§ 2. KƏND TƏSƏRRÜFATI
Aqrar münasibətlər: XX əsrin əvvəllərində Azərbaycan əhalisinin 80
faizi kənddə yaşayırdı.
Butün torpaqların
3
/
4
hissəsindən çoxu xəzinənin (dövlətin) ixtiyarında idi.
Kənd əhalisinin 70 faizini xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri təşkil
edirdi. 1912-ci ildə onların istifadəsində 2 milyon desyatindən bir qədər artıq
torpaq sahəsi vardı.
Dövlət kəndliləri xəzinə torpaqlarından icmalıqla istifadə edirdilər. Kəndli
şəxsən azad idi və özünün pay torpağına görə dövlətə töycü verirdi. Torpaq onun
həmişəlik istifadəsində idi. O öz torpağını icarəyə verə bilər, onu ailə üzvləri
arasında bölüşdürə bilərdi.
İcmaçı kəndlilər arasında təbəqələşmə getdikcə qüvvətlənirdi. İcma
torpaqlarının çox hissəsini əlinə keçirmiş qolçomaqlar və varlı kəndlilər pay
torpaqlarının vaxtaşırı bölüşdürülməsi qaydasını daim pozurdular.
Kəndlilərin ikinci böyük qrupunu bəy-mülkədar torpaqlarında yaşayan
sahibkar kəndliləri təşkil edirdi. Onlar şəxsən azad olub, «yarımmükəlləfiyyətli»,
yəni mülkədardan iqtisadi cəhətdən asılı vəziyyətdə idilər. Sahibkar kəndliləri,
əsasən, Yelizavetpol quberniyasında yaşayırdılar.
Kəndlilərin cüzi hissəsi dini idarələrə məxsus torpaqlarda yaşayırdılar.
Özünün az miqdarda şəxsi torpağı olan mülkiyyətçi kəndlilər də vardı. Lakin
bunlar heç bir faiz də təşkil etmirdilər.
Azərbaycanın dağ və dağətəyi yerlərində əsasən maldarlıqla məşğul olan
yarımköçərilərin tək-tək təsərrüfatları hələ qalırdı. Onların oturaq həyat tərzinə
keçmələri getdikcə güclənirdi. 1916-cı ildə cəmi 29 min yarımköçəri kəndli
təsərrüfatı qalmışdı.
1901-ci il yanvarın 1-dən qüvvəyə minən yeni torpaq qanunu ilə bütün
kateqoriyalar üzrə kəndlilərin dövlət qarşısında mükəlləfiyyətləri dəqiq
müəyyənləşdirildi.
Həmin qanuna əsasən, dövlət kəndliləri özlərinin həmişəlik istifadəsində
olan pay torpaqlarına görə xəzinəyə həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirin
10-12 faizini təşkil edən dövlət töycüsü, istifadə etdiyi başqa torpaqlara görə torpaq
vergisi, bütün torpaqlara şamil edilən zemski rüsumu (vergisi) ödəməli idilər.
Zemski rüsumu əhalinin təhsil, səhiyyə, baytarlıq və s. yerli xərclərini
ödəmək məqsədilə alınırdı. Lakin o, əsasən, polisin saxlanmasına sərf edilirdi.
Sahibkar kəndliləri öz ağalarının xeyrinə bir sıra mükəlləfiyyətlər, o cümlədən,
torpaqdan istifadəyə görə məhsulun
1
/
10
hissəsindən yarısına qədərini təşkil edən
malcəhət, yaxud bəhrə, qışlaqda saxlanan heyvana görə ot pulu, alaçıq tikməyə
görə tüstü pulu, bağ və tərəvəz yetişdirməyə görə bağ pulu və s. ödəyirdilər.
Onlar dövlətə də bir sıra vergilər verirdilər. Yeni qanuna əsasən, həmin
vergilər iki qrupda cəmləşdirilirdi: 1) sahibkar kəndlilərin, həmçinin bəy və
28
mülkədarların bilavasitə istifadəsində olan torpaqlara görə torpaq vergisi, 2) bütün
torpaqlara şamil edilən zemski rüsumu (vergisi).
Azərbaycanlı kişilər əsgərliyə çağırılmadıqlarına görə, dövlətə hərbi vergi
də verirdilər.
1912-ci ildə Azərbaycanda torpaqların 25 faizini-1,2 milyon desyatinə
qədərini xüsusi sahibkar torpaqları təşkil edirdi. Bunun 60 faizi bilavasitə bəy, xan
və mülkədarlara məxsus idi. Təkcə min desyatindən artıq əkin sahəsi olan yüzdən
artıq iri torpaq sahibi vardı.
Sahibkar kəndlilərinə adambaşına orta hesabla 1 desyatindən bir qədər
artıq torpaq sahəsi düşürdü. Buraya, həmçinin, əkinə yararsız yerlər də daxil idi.
Ayrılıqda götürdükdə, bəzi qəzalarda adambaşına daha az, məsələn, Zəngəzur,
Lənkəran qəzalarında 0,5 desyatin torpaq sahəsi düşürdü. On minlərlə torpaqsız
kəndli vardı.
Torpaqla nisbətən yaxşı təmin edilmiş dövlət kəndlilərinin də vəziyyəti o
qədər yaxşı deyildi. Dövlət kəndlilərinə adambaşına orta hesabla 2 desyatindən bir
qədər artıq əkinə yararlı və yararsız pay torpağı düşürdü. Lakin təbəqələşmənin son
dərəcə güclənməsi nəticəsində dövlət kəndlilərinin yarısını—təqribən 500 min
nəfərini 0,5 desyatindən 2 desyatinədək pay torpağı olan aztorpaqlı kəndli kütləsi
təşkil edirdi. Minlərlə kəndli ailəsi bütünlüklə torpaqsız idi.
Dövlət kəndlilərinin öz istehsal vasitələrindən ayrı düşməsi halları
getdikcə artırdı. Yoxsul kəndlilərin bir qismi özünün əkin sahəsindən və bağından
istifadə hüququnu başqasına satır, digər qismi qoşqu heyvanı olmadığı üçün
özünün pay torpağını icarəyə verirdi. Hətta, qanunun ziddinə olaraq, müəyyən
fırıldaqlarla kəndlinin pay torpağını həmişəlik öz əlinə keçirən varlılara da təsadüf
edilirdi.
Aztorpaqlılığın və torpaqsızlığın səbəblərindən biri çarizmin öz köçürmə
siyasətini inadla davam etdirməsi idi. Çar hökuməti Mərkəzi Rusiyadan kəndliləri
milli ucqarlara köçürməklə yerlərdə özünə dayaq yaratmaq istəyirdi.
1912-ci ilə qədər Azərbaycanın iki quberniyasında Rusiyadan köçürülmüş
rusların 136 yaşayış məntəqəsi yaradılmışdı. 230 min desyatinə yaxın dövlət torpaq
sahəsi 40 mindən artıq pay şəklində gəlmə rus ailələrinə verilmişdi. Hər təsərrüfata
orta hesabla 6 desyatinə yaxın əkin sahəsi düşürdü ki, bu, yerli kəndli pay
torpaqlarının orta həcmindən xeyli çox idi.
Çar hökuməti İranla sərhəd ərazilərinin ruslarla məskunlaşdırılmasına
xüsusi əhəmiyyət verirdi. Bakı qubernatoruna bildirilmişdi ki, «İranla sərhəd olan
düzdə müsəlman əhalisinin sakin olmasına siyasi nöqteyi-nəzərdən əsla yol vermək
olmaz və siyasi mülahizələrə görə bu düzdə rus əhalisi yerləşdirilməlidir».
XX əsrin ilk illərində Rusiyadan köçürülən ruslar tərəfindən Muğanda—
Yermolovo, Kozlyakova, Lənkəran qəzasında—Alekseyevka, Pokrovka və başqa
kəndlər,
Quba
qəzasında—Şirvanskoye,
Cavad
qəzasında—Nikolayevka,
29
Aleksandrovka, Mixaylovka, Şamaxı qəzasında adları hələ rəsmiləşdirilməmiş
daha üç kənd salındı.
Xəzinənin ixtiyarında milyonlarla desyatin ehtiyat torpaq sahəsi olmasına
baxmayaraq, köçürülənlər, əsasən, minlərlə yerli kəndçi ailəsinin öz ata-baba
yurdlarından sıxışdırılması hesabına tmin edilirdilər. Məsələn, I Təklə, II Təklə,
Çəmənli, Xalac və bir neçə qonşu kənddə 2 mindən artıq dövlət kəndlisinin torpağı
əlindən alınıb gəlmə ruslara verilmişdi.
Kəndlilərin vəziyyətinin durmadan pisləşməsi, üstəlik, çar məmurlarının
özbaşınalığının artması kənd əhalisinin böyük narazılığına səbəb oldu. Ələlxüsus,
birinci rus inqilabı illərində bir sıra ciddi kəndli ixtişaşları baş verdi.
Kənddə yaranmış böhranlı vəziyyət hökumət dairələrini təşvişə saldı.
Qafqaz canişini Vorontsov-Daşkov çara yazdığı məktubunda çıxış yolunu
yubanmadan kəndli islahatı keçirilməsində görürdü.
Dövlət dumasında uzun müzakirələrdən sonra, Zaqafqaziyada aqrar
islahatı keçirmək qərara alındı. Bu islahat icmaları dağıtmaq və qolçomaqların
ictimai-iqtisadi mövqelərini daha da qüvvətləndirmək yolu ilə kənddə çarizmə
güclü dayaq yaratmalı idi.
1912-ci il dekabrın 20-də, Zaqafqaziya quberniyalarında torpaqların
məcburi surətdə satın alınması haqqında qanun verildi. Kəndlilər, özlərinin pay
torpaqları da daxil olmaqla, onlar üçün ayrılmış torpaq sahələrini satın almalı
idilər. Mülkədarlar, bəylər torpaq üçün ödənc (vıkup) pulunu dövlət xəzinəsindən
almalı, xəzinə isə həmin məbləği müəyyən müddət – 28-56 il ərzində kəndlilərdən
toplamalı idi. Bakı və Yelizavetpol quberniyalarında ümumi qiyməti 10,3 milyon
manat olan pay torpağı üçün kəndlilər xəzinəyə faizi ilə birlikdə 21 milyon manat
pul ödəyəcəkdilər.
1913-cü il yanvarın 1-dən etibarən kəndlilər bəylərin və mülkədarların
xeyrinə mükəlləfiyyət daşımaqdan bütünlüklə azad edildilər. Onlar özünün şəxsi
torpaq sahəsi olan mülkiyyətçi kəndliyə çevrildilər.
1913-cü il iyulun 7-də Zaqatala dairəsində də yeni aqrar qanunu tətbiq
edildi. Bu qanun əslində 1912-ci il dekabr qanununun davamı idi. Kəndlilər 20 il
ərzində xəzinəyə müəyyən edilmiş məbləğdə ödənc pulu verərək, bəy və keşkəl
sahiblərinin asılılığından azad olurdular.
1912—1913-cü illərin aqrar islahatları torpağı kəndlilərin mülkiyyətinə
verməklə, onun bir əldən başqa ələ keçməsini asanlaşdırdı. Kəndlilərin
təbəqələşməsi son dərəcə dərinləşdi. Onları kəndə bağlayan torpağın alqı-satqı
vasitəsinə çevrilməsi kəndlilərin kəndlilikdən çıxması və proletarlaşması prosesini
daha da sürətləndirdi. Kənddə qolçomaqların və varlı kəndlilərin mövqeləri
olduqca möhkəmləndi.
Aqrar islahatları kənddə feodal münasibətlərinə son qoymadı. İri bəy-
mülkədar latifundiyaları ilə yanaşı, icarədar kəndlilərin külli miqdarda xırda
30
təsərrüfatları qalmaqda idi. Ona görə də, Azərbaycanda aqrar münasibətləri
yarımfeodal xarakteri daşıyırdı.
Yeni aqrar qanunları kəndlilərin böyük əksəriyyətini təşkil edən dövlət
kəndlilərinə aid deyildi.
1917-ci ildə mülkiyyətçi kəndlilərin əlində 620 min desyatin torpaq sahəsi
vardı. Hər kəndli ailəsinə orta hesabla 2,3 desyatin torpaq sahəsi düşürdü. Lakin
torpaqlar paylanarkən 1912—1913-cü illərin aqrar qanunlarına qədərki mərz
hüdudları əsas götürüldüyündən kəndlilərin torpaq sahələrinin həcmi yenə də son
dərəcə qeyri-bərabər olaraq qalırdı. Kəndlilərin bir parasının 10 desyatinədək və
daha artıq torpağı olduğu halda, çoxunun lap az, hətta heç torpaq sahəsi yox idi.
Ona görə də torpaqsız və aztorpaqlı kəndlilər aqrar qanunları qəbul ediləndən sonra
da gedib mülkədarların, qolçomaqların yanında muzdla işləmək, yaxud onlardan
ağır şərtlərlə torpaq sahəsi icarəyə götürmək məcburiyyətində qaldılar.
Kənd təsərrüfatı məhsulları istehsalı: Azərbaycanda taxılçılıq kənd
təsərrüfatının əsas sahəsi idi. Bakı quberniyasının Lənkəran qəzası və Yelizavetpol
quberniyasının Yelizavetpol, Ərəş, Nuxa, Şuşa qəzaları əsas taxılçılıq rayonları idi.
Azərbaycanda çəltiyin yarıya qədəri Lənkəran qəzasında becərilirdi.
XX əsrin əvvəllərində taxıl istehsalı azalmağa başladı. Bu, hər şeydən
əvvəl, daha sərfəli pambıq əkini sahələrinin genişləndirilməsi ilə əlaqədar idi.
Təkcə 1913-cu ildə taxıl məhsulları istehsalı 1900-cü il səviyyəsinə
çatmışdı. Bu vaxt 41 milyon puda yaxın buğda, 12 milyon puda yaxın arpa, 5,5
milyon pud çəltik məhsulu toplanmışdı.
Taxıl məhsulları əsasən Azərbaycanın daxili ehtiyaclarını ödəyirdi. Qonşu
ölkələrlə də taxıl alış-verişi edilirdi.
Birinci dünya müharibəsi illərində taxılçılıq təsərrüfatları xeyli gerilədi.
Əkinçilik texnikası çox aşağı idi. Elə kəndli təsərrüfatları vardı ki, onların
nəinki kustar kotanı, heç adi xışı da yox idi. Yerli ustaların qayırdıqları (kustar)
kotanlar çox ağır olub, iş üçün az yararlı idi. Bəzən kotana 5—6 cüt kəl və ya öküz
qoşmaq lazım gəlirdi.
XX əsrdə Azərbaycana zavodda qayrılmış daha təkmil kənd təsərrüfatı
alətləri gətirilməsi xeyli artdı. Hər il, orta hesabla, ümumi çəkisi 25 min pud olan
maşın və alətlər gətirilirdi.
1910-cu ildə istifadədə 76 min xış və 25 min kustar kotanla yanaşı, 30 min
gətirilmə dəmir kotan vardı. Orta hesabla hər üç kəndli təsərrüfatına yalnız bir ədəd
şumlama vasitəsi—xış, kustar kotan və ya dəmir kotan düşürdü.
Gətirilmə kotanlardan əsasən alman və rus kolonistlərinin, qolçomaqların,
həmçinin bəzi mülkədarların təsərrüfatlarında istifadə olunurdu. Onları almağa
kəndlilərin gücü çatmırdı. Toxumsəpən, dənsovuran, dərzbağlayan, taxıldöyən
maşınlardan isə yalnız iri fermer və mülkədar təsərrüfatlarında istifadə olunurdu.
1910-cu ildən sonra çox iri təsərrüfatlarda ilk traktorlar görünməyə başladı.
31
Kənd təsərrüfatına ziyanvericilər böyük tələfat verirdi. Məsələn, 1910-cu
ildə çəyirtkə dəstələri hücum edərək, dörd qəzada taxıl və pambıq əkinlərini tamam
məhv etdi. Ziyanvericilərə qarşı zəif mübarizə aparılırdı.
Maldarlıq kənd əhalisinin mühüm məşğuliyyət növü idi.
XX əsrin əvvəllərində Azərbaycanda 3—5 milyon baş arasında mal-qara
olmuşdur. Mal-qaranın sayındakı bu cür kəskin dəyişiklik, əsasən, tez-tez baş
verən yoluxucu xəstəliklərlə əlaqədar idi. Məsələn, bir yoluxucu xəstəlik zamanı
təkcə Qazax və Şuşa qəzalarında 75 minə yaxın hələ qoyun tələf olmuşdu.
1913-cü ildə Azərbaycanda 1,2 milyon baş qaramal, 436 min başdan çox
camış, 2,7 milyon baş qoyun, 200 min başdan çox keçi, 177 min başa yaxın at
vardı.
Yoxsul kəndlilərin çoxunun inəyi, hətta heç qoşqu heyvanı da yox idi.
Orta hesabla iki kəndli təsərrüfatına bir qoşqu heyvanı, hər 10—15 kəndli ailəsinə
bir inək düşürdü.
Hər il, orta hesabla, istehsal edilən 500 min pud yunun yarısı və 500 min
ədəd müxtəlif heyvan dərisi Rusiyaya, həmçinin xarici ölkələrə göndərilirdi.
Birinci dünya müharibəsi illərində mal-qaranın və atların sayı yarıbayarı
azaldı. Onların bir hissəsi ordunun ehtiyacları üçün müsadirə edildi.
Azərbaycanda ipəkçiliklə lap qədimdən məşğul olurdular. İpəkçilik,
əsasən, Yelizavetpol quberniyasında, Bakı quberniyasının Göyçay, Lənkəran,
Quba qəzalarında, Zaqatala dairəsində, həmçinin Naxçıvan qəzasında yayılmışdı.
Rusiyada toxuculuq sənayesinin inkişafı ilə əlaqədar olaraq xam ipəyə
təlabat xeyli artdı. Bu, Azərbaycanda baramaçılığın inkişafına səbəb oldu. 1914-cü
ildə, keçən əsrin axırı ilə müqayisə etdikdə, baramaçılıqla məşğul olan kəndlərin
sayı təqribən iki dəfə çoxalaraq, 2200-ü ötdü. Həmin dövrdə çəkil plantasiyalarının
ümumi sahəsi də iki dəfəyə qədər genişlənərək, 60 min desyatinə çatdı.
Barama bütünlüklə satlıq məhsul (əmtəə) idi. Ondan yerli ipək
sənayesində istifadə olunur və Rusiyanın ipəksarıma müəssisələrinə, həmçinin
xarici ölkələrə göndərilirdi.
Barama istehsalı ilbəil artaraq, 1914-cü ildə 260 min puda çatdı. Birinci
dünya müharibəsi illərində barama istehsalı iki dəfə azaldı.
Pambıqçılıq sürətlə inkişaf edirdi. Pambıq, başlıca olaraq, Naxçıvan,
Yelizavetpol, Cavanşir, Şuşa, Göyçay, Cavad qəzalarında əkilirdi.
1913-cü ildə, əsrin əvvəlində olduğuna nisbətən 5,5 dəfə çox—105 min
desyatin sahədə pambıq əkilmiş və 5 milyon puddan artıq məhsul götürülmüşdür.
Pambıq əkmək xeyli zəhmət tələb etsə də, çox sərfəli idi. O zaman xam
pambığın pudu buğdanın pudundan 12 dəfə, arpanın pudundan 17 dəfə, çəltiyin
pudundan 7 dəfə baha olub, 77 manata satılırdı. Pambıq bütünlüklə əmtəə məhsulu
idi.
Əkinçilikdə, xüsusən pambıqçılıqda suvuranlardan (vodokaçkalardan)
istifadə olunurdu. İlk suvuran 1901-ci ildə Cavad qəzasının Petropavlovka kəndi
32
yaxınlığında Kür çayı üzərində quruldu. Sonralar Kür və Araz çayları sahilində
150-dək suvuran meydana gəldi. Neftlə işləyən bu maşınların bəziləri hətta 1000
desyatinə qədər torpaq sahəsinə su çıxarırdı. Toplanan məhsulun, bir qayda olaraq
1/3 hissəsi suvuran maşın sahibinə çatırdı.
Rusiya sənayesinin pambığa olan tələbatı sürətlə artırdı. Hər il
Amerikadan milyonlarla pud pambıq mahlıcı alınırdı. Ona görə çar hökuməti
Azərbaycanda pambıqçılığı inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi.
1907—1911-ci illərdə Muğan və Mil düzlərində ümumi uzunluğu 500
km-ə çatan magistral və qol kanalları çəkildi. 50 min desyatin torpaq sahəsinə su
çıxarıldı. Pambıq əkini sahələri genişləndi. Həmin yerlərdə Rusiyadan köçürülən
rusların yeni məskənləri meydana gəldi.
Pambıqçılıq texnikası ləng də olsa, irəliləyirdi. Bir sıra iri təsərrüfatlarda
toxumsəpən maşınlardan, kultivatorlardan, dəmir dırmıxlardan, hətta traktorlardan
istifadə olunmağa başladı. Cərgəli əkinə keçid sürətləndi.
Birinci dünya müharibəsi illərində pambıq əkini sahələri üç dəfəyə yaxın
azalaraq, 1917-ci ildə 37 min desyatinə endi.
Qəzaların çoxunda tütünçülüklə məşğul olurdular. Lakin tütünçülüyün
əsas mərkəzi Zaqatala dairəsi, qismən Nuxa qəzası idi. Yüksək məhsul verən əla
növ Trabzon və Samsun tütünü kimi sarı tütün növləri əsasən Zaqatala dairəsində
yetişdirilirdi. Digər qəzalarda başlıca olaraq, yerli tütün—tənbəki (maxorka)
əkilirdi ki, bu da elə istehsalçıların özləri tərəfindən istifadə olunurdu.
Tütünçülük çox gəlirli sahə idi. Onun hər desyatini 130—200 manat xalis
qazanc gətirirdi. Tütünün pudu 7—10, hətta 12 manata satılırdı, tənbəki isə bundan
iki dəfə ucuz idi.
XX əsrin əvvəllərindən sənaye tütünçülüyü inkişaf etməyə başladı.
Qiymətli tütün növlərinə təlabat artdı. Zaqatala ilə yanaşı, digər qəzalarda da sarı
tütün növləri əkininə diqqət artırıldı. Məsələn, 1910-cu ildə Yelizavetpol
qubeniyasında 1700 puddan çox Trabzon və Samsun növlü tütün yarpağı
yığılmışdı ki, bu da quberniyanıi tənbəki-tütün məhsulunun 11 faizini təşkil edirdi.
Başqa əkin növlərindən fərqli olaraq, tütün sahələri, adətən, çox kiçik
olurdu. Tütün əkini sahələrinin 2/3 hissəsindən çoxunu sahəsi 1 desyatindən az
olan plantasiyalar təşkil edirdi.
Azərbaycanda xam tütün yarpağının orta illik hasilatı 30 min puda bərabər
idi. Onun çox hissəsi satışa gedirdi. Müharibə illərində tütün əkini sahələri xeyli
genişləndi.
Bağçılıq və üzümçülük geniş yayılmışdı. Əlverişli təbii və iqlim şəraiti,
torpaqların münbitliyi Azərbaycanın, demək olar, hər yerində bağ-bostan
becərməyə imkan verirdi.
Meyvə bağlarının ümumi sahəsi 50 min desyatinə çatırdı. Təqribən min
kənddə meyvə bağı vardı.
33
Bağların yarıdan çoxu—27 min desyatini Yelizavetpol quberniyasında idi.
Quberniyada olan meyvə bağlarının 2/3 hissəsi—18 min desyatini təkcə Nuxa və
Ərəş qəzalarının payına düşürdü. Bu qəzalarda, əsasən, qoz, fındıq, şabalıd,
qızıləhmədi alma, Yelizavetpol qəzasında qaraçinar alması, məşhur «Təbriz» süfrə
üzümü və başqa meyvələr yetişdirilirdi.
Bakı quberniyasında 19 min desyatin meyvə bağı sahəsi vardı. Başlıca
meyvəçilik zonası olan Quba qəzasında müxtəlif sort alma və armud yetişdirilirdi.
Zaqatala özünün fındığı ilə məşhur idi. Burada 1500 desyatin sahədə, yəni
bütün bağ sahəsinin 2/3 hissəsində fındıq ağacı əkilmişdi.
Naxçıvan qəzasında Ordubad mahalı meyvəçilikdə fərqlənirdi. Burada
yüksək keyfiyyətli ərik növləri, qoz və başqa meyvələr yetişdirilirdi.
Azərbaycanda bostançılıq geniş yayılmışdı. Hər il Ucar və Ləki dəmir yol
stansiyalarından 200 min puddan çox qarpız-yemiş yola salınırdı.
Bütün qəzalarda üzüm yetişdirilirdi. Lakin əsas üzümçülük rayonları
Yelizavetpol, Şuşa, Göyçay, Şamaxı qəzaları idi. Azərbaycanda üzümlüklərin 2/3
hissəsi bu qəzaların payına düşürdü.
1913-cü ildə Zaqatala dairəsi və Naxçıvan qəzası da daxil olmaqla,
Azərbaycanda 28,5 min desyatin üzümlükdən 6 milyon puddan artıq məhsul yığılıb
emal müəssisələrinə təhvil verilmişdi. Bu, əsrin əvvəlində olduğundan iki dəfə çox
idi.
Üzümlüklərin böyük əksəriyyətini kiçik üzüm bağları təşkil edirdi. Hər
üzüm bağına orta hesabla 0,5 desyatin torpaq sahəsi düşürdü.
Üzümlüklərin çoxu iri şirkətlərə məxsus idi. Üzüm məhsulunun 3/4
hissəsini bu şirkətlər verirdi. Məsələn, birinci dünya müharibəsi ərəfəsində
Yelizavetpol quberniyasında üzümlüklərin 10 faizi, yəni 1200 desyatini üç iri
şirkətə məxsus idi.
Müharibə illərində üzümlüklərin sahəsi xeyli azaldı.
Kənd əhalisi tərəvəzçiliklə, arıçılıqla, biyan kökü çıxarmaqla, meşələrdən
yabanı meyvə və giləmeyvə toplamaqla, Abşeronda, həmçinin, zəfəran becərməklə
məşğul olurdu.
Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı ləng inkişaf edirdi. Bunun
başlıca səbəbi yerli əkinçiliyin texniki və aqrotexniki cəhətdən geri qalması,
kəndlilərin bəzi təsərrüfat səriştəsizliyi idi.
Çar hökuməti Azərbaycanda yalnız Rusiya sənayesinin ehtiyac hiss etdiyi
təsərrüfat sahələrinin inkişafına az-çox fikir verirdi.
Baramaçılığı, pambıqçılığı, habelə heyvandarlığı yaxşılaşdırmaq üçün
bəzi təşəbbüslər edilirdi.
1902-ci
ildə
ipəkçilərin
Yelizavetpolda çağırılan qurultayında
baramaçılığın sirlərinə bələd olmaq, çəkil plantasiyalarına aqrotexniki qaydada
qulluq etmək üçün kənd müəllimlərinin xüsusi kurslarını açmaq haqqında qərar
qəbul olundu. Kursu bitirən müəllimlər özlərinin dərs dediyi məktəbin nəzdində
34
təcrübə sahələri təşkil edib, baramaçılığı yerli kəndlilərə öyrətməli idilər. 25
kənddə və bəzi iri təsərrüfatlarda da bu cür təcrübə sahələri təşkil edildi.
Həmin il Yelizavetpolda kənd təsərrüfatı mütəxəssislərinin qurultayında
pambıqçılığı inkişaf etdirmək üçün yollar müəyyənləşdirildi. Göyçay qəzasında
pambıqçılıqdan nümunə sahəsi yaradıldı.
1904-cü ildə Ağdaşda Qafqaz pambıqçılarının birinci quberniyalararası
qurultayı çağırıldı.
Heyvandarlığın inkişafına, xüsusən, daha məhsuldar mal-qara cinslərinin
yetişdirilməsinə diqqət artırıldı. Alman və rus kolonistlərinin təsərrüfatlarında olan
çoxsüdverən qaramalın, merinos cinsli qoyunların və məşhur yerli heyvan
cinslərinin bazasında təcrübə stansiyaları, atçılıq zavodları yaradıldı.
1901-ci ildə baytarlıq işçilərinin Yelizavetpolda müşavirəsi keçirildi.
Heyvanlar arasında yoluxucu xəstəliklərin, xüsusən İranla sərhəd rayonlarında
yayılmış taun xəstəliyinin qarşısını almaq üçün taun məntəqələri, baytar
stansiyaları təşkil edildi.
Kənd təsərrüfatında kapitalist münasibətlərinin inkiĢafı: XIX əsrin
axırı-XX əsrin əvvəllərində bir sıra təbii iqtisadi-sosial proseslər - sənayenin
inkişafı, şəhər əhalisinin artması, Ümumrusiya və daxili bazarın genişlənməsi
kəndli təsərrüfatlarında əmtəə (satlıq məhsul) istehsalının çoxalmasına səbəb oldu.
Kəndli təsərrüfatlarının əmtəə istehsal etməsi kapitalist təsərrüfatçılığına
xas əlamət olsa da, bu hələ kənddə kapitalist istehsal münasibətlərinə keçildiyini
göstərmirdi. Kənd təsərrüfatında kapitalizmin başlıca əlaməti—istehsalın muzdlu
əməyə əsaslanmasıdır.
XX əsrin əvvəllərində Azərbaycanda kənd təsərrüfatının bütün
sahələrində muzdlu əməkdən bu və ya digər dərəcədə istifadə edilirdi.
Qolçomaq və varlı kəndli təsərrüfatlarında muzdlu əməkdən geniş istifadə
edilirdi.
Pambıqçılıq təsərrüfatları tamamilə muzdlu əməyə əsaslanırdı.
Bu dövrdə gəlmə ruslar arasında əsasən pambıqçılıqla məşğul olan çoxlu
kəndli-fermer təsərrüfatı meydana gəlmişdi. Məsələn, 1912-ci ildə Muğanın Novo-
Nikolayevka kəndində 2 min desyatin suvarılan torpağın 1/3 hissəsində təkcə
pambıq əkilmişdi. Hər kəndli təsərrüfatına orta hesabla 4 desyatinə qədər pambıq
əkini düşürdü. Bəzi qolçomaqların onlarca desyatin təkcə pambıq əkini sahəsi
vardı.
1917-ci ildə qolçomaq və varlı kəndli təsərrüfatlarının sayı, əsrin əvvəli
ilə müqayisə etdikdə, təqribən üç dəfə artaraq 29 mini ötmüşdü. Bütün kəndli
təsərrüfatlarının cəmi 8,6 faizini təşkil edən bu təsərrüfatların payına ümumi əmtəə
istehsalının 1/3 hissəsi düşürdü.
Muzdlu əməkdən bəzi bəy-mülkədar təsərrüfatlarında və çoxlu zəhmət
tələb edən bitkilərin becərilməsində də istifadə olunurdu.
35
Yüz və minlərlə desyatin torpaq sahəsi olan bəy və mülkədarlar, adətən,
özləri təsərrüfatla məşğul olmayıb, əkin yerlərini icarəyə verməyi üstün tuturdular.
XX əsrin əvvəllərində Rusiya bazarının pambıq, üzüm və başqa cənub
bitkilərinə təlabatının durmadan artması iri mülkədarları əmtəə istehsalını
genişləndirməyə sövq etdi. Sahəsi bəzən bir neçə yüz desyatin olan iri pambıq
plantasiyaları meydana gəldi.
1911 - 1912-ci illərdə Böyükağa Şamxorskinin 6-7 min desyatin, Lütfəli
bəy Zülqədərovun 2 min desyatin pambıq plantasiyaları vardı və s.
Muzdlu işçi qüvvəsindən istifadə edib yüzlərlə, hətta minlərlə desyatin
sahədə taxıl bitkiləri əkdirən bəylərə də təsadüf olunurdu. Məsələn, Xanbəyovların
«Xanqərvənd» mülkündə torpağın 2900 desyatinini muzdlu əməklə becərilən taxıl
əkini sahələri təşkil edirdi.
Azərbaycanda bəy-mülkədar latifundiyalarında muzdlu fəhlə qüvvəsi ilə
becərilən iri plantasiyaların meydana gəlməsi burada kapitalist əsaslarına
keçildiyini göstərsə də, təsərrüfatçılığın icarədarlıq kimi köhnə, yarımfeodal
sistemi özünün üstün mövqeyini hələ də saxlayırdı.
Sənayeçilərin, rus məmurlarının, zadəganların bütünlüklə muzdlu əməyə
əsaslanan geniş kapitalist təsərrüfatları meydana gəlmişdi.
1912-ci ildə H. Z. Tağıyevin 26 min desyatin sahəsi olan «Yevlax
mülkü»ndə müxtəlif kənd təsərrüfatı bitkiləri ilə yanaşı, 1000 desyatindən artıq
sahədə pambıq əkilmişdi. Onun Quba qəzasının Qusarçay sahəsində də əkinçilik,
bağçılıq, üzümçülük, maldarlıq, atçılıq, quşçuluqla məşğul olan iri təsərrüfatları
vardı. Qusarçay mülkündə fəhlələrin yaşamaları üçün ikimərtəbəli bina da
tikilmişdi.
Əsrin əvvəllərində iki rus kapitalisti tərəfindən yerli bəylərdən alınmış 2
min desyatindən artıq sahəsi olan «Qaraçala» mülkündə 1910-cu ildə 1600
desyatin sahədə pambıq, həmçinin taxıl əkilmişdi.
Yelizavetpol qəzasında 10 min desyatin sahəsi olan «Xanqərvənd»
mülkünü Usmiyevin varislərindən satın almış bir rus kapitalisti 1912-ci ildə 600
desyatin sahədə təkcə pambıq əkdirdi. 1913-cü ildə «Qafqaz pambığı» səhmdar
cəmiyyəti Usmiyevlərin Şuşa qəzasındakı 6,4 min desyatin torpaq mülkünü satın
alıb, onun 2,7 min desyatinini pambıq plantasiyasına çevirdi. Knyaz L. S. Qolitsın
özünün 700 desyatin torpaq sahəsinin 150 desyatinində təkcə üzüm plantasiyası
saldırdı və s.
Quba qəzasında kapitalistlərin, zadəganların, məmurların muzdlu əməklə
becərilən 10-dan artıq iri bağçılıq və üzümçülük təsərrüfatları vardı.
Yelizavetpol quberniyasında alman kolonistlərinin iri kapitalist-fermer
təsərrüfatları meydana gəlmişdi. Bu təsərrüfatlarda üzümçülük əsas yer tuturdu.
1910-cu ildə Forer qardaşlarına məxsus 4300 desyatin torpaq sahəsinin
600 desyatinini üzüm plantasiyası təşkil edirdi. Bundan əlavə, üç yüz baş cins inək
saxlanır və onların südündən hər il 500 puda yaxın yağ və brınza pendiri
36
hazırlanırdı. Mülkdə yüz başa qədər cins at bəslənir, müxtəlif növ kənd təsərrüfatı
bitkisi əkilirdi. Forer qardaşları hər il bazara bir neçə yüz min manatlıq kənd
təsərrüfatı məhsulları və çaxır çıxarırdı.
Hummel qardaşlarının Yelenendorf (indiki Xanlar) alman koloniyasında
450 desyatin təkcə üzüm plantasiyası vardı.
Taxılçılıqda muzdlu əməkdən ən çox ağır zəhmət tələb edən çəltikçilikdə
istifadə olunurdu. Az-çox iri çəltik plantasiyaları əlavə işçi qüvvəsi cəlb etmədən
becərilə bilməzdi. Yoxsul kəndlilər çox zaman gedib iri çəltik plantasiyalarında
muzdla işləyirdilər.
İpəkçiliklə məşğul olan kəndlilər, əslində, muzdlu fəhlə vəziyyətində
idilər. Onlar xüsusi şirkətlərdən, bəzən möhtəkirlərdən barama qurdu alıb evlərində
bəsləyir və zəhmət haqqı olaraq ümumi barama məhsulunun 25-30 faizinin pulunu
alırdılar.
Azərbaycanda kiçik tütün sahələrini, adətən, kəndlilər özləri ailə üzvləri
ilə birlikdə becərirdilər. Lakin bir neçə desyatin, hətta 10 desyatindən artıq sahəsi
olan iri tütün plantasiyaları da vardı ki, burada muzdlu əməkdən istifadə edilirdi.
XX əsrin əvvəllərində bəylərə və mülkədarlara məxsus böyük qoyun və
qaramal sürüləri ilə yanaşı, qolçomaqların və varlı kəndlilərin bütünlüklə əmtəə
istehsal edən iri maldarlıq təsərrüfatları meydana gəlmişdi. Bu təsərrüfatların
bəzilərində min başadək, hətta daha çox qoyun-keçi, bir neçə yüz baş qara-mal, at
və dəvə saxlanırdı. Bu cür iri maldarlıq təsərrüfatlarında daimi işçi qüvvəsindən
istifadə olunurdu. Hələ XX əsrin əvvəllərinə yaxın maldarlıq təsərrüfatlarında 10
minə qədər adam muzdla işləyirdi.
Muzdlu əməkdən istifadə etməklə südlük heyvan sürüləri saxlamaq
kapitalizmə xas olan başlıca istehsal xüsusiyyəti olsa da, Azərbaycanda, məsələn,
Forer qardaşları kimi bir neçə iri kapitalistin südçülük, habelə atçılıq təsərrüfatları
istisna edilərsə, yerli südlük mal-qara, əsasən, köhnə ata-baba qaydasında
saxlanaraq, əsl kapitalist-fermer təsərrüfatına çatmaqdan hələ uzaq idi.
Azərbaycanda muzdlu əməyin müxtəlif formalarından istifadə olunurdu.
Kapitalist-fermer təsərrüfatlarında bir qayda olaraq, daimi muzdlu əmək
tətbiq edilirdi. Məsələn, H. Z. Tağıyevin «Yevlax mülkü»ndə ən çox işçi qüvvəsi
tələb edən pambıq hələ 45-50 desyatin əkildiyi ilk vaxtlar burada 39 nəfər daimi
fəhlə vardı. Knyaz L. S. Qolitsının mülkündə müntəzəm olaraq 100 nəfərə yaxın
fəhlə, Forer qardaşlarının təsərrüfatlarında 40 qulluqçu və 200 fəhlə işləmişdir və s.
1913-cü ildə daimi kənd təsərrüfatı fəhlələrinin sayı təqribən 106 min
nəfərə bərabər idi. Onların 3/4 hissəsi qolçomaq və varlı kəndli təsərrüfatlarında
çalışırdı.
Muzdlu işçi qüvvəsinin böyük kütləsini mövsümi fəhlələr təşkil edirdi.
Onlar, əsasən yerli aztorpaqlı, torpaqsız kəndlilərdən, dağ yerlərindən müvəqqəti
gələn yoxsullardan və qonşu ölkələrdən-Ermənistan, Gürcüstan, Dağıstan,
xüsusən Cənubi Azərbaycandan olan kəsbkarlardan ibarət idi.
37
Kənd təsərrüfatında, xüsusən, taxıl biçini, pambıq yığımı və s. bu kimi
təcili görülməli olan işlər zamanı muzdlu işçi qüvvəsinə tələbat olduqca artır, onun
ödənilmə haqqı yüksəlirdi. Bu zaman təkcə Cənubi Azərbaycandan ildə 250
mindən artıq mövsümi kəndli gəlirdi ki, onların da çox hissəsindən kənd təsərrüfatı
işlərində istifadə olunurdu. Hətta xeyli şəhərli—daşyonan, dəllək, aşpaz və digər
peşə adamları da daha qazanclı məhsul toplanışında muzdlu fəhlə kimi iştirak
edirdilər.
Birinci dünya müharibəsi illərində cənublu kəsbkarların sayı kəskin
surətdə azaldı, əksinə, yerli muzdluların sayı xeyli çoxaldı.
Günəmuzd fəhlələrin əməyindən bütün sahələrdə, ələlxüsus, təsərrüfat
işlərinin qızğın çağında geniş surətdə istifadə olunurdu. Məsələn, 1910-cu ildə
Forer qardaşlarının təsərrüfatlarında günəmuzd fəhlələr üst-üstə 50 min adam-gün
işləmişlər.
Qadın və uşaq əməyindən istifadə xeyli artmışdı. Pambıq və üzümün
yığılmasında, tütün və baramanın becərilməsində, əsasən, onların qüvvəsindən
istifadə olunurdu.
Kənddə kapitalist münasibətlərinin inkişafında möhtəkirlər və sələmçilər
mühüm rol oynayırdılar.
Çox zaman vergiləri verməyə, təsərrüfat üçün zəruri şeyləri almağa, hətta
ailəsini dolandırmağa imkanı olmayan yoxsul kəndlilər gedib tacir-sələmçidən
faizlə borc pul alırdılar. Təsərrüfat işlərinin qızğın çağında çox zaman nəinki
kəndlilər, bəzən mülkədarlar da sələmçidən borc almadan keçinə bilmirdilər.
Borcun müddətindən asılı olaraq onun faizinin miqdarı müxtəlif olurdu:
20—30, hətta 50 faiz. Borc vaxtında qaytarılmadıqda, faizin miqdarı artırılırdı.
Möhtəkirlər məhsul toplanışının qızğın çağında çox vaxt kəndbəkənd
gəzərək, təzə məhsulu bir yerdən ucuz qiymətə alıb, sonradan onu kəndlilərin
özlərinə və ya şəhər bazarlarında baha qiymətə satırdılar. Onlar faizlə borc pul da
verirdilər.
Beləliklə, ticarət kapitalının nümayəndəsi olan möhtəkir eyni zamanda
çevrilib sələmçi olurdu. Azərbaycan kəndində möhtəkirlə sələmçi, əslində, eyni
adam idi. Möhtəkir-sələmçilər, əsasən, kənd dükançıları, qolçomaqlar, tacirlər,
həmçinin iri fabrik və zavodların, şirkətlərin müvəkkilləri sırasından çıxırdılar.
Ölkənin bazarlarına yaxşı bələd olan möhtəkir-sələmçilər verdikləri
borcun ödənilməsini gələcək məhsulun yalnız onlara, özü də lap xırman üstündə
satılması ilə şərtləndirirdilər. (Çünki onlar təzə məhsulu iri ticarət məntəqələrinə
başqalarından daha tez çatdırmaq istəyirdilər).
Böyük Azərbaycan maarifçisi H. B. Zərdabi möhtəkirləri istehsalçılarla
istehlakçılar arasında sədd və onların hər ikisinin qanını soran zəli adlandıraraq
göstərirdi: elə ki, kənd təsərrüfatı məhsullarının yığımı başlandı, möhtəkirlər
çalağan kimi kəndlilərin başının üstünü kəsdirib «məzənnələr» qoyur və məhsulları
almağa başlayırlar; qabaqcadan müqavilə bağlayan və dəbbə pulu verəcəyini
38
öhdəsinə götürən borclular özlərinin məhsullarını «məzənnə» üzrə onlara təhvil
verirlər.
XX əsrin əvvəllərində ticarət-sələmçi kapitalı kənd istehsalçılarının
çoxunu qəbaləli hala salmışdı. Hələ 1904-cü ildə Qarabağda kənd əhalisinin 2/3
hissəsi möhtəkir-sələmçilərə borclu idi. Pambıqçılıqla məşğul olan kəndlilərin 90
faizi sələmçilərə borclu olduqları üçün öz məhsullarını ucuz qiymətlə yalnız onlara
satmağı əvvəlcədən öhdələrinə götürmüşdülər və s.
Aldığı borcu və onun faizini heç cürə ödəyə bilməyən yoxsul kəndlilər
çox vaxt özlərinin bağını, əmlakını, hətta torpağını möhtəkirə verməyə məcbur
olurdular. Məsələn, Şuşa qəzasında bir kəndli aldığı 30 manat borcu üç il
müddətində ödəyə bilmədiyinə görə borc faizi 150 manata çatır, nəticədə, kəndli
200 manat dəyərində olan öz bağından əl çəkməli olur.
Hətta, çar nazirlərindən biri etiraf etmişdir ki, Qafqazda torpaqların
qolçomaqların və sələmçilərin əlində cəmləşməsi prosesi gedir.
Satış bazarının durmadan genişlənməsi möhtəkir-sələmçini, yəni kənd
bankirini təsərrüfat fəaliyyətinə daha çox yaxınlaşdırırdı. Onların bir çoxu borc
müqabilində ələ keçirdiyi torpaqlarda muzdlu əməkdən istifadə edilən geniş
təsərrüfatlar yaradırdılar.
Ticarət-sələmçi kapitalın kəndin iqtisadi həyatına güclü təsir göstərməsi
nəticəsində, burada təsərrüfat qapalılığı daha da pozuldu, əmtəə istehsalı sürətlə
artdı, beləliklə, kapitalizmin aqrar sahəyə girməsi xeyli asanlaşdı.
Kənd təsərrüfatına iri bank kapitalının axını daim artırdı. Bu, ilk növbədə,
ticarət-torpaq banklarının krediti yolu ilə həyata keçirilirdi. 1914-cü ilin yanvarı
üçün torpaq banklarına Bakı və Yelizavetpol quberniyalarından 123 torpaq mülkü
girov qoyularaq, onların sahibləri tərəfindən 5 milyon manat məbləğində
uzunmüddətli borc alınmışdı.
Qəzalarda iri bankların şöbələri və qarşılıqlı kredit cəmiyyətləri tərəfindən
kəndlilərə faizlə borc pul verilirdi.
1909-cu ildən daha operativ fəaliyyət göstərən çoxlu kiçik kredit idarələri
yaradılmağa başladı. Artıq 1914-cü ildə bu cür idarələrin sayı 120-yə çatırdı.
Kəndlilərin təbəqələşməsinin güclənməsi və əmtəə istehsalının durmadan
artması kapitalizmin kəndə soxulması prosesini sürətləndirdiyi kimi, kənddə
kapitalist istehsal münasibətlərinin inkişafı da, öz növbəsində, əmtəə bazarının qat-
qat böyüməsinə səbəb oldu.
Azərbaycan xırda əmtəə istehsalçıları ölkəsi idi.
1917-ci ildə Azərbaycan kəndində təsərrüfatların ümumi sayı 342 minə
çatırdı. Onun 54,4 faizi (186,8 min təsərrüfat) torpaqsız və əkin sahəsi bir
desyatindən az olan yoxsul kəndli təsərrüfatlarından ibarət idi. Əkin sahəsi dörd
desyatinə qədər olan ortabab kəndli təsərrüfatları 34 faiz (116,3 min təsərrüfat)
təşkil edirdi. Yoxsul və ortabab kəndli təsərrüfatlarında xırda istehsalçılar
39
tərəfindən bütün kənd təsərrüfatı məhsulunun əsas hissəsi, əmtəənin isə yarıdan
çoxu istehsal olunurdu.
Kənd təsərrüfatının bütün sahələrində muzdlu əməkdən az-çox istifadə
olunması, kapitalist istehsal münasibətlərinin bir sıra sahələrdə hətta üstün mövqe
tutması Azərbaycanın xırda kəndli təsərrüfatı ölkəsi kimi simasını əsla
dəyişdirmirdi. On minlərlə təsərrüfat kapitalist əsaslarında qurulub, xeyli əmtəə
istehsal etsə də, yüz minlərlə xırda kəndli təsərrüfatı yenə də kənd təsərrüfatı
hasilatında həlledici rol oynayırdı. Kənd təsərrüfatında ümumi gəlirin 3/4 hissəsini
verən taxılçılıq və maldarlıq kimi başlıca sahələr kapitalizməqədərki istehsal
münasibətlərinə əsaslanırdı.
Dostları ilə paylaş: |