Xətai rayonunda evləri əlindən alınan 10 sakin bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər



Yüklə 9.91 Kb.
tarix22.04.2017
ölçüsü9.91 Kb.
Xətai rayonunda evləri əlindən alınan 10 sakin bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər.

Rayonun Şirvani küçəsi 23/19 ünvanında yaşayan və burada qeyri-yaşayış obyektlərinin sahibləri bildiriblər ki, mülkləri Rövşən Rüstəmov şəxsdən alıblar. Onunla rəsmi alğı-satqı müqaviləsi bağlayıblar. Lakin Rövşən Rüstəmovun ölümündən sonra həmin vətəndaşların problemləri başlayıb:


“2 ildir ki, evimiz uğrunda məhkəmələrdə sürünürük. Məhkəmələr isə 10 ailəni bir dələduza qurban verib. 8 ilə yaxındır ki, kommunal xərclərini ödədiyimiz, təmir edib içində yaşadığımız mənzildən bizi bir dələduza görə çıxarmaq istəyirlər. Hər an evimizdən çıxaracaqları qorxusunun yaratdığı narahatlıqla yaşamağa məhkum edilmişik”. Zərəçəkənlər- Müşfiq Əliyev, Təranə Qasımova, Hümbət Vəliyev, Fəzail Bayramov və digər mənzil və obyekt sahibləri Rövşən Rüstəmovla müxtəlif vaxtlarda bağladıqları müqavilələri göstərərək bildiriblər ki, 2011-ci ildə iş adamının ölümündən sonra mənzilləri uğrunda mübarizə aparmaq məcburiyyətində qalıblar. Belə ki, iş adamı Rövşən Rüstəmovun qətlə yetirilməsindən sonra sözügedən 16 mərtəbəli binada 5 mənzil və 5 sahibkara məxsus 475 kvadrat-metrlik sahənin 2 sahibi olduğu üzə çıxıb. Üst-üstə düşən 10 müqavilənin hansının qanuni olduğuna isə, məhkəmələr də qərar verə bilmir. Məsələ burasındadır ki, Xətai rayon məhkəməsində başlanan proses artıq 2 ildir ki, ayrı-ayrı məhkəmə instansiyalarında müzakirə olunur. Artıq Ali Məhkəməyə qədər gəlib çıxan məhkəmə çəkişmələrində biri-birinə zidd müxtəlif qətnamələr ortaya çıxıb. Maraqlısı isə odur ki, biri-birinə zidd qərarları nəinki eyni məhkəmə instansiyası, hətta eyni hakim qəbul edib. Sakinlər deyib ki, mərhum Rövşən Rüstəmov Muğan Kərimovla da müqavilə bağlayıb. Hətta onların müqavilə tarixi sakinlərlə bağlanan müqavilədən daha əvvələ aiddir.



Lakin R.Rüstəmov M.Kərimovla əldə etdikləri razılaşmaya əməl etməyib. Müqavilə ilə ona məxsus olan obyekti başqasının təmir etdirdiyini görən Muğan Kərimov R.Rüstəmovla hesablaşıb və aralarında başqa bir razılaşma əldə olunub. R.Rüstəmov M.Kərimova 2 mərtəbəli obyekt və əlavə olaraq 60 min manat pul verəcəyinə söz verib. Həmin razılaşmanın bir hissəsi – yəni M.Kərimov üçün tikilən ikimərtəbəli obyektin tikintisi Rüstəmovun ölümü ilə yarımçıq qalıb. M.Kərimov razılaşmalarının ümumiyyətlə yerinə yetirilməyən ikinci hissəsi – yəni 60 min manatın arxasına düşüb. Bunu mərhumun varislərindən ala bilməyəcəyini anlayanda isə əlindəki müqavilələri yenidən üzə çıxarıb. M.Kərimov ona dəyən ziyanı 10 ailəyə məxsus yaşayış və qeyri-yaşayış olan ünvanlardan çıxarmağa qərar verib. Bunun üçün isə o, rüşvət verməkdən çəkinmir. Mənzillərdən birinin sahibi Təranə Qasımovanın sözlərinə görə, o, məhkəməyə 100 min manat verdiyini və lazım olan qərarı artıq aldığını da deyib: “Rüşvət verdiklərini inkar etmirlər. 100 min manat verib qərarı aldığını demişdi. Bu il sentyabrın 25-də Ali Məhkəmənin qərarı da onu göstərdi. Halbuki bizim xeyrimizə çıxarılan apelyasiya şikayətindən 3 ay keçmişdi. Qanunla həmin qərardan şikayət vermək hüquqları yox idi. Buna baxmayaraq, nəinki məhkəmə onun etirazına baxdı, üstəlik, onun xeyrinə də qərar çıxartdı”.
Sakinlərin sözlərinə görə, hazırda çıxılmaz durumda qalıblar. Nə edəcəklərini, Kimdən kömək istəyəcəklərini bilmirlər: “Qanun hardadır, kimin yanındadır bilmirik. Məhkəmə gündə bir qərar verir. Ali Məhkəmənin hakimi İslam Əliyev 10 sakinin başını kəsib dələduzun qarşısına atıb. 1 dələduza görə 10 nəfərin hüquqlarını pozublar. M.Kərimov haqlı idisə, bunu vaxtında tələb etməliydi. Biz bu vəziyyətdən çıxış yolu tapa bilmir, dövlət başçısı İlham Əliyevə, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya müraciət edirik. Onlardan başqa bir ədalət qapısı tanımırıq. Nəyin bahasına olur-olsun, evimizi dələduza verməyəcəyik və bunun üçün də Prezidentin köməyinə arxalanırıq. Burdan dövlət başçısına səslənirik: Cənab Prezident, 10 ailəni küçələrə tökmək istəyən Muğan Kərimov kimi dələduza havadar olan rüşvətxor məmurlara yerini göstərin! Bizim son ümid yerimiz sizsiniz”.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə