Xəbər bülleteni №41



Yüklə 456,69 Kb.
səhifə2/4
tarix02.03.2017
ölçüsü456,69 Kb.
#9922
1   2   3   4

Məzənnə yenilikləri


15.08.2016

valyutaAvqustun 15-də ABŞ dollarının rəsmi kursu dəyişməz qalıb. Transparency.az-ın məlumatına görə, 1 dollar ötən həftənin son iş günündə olduğu kimi 1,6102 manata satılır.

Mərkəzi Bank avronu bahalaşdırıb. 1 avronun rəsmi kursu 1,7936 manatdan 1,7967 manata qaldırılıb.

Rusiya rublunun rəsmi məzənnəsində isə eniş var. Avqustun 12-də 0,0250 manata satılan 1 rublu Mərkəzi Bank bu gün 0,0249 manata təklif edir.

Digər valyutalara belə qiymət qoyulub:

1 gürcü larisi  – 0,6851 manat

1 ingilis funt sterlinqi – 2,0804 manat

1 türk lirəsi – 0,5439 manat.

Məzənnələr

Mərkəzi Bankın pul siyasəti icmalı

15.08.2016



merkezi bank
Mərkəzi Bank 2016-cı ilin yanvar-iyun ayları üzrə pul siyasəti icmalını (İcmal) açıqlayıb. İcmalda qeyd olunur ki, bu ilin birinci yarısında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin düşüb. Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,9 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,8 dəfə azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 79 faizi ABŞ dollarında, 21 faizi digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Bu ilin yanvar-iyun aylarında banklar satdığı xalis (yəni alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 milyon ABŞ dolları, avro ilə əməliyyatlar isə 4,4 dəfə azalaraq 100 milyon avro təşkil edib.

İlin birinci yarısında Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib. 6 ayda Mərkəzi Bankda ümumilikdə 63 valyuta satışı hərracı keçirilib. Tələb 28 hərracda təklifi üstələdiyi halda 35 hərracda tam qarşılanıb.

Hesabat dövründə manatla pul bazası 11,4 faiz artaraq yarım ilin sonuna 7 milyard 689,4 milyon manat olub.

İcmalda deyilir ki, hesabat dövrü ərzində nağd pul kütləsi (bank sistemindən kənar nağd pul və bankların kassalarındakı nağd pul) 16,4 faiz artıb, manatla müxbir hesablar isə 7,6 faiz azalıb.

Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatoru 1,4 faiz artaraq 1,28 səviyyəsinə yüksəlib.

Nazirlik müraciət hesabatı yayıb

15.08.2016



emek nazirliyi 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çağrı mərkəzlərinə müraciətlərlə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, iyul ayında 142 və 190 çağrı mərkəzləri 19990 müraciəti cavablandırıb. Onların 95,7 faizini sorğu xarakterli müraciətlər təşkil edib. Qalan müraciətlər araşdırılması üçün nazirliyin struktur bölmələrinə göndərilib.

142 və 190-ya daxil olan müraciətlərin 29,2 faizi sosial təminat, 9,8 faizi əmək qanunvericiliyi, 20,3 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 5,7 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 5 faizi isə məşğulluğun təminatı məsələlərini əhatə edib.

Müraciətlərin 3 faizi fərdi uçotun təşkili, 10,6 faizi pensiya və müavinətlər, 8,4 faizi məcburi dövlət sosial sığorta, 8 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərinə aid olub.

İyun ayı ilə müqayisədə iyul ayında çağrı mərkəzlərinə daxil olan müraciətlərin sayında 3,9 faiz azalma qeydə alınıb.

Natiq Cəfərlinin həbsindən apellyasiya şikayəti verilib

15.08.2016



natiq cafarli 1Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Bunu Report.az-a vəkil Cavad Cavadov deyib.

Vəkilin sözlərinə görə, şikayət ərizəsinin Bakı Apellyasiya Məhkəməsinə avqustun 15-də təqdim edib.

Natiq Cəfərli avqustun 12-də tutulub. Həmin gün o, əvvəlcə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Gecə saatlarında isə Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Natiq Cəfərlinin yaşadığı mənzildə axtarış aparılıb, sənədlər, kompüterlər, zinət əşyaları götürülüb.

Natiq Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə — bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunur.

Vəkil Cavad Cavadov “Turan”a açıqlamasında deyib ki, Natiq Cəfərli tutulanadək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılan, “QHT işi” adlanan cinayət iş üzrə dəfələrlə istintaq orqanına çağırılıb və ifadə verib. Vəkil vurğulayıb ki, Natiq Cəfərlinin həbsi üçün hər hansı hüquqi əsas mövcud deyil: “Onun həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirəm. Hətta ona elan edilən Cinayət Məcəlləsinin 192-ci maddəsi dekriminalizasiya olunub. Buna baxmayaraq Natiq Cəfərliyə həmin maddə ilə ittiham irəli sürülüb”.

REAL Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, Natiq Cəfərliyə qarşı irəli sürülən ittihamlar 2013-14-cü illərdə bir qrup fəala qarşı aparılan cinayət işinin tərkib hissəsidir: “Mən İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılı nəzərdə tuturam, onlara vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ittihamlar irəli sürülmüşdü. Həmin vaxt Natiq Cəfərli də istintaqa cəlb olunmuşdu. Ancaq sonra ona prokurorluq rəsmi akt verdi ki, Natiq Cəfərli ilə bağlı cinayət təqibi üçün əsas yoxdur. Sanki həmin vaxt iş bağlanmışdı. İndi yenidən bəhanə kimi istifadə edirlər”.

Avqustun 13-də REAL-ın yaydığı bəyanatda və hərəkat rəhbərliyinə daxil olan bir sıra şəxslərin keçirdiyi mətbuat konfransında Natiq Cəfərlinin həbsi siyasi sifariş kimi qiymətləndirilib.

Natiq Cəfərli 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1996-cı ildə hərbi xidmətini başa vurandan sonra bir neçə il biznes fəaliyyəti ilə məşğul olub. 2008-ci ildə Strasburqda Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbini, 2009-cu ildə Vaşinqtonda ABŞ Dövlət Departamentinin Liderlik Proqramını bitirib. 2008-ci ildə yaradılmış  REAL Hərəkatının həmtəsisçidir.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildən həbsdədir. O, həmin il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb. 2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub. 2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. Aprelin 29-u Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb.

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişiklik təklifi yer alır. Ana qanuna bir neçə yeni maddə də təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

REAL Hərəkatı referenduma çıxarılan təkliflərin əleyhinədir və hərəkat rəhbərliyi Natiq Cəfərlinin həbsini həm də bununla əlaqələndirir. Natiq Cəfərli REAL-ın 26 sentyabr referendumu ilə bağlı yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsidir.

ABŞ hamıdan öndədir

15.08.2016

rio 1Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına avqustun 15-dək 26 qızıl medal alan ABŞ liderlik edir. Böyük Britaniya və Çin 15 qızıl medalla sonrakı pillələrdə qərarlaşıb.

Transparency.az bildirir ki, ilk onluqda yer alan Rusiyanın 9, Almaniyanın 8, Fransa, İtaliya və Yaponiyanın 7, Avstraliya və Cənubi Koreyanın 6 qızıl medalı var.

Ümumilikdə 46 ölkə qızıl medala sahib ola bilib. Daha 1 qızılı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançı qazanıb.

Azərbaycan Rio-de-Janeyro olimpiadasında iki gümüş götürüb və medal sıralamasında 49-cu pillədə dayanır.

Fərdi uçota düşənlərin sayı 3 milyon 300 min nəfərə yaxınlaşır

15.08.2016



ferdi uchot 1
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olanların sayı iyul ayında 13 min 522 nəfər, yanvar-iyul aylarında isə 112 min 517 nəfər artaraq 3 milyon 292 min 671 nəfərə çatıb.

Sığortaolunanların 20,4 faizi 30 yaşa qədər, 25,3 faizi 30-40 yaşlarında olan şəxslərdir. 20,1 faiz 40-50, 21,1 faiz 50-60, digərləri isə 60 yaşdan yuxarı yaş qrupuna aiddir.

Hər bir sığortaolunan fərdi uçot sistemində uçota alınır, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın Dövlət Sosial Müdafiə Fondunda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi də rəsmiləşdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətindən istifadə etməklə vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitallarına mütəmadi şəkildə nəzarət edə bilirlər.

65 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı

15.08.2016



emlak komitesi
Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Transparency.az bildirir ki, rəsmi məlumata görə, bu tədbirlər prezidentin 19 iyul 2016-cı il fərmanına (Yeni özəlləşdirmə fərmanı: Nazirlər Kabinetinə tapşırıqlar verildi) və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun həyata keçirilir.

Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi üçün hərraclar elan edib. Bu əmlakların 25-i səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərir.

İnvestorlar özəlləşdirməyə çıxarılan müəssisələr barədə geniş məlumatla özəlləşdirmə portalında (Privatization.az) tanış ola bilərlər.

Dövlət əmlakları hərraclara inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə çıxarılıb.

Manat 24 yaşa çatdı

15.08.2016



manat 1a
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 24 il ötür.

Manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Birinci pul emissiyasını 1992-ci ildə Fransa Mərkəzi Bankı çap edib.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginazlar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginaz, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginazlar dövriyyəyə buraxılıb.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat:10 rubl nisbətində rublla paralel istifadə olunub.

Milli Bank 1994-cü ildə 10000 manatlıq, 1996-cı ildə isə 50000 manatlıq əsginazlar çap etdirərək dövriyyəyə buraxıb.

2001-ci ildə İngiltərənin “De La Rue” şirkəti yeni dizaynla 1000 manat dəyərində əsginaz çap edib.

1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginaz istehsal olunub. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edilib.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginazlar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarətdir.

Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

Tarixi arayışı AZƏRTAC hazırlayıb.

Natiq Cəfərlinin həbsi ilə bağlı rəsmi məlumat

15.08.2016

bash prokurorluq 1Avqustun 15-də Baş Prokurorluq REAL Hərəkatının qurucularından olan iqtisadçı  Natiq Cəfərlinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Maliyyə və Ədliyyə nazirliklərindən daxil olmuş materiallar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir: “Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib, Cəfərov Natiq Mehman oğlunun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırması barədə səlahiyyətli dövlət orqanlarından daxil olmuş məlumatları məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri yoxlayıb”.

Rəsmi açıqlamaya görə, Natiq Cəfərov 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan Demokratiyaya Milli Dəstək Fondundan özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 565 ABŞ dolları məbləğində pul vəsaitlərini “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin edib, nağdlaşdırıb götürərək qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, 71 334 manat məbləğində gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub: “Natiq Cəfərov iş üzrə verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.

Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan Natiq Cəfərov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Azərbaycan əhalisinin sayı: bölgələr üzrə göstəricilər

15.08.2016

ehali 1
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin sayı 2016-cı il iyulun 1-nə 9 milyon 755,5 min nəfər olub. Bəs ayrı-ayrı bölgələr üzrə göstəricilər necədir? Transparency.az Dövlət Statistika Komitəsinin saytında buna nəzər salıb.

İnzibati rayonların əhalisinin sayı barədə son hesabata əsasən, 2015-ci il yanvarın 1-nə paytaxt Bakının əhalisi 2 milyon 204,2 min nəfər olub. Paytaxt üzrə əhalinin sayı ən çox olan rayon kimi Xətai göstərilib: 270,7 min nəfər.

Binəqədi rayonu 257,9 min nəfərlə ikinci, Yasamal rayonu 243,6 min nəfərlə üçüncü sırada gəlib.

2015-ci ilin əvvəli üçün Sabunçu rayonunun əhalisi 236,5 min, Nəsimi rayonunun əhalisi 217,4 min, Suraxanı rayonunun əhalisi 212,3 min nəfər göstərilib.

Digər rayonların 2015-ci ilin əvvəlinə göstəriciləri belə olub:

Nizami — 193,8 min nəfər

Nərimanov — 173,1   min nəfər

Xəzər — 160,4 min nəfər

Qaradağ — 118,5 min nəfər

Səbail — 100,1 min nəfər

Pirallahı — 19,9 min nəfər.

2015-ci ilin əvvəlinə olan hesabata əsasən, Abşeron rayonunda 202,8 min nəfər yaşayıb.

Hacı Zeynalabdin Tağıyev və Corat qəsəbələri ilə birgə Sumqayıtın 332,9 min nəfər əhalisi olub.

Dövlət Statistika Komitəsi Gəncə şəhərinin 2015-ci ilin əvvəlinə olan əhalisini 328,4 min nəfər göstərib.

Qərb zonasında əhalisinin sayı ən çox olan rayon kimi Şəmkir qeyd edilib: 207 min nəfər.

Şəki-Zaqatala iqtisadi rayonunda əhalinin sayı baxımından 181 min nəfərlə Şəki birinci olub.

Cənub zonasında Lənkəran rayonu 220,8 min nəfərlə ilk sırada yer alıb. Masallı rayonunun 215,2 min nəfər, Cəlilabad rayonunun 209,3 min nəfər əhalisi olduğu bildirilib.

Şimal bölgəsində Xaçmaz rayonu 171,2 min nəfərlə birinci yerə qoyulub. 2015-ci ilin əvvəlinə Quba rayonunun əhalisi 163,9 min nəfər göstərilib.

Başqa rayonlara gəlincə, 2015-ci ilə Göyçayın əhalisi 115,8 min, Şamaxının əhalisi 99,7 min nəfər olub.

Bərdənin 151,2 min, Ağcabədinin 130,3 min, Yevlaxın 124,6 min nəfər əhalisi olduğu qeyd edilib.

Mingəçevir şəhərinin əhalisi 101,6 min nəfər göstərilib.

Salyanın 131,8 min nəfər, Sabirabadın 167,5 min nəfər əhalisi olduğu bildirilib.

2015-ci ilə Şirvan şəhərinin (Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri daxil olmaqla) 82,9 min nəfər əhalisi olduğu qeyd edilib.

Naxçıvan Muxtar Respublikasında isə 439,8 min nəfərin yaşadığı qeyd olunub. Bu il mayın 1-nə olan məlumata görə, muxtar respublikada əhalinin sayı 445 min 830 nəfərə çatıb.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bəzi əməkdaşlarına cəzalar verilib, 4 nəfər işdən çıxarılıb

15.08.2016

Kənd Təsərrüfatı Nazirliyində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 2016-cı ilin birinci yarısında fəaliyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, avqustun 13-də keçirilən kollegiya iclasında çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, fitosanitar nəzarətin yeni modelinin formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə büdcədənkənar daxilolmalar 1 milyon 732 min manat təşkil edib, bu da 2015-ci ildə daxil olmuş vəsaitdən 1,7 dəfə çoxdur: “2016-cı ilin altı ayı ərzində bitkiçilik məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 9 halda karantin tətbiq edilən zərərli orqanizmlər və 78 halda nizamlanan zərərli orqanizmlər aşkar edilib, zərərli orqanizmlər müəyyən edildiyi üçün 48 ton kartof ixracatçı ölkəyə geri qaytarılıb, 971 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsi ilə təmizlənib, təxminən 97 min ton yük, 1 milyon 470 min kubmetr taxta materialı, obyekt və boş anbar sahəsi zərərsizləşdirilib, 90 tona yaxın məhsul dövriyyədən çıxarılaraq məhv edilib”.

Nazir qeyd edib ki, Ağdam, Ağstafa, Ağcabədi, Ağdaş, Qazax, Bərdə, Goranboy, Lerik, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qəbələ, Siyəzən və Şəmkir rayonlarında bitki mühafizəsi tədbirlərinin və fitosanitar nəzarətin səviyyəsi aşağıdır, əhalinin sağlamlığına təhlükə yarada bilən kənd təsərrüfatı məhsullarının aşkar edilib zərərsizləşdirilməsi sahəsində təsirli tədbirlər görülmür.

İşdə yol verdiyi ciddi nöqsanlara görə kollegiyanın qərarı ilə Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və 3 nəfər aparıcı müfəttişi vəzifələrindən azad edilib, 6 nəfər rayonlararası bitkilərin karantini məntəqəsinin müdirinə və 3 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə töhmət verilib, 10 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə isə xəbərdarlıq edilib.

Kollegiyada Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul olunub.



kollegiya 1

kollegiya 2

Müdafiə nazirlərinin görüşündə nələr müzakirə olunub?

16.08.2016

gorush 1
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 15-i Bakıda rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Mod.gov.az-ın məlumatına görə, geniş tərkibdə keçirilən görüşdə çıxış edən Zakir Həsənov Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını, əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

Müdafiə naziri Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazilərin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb.

Sergey Şoyqu iki ölkənin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.

Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, Xəzər dənizində hərbi əməkdaşlıq, o cümlədən birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev isə Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini avqustun 14-də qəbul edib.

Manat ucuzlaşıb

16.08.2016



merkezi bank 1Mərkəzi Bank avqustun 16-da xarici valyutaların kursunu qaldırıb (Məzənnələr). Transparency.az-ın məlumatına görə, ötən həftənin cümə günündən 1,6102 manata satılan 1 ABŞ dollarına 1,6124 manat qiymət qoyulub.

1 avronun rəsmi kursu 1,7967 manatdan 1,8057 manata, 1 Rusiya rublunun rəsmi məzənnəsi 0,0249 manatdan 0,0251 manata dəyişdirilib.

Mərkəzi Bank 1 Belarus rublunu 0,8281 manata, 1 Braziliya rialını 0,506 manata, 1 BƏƏ dirhəmini 0,439 manata, 1 gürcü larisini 0,6908 manata, 1 ingilis funt sterlinqini 2,0807 manata, 1 İsveçrə frankını 1,6594 manata, 1 türk lirəsini 0,5482 manata təklif edir.

Ötən il Azərbaycan manatı devalvasiyalara uğrayaraq dollar qarşısında iki dəfə ucuzlaşıb. Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankla Dövlət Neft Fondu üst-üstə 3 milyard 841,3 milyon dollar satıblar.

Sənaye və inşaat sektoru ilə bağlı statistika

16.08.2016

2016-cı ilin yanvar-iyun aylarında sənayedə çalışan muzdlu işçilərin orta siyahı sayı 190,5 min nəfər olub. Onların 34 min nəfəri mədən, 100,3 min nəfəri emal, 26,8 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 29,4 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıb.

Sənayedə işləyənlərin orta aylıq əməkhaqqı 6 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 888,8 manata çatıb. Əməkhaqqı mədən sənayesində 33,9 faiz, emal sənayesində 5,4 faiz artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 3,9 faiz azalıb.

İnşaat sektorunda çalışan işçilərin sayı isə ilin 7 ayında 95,6 min nəfər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, tikintidə çalışanların əməkhaqqı 25,6 faiz artıb. Binaların tikintisində işləyənlərin əməkhaqqının 13,2 faiz, mülki təyinatlı inşaat işlərində isə əməkhaqqının 5,6 faiz artdığı bildirilir.

tikinti 1

Azərbaycan nefti 49 dollara yaxınlaşdı

16.08.2016



neft 1Avqustun 16-sı Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 60 sent bahalaşaraq 45,47 dollara qalxıb.

London birjasında isə “Brent” markalı neftin bir barreli 1 sent ucuzlaşaraq 48,03 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar qalxaraq 48,97 dollara satılır.

Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Bağlanan bankların əmanətçilərinə 40 milyon manatdan artıq kompensasiya verilib

16.08.2016



emanet 1Lisenziyası ləğv edilən “Parabank” ASC-nin əmanətçilərinə 16,1 milyon manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 18 milyon manat, “Kredobank” ASC-nin əmanətçilərinə 4,3 milyon manat, “Dekabank” ASC-nin əmanətçilərinə isə 2 milyon manatdan artıq kompensasiya ödənilib.

AZƏRTAC-ın avqustun 16-da yaydığı məlumata görə, ümumilikdə 4 bank üzrə 40,4 milyon manatdan artıq kompensasiya verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarını ləğv edib. Qərar bankların fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməməsi və digər problemlərlə əsaslandırılıb.

Bağlanan banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Lisenziyası ləğv olunan 4 bankda əhalinin üst-üstə 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var.

Əmanətlərin Sığortalanması Fondu avqustun 1-dən bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Martın 1-dən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondunun üzvü olan banklarda maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12 faiz, xarici valyuta üzrə 3 faiz həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

Rio: kimin kisəsində nə var?

16.08.2016



rioRio-de-Janeyroda davam edən Yay Olimpiya Oyunlarında avqustun 16-dək 48 ölkə qızıl medala sahib olub. 1 qızılı isə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançı götürüb.

ABŞ 26 qızıl medalla hamıdan öndədir. Böyük Britaniyanın 16, Çinin 15 qızıl medalı var.

Rusiya 11, İtaliya və Almaniya 8, Fransa və Yaponiya 7, Avstraliya, Cənubi Koreya və Niderland 6, Macarıstan 5 qızıl əldə edib.

Azərbaycan Rio-de-Janeyro olimpiadasında aktivinə 2 gümüş (cüdoçular Rüstəm Orucov və Elmar Qasımov), 1 bürünc (güləşçi Sabah Şəriəti) medal yazdırıb.

Transparency.az bildirir ki, keçmiş SSRİ məkanından Qazaxıstanın 2 qızıl, 3 gümüş, 5 bürünc, Özbəkistanın 2 qızıl, 4 bürünc, Belarusun 1 qızıl, 2 gümüş, 2 bürünc, Ukraynanın 4 gümüş, 1 bürünc, Litvanın 1 gümüş, 2 bürünc, Gürcüstanın 1 gümüş, 1 bürünc, Ermənistanın 1 gümüş, Estoniya və Qırğızıstanın 1 bürünc medalı var.

Türkiyə olimpiadada 2 gümüş medal qazanıb. İran 2 qızıl, 1 bürünc medal götürüb.

Yerevanda yeni razılaşmalar

16.08.2016



gorush - yerevan 1
Ermənistanın paytaxtı Yerevana səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqu avqustun 16-da həmkarı Seyran Ohanyanla görüşüb. Görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Novator.az-ın məlumatına görə, görüşdə iştirak etmiş Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov jurnalistlərə deyib ki, iki ölkənin birləşmiş ordu qrupunu yaratmaq barədə razılaşma hazırlanır. Antonovun sözlərinə görə, 16 avqust görüşündə birləşmiş ordu qrupunun radiasiya, kimya sahəsində və bioloji sahədə iş birliyi sazişi imzalanıb.

Rusiya müdafiə nazirinin müavini deyib ki, indiyədək iki ölkə arasında müdafiə sahəsində 50-dən çox müqavilə və saziş rəsmiləşib və bu proses davam edir.

Sergey Şoyqu Yerevana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında iştirak etmək üçün gedib. İclas avqustun 16-da keçirilir.

Dolanışıq təhsilə necə təsir göstərir?

16.08.2016



rovshen_agayevAilənin iqtisadi durumu təhsilin keyfiyyətinə necə təsir göstərir? İqtisadçı ekspert Rövşən Ağayev buna nəzər salıb.

Transparency.az-ın məlumatına görə, ekspert Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən il bir neçə məktəbdə apardığı monitorinq imtahanın nəticələrini təhlil edərək yazır: “Təhsilin keyfiyyətini itirməsində təhsil sisteminin idarəçiliyində olan problemlərin, sistemdaxili qərar qəbulunda və mexanizmlərdəki yanlışların payı həlledici olsa da, sistemdənkənar problemləri də kənara qoymaq doğru deyil. Söhbət ilk növbədə ölkədəki sosial-iqtisadi problemlərdən, ailələrin iqtisadi imkanlarından gedir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2015-ci ildə şagirdlər arasında keçirdiyi sorğu da bunu təsdiqləyir. Komissiya sorğunu ölkənin 48 şəhər və rayonundakı 257 məktəbin 6-cı və 7-ci siniflərində Azərbaycan dili və riyaziyyat fənləri üzrə imtahan zamanı keçirib. Sorğunun nəticələrinə görə, ailədə valideynlərin iş problemi olduğunu söyləyən şagirdlərin imtahan nəticələri daha pis olub. Hər iki valideyni işləyən şagirdlərin Azərbaycan dili fənnindən orta balı 5,56, bir valideyni işləyən şagirdlərin orta balı 5,13, heç bir valideyni işləməyən şagirdlərin orta balı 3,74 olub.

Riyaziyyat fənni üzrə imtahanda da oxşar vəziyyət meydana çıxıb: hər iki valideyni işləyən şagirdlərin orta balı 3,6, bir valideyni işləyən şagirdlərin orta balı 3,17, heç bir valideyni işləməyən şagirdlərin orta balı 2,34 olub.

Yeri gəlmişkən, hökumətin rəsmi statistikasına görə, ölkədə işsizlik 5 faizi ötmür. Amma Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sorğusunda iştirak edən əyalət şagirdlərinin 10,41 faizi deyib ki, valideynlərinin hər ikisi işsizdir. Bütün kontingent üzrə (Bakı da daxildir) sorğunun nəticələrinə görə isə şagirdlərin cəmi 24 faizi hər iki valideyninin işə sahib olduğunu qeyd edib. Ailələrin 76 faizində isə ən azı bir valideyn işsizdir”.

Yeni hərrac: xərc 4 milyard dollara dirənir

16.08.2016



valyutaAvqustun 16-da Dövlət Neft Fondu valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxararaq 27 banka satıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 55,9 milyon dollara çatıb.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 dolların rəsmi kursu 1,6124 manatdır.

Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankdan 835,4 milyon dollar alınıb. Dövlət Neft Fondunun satdığı xarici valyuta ilə birlikdə manata 3 milyard 891,3 milyon dollar xərclənib.

Silahlı qiyamın istintaqı: 50 nəfər həbs edilib

16.08.2016



deste 1Ermənistanın Xüsusi İstintaq Xidməti Yerevanda patrul mühafizə polkunu zəbt etmiş dəstənin işi ilə bağlı yeni açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada deyilir ki, polkun ələ keçirilməsi bu il aprelin 24-ü Yerevanda baş vermiş kütləvi iğtişaşlar və paytaxtda radikal müxalifətçi Jirayr Sefilyanın tərəfdarlarından silah tapılması ilə bir icraatda birləşdirilib. 60 şəxs təqsirləndirilən qismində istintaqa cəlb olunub. Onların 50-si həbs edilib. 2 nəfər axtarışdadır, 8 nəfər haqqında başqa qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə girov götürmə, bina, tikili, nəqliyyat vasitəsi, rabitə xəttini ələ keçirmə, kütləvi iğtişaşların təşkili, qanunsuz silah-sursat saxlama ittihamları irəli sürülüb.

İstintaq qeyd edir ki, hadisələr zamanı 5 avtomobil yandırılıb, 16 maşın əzilib, patrul mühafizə polkunun ərazisindəki bankomatdan 14 milyon dram (29,5 min dollar) oğurlanıb.

19 şəxs istintaqda zərərçəkən kimi keçir.

İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən silahlı şəxslər polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar, hökumətin istefası şüarları səsləndiriblər. Basqın zamanı və sonrakı günlərdə 3 polis əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. İyulun 31-də dəstə silahı yerə qoyaraq hüquq mühafizə orqanlarına təslim olub.

Jirayr Sefilyan iyun ayında tutulub, qanunsuz silah saxlamaqda ittiham edilir.

Sərhədçilər təltif olundu

16.08.2016

Prezident İlham Əliyev avqustun 16-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və əməkdaşları ilə bağlı sərəncamlar imzalayıb. İsmayıl Bayram oğlu Əkbərov və İlham İsmayıl oğlu Mehdiyevə general-leytenant ali hərbi rütbəsi, Elşən Ələkbər oğlu Verdiyevə general-mayor ali hərbi rütbəsi verilib.

1 nəfər “Vətənə xidmətə görə” 1-ci dərəcəli, 1 nəfər “Vətənə xidmətə görə” 2-ci dərəcəli, 3 nəfər “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə, 13 nəfər “Vətən uğrunda” medalı ilə, 10 nəfər “İgidliyə görə” medalı ilə, 26 nəfər “Hərbi xidmətlərə görə” medalı ilə, 1 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət Sərhəd Xidmətinin 1 əməkdaşı əməkdar müəllim, 1 əməkdaşı əməkdar həkim fəxri adına layiq görülüb.

Avqust ayında Azərbaycanda sərhəd mühafizəsi xidmətinin yaradılmasının 97-ci ildönümü qeyd olunur.

DSMF-də 32 min 500-dən çox əcnəbi qeydiyyata alınıb

16.08.2016



dsmf binaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iyul ayında 1464 nəfər əcnəbiyə fərdi şəxsi hesab açıb. Fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı avqustun 1-nə 32 531 nəfərə çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur.

DSMF-də hesabı olan əcnəbilər sırasında Türkiyə (15 108 nəfər), Gürcüstan (3 191 nəfər), Rusiya (1 859) vətəndaşları çoxluq təşkil edir.

Sistemdə Özbəkistan (1750), Hindistan (1373), İran (1025), Çin (902), Banqladeş (785), Pakistan (683), Böyük Britaniya (632), Ukrayna (529), Türkmənistan (312), Filippin (288), ABŞ (281), Almaniya (266), Qazaxıstan (249), İtaliya (213) və s. ölkələrin vətəndaşları qeydiyyatdadır.

Əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər.

Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

İqtisadiyyata yeniliklərin tətbiqi: Azərbaycan 128 ölkə arasında 85-cidir

16.08.2016

innovation 2Qlobal İnnovasiya İndeksi açıqlanıb. Novator.az-ın məlumatına görə, indeks 128 ölkənin iqtisadiyyatını innovasiyaların tətbiqi baxımından qiymətləndirir.

Reytinqin ilk pilləsində İsveçrə dayanır.

2-ci yerdə İsveç, 3-cü yerdə Böyük Britaniya gəlir.

ABŞ 4-cü, Finlandiya 5-cidir.

Azərbaycan müasir yeniliklərin iqtisadiyyata tətbiqi baxımından 128 ölkə arasında 85-cidir.

Qonşu Türkiyə 42-ci, Rusiya 43-cü, Ermənistan 60-cı, Gürcüstan 64-cü, İran 78-ci pillədədir (Reytinq).

Vergi ödəyicilərinə xidmət hesabatı

16.08.2016



vn
Vergilər Nazirliyi vergi ödəyicilərinə iyul ayı ərzində göstərilən xidmətlər barədə hesabat yayıb. Rəsmi məlumata görə, ötən ay Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə 19 min 237 sual cavablandırılıb. Müraciətlərin 24,11 faizi elektron xidmətlər, 17,43 faizi qeydiyyat, 16,18 faizi hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 13,98 faizi vergi növləri barədə olub.

Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 6 min 585 zəng daxil olub, 2 min 571 zəng zamanı vergi borcu, 2 min 17 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib.

Hesabat dövründə vergi ödəyicilərinə 64 min 282 SMS, 2 min 101 SMS göndərilib.

Ay ərzində vergi ödəyicilərinə xidmət strukturlarında 45 min 893 nəfər vergi ödəyicisi qəbul edilib, 78 min 439 xidmət göstərilib.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə iyul ayında 309 min 772 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə xidmət strukturları ümumilikdə 227 min 52, o cümlədən iyul ayında 7 min 29 sayda asan imza sertifikatı verib.

2016-cı ilin iyul ayı ərzində ümumilikdə təqdim edilməli olan 207 min 335 vergi bəyannaməsindən 89 faizi vaxtında, onların da 94,2 faizi elektron qaydada verilib.

Azərbaycanın ixracı 39 faizə qədər azalıb

17.08.2016



ixrac 12016-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin həcmi ötən ilin 7 ayına nisbətən 26,89% azalaraq 9 milyard 347 milyon ABŞ dolları olub. İdxal (4 milyard 757,2 milyon dollar) ixracı (4 milyard 589,7 milyon dollar) üstələyib.

Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə idxal əməliyyatlarında 10,46%, ixrac əməliyyatlarında 38,57% geriləmə olduğunu bildirir.

Rəsmi hesabata əsasən, yanvar-iyul aylarında 167 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 9742 olub. Bunun 5444-ü fiziki şəxslər, 4298-i hüquqi şəxslərdir. 205 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 4093-ü özəl sektoru təmsil edib.

2016-cı ilin 7 ayında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 182,1 milyon manat daxil olub.

Gömrükdə pozuntular: 7 aylıq hesabat açıqlanıb

17.08.2016



gomruk 1Dövlət Gömrük Komitəsi 2016-cı ilin 7 ayı üzrə hüquqpozmaların statistikasını açıqlayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, yanvar-iyul aylarında gömrük orqanları cinayət xarakterli 298 fakt aşkarlayıb. Bunun 173-ü qaçaqmalçılıq faktı, 66-sı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 5-i gömrük ödənişindən yayınma, 52-si aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 74-ü digər cinayət xarakterli faktlardır.

7 ayda gömrük hüquqpozmalarında 338 şəxs təqsirləndirilib.

Hesabat dövründə Dövlət Gömrük Komitəsi 4863 inzibati xəta faktı ortaya çıxarıb.

Dollar 1 manat 62 qəpiyə yaxınlaşdı

17.08.2016

dollar 1Avqustun 17-də 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,6124 manatdan 1,6164 manata qaldırılıb.

Mərkəzi Bank digər xarici valyutaların kursunu da yuxarı istiqamətdə dəyişib (Məzənnələr). Transparency.az-ın məlumatına görə, ötən gün 1,8057 manata satılan 1 avroya 1,8212 manat qiymət qoyulub. 1 Rusiya rublu isə 0,0253 manata təklif olunur. Avqustun 16-da rəsmi məzənnə 0,0251 manat idi.

Digər valyutalar bu qiymətə satılır:

1 gürcü larisi – 0,6949 manat

1 ingilis funt sterlinqi – 2,1055 manat

1 İsveçrə frankı – 1,6783 manat

1 türk lirəsi – 0,5508 manat.

Ötən il Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb. Manatın kursunu nizamlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankla Dövlət Neft Fondu üst-üstə 3 milyard 891,3 milyon dollar satıblar.

ABŞ hökuməti Natiq Cəfərlinin həbsinə münasibət bildirib

17.08.2016



absh 1
ABŞ Dövlət Departamenti müxalif REAL Hərəkatının liderlərindən olan Natiq Cəfərlinin həbsinə münasibət bildirib. “Azadlıq” radiosunun məlumatına görə, Birləşmiş Ştatların həbsdən narahat olduğunu vurğulayan Dövlət Departamentinin sözçüsü Mark Toner deyib: “Biz başqa fəalların da həbslərindən narahatıq. Azərbaycan hökumətini təməl hüquqlarından istifadə etdiklərinə görə tutulmuş fəalların azad edilməsinə, vətəndaşların təməl azadlıqlarına hörmət göstərilməsinə, xüsusilə də konstitusiyaya düzəlişlər üçün keçirilən 26 sentyabr referendumu ərəfəsində ölkənin hərəkət istiqamətinə dair açıq və ictimai dialoqa imkan yaradılmasına çağırırıq”.

Dövlət Departamentinin bəyanatında Azərbaycan hökumətinə referendumla bağlı  çağırış yer alır: “Biz hökuməti nəzərdə tutulan konstitusiya dəyişikliklərini müştərək rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutuna təqdim etməyə çağırırıq”.

Natiq Cəfərli avqustun 12-də tutulub, Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Avqustun 15-də Baş Prokurorluq Natiq Cəfərlinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Natiq Cəfərli 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan Demokratiyaya Milli Dəstək Fondundan özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 565 ABŞ dolları məbləğində pulu “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin edib, nağdlaşdırıb götürərək qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, 71 334 manat məbləğində gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. Açıqlamaya görə, Natiq Cəfərli iş üzrə verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildən həbsdədir. O, həmin il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.

REAL Hərəkatı referenduma çıxarılan təkliflərin əleyhinədir və hərəkat rəhbərliyi Natiq Cəfərlinin həbsini həm də bununla əlaqələndirir. Natiq Cəfərli REAL-ın 26 sentyabr referendumu ilə bağlı yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsidir.

Yay Olimpiya Oyunları ilə bağlı yeni statistika

17.08.2016

rio 1
31-ci Yay Olimpiya Oyunları ilə bağlı yeni statistika açıqlanıb. Transparency.az bildirir ki, avqustun 17-dək 52 ölkə qızıl medal qazanıb. 1 qızılı isə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançı əldə edib.

Medal sıralamasında ABŞ 28 qızılla liderdir. Böyük Britaniyanın 19, Çinin 17 qızıl medalı var. Rusiya 12, Almaniya 11 qızıl əldə edib.

Azərbaycan Rio-de-Janeyro olimpiadasında 2 gümüş (cüdoçular Rüstəm Orucov və Elmar Qasımov), 3 bürünc (güləşçilər Sabah Şəriəti, Rəsul Çunayev, avarçəkən İnna Osipenko-Radomskaya) medal götürüb.

Türkiyə olimpiadada 2 gümüş, 1 bürünc, İran 2 qızıl, 2 bürünc qazanıb.

Keçmiş SSRİ ölkələrinin Rio-2016-da nəticələri belədir:

Qazaxıstan – 2 qızıl, 3 gümüş, 5 bürünc

Özbəkistan – 2 qızıl, 4 bürünc

Ukrayna – 1 qızıl, 4 gümüş, 2 bürünc

Belarus – 1 qızıl, 2 gümüş, 2 bürünc

Gürcüstan – 1 qızıl, 1 gümüş, 4 bürünc

Ermənistan – 1 qızıl, 3 gümüş

Litva – 1 gümüş, 2 bürünc.

Estoniya, Qırğızıstan və Moldovanın 1 bürünc medalı var.

Yeyinti məhsullarının idxalı 16,43 faiz artıb

17.08.2016

idxal 1Dövlət Gömrük Komitəsi bildirir ki, bu ilin 7 ayında yeyinti məhsullarının idxalı 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 16,43 faiz artıb. Meyvə-tərəvəz idxalı 109,36 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 131,92 faiz çoxalıb.

Çay idxalında 176,37 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 62,91 faiz artım var. Ət idxalı 60,59 faiz, şəkər idxalı 11,18 faiz, süd idxalı 27,62 faiz artıb.

Tütün və tütün məmulatlarının idxalı bu ilin 7 ayında 49,99 faiz azalıb. Əczaçılıq məhsullarının idxalında 30,43 faiz azalma qeydə alınıb.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında 46,34 faiz azalma var.

2016-cı ilin 7 ayında Azərbaycanın ixracının 77,47 faizini xam neft, 4,76 faizini neft məhsulları, 3,09 faizini təbii qaz təşkil edib.

Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-iyul aylarında ixracın 3,88 faizi meyvə-tərəvəz məhsulları olub.

Yanvar-iyul aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 39,36 faiz azalıb.

Hesabata görə, 2016-cı ilin yeddi ayı ərzində neft məhsullarının ixracı üzrə 54,25 faiz, təbii qaz ixracı üzrə 1,72 faiz azalma var.

Meyvə-tərəvəz üzrə ixracda 2015-ci 7 ayı ilə müqayisədə 30,08 faiz artım qeydə alınıb.

Malların 18 faizə qədəri Rusiyadan gəlir

17.08.2016

bayraqlar 1Dövlət Gömrük Komitəsi Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin siyahısını açıqlayıb. Transparency.az-ın məlumatına görə, 2016-cı ilin 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində (Rəsmi hesabat) əsas ölkələr İtaliya və Rusiya olub. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 11,71 faizini, Rusiya ilə 11,36 faizini təşkil edib.

Türkiyə xarici ticarətdə 8,46 faizlə üçüncü, Almaniya 6,16 faizlə dördüncü, Fransa 4,58 faizlə beşinci tərəfdaşdır.

ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 3,34 faizlə doqquzuncu yerdə durur. Gürcüstan on ikincidir (2,51 faiz).

İlin 7 ayında Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşüb. Bu ölkəyə ixrac ümumi ixracın 19,36 faizidir. İxracda ikinci ölkə 8,78 faizlə Tayvan, üçüncü ölkə 7,95 faizlə Almaniyadır.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (17,85 faiz). İkinci yerdə 12,87 faizlə Türkiyə, üçüncü yerdə 6,84 faizlə Çin gəlir.

Bu ilin yanvar-iyul aylarında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,19 faiz artıb. Avropa İttifaqı üzrə ixracda 49,42 faiz, digər ölkələr üzrə ixracda 25,67 faiz azalma olub.

2016-cı ilin 7 ayında MDB ölkələrindən idxal 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,89 faiz azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 14,2 faiz azalma var. Digər ölkələrdən idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,61 faiz aşağı düşüb.

Ötən ay 2581 əcnəbinin ölkədən çıxarılmasına qərar verilib

17.08.2016

dmx 2
Dövlət Miqrasiya Xidməti 2016-cı ilin iyul ayı ilə bağlı hesabat yayıb. Hesabata görə, ay ərzində 2792 əcnəbinin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşamaq qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozması müəyyən edilib. 1928 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 653 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar verilib.

İyul ayında Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7662 müraciət daxil olub. Olduğu yer üzrə qeydiyyatla bağlı 96732 əcnəbinin müraciəti qeydə alınıb.

Turistləri pul xərcləməyə həvəsləndirən sistem necə işləyir?

17.08.2016



turist 1
Vergilər Nazirliyinin mətbuat xidməti Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin vergi siyasəti idarəsinin rəisi Nicat İmanovun ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədi üçün nəzərdə tutulmayan mallara ödənilən ƏDV-nin qaytarılması (“tax free”) sistemi ilə bağlı müsahibəsini yayıb. Transparency.az müsahibəni ixtisarla təqdim edir.

— Nicat müəllim, əvvəlcə “tax free” sistemi barədə bir qədər ətraflı məlumat vermənizi istərdik…

— “Tax free” sistemi ilk dəfə İsveçdə yaranıb, hazırda Avropa Birliyi məkanında və digər ölkələrdə tətbiq olunur. Bu xidmət bütün ölkələrdə yalnız xarici vətəndaşlar üçün nəzərdə tutulub. Adətən turistlər hər hansı xarici ölkəyə gedərkən orada “tax free” sisteminin tətbiqinin şərtlərini də öyrənir və etdikləri alış-veriş məbləğindən neçə faizini geri alacaqlarını əvvəlcədən hesablayırlar. ƏDV-nin məbləği tətbiq olunduğu ölkələrə görə dəyişir.

Bu ilin iyun ayından “tax free” sisteminin Azərbaycanda da tətbiqinə başlanıb. Ölkədə xarici turistlərin aldığı mala görə ödənilən ƏDV məbləğinin onlar ölkəni tərk edərkən özlərinə qaytarılması təmin olunur. Alıcı aldığı malları Azərbaycan ərazisindən apardıqda onlara dair e-VHF-i öz pasportu ilə birlikdə gömrük sərhəd-buraxılış məntəqəsində gömrük orqanı əməkdaşına təqdim etməlidir. Gömrük orqanı e-VHF-in məlumatlarını vahid məlumat bazasında eyniləşdirdikdən sonra mexaniki risk qiymətləndirməsi aparılır. Qiymətləndirmənin nəticələri əsasında alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməli olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanır.

Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir. Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparır, möhürlə təsdiqləyərək alıcıya təqdim edir və vahid məlumat bazasında e-VHF-ni təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürür. Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanının möhürlə təsdiq etdiyi e-VHF-ə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş kimi və ya 10 iş günündən gec olmayaraq xarici və ya milli valyutada bank kartına və ya hesabına köçürmə qaydasında qaytarır.

Azərbaycanda “tax free” bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilir. ƏDV-nin alıcıya qaytarılması isə nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata keçirilir. Alıcıya ödəniləcək ƏDV məbləğindən operatorun göstərdiyi xidmətlərə görə 20 faiz həcmində xidmət haqqı və bank komissiya haqqı tutulur.

— Sistemin vahid məlumat bazasının operatoru Vergilər Nazirliyidir. Burada nazirliyin əsas fəaliyyəti nədən ibarətdir?

— Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir, proqram təminatının daim işlək vəziyyətdə saxlanmasını və fasiləsiz işləməsini, “tax free” mərkəzi informasiya sisteminin yaradılmasını və idarə edilməsini təmin edir.

— Ölkəmizdə yeni tətbiq olunan bu sistem hansı nəticələri verir?

— Bu sistem ölkəyə xarici turistlərin cəlb edilməsini təşviq edir, habelə onların ölkə ərazisində mal almasını stimullaşdırır. “Tax free” sisteminin tətbiq olunması sərhəd məntəqələrindən alış-veriş edən turistlər üçün hava limanlarında, sərhəd-keçid məntəqələrində məbləğin müəyyən qisminin geri qaytarılmasına şərait yaradır. Bu isə turistləri xərcləmələrə təşviq edən mexanizmdir. Bu sistem ölkənin turizm üzrə rəqabət qabiliyyətini artırır, ölkəyə xarici valyuta gətirilməsini təmin edir, ölkədə pərakəndə ticarətdə rəqabəti artırmaqla satış dövriyyəsini genişləndirir, habelə turist yönümlü istehsalı stimullaşdırır.

İstehsal mühitinin formalaşdırılması, rəqabətli məhsulların istehsalı və dünya bazarına çıxarılması, daha sonra ölkəyə valyuta axını əldə etmək iqtisadi baxımdan mühüm prosesdir. Bu baxımdan ölkəyə turist axınını təmin etməklə, turist xərcləmələrinin həcmini artırmaqla əlavə valyuta axınına nail olmaq mümkündür. Rəqəmlərə baxsaq görərik ki, Vergilər Nazirliyinin tətbiq etdiyi “tax free” sisteminə əsasən 45 min şəxsə 100 min manatdan artıq ƏDV qaytarılıb.

— “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında prezident sərəncamından (Vergi islahatlarının istiqamətləri təsdiqlənib) irəli gələn məsələlərin icrası ilə bağlı “tax free” sistemində hansı yeniliklər olacaq?

— Sərəncamın icrası ilə bağlı “tax free” sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiqi həyata keçiriləcək. Artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün qanun layihəsi hazırlanıb. Proqram təminatı və vahid elektron məlumat bazası yaradıldıqdan, onun vergi və digər aidiyyəti dövlət orqanlarının, habelə müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyası təmin edildikdən sonra bu sistemin bütün sərhəd-buraxılış məntəqələrində qurulması hissə-hissə həyata keçiriləcək.

Əcnəbilərin Azərbaycanda alış-verişi asanlaşdırıldı

Vergidən azad sisteminin tətbiqinə başlanıb

Əlavə dəyər vergisinin qaytarılması qaydası təsdiqləndi



Məhkəmə iki bankı müflis elan edib

17.08.2016



mehkeme 1
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC və “Atrabank” ASC müflis elan olunub. Xəbəri Əmanətlərin Sığortalanması Fondu avqustun 17-də yayıb.

Məlumata əsasən, fond bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Məhbus bankir: “Samir Şərifov mənim yanımda əyləşməlidir”

17.08.2016



cahangir haciyev 1Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin işi üzrə hazırlıq iclasını davam etdirib.

Beynəlxalq Banka külli miqdarda ziyan vurulması faktı ilə əlaqədar işin istintaqını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. İstintaq bildirir ki, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. İddiaya görə, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurublar.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbsdədir.

APA-nın məlumatına görə, avqustun 17-də hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə çıxış edən Cahangir Hacıyev özünü təqsirli bilmədiyini deyib: “Cinayət işi açılanda mən xaricdə idim, ancaq zəng edib məlumat verən kimi ölkəyə gəldim. Nə vaxt istintaqa dəvət ediblərsə, getmişəm və 11 dəfə istintaqa ifadə vermişəm. Ötən ilin dekabrında həbs qərarı çıxarıldı. 38 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanmışam. Mənim bir günahım olsaydı, vətənə qayıtmazdım.

Digər təqsirləndirilən şəxslərlə birlikdə çalışmışıq və işimizdə də heç bir problem olmayıb. İstintaq düzgün aparılmayıb. İttiham aktında 49 fiziki şəxsə kreditin verilməsi ilə bağlı məlumat yer alıb. Kreditlərin hansı sahə üzrə ayrılması, necə ödənilməsi barədə sənədləri istintaqa biz təqdim etmişik. Bu işdə mənimsəmə olduğu deyilir. Ancaq pulu götürən şəxslərin heç biri pulu kimə verdiyini demir. Mənim və ya digər təqsirləndirilən şəxslərin adları çəkilmir. Burada mənimsəmə haradadır?

Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri idi. Onlar bankda oturub bütün qərarlara qol çəkiblər. Amma ittiham aktında Audit Komissiyasında, Maliyyə Şurasında, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır. Maliyyə naziri Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada mənim yanımda əyləşməlidir. Bunu sübut eləyən faktlarım var. Bəzi kreditlərin ödənilmədiyi deyilir, lakin onların hələ ödəniş vaxtı başa çatmayıb. İndi hamının krediti var. Ölkədə 2 milyon insanın kredit borcu olduğu bilinir. Onda bank sistemini ləğv edib kredit verənləri tutmaq lazımdır”.

Nazirlik əlilliyi olan 454 nəfərin məşğulluğunu təmin edib

17.08.2016

emek nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-iyul aylarında əlilliyi olan 454 nəfəri münasib işlərlə təmin edib. Həmin vətəndaşlardan 155 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün idarə, müəssisə və təşkilatlardakı kvota üzrə iş alıblar.

Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir. İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə 4 faizi, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə 5 faizi miqdarında kvota yeri ayrılır.

Rəsmi məlumata görə, bu il ərzində rayon (şəhər) məşğulluq mərkəzləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün ümumilikdə 665 müəssisədə 2 minə yaxın kvota üzrə iş yeri müəyyən edib. Onlardan 50 faizə yaxını məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub.

Natiq Cəfərli haqda qərar qüvvədə saxlandı

17.08.2016

natiq ceferliAvqustun 17-də Bakı Apellyasiya Məhkəməsində Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədilə verilən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib, həbs qətimkan tədbiri haqda Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanıb.

Natiq Cəfərli avqustun 12-də tutulub, Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Avqustun 15-də Baş Prokurorluq Natiq Cəfərlinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Natiq Cəfərli 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan Demokratiyaya Milli Dəstək Fondundan özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 565 ABŞ dolları məbləğində pulu “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin edib, nağdlaşdırıb götürərək qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, 71 334 manat məbləğində gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. Açıqlamaya görə, Natiq Cəfərli iş üzrə verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildən həbsdədir. O, həmin il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir.

REAL Hərəkatı referenduma çıxarılan təkliflərin əleyhinədir və hərəkat rəhbərliyi Natiq Cəfərlinin həbsini həm də bununla əlaqələndirir. Natiq Cəfərli REAL-ın 26 sentyabr referendumu ilə bağlı yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsidir.

İspaniya borca düşüb 1909-cu ilə qayıdır

17.08.2016

Novator.az xəbər verir ki, İspaniya Mərkəzi Bankı avqustun 17-də ölkənin dövlət borcunun 1 trilyon 107 milyard avroya çatdığını açıqlayıb. Bu, ümumi daxili məhsulun 100,9%-i deməkdir.

1909-cu ildə İspaniyanın dövlət borcu ümumi daxili məhsulun 102%-i həcmində olub.

2009-cu ildən ölkənin dövlət borcu artmaqdadır. 2013-cü ildə İspaniyanın dövlət borcu ümumi daxili məhsulun 93,9%-i həcmində idi.

İspaniyanın İqtisadiyyat Nazirliyi ilin sonuna dövlət borcunun ümumi daxili məhsulun 99,14%-i, 2019-cu ildə isə 96%-i həcminə düşəcəyini proqnozlaşdırır.



ispaniyada bohran

Ekspert: “Hərraca çıxarılan müəssisələrin çoxu satılmayacaq”

17.08.2016

qubad ibadoglu 1
İqtisadçı ekspert Qubad İbadoğlu Əmlak Məsələləri Dövlət Komitəsinin 65 dövlət əmlakını özəlləşdirmək qərarını şərh edib.

Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Rəsmi məlumata görə, bu tədbirlər prezidentin 19 iyul 2016-cı il fərmanına və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun həyata keçirilir.

Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi üçün hərraclar elan edib. Bu əmlakların 25-i səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərir.

Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, özəlləşdirməyə təqdim edilən bir çox obyektin səhmləri 70 faiz ətrafında və ya ondan çox satılıb, satışa çıxarılan isə zamanında satılmayan səhmlərdir: “Özəlləşdirmənin ilk sxeminə görə, təqdim olunan obyektlərin 70 faizi vaxtilə dövriyyədə olan çeklərlə satılırdı, onların da 15 faizini kollektivin almaq hüququ vardı. Bu yanlış sxemin tətbiqindən sonra bir çox səhmdar cəmiyyətin səhmlərinin nağd satışa çıxarılan hissəsi – 30 faizi satılmamış qaldı. Elə bu səbəbdən də birinci özəlləşdirmə çərçivəsində dövlət büdcəsi ciddi maliyyə qazana bilmədi. Çünki səhm nəzarət paketi başqasının nəzarətində olan müəssisələrə adətən yeni investor maraq göstərmir.

Təhlil göstərir ki, özəlləşdirməyə təqdim olunan bir çox müəssisə fəaliyyətsizdir və yaxud illərlə dayanandan sonra işini qismən bərpa edib. Məsələn, “Lənkəran Broyler” Açıq Səhmdar Cəmiyyətinin, çörək məmulatlarının istehsalı və satışı üzrə ixtisaslaşmış “Şəmkir” Açıq Səhmdar Cəmiyyətinin, “Zaqatala Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətinin və digərlərinin işçilərinin sayı 1 nəfər göstərilib. Müəssisələr arasında zərərlə işləyənlər, kreditor borcu olanlar da kifayət qədərdir. Odur ki, səhmlərinin 70 faizinə qədəri satılan (səhm nəzarət paketi 1 nəfərin və qrupun əlində olan), debitor borcları olan, zərərlə işləyən və yaxud fəaliyyət göstərməyən belə obyektlərin özəlləşməsindən yaxşı nəticə gözləmək sadəlövhlükdür. Əmlak Məsələləri Dövlət Komitəsi belə müəssisələri özəlləşdirməyə çıxarmaqla çox uğursuz layihəyə imza atıb. Çox güman ki, hərraca çıxarılan bu müəssisələrin çoxu satılmayacaq. Komitənin bu təşəbbüsünü prezidentin fərmanının icrasına uğursuz yanaşma kimi dəyərləndirmək olar”.

Transparency.az xatırladır ki, bu il mayın 10-da Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meylləri” adlı hesabat yayıb. Hesabata görə, 1996-cı ildən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib: “Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyət yaradılıb və sonradan özəlləşdirilib. Özəlləşdirmənin başlandığı dövrdən dövlət büdcəsinə müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 milyon manat daxil olub.

Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib, 550 milyon ABŞ dolları məbləğində vəsait investisiya şəklində qoyulub”.

Bu dəfə avro bahalaşıb

18.08.2016

avro 1Azərbaycan Mərkəzi Bankı avqustun 18-də ABŞ dollarının kursunu dəyişməyib, 1 dollar ötən gün olduğu kimi 1,6164 manata satılır.

Rusiya rublunda da yenilik olmayıb, 1 rubl yenə 0,0253 manata təklif olunur.

Avronun rəsmi məzənnəsi isə yuxarıya istiqamət götürüb. Transparency.az-ın məlumatına görə, avqustun 17-də 1,8212 manata dəyişdirilən 1 avro bu gün 1,8272 manatadır.

1 gürcü larisinə 0,6967 manat, 1 ingilis funt sterlinqinə 2,1099 manat, 1 türk lirəsinə 0,5536 manat qiymət qoyulub (Məzənnələr).

7 istiqamətli xidmətdən 300-ə yaxın vətəndaş istifadə edib

18.08.2016



195 - chagriİyul ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 300-ə yaxın vətəndaş istifadə edib. 7 istiqamət üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan yararlananlar daha çox İqtisadiyyat Nazirliyinin təqdim etdiyi lisenziyalar barədə bilgi alıblar.

Xəbəri Economy.gov.az yayıb.

İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzi müraciət edənlərə səsli menyu vasitəsilə 1 düyməsini seçərək operatorla canlı əlaqə yaratmaqla bərabər 2 düyməsini seçməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair ümumi məlumatlar əldə etmək imkanı verir. Vətəndaş 195-2-2 yığdıqdan sonra bunlar barədə ümumi məlumatlar əldə edə bilir:

1 düyməsi vasitəsilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydaları,

2 düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyində verilən lisenziyalar,

3 düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyinin investisiya təşviqi sənədini verməsi qaydası,

4 düyməsi vasitəsilə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası,

5 düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyində qrant müqavilələrinin (qərarların) qeydə alınması qaydası,

6 düyməsi vasitəsilə sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi,

7 düyməsi vasitəsilə istehlakçıların hüquqlarının müdafiəsi.

Azərbaycan nefti büdcə qiymətinin ikiqatına satılır

18.08.2016



neft 1Dünya bazarında neftin bahalaşması davam edir. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,21 dollar bahalaşaraq 46,79 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 49,85 dollar olub.

AZƏRTAC-ın 18 avqust məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 0,35 dollar bahalaşaraq 50,29 dollara qalxıb. Bu, büdcə qiymətindən 25 dollardan çox yuxarı qiymətdir. Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Rio-2016-da 79 ölkə medal götürüb

18.08.2016



medal 1
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən yay olimpiadası finişə yaxınlaşır. Transparency.az bildirir ki, avqustun 5-də start götürmüş oyunlarda Azərbaycan bu günədək 3 gümüş (2-si cüdoda, 1-i güləşdə), 4 bürünc (2-si güləşdə, 1-i avarçəkmədə, 1-i taekvondoda) medal alıb.

Avqustun 21-də başa çatacaq olimpiadaya ABŞ öncüllük edir. Bu ölkənin idmançıları 30 qızıl, 32 gümüş, 31 bürünc medal alıb.

Böyük Britaniya 19 qızıl, 19 gümüş, 12 bürünc medala sahibdir.

Çinin 19 qızıl, 15 gümüş, 20 bürünc medalı var.

Rusiya 12 qızıl, 14 gümüş, 15 bürünc əldə edib.

Almaniya 12 qızıl, 8 gümüş, 9 bürünc medal qazanıb.

Keçmiş SSRİ ölkələrinin Rio-2016-da nəticələri belədir:

Qazaxıstan – 3 qızıl, 3 gümüş, 6 bürünc

Özbəkistan – 2 qızıl, 1 gümüş, 4 bürünc

Ukrayna – 1 qızıl, 4 gümüş, 2 bürünc

Belarus – 1 qızıl, 2 gümüş, 2 bürünc

Gürcüstan – 1 qızıl, 1 gümüş, 4 bürünc

Ermənistan – 1 qızıl, 3 gümüş

Litva – 1 gümüş, 2 bürünc.

Estoniya, Qırğızıstan və Moldovanın 1 bürünc medalı var.

Qonşu Türkiyə olimpiadada 2 gümüş, 1 bürünc, İran 2 qızıl, 2 bürünc götürüb.

Rio-2016-da ümumilikdə 79 ölkə medal əldə edib. Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında yarışan idmançılar isə 1 qızıl, 1 bürünc qazanıblar.

Vergilər Nazirliyindən yeniliklər anonsu

18.08.2016

vn
Avqustun 18-də Vergilər Nazirliyi “İqtisadi inkişaf üçün yeni imkanlar” adlı material yayıb. Qeyd olunur ki, prezidentin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il sərəncamıəsaslı islahatlara yol açacaq: “Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlavə dəyər vergisi (ƏDV) ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Məsələn, sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla digər vergilərin ödənilməsindən azad edilib. Hazırda pərakəndə satış zamanı həmin məhsulların dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir. Bununla yanaşı ƏDV ödəyicisi olmayan şəxslərdən alınmış mallar da ticarət şəbəkələrində 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməklə satılır. Kənd təsərrüfatı məhsullarının qiymətlərində süni artımın olması onların ticarət dövriyyəsinə mənfi təsir göstərir.

Qanunvericiliyə uyğun olaraq ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri ümumi dövriyyədən ƏDV hesablamalı olurlar, bu da pərakəndə satış qiymətində artıma səbəb olur. Yeni islahatlar isə bu sahəni əhalinin və sahibkarın xeyrinə tənzimləyəcək”.

Vergilər Nazirliyi bildirir ki, ƏDV son istehlakçıdan alınan istehlak vergisidir və bu verginin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsi ilə nəticələnməlidir: “Bu da sahibkarın dövriyyəsinin, son nəticədə isə mənfəətinin artmasına müsbət təsir göstərəcək. Ona görə də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan mallar və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmaldır. Əgər uçotu aparılmazsa, ƏDV ümumi dövriyyəyə tətbiq olunacaq.

4 avqust sərəncamından irəli gələn məsələlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin dairəsinin dəqiq müəyyənləşdirilməsini zəruri edir. Hazırda topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər malların satışı zamanı əksər hallarda ciddi hesabat blanklarından istifadə etmir. Həmin obyektlərdə malların pərakəndə qaydada da satışı həyata keçirilir və bu onların vergitutma obyektinin müəyyən edilməsində çətinliklər yaradır. Topdan və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsinə zərurət yaranır.

Ekspertlərin fikrincə, bu addım topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb olacaq. Ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər, bu da öz növbəsində sağlam rəqabət mühitinə yol açar.

Əlavə dəyər vergisi ilə bağlı digər məqam bir sıra istehlak mallarının qiymətlərinin həmin mallara 18 faiz dərəcə ilə tətbiq edilən ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsini nəzərdə tutur. Beynəlxalq təcrübədə bir sıra mallara, o cümlədən uşaq qidalarına, məktəbli ləvazimatlarına, dərman vasitələrinə, əlillər üçün tibbi məhsullara və avadanlıqlara, kitablara və bir sıra xidmət növlərinə ƏDV-nin diffrensiallaşdırılmış dərəcəsi tətbiq edilir. Bu məqsədlə beynəlxalq təcrübə öyrənilərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər olunacaq.

Ekspertlərin qənaətinə görə, ƏDV-nin differensiallaşdırılması stimullaşdırıcı xarakter daşıyır. Differensial ƏDV ilə kiçik sahibkarlığın inkişafına imkan yaranır, müəssisə daha çox böyüməyə meylli olur. Eyni zamanda bu addım sahibkarlıq subyektlərinin sayının artımına gətirib çıxarır. Sahibkarlıq subyektlərinin sayı artdıqca da vergi ödəyicilərinin sayı artmış olur”.

Ekoloji pozuntular barədə rəsmi açıqlama

18.08.2016



ekologiya nazirliyi 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti avqustun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırıb. Rəsmi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində qanun pozuntuları aşkarlanıb. 84 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 66 müddətli göstəriş verilib.

Ümumilikdə ətraf mühitə dəymiş ziyana görə 7 iş üzrə 517,2 manat məbləğində iddia qaldırılıb, 67 iş üzrə 54900 manat məbləğində inzibati cərimə, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 192 iş üzrə 60701,69 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 21, icra qurumlarına isə 5 iş göndərilib.

Neft Fondu 28 banka 50 milyon dollar satdı

18.08.2016

dnf 1Dövlət Neft Fondu avqustun 18-də keçirilən valyuta hərracına 50 milyon ABŞ dolları çıxarıb. Vəsait 28 banka satılıb.

Bununla Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 105,9 milyon dollara çatıb.

Manatın kursunu sabit saxlamaq üçün bu il keçirilən valyuta hərraclarında Mərkəzi Bankdan 835,4 milyon dollar alınıb. Transparency.az bildirir ki, Dövlət Neft Fondunun satdığı xarici valyuta ilə birlikdə manata 3 milyard 941,3 milyon dollar xərclənib.

Ötən il Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 dolların rəsmi kursu 1,6164 manatdır.

Seçkilər və qanunsuzluqlar: baş prokurorun müavini statistika açıqlayıb

18.08.2016

Avqustun 18-i Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib. Müşavirədə MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, baş prokurorun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev və başqaları iştirak ediblər.

APA-nın məlumatına görə, seminar-müşavirədə “Referendumda iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu” mövzusunda çıxış edən Rüstəm Usubov seçki pozuntuları statistikasını nəzərə çatdırıb. O deyib ki, 2005-ci ildə Milli Məclisə keçirilmiş seçkidə və 2006-cı ilin təkrar seçkilərində Baş Prokurorluq 365 müraciət alıb: “Həmin müraciətlərin 102-si MSK-dan, 35-i seçki komissiyalarından, 4-ü seçki bloklarından, 31-i hüquq mühafizə orqanlarından, 193-ü vətəndaşlardan daxil olub. Ümumilikdə 20 cinayət işi başlanıb. Seçiciləri ələ almağa görə 6 cinayət işi, sənədlərin saxtalaşdırılmasına görə 5 cinayət işi, xuliqanlığa görə 4 cinayət işi, hakimiyyət nümayəndəsinə zor göstərilməsinə görə 1 cinayət işi, seçki komissiyalarının işinə müdaxilə etməklə bağlı 3 cinayət işi, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 1 cinayət işi qaldırılıb. 14 iş məhkəməyə göndərilib, 18 nəfər barədə qanuni hökm çıxarılıb. Həmin 18 nəfərdən 5-i deputatlığa namizəd, 6-sı məntəqə və dairə seçki komissiyalarının sədrləri, 4-ü seçki komissiyalarının üzvü, 3-ü başqa şəxslər olub. Qanun pozuntularına yol verildiyi üçün 10 dairə üzrə seçkinin nəticələri ləğv edilib”.

2008-ci ilin prezident seçkisində prokurorluğa heç bir şikayət daxil olmadığını vurğulayan Rüstəm Usubov deyib ki, 2010-cu ilin parlament seçkisində prokurorluğa 93 müraciət göndərilib: “Həmin müraciətlərlə əlaqədar deputatlığa namizəd Vidadi İsgəndərov seçicilərə və seçki komissiyalarının üzvlərinə hədələmə və zor tələb etmək ittihamı ilə həbs edilib. 2015-ci ildə keçirilən parlament seçkisi ilə bağlı prokurorluq orqanlarına cəmi 23 şikayət daxil olub. Həmin müraciətlərin 17-i MSK-ya, 2-si dairə seçki komissiyasına göndərilib, 4 müraciətlə bağlı isə müraciət müəlliflərinə qanunvericiliyin tələbləri izah edilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə nəticələr ləğv edilib, 18 iyun 2016-cı ildə bu dairə üzrə əlavə seçki keçirilib. Beləliklə, seçki pozuntuları sahəsində müsbət dinamika müşahidə olunur”.

msk

msk 2

Naxçıvanın sosial həyatı ilə bağlı bəzi rəqəmlər yayılıb

18.08.2016

nmr
AZƏRTAC Naxçıvan Muxtar Respublikasının sosial həyatı ilə bağlı bəzi rəqəmlər yayıb. Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, iyul ayında işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə aktiv məşğulluq tədbirləri davam etdirilib, 268 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 15 nəfər müvafiq peşə kurslarına, 30 nəfər haqqı ödənilən ictimai işə cəlb edilib, 4 nəfər isə kəndlərin xidmət mərkəzlərində müvafiq işlə təmin olunub. Onların 9-u məhdud fiziki imkanlı şəxslərdir.

İyul ayında tənha yaşayan və başqasının yardımına ehtiyacı olan 458 ahıl və fiziki imkanları məhdud şəxsə evlərində, 16 nəfərə Ahıllar Evində stasionar sosial xidmət göstərilib, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 27 şəxsin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 34 uşağın müalicəsi təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bildirir ki, bu il əmək yarmarkalarına 212 idarə, müəssisə və təşkilatdan vətəndaşlara 1541 boş iş yeri təqdim edilib. Boş iş yerlərinin 1277-si dövlət, 264-ü qeyri-dövlət müəssisələrinə aid olub. İşlə təmin edilənlərdən 68 nəfəri 29 yaşadək, 4 nəfəri isə sağlamlıq imkanları məhdud şəxslərdir.

Cari ilin ilk 6 ayında 1203 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə göndərilib. İşə göndərilənlərin 64-ü sağlamlıq imkanları məhdud şəxs, 18-i hərbi xidmətdən yeni tərxis olunan, 5-i cəzaçəkmə müəssisəsindən azad edilən, 54 nəfəri isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləri olub.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 20 nəfər işlə təmin edilib, 164 nəfər müvafiq peşə kurslarına, 68 nəfər haqqı ödənilən ictimai işə cəlb olunub. Bu müddət ərzində keçirilən əmək yarmarkalarında 180 nəfərə peşə və ixtisasına uyğun işə qəbul üçün göndəriş verilib.

Başqa bir rəsmi açıqlamaya görə, daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən işlərin nəticəsi olaraq ötən ay muxtar respublika üzrə 486 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, 437 texniki sənəd hazırlanıb.

Qalan 4 ayda manatı nə gözləyir?

18.08.2016



rovshan-agayev-yeni1

Yüklə 456,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin