalnız bundan sonra İrana yürüşə hazırlıq başlanır. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin