VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi



Yüklə 7,05 Mb.
səhifə25/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

Azərbaycan hava yolları. Azərbaycan Respublikasın­da sərnişin aviadaşımalarının tarixi bizi 1923-cü ilə, Bakı ilə Tiflis arasında Almaniyada istehsal olunmuş 2Yunkers” tipli hava gəmilərlə sərnişindaşınma uçuşlarının yerinə yetirilməsi başlanan vaxta gətirib çıxarır. Azərbaycan Respublikasının 1991-ci ildə əldə etdiyi müstəqillliyindən əvvəl “Azərbaycan Hava Yolları” (AZAL) “Aeroflot”-un bir hissəsi idi. Indi isə müstəqil Azərbaycanın milli aviaşirkəti kimi “Azərbaycan Hava Yolları” beynəlxalq aviadaşımalar bazarında öz müştərilərinə İCAO və İATA-nın standartlarına və təkliflərinə uyğun olan yüksək səviyyəli xidmət göstərir. Coğrafi mövqe üstünlüyünə və yüksək səviyyəli xidmətlərinə görə Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı sürətlə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit və transfer uçuşlarının gərgin qovşağına çevrilməkdədir.

Bazar iqtisadiyyatının tələblərinə uyğun dəniz nəqliyyatının və mülki aviasiyanın fəaliyyətinə nəzarətin və dövlət tənzimlənməsinin təmin edilməsi məq­sədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə Azərbaycan Respub­likasının Nazirlər Kabinetinin yanında Dövlət Dəniz Administrasiyası və Azər­baycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılmışdır.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın müddəalarına əsasən sərnişin və yük daşınma xidmətinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildə Gəncə hava limanının yenidənqurulması layihəsi çərçivəsində buraxılma qabiliyyəti saatda 300 sərnişin olan ən ağır təyyarələri qəbul edə bilən 3300 metr uzunluğunda uçuş-enmə zolağı ilə təchiz edilmiş Gəncə aeroportu istifadəyə verilmişdir. Hava limanını Gəncə-Qazax magistralı ilə birləşdirən avtomobil yolu tikilmişdir. Azərbaycan mülki aviasiya­sının inkişaf strategiyasının əsasını uçuşların təhlükəsizliyinin təmin edilməsi və Beynəlxalq Mülki Aviasiyanin normativ sənədlərə uyğun sərnişinlərə yüksək səviyyəli xidmətin göstərilməsi, ekoloji tələblərə və müasir standartlara cavab verən uçuş vasitələrinin tətbiqi və hava limanlarının yenidənqurulması təşkil edir.

Mülki aviasiya donanmasının yeniləşməsi və modernləşməsi məqsədilə yaxın gələcəkdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan “Aerobus”, “Boinq”, ATR tipli təyyarələrin alınması nəzərdə tutulmuşdur. 2008-2011-ci illərdə Lənkəran, Zaqatala, Şəki, Yevlax, Naftalan və Gəncə limanlarının, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limaninda Boeinq-747, Boeinq-787, A-380 təyyarələrini qəbul etmək üçün uçuş-enmə zolağının yenidənqurulması layihələri başa çatacaqdır.



Rabitə və informasiya texnologiyaları. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, 1995-cü ildən başlanan inkişaf və tərəqqi, beynəlxalq arenaya inteqrasiya rabitə sistemində də uğurla davam etməkdədir. Ölkə iqtisadiyyatının rəqabətə dözümlülüyünün artırılmasında, onun dünya iqtisadi sisteminə inteqrasiyası imkanlarının genişləndirilməsində, idarəetmənin bütün səviyyələrində səmərəliliyinin artirilmasında informasiya və kommunikasiya texnologiyaları (İKT) həlledici rol oynayır. Bu sektor iqtisadiy­yatın inkişafının lokomativi olmaqla bərabər, eyni zamanda digər sahələrdə də iqtisadi proseslərə müsbət təsir edir.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında (2004-2008-ci illər)”, “Azərbayca Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiyaları ilə təminatı Proqramı”, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident fərmanları və sərəncamları rabitə və informasiya texnolo­giyalarının inkişafına məqsədyönlü xarakter vermişdir.

Qısa bir zamanda İKT sektorunun inkişafı üçün zəruri olan “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “Poçt rabitəsi haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Telekommunikasiya haqqında” zəruri qanunlar qəbul edilmişdir. Sahə üzrə son 3 ildə gəlirlərin artım tempi 35-40 % təşkil edərək ümumdünya orta göstəricisini təqribən 2-3 dəfə qabaqlayır. Bu sahəyə birbaşa investisiya qoyuluşu ildə təxminən 130-150 mln. ABŞ dolları həcmində olur və bunun da 11-12 %-ini xarici investisiyalar təşkil edir.

Ümumiyyətlə, yaxın perspektivdə telekommunikasiya sektorunun modern­ləşdirilməsi, yeni texnologiyaların tətbiqi, o cümlədən kabel televiziyasının, yüksək sürətli İnternetin və geniş zolaqlı xidmətlərin, informasiya infrastrukturlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq mövcud ATS-lərin elektronlaşdırılması və yeni nəsil texnologiyalar əsasında yeni ATS-lərin tikilməsi sürətlə gedir. Hazırda Respublikada 10000-ə qədər abunəçi geniş zolaqlı rabitə xidmətindən, o cümlədən bir xətt üzərində eyni zamanda həm telefon, həm yüksək sürətli İnternet və həm də televiziya xidmətlərindən istifadə edirlər.



“Aztelekom” İB-nin şəbəkəsini genişləndirmək, respublikanın rayon və kəndlərində əhalinin rabitə xidmətlərinə olan tələbatını ödəmək, Bakı şəhəri ilə regionlar arasında mövcud olan rəqəmsal fərqi aradan qaldırmaq məqsədi ilə 2004-2006-cı illərdə bir çox əhəmiyyətli layihələr həyata keçirilmişdir. Son 3 ildə (2005-2007-ci) sahə üzrə gəlirlərin artım tempi ümumdünya inkişaf tempini təqribən 2-3 dəfə qabaqlamış, investisiya qoyuluşunun həcmi dinamik olaraq artmış və bu sektorun yeni bir prioritet sahə kimi inkişafına, elmi-texnoloji tutumlu innovasiya layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. İKT-nin ümumi daxili məhsulda payı artmağa meyl etmiş və hal-hazırda iqtisadi hesablamalara görə, 4-5 % arasında tərəddüd edir. Bunun nəticəsidir ki, Azərbaycan 2006-2007-ci illər üçün qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə 122 qabaqcıl ölkə sferasında 71-ci yeri tutmuşdur. Azərbaycan bu cədvəldə Rusiyadan sonrakı sıranı tutaraq bir çox nüfuzlu ölkələri, o cümlədən Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan və Moldova kimi ölkələri arxada qoymuşdur. Sahə üzrə inkişafı xarakterizə edəcək makro göstə­ricilər üzrə hal-hazırda respublikada hər 100 nəfər əhaliyə düşən telefon aparat­larının sayı təxminən 15 ədəd, mobil telefonların sayı 50, ATS-lərin elektron­laşdırılması səviyyəsi ölkə üzrə 76. 7 %, o cümlədən Bakı şəhəri üzrə 83. 8 %, regionlar üzrə 69. 8 % təşkil edir. İnternet qrafikinin giriş-çıxış həcmi 40 dəfə artaraq 6 Gb/saniyə olmuş, internet xidmətlərindən istifadə haqları 7 dəfə azalmış, istifadəçilərin sayı isə 3 dəfə artmışdır, beynəlxalq danışıqlar üzrə tariflər orta hesabla 2-3 dəfə aşağı salınmışdır. Geniş zolaqlı rabitə xidmətindən istifadə edənlərin sayı da ildən-ilə artır. Azərbaycan poçtu bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda bərabərhüquqlu üzv qismində təmsil olunur. O cümlədən Regional Rabitə İttifaqının, Ümumdünya Poçt İttifaqının üzvüdür. Bir sıra ölkələrlə əməkdaşlıq haqqında ikitərəfli sazişlər bağlanmışdır. Artıq “Azərpoçt” DM 40-a yaxın dövlətlə birbaşa, digərləri ilə isə tranzit vasitəsi ilə poçt mübadiləsi aparır. Azərbaycan Respublikasının Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov yaxın gələcəkdə Azərbaycanın tranzit informasiya mərkəzinə çevriləcəyi haqqında ciddi işlər getdiyini göstərərək qeyd etmişdir ki; Məqsədimiz Azərbay­canı regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevirməkdir. Azərbaycan fibro-optik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşir. Biz yaxın perspektivdə Xəzər dənizinin dibi ilə yeni fibro-optik kanal buraxmaqla, Azərbaycanı Şərqlə-Qərb arasında əlverişli tranzit məkanına çevirə biləcəyik. Tədqiqatlar göstərir ki, hazırda əsas informasiya resursları Qərbdə yerləşdiyi halda, Şərqdə istifadəyə tələb çoxalır. Bu gün Qərbdən alınan informasiyaya görə itirilən məsrəflərin təxminən 90 %-i yol xərcinə sərf olunur. Əgər biz Qərbdəki informasiyanı gətirib Azərbaycanda yerləşdirsək, Şərq üçün informasiyaların qiyməti bir neçə dəfə aşağı düşəcək. Obrazlı desək, Bakı “İnformasiya Dubayı” missiyasını həyata keçirə bilər. Bununla əlaqədar, “Azərbay­can informasiya məkanı kimi” adlanan bir layihə hazırlanır. Qərb şirkətləri ilə aparılan danışıqlar nəticəsində konsorsium yaradılması və həmin konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır. Bu gün respublikamızın ərazisindən həmçinin Avropa-Asiya telekommunikasiya xətti keçir.

Beləliklə, XXI əsrdə Azərbaycanda İnformasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökümətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində sosial-iqtisadi inkişafın yüksəldiməsi prioritet məsələlərdən birinə çevrilmişdir. Müasir dövrdə və gələcək perspektivlər üçün İKT-nin əhəmiyyəti ön plana keçmiş, ölkənin milli fəaliyyət və elektron strategiya sahəsindəki proqram­ların əsas müddəalarını təşkil etmişdir. Ölkə rəhbərliyi tərəfindən İKT sektorunun inkişafı neft və qaz sənayesindən sonra ikinci prioritet sahə kimi müəyyən edilmişdir.

İKT-nın 2008-2011-ci illərdə inkişaf strategiyasının əsasını İKT-nın Milli Strategiyaya (2003-2012-ci illər) uyğun olaraq İKT-dən geniş istifadə etmək, sahənin gələcək inkişafı üçün islahatların aparılmasının effektiv mexanizminin formalaşdırılması və qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi təşkil edir.

Bu strategiya aşağıdakı vəzifələri əhatə edir:

- vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması;

- effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünü idarəetmənin həyata keçməsi üçün Elektron Hökümətin yaradılması;

- inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradıl­ması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya xidmətlərinin genişləndirilməsi;

- ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi və Elektron Hökümətin infrastrukturunun baza komponentlərinin yaradılması;

- ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası;

- milli proqram vasitələrinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları məhsulları istehsalının (İKT sənayesinin) inkişaf etdirilməsi;

- dövlət qulluqçularının informasiya texnologiyaları üzrə hazırlıq səviyyələrinin artırılması.

İKT sahəsinin inkişafı mərkəzində “Elektron Hökümət” Dövlət Proqramının həyata keçirilməsi, Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmsal televiziya yayım sisteminin tətbiqi və inkişafı, yüksək texnologiyalar üzrə regional iqtisadi zonaların yaradılması, “Azərpoçt” DM-in poçt şöbələrində yeni bank-maliyyə xidmətlətinin göstərilməsi, Azərbaycanın milli peykinin orbitə buraxılması ilə əlaqədar təkliflərin hazırlanması və təqdim edilməsi, yeni nəsil mobil, simsiz, data və s. Telekommunikasiya xidmətlərinin tətbiqinin sürətləndirilməsi və rəqabət prinsipləri nəzərə alınmaqla lisenziyaların verilməsi, 2009-cu ildən başlayaraq beynəlxalq səs xidmətləri göstərilməsi hüquqlarının digər operatorlara verilməsi, rabitə və informasiya texnologiyaları fəaliyyəti sahəsində dövlətin səlahiyyətində olan müstəqil tənzimləmə qurumunun yaradılması, tarif tənzimlənməsinin sərbəstləşdirilməsi üzrə effektiv bazar rəqabətinin formalaşdırılması durur.



İnformasiya texnologiyalarının inkişafı istiqamətləri. İnformasiya Kommunikasya Texnologiyaları (İKT) cəmiyyətin inkişafına müsbət təsir etmək imkanlarına malik olan mühüm bir vasitədir. Müasir dünyanı informasiya texnologiyalarından (İT) təcrid olunmuş təsəvvür etmək mümkün deyil. O, dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, iqtisadi, biznes və sosial sektorlarla yanaşı həm də elm, təhsil, mədəniyyət sahələri və insanların gündəlik həyatına öz təsirini göstərir. Biz informasiya əsrində yaşayırıq. Hər bir sahədə meydana çıxan məlumatların toplanmasında, emalında və ötürülməsində İKT-nin çox böyük rolu vardır. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə etmişlər və beləliklə də dünya mədəniyyətinin gələcəyinə aparan yolun İKT-nin cəmiyyətdə geniş tətbiqindən keçdiyi artıq heç kimdə şübhə doğurmur. İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir.

İnformasiya axınının güclənməsi çoxlu elmi, texniki, texnoloji, iqtisadi, sosioloji və siyasi aspektlərdən ibarət kompleks bir prosesdir. Bu prosesi müvəf­fəqiyyətlə başa vurmaq üçün tələb olunan ehtiyatlardan (məsələn, insan, proqram tə­minatı, texniki, maliyyə resursları, real operativ imkanlar və üstünlüklər) düzgün istifadə etmək, yerinə yetirilən fəaliyyəti koordinasiya etmək və təmizləmək vacibdir.

Dünya təcrübəsi göstərir ki, İKT-dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcüd olan probremlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların İKT-dən səmərəli istifadəsindən asılı olacaqdır.

İKT-dən istifadə nəticəsində informasiya ən çox fayda verən əmtəəyə çev­rilir. Bunun nəticəsidir ki, İKT-yə giriş imkanı zəif olan ölkələr daha da kasıblaşır, güclülər isə daha da varlanırlar. Informasiyaya, biliyə giriş imkanının olması cəmiyyətinin inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Təbii ki, İKT ən zəruri həyati tələbat malları siyahısında birinci deyildir. Lakin biliyə, informasiyaya, İKT-yə lazimi girişin olması ilə zəruri tələbat mallarını əldə etmək çox asanlaşır.

Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər) təsdiq olunması ilə ölkənin rabitə və informasiya texnolo­giyaları kompleksində yeni mühüm mərhələnin əsası qoyulmuş, bu sahənin yaxın 10 il müddətində inkişafının prioritet istiqamətləri müəyyənləşdirilmişdir. Strategiyanın məqsədləri aşağıdakılardan ibarətdir:

● ölkənin demokratik inkişafına yardım göstərmək;

● ölkədə vahid informasiya zonası yaratmaq;

● ölkənin informasiya təhlükəsizliyini təmin etmək;

● iqtisadi, sosial və intellektual potensialı gücləndirmək;

● tələb olunan təşkilati, texnoloji və hüquqi mühit yaratmaq;

● mülkiyyət formasından asılı olmayaraq bütün sahələr üçün bərabər imkanlar yaratmaq;

● ölkəni bütövlüklə dünya birliyinə inteqrasiya etdirmək;

● 2011-ci ilədək intensiv informasiya-vətəndaş cəmiyyətinə keçid üçün əlverişli şərait yaratmaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti davam etdirərək, Milli Strategiyanın həyata keçirilməsinə, Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsinə, respublika­mızın regionda lider ölkəyə çevrilməsinə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, cənab İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərə BMT-nin mandatı altında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Samitində iştirakla başlamışdır. Bu Sammitdə “qara qızılı insan qızılına çevirək” bəyanatı ilə çıxış edən dövlət başçısı İKT-ni Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahə elan etmişdir.

2004-cü ilin fevralında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı və nazirliyin qarşısında çox mühüm vəzifələr qoyuldu. Azərbaycan Respublikasında rabitə və İnformasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) hazırlandı və təsdiq edilir. Bu sektorun inkişafını təmin edəcək qanunvericilik bazası təkmilləşdirilir, “Elektron imza vəelektron sənəd haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Tele­kommunikasiya haqqında”, “Poçt rabitəsi haqqında” kimi mühüm qanunlar, “Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı” qəbul edildi.

İKT sahəsində əməli addımların həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə (2005-2008-ci illər)” Dövlət Proqramı hazırlanmışdır. Bu sənəd Azərbaycanın İkişafı Naminə İKT üzrə Milli Strategiyanın əsas müddəalarına və İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Cenevrə mərhələsində qəbul edilmiş Prinsiplər Bəyannaməsinə və Fəaliyyət Planına tam uyğundur. Dövlət Proqramının məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisinə xidmət göstərmək, İKT-nin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, orada müəyyənləşdirilmiş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdırmaq, icra etmək və “rəqəmsal uçurum”u zəiflətmək. Proqramın həyata keçirilməsi nəticə­sində, faktiki olaraq, Azərbaycanda rabitə və informasiya texnologiyaları infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması və ölkənin ümumi inkişafına, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına təkan verməsi, rabitə və informasiya texnologiyaları sənayesinin Azərbaycanın qeyri-neft sektoru­na aid olan iqtisadi sahələr arasında aparıcı olması, cəmiyyət tərəfindən yeni texnologiyaların mənimsənilməsi və onların insan inkişafına xidmət göstərməsi, informasiya cəmiyyətinə keçidin əsaslarının yaradılması mümkün olacaqdır.

Bu gun Azərbaycan regionda yeganə ölkədir ki, İKT sahəsində qanun­vericilik aktlarının tam paketi qəbul olunmuşdur və eyni zamanda Cənubi Qafqazda İKT üzrə Milli Strategiyanı qəbul etmiş ilk dövlətdir.

Milli strategiyanın əsas fəaliyyət istiqamətlərinə daxil olan elektron iqtisadiy­yatın formalaşdırılması və inkişaf etdirilməsi aşağıdakıları nəzərdə tutur:

● elektron ticarətin həyata keçirilməsi, elektron ödənişlərin geniş miqyasda istifadəsi üçün əlverişli şəraitin yaradılması;

● informasiya xidmətləri sahəsinin inkişaf etdirilməsi üçün əlverişli mühitin yaradılması;

● informasiya və kommunikasiya texnologiyalarının iqtisadiyyatın dövlət və özəl sektorunda geniş tətbiq olunmasının stimullaşdırılması;

● biliklərə əsaslanan iqtisadiyyata kecid üçün şəraitin yaradılması.

Bütün bunlar İKT sektorunda davamlı və dinamik inkişafın əsasını qoydu. Son 3 ildə sahə üzrə gəlirlərin artım tempi ümumdünya inkişaf tempini təqribən 2-3 dəfə qabaqlamışdı. “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2004-2008-ci illər) uyğun olaraq Mingəçevir şəhərində Qafqazda və Mərkəzi Asiyada ilk konveyer üsulu ilə kompüter istehsal edən “KÜR” elektron avadanlıqları zavodu işə salınmışdır.

Hazırda Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin olunması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, elektron hökümətin qurulması və intelektual potensialın inkişafı sənayesində sosial-iqtisadi inkişafın yüksəldilməsi prioritet məsələlərdən birinə çevirməkdədir.

Ölkəmizdə İKT-nin geniş tətbiqi və internet istifadəçilərinin sürətlə artımı nəticəsində ölkəmizdə elektron ticarətin yaranmasına və inkişaf etməsinə zəmin yaratmışdır.

QLOBALLAŞMA PROSESİNDƏ AZƏRBAYCANIN XARİCİ TİCARƏT ƏLAQƏLƏRİNDƏ ARTAN DİNAMİZM
Azərbaycan sərbəst iqtisadiyyat yolu ilə gedir, dünya iqtisadiyyatı ilə gündən-günə sıx inteqrasiya olmağa cəhdlər göstərir və bu sahədə artıq bizim naliyyətlərimiz var. Azərbaycanda qəbul olunmuş qanunlar, fərmanlar və sərəncamlar əsasında idxal-ixrac xarici ticarət sərbəstləşdirilibdir. Azərbaycana xarici investisiyaların art­masını biz bütün vasitələrlə həvəsləndiririk və bunun üçün geniş şərait yaradırıq. Azərbaycan iqtisadiyya­tının xarici ticarət vasitəsilə dünya iqtisadiyyatı ilə daha sıx bağlanması üçün lazımi tədbirlər həyata keçiririk.

Heydər ƏLIYEV

7. 1 Müasir iqtisadiyyatda xarici ticarətin rolu haqqında nəzəri baxışların təkamülü.
Dövlət müstəqilliyinin bərpası və bazar iqtisadiyyatına keçid ölkənin yeni iqtisadi inkişaf mərhələsinə keçməsi və bunun əsasında əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün geniş imkanlar açmışdır. Bu imkanların reallaşmasında müasir mərhələdə xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin rolu sürətlə artır. Xarici ticarət bütün dünyada, o cümlədən Azərbaycanda yüksək dinamiklik göstərir.

Tarixi inkişafın müasir mərhələsində öz qarşısında duran həyati əhəmiyyətli məsələləri həll etmək üçün ölkəmiz qlobal iqtisadiyyata onun xammal əlavəsi kimi deyil, dünya sivilizasiyasının bərabərhüquqlu üzvü kimi inteqrasiya etməlidir. Amerikan iqtisadçısı M. Kastelsin göstərdiyi kimi, «qlobal iqtisadiyyat yüksək dərəcədə dinamikdir, eksklyuzivdir və bununla yanaşı milli sərhədlər baxımından yüksək dərəcədə sabit sistemdir. » [187, s. 114]. Bu sabitliyi və milli mənafeləri qorumaq və dünya iqtisadiyyatına bərabərhüquqlu üzv kimi inteqrasiyanı təmin etmək üçün bu proseslərdə xarici ticarətin rolu haqqında nəzəriyyələri nəzərə almaq olduqca vacibdir.

İqtisadi inkişafda xarici ticarətin rolu siyasi iqtisad klassikləri Adam Smit və Da­vid Rikardo nəzəriyyələrində əsaslandırılmış və onlardan sonra gələn alimlər tərəfindən isə inkişaf etdirilmişdir. İsveç iqti­sad­çı­ları F. Hekşer və B. Ohlin XX əsrin 30-cu illərində beynəlxalq ticarət axınlarının istiqamətləri və strukturunun hansı amillərlə müəyyən edilməsi haqqında müasir anlayışların əsasını qoydular.

Hekşer və Ohlin nəzəriyyəsinə görə ölkələr arasında istehsal xərclərin­dəki nisbi fərqin əsasını istehsal amillərinin dünyada qeyri-bərabər bölgüsü təşkil edir. Həmin nəzəriyyənin mahiyyəti Ohlinin öz sözlərinə görə aşağıdakından ibarətdir: ”Hər hansı bir ölkə malik olduğu bol istehsal amillərindən intensiv sürət­də istifadə olunan malların istehsalını təşkil etməklə üstünlük qazanıb. Digər tə­rəfdən, nisbətən az və ya heç olmayan istehsal amilləri intensiv istifadə edilən malların istehsalında isə üstünlüyə malik deyildir. ” [304, s. 57].

Başqa sözlə ölkələr bol amillərin intensiv istifadə olunması ilə istehsal edi­lən malları ixrac və onlar üçün kəsirli istehsal amillərinin intensiv istifadəsilə ha­zır­lanan malları isə idxal edirlər. Burada hər şeydən əvvəl bol istehsal amilləri və on­dan intensiv istifadə olunma anlayışını aydınlaşdırmaq lazımdır. Adı çəkilən alim­lərin fikrincə məsələn, ölkənin malik olduğu işçi qüvvəsi o zaman izafi hesab edi­lir ki, onun miqdarı ilə digər istehsal amilləri arasında nisbət bütün başqa öl­kə­lərdən yüksəkdir. Məhsul o zaman əmək tutumlu hesab edilir ki, onun dəyə­rin­də işçi qüvvəsinə çəkilən xərclərin payı digər məhsulların dəyərində olduğundan çoxdur.

Məlum olduğu kimi hər hansı iki ölkədə, qarşılıqlı ticarət başlanana qədər bu və ya digər malın qiymətindəki müxtəliflik çox müxtəlif səbəblərlə: həmin ma­lın is­tehsal texnologiyasındakı fərqlə, ona olan tələbatın xarakteri, iqlim fərqi, və s. ilə izah edilə bilər. Lakin Hekşer və Ohlin hesab edirdilər ki, tələb və tex­no­lo­giyada olan fərqlər beynəlxalq aləmdə qiymətlərdəki bütün fərqin hamısını real hə­yatda izah edə bilməz. Onlar göstərirdilər ki, müqayisəli xərclərin fərqinin mənbəyi is­teh­sal amillərinin fərqidir. Əgər A ölkəsində 1 vahid mahud istehsalı 2 vahid buğ­da­ya, və başqa ölkələrdə isə 1 vahid buğdadan da az xərcə başa gəlirsə bunun sə­bə­bi aşağıdakıdır: A ölkəsində başqa ölkələrə nisbətən buğda istehsalında in­ten­siv istifadə olunan amillər çox, mahud istesalında istifadə olu­nan amillər isə azdır. Fərz edək ki, buğda istehsalında intensiv istifadə olunan amil “torpaq”, mahud is­teh­salında isə - ”əməkdir”. Həmçinin fərz edək ki, buğda və mahudun istehsal xərc­ləri yalnız “kapital” və “əmək” xərclərindən ibarətdir. Bu halda əgər A ölkəsi buğ­danı ixrac və mahudu idxal edirsə, bu Hekşer-Ohlin nə­zə­riyyəsinə görə ma­hu­dun əmək tutumlu, buğdanın isə “torpaq tutumlu” olması­nın nəticəsidir.

Belə vəziyyət (bütün digər eyni şərtlər daxilində) onu göstərir ki, torpağın ica­rəsi başqa ölkələrə nisbətən ucuz başa gəlir, bu isə işçilərə başqa ölkələrə nis­bətən çox əmək haqqı verilməsi üçün şərait yaradır. Torpağın ucuz olması əkin­çilikdə xərclərin mahud istehsalına nisbətən az olmasını şərtləndirir. Və ək­si­nə, işçi qüvvəsinin çatışmazlığı A ölkəsində mahud istehsalının bahalı ol­ma­sı­na səbəb olur. Hekşer və Ohlin ticarət əlaqələri yaranana qədər qiymətlərdə olan fərqi məhz bununla izah edir. Həmin nəzəriyyəyə əsasən, istehsal amilləri ilə nisbi təmin olunan və onlardan istifadə olunma dərəcəsi ticarət aləqələri ya­ran­dıqdan sonra A ölkəsində mahudun deyil, buğdanın ixracını şərtləndirir. Hek­şer və Ohlin nəzəriyyəsinə görə hər bir ölkə müqayisəli üstünlüyə malik olduğu mal istehsalı üzrə ixtisaslaşaraq, onu ixrac edir. İxracat bu malın istehsalı üçün is­ti­fadə olunan malların tələbatını artırır. Digər tərəfdən ölkədə nisbətən az olan amil­lərlə istehsal edilən mallar idxal edilir ki, bu amillərə olan qıtlığın azalmasına səbəb olur. İxracat nəticəsində ölkədə bol olan istehsal amillərinə tələb artdığı üçün onların qiymətləri də artacaqdır. Digər tərəfdən idxalat ilə ölkədə qıt və ba­halı olan amilə tələb aza­la­ca­ğı üçün qiymətlərdə azalma özünü göstərəcəkdir. Həmin nəzəriyyəyə görə xa­ri­ci ticarət ölkələrin malik olduqları izafi amillərin qiy­mətini aşağı salaraq, ölkələr ara­sında istehsal amillərinin qiymətlərinin tənzim­lən­məsinə gətirib çıxarır. Məlum şərt­lər daxilində istehsal amilləri qiymətlərin tən­zimlənməsinə yönəlmiş bu pro­ses, əslində qiymətlərdə tam bərabərlik təmin edi­lənə qədər davam etməlidir. Lakin real iqtisadi həyatda özünü qoruyub sax­la­ya bilməsi ölkələr arasında istehsal amil­ləri qiymətlərinin tam olmasını təmin edə bilmir. Bundan başqa ölkələr ara­sın­da istehsal funksiyalarının fərqli olması, is­tehsal amillərinin eyni tipli olmaması, xa­ri­ci ticarətin tarif və kvotalar ilə məh­dud­laşdırılması və inhisarların mövcudluğu ki­mi amillər qiymətlərin tam tənləş­məsinə mane olur.

Klassik iqtisadi məktəb bir sıra fərziyyələr qəbul edə­rək ölkələrin xarici ti­ca­rət­lə məşğul olma səbəblərini izah etməyə çalışmış və mə­sələni yalnız təklif ba­xı­mından araşdırmışlar. Hansı mal hansı miqdarda və han­sı xərclərlə istehsal edil­məli və bu mallar bir-biri ilə necə mübadilə olunmalıdır? Klassik iqtisadçıların ca­vab axtardıqları bu suala neoklassik və sonra gələn iq­tisadçılar daha geniş və hə­yata daha uyğun şəkildə aydınlaşdırmağa çalışmışlar.

Qeyd edildiyi kimi, klassik iqtisadçılar müqa­yi­sə­­li üs­tünlüklər nəzəriyyəsini izah edərkən məhsul istehsalında istehsal amili ki­mi yal­nız əməyi əsas götürmüşdülər. Sonralar neoklassik iqtisadçılardan, mə­sə­lən, Dc. Vayner məhsulun hazırlanmasında əməkdən başqa digər istehsal amillə­ri­­nin də iştirak etdiyini nəzərə alaraq D. Rikardo nəzəriyyəsini araşdırmış və eyni nə­­ti­cə­yə gəlmişdir. Q. Xaberler isə alternativ istehsal xərcləri anlayışını irəli sü­rə­rək xa­rici ticarət məsələlərini daha geniş əsaslara bağlamışdır. Onun görüşünə gö­­rə xa­rici ticarətə daxil olan malların müqayisəli qiymətləri istehsal xərclərində olan fərq­lərlə müəyyən edilir. Lakin bu istehsal xərcləri D. Rikardoda olduğu ki­mi yal­nız əmək sərfindən ibarət deyildir. Bu zaman istehsal xərclərini həmin ma­lı is­teh­sal etmək üçün idxal nəticəsində istehsalından imtina olunan malın is­teh­sal xərc­lə­ri müəyyən edir. Başqa sözlə, bu görüşə görə alternativ istehsal xərc­ləri (bu bə­zən yaradılmış yeni imkan da adlandırılır) xaricdə müqayisəli üs­tün­lüyə malik olan və idxal olunan malın ölkədə istehsalından imtina edilməsi nə­ti­cəsində qənaət edil­miş bütün istehsal amillərinin ümumi istehsal xərcləri de­mək­dir. Burada mal is­teh­salında istifadə olunan istehsal amillərinin miqdarı artıq ar­xa plana keçir. Yəni ar­tıq bizim üçün hər hansı bir malın istehsalında istifadə olu­nan amillərin miqdarı de­yil, bu amillərlə başqa hansı malları nə qədər istehsal et­mək məsələsi əhəmiyyətlidir.

Xarici ticarət vasitəsi ilə yaradılan yeni imkanlar is­tehsal imkanları əyrisi ilə daha da aydınlaşdırılır. Bu əyri vasitəsilə hər bir ölkə üçün onun ehtiyatlarından tam və səmərəli istifadə olunduğu hallarda müxtəlif mal buraxılışı həcminin çoxsaylı kombinasiyalarını əks etdirmək mümkündür. Baş­qa sözlə istehsal imkanları əyrisi hər bir ölkənin məlum texnologiya və möv­cud istehsal amilləri istehsal edə biləcəyi mal və xidmətlərin maksimum miq­da­rı­nı gös­tə­rir. Bu əyri müəyyən mənada hər bir ölkədə “istehsalın hüdudunu” da əks etdirir. [Bu haqda ətraflı məlumat üçün bax: 103, s. 50-54]

Texnoloji üstünlük və beynəlxalq ticarət. Xarici ticarət nəzəriyyələri son­ra­lar iqtisadçı alimlər tərəfindən daha da zənginləşdirilərək müasir dünyanın real­lıqlarına uyğunlaşdırılmağa çalışılmışdır.

Aydındır ki, günümüzdə 200-dan çox müstəqil dövlət arasında gedən mil­yonlarla mal və xidmət ticarəti sadələşdirilmiş şəkildə müqayisəli üstünlüklər nə­zə­­riyyəsi ilə bir-iki dövlət və bir-iki mal və xidmət mübadiləsi əsas götürülməklə izah edilə bilməz. Beynəlxalq ticarət inkişaf etdikcə qarşıya yeni-yeni suallar çı­xır. Mə­sələn, ABŞ nə üçün böyük miqdarda avtomobil, videokamera və s. ixrac edir və eyni zamanda nə üçün eyni növ malı idxal edir? İqtisadçılar beynəlxalq ti­carət sahəsində araşdırmalarını davam etdirir. Bu zaman nəzərə almaq lazımdır ki, is­teh­sal amilləri anlayışı həyatın reallıqlarına uyğun olaraq “elmi-tədqiqat işlə­ri”, ”işçi qüv­vəsinin keyfiyyəti” və “istehsalın fiziki imkanları” anlayışları ilə genişlən­dirilmişdir.

Müasir dünyada durmadan artan elmi-texniki tərəqqi beynəlxalq ticarətdə aparıcı amilə çevrilmişdir. Dünya ölkələri, hər şeydən əvvəl sənayecə inkişaf et­miş ölkələr beynəlxalq ticarət kanallarına getdikcə daha çox yeni və mürəkkəb məh­sullar daxil edirlər. Hal-hazırda dünya ticarətinin yarısından çoxunu kənd tə­sərrüfatı məhsulları və xammal deyil, məhz sənaye məhsulları təşkil edir. Hər han­sı bir ölkədə sənaye məhsullarına əsaslanan ixracatın sürətli inkişafı bu sa­hədə qabaqcıl texnologiyanın intensiv tətbiq edilməsinin nəticəsidir.

Yeni texnologiyanın xarici ticarətdə tətbiqi ilə əlaqədar nəzəriyyə Pozner tə­rə­­fin­dən 1961-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyə idarəçilik texnikasında, is­teh­sal pro­sesində və ya əmtəələrdə müxtəlif ölkələrdə müxtəlif dərəcələrdə mey­da­na gə­lən texnoloji yeniliklərin beynəlxalq ticarətdə doğurduğu nəticələrin izahına yönəlmişdir.

Texnoloji yenilik istehsalda müxtəlif ölkələr arasında fərqlilik yaradır və ye­ni­liyin tətbiq edildiyi mal üzrə həmin ölkə mühüm müqayisəli üstünlük əldə edir. Hə­min yenilik digər ölkələrə yayılana qədər istehsal olunan mallar bu yeniliyə ma­lik olmayan digər ölkələrə ixrac edilir. Onu ixrac edən ölkə isə bu sahədə in­hi­sar vəziyyətində olacaqdır. Bu inhisar vəziyyətinin ömrü həmin yeniliyi başqa öl­kələr mənimsəyənə qədər davam edəcəkdir. Texniki tərəqqi durmadan davam et­diyi və bazarlara daim yeni-yeni mallar daxil olduğu üçün texnoloji üstünlük bir mal­dan başqa mala, bir ölkədən başqa ölkəyə keçir və həmişə davam edir.

Texnoloji inkişaf və elmi tədqiqatlara sərf edilən xərclər arasında sıx əlaqə vardır. Bir qayda olaraq texnoloji sıçrayışlar elmi tədqiqat işlərinə əhəmiyyət ve­rən və çox vəsait sərf edən ölkələrdə özünü göstərir. M. Poznerin texnoloji üs­tün­lük modelinə görə hər hansı bir ölkədə kəşf edilmiş texnoloji yenilikdən ticərət edən hər iki ölkə iqtisadi fayda əldə edir. Onun görüşünə görə hətta yeni texnika di­gər ölkələrdə də yayıldıqca az inkişaf etmiş ölkə daha çox fayda əldə edir, ye­ni­likçi vəziyyətində olan ölkə isə getdikcə bu yenilik üzrə öz üstünlüyünü itirir. Lakin elmi-texniki tərəqqinin lideri yeniliklər hazırlanması işini daim davam et­dir­məklə digər ölkələri həmişə qabaqlaya bilər. [303, s. 107-110].

Məhsulun həyat dövrü nəzəriyyəsi. Elmi-texniki tərəqqinin mühüm istehsal amillinə çevrilməsi dinamik xarakter daşıyan beynəlxalq ticarətin bir sıra qanunauy­ğun­luğunu aşkar etməyə imkan verir.

Raymond Vernon texnoloji üstünlük nəzəriyyəsinə bənzər məhsulun həyat döv­rü nəzəriyyəsini ortaya atmışdır. O göstərirdi ki, hər hansı bir məhsulun is­teh­sa­lında istifadə edilən müxtəlif istehsal amillərinin müqayisəli üstünlüyü müxtəlif öl­kələrdə müxtəlifdir. Bunun nəticəsində məhsulun həyatı boyunca onda istifadə edi­lən istehsal xərclərinin dəyişməsinə paralel sürətdə onun müqayisəli üs­tün­lü­yü də dəyişir. Məlum olduğu kimi hər malın həyatı üç mərhələdən ibarətdir: yeni məh­sul, yetkin məhsul və standart məhsul. Hər bir məhsul yeni yaradıldıqda əv­vəl­cə az miqdarda müxtəlif firmalar tərəfindən istehsal edilir. Bu mərhələdə ma­lın keyfiyyəti və mahiyyəti müxtəlif olur. Lakin sonrakı mərhələdə məhsul kütləvi is­tehsal edildikcə malın keyfiyyətində standartlaşdırma özünü göstərir. Bu halda məh­sul çox ölkələr tərəfindən istehsal edilməyə başlayır. Başqa sözlə, qabaqcıl tex­nologiyaya əsaslanan məhsul əvvəlcə sənaye cəhətdən inkişaf etmiş öl­kə­lər­də kəşf edilir. Sonralar isə bu malların istehsal texnologiyası satın alınmaq nəticəsində inkişaf etməkdə olan ölkələrə keçir. Vernon belə nəticəyə gəlir ki, in­ki­şaf etmiş ölkələr daha çox standartlaşmamış, inkişaf etməkdə olan ölkələr isə baş­lıca olaraq standartlaşmış məhsulları istehsal edirlər.

Məhsulun yenilik dövrü yeni bir məhsulun yaşamağa başlaması dövrüdür. Bu dövr məhsulun texnologiyasının və məhsulun özünün formalaşması dövrü­dür. Bu zaman müxtəlif variantlar mövcud ola bilir. İstehsal adətən qısa müd­dət­li perspektiv üçün nəzərdə tutulur. İstehsalda əmək, xüsusən yüksək ixtisaslı tex­niki kadrlar kapitala nisbətən daha çox istifadə edilir. Eyni zamanda nəzərə al­maq lazımdır ki, istehsalçı məhsulun ilk mərhələsində ona olan aşağı tələb elas­tikliyi ilə qarşılaşır. Bu elastiklik vaxt keçdikcə başqa firmaların eyni məh­sul­la­rı da bazara daxil olduqda yüksəlir. Lakin məhsulun ilk mərhələsində isteh­sal­çı­nın qarşılaşdığı aşağı tələb (qiymət) elastikliyi sonrakı mərhələdə ona qiy­mət­ləri yuxarı qaldırmağa imkan verə bilir.

Yenilik dövründə yaşayan məhsula tələb bir qayda olaraq özünü çox gəlirli əha­li təbəqəsi arasında göstərir. Məhsulun sonrakı mərhələlərində bu tələbə ya­vaş-yavaş orta gəlirli təbəqələr də daxil ola bilər.

Bir sözlə, yenilik dövrü adlanan dövrdə məhsul sınaqdan keçir, geniş is­teh­sal üçün hazırlıq işləri gedir, tələbin həcmi və alıcıların münasibəti aydınlaşdırılır.

Məhsul yetkinlik dövründə laboratoriyalardan keçmiş və geniş istehsal üçün hazır vəziyyətə gəlmiş olur. Bu zaman ilk mərhələyə nisbətən daha çox ka­pital istifadə olunur; əmək tutumluluğu kapital tutumluluğu ilə əvəz olunmağa baş­layır; istehsal prosesinin texniki üstünlükləri artır; yeni məhsulu bazara çı­xa­ran firmaların sayı çoxalır; elastikliyi yüksəlir. Məhsulun son mərhələsində isteh­sal texnologiyası geniş yayılır və standartlaşdırma gedir. İstehsal prosesi sadə­ləş­dirilir, bir-birini tamamlayan hissələrə bölünür. İstehsalda yüksək ixtisaslı əmək öz əhəmiy­yətini itirir, kapital tutumluluğu artır, firmalararası rəqabət artır, bu­nun nəticəsində isə bu sahədəki firma sayı azalmağa başlayır. Rəqabət is­teh­sal xərclərinin azalması uğrunda gedir. İstehsal xərclərinin azaldılması zərurəti və onun tərkibində əmək tutumluluğunun artması həmin məhsulun istehsalının əmək ehtiyatları bol və ucuz olan inkişaf etməkdə olan ölkələrə keçməsinə yol açır. Göründüyü kimi, məhsul inkişaf etmiş ölkələrdə meydana gəlir, standart­laş­ma dövründə isə onun istehsalı işçi qüvvəsi ucuz olan inkişaf etməkdə olan öl­kələrə keçir. Həmin proses müasir mərhələdə “sənayenin beynəlxalq aləmdə ye­ni­dən bölgüsü“ adı ilə geniş yayıl­mışdır.

Sənayenin beynəlxalq aləmdə yenidən bölgüsü prosesində həlledici rolu transmilli şirkətlər oynayır. Onlar məhsulun standartlaşma dövründə ucuz işçi qüv­və­sindən üstünlük əldə etmək üçün istehsalı dünya miqyasında yenidən yerləş­dirirlər.

Beynəlxalq ticarətin mahiyyəti və strukturunun daha aydın başa düşülmə­sin­də məhsulun həyat dövrü adlanan nəzəriyyənin gətirdiyi yenilik ondan iba­rət­dir ki, bu nəzəriyyə ilə artıq əsas təhlil obyekti kimi ayrı-ayrı ölkələr deyil, trans­milli korporasiyalar ön plana çəkilmişdir.

Bu məsələ Amerika tədqiqatçıları S. Fobok və G. Simmonds tərəfindən belə əsaslandırılmışdır: “Ənənəvi ticarət nəzəriyyəsinin çatışmazlığı istehsalın bey­nəl­mi­ləlləşməsi prosesinin getdikcə artan əhəmiyyəti və perspektivini göstərərkən qismən məsələnin düzgün qoyulmamasından irəli gəlir. Ticarət nəzəriyyəsi sualı be­lə qoyur: Nə üçün millətlər ticarət edir? Bu dəqiq sual deyil. İş adamları ticarət edir və çoxlu miqdarda məhsul ölkədən ölkəyə daşınır, ancaq bu zaman həmin məhsullar bir firma sərhəddindən kənara çıxmır. Ona görə də sual belə qoyul­ma­lı­dır: Mal və xidmətlər nə üçün ölkələr arasında daşınır? Həmin suala cavab ve­rər­kən aydın olur ki, qərar qəbul edən vahid millət deyil kommersiya müəssisəsidir. ” [103, s. 61].

Həqiqətən, araşdırmalar göstərir ki, xarici ticarət əməliyyatlarının mühüm hissəsi firma daxili mübadilədən ibarətdir. Belə ki, statistik məlumatlardan mə­lum olur ki, dünya ticarətinin təxminən 70%-i, satılan patent və lisenziyaların 80-90%-i və kapital ixracının isə 40%-i firma daxilində baş verir.

Beynəlxalq rəqabət gücü. Amerika iqtisadçısı M. Porter neoklassik bey­nəl­xalq ticarət nəzəriyyəsini fir­manın xarici ticarət fəaliyyəti haqqındakı nəzəriyyəyə uy­ğunlaşdırmağa çalış­mış­dır. O 80-cı illərin axırlarında “millətlərin beynəlxalq rəqabətqabiliyyətliliyi” adlı nəzəriyyə hazırlamışdır. [bax: 202]. Alim həmin nəzəriyyədə dünya ba­zarlarında ölkələrin rə­qabət qabiliyyətini müəyyən edən və qarşılıqlı əlaqədar olan dörd əsas pa­ra­met­ri göstərmişdir. Bu parametrlər: amillərin şərtləri; tələb şərt­ləri; qohum və xid­mət sahələri; firmanın strategiyası və rəqabətdən ibarətdir.

M.Porter nəzəriyyəsində də istehsal amillərinin əhəmiyyəti qəbul edilir, la­kin onların sayı yeniləri ilə artırılır. O, neoklassik məktəbdən fərqli olaraq, hesab edir ki, bu amillər millətə hazır şəkildə miras qalmır, geniş təkrar istehsal prose­sin­də ya­radılır. Məsələn, torpaq kimi vacib amilin çatışmaması Yaponiyada yığ­cam tex­noloji prosesin yaradılmasına səbəb oldu, buna isə dünya bazarında tə­ləb yarandı.

İkinci parametr - tələb şərtləri - firmanın inkişafını müəyyən edən daxili ba­za­rın tələbidir. Bu tələb şirkətin fəaliyyətinə mühüm təsir göstərir. Məsələn, nis­bə­tən kiçik otaqlarda yaşayan yaponlar enerjiyə qənaət edən kiçik kon­di­sio­ner­lə­rə meyl göstərirlər. Bunun nəticəsində Yapon sənayesi onu istehsal etməyə baş­ladı. Sonralar bütün dünya belə kondisionerlərə maraq göstərdi ki, bu da onu dün­ya bazarına çıxarmağa imkan verdi. Yeməyi tez hazırlayan amerika sistemi də bütün dünyada eyni qayda ilə şöhrət qazanmışdır.

Üçüncü parametr - qohum və xidmət sahələrinin mövcudluğu - əlverişli is­tehsal mühitinin olduğunu göstərir və firmaların fəaliyyətinə bilavasitə təsir gös­tə­rir. Məsələn, İtaliyada zərgərlik sənayesi ona görə yaxşı inkişaf etmişdir ki, bu ölkə qiymətli metal və daşları emal edən maşınların istehsalı üzrə dünya lideridir.

Sonuncu parametr - firmanın strategiyası və rəqabət - firma strategiyası və onun təşkilat strukturudur. Şübhəsiz, firmalarda idarə sistemi eyni deyildir. Mebel, işıq texnikası qurğuları, qablayıcı maşınlar istehsal edən İtaliya sənaye sahələrinə sərt idarəçilik forması deyil, tez dəyişə bilən dinamizm xasdır. Əksinə, optika, dəqiq maşınqayırma ilə məşğul olan alman sənayesində isə sərt mər­kəz­ləşdirilmiş idarə sistemi mövcuddur. Firmanın dünya bazarında rəqabətqabiliyyətliliyinin yüksək olması üçün daxili rəqabətin mövcudluluğu şərtdir.

İqtisadi inkişaf və xarici ticarət. Klassik və neoklassik iqtisadçılar xarici tica­rət nəzəriyyəsini statik baxımın­dan nəzərdən keçirmişlər və ümumi iqtisadi inki­şaf problemlərinə ayrıca diqqət yetir­məmişlər. Lakin həyat daim dinamizm gös­tə­rir, istehsal amilləri, texnoloji struktur və ictimai zövqlərdə, tələb və təklifin quru­lu­şun­da dəyişikliklər baş verir. Gü­nümüzdə iqtisadi artım və iqtisadi inkişaf iqtisad elmində və iqtisadi siya­sət­də ən çox diqqət çəkən problemlərə çevrilmişdir. Ona görə də, iqtisadi inkişaf və beynəlxalq ticarət arasında mövcud olan qarşılıqlı əlaqələr diqqətlə öyrənilməlidir.

İstehlak və xarici ticarət. İqtisadi inkişaf cəmiyyətin zövqündə və mallara üs­­tün­­lük verilməsində dəyişikliklər yaradır. Xarici ticarətə açılan ölkələrin əhalisi əv­­vəllər ölkədə mövcud olmayan mallar ilə qarşı-qarşıya çıxır və onları istehlak et­məyə başlayırlar. Başqa sözlə, xarici ticarət yeni ehtiyatlar yaradır və onların tə­min olunması zərurətini doğurur. Beynəlxalq ticarət müasir istehlak stan­dar­tı­nın zəif inkişaf etmiş ölkələrdə yayılmasına yol açır. Bütün bunlar isə ölkə is­teh­sa­lının daxili strukturunda da dəyişikliklərə meydan verir. İdxalata əsaslanan is­teh­lakın artması xarici ticarət həcminin artmasına, əksinə, ixracat yönlü inkişaf mo­deli isə xarici ticarətin həcminin azalmasına səbəb olur. Məlumdur ki, adam­ba­şı hesabı ilə gəlirin artma prosesi əhalinin fərdi istehlakının quruluşunda də­yi­şik­liyə səbəb olur və bu zaman adətən tələbin xarakterində iki qanunauyğunluq özünü göstərir.

Hər şeydən əvvəl, fərdi gəlirlər artdıqca əhalinin müxtəlif növ mal və xid­mət­lərə olan tələbi qeyri-bərabər artır. Gəlirlər artdıqca tələbin ümumi həcmində şər­ti olaraq ilkin tələbat malları adlanan mal qrupunun payı azalır, firavanlıq malları ad­lanan digər mal qrupunun payı artır. Alman iqtisadçısı Enqelin adı ilə adlanan bu qanunauyğunluqda ilkin tələbat mallarına ərzaq, firavanlıq malları isə uzun müd­dət­li istifadə olunan mallar (soyuducu, televizor və s. ) aid edilmişdir. Bu qanuna gö­rə qiymətlər və demoqrafik dəyişikliklər (ailənin tərkibi və sayı) sabit qaldığı hal­da gəlirlərin artımı ərzağa olan istehlak xərclərinin payının azalmasına gətirib çı­xarır. Bu zaman ərzağa olan tələb artır, lakin bu artım gəlirlərin artımından geri qalır. Ailə büdcəsinin tədqiqi nəticəsində yaranmış həmin qanun istər ayrı-ayrı ailə, istərsə də bütöv bir ölkə üzrə real həyatda özünü doğruldur. Yəni, gerçək həyatda iqtisadi inkişafın nəticəsi olaraq adambaşına gəlirin artması tələbin strukturunda dəyişiklik yaradır. Bu dəyişiklik isə gəlirləri az elastikliyə malik olan ərzaq, hər şeydən əvvəl taxıl istehsalçılarının əleyhinə olur.

Enqel qanunu belə bir nəticəyə gəlməyə imkan verir ki, göstərilən qanuna­uyğunluq firavanlıq malları və ilkin tələbat malları qiymətlərinin dəyişməsinə səbəb olur. Gəlirin artması lyüks mallarına olan tələbi və müvafiq olaraq onların qiy­mət­lə­rinin nisbi artmasına gətirib çıxarır. Bu isə həmin malların idxalatı üzrə ix­ti­sas­laş­mış ölkələrin sürətli inkişafına yol açır. İlkin tələbat malları istehsal edən mül­kiy­yətçiləri və ölkələri isə həmin mallara olan tələbin və müvafiq sürətdə qiy­mət­lə­rin nisbi olaraq azalması prosesi gözləyir.

İstehsal amillərinin dinamikası və xarici ticarət. Həyat dinamizmi istehsal amil­lərinə də aiddir. Zaman keçdikcə onlar kəmiyyət və keyfiyyət dəyişikliyinə mə­ruz qalırlar. Hər hansı bir ölkədə, məlum olduğu kimi, iqtisadi artım: istehsal amil­lərinin miqdarca artımın və ya istehsal texnologiyasında tətbiq olunan yeni­lik­lərin nəticəsində baş verir. İstehsal amillərindən kapital və kadrların ixtisasları sü­rətlə artır. Əmək ehtiyatları nisbətən yavaş, lakin sabit olaraq artır. Hətta kənd tə­sər­rüfatı üçün yararlı torpaqların sahəsi və istifadə olunası faydalı qazıntıların miq­darı da artma meyli göstərir. Bəs bunlar beynəlxalq ticarətə necə təsir göstərir?

Hər bir ölkədə müxtəlif istehsal amillərinin artımı müxtəlif proporsiyalarda özünü göstərə bilər. Bu fərqin xarici ticarətə təsirini aydınlaşdırmaq üçün əv­vəl­cə, həqiqətdə mümkün olmayan, belə fərziyyə qəbul edək ki, guya bütün ölkə­lər­də istehsal amilləri tamamilə eyni sürətlə artır. Bu fərziyyəni təhlil edən S. B. Linder belə nəticəyə gəlir ki, bu halda ölkələrarası ticarət axınının şərtləri və dün­ya qiymətlərinin nisbəti dəyişməz qalardı. Yalnız istehsalın və xarici ticarətin müt­ləq həcmi dəyişərdi. Xarici ticarətə istehsal amilləri baxımından təsir gös­tə­rən əsas cəhət istər bu amillərin müxtəlif növlərinin və istərsə də onların ölkələr ara­sındakı artım sürətinin arasındakı fərqdir.

Bu fərqli artım vaxt keçdikcə ölkənin malik olduğu müqayisəli üstünlüyün də­yiş­məsinə səbəb olur. Məsələn, keçən əsrin ikinci yarısında ABŞ daha çox dağ-mədən sənayesi məhsulları ixrac edən bir ölkə idi. Hal-hazırda isə bu ölkə hə­min məhsulların hamısını xaricdən gətirir. Başqa sözlə, ölkə keçən əsrdə daha çox torpaq tutumlu mal ixrac edən ölkədən, əmək-kapital tutumlu mal ixrac edən öl­kəyə çevrilmişdir. Bu proses ona görə baş vermişdir ki, bu ölkədə torpaq ami­li­nin artımı çox yavaş, əmək-kapital amilinin artımı isə çox sürətli olmuşdur.

İstehsal amillərinin artım sürəti arasındakı fərqin xarici ticarətə göstərdiyi tə­si­rin kanalları çoxsaylıdır. Bu təsir özünü həm tələb, həm də təklif vasitəsilə bü­ru­zə verir. Bu zaman müəyyənedici məsələ istehsal amillərinin hansı sahələrdə da­ha sürətlə artmasıdır: idxal ilə rəqabət vəziyyətində olan sahələrdə; yoxsa ix­ra­cat sahələrində. Həmin fərqli artımı amerikan alimi P. X. Lindert “Dünya tə­sər­rü­fat əlaqələrinin iqtisadiyyatı” kitabında aydın izah edir. [183].

İdxalı əvəz edən sahədə artım. Bu prosesi izah etmək üçün hər şeydən əv­vəl fərz edək ki, məsələn, ABŞ-da kapital amili sürətlə inkişaf edir və idxal ilə rə­qabət vəziyyətində olan (yəni həmin mal həm xaricdən idxal edilir, həm də öl­kədə istehsal edilir) mahud istehsalında bu amildən intensiv istifadə edilir. Eyni za­manda fərz edək ki, ixrac malı olan buğda istehsalında əkilən torpaq və digər amillərin miqdarı dəyişmir. Bu zaman idxal (mahud) sahəsində intensiv istifadə olu­nan kapitalın artımı bu kapitalın gəlirliliyini azaldır. Kapital ucuz olduğu üçün tə­biidir ki, istehsalçılar istehsalın həcmini genişləndirməyə çalışırlar. Lakin is­teh­sa­lın artım sürəti müxtəlif sahələrdə (yəni mahud və buğda istehsalında) eyni də­rə­cədə olmayacaqdır. İstehsal xərclərinin tərkibində kapital amilinin xüsusi çəkisi ma­hud istehsalında buğda istehsalına nisbətən çox olduğu üçün kapitalın ucuz­laş­ması mahud istehsalçıları üçün daha əhəmiyyətli olacaqdır. Bunun nəticə­sin­də isə bu ölkədə mahud istehsalı buğda istehsalına nisbətən daha sürətlə ar­ta­caq­dır. Mahud istehsalının artımı isə həmin malın idxalını azaldacaq, daha doğ­ru­su idxalı əvəz edəcəkdir. Bununla da ölkənin dünya bazarından bu məhsul üz­rə asılılığı azalacaqdır. Bu proses əgər böyük miqyasda həyata keçmiş olarsa dün­ya ticarətinə (müvafiq olaraq qiymətlərin, habelə onun ticarətinin azal­ma­sı­na) da təsir göstərəcəkdir.

Dünya iqtisadi konyukturuna təsir edə bilməyən kiçik iqtisadi potensiala ma­lik olan ölkələrdə idxalı əvəzetmə siyasətinin elmi əsaslarla aparılması bu öl­kə­də beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə edilməsi və iqtisadi inkişafın sürətləndirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycan ki­mi keçid dövründə olan və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən keç­miş­də səmərəli şəkildə istifadə olunmamış ölkələrdə idxalı əvəzetmə siyasətinə da­ha böyük ehtiyac vardır. Məsələn, zəngin təbii sərvətlərə və əlverişli iqlim şə­ra­itinə malik olan bir sıra inkişaf etməkdə olan ölkələrdə əhalinin istehlak mallarına olan ehtiyacının bö­yük əksəriyyətinin qiymətli valyuta ilə xaricdən alınması, yalnız təsərrüfatsız­lı­ğın nəticəsidir və ölkənin iqtisadi inkişafını sarsıdan başlıca amillər­dən biridir. Bu və­ziyyət yalnız məqsədyönlü və elmi əsaslara dayanan idxalı əvəzetmə siyasəti va­sitəsilə aradan qaldırıla bilər. [179, s. 256-259].

İxracatın genişləndirilməsi sahəsində artım. İndi fərz edək ki, ixracat sahə­sin­də, yəni buğda istehsalında istifadə olunan yaxşı torpaq sahəsində artım möv­cud­dur. Bu zaman tutaq ki, kapital və digər amillərin təklifi dəyişməz qal­mış­dır. Ay­dındır ki, əlavə torpaq sahələri icarə haqqının azalmasına səbəb olacaqdır ki, bu da fermerləri buğda sahələrini genişləndirməyə sövq edəcəkdir. Belə və­ziy­yət­də ölkədə buğda istehsalının artımı mahud istehsalına nisbətən sürətli ola­caq­dır. Əla­və istehsal olunan buğdanın müəyyən hissəsi ixraca yönələcəkdir. Bu və­ziy­yət buğ­danın istehsal xərcləri dünya qiymətləri səviyyəsinə qədər yük­sə­lə­nə­dək da­vam edəcəkdir. İxrac olunan buğda istehsalının ABŞ-da artması (əgər bu böyük miq­yasda olarsa) dünya ticarətinin həcmini genişləndirəcək və buğ­da­nın dünya qiy­mətlərinin aşağı düşməsinə səbəb olacaqdır. Az iqtisadi potensiala ma­lik olan öl­kələrdə də ixracı genişləndirmə siyasəti dünya miqyasında mü­qa­yi­sə­li üstünlük­lər­dən səmərəli şəkildə istifadə olunması nəticəsində bu ölkələrin iq­tisadi inki­şa­fı­nın (digər amillərin sabit qalması şartilə) sürətləndirilməsinə gətirib çıxaracaqdır.

Bu zaman belə bir cəhəti nəzərə almaq lazımdır: dünya təsərrüfat sis­te­min­də getdikcə daha layiqli yer tutan yeni sənaye ölkələrinin təcrübəsi göstərir ki, ix­ra­cat potensialının genişləndirilməsi siyasəti yeridilərkən o dövlətlər daha çox iq­ti­sa­di nəticə əldə edir ki, bu dövlətlər bütün qüvvələri yalnız hər hansı bir mal nö­vü­nün ixracat potensialının genişləndirilməsinə yönəltmirlər. Daha çox mal qrupunun ixracının genişləndirilməsi inkişafın daha zəmanətli inkişafı üçün əl­verişli şərait yaradır. [179, s. 260].


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin