Ümumi təhsilin həyata keçirildiyi hazırkı dövrdə orta məktəblərdə həm ənənəvi, həm də yeni şəxsiyyətyönümlü–inkişafetdirici təlim metodlarından istifadə edilir ki, bunlardan da əsas üstünlük fəal (interaktiv) təlimə verilir.
Fəal/interaktiv təlim şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimdir. Bəzi hallarda bu anlayışın sinonimi kimi “İnteraktiv təlim metodları” anlayışından istifadə olunur. Belə ki, “interaktivlik” termini “dialoqu, qarşılıqlı təsiri” bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin “problem-dialoji”, “evristik təlim” anlayışlarından da istifadə edilir.
İnteraktiv təlim üsullarının tətbiqi zamanı istiqamətverici ideyalar kimi qəbul edilərək praktikada tətbiq edilməli prinsiplər aşağıdakılardır.
1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi.Şagirdin fəallaşması üçün ilk növbədə onun bir şəxsiyyət kimi təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir.
2. Fəal idrak prinsipi.Tədris prosesi elə təşkil olunmalıdır ki, o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirdə «ilk kəşf» sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasında yaranır. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradılmalıdır. Uşaqda bu problemin həlli tələbatının yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir.
3. İnkişafedici təlim prinsipi.Görkəmli rus psixoloqu, müasir pedaqoji psixologiyanın banilərindən biri olan L.S.Vıqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamalı, uşağın «qarşıdakı (yaxın) inkişaf zonasına» yönəlməlidir. Bu inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşib, onları aktuallaşdırmaq üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə imkanlarına uyğun, lakin bir qədər mürəkkəb tapşırıqları müstəqil həll etmək təklif edilməlidir. Eyni zamanda, müəllim və digər böyüklər suallar verməklə onları problemin həllinə istiqamətləndirməlidirlər.